Məhkəmə qərarları › İş №1(110)-6/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-6/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-6/2024 29.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, xüsusi ittihamçı X3, təqsirləndirilən şəxs X8 və onun müdafiəçisi Şərur Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1972-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, ali təhsilli, Şərur rayon Düdəngə kənd icra nümayəndəsi vəzifəsində işləyən, Şərur rayon Düdəngə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan X8 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X8 onu işlədiyi kollektivin yanında təhqir etdiyi üçün Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün təyin olunmasını məhkəmədən xahiş etmişdir. X5 şikayətinin əsası kimi ərizəsində 20 ildən artıqdır Şərur rayon Düdəngə kənd mədəniyyət evində metodist işlədiyini, bu müddət ərzində hər hansı tənbeh almadığını, kollektivlə mehriban münasibətdə olduğunu, lakin həmkəndlisi və kəndin icra nümayəndəsi X1 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə vəzifəsinə təyin ediləndən az müddət sonra işində narahatçılıqların yarandığını, işgüzar nüfuzunun, şərəf və ləyaqətinin təhqir olunmağa başladığını, M.Quliyevin atası Fəxrəddinlə qohumluq münasibətinin olduğunu, Düdəngə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə vəzifəsinə təyin edilərkən guya harasa şirinlik vermək adı ilə atasından 400 manat borc pul aldığını, aldığı borcu qısa müddətdə qaytaracağına dair vəd verdiyini, işə təyin edildikdən bir il sonra atasının borcu istədiyini, lakin aldığı borcu inkar etdiyini, borcu qaytarmaqdan yayındığını, həmin vaxt yaranmış mübahisə səbəbindən atasının iş yerini dəyişməyə məcbur olduğunu, sonradan isə pensiyaya çıxdığını, atasından əvvəl mədəniyyət evində çalışdığından hər bəhanə ilə atasıyla olan ədavətinə onu da qatdığını, işlədiyi kollektiv arasında təhqir etməkdən çəkinmədiyini, sonuncu dəfə 23 iyun 2023-cü il tarixdə nahardan qayıdarkən 5-6 dəqiqə işə gecikdiyini, bu zaman onun idarədə olduğunu və vəzifəsinə əsaslanıb işə yubanmağını bəhanə edərək kollektiv içərisində onu biabır etdiyini “niyə işə yubanırsan məsuliyyətsiz köpəyin qızı, dədən də belə məsuliyyətsiz və vicdansızdır, səni iti qovan kimi qovacağam” kimi nalayiq ifadələr işlədərək onu təhqir etdiyini, ona qarşı qərəzli münasibətinə dözməyərək vəzifənə hörmət et desə də daha da hiddətləndiyini və valideynlərini də nalayiq ifadələrlə təhqir etdiyini, Şərur rayon Düdəngə kənd mərkəzində inşa edilən ikimərtəbəli binanın ikinci mərtəbəsində Düdəngə kənd Bələdiyyəsi və İcra Nümayəndəliyi, birinci mərtəbəsində isə kitabxana və mədəniyyət evinin yerləşdiyini, onu təhqir edrkən Düdəngə kənd kitabxanasında işləyən X14 və həmin vaxt mədəniyyət evində metodist işləyən X19 onun əxlaqazidd davranışına şahid olduğunu, mədəniyyət evinin müdiri X20 öz iş otağında olduğundan M.Quliyevin təhqiramiz ifadələrini eşidərək çölə çıxıdığını, kollektiv qarşısında utandığından ağlayaraq kitabxanaçıların otağına keçdiyini, daha sonra rayon prokurorluğuna şikayət etdiyini, həmin orqandan məhkəməyə müraciət etməli olmağını bildirildiyini, onun davranışları barədə Şərur Rayon Məhkəməsinə müraciət etsə də şikayət ərizəsinin qanunvericiliyin tələbinə uyğun tərtib edilməməsi səbəbindən geri qaytarıldığını, bu səbəbdən məhkəməyə təkrar müracət etdiyini, M.Quliyevin qanunazidd hərəkəti nəticəsində onun və ailəsinin şərəf və ləyaqətinin tapdalandığını, mənəvi zərər vurulduğunu, kollektiv arasında onu qəsdən alçadaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində (Təhqir) göstərilən əməli törətdiyini bildirmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X18 ona elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini, ifadəsində Şərur rayon Düdəngə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə vəzifəsində işlədiyini, nümayəndəliyin binasında mədəniyyət evinin işçilərinin, poçt və rabitə işçilərinə da otaqlar ayrıldığını, həmin təşkilatların rayon şöbələrinin rəhbərləri tərəfindən həmin binada olan işçilərin davamiyyətinə və davranışına onun də nəzarət etməsini, problem olduğu təqdirdə onlara da məlumat verməsini xahiş etdiklərini, X3 mütəmadi olaraq əmək intizamını pozduğunu, işə gəlmədiyini, kəndin ticarət mərkəzinin onun atasına məxsus olduğunu, icra nümayəndəliyinə yaxın olduğundan Gülmiranın da işdən yayınıb həmin ticarət mərkəzində oturduğunu, onun da həmkəndli və qohum olduğu üçün yuxarı təşkilatlara xəbər vermədən dəfələrlə özünə irad bildirdiyini, lakin heç vaxt onu və ümumiyyətlə digər işçilərə qarşı təhqiramiz ifadə işlətmədiyini, suallara cavabında Gülzarın dediyi 23 iyun tarixində də binanın kordirunda keçərkən binada çalışan qadın işçilərin bir otaqda yığışdığını, Gülzarın onun adını çəkərək nəsə dalınca danışdığını eşitdiyini, onun da digər işçilərdən Gülzarın onun barəsində nə dediyini soruşduğunu, Gülzarın da bu zaman səs-küy salaraq onunla mübahisə etdiyini, Gülzarın ona tələbkarlıq etdiyi üçün guya onu təhqir etdiyinə dair şər atıb mağazada oturmasına etirazdan çəkindirməyə çalışdığını, prokurorluğa ondan şikayət etdiyini, Şərur Rayon İcra Hakimiyyətinin başçısının da qəbulunda olduqlarını, bundan sonra da ümumiyyətlə ona heç bir irad bildirmədiyini, özünün heç bir təqsiri olmadığını, bütün bunları nəzərə alıb məhkəmədən ona bəraət verilməsinin xahiş etmişdir. Xüsusi ittihamçının ifadəsi: Xüsusi ittihamçı X5 ifadəsində şikayətini müdafiə etdiyini bildirərək əlavə olaraq ifadəsində 2007-ci ildən Düdəngə kənd mədəniyyət evində işlədiyini, Mübariz Quliyev icra nümayəndəsi gəldikdən sonra 7 ildir onunla yola gedə bilmədiklərini, atası Fəxərrədinlə aralarında problem olduğunu, atasına görə onunla prinsip apardığını, onu müntəzəm şəkildə təhqir etdiyini, bütün işçilərin bu barədə məlumatlı olduğunu, suallara cavabında 23 iyundan sonra prokurorluğa şikayət etdiyini, onların da məhkəməyə müraciət etməli olduğunu bildirdiklərini, məhkəməyə də müraciət etdiyini, Şərur Rayon Məhkəməsinin hakimi Seymur Qarayevin katibi tərəfindən ərizə formasına əməl olunmadığına görə ona ərizənin qaytarılmasına dair ərizə yazmalı olduğunun izah olunuduğunu, bundan sonra yenidən ərizəni vəkilə yazdırıb təqdim etsə də ərizəsinin qəbulundan imtina edildiyini, hazırda Mübariz Quliyevlə barışmadığını, məhkəmənin şikayətdən imtina ilə bağlı təklifini qəbul etmədiyini, məhkəmədən X11 cəza təyin edilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində Düdəngə kənd mədəniyyət evində 4 ay işlədiyini, sonra oradan işdən çıxdığını, orda işlədiyi zaman 23 iyun 2023-cü il tarixdə nahardan qayıdarkən telefonunu unutduğunu, qayıdıb götürdüyü üçün işə 5-10 dəqiqə gecikdiyini, həmin gün Gülmiranın da gecikdiyini, Mübariz müəllimin də irad bildirdiyini, digər qadın işçilərlə bir otaqda olduqları zaman Gülmiranın da ona “Mübariz müəllim sənə görə bizə hirslənir” dediyini, sonra Gülmiranın deyinməyə başladığını, Mübariz müəllimin gəlib “Gülmira mənim barəmdə danışır?” deyə soruşduğnu, bundan sonra aralarında mübahisə yarandığını, mübahisə zamanı X13 “sən xəstəsən” dediyini, Mübariz Quliyevin də Gülmiraya “xəstə dədəndir” deyə cavab verdiyini, başqa nalayiq ifadə işlədilmədiyini, suallara cavabında həmçinin Gülmiranın dediyi kimi Mübariz Quliyevin “köpəyin qızı, səni iti qovan kimi qovacağam” sözlərini demədiyini, işlədiyi 4 ay müddətində Gülmira və Mübariz arasında işə gec gəldiyi üçün 3-4 dəfə mübahisə olduğunu, lakin Mübariz Quliyevin hər hansı şəxsi təhqir etməsinin şahidi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində Düdəngə kənd kitabxanasında 11 ildir kitabxanaçı işlədiyini, Mübariz Quliyevin ondan sonra gəldiyini, Mübariz müəllimin onlar işə 2-3 dəqiqə olsa belə gecikən zaman həmişə onlara hirsləndiyini, 23 iyunda isə nahardan sonra birinci onun, sonra Gülmiranın işə qayıtdığını, Mübariz müəllimin gecikdiyi üçün yenə onlara hirsləndiyini, sonra Elnarənin gəldiyini, Elnarə ilə Gülmiranın bu haqda danışmağa başladıqlarını, sonra Mübariz müəllimin gəldiyini və onun haqqında nə danışıldığını soruşduğunu, bundan sonra Gülmira ilə Mübariz müəllim arasında mübahisə olduğunu, verilən suallara cavabında dəqiq xatırlmasa da bir-birlərinə qarşı Gülmiranın “kopoyoğlu” və Mübariz müəllimin “kopoyoğlu dədəndir” ifadələrini işlətdiklərini, Mübariz müəllimdən narazı olduğunu, kənd yeri olduğunu, hər kəsin təsərrüfatla məşğul olduğunu, bir az işə gec gəlməklərinin problemə çevrilməsinin düzgün olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində 4 ildir Düdəngə kənd bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, xidməti otağının həmin binada olduğunu, ötən 4 il ərzində Mübariz Quliyevin hər hansı işçini təhqir etməsinin şahidi olmadığını, 23 iyun 2023-cü il tarixdə işə gələn zaman onların mübahisə etdiklərinin şahidi olduğunu, lakin hər hansı təhqiramiz ifadə eşitmədiyini verilən suallara cavabında “köpəyin qızı səni iti qovan kimi qovaram” sözlərini də eşitmədiyini, Mübariz müəllimin kollektivlə, həmin binada çalışan digər şəxslərlə kobud şəkildə davranmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X20 ifadəsində 10 ildir Düdəngə kənd mədəniyyət evində işlədiyini, 5 ildir isə mədəniyyət evinin direktoru işlədiyini, Gülmiranın ondan əvvəl işlədiyini, Mübariz müəllim icra nümayəndəsi gəldikdən bir müddət sonra Gülmira ilə yola getmədiklərini, aralarında tez-tez mübahisə olduğunu, 23 iyun 2023-cü il tarixdə də Nailə ilə birlikdə işə gəldiyini, sonra Gülmiranın də gəldiyini, onun sonra öz otağına getdiyini, hər hansı təhqiramiz ifadə eşitmədiyini verilən suallara cavabında Mübariz müəllimin indiyədək onu və ya həmin binada çalışan hər hansı şəxsi təhqir etməsinin şahidi olmadığını, işə davamiyyətlə bağlı irad bildirdiyini, işə vaxtında gəlməyi hamıdan tələb etdiyini, lakin hər hansı bir nalayiq söz işlətmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində Düdəngə kənd poçt sahəsində 8 ildir əməliyyatçı işlədiyini, onun giriş qapısının ayrı olduğunu, binanın əsas giriş hissəsi ilə əlaqəsi olmadığını, buna görə orada nəyin baş verməsi barədə məlumatının olmadığını verilən suallara cavabında Mübariz müəllimlə təqribən eyni illərdə işə başladığını, bu vaxta qədər ondan hər hansı nalayiq ifadə eşitmədiyini, onların işlərinə qarışmadığını, əksinə onların da işlərinə köməklik etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X21 ifadəsində 20 ildir Düdəngə kənd kitabxanasının müdiri işlədiyini, Mübariz müəllimlə Gülmiranın işlərinə qarışmadığını, 23 iyun tarixində də özünün xəstə olduğunu, həmin vaxt təzyiqinin həddən artıq yüksək olduğundan pis vəziyyətdə otağında olduğunu, buna görə də heç nə eşitmədiyini verilən suallara cavabında içəridə olduğu üçün heç nə eşitmədiyini, Mübariz müəllimin Gülmiraya və ya digər qadın işçilərə qarşı indiyə qədər hər hansı nalayiq ifadə işlətməsinin şahidi olmadığını, kimdənsə də bu barədə heç nə eşitmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs X2 Naridə Vasif qızının ifadəsini təkzib etmiş, onun Gülmira ilə yaxın olduğu və özünü də məsuliyyətsiz olduğu üçün onu müdafiə etdiyini bildirmiş, digər şahid ifadələrini isə təsdiq etmişdir. Xüsusi ittihamçı tərəfindən təqsirləndirilən şəxs X8 təqsirliliyinə dair digər sübutlar (audio-video yazılar, yazılı sübutlar və.s) məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, ittiham hökmü təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X8 özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsinə, şahidlərin ifadəsinə və işin digər hallarına məcmu halında qiymət verərək hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı X3 X18 tərəfindən təhqir olunması şahidlərin ifadələri ilə öz təsdiqini tapmamışdır. Şahidlərdən yalnız bir nəfər hər ikisinin qarşılıqlı şəkildə bir-birinə nalayiq ifadə işlətməsini bildirsə də, digər şahidlər ümumiyyətlə xüsusi ittihamçının ərizəsində göstərdiyi təhqiredici ifadələri işlətmədiyini bildirmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, şəxs böhtana və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə, kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair, kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi X8 Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, məhkəmə onun barəsində bəraət hökmünün çıxarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci və 39.3-cü maddələrinə görə hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə bəraətverici əsaslarla xitam verilir. Cinayət Prosessual Məcəllənin 41.5-ci maddəsinə görə isə məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. Həmçinin Cinayət Prosessual Məcəllənin 42.1.4 və 42.2.4-cü maddələrində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Cinayət Prosessual Məcəllənin 55.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Cinayət Prosessual Məcəllənin 350.2-350.3-cü maddələrinə görə CPM-in 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. İş üzrə məhkəmə xərci təqsirləndirilən şəxs X8 hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2, 41.5, 42.1.4, 344-350, 352-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzə mülki iddia və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar