Məhkəmə qərarları › İş №1(110)-6/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-6/2022

22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-6/2022 22.07.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, xüsusi ittihamçılar X6, X14, X7, X4, X3 nümayəndə-vəkili Nümayəndə, təqsirləndirilən şəxs X15 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1993-cü ildə Şərur rayon Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, məhkumluğu olmayan, Şərur rayon Düdəngə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında materiala açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi:

1. Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs X15 yalan olduğunu bilə bilə “@bozu_068” tik-tok səhifəsində video-roliklər yerləşdirməklə xüsusi ittihamçılar X6, X14, X7, X9 və X1 rüşvət alma və digər ağır cinayətlərdə ittiham edərək böhtan atmış, şərəf və ləyaqətlərini ləkələmiş, onların işgüzar nüfuzlarına xələl gətirən, ictimaiyyət arasında nüfuzdan salan məlumatları ictimailəşdirmişdir.

2. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: 2.1 Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X15 ona elan edilmiş ittihamla özünü tam təqsirli bildiyini, xx.xx.2022-ci il tarixdə Sədərək Gömrük İdarəsi Sədərək Gömrük postu vasitəsilə Türkiyə Respublikasına məxsus 76AAD202 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə 204 kq çəkidə dəniz məhsulu olan xərçəngi keçirməyə çalışdığını, bu zaman gömrük işçiləri olan xüsusi ittihamçıların ondan mal-müşaiyət sənədlərinin təqdim olunmasını tələb etdiklərini, lakin həmin mallara dair sənədi olmadığından mallarının gömrükdən buraxılmadığını, onların bu hərəkətindən əsəbləşərək buna cavab olaraq Türkiyə Respublikasına getdikdən sonra, yəni xx.xx.2022ci il tarixdə özünə məxsus “@bozu_068” tik-tok səhifəsində video-rolik yerləşdirməklə xüsusi ittihamçılar X6, X14, X7, X9 və X1 rüşvət və digər ağır cinayətlərdə ittiham etdiyini, onların işgüzar nüfuzlarına xələl gətirən, ictimaiyyət arasında nüfuzdan salan məlumatları ictimailəşdirdiyini, lakin etdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı X6 ifadəsində və verilən suallara cavabında Naxçıvan Muxtar Respublikası Gömrük orqanında işlədiyini, xx.xx.2022-ci il tarixdə Sədərək Gömrük İdarəsində xidmətdə olarkən Şərur rayon Düdəngə kənd sakini X8 Sədərək Gömrük İdarəsi Sədərək Gömrük postu vasitəsilə Türkiyə Respublikasına məxsus 76AAD202 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə 204 kq çəkidə dəniz məhsulu olan xərçəngi keçirməyə çalışdığını, bu zaman özü və digər gömrük işçiləri tərəfindən məhsula dair mal-müşaiyət sənədləri təqdim etməklə rəsmiləşdirməli olduğunun Ağayev Natiqə bildirildiyini, lakin o tələb olunan sənədləri təqdim etmədiyindən mallarının Türkiyə Respublikasına geri qaytarıldığını, bu hadisənin üstündən bir müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə Ağayev Natiqin yalan olduğunu bilə bilə “@bozu_068” tik-tok səhifəsində video-rolik yerləşdirməklə ona böhtan atdığını, belə ki şəxsin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsləri rüşvət və digər ağır cinayətlərdə ittiham edərək şərəf və ləyaqətlərini ləkələdiyini, işgüzar nüfuzlarına xələl gətirən məlumatları ictimailəşdirdiyini bildirmiş, həmin şəxsə ciddi cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı X14, X7, X4, xüsusi ittihamçı X3 nümayəndə-vəkili Nümayəndə ifadəsində və verilən suallara cavabında şikayət ərizəsində qeyd olunan halları təsdiq edərək xüsusi ittihamçı X6 ilə eyni məzmunda ifadə verərək həmin şəxsə ciddi cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi ifadəsində və verilən suallara cavabında təqsirləndirilən şəxsin atasının 1-ci qrup əlil olduğunu, 3 uşağının olmasını, onun törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, onun ilk dəfə cinayət törətməsini bildirərək onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza, azadlıqdan məhrumetmə cəzası təyin edildiyi təqdirdə isə həmin cəzaya şərti olaraq məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. 2.2 Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində və verilmiş sualara cavabında Sədərək Gömrüyündə xidmət etdiyini, X17 Respublikasından şəxsi istifadə üçün mal gətiridiyini, onları yük xətti ilə gətirdiyini, ondan mallara görə sənəd tələb olunanda onun vermədiyini, poçt rəisi Həsən Cabbarov və müavin Məmməd Hüseynov tərəfindən vətəndaşa hüquqları və vəzifələri barədə məlumat verildiyini, onun xüsusi sənəd təqdim etməli olmasının ona izah olunduğunu, həmin vaxt aralarında münaqişə olmadığını, Ağayev Natiqin sənədləri olmadığı üçün mallarını geri qaytardığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində və verilmiş suallara cavabında sərnişin xəttində işlədiyini, X17 Respublikasından gətirdiyi mala xüsusi icazə, yəni sənəd tələb olunduğunu, onun sənədi olmadığı üçün saxlanıldığını, onun gətirdiyi yükləri özününü tələbi ilə maşın ilə Türkiyə Respublikasına geri qaytarıldığını bildirdi. Təqsirləndirilən şəxs X15 şahid ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs X8 törətdiyi cinayət əməli şahid ifadələri və iş materiallarında olan CD-lər ilə sübuta yetir. 2.4 Sənədlər: Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən verilən tələbnamədən görünür ki, Şərur rayon Düdəngə kənd sakini X8 məhkumluğu ilə bağlı məlumat yoxdur. İş materiallarında olan Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X8 2 azyaşlı uşağı vardır. İş materiallarında olan CD-lərdəki görüntülərin tədqiqindən müəyyən olundu ki, X15 “@bozu_068” tik-tok səhifəsindəki paylaşımlarında gömrüklə bağlı problemlərinin hələ də davam etdiyini, bu məsələyə baxması üçün Dövlət Təhlükəsizlik Xidmətinə məktubla müraciət etdiyini, xx.xx.2022-ci il tarixdə 24-442-22 nömrəli məktuba əsasən Dövlət Gömrük Komitəsinə daxil olmuş əvvəlki eyni məzmunlu müraciətlərə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində baxıldığını, əslində isə araşdırılmadığını, Şərur rayon Düdəngə kənd sakini X8 xx.xx.2022-ci il tarixdə ölkə ərazisinə gətirilməklə 204 kq xərçəng müvafiq mal-müşaiyət sənədləri olmadığına görə gömrük rəsmiləşdirilməsinin aparılması mümkün olmadığı, sözügedən malın vətəndaş Natiq Ağayev tərəfindən Türkiyə Respublikasına geri qaytarıldığının müəyyən edildiyinin bildirildiyini, əslində isə həmin gün Həsən müəllimin ona çölə çıxmağı bildirdiyini, gedib möhür almağını dediyini, möhür almağa gedəndə möhür vuran şəxsin ona gömrükdən icazə almağı, gününün çatmadığını dediyini, onu buraxmadıqlarını, onu zorbalıqla çölə çıxartdıqlarını səsli qeyd etmiş və həmin videoda “X23 Naxçıvanda at oynadır. Gömrüyü özəlləşdirib. Ürəyi istədiyi adamlar yan xətdən veşlər monitora girmədən maşın direk çölə çıxır. X26, yükün rəisi Əli xərçəngi monopoliya ediblər, 40 manata satırlar. Özlərinə ton-ton gəlir. Burdan gedin araşdırın görək hansı rüsum ödəyir? Mənim bildiyim 3500 kiloqramdır” yazmışdır. Digər CD-nin tədqiqindən görünür ki, videoda “X13 Mahmudov və Həsən, əlimdən aldığınız xərçəngləri zastava yolu ilə aparmağınızı bilirəm. Ona görə oyun qururduz ki geri qaytara bilməzsən? Deyərdiz orda verərdim da Nicat, Ramin, Hesen, Memmed, rüşvətxorlar” yazmışdır. Digər videoda “Sədərək Gömrük məmurları bildiyini edir, rüşvət alır. Xahiş edirəm kömək edəsiz. 204 kq xərçəngi özlərinə götürdülər. 27000 TL pul vermişdim. Nə etdilər bilinmir” yazmışdır.

3. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X8 özünün məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə, şahid ifadələrinə, yazılı sübutlara və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs X8 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X11 cəza təyin edərkən onun törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını, 2 azyaşlı uşağı olmasını, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. X8 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs X8 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 147.2ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunan cinayət qanunvericiliyinin normalarının tələbləri baxımından işin faktiki hallarını müvafiq qaydada iş materialları və qanunun prinsipləri ilə müqayisəli şəkildə təhlil edərək, məhkəmə təqsirləndirilən şəxslərə onlara istinad edilən maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddələrinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onların cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması nəzərə alınaraq barələrində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, X8 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxslər X8 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci təqsirləndirilən şəxs X11 hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

1. X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X8 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin.

2. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın.

3. X8 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, inzibati və cinayət xarakterli əməllərdən çəkinmək vəzifələri qoyulsun.

4. Sınaq müddəti ərzində X8 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin.

5. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülsün.

6. İşdə mülki iddianın və maddi sübutun olmaması nəzərə alınsın.

7. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar