Məhkəmə qərarları › İş №1(110)-7/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-7/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-7/2023 13.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs оğlu və müdafiəçisi Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1987-ci il tarixdə Şərur rayon Düdəngə kəndində anadan olmuş, ali təhsilli, evli, 2 uşaq atası azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, Şərur rayon Zeyvə kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyən, Şərur rayon Zeyvə kəndində qeydiyyatda olan və yaşayan, barəsində 20 fevral 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs Şərur rayon Zeyvə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə əmisi Şərur rayon Zeyvə kənd sakini Musa Qasımova məxsus qonşuluqda yerləşən evinə 17 fevral 2023-cü il tarixdə qanunsuz daxil olub həmin evin yataq otağındakı əmisi oğlu Zərərçəkmiş şəxs oğuna məxsus pencəyin cibindən 110 (yüz on) manat və həmin otaqdakı çəkməcədən 2000 (iki min) manat məbləğində nağd pulu saxlanc yerinə qanunsuz daxil olaraq gizli yolla talamaqla oğurluq etmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bildiyini, ifadəsində və verilən suallara cavabında Zeyvə kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işlədiyini, 358 manat maaş aldığını, maaşı az olduğundan əlavə olaraq Naxçıvan istehsalı olan məhsulları Türkiyəyə göndərib qazanc əldə etdiyini, əldə etdiyi qazancla ailəsinin dolanışığına təmin etdiyini, mağazalara və şəxslərə altı min manata yaxın borcu olduğunu, 17 fevral 2023-cü il tarixində səhər saatlarında borclarını ödəmək üçün əmisi X3 yaşadığı evdən oğurluq etmək qərarına gəldiyini, sonra qızı Mədinəni məktəbə apardığını, qızını məktəbə ötürdükdən sonra məhəllələrinə qayıtdığını, əmisi Musa Qasımova məxsus yaşayış evinin darvaza qapısının açıq olduğunu gördüyünü, evin giriş qapısına yaxınlaşdığını, qapının önündə kilimin alt hissəsinə təsadüfən baxan zaman orada açarın olduğunu gördüyünü, açarla evin qapısını açıb içəri daxil olduğunu, yataq otağında olan şkafı açdığını, orada kişi kostyumunun yan cibində olan pulları götürdüyünü, sonra şkafın yanında olan çəkməcəni açdığını, çəkməcənin içərisində pul olduğunu görüb götürdüyünü, sonra evin qapısını açarla bağlayıb, açarı öz yerinə qoyub yaşadığı evə getdiyini, sonra məktəbə qayıtdığını, oğurladığı pulları məktəbdə saydığını, kostyumun cibindən götürdüyü pulların 110 manat, çəkməcədən götürdüyü pulların isə 2000 manat olduğunu, həmin pulları məktəbdə şkafın içərisində olan ayaqqabının içərisində gizlətdiyini, məktəbdə olan zaman yoldaşının ona zəng vuraraq əmisi ilə əmcanısının onlara gəldiklərini, evlərindən oğurluq olduğunu, bunu bütün qonşulara dediklərini, polisə məlumat verəcəklərini bildirdiklərini, sonra əmisi Musanın ona zəng vuraraq evlərindən oğurluq olduğunu və polisə getmək istədiyini bildirdiyini, icazə alıb evə qayıtdığını, əmisi Musa Qasımovun evinin qarşısında polisləri gördüyünü, gecə narahatlıqdan yata bilmədiyini, vicdan əzabı çəkdiyini, 18 fevral 2023-cü il tarixində səhər yoldaşı Günay Qasımovaya pulları götürdüyünü etiraf etdiyini, sona məktəbə getdiyini, əmisinin evindən oğurladığı pulları saxladığı yerdən gətirib yoldaşına verdiyini, Günay da həmin pulları aparıb Musa əmisinə qaytardığını, özününü isə polisə gələrək törətdiyi əməli etiraf etdiyini, əmisigillə hər hansı bir ədavətinin olmadığını, borclarını qaytarmaq üçün pul əldə etmək məqsədilə əmisi X6 məxsus yaşayış evindən oğurluq etdiyini, pulların əmisinin oğluna məxsus olduğunu bilmədiyini, əvvəllər onlardan borc istəmədiyini, ümumilkdə iki min yüz on manat pul götürdüyünü, törətdiyi əməlini tək etdiyini, əmisi Musa Qasımova məxsus yaşayış evindən oğurluq etdiyinə görə özünü bağışlaya bilmədiyini, tutduğu əməldən çox peşiman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, atasının onkoloji xəstə olduğunu, Türkiyə respublikasında kimyaterapiya olunduğunu, onun müalicəsi və ailəsinin saxlanılması üçün işləməyə ehtiyacı olduğunu, azadlıqdan məhrum olunarsa iş yerini itirəcəyini, zərərçəkmiş şəxsə pulların könüllü olaraq tam şəkildə qaytardığını, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, bütün bunları nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin ifadəsi: Zərərçəkmiş şəxs ifadəsində və verilən suallara cavabında valideynlərilə birlikdə yaşadığını, 16 fevral 2023-cü il tarixində bankomatdan yanvar və fevral aylarının maaşı olan 2534 manat pul çəkdiyini, həmin puldan 2000 manatını yataq otağında olan şkafın çəkməcəsinə qoyduğunu, əlavə olaraq da şkafda olan ona məxsus kostyumun cibində də 110 manat pulun olduğunu, səhəri günü yəni səhər satlarında atası Musa Qasımovun işə gedən zaman onu oyatdığını, yemək yedikdən sonra formasını geyinib evdən çıxdığını, giriş qapısını açarla bağlayıb açarı qapının önündəki xalçanın altına qoyduğunu, həmin gün saat təxminən 12:30 radələrində atasının zəng vuraraq verdiyi 2000 manat pulun və kostyumun cibində olan 110 manat pulun yoxa çıxdığını dediyini, atasına polisə zəng vuraraq baş vermiş hadisə barədə özünün məlumat verəcəyini bildirdiyini, atasının ona anasının işdən gəlməsini gözləməsini və ondan soruşduqdan sonra polisə məlumat verməsini dediyini, dərhal işdən icazə alaraq evə getdiyini, yolda olan zaman baş vermiş hadisə ilə bağlı polisə zəng vuraraq məlumat verdiyini, evə çatan zaman artıq evdə polis əməkdaşlarının olduqlarını gördüyünü, 18 fevral 2023-cü il tarixində səhər saatlarında evin salonunda səslərin gəldiyini eşidib qalxıb salona keçdiyini, həmin vaxt atasının pul saydığını, Mənsimin həyat yoldaşı Günayın da atasının yanında olduğunu, sonra atasının ona pulu Mənsimin oğurladığını, Günay da həmin pulları təhvil vermək üçün gətirdiyini, Mənsimin özü isə polisə getdiyini dediyini, həmin şəxsin məhz əmisi oğlu olmasının onu və valideynlərini çox məyus etdiyini, hazırda ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayətinin olmadığını, bu barədə ərizə verdiyini bildirmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində oğlu Zərərçəkmiş şəxs gömrük əməkdaşı olduğunu, oğlunun 16 fevral 2023-cü il tarixində axşam saatlarında maaşını bankomatdan çəkib evə gəldiyini, evdə olan zaman 2000 manat pulu evin yataq otağında olan şkafın çəkməcəsinə qoyaraq ona sabah aparıb borclarını qaytarmasını dediyini, səhəri günü həyat yoldaşı ilə birlikdə Zeyvə kənd məktəbinə getdiyini, saat təxminən 12:00 radələrində evə qayıtdığını, Cavidin qoyduğu pulu götürmək üçün çəkməcəni açdığını, çəkməcəni açdıqdan sonra pulların çəkməcədə olmadığını gördüyünü, sonra şkafda Cavidə məxsus pencəyin cibinə baxdığını, orada da pulların olmadığını görüb Cavidə zəng vuraraq məsələni ona danışdığını, Cavidin ona polisə zəng vuraraq yaşadığı evdən oğurluq hadisəsinin baş verdiyini və 2110 manat pulun oğurlanması barədə məlumat verəcəyini bildirdiyini, az müddət keçdikdən sonra polis əməkdaşlarının yaşadığı ünvana gəldiklərini, həmin ərəfədə oğlu Zərərçəkmiş şəxs da evə gəldiyini, polis əməkdaşlarının yaşadığı evə baxış keçirdiklərini, 18 fevral 2023-cü il tarixdə səhər saat təxminən 09:30 radələrində qardaşı oğlu Təqsirləndirilən şəxs həyat yoldaşı Günay Qasımovanın onun yaşadığı evə gəldiyini, oğlu Cavidə məxsus pulların onun əri tərəfindən oğurlandığını bildiriərək 2110 manat pulu ona qaytardığını, həmin pulları alıb evə keçdiyini, az sonra polislərin artıq onun evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olması haqqında məlumatlarının olduqlarını eşitdiyini, qardaşı oğlu ilə hər hansı bir ədavətinin olmadığını, bu günədək evindən Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir oğurluq hallarının olmadığını, oğlunun da Mənsimi bağışladığını, qardaşının onkoloji xəstə olduğunu, özünün də Mənsimi bu hərəkətinə görə bağışladığını bildirmişdir. X2 şahid X8 ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində 2013-cü il tarixində Təqsirləndirilən şəxs ilə ailə qurduğunu, 2 uşaqlarının olduğunu, 17 fevral 2023cü il tarixdə günorta saatlarında qonşuluqda yaşayan Zeynəb İmanovanın onun yaşadığı evə gələrək evlərindən 2110 manat pul oğurlandığını bildirdiyini, Mənsimə zəng vuraraq əmisinin evindən oğurluq olduğunu dediyini, sonra Zeynəbgilə getdiyini, həmin ünvana çatdıqda polis əməkdaşlarının da həmin yerə gəldiklərini, polis əməkdaşlarının gəlişindən sonra Mənsimin də əmisigilə gəldiyini, sonra evə getdiklərini, Mənsimlə ailəli olduğu üçün onun bütün xasiyyətlərini yaxşı bildiyini, onun çox narahat olduğunu, 18 fevral 2023-cü il tarixdə Mənsimilə söhbət etdiyini, söhbət zamanı Mənsimin ona pulları götürdüyünü etiraf etdiyini, ancaq tutduğu əməldən peşiman olduğunu, Mənsim ona həmi pulları gətirib verdiyini, Mənsimin verdiyi pulları aparıb Musa müəllimə verdiyini, Musa əminin də pulları saydıqdan sonra 2110 manat pul olduğunu və həmin pulların oğurlanan pulların tamamı olduğunu bildirdiyini, sonra evə qayıtdığını, həmin hadisənin məhz Mənsim tərəfindən törədilməsinin ona təsir etdiyini, buna görə də bir neçə gün özünə gələ bilmədiyini, lakin ərini bağışladını, qaynatasının onkoloji xəstə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şahidin ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Şərur rayon Zeyvə kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Zeyvə kəndində həyat yoldaşı və iki azyaşlı övladı ilə birlikdə yaşayır. İş materiallarında olan Şərur rayon Zeyvə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verillmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahidin ifadəsinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində azyaşlı uşağın olmasını, könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, habelə törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə üsulunu nəzərə alıb ona azadlğın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şəxsin tutulduğu müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək tutulduğu müddət nəzərə alınaraq ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 24:00-dan səhər saat 07:00dək vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxs dəymiş 2110 (iki min bir yüz on) manat ziyanın tam şəkildə ödənilməsi nəzərə alınsın. İş üzə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar