Məhkəmə qərarları › İş №1(110)-9/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-9/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-9/2023 07.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs оğlu və müdafiəçisi Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1996-cı il tarixində Şərur rayon Oğlanqala kəndində anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Şərur Şəhər Özəl Çörək Zavodu MMC-də fəhlə işləyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, hal-hazırda Şərur rayon Oğlanqala kəndində qeydiyyatda olan və yaşayan, barəsində 15 mart 2023-cü il tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs Şərur rayon Oğlanqala kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Şərur şəhər sakini Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına 2022-ci ilin iyun ayında qanunsuz daxil olaraq yataq otağındakı şkafda olan göy rəngli qadın əl çantasının içərisindən 400 manat pulu, 2022-ci ilin iyul həmin evin yataq otağındakı şkafda olan balaca sandıqcanın içərisindən 1 ədəd 583 əyarlı, çəkisi 7 qram, ümumi dəyəri 525 manat olan briliyant qaşlı üzüyü, 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs qızı Könül Tağıyevanın əl çantasından gələcəkdə evdən oğurluq etmək məqsədini asanlaşdırmaq üçün oğurladığı həmin mənzilin açarı ilə 2022-ci ilin oktyabr ayında həmin yaşayış evinin qapısını açıb içəri qanunsuz daxil olaraq evin yataq otağındakı şkafda olan qutunun içərisindən 583 əyarlı, çəkisi 18 qram, ümumi dəyəri 1350 manat olan qızıl qol saatını, 750 əyarlı, çəkisi 18 qram, ümumi dəyəri 1710 manat olan brilliant qaşlı qızıl sırğa-üzük dəstini, 583 əyarlı, çəkisi 19 qram, ümumi dəyəri 1425 manat olan sep-klon dəstini, 750 əyarlı, çəkisi 43 qram, ümumi dəyəri 4085 manat olan sep-bilərzik dəstini, 750 əyarlı, çəkisi 24 qram, ümumi dəyəri 2280 manat olan bilərziyi, 750 əyarlı, çəkisi 13 qram, ümumi dəyəri 1235 manat olan qızıl bilərziyi, 585 əyarlı, çəkisi 14 qram, ümumi dəyəri 1190 manat olan brilliant qaşlı sırğa-üzük dəstini, 750 əyarlı, çəkisi 14 qram, ümumi dəyəri 475 manat olan brilliant qaşlı qızıl üzüyü, 583 əyarlı, çəkisi 8 qram, ümumi dəyəri 600 manat olan qızıl sep-klon dəstini və 583 əyarlı, çəkisi 4 qram, ümumi dəyəri 300 manat olan brilliant qaşlı qızıl üzüyü və 2023-cü ilin mart ayında həmin ünvana eyni üsulla qanunsuz daxil olaraq evin yataq otağındakı şkafda olan pul kisəsinin içərisindən 35,84 Azərbaycan manatına bərabər olan 400 türk lirəsini, 170 Azərbaycan manatına bərabər olan 100 ABŞ dollarını və 600 manat pulu saxlanc yerinə qanunsuz daxil olaraq gizli yolla talamaqla oğurluq etmiş, zərərçəkmiş şəxsə ümumilikdə 16.380,84 maddi ziyan vurmuşdur. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bildiyini, ifadəsində və verilən suallara cavabında çörək zavodunda fəhlə işlədiyini, aylıq əmək haqqısının 450 manat olduğunu, bacısı X1 ailəsilə birlikdə, Şərur şəhər sakini Zərərçəkmiş şəxs qonşuluğunda yaşadıqlarını, bacısı ilə Ünbülbəni müəlliməgilin mehriban qonşu olduqlarını, aralarında get gəl olduğunu, özünün və valideynlərinin də Ünbülbəni müəlliməgillə yaxşı münasibətlərinin olduqlarını, Ünbülbəni müəllimənin yaşadığı evə gedib-gələn biri olduqlarını, 2022-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs əri Rza Tağıyevin sağ vaxtlarda həmişə olduğu kimi onların yaşadığı evə getdiyini, evdə Rzadan başqa heç kimin olmadığını, onunla salonda oturub bir az söhbət etdiklərini, sonra Rzanın siqaret çəkmək üçün çölə çıxdığını, dərhal evin yataq otağına keçdiyini, yataq otağında şkaf gördüyünü, həmin şkafın sonuncu gözündə göy rəngli bir qadın əl çantası gördüyünü, həmin çantanın içərisində pul olduğunu gördüyünü, həmin pulların içərisindən 4 ədəd 100 manatlıq götürdüyünü, sonra həyətə çıxıb Rza ilə sağollaşıb getdiyini, bu barədə heç kəsə heç bir söz demədiyini, həmin pulları Naxçıvan şəhərində xərclədiyini, 2022-ci ilin iyul ayında oğurluq etmək üçün yenə həmin ünvana getdiyini, Rzanın evdə olduğunu, onunla söhbət etdikdən sonra onun çölə çıxdığını görüb yataq otağına keçdiyini, həmin otaqdakı paltar şkafını açdığı zaman aşağı gözdə sandıqça gördüyünü və həmin sandıqçanı açıb çoxlu qızılların içərisindən hiss olunmasın deyə 1 ədəd qadın qızıl üzüyünü götürüb evdən çıxdığını, həmin üzüyü təxminən 300 manata Naxçıvan şəhərində tanımadığı qızıl ticarəti ilə məşğul olan şəxsə satdığını, pulu da özü üçün xərclədiyini, sonra avqust ayında Rzanın vəfat etdiyini, 1 ay sonra yəni sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı evə getdiyini, orada olan vaxt Ünbülbəni müəllimənin qızı Könül müəllimənin də orada olduğunu, fürsətdən istifadə edib Könül müəllimənin əl çantasının içərisində olan Ünbülbəni müəllimənin evinin açarını götürdüyünü, təxminən 2022-ci ilin oktyabr ayının ortalarında həmin ünvana getdiyini, götürdüyü açarla evin qapısını açıb içəri girdiyini, yataq otağındakı şkafa yaxınlaşdığını, şkafı axtaran zaman 3-cü gözdə olan göy rəngli qutunu açan zaman içərisində qızıl zinət əşyalarının olduğunu gördüyünü, həmin qutunu götürüb evdən çıxdığını, sonra Oğlanqala kəndinə evlərinə gedən zaman yolda qutunun içərisində olan 1 ədəd qızıl saatı, 3 ədəd bilərziyi, 2 ədəd klonu, 3 ədəd boyunbağını, 2 cüt sırğanı və 4 ədəd üzüyü götürüb qutunu çaya atdığını, həmin zinət əşyalarını Naxçıvan şəhərində yerləşən ticarət mərkəzində tanımadığı qızıl ticarəti ilə məşğul olan şəxslərə satdığını, əldə etdiyi pulların bir qismini borclarına verdiyini, bir qismini isə xərclədiyini, bir müddət keçdikdən sonra 2023-cü ilin mart ayının əvvəllərində yeə həmin ünvana getdiyini, həmin açarla qapını açıb içəri daxil olduğunu, yataq otağında olan şkafın 3-cü gözündə tünd göy rəngli pul kisəsinin olduğunu görüb həmin pul kisəsini açıb içərisinə baxdığını, pul kisəsinin içərisində çoxlu pul olduğunu gördüyünü, hiss olunmasın deyə həmin pulların içərisindən 1 ədəd 100 ABŞ dolları, 1 ədəd 200 manatlıq, 2 ədəd 200 türk lirəsi və 4 ədəd 100 manatlıq götürüb evdən çıxdığını, sonra birbaşa öz evlərinə getdiyini, həmin pullardan 140 manatını kredit borcuna ödədiyini, 140 manata Naxçıvan şəhərindən mətbəx daşı aldığını, qalanını isə geyim əşyaları üçün xərclədiyini, tutduğu əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən zərəri tam şəkildə ödədiyini, üzürxahlıq etdiyini bildirmiş, bütün bunları nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin ifadəsi: Zərərçəkmiş şəxs ifadəsində və verilən suallara cavabında 1972-ci il tarixindən ünvan 1-də yaşadığını, özünə məxsus müxtəlif çeşiddə qızıl-zinət əşayalarının olduğunu, həmin əşyaları yaşadığı evin yataq otağında olan geyim əşyaları üçün nəzərdə tutulmuş şkafın üçüncü çəkməcəsində, pullarını isə həmin şkafın beşinci çəkməcəsində saxladığını, 2022-ci ilin avqust ayının 22-də həyat yoldaşı X14 qəfildən vəfat etdiyini, həmin vaxtdan şkafda saxladığı zinət əşyalarından və puldan istifadə etmədiyini, ona görə də yaşadığı evdən oğurluq olduğunu bilmədiyini, 9 mart 2023-cü il tarixində qızı Zülfüyə Mehdiyevanın onun əmək haqqısı olan 2000 manat pulu bankomatdan çəkib evə gəldiyini, həmin məbləği Zülfiyədən alıb şkafın beşinci çəkməcəsində olan pul kisəsinə qoymaq istəyən zaman pul kisəsinin içərisində olan pulların dağınıq olduğunu və həmin pulların içərisində saxladığı 3 ədəd 200 manatlıq əskinazlardan birinin, həmçinin də 3 ədəd 300 ABŞ dollarından birinin olmadığını görüb oğurluq olduğundan şübhələndiyini, sonra özünə məxsus qızıl əşyalarının yerində olub-olmadığını yoxlamaq üçün həmin şkafın üçüncü çəkməcəsinə baxdığını, həmin vaxt ona məxsus 1 ədəd qızıl saatın, 3 ədəd qızıl bilərziklərin, 2 ədəd qızıl klonun, 3 ədəd qızıl boyunbağının, 2 cüt qızıl sırğanın və 5 ədəd qızıl üzüyün yerində olmadığını görüb evindən oğurluq olduğuna əmin olduğunu, ona görə də polisə məlumat vermək qərarına gəldiyini və ərizə ilə polisə müraciət etdiyini, oğurluq edən şəxsin onun evində dəfələrlə olmuş Şərur rayon Oğlanqala kənd sakini Təqsirləndirilən şəxs olduğunun müəyyən olunduğu, çox inandığı Niyaməddinin ona məxsus evindən dəfəlrlə oğurluq etməsinə görə çox mənəvi sarsıntı keçirdiyini, qızıllarının bir çoxunun onun üçün həddən artıq mənəvi dəyəri olduğunu, qızıllarını satmaq niyyətinin olmadığını, hətta qızıl satanlar həmin qızılları ona qaytara biləcəyi halda pullarını artıqlaması ilə ödəyəcəyini, ona vurulmuş ziyanın istintaq zamanı aşağı qiymətdən də olsa hesablandığını, əslində qızılların dəyərinin yüksək olduğunu, lakin həmin hesablama ilə razılaşdığını, istintaqla müəyyən olunmuş ziyanın ona ödənildiyini, valideynlərinə görə hazırda təqsirləndirilən şəxsdən şikayəti olmadığını, lakin onun etdiyi hərəkəti ona bağışlaya bilmədiyini, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində və verilən suallara cavabında Naxçıvan şəhərində yerləşən “Cahan” Ticarət mərkəzinin qızıl bölməsində qızıl alıb satdığını, 29 dekabr 2022-ci il tarixində işdə olan zaman tanımadığı bir cavan oğlanın ona yaxınlaşaraq onda satılıq qızıl olduğunu və həmin qızılları satmaq istədiyini bildirdiyini, həmin qızıl zinət əşyalarına baxdıqdan sonra onları almaq qərarına gəldiyini, həmin şəxslə razılaşaraq polisin qoyduğu qayda üzrə onun şəxsiyyət vəsiqəsinin surətini aldıqdan sonra ona təqdim olunan 1 ədəd qızıl üzüyü, 1 ədəd klonu və 1 ədəd boyunbağını elektron tərəzidə çəkdiklərini, həmin qızıl zinət əşyalarının ümumi çəkisini xatırlamadığını, ancaq qeyd olunan qızıl zinət əşyalarını həmin tanımadığı şəxsdən 300 manata nağd şəkildə aldığını, həmin şəxsi əvvəllər tanımadığını, onun Təqsirləndirilən şəxs olduğunu polis idarəsində olan zaman öyrəndiyini, zinət əşyalarının oğurluq olduqlarından xəbərinin olmadığını, qızılları satan zaman onların ailəsinə mənsub olduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində və verilən suallara cavabında 13 ildir Naxçıvan Şəhərində yerləşən “Cahan” Ticarət mərkəzinin qızıl bölməsində qızıl alqı satqısı ilə məşğul olduğunu, 24 yanvar 2023-cü il tarixində tanımadığı bir cavan oğlanın ona yaxınlaşaraq onda satılıq qızıl olduğunu bildirdiyini, ona 1 sep-qolbaq dəsti, 1 sep-klon dəsti və 1 cüt sırğa təqdim etdiyini, həmin zinyət əşyalarına baxdığını və həmin təqdim edilən zinyət əşyalarının qızıl olduqlarını, tanımadığı şəxsə təqdim etdiyi qızılları yalnız onun şəxsiyyət vəsiqəsinin surətini təqdim etdikdən sonra ala biləcəyini bildirdiyini, həmin cavan oğlanın ona özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etdiyini, onun şəxsiyyət vəsiqəsinin surətini çıxartdıqdan sonra əslini ona qaytardığını, sonra qeyd olunan qızıl zinət əşyalarını elektron tərəzidə çəkdiyini, həmin zinət əşyalarının hər birinin çəkisinin nə qədər olduğunu xatırlamadığını, ancaq qeyd olunan zinət əşyalarının ümumilkdə çəkisinin 31.1 qram olduğunu, 31.1 qram çəkidə olan qızıl zinyət əşyalarını həmin cavan oğlandan 1890 manata qiymətləndirərək nağd şəkildə aldığını, 28 fevral 2023-cü il tarixində sonradan adının Niyaməddin olduğunu bildiyi şəxsin təkrar onun yanına gəldiyini, ona 1 ədəd bilərzik təqdim edərək onu satmaq istədiyini bildirdiyini, həmin bilərziyin qızıl olub-olmadığını yoxladığını, həmin bilərziyin qızıl olduğuna əmin olduqdan sonra bilərziyi elektron tərəzidə çəkdiyini, bilərziyin çəkisinin 12.90 qram olduğunu, Niyaməddinlə qiymətdə razılaşaraq həmin bilərziyi ondan 930 manata nağd şəkildə satın aldığını, həmin gündən bu günə kimi Niyaməddin adlı şəxsi bir daha görmədiyini, Şərur rayon Oğlanqala kənd sakini Təqsirləndirilən şəxs tanımadığını, onun kim olduğunu polis idarəsində olan zaman ğyrəndiyini, ona ilk dəfə ümumi çəkisi 31.1 qram olan 1 sep-qolbaq dəstini, 1 sep- klon dəstini və 1 cüt sırğanı, ikinci dəfə isə ümumi çəkisi 12.90 qram olan 1 ədəd bilərzik satdığını, Təqsirləndirilən şəxs satdığı qızıl zinyət əşyalarının oğurluq olduqlarından xəbərinin olmadığını, Təqsirləndirilən şəxs qızıl zinyət əşyalarını satan zaman onun yanında heç kimin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində və verilən suallara cavabında Naxçıvan Şəhərində yerləşən “Cahan” Ticarət Mərkəzinin qızıl bölməsində qızıl satdığını, 29 dekabr 2022-ci il tarixində tanımadığı bir cavan oğlanın ona yaxınlaşaraq qızıl satmaq istədiyini bildirdiyini, sonra ona sırğa-üzük dəsti göstərdiyini, həmin sırğa-üzük dəstinə baxdıqdan sonra onların brilliant qaşlı qızıllar olduğunu gördüyünü və həmin dəsti almaq istədiyini, həmin şəxslə razılaşaraq onun şəxsiyyət vəsiqəsinin surətini aldıqdan sonra ona təqdim olunan sırğa-üzük dəstini elektron tərəzidə çəkdiyini, sırğa-üzük dəstinin ümumi çəkisinin 14.1 qram olduğunu və həmin sırğa-üzük dəstinin 930 manata aldığını, Təqsirləndirilən şəxs tanımadığını, onun çəkisi 14.1 qram olan üzük–sırğa dəstini 930 manat müqabilində satdığını, həmin zinət əşyasının oğurluq olmasından xəbərinin olmadığını, qızıl zinət əşyasını satan zaman Niyaməddinin yanında heç kimin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində və verilən suallara cavabında oğlu Təqsirləndirilən şəxs onun böyük övladı olduğunu, Niyaməddinin subay olduğu üçün onlarla birlikdə yaşadığını, çörək zavodunda fəhlə işlədiyini, aldığı əmək haqqı ilə ailənin dolanışığına kömək etdiyini, Niyaməddinin çox tərbiyəli bir övlad olduğunu, Niyaməddinin Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluq etməsi xəbərini eşitdiyini və buna görə də çox narahat olduğunu, bu günə kimi də Niyaməddinin bu əməli hansı səbəbə görə törətdiyini başa düşə bilmədiyini, bu günə kimi onun tərəfindən hər hansı bir oğurluq hadisəsi törədilmədiyini, Zərərçəkmiş şəxs qızı Elnurə İbrahimovanın onun qonşuluğunda kirayə yaşadığı dövrdən tanıdığını, oğlu Niyaməddinin Zərərçəkmiş şəxs məxsus yaşayış evindən dəfələrlə oğurluq etmək məqsədilə qanunsuz daxil olaraq həmin ünvandan pul və qızıl zinət əşyaları oğurlaması barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində və verilən suallara cavabında Naxçıvan Şəhərində yerləşən “Cahan” Ticarət mərkəzinin qızıl bölməsində 33 nömrəli mağazada fəaliyyətini davam etdirdiyini, 20 avqust 2022-ci il tarixində tanımadığı bir cavan oğlanın ona yaxınlaşaraq qızıl satmaq istədiyini bildirdiyini, sonra ona 1 ədəd boyunbağı və 1 ədəd briliyant qaşlı qızıl üzük göstərdiyini, həmin qızıl zinət əşyalarına baxdıqdan sonra onları almaq qərarına gəldiyini, həmin şəxslə razılaşaraq onun şəxsiyyət vəsiqəsinin surətini aldıqdan sonra ona təqdim olunan boyunbağını və üzüyü elektron tərəzidə çəkdiyini, həmin zinət əşyalarının ümumi çəkisinin 16.51 qram olduğunu və həmin şəxsdən qeyd olunan zinət əşyalarını 1030 manata nağd şəkildə aldığını, Şərur rayon Oğlanqala kənd sakini Təqsirləndirilən şəxs tanımadığını, onun kim olduğunu polis idarəsində olan zaman öyrəndiyini, Təqsirləndirilən şəxs ona ümumi çəkisi 16.51 qram olan üzük və boyunbağını 1030 manat müqabilində nağd şəkildə satdığını, həmin zinət əşyalarının qızıl olduğunu, satmış olduğu üzük və boyunbağının oğurluq olduqlarından xəbərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində və verilən suallara cavabında Naxçıvan Şəhərində yerləşən “Cahan” Ticarət mərkəzinin qızıl bölməsində qızıl satdığını, 11 avqust 2023-cü il tarixində tanımadığı hündürboylu bir cavan oğlanın ona yaxınlaşaraq qızıl satmaq istədiyini bildirməsini, sonra həmin şəxsin ona 1 ədəd nişan qızıl üzüyü göstərdiyini, həmin qızıl zinət əşyasına baxdıqdan sonra onu almaq qərarına gəldiyini, həmin şəxslə razılaşaraq onun şəxsiyyət vəsiqəsinin surətini aldıqdan sonra ona təqdim olunan üzüyü elektron tərəzidə çəkdiyini, həmin zinət əşyasını 360 manata nağd şəkildə aldığını, həmin tanımadığı şəxsin pulu aldıqdan sonra çıxıb getdiyini, Təqsirləndirilən şəxs tanımadığını, Niyamddinin ona ümumi çəkisi 6.08 qram olan üzüyü 360 manat müqabilində nağd şəkildə satdığını, həmin zinət əşyasının oğurluq olmasından xəbərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində və verilən suallara cavabında Naxçıvan Şəhərində yerləşən “Cahan” Ticarət mərkəzinin qızıl bölməsində çalışdığını, 2023-cü ilin yanvar ayında işdə olan zaman tanımadığı 25-30 yaşlarında bir cavan oğlanın ona yaxınlaşaraq qızıl satmaq istədiyini bildirdiyini, ona satmaq istədiyi qızıla baxmaq istədiyini bildirən zaman həmin şəxsin ona 1 ədəd saat və 1 ədəd üzük təqdim etdiyini, həmin zinət əşyalarına nəzər saldıqda həmin zinət əşyalarının qızıl olduqlarını gördüyünü, həmin zinət əşyalarını elektron tərəzidə çəkdikdə saatın çəkisinin 12.5 qram, üzüyün çəkisin isə 5.91 qram olduğunu, sonra həmin şəxslə qiymətdə razılaşaraq ilk öncə onun şəxsiyyət vəsiqəsinin surətini alıb, daha sonra isə qızıl qol saatı 695 manata, qızıl qadın üzüyünü isə 385 manata nağd şəkildə aldığını, Şərur rayon Oğlanqala kənd sakini Təqsirləndirilən şəxs tanımadığını, satmış olduğu qızıl qol saatının və qızıl üzüyün oğurluq olduqlarını olmasından xəbərinin olmadığını, Təqsirləndirilən şəxs ona 12.5 qram olan qızıl saat və çəkisi 5.91 qram olan qızıl üzük satdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində və verilən suallara cavabında Naxçıvan Şəhərində yerləşən “Cahan” Ticarət mərkəzinin qızıl bölməsində çalışdığını, 31 dekabr 2022-ci il tarixində tanımadığı bir cavan oğlanın ona yaxınlaşaraq onda satılıq qızıl olduğunu bildirərək 1 ədəd bilərzik göstərdiyini, həmin bilərziyə baxdıqdan sonra onun qızıl olduğunu gördüyünü və bilərziyi almaq istədiyini, həmin şəxslə razılaşaraq onun şəxsiyyət vəsiqəsinin surətini aldıqdan sonra ona təqdim olunan qızıl bilərziyi elektron tərəzidə çəkdiyini, bilərziyin ümumi çəkisinin 13 qram olduğunu və həmin bilərziyi 910 manata satın aldığını, sonra 08 yanvar 2023-cü il tarixində həmin şəxsin təkrar onun yanına gələrək yenə qızıl satmaq istədiyini bildirdiyini və ona 1 ədəd bilərzik, 1 ədəd də boyunbağı təqdim etdiyini, həmin zinət əşyalarını da elektron tərəzidə çəkdiyini, bilərziyin çəkisinin 23.4 qram, boyunbağının çəkisinin isə 30 qram olduğunu, ümumilikdə 3740 manata həmin zinət əşyalarını nağd şəkildə aldığını, Şərur rayon Oğlanqala kənd sakini Təqsirləndirilən şəxs tanımadığını, onun kim olduğunu polis idarəsində olan zaman öyrəndiyini, Niyaməddinin ilk dəfə çəkisi 13 qram olan qızıl bilərzik, ikinci dəfə isə çəkisi 23.4 qram olan qızıl bilərzik və çəkisi 30 qram olan qızıl boyunbağı satdığını, həmin zinət əşyasının oğurluq olmasından xəbərinin olmadığını çbildirmişdir. Təqsirləndirilən şəxs şahidlərin ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyi: İş materiallarında məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 may 2023-cü il tarixli 491 nömrəli rəyindən görünür ki, qeyd edilən zərgərlik məmulatlarının 20022-ci il oktyab ayı üçün ümumilikdə orta bazar dəyəri nəzəri hesablama yolu ilə 15175 (on beş min yüz yetmiş beş) manat müəyyən edilmişdir. İstintaq protokolları və digər sənədlər: İş materiallarında olan 13 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Şərur rayon Oğlanqala kənd İƏD üzrə nümayəndəliyinin 08 may 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Oğlanqala kəndində atası, anası və iki bacısı ilə birlikdə yaşayır. İş materiallarında olan Şərur rayon Oğlanqala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verillmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahidin ifadəsinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, habelə törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə üsulunu nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Buna görə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu 13 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs dəymiş ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələridə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 13 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilsin və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. İş üzə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar