Məhkəmə qərarları › İş №1(110)-7/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-7/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-7/2024 14.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Cəlil oğlu, Zərərçəkmiş şəxs3 və mütəxəssis X4 iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1979-cu il tarixində Ordubad rayon Xanağa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, ticarətlə məşğul olan, məhkum olunmamış, Ordubad rayon Xanağa kəndində qeydiyyatda olan və yaşayan, barəsində 22 noyabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2000-ci il tarixində Şərur rayon Aşağı Aralıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Şərur rayon Aşağı Aralıq kəndində qeydiyyatda olan və yaşayan, barəsində 22 noyabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxslər Şərur rayon Aşağı Aralıq kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Ordubad rayon Xanağa kəndində yaşayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023cü il tarixdə Şərur rayon Oğuzkənd kənd sakini X10 məxsus dəyəri 1300 manat olan bir baş iri buynuzlu heyvanı Şərur rayon Oğuzkənd kənd ərazisində yerləşən otlaq sahəsindən, xx.xx.2023-cü il tarixdə Şərur rayon Püsyan kənd sakini Zərərçəkmiş şəxs2 məxsus dəyəri 710 manat olan bir baş iri buynuzlu heyvanı Püsyan kənd ərazisində yerləşən otlaq sahəsindən və xx.xx.2023-cü il tarixdə Şərur rayon Aşağı Aralıq kənd sakini Zərərçəkmiş şəxs3 məxsus dəyəri 750 manat olan bir baş iri buynuzlu heyvanı Şərur rayon Aşağı Aralıq kənd ərazisində yerləşən otlaq sahəsindən oğurlamışlar. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxslərin ifadələri: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü tam təqsirli bildiyini, ifadəsində və verilən suallara cavabında Ordubad rayon Xanağa kəndində lavaş sexi olduğunu, həmçinin “Zimmer” markalı maşın yağı satmaq üçün şəhərdə və rayonlarda olan avtomobil ehtiyyat hissələri satan mağazalar ilə əlaqə saxlayaraq həmin yerlərə maşın yağı satdığını, sentyabr ayının sonlarında etirbarnamə ilə idarə etdiyi “FORD” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şərur rayonu ərazisinə yağ satmaq üçün getdiyini, dayısı oğlu Şərur rayon Aşağı Aralıq kənd sakin Təqsirləndirilən şəxs1 da həmin yağları satmaqda köməklik etdiyini, xx.xx.2023-cü il tarixdə Şərur rayonunda yağ satdıqdan sonra Əli ilə birlikdə Oğuzkəndinin yolundan keçən zaman yol kənarında bağlı şəkildə olan bir inəyin dayandığını gördüklərini, Təqsirləndirilən şəxs1la birlikdə həmin inəyi oğurlamaq qərarına gəldiklərini, bundan sonra inəyi onun maşının arxa yük hissəsinə birlikdə qaldıraraq Ordubad rayon Xanağa kəndinə aparmaq istədiklərini, lakin, inək yolda olan zaman maşının arxa yük hissəsinə yığdığı maşın yağlarını dağıtdığını və yağların bir hissəsi açılaraq töküldüyünü, həmin yağı təmizləmək üçün Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yaşayan dayısı Hüseyn Talıbov gilə getdiyini, evdə dayısının həyat yoldaşı Ruhiyyə Hüseynovanın olduğunu, inəyi dayısı Hüseynin yaşadığı evin çöl qapısının ağzındakı dirəyə bağladıqlarını, sonra maşınında arxası batdığı üçün Ruhiyyədən əsgi alaraq Əli ilə birlikdə onu təmizlədiklərini, işlərini bitirdikdən sonra tanımadığı qazel markalı avtombil sürücüsündən 50 manat pul qarşılığında inəyi Ordubad rayon Xanağa kəndinə aparmağını xahiş etdiyini, Əli ilə inəyi qazelə mindirdiyini, Əlinin Şərur rayonuna qayıtdığını, özü isə “FORD”la qazeli müşayiət edərək Ordubad rayonu Xanağa kəndinə getdiyini, inəyi həyətə bağladığını, təxminən bir həftə keçdikdən sonra Vənənd kənd sakini İntiqamı çağıraraq inəyi kəsdirib satdığını, təxminən 1 ay sonra yenidən Şərur rayonuna yağ satmağa getdiyini, Əli ilə görüşdüyünü, xx.xx.2023-cü il tarixdə Şərur rayon Püsyan kənd yolunun üstündə həmin avtomobillə hərəkətdə olan zaman yol kənarında 1 ədəd zincirlə bağlanmış inək gördüyünü, Əli ilə həmin inəyin zincirini açaraq maşına mindirdiklərini və Culfa rayon Bənəniyar kəndinə xalası oğlu Heydərin evinin həyətyanı sahəsinə apararaq bağladığını, həmin inəyi oğurlamağının səbəbinin həyətlərində olan inəklərin xəstəlik nəticəsində ölməsi olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında yağ satmaq üçün Şərur rayonuna gəldiyini, yağı satdıqdan sonra Aşağı Aralıq kəndində otlaq sahəsində 1 inək gördüyünü, Əlidən həmin inəyi öz inəklərinin içərisinə qataraq zəng vurmasını istədiyini, bir gün sonra Əlinin ona zəng edərək həmin inəyi öz inəklərinə qataraq otlaq sahəsinə apardığını bildirdiyini, Aşağı Aralıq kəndinə gələrək həmin inəyi Əli ilə birlikdə idarə etdiyi “FORD” markalı avtomobillə Ordubad rayonu Xanağa kəndinə aparmaq qərarına gəldiyini, lakin, Naxçıvan şəhərinin girişində olan Gömrük İdarəsinin qarşısında sürət həddini aşdığı üçün yol polis əməkdaşları tərəfindən saxlanıldığını, bu zaman əyləci sıxdığını, inəyin qorxaraq maşının şüşəsini sındırdığını, polis əməkdaşları idarə etdiyi avtomobili saxlayaraq inəyi aşağı endirməyini və maşının duracağa aparacaqlarını bildirdiklərini, Əliyə gələnə qədər inəyin yanında qalmasını tapşırdığını, maşını duracağa apardıqdan sonra taksi ilə Tumbul kəndində yaşayan bacısının qayınanası olan Səkinə xanımın evinə getdiyini, ondan xahiş edərək həyətlərinə bir ədəd inək gətirəcəyini bildirdiyini, Səkinə xanımın ona razılıq verdiyini, günortaya yaxın avtomobili saxladığı cərimə meydançasına qayıdaraq cəriməni ödədikdən sonra maşını cərimə meydançasından çıxardığını, inəyi aparmaq üçün Naxçıvan şəhərində Türk məscidinin qarşısında nömrəsini bilmədiyi və tanımadığı şəxsin qazel markalı avtomobili ilə Əlinin yanına gələrək inəyi qazelə mindirib Tumbul kəndində yaşayan bacısının qayınanası Səkinəgilin evlərinə getdiklərini, inəyi həyətə bağladığını, sonra birlikdə Naxçıvan şəhərində “Köhnə bazar” adlanan yerə gedərək orada maşın üçün şüşə kəsdirdiklərini, lakin şüşə qalın olduğu üçün maşına uyğun gəlmədiyini, həmin vaxt Əlinin anasının tez-tez zəng etdiyindən onun çıxıb getdiyini, sonra axşamçağı Ordubad rayonu Xanağa kəndinə qayıtdığını, axşam Səkinənin zəng edərək inəyin yağışın altında qaldığını və titrədiyini bildirdiyini, səhərisi gün Əli ilə birlikdə həmin inəyi qazelə mindirib Ordubad rayonu Xanağa kəndinə apardıqlarını, inəyi yaxınlarda olacaq qızının toyu üçün saxladığını, tutduğu əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəyən zərəri tam şəkildə ödədiklərini, üzürxahlıq etdiyini və barışdığını bildirmiş, bütün bunları nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü tam təqsirli bildiyini, ifadəsində və verilən suallara cavabında Təqsirləndirilən şəxs2 onun bibisinin oğlu olduğunu, Paşanın özünə məxsus “Ford” avtomobili ilə yağ payladığını, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Paşa ilə birlikdə Daşarx kəndində yanacaqdoldurma məntəqəsinə yağ vermək üçün getdiklərini, yolda olarkən Oğuzkənd kəndinin ərazisində yol yaxın ərazidə bir ədəd qəhvəyi rəngdə iri buynuzlu mal gördüklərini, Paşanın maşını saxlayaraq ətrafa nəzər yetirdiyini, heç kimin olmadığına əmin olduqdan sonra ikisi birlikdə saat təqribən 10:00 radələrində malı ipdən açaraq “FORD” markalı maşının arxa yük hissəsinə mindirdiklərini, həmin dananı aparıb Naxçıvan şəhər Qaraxanbəyli qəsəbəsində yaşayan əmisi Hüseyngilin həyətinə bağladıqlarını, həmin vaxt əmisinin evdə olmadığını, həyat yoldaşı Ruhiyyənin evdə olduğunu, sonra Naxçıvan şəhərində yerləşən körpünün yanında duran qazel markalı avtomobilin sahibi ilə dananı Ordubad rayon Xanağa kəndinə aparmaq üçün 60 manata razılaşdıqlarını, birlikdə Qaraxanbəyli qəsəbəsinə qayıtdıqlarını, dananı qazelə mindirdiklərini, Paşanın ona 50 manat pul verdiyini, Paşaya pulun az olduğunu bildirdiyini, Paşa cavabında “bəsindi” dediyini, sonra Paşanın dananı yaşadığı kəndə apardığını, özünün isə günorta saatlarında tanımadığı “Nazlifan” markalı taksi ilə Aşağı Aralıq kəndinə geri qayıtdığını, bundan başqa xx.xx.2023-cü il tarixdə günorta saatlarında bibisi oğlu Təqsirləndirilən şəxs2 “Zimmer” markalı maşın yağı paylamaq üçün “Ford” maşını ilə Şərur rayonuna gəldiyini, ona zəng edərək görüşmək istədiyini bildirdiyini, görüşdükdən sonra birlikdə Naxçıvan şəhərinə getməyi planlaşdırdıqlarını, Püsyan kəndinin ərazisindən keçərkən Paşa yol kənarında olan çöl torpağında bağlanmış inəyi gördüyünü, Paşanın maşını saxlayıb inəyin yanına yaxınlaşdığını, inəyin zincirindən tutaraq maşının yanına gətirdiyini, Paşa ilə birlikdə inəyi maşına mindirdiyini, sonra şəhərə tərəf getdiklərini, Naxçıvan şəhərinə çatan zaman Paşanın ona 50 manat pul verdiyini, sonra Culfa rayon Bənəniyar kəndinə getdiklərini, orada inəyi Sultan adlı qohumlarının həyətinə bağladıqlarını, sonra yaşadığı Şərur rayon Aşağı Aralıq kəndinə geri qayıtdığını, bir neçə gün sora Paşanın zəng edərək inəyi satdığını bildirdiyini, 2-3 gün sonra Paşanın ona zəng edərək yenə Şərur rayonuna gələcəyini və maşın yağı paylayacağını bildirdiyini, bir müddət sonra Paşanın yenə Şərura gəldiyini, maşın yağını payladıqdan sonra görüşdüklərini, Aşağı Aralıq kəndindən keçərkən Paşanın yol qırağında olan inəkdən xoşunun gəldiyini və həmin inəyi öz inəklərinin içərisinə qataraq aparmağını istədiyini, Paşanın həmin inəyi aparmağına görə 50 manat pul verəcəyini dediyi üçün razılaşdığını, bir gün sonra səhər saatlarında öz inəklərini otlamağa aparan zaman həmin inəyi də apardığı inək sürüsünə qatdığını, sonra Paşaya zəng edərək məlumat verdiyini, Paşanın 1 saat sonra öz maşını ilə onun heyvanları otlamaq üçün apardığı yerə gəldiyini, birlikdə həmin inəyi Paşanın maşınına mindirdiklərini, Paşanın həmin inəyi satdıqdan sonra pulunu ona göndərəcəyini bildirdiyini, sonra birlikdə Naxçıvan şəhəri gedən yolda olan zaman Paşanın idarə etdiyi maşının Naxçıvan şəhərinin girişində olan Gömrük İdarəsinin qarşısında yol polisi əməkdaşları tərəfindən saxlanıldığını, sürət həddini keçdiyi üçün maşını X31 İdarəsinə gedəcəyini bildirdiklərini, sonra polislərin inəyi yerə düşürdüklərini, maşını yol polisi əməkdaşlarının duracağa apardığını, onun da inəyin yanında gözlədiyini, sonra Paşa qazel çağıraraq inəyi ona mindirib Tumbul kəndinə Paşanın bacısı yaşayan evə apardıqlarını, inəyi onların həyətlərinə bağladıqlarını, sonra kəndə qayıtdığını, bir gün sonra yenidən Naxçıvan şəhər Tumbul kəndinə Paşanın bacısının evinə getdiyini, inəyi kəsmək qərarına gəldiklərini, sonra Naxçıvan şəhərində yerləşən köhnə bazar adlanan yerdə bir qəssab tapdıqlarını, qəssabı Paşanın bacısın evinə gətirdiklərini, Paşa inəyi həmin yerdə kəsə bilməyəcəyini və polisdən qorxduğu üçün onu Ordubad rayon Xanağa kəndinə aparacağını bildirdiyini, birlikdə həmin inəyi aparıb Ordubad rayon Xanağa kəndinə Paşagilin həyətlərinə endirdiklərini, Paşanın avtomobilinə “ZİMMER” markalı maşın yağlarını yığaraq günortaya yaxın Naxçıvan şəhərinə qayıtdıqlarını, sonra avtovağzaldan taksiyə minərək Şərur rayon Aşağı Aralıq kəndinə gəldiyini, tutduğu çox əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən zərəri tam şəkildə ödədiklərini, üzürxahlıq etdiyini bildirmiş, bütün bunları nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslərin ifadələri: Zərərçəkmiş şəxs X11 ifadəsində və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə səhər erkən saatlarda özünə məxsus 2 baş qaramalı yaşadığı Oğuzkənd kəndində yerləşən çöl torpağına apararaq orada bağladığını, danaları bağladıqdan sonra yaşadığı evə geri qayıtdığını, günorta nahardan sonra çöl torpağına qayıtdıqda bir ədəd tünd qəhvəyi rəngli başında ağ rəngli izi olan və dırnaqlarının üzəri ağ rəngdə olan dananın bağladığı yerdə olmadığını gördüyünü, həmin dananın yerində olmaması ilə bağlı polis əməkdaşlarına tez məlumat verdiyini, daha sonra inəyi oğurlayan şəxslər polis əməkdaşları tərəfindən tapıldığını və ona dəymiş maddi ziyan tam ödənildiyini, təqsirlənidirilən şəxslərdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində və verilən suallara cavabında Şərur rayon Püsyan kəndində yaşadığını, həmkəndlisi Fərman adlı şəxslə 2 aylığına 40 manat pul müqabilində ona məxsus çöl torpağını istifadə etmək üçün razılaşdıqlarını, həmin çöl torpağını götürdükdən sonra özünə məxsus olan 7 ədəd inəyi və qardaşı Cəmşidə məxsus 4 ədəd inəyi həmin çöl torpağında otarmağa başladığını, hər səhər tezdən qardaşı Cəmşid ilə evdən çıxaraq inəklərlə birlikdə həmin çöl torpağına getdiyini, inəkləri orada otlamaları üçün bağladığını, sonra evə qayıdıraq nahardan sonra yenidən inəklərin yanına gəldiyini, həmin inəkləri açaraq onların yanında durduğunu, onlara nəzarət edərək inəkləri otardığını, 27 oktyabr 2023-cü il tarixdə səhər tezdən qardaşı Cəmşid ilə birlikdə həmişə olduğu kimi çöl torpağına gedərək inəkləri otlamaları üçün bağlayaraq evə qayıtdıqlarını, günorta saatlarında həmin inəkləri açmaq üçün qardaşı ilə birikdə çöl torpağına getdiklərini, lakin orada olan zaman qəhvəyi rəngdə olan 1 ədəd inəyinin olmadığını gördüyünü, qardaşı yanında olduğu üçün ona bu inəklərin birinin yerində olmadığı barədə məlumat verdiyini, qardaşı inəyin açılaraq qaça biləcəyini dediyini, bundan sonra qardaşının inəklərin yanında qaldığını, onun yerində olmayan digər inəyi axtarmağa başladığını, lakin həmin inəyi tapa bilmədiyini, xx.xx.2023-cü il tarixdə X15 inəyinin itməsi barədə məlumat verdiyini, lakin üzərindən bir müddət keçdikdən sonra o, həmin inəyin yaxşı bağladığını və bağlandığı yerdən qaça bilməyəcəyini düşündüyünü, sonradan ona həmin inəyin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı məlum olduğunu, bu barədə polis əməkdaşlarına məlumat verdiyini, daha sonra polis əməkdaşlarının onun inəyini oğurlayan şəxsləri taparaq inəyi geri qaytardıqlarını, təqsirləndirilən şəxslərdən heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində və verilən suallara cavabında Şərur rayon Aşağı Aralıq kəndində yaşadığını, xx.xx.2023-cü il tarixdə səhər tezdən ona məxsus olan 3 baş inəyi evlərinin yaxınlığında yerləşən çöl torpağına bağladığını, inəyi bağladıqdan sonra yaşadığı evə geri qayıtdığını, bundan sonra saat 11:00 radələrində çöl torpağına qayıtdıqda tünd qəhvəyi rəngli bir ədəd inəyinin olmadığını gördüyünü, həmin inəyin bağladığı yerdən açılaraq itməsini zənn edərək bununla bağlı polis əməkdaşlarına tez məlumat verdiyini, üzərindən bir müddət keçdikdən sonra həmin inəyi yaxşı bağladığını və yerindən açılaraq qaçmadığını, həmçinin inəyin oğurlanmasını başa düşərək bu barədə polis əməkdaşlarına məlumat verdiyini, daha sonra polis əməkdaşları onun inəyini oğurlayan şəxsləri taparaq inəyi geri qaytardıqlarını, təqsirləndirilən şəxslərdən heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində və verilən suallara cavabında Culfa rayon Bənəniyar kəndində yaşadığını, atasına məxsus çörək sexindən Naxçıvan şəhərinə çörək daşıdığını, ötən ilin oktyabr ayının sonlarına yaxın Naxçıvan şəhərindən evə qayıdan zaman evin həyətində bir ədəd inəyin olduğunu gördüyünü, atası Sultandan həmin inəyin kimə məxsus olduğunu soruşduğunu, atası ona həmin inəyi xalaoğlusu Paşanın gətirdiyini bildirdiyini, sonra üzərindən bir müddət keçdikdən sonra havalar soyuduğundan və inəyin həyətdəki otları yediyindən inəyi həyətlərində yerləşən tövləyə bağladığını, xx.xx.2023-cü il tarixdə evdə olan zaman xalasının oğlu Paşa və dayısının oğlu Əlinin Paşaya məxsus avtomobillə polis əməkdaşları ilə birlikdə yaşadığı Bənəniyar kəndinə gəldiklərini, xalasının oğlu ona həyətdə olan inəyi oğurladığını və polislərin həmin inəyi aparmağa gəldiklərini bildirdiyini, polislər ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və tövləyə baxmaq istədiklərini bildirdiklərini, onların tövləyə baxması üçün ərizə verdiyini, sonra birlikdə həmin inəyi Paşanın avtomobilinə mindirdiklərini, inəyin oğurluq olması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində və verilən suallara cavabında 2013-cü il tarixdən X16 xidmət etdiyini, hazırda Şərur rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 17 noyabr 2023-cü il tarixdə Şərur rayon Aşağı Aralıq kənd sakini X2 məxsus 1 ədəd inəyin otlaq sahəsində itməsi ilə bağlı polis idarəsinə müraciət daxil olduğunu, həmin müraciətin araşdırılmasının ona həvalə olunduğunu, araşdırma zamanı həmin inəyin itmədiyinin, Şərur rayon Aşağı Aralıq kənd sakini Təqsirləndirilən şəxs1 bibisinin oğlu Ordubad rayon Xanağa kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə ona məxsus “Ford” markalı **-BH-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə xx.xx.2023-cü il tarixdə rayonun Oğuzkənd kənd sakini Zərərçəkmiş şəxs1 otlaq sahəsindən 1 baş inəyini, xx.xx.2023-cü il tarixdə rayonun Püsyan kənd sakini Zərərçəkmiş şəxs2 otlaq sahəsindən ona məxsus 1 baş inəyi və rayonun Aşağı Aralıq kənd sakini Zərərçəkmiş şəxs3 1 baş inəyini otlaq sahədən oğurladıqlarının məlum olduğu, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 məxsus inəyi kəsərək satdığının, Zərərçəkmiş şəxs2 məxsus malı evində saxladığının, Zərərçəkmiş şəxs3 məxsus malı isə Culfa rayon Bənəniyar kəndində xalasının oğlu Heydər Muradova məxsus evdə saxladığının müəyyən olunduğunu, Paşa ilə birlikdə Ordubad rayon Xanağa kəndinə gedərək onun həyətindən 1 baş malı avtomobilə mindirdikləərini, daha sonra Culfa rayon Bənəniyar kəndinə getdiklərini, orada Heydər Muradovla görüşdüklərini, Paşa ilə Əlinin gətirdiyi malın onların həyətində olduğunu bildirdiyini, onun da, ərizə ilə müraciət edərək həyətinə girib malın götürülməsinə etirazının olmadığı bildirdiyini, həmin inəyi də, avtomobilə mindirərək polis idarəsinin dayanacağına gətirdiklərini, dayanacaqda onun və digər şəxslərin iştirakı ilə müstəntiq Abbas Quliyev inəkləri sahiblərinə göstərdiyini, Quliyev Telman və Zamin Quliyev öz inəklərini tanıyaraq təhvil götürdüklərini, Oğuzkənd sakini Zərərçəkmiş şəxs1 isə dəymiş ziyan qarşılığında 2300 manat pul istədiyini, onlar da, həmin məbləği Nurəddinə verdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində və verilən suallara cavabında təxminən 1-2 ay bundan əvvəl yaşadığı Naxçıvan şəhər Qaraxanbəyli qəsəbəsində yerləşən evdən çıxıb Şərur rayonuna gəldiyini, elə həmin gün axşam saatlarında yenidən öz evinə qayıdan zaman evdə olan həyat yoldaşı X5 ona “sən evdə olmayan zaman bacın oğlu Paşa “Ford” markalı avtomobili ilə bir ədəd dana gətirdi, sonra avtomobili həyətdə yudu və təzədən dananı avtomobilə mindirərək apardı” sözlərini dediyini, eləcə də həyat yoldaşı ona Paşanın Əli ilə birlikdə gəldiyini, həmin dananı qızının toyunda kəsməsi üçün aldığını dediyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən X6 da əri X12 ilə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şahid ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyi: İş materiallarında olan məhkəmə-psixoloji ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 1245 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə zamanı emosional-psixi halında hər hansı ekstremal dəyişiklik baş verməmiş, onların keçirmiş olduqları emosional hala görə hadisə zamanı etdikləri hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən affekt halında olmamışlar. Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, meyllilik əlamətləri müşahidə olunmur, lakin daxili-psixi amillərlə əlaqədar olaraq hadisə barəsində müəyyən məlumatları təhrif etməsi müəyyən olunur, Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmur, Təqsirləndirilən şəxs1 fərdipsixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunur, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əqli və psixi inkişaflаrında, fərdi-psixi xüsusiyyətlərinə görə bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malikdirlər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2024cü il tarixli 1285 nömrəli rəyindən görünür ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən ( o cümlədən Şərur rayonu) ət satışı şəbəkələrində və mal-qara satışı bazarlarında mövcud olan qiymətlərə, Mərkəzdə olan məlumatlardan və eləcədə təqdim edilmiş “Şərur Rayon Dövlət X29”-nin baş məsləhətçisi X25 tərəfindən tərtib edilmiş arayışda” qeyd edilənlərdən istifadə edilməklə qeyd edilən iribuynuzlu heyvanların orta bazar qiyməti nəzəri olaraq təxminən aşağıdakı kimi müəyyən olunmuşdur; Şərur rayon Aşağı Aralıq kənd sakini Zərərçəkmiş şəxs3 məxsus dişi, cinsi “qonur karpat”, 1 yaş iki aylıq, kliniki cəhətdən sağlam, təxmini diri çəkisi 95 kiloqram olan bir baş iribuynuzlu heyvan (düyə) – 750, 00 manat, Püsyan kənd sakini Zərərçəkmiş şəxs2 məxsus dişi, cinsi “qonur karpat”, kliniki cəhətdən sağlam, ortalama diri çəkisi 90 kiloqram olan bir baş iri buynuzlu heyvan – 710, 00 manat və Şərur rayon Oğuzkənd kənd sakini X7 məxsus erkək, 1 yaş 8 aylıq, ümumi çəkisi 160-170 kiloqram olan iribuynuzlu heyvan (dana) – 1300.00 manatdır. İstintaq protokolları və digər sənədlər: İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli baxış protokollarından görünür ki, 20 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Ordubad rayon Xanağa kəndində yerləşən evin həyətyanı sahəsində olan 1 ədəd açıq qəhvəyi rəngli inək, Culfa rayon Bənəniyar kəndində yerləşən X8 məxsus evin həyətyanı sahəsində olan tövlədən 1 ədəd inək aşkar olunmuşdur. İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 20 noyabr 2023-cü il saat 20:00-da, Təqsirləndirilən şəxs2 20 noyabr 2023-cü il saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Naxçıvan MR X1 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda durmur. İş materiallarında olan Ordubad rayon Xanağa kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Səfərov X20 rayon Xanağa kəndində həyat yoldaşı və üç övladı ilə birlikdə yaşayır, yaşadığı ərazidə kəndin ictimai işlərində fəal iştirak etdiyindən müsbət xarakterizə olunur. İş materiallarında olan Şərur rayon Aşağı Aralıq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şərur rayon Aşağı Aralıq kəndində atası, anas və qardaşı ilə birlikdə yaşayır, yaşadığı ərazidə fərdi fəsərrüfatla məşğul olur və ondan indiyədək heç bir şikayət daxil olmadığından müsbət xarakterizə olunur. İş materillarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, zərərçəkmiş şəxslər X9 və Zərərçəkmiş şəxs2 öz inəkləri, Zərərçəkmiş şəxs1 isə inəyinin dəyəri olan 2300 manat pul təhvil verilmişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X3 öz inəkləri təhvil verildiyindən, Zərərçəkmiş şəxs1 isə dəymiş ziyan tam olaraq ödəndiyindən təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbləri yoxdur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə, şahid ifadələrinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinayət tərkibi, onların ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri əsasında onlara ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxslərə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini, habelə törətdikləri cinayəti səmimi etiraf etməklə əməllərindən peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qeyd olunmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini barələrində müsbət xasiyyətnamə verilməsini, özlərinə tənqidi yanaşmaqla əməllərindən peşman olmalarını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların isə olmamasını, habelə Təqsirləndirilən şəxs1 gəncliyini, ilk dəfə cinayət törətməsini, Təqsirləndirilən şəxs2 isə evli olmasını, ailə başçısı olmasını, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb təqsirləndirilən şəxslərin hər ikisinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bununla belə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin cinayətin törədilməsində iştirakı cəza təyini zamanı mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunan cəzanın həddi onun cinayətin törədilməsində iştirakı, digər şəxsi cinayətə sövq etməsi nəzərə alınmaqla ona Təqsirləndirilən şəxs1 nisbətdə daha yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin cinayətin iştirakçılıqla törədilməsini, cinayətin törədilməsi üsulunu, həmçinin cinayətin predmetləri olan əmlakların bir rayondan digərinə daşınmasını, müxtəlif ünvanlarda saxlanılmasını təyin olunan azadlığın məhdudlaşdırılması cəzası ilə onların üzərinə qoyulan yaşadıqları ərazinin hüdudlarını və gecə vaxtı yaşadıqları ünvanları tərk etməməklə bağlı vəzifələr müəyyən edilərkən nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şəxsin tutulduğu müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxslərin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Buna görə də təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdikləri hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 20 noyabr 2023-cü il tarixindən 22 noyabr 2023-cü il tarixinədək tutulduğu müddət nəzərə alınaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Ordubad rayonunun ərazi hüdudlarını tərk etməmək, gecə saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini (ünvanını) tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə olunsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 noyabr 2023-cü il tarixindən 22 noyabr 2023-cü il tarixinədək tutulduğu müddət nəzərə alınaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Şərur rayonunun ərazi hüdudlarını tərk etməmək, gecə saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini (ünvanını) tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdikləri hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın tam şəkildə ödənilməsi nəzərə alınsın. İş üzə mülki iddia və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar