Məhkəmə qərarları › İş №1(110)-9/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-9/2025

19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-9/2025 19.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: q oğlunun sədrliyi, Məhkəmə iclas katibi: qqızının katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, xx xxxx 1994-cü il Rusiya Federasiyasının Kalujisk vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (2 uşaq atası), orta təhsilli, yaşayış yeri üzrə Bakı şəhər, Abşeron rayon, Masazır kəndində qeydiyyatda olmaqla, Sədərək rayonunun Dəmirçi kəndində yaşayan, hal-hazırda Şərur rayonunun Zeyvə kəndində “Zeyvə Servis” adlı avtomobil təmir servisində usta işləyən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 may 2025-ci il tarixdə təxminən saat 23 radələrində Şərur rayon Zeyvə kəndi ərazisində usta kimi işlədiyi “Zeyvə servis” adlı avtomobil servisində təmirə verilmiş, vətəndaş Zərərçəkmiş şəxs məxsus “Volksvagen passat” markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sahibindən icazəsiz şəkildə talama məqsədi olmadan qaçırmış və daha sonra yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, təxminən 3 il əvvəl Bakı şəhərində Şahid2 ilə tanış olmuşdur. Həmin vaxt o da avtomobil təmiri ilə məşğul olurmuş. Onlar Bakı şəhəri, Nəsimi rayonu, İnqilab qəsəbəsində yerləşən avtomobil təmir sexində birlikdə çalışmışlar. 2024-cü ilin sentyabr-oktyabr aylarında Şahid2 Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına getmiş, 2025-ci ilin yanvar ayının sonlarında Şahid2 telefon danışığı zamanı onu Naxçıvan şəhərinə dəvət edərək, yenidən birgə fəaliyyət göstərməyi təklif etmişdir. O, bu təklifi qəbul edərək 28 yanvar 2025-ci il tarixdə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına gəlmiş, burada onu hava limanında Şahid2 qarşılamış və yaşadığı kirayə evə aparmışdır. Daha sonra onlar “Əyləncə servis” adlı avtomobil təmir sexində birgə işləmiş, bu müddətdə 50-dən çox avtomobili təmir edərək sahiblərinə qaytarmışlar. Avtomobilləri əsasən Şahid2 qəbul etmiş və təmir işləri tamamlandıqdan sonra birlikdə təhvil vermişlər. Bir müddət sonra – təxminən 1 ay işlədikdən sonra – onlar Şərur rayonuna köçərək, “Zeyvə servis” adlı avtomobil servisində sex icarəyə götürüb fəaliyyətlərini davam etdirmişlər. Sonuncu dəfə, təxminən 2025-ci ilin may ayının əvvəllərində Şahid2 sexə **-BJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobil gətirmişdir. Avtomobil nasaz vəziyyətdə olmuş, ilkin təmirdən sonra “turbo” hissəsinin xarab olduğu müəyyən edilmişdir. Bu hissə Naxçıvan ərazisində təmir edilmədiyindən onu çıxarıb Bakı şəhərinə göndərmək qərara alınmışdır.13 may 2025-ci il tarixdə, saat 18 radələrində Şahid2 atasının qəbrini düzəltdirmək məqsədilə Bakı şəhərinə yola düşmüş və getməzdən əvvəl ona “Volkswagen Passat” markalı avtomobilin “turbo”sunu söküb karqo vasitəsilə Bakıya göndərməyi tapşırmışdır. Şahid2 yola düşdükdən sonra o, digər avtomobillərin təmiri ilə məşğul olmuş, təxminən saat 22:00-a qədər sexdə qaldıqdan sonra yaxınlıqdakı kafeyə gedərək orada 4 bakal pivə qəbul etmişdir. Sonradan sexə qayıdaraq həmin avtomobili idarə etmək qərarına gəlmişdir. Avtomobildə yanacağın az olduğunu görərək, Şərur rayonunun Yuxarı Daşarx kəndində yerləşən “NP6” yanacaqdoldurma məntəqəsinə gedib 15 manatlıq benzin almışdır. Daha sonra “Sahil” kafesinə getmiş, lakin kafenin bağlı olduğunu görüb çıxmış və Naxçıvan şəhəri istiqamətində hərəkət etmişdir. Kəngərli rayonu ərazisində hərəkətdə olarkən yolun sulu olması səbəbindən avtomobilin təkərləri sürüşmüş, idarəetməni itirmiş və avtomobil yolun sol hissəsindəki dərəyə düşmüşdür. O, bir müddət huşunu itirmiş, ayıldıqda avtomobilin qabaq hissəsinin palçığa batdığını görmüşdür. Avtomobili tərk edərək asfalt yola qalxmış, həmin vaxt saat təxminən 00:00 olmuşdur. Təxminən 1 saat yol kənarında gözlədikdən sonra Naxçıvan şəhəri istiqamətində hərəkət edən qara rəngli “VAZ-21074” markalı avtomobili saxlamış, həmin avtomobildə olan polis əməkdaşlarına vəziyyəti izah etmişdir. Polis əməkdaşları onu Naxçıvan şəhər Polis İdarəsinə aparmış, daha sonra isə onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində etdiyi əmələ görə peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş 980 manat məbləğində ziyanı tamamilə ödəyərək, onunla barışıq əldə etmək istədiyini, lakin zərərçəkmiş şəxsin ondan eyni markalı, eyni buraxılış illi başqa bir avtomobil tələb etdiyini, bu səbəbdən də aralarında barışıq əldə edilmədiyini bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, ona məxsus “Volksvagen passat” markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə yaranan nasazlıqlara görə həyat yoldaşı Şahid1 təxminən 2025-ci ilin may ayının 8-də avtomobili təmir etmək üçün əvvəlcədən tanıdıqları Xəqani adlı ustaya vermiş, Xəqani ustaya avtomobil onun dayandığı Kəngərli rayonunun ərazisində təhvil verilmiş, Xəqani usta avtomobili iş yeri olan Şərur rayon Zeyvə kəndində yerləşən “Zeyvə” adlı avtoservisindəki, sexinə aparmış, avtomobili müayinə etdikdən sonra həyat yoldaşından 495 manat pul istəmiş, həyat yoldaşı Rüstəm onunla razılaşmış və avtomobilin açarını Xəqani adlı ustaya təhvil verdikdən sonra yaşadığı evlərinə gəlmiş, bundan sonra o, Xəqani ustanın Rüstəmə verdiyi kart hesabına 490 manat pul köçürmüş, Xəqani usta avtomobili təxminən 3-4 gün ərzində təmir edəcəyini bildirmiş, həmin müddətdə Xəqani ustanın özünə məxsus avtomobili onların avtomobilləri düzələnəcən onlara verdiyini, lakin 2-3 gün sonra geri aldığını, bir necə gün sonra təxminən 13 may 2025-ci il tarixdə günorta saatlarında Rüstəm Xəqani usta ilə danışan zaman o, avtomobili təmir etdiyini və bircə “Turbo” adlı detalından səs gəldiyini, həmin detalı Bakı şəhərində təmir etdirə biləcəyini, buna görə də, həmin gün Bakı şəhərinə gedəcəyini demiş, Rüstəm də onunla razılaşmış, bundan sonra 14 may 2025-ci ildə Rüstəm işdə olan zaman polis əməkdaşları ona zəng edərək avtomobilin Kəngərli rayon ərazisində qəza törətdiyini demişlər. Rüstəm işdə olduğundan hadisə yerinə o, getmiş və orada avtomobili ilə Xəqani ustanın yanında çalışan Akif adlı şəxsin qəza törətdiyini bilmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində baş vermiş hadisə nəticəsində avtomobilinə dəymiş ziyanın çox olduğunu, lakin bunun müvafiq ekspert tərəfindən 980 manat qiymətləndirildiyini, özünün təqsirləndirilən şəxslə barışmadığını, özünün ondan eyni il buraxılışlı, eyni markalı başqa bir avtomobil tələb etdiyini, təqsirləndirilən şəxsin bu tələbini yerinə yetirdiyi halda onunla barışacağını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərilənləri təsdiq etmişdir. Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, xx.xx.2025-ci il tarixli, Az1117/********** №-li teleqram ilə məhkəməyə müraciət edərək səhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şahid2 məhkəmə iclaslarına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək və onun ifadəsinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmadığını nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadəsinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onun ibtidai istintaq zamanı verdiyi ifadəsinə istinad olunmasını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, uzun illərdir avtomobil təmiri ilə məşğul olur. Əvvəllər Bakı şəhərində yerləşən avtomobil təmir sexində çalışmışdır. Təxminən 3 il əvvəl Bakı şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş, o da avtomobil təmir ustası olduğundan birlikdə həmin sexdə fəaliyyət göstərmişlər. 2024-cü ilin dekabr ayında şahid Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına gələrək Naxçıvan şəhərində kirayə yaşamış, “Əyləncə” adlı avtoservisdə sex icarəyə götürüb fəaliyyətə başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs zəng edərək birgə çalışmağı təklif etmiş, o da razılaşmışdır. 2025-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs Naxçıvana gəlmiş, şahid onu hava limanında qarşılayaraq kirayə yaşadığı evə aparmışdır. Bundan sonra hər ikisi birlikdə “Əyləncə” avtoservisində çalışmışlar. Bir müddət sonra isə Naxçıvan şəhərindən Şərur rayonuna köçmüş, burada Zeyvə kəndində yerləşən “Zeyvə” avtoservisində sex icarəyə götürmüş və yenidən birlikdə işləməyə başlamışlar. Həmin dövrdə onlar şahidin əmisi X2 məxsus Sədərək rayonu, Dəmirçi kəndində yerləşən evdə yaşamış, gündəlik işə gedib-gəlmişlər. Birlikdə müxtəlif şəxslərə məxsus avtomobilləri təmir edib sahiblərinə qaytarmışlar. Təxminən 1 həftə əvvəl, əvvəldən tanıdığı Şərur rayon sakini Şahid1 ona zəng edərək avtomobilinin nasaz olduğunu və yolda qaldığını bildirmişdir. O, razılaşaraq hadisə yerinə getmiş, **-BJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobili işə salaraq servisin qarşısına gətirmişdir. Avtomobildə bir neçə detalda nasazlıq olduğundan işə başlanmış, bir neçə gün ərzində bir sıra detallar dəyişdirilmişdir. Daha sonra o, atasının qəbrini düzəltdirmək məqsədilə Bakı şəhərinə getməli olmuşdur. Bu səbəbdən 13 may 2025-ci il tarixdə, saat 18 radələrində Bakı şəhərinə yola düşmüş, getməzdən əvvəl isə Təqsirləndirilən şəxs həmin avtomobilin “turbo” adlı detalını sökərək karqo vasitəsilə Bakıya göndərməsini xahiş etmişdir. Orada detalı karqodan qəbul edib ustalara təmir etdirəcəkmiş. 14 may 2025-ci il tarixdə səhər saatlarında polis əməkdaşları ona zəng edərək, Təqsirləndirilən şəxs servisdə olan avtomobili icazəsiz idarə etməsi və yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat vermişlər. Bundan sonra o, Bakı şəhərində işlərini yekunlaşdırdıqdan sonra 16 may 2025ci il tarixdə, saat 22 radələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonuna qayıtmışdır. 17 may 2025-ci il tarixdə isə Şərur Rayon Polis İdarəsinə dəvət olunaraq ondan izahat alınmışdır (i.v İ cild 110-114). Məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin, o cümlədən məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş şahidin ifadələrindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə ifadələrin bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən, təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Məhkəməyədək sadələşdirilmiş icraat açılmasına dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi üzrə Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır (i.v İ cild 2). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi üzrə toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə, o, zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 54). “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisənin baş vermə yeri Şərur rayon Zeyvə kəndində yerləşən “Zeyvə” adlı avtoservisinin ərazisidir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v İ cild 8-112). “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli digər bir protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobillə qəza törətdiyi yer Kəngərli rayon Böyükdüz kəndi ərazisində asvalt yoldur. Hadisə yerinin yol şəraiti düz, sulu və asfalt örtüklü olmaqla yolun hərəkət hissəsinin ümumi eni 15,6 metrdir. Hadisənin baş verdiyi yol qırıq-qırıq xətlərlə iki hissəyə bölünmüş və gediş-gəliş üçün nəzərdə tutulmuşdur. Hadisənin baş verdiyi zolağın eni 7,5 metrdir. Yolun həmin hissəsi videomüşahidə kameralarının görünüş dairəsinə düşmür. Hadisə yerində avtomobillərin tormoz izi müşahidə edilmir. Yolun sağ tərəfində 2,2 metr enində sol tərəfində isə 2,4 metr enində torpaq örtüklü yolun ehtiyyat hissəsi müşahidə olunur. Yolun sol tərəfində alçaqlıq tərəfdə “Volksvagen passat” markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkətsiz dayandığını görürük. Yolun asfalt hissəsində “Volksvagen passat” markalı avtomobilə qədər məsafə 55,4 metrdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v İ cild 13-21). “X1” MMC tərəfindən tərtib edilmiş daşınar əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, aparılmış qiymətləndirmə prosesi zamanı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Volksvagen passat” markalı avtomobilə dəymiş maddi ziyanın dəyəri 980 manat məbləğində müəyyən edilmişdir (i.v İ cild 89-97). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 240 №-li Məhkəmə- Tibbi Ekspertizasının rəyindən görünür ki, aparılmış tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir (i.v İ cild 88). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır (i.v İ cild 115-122). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qeydiyyat İdarəsinin rəisi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-17/2- 54104/2025 №-li məktubdan və ona əlavə edilmiş müvafiq məhkəmə hökmə və qərarlarının surətlərindən görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda olan məlumata əsasən xx.xx.1994cü il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 69.3-cü maddələri ilə 2 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1, 66.5-ci maddələri ilə 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılaraq 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın əvvəli xx.xx.2021-ci il tarixdən, cəzanın sonu xx.xx.2023-cü il olmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 17 saylı cəzaçəkmə müəssisəsindən cəzasının çəkilməmiş qalan 3 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən, zərərçəkmiş şəxsin nümayəndəsi vəkil Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumatdan, Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barış və ona dəymiş ziyanı tamamilə ödəmişdir (2000 manat pul ödəmişdir). Hal-hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların verilən ittihamın hüdudlarında araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, təqsirləndirilən şəxsə istinad edilən cinayət hadissinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 185.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxslərə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirlərini etiraf etmələri iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanılmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici sayılmayan əsaslarla xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, işdə olan zərərçəkmiş şəxsin və onun nümayəndəsinin ərizələrindən belə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hal-hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbi yoxdur. Beləliklə də, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən məhkəmə belə hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə yanaşı, barəsində başlanmış hazırki sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici sayılmayan əsaslarla xitam verilməli və onun cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə “Volksvagen passat” markalı **-BJ-*** dövlət qeydiyyat nışanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1, 40.3, 43.1, 321, 346-347, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin.

2. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsi tətbiq edilməklə, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici sayılmayan əsaslarla xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin.

3. İş üzrə “Volksvagen passat” markalı **-BJ-*** dövlət qeydiyyat nışanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın.

4. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

5. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar