Məhkəmə qərarları › İş №1(111)-1/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-1/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-1/2021 31.05.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X4 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X7, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və təqsirləndirlən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1969-cu ildə Şərur rayon Yurdçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, çobanlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəngərli rayon Yurdçu kəndində pasport qeydiyyatında olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs оğlu 24 oktyabr 2020-ci il tarixdə səhər saat 11 radələrində, Yurdçu kəndi ilə Qarabağlar kəndi arasında yerləşən “xəndək” adlanan dağlıq ərazidə, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs X8 ilə, Qarabağlar kənd sakini X12 arasında mübahisə yaranmış, bu zaman Təqsirləndirilən şəxs hadisə yerində olmuş, onların arasında olan mübahisəni sakitləşdirməyə çalışmış, lakin X18 Ağayevə 8 (səkkiz) kəsilmiş-deşilmiş bıçaq zərbələri endirməklə onu qəsdən öldürmüş, bütün bunlara şahid olmuş Təqsirləndirilən şəxs baş vermiş hadisə barədə xəbər verməli olduğu halda, Təyyar Hüseynov tərəfindən törədilən xüsusilə ağır cinayət barədə heç bir hüquq-mühafizə orqanına və ya hər hansı bir şəxsə məlumat verməmiş və bununla da Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsində nəzərdə tutulmuş xüsusilə ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsini dolandırmaq üçün müəyyən məvacib qarşılığında çobançılıq edir, Namiq Ağayevi bir çoban yoldaşı kimi tanıyır, onunla hər zaman münasibətləri yaxşı olmuş və aralarında heç bir mübahisələri olmamışdır. Namiqlə heyvan otararkən çox vaxt çöldə bir yerdə olduqlarını və Təyyar Hüseynovu da bir çoban yoldaşı kimi tanıyir. 24 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Namiq ona zəng vuraraq “Pəndəmənin arxına su gəlsə, mənə xəbər et” demiş, cavabında isə ona “Su gəlmir” deyərək Namiqdən “mənə çilədağ lazımdı, harada tapa bilərəm?” soruşmuş, Namiq isə “Yumrutəpənin altında var, mən Ocaqdaşda olacam, sən də gələrsən ora” demişdir. Həmin gün səhər Təyyarla da zəngləşərək bir-birilərindən harada olduqlarını soruşmuşlar. Təyyarın Qabıllı tərəfdə olduğunu öyrəndikdən sonra Namiqə zəng vuraraq ona “Səhər mənə çoban lazımdı. Sən bekarsansa mənim əvəzimə davara get, mən qalım evdə dincəlim” demiş, Namiq isə “Mən səhər gedəcəm davara. İndi vişqa tərəfdəyəm, gəl bura danışaq” demişdir. Aralarındakı bütün söhbətlər təsərrüfatla bağlı olmuş və danışıq zamanı heç-bir problemləri olmamışdır. Bu danışıqdan sonra o, vişqaya tərəf getdiyi zaman orada uzaqdan Namiqi görmüş, ona yaxınlaşmış və zarafat etməyə başlamışlar. Bu zaman Təyyar da onların yanına gəlmiş və Namiqlə zarafatyana bir-birilərinə söyüş etməyə başlamışlar. Namiq ona “Ə gədə hardaydın, yenə niyə gəlibsən bura”, Təyyar Namiqə “Gədə özünsən, çilədağ tərəfdəydim, kövşən sənin dədənin deyil ki” deyə zarafatla bir-birilərinə nalayiq söyüşlər söydükləri anda Təyyar araya girərək Namiqə “Ə adam kişi olar, niyə söyüş söyürsən?” deyə Namiqin üzərinə getmiş, Namiq əlindəki çomağı yuxarı qaldıran zaman Təyyar çomağı Namiqin əlindən alıb yerə atmış və sonra Namiq Təyyara nalayiq ifadələrlə söyməyə başlayanda Təyyar Namiqi itələmişdir. Namiq əsəbləşərək Təyyarın üstünə cumanda isə Təyyar bıçağı çıxardıb Namiqin sinəsindən bıçaq zərbələri vurmuş, onları aralamaq istəyərkən Təyyar bir neçə zərbə də Namiqin kürəyindən vurmuşdur. Təyyar ona “Bunu açıb bükmə, yoxsa səni də öldürərəm” demiş, o isə qorxusundan öz davarlarını da götürüb Ocaqdaşa tərəf qaçmışdır. Ocaqdaşında olan çoban yoldaşları Həsrət və Ələddinlə görüşmüş, onlar ondan “Namiq qağan hardadı?” soruşduqda, “Namiq suyun başına gələcəkdi, gözlədim gəlmədi” deyərək onlara hadisə barəsində heç nə deməmişdir. Günortadan sonra Ocaqdaşından Yurdçu kəndinə tərəf gəlmiş və təxminən axşam saat 6 radələrində heyvanları kənd camaatına payladıqdan sonra evə getmiş, olan hadisə barədə evdə heç kəsə heç nə deməmişdir. Təxminən axşam saat 20:00-də həyat yoldaşı Arifə ilə birgə qaynı rəhmətlik Əhmədgilə getmiş, orada da hadisə barəsində heç kimə heç nə deməmişdir. Orada olduğu vaxt çoban yoldaşı Ələddindən zəng gəlmiş, ondan “Nə Namiq var, nə də davarı. Namiqi görməyibsən?” soruşduqda, ona “mən Namiqi vişkada davar otararkən, uzaqdan görmüşəm” demiş, sonra səs-küy eşitdiyindən eşiyə çıxdıqda kürəkəni Harunun çağırdığını görmüş, Harun ona ata “səni iki nəfər polis çağırır” demiş, adını bilmədiyi polislər ondan Namiqi görübgörmədiyini soruşduqda, onlara “görmüşəm, Namiq vişkada davar otarır” demişdir. Polislər ondan həmin yerə birgə gedib həmin yeri bizə göstərməyi dediyindən onlarla birgə vişka olan yerə getmiş və Namiqi gördüyü yeri onlara göstərmişdir. Polislərlə birgə Namiqi axtarmağa başlamış və Namiqi tapa bilməmişlər. Yuxarıda göstərdiyi hadisə barədə polislərə heç nə deməmiş və sonda polislər onu evinə gətirmişlər. 25 oktyabr 2020-ci il tarixdə saat 3-4 radələrində Kəngərli Rayon Polis şöbəsinə dəvət edilmiş, orada Namiq Ağayevin öldürüldüyü barədə məlumatının olub-olmadığı ondan soruşulmuş, onlara Namiqi görmədiyini, hadisədən də xəbəri olmadığını söyləmiş, həmin ərazilərdə kimlərin heyvan otardığını soruşduqda, onlara Qabıllıdan Təyyar adlı çobanın da heyvanlarını həmin əraziyə gətirdiyini demişdir. Həmçinin ifadəsində 24 oktyabr 2020-ci ildə mərhum Namiqi örüşdə axtararkən Namiqin atası Heydərlə görüşmüş, Heydərin ondan Namiqi görüb-görmədiyini soruşduqda cavab olaraq Namiqin “Məmmədalı gölü” tərəfdə ola biləcəyini demişdir. Həmin vaxtı hadisənin şokundan ayılmadığından və nə etdiyini, nə danışdığını bilmədiyindən Təyyarın Namiqi bıçaqla vurub öldürdüyü barədə Şahid4 heç nə deməmiş və qorxduğuna görə polislərə də baş vermiş hadisə barədə heç bir məlumat verməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, qorxduğu üçün gördükləri barədə hüquq-mühafizə orqanına məlumat vermədiyini bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, çobançılıq edir, müəyyən məvacib qarşılığında Qarabağlar kənd sakinlərinə məxsus heyvanları otararaq ailəsini dolandırır və heyvan otardığı yer əsasən Qarabağlar kəndi ərazisində olan “Daş məhəllə” adlanan örüşdür. 24 oktyabr 2020-ci il tarixdə təxminən səhər saat 08 radələrində otardığı heyvanları öz həyətindəki çəpərli yerdən çıxarıb Qarabağlar kəndi ərazisində yerləşən “Mahmudun qoruğu”, “Qızlar bulağı” və “Yol keçən” adlanan yerlərdə otarmış, heyvanları otararkən saat təxminən 10 radələrində Qarabağlar kəndinin naxırçı çobanı Şahid2 onun mobil nömrəsinə zəng edərək “Ocaq daşına gələcəksənmi?” deyə soruşmuş, o isə “gələcəyəm” deyə cavab vermişdir. Qeyd etmişdir ki, Ocaq daşı adlanan yer Qarabağlar kəndi ərazisində olduğundan çobanlar ora həmişə heyvanlarını suvarıb, istirahət etmək üçün istifadə edirlər. Həmin gün eyni vaxtda Həsrət ilə oraya çatmış, Həsrətin oğlu Əzim də onun yanında olmuşdur. Həmin vaxt orada onlardan başqa heç kim olmamış, orada oturub çay içdikləri zaman Həsrətin ona “Vışka“ deyilən yerdə bir sürü gördüyünü, sürüdə keçinin daha çox olduğunu bildirmiş və bu zaman həmin tərəfə baxdıqda onlardan yuxarı ərazidə, “Vışka” deyilən yerdə dizlərindən yuxarı şəkildə iki adamın yanlarında da uzaq məsafədə ağ eşşəyə, ya da ata bənzəyən heyvan görmüşlər. Məsafə çox uzaq olduğundan o iki adamın üzlərini görüb tanımaq mümkün olmamış və sonra onlar Qabıllı kəndi istiqamətində gözdən itmişlər. Bir az keçəndən sonra saat 1-ə 10 dəqiqə qalmış Yurdçu kəndindən olan çoban Təqsirləndirilən şəxs də “səni deyirlər” mahnısını oxuya-oxuya onların yanına heyvan suvarıb, çay-çörək yemək üçün gəlmiş, həmin vaxt Həsrət Sevindikdən “Vışkada sürü var idi, yanında da ağ eşşək, ya da at görünürdü, kim olar bilər ki?” deyə soruşduqda Sevindik “orada Qarabağlar kəndindən olan çoban Namiq Ağayev ilə Qabıllı kəndindən olan çoban Təyyar Hüseynov idilər” deyə bildirmişdir. Həmçinin söhbətdə Sevindik Namiqlə telefonda danışıb Ocaq daşına gəlmək barədə razılaşdığını, lakin onun gəlib çıxmadığını, nə üçün gəlməməsini bilmədiyini, ola bilər ki, Yurdçu suyuna gedib deyə düşündüyünü bildirmişdir. Orada istirahət etdikdən sonra saat 14-də heyvanlarını otlaqlara aparanda Sevindiyə “heyvanlarını qabaqda apar ki, mən də heyvanları “Vışka” səmtinə aparım” deyəndə Sevindik“ təzə gəlmişəm, hələ bir az dincəlirəm” deyərək orada qalmış, özü isə Həsrət və oğlu Əzimlə birlikdə “Mahmudun qoruğu”na səmt heyvanlarını aparmış və beləcə bir-birilərindən ayrılmışlar. Həmin gün saat 17 radələrində evə tərəf hərəkət etməyə başlamış, “Qurdlu bulaq” deyilən yeri keçib səhər gəldiyi yol ilə gəlib evə çatmışdır. Evdə olarkən həmkəndlisi Mehdi Mehdiyevin zəng vurub çoban Namiq Ağayevin və sürüsünün yox olduğu, telefonuna cavab vermədiyi, tapa bilmədikləri barədə bildirmiş və ondan “onu görmüsənmi” deyə soruşmuş və cavabında Namiqi görmədiyini bildirmişdir. Bundan təxminən 2-3 dəqiqə sonra həmkəndlisi Namiq Ağayevin qonşusu Famil də onun mobil nömrəsinə zəng edib Namiq və sürüsünün ortada olmadığı barədə demiş və ona da “Namiqi və onun sürüsünü bu gün görməmişəm, maraqlanaram” demişdir. Həmin vaxt Qabıllı kəndindən olan çobanlar Xaqani və Dərdayıl da zəng edib “çoban Namiq və sürüsü yoxdur, tapılmır” deyə ona bildirmişlər. Həmin gün Sevindiyə də zəng edib Namiqi soruşmuş, o da bu gün günorta saat 4-də, 5-də Namiqin mobil nömrəsinə nə qədər zəng etdiyini, zəng çatmadığını bildirmişdir. Ertəsi gün 25 oktyabr 2020-ci ildə səhər tezdən heyvanları otarmaq üçün həyətdən çıxarıb çöl istiqamətində gedərkən Namiq Ağayevin qaynı Əli Bayramovdan mobil nömrəsinə zəng gəlmiş və “Namiq Ağayevi doğrayıb öldürüblər” xəbərini vermişdir. Namiqin öldürülməsindən xəbərləri olmamış, Namiqin Təyyar tərəfindən öldürülməsi barədə Sevindik onlara heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün müəyyən məvacib qarşılığında Qarabağlar kənd sakinlərinə məxsus iri buynuzlu mal-qaranı otarır, naxırçılıq etdiyi ərazilər əsasən Qarabağlar kəndi ərazisində olan “Qoruq”, “Dərəsaz”, “Şamogövən” və mal-qaranı suvarıb istirahət etməsi üçün “Ocaq daşı” adlanan yerlərdir. 24 oktyabr 2020-ci il tarixdə səhər saat 08 radələrində oğlu Əzimlə bilrikdə kənd qəbiristanlığının yanında toplanan mal-qaranı otarmaq üçün “Dərəsaz”dan keçib “Şamogövən”ə aparmış, orada mal-qaranı suvardıqdan sonra saat təxminən 9 radələrində “Ocaq daşı”na tərəf gedərək saat 11-də oraya çatmışlar. Oraya gedərkən yolda heç kimlə rastlaşmamış, “Ocaq daşı”na çatmamış isə “Vışka” deyilən yerdə eşşək səsi eşidib baxanda iki adam, bir eşşək və bir sürünü görmüş, adamları məsafə uzaq olduğu üçün tanıya bilməmişdir. “Ocaq daşı”na çatanda orada çoban Şahid1 görmüş, oturub Ələddinlə çörək yeyib, çay içdikləri zaman Ələddinə “Vışka tərəfdə bir sürü gördüm, keçiləri daha artıq idi. Yanlarında da görərək tanıya bilmədiyim iki adam və bir eşşək var idi” bildirmiş və həmin tərəfə baxdıqda Vışka deyilən təpənin lap aşağı tərəfində yenə iki adam, bir sürü və bir eşşək görmüşlər. Həmin adamlar uzaqda olduqlarından onları tam olaraq seçib tanımamışlar. Saat təxminən 13 radələrində Yurdçu kəndindən olan çoban Sevindik də “Xozan” deyilən tərəfdən “Ocaq daşına” onların yanına gəlmiş, ondan “Vışka tərəfdə bir az əvvəl sürü, bir eşşək və iki adam gördük, onlar kim idi?” soruşduqda, Sevindik “həmin adamların biri çoban Namiq Ağayev, o biri də Qabıllılı Təyyar idi. Sürü Qabıllılınındır” demişdir. Sonra saat 13:30-da Əzimlə mal-qaranı yerindən tərpədib “şamogövən” deyilən yer tərəfə gedərək mal-qaranı otarıb axşam saat 7-də evilərinə getmişlər. Ertəsi gün, 25 oktyabr 2020-ci ildə səhər saat 09 radələrində oğlu Əzimlə birlikdə naxır otararkən Qarabağlar kəndindən Əbülfət mobil telefonla zəng edib Namiq Ağayevin ölməsini ona xəbər vermişdir. Son olaraq Namiqin öldürülməsindən xəbərsiz olduğunu və Namiqin Təyyar tərəfindən öldürülməsi barədə Təqsirləndirilən şəxs onlara heç nə demədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Sadiq oğlu ifadəsində göstərmişdir ki, 2011-ci ildən Naxçıvan MR Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, hazırda Kəngərli rayon Polis Şöbəsində PPXT-nın komandiri və İTB-nin rəis əvəzi vəzifəsində işləyir. 24 oktyabr 2020-ci il tarixdə saat 20:00 radələrində Qıvraq qəsəbəsində xidmətdə olduğu zaman Kəngərli rayon Polis Şöbəsinin rəisi Nəsib İsmayılov ona zəng vuraraq Qarabağlar kəndində Namiq adlı çobanın itkin düşdüyü, Qarabağlara getmələri, məsələylə maraqlanmaqları tapşırığı vermiş, polis baş serjantı X11 ilə birlikdə dərhal polis şöbəsinə aid 85NP061 nömrəli xüsusi nəqliyyat vasitəsilə Qıvraq qəsəbəsindən Qarabağlar kəndinə getmiş, yolda gedərkən Qarabağlar kəndində xidmətdə olan polis baş serjantı X9 zəng vurub çoban Namiq barəsində məlumat almağa çalışdıqda Namiqin adətən Yurdçu, Qarabağlar və Qabıllı kəndi arasında yerləşən otlaq ərazilərdə heyvan otardığını, çöldə arxacının olduğunu öyrənmişdir. Namiqi tapmaq üçün maşını Yurdçu kəndi ilə Qarabağlar kəndi arasında yerləşən poliqon adlanan əraziyə sürmüş, yolda gedərkən Namiqin atası Heydərə zəng vuraraq Namiqin kimlərlə heyvan otarmasını soruşmuş, o, isə cavabında Namiqi sonuncu dəfə Yurdçu kənd sakini Sevindiklə gördüyünü demişdir. Poliqona çatdıqda orada olan hərbiçilərdən və Namiqi axtaran yaxınlarından Namiqin Yurdçu kəndindən olan Sevindiklə yaxın münasibəti olduğunu, adətən onunla eyni ərazidə heyvan otardığını öyrəndikdən sonra Namiqin oğlundan Sevindiyin mobil nömrəsini alıb ona bir neçə dəfə zəng vurmuş, ancaq ona zəng çatmadığından rəisə zəng vurub Namiqi sonuncu dəfə Sevindiyin gördüyünü bildirmişdir. Rəisin tapşırığına əsasən Vüsalla birlikdə dərhal Sevindiyi tapmaq üçün Yurdçu kəndinə getmiş, kürəkəni Harundan onun bacanağıgildə olduğunu öyrəndikdən sonra Harunu da götürüb Sevindiyin bacanağıgilə getmişdir. Harun Sevindiyi çağırdıqda Sevindik arvadı ilə çıxmiş, onlara Qarabağlar kənd sakini çoban Namiqin yoxa çıxdığını və onu axırıncı dəfə Sevindik gördüyünə görə Sevindiyi Namiqi gördüyü yerə aparacaqlarını bildirmişdir. Sevindiyi maşınla onun göstərdiyi istiqamətdə Yurdçu kəndindən qərb istiqamətdə dağlıq əraziyə doğru aparmış, yolda gedərkən bir neçə dəfə Sevindikdən Namiqi harada və necə gördüyünü, həmin günü neçə dəfə gördüyünü, həmin ərazidə başqa kimləri gördüyünü soruşmuş, Sevindik isə hər dəfəsində Namiqi bir dəfə uzaqdan “xəndək” adlanan yerdə gördüyünü, telefon əlaqəsi saxlayaraq onunla saat 12-də “Məmmədalı gölündə” heyvanları suvarmaq üçün görüşəcəklərini, saat 16:00-a kimi gözlədiyini, lakin Namiqin ora gəlmədiyini bildirmişdir. Təxminən 2-3 km getdikdən sonra Sevindik maşını saxlamasını istəmiş, maşından yerə düşüb bir təpəni göstərib “Namiqi o təpənin başında görmüşəm” deyərək həmin təpəyə doğru “Namiq Namiq” deyə-deyə getmiş, onlar da onun arxasınca getməyə başlamışlar. Hətta Sevindiyə arxadan “bizi də gözlə”- deyə səslənmiş, lakin Sevindik Namiqi səsləyə-səsləyə iti addımlarla getdiyindən ona çatmaq mümkün olmamışdır. Hava qaranlıq olduğu üçün Sevindiyi gözdən itirmişlər. Bu zaman rəisin tapşırığına əsasən post patrul əməkdaşları əraziyə cəlb edilmiş, Namiqi tapmaq mümkün olmamış, geriyə qayıdarkən yolda qabaqlarına Sevindik çıxmış və sabah çölə gedəcəyini və yorğun olduğunu deyərək onu evə aparılmasını xahiş etmişdir. Onu maşına mindirib Yurdçu kəndinə geri qayıtmış, yolda ondan bir daha Namiqi görüb-görmədiyi barədə soruşmuş, cavabında isə yenə Namiqi bir dəfə təpənin başında gördüyünü demişdir. Təxminən saat 23:00 radələrində Sevindiyi evlərinə qoyub Namiqi axtarmaq üçün geriyə qayıtmış, saat 24:00 radələrində X10 meyiti tapılmışdır. 25 oktyabr 2020-ci il tarixdə saat 02:00 radələrində Namiqin öldürüldüyü məlum olmuş, məlumatının olub-olmaması ilə bağlı Sevindik şöbəyə dəvət olunmuş, sorğu-sual zamanı yenə də Namiqi həmin günü bir dəfə uzaqdan təpənin başında gördüyünü, bir daha görmədiyini, həmin ərazidə Qarabağlar kənd sakini Ələddinin və Qabıllı kənd sakini Təyyarın heyvan otardıqlarını və həmin günü onları da görmədiyini demişdir. 25 oktyabr 2020-ci il tarixdə X1 sakini Namiq Ağayevi qətlə yetirən zaman Yurdçu kənd sakini Təqsirləndirilən şəxs də orada olduğunu etiraf etmiş, Sevindik isə onlara hadisə baş verdiyi zaman orada olduğunu və hadisəni gördüyünü, lakin Təyyardan qorxduğundan heç kimə heç nə demədiyini etiraf etmişdir. Məhkəmədə dindirilmiş digər şahid, polis əməkdaşı Şahid7 da Şahid5 dediklərinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, öldürülən şəxs Ağayev Namiqin atasıdır, 24 oktyabr 2020-ci il tarixdə saat 09:00 radələrində yuxudan durub çay-çörək yedikdən sonra evdə oturub istirahət edərkən gəlini Şəbnəmin (əsl adının Şaban olduğu, lakin onu Şəbnəm deyə çağırdıqları) əri Namiqlə telefonda danışdığını görmüş, lakin nə danışdıqlarını bilməmişdir. Təxminən 1 saat sonra özünə məxsus mobil telefonundan Namiqə zəng vurmuş, Namiqə zəng çatmamışdır. Biraz keçdikdən sonra özü və gəlini Şəbnəm Namiqə bir neçə dəfə zəng vurmuş, ancaq yenə də ona zəng çatmamışdır. Təxminən saat 17:00-da gəlini Şəbnəm “ata məni Qıvrağa baldızım Təhminəgilə apar” demiş, o isə Şəbnəmə “gedək mən Namiqlə növbəni dəyişim, Namiq səni Qıvrağa aparar” deyərək nəvələrini və gəlinini götürüb maşınla Qarabağlardan Yurdçu kəndinə gəlmiş, maşını Namiqlə növbəni dəyişdiyi Yurdçu kəndində icarəyə götürdüyü yoncalığa sürmüş, maşından düşüb ətrafa baxmış, Namiqi görmədiyindən ona bir neçə dəfə zəng vurmuş, ancaq yenə də zəng çatmamışdır. Saat 18:00-a qədər Namiqdən bir xəbər olmadığından narahat olmağa başlamış, maşını Qarabağlara arxacları olduğu yerə sürmüş, arxaca gəlib Namiqi orada da görmədikdə qızı Təhminəyə zəng vurub “evə xəbər et, Namiq yoxdur onu axtarmağa gedirik” dedikdən yarım saat sonra oğlu Ramiq və arvadı Aminə də arxaca gəlmişdir. Bu zaman Yurdçu kənd sakini Təqsirləndirilən şəxs zəng vurub Namiqi görüb-görmədiyini soruşmaq istəmiş, ancaq Sevindiyə də zəng çatmamışdır. Sevindiyə zəng çatmadığından Yurdçu kənd sakini Azər Əliyevə zəng vurmuş, Azərə “Namiqdən bir xəbər yoxdur, Sevindiyədə zəng vururam zəng çatmır, əgər imkan varsa Sevindikgilə get Sevindikdən Namiqi görübgörmədiyini soruş” demişdir. Təxminən saat 19:00 radələrində Kəngərli rayon polis şöbəsinə Namiqin yoxa çıxması barədə məlumat vermiş və həmkəndliləri və uşaqları ilə birlikdə “Ocaq daşı” adlanan dağlıq əraziyə getmiş və səsləyə-səsləyə Namiqi axtarmağa başlamışlar. Azərə bir daha zəng vurub “Sevindikdən bir xəbər varmı?” deyə soruşduqda ona “Sevindiklə danışdığını, Sevindiyin ona Namiqlə yurgunluqda görüşdüyünü, Namiqin ona “Məmmədalı gölünə” gedək heyvanları suvaraq dediyini, Sevindiyin gölə getdiyini, ancaq Namiqin gölə gəlmədiyini” demişdir. Təxminən 2-3 saat Namiqi axtarıb tapa bilmədiklərindən və yorğunluqdan oturub dincələn zaman təpənin arxasından Sevindiyin gəldiyini görmüş, Sevindik onların yanlarına çatan kimi “Heydər əmi buradan Məmmədalı gölünə tərəf gedin, Namiq o tərəflərdə olar, mən yorulmuşam, sabah heyvanları çölə aparacam, icazənizlə mən evə gedib istirahət edim” demişdir. Sevindik getdikdən 10 dəqiqə sonra saat 23:00 radələrində Qarabağlar kənd sakini Ələddin ona zəng vurub heyvanları tapdığını bildirmiş, “heyvanları aparıb arxaca qatın, biz Namiqi axtarırıq” demişdir. Ələddinlə danışdıqdan 20-25 dəqiqə sonra it hürməsini eşitdiklərindən dərhal oğlu Ramiq və əmisi oğlu Mülkədarla it hürən tərəfə getmiş, bu zaman gəlini Şəbnəmin çığırtı səsini eşidib səs gələn tərəfə getdikdə oğlu Namiqin daşların arasında yerə uzadılmış vəziyyətdə cansız bədənini görmüşdür. Əvvəlcə oğlunun dağdan yıxılaraq öldüyünü zənn etmiş, lakin meyit götürülüb Kəngərli rayon xəstəxanasına aparılandan sonra onun çoxsaylı bıçaq zərbələriylə öldürüldüyünü bilmişdir. Sonda ifadəsində Sevindiklə oğlu Namiqin çox yaxın dost olduğunu, Təqsirləndirilən şəxs oğlu X14 tərəfindən öldürülməsi barədə ona heç bir söz demədiyini və bundan da çox qəzəbləndiyini bildirmiş, hadisədən sonra Təqsirləndirilən şəxs də hadisə baş verən zaman orada olduğunu, lakin bu barədə heç kimə məlumat vermədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, öldürülən şəxs Ağayev Namiq onun qardaşıdır, 24 oktyabr 2020-ci il tarixində Çalxanqala kəndində ev tikintisi ilə məşğul olduğu vaxt təxminən saat 17-18 radələrində, işdən qayıdarkən atası Şahid4 evinə getmiş, orada olarkən bacısı Təhminə zəng vurub “Atam deyir ki, Namiq və heyvanları yoxdur. Durub gəlsin çölə, birlikdə onları axtaraq” demiş, anası ilə Qarabağlar kəndində çöllükdə yerləşən arxaclarına getdikdə qardaşı mərhum Ağayev Namiqin həyat yoldaşı Şabanın, atası Şahid4 və mərhumun uşaqlarının da orada olduğunu görmüş, atasının orada Yurdçu kənd sakini Təqsirləndirilən şəxs zəng vurub Namiqi görüb-görmədiyini soruşmaq istəmiş, lakin Sevindiyə zəng çatmamışdır. Sevindiyə zəng çatmadığından Yurdçu kənd sakini Azər Əliyevə zəng vurub “Namiqdən bir xəbər yoxdur, Sevindiyə də zəng vururam zəng çatmır, əgər imkan varsa Sevindikgilə get, Sevindikdən Namiqi görüb-görmədiyini soruş” demiş, təxminən yarım saat sonra Azər atasına zəng vurub Sevindiyin evdə olmadığını bildirmişdir. Sonra mərhumun maşınına minərək Namiqi axtarmaq üçün çölə getmiş, təxminən 2-3 saat Namiqi axtarıb tapa bilməmişlər. Yorğunluqdan atası və kənd sakinləri ilə təpənin başında oturan zaman təpənin arxasından Sevindiyin gəldiyini görmüş, Sevindik onların yanlarına çatanda atası Heydər Namiqi görüb-görmədiyini ondan soruşmuş, Sevindik isə “Heydər əmi buradan Məmmədalı gölünə tərəf gedin, Namiq o tərəflərdə olar” demiş, sonra Sevindik “Mən yorulmuşam sabah heyvanları çölə aparacam, icazənizlə mən evə gedib istirahət edim” deyərək getmişdir. Saat 23:00 radələrində Qarabağlar kənd sakini Ələddin atasına zəng vurub heyvanları tapdığını demiş, atası isə ona “heyvanları aparıb arxaca qatın biz Namiqi axtarırıq” deyə cavab vermişdir. Təxminən 20-25 dəqiqə sonra it hürməsi eşitdiklərindən dərhal atası və əmisi oğlu Mülkədarla it hürən tərəfə getmiş, bu zaman gəlinləri Şabanin çığırtı səsini eşitmiş və səs tərəfə getdikdə Namiqin cansız halda daşların arasında yerə uzandığını görmüşdür. Əvvəlcə Namiqin ya eşşəkdən ya da dağdan yıxılaraq öldüyünü zənn etmiş, lakin meyit götürülüb Kəngərli rayon xəstəxanasına aparılandan sonra qardaşı Ağayev Namiqin çoxsaylı bıçaq zərbələri ilə öldürüldüyü onlara məlum olmuşdur. X17 Təyyar Hüseynov tərəfindən öldürülməsi barədə Təqsirləndirilən şəxs ona heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kürəkənidir, 2013-cü ildən Təqsirləndirilən şəxs qızı Səkinə Mustafayevlə ailəlidir, təxminən 6 ilə yaxındır ki, Yurdçu kəndində qayınatası Təqsirləndirilən şəxs məxsus evdə onlarla birlikdə yaşayır. 24 oktyabr 2020-ci il tarixdə səhər saat 09-dan saat 18:00-dək Kəngərli rayon KMK-da işdə olmuş, təxminən saat 18:20 radələrində evə gəldikdən 5-10 dəqiqə sonra qayınatası Təqsirləndirilən şəxs də evə gəlmişdir. Sevindik adətən heyvan otarmaqdan gələndə evdə oturduqları zaman çöldə nə baş verdiyi və heyvanlar barəsində söhbətlər edirdi, ancaq bu dəfə nə çöl barəsində, nədə heyvanlar barəsində heç bir söhbət etməmiş, ailəlikcə birlikdə axşam yeməklərini yedikdən sonra Sevindik qayınanası Arifəylə birlikdə arvadının dayısı Əhmədgilə getmiş, o isə arvadı Səkinə ilə evdə qalmışdır. Saat təxminən 23:00 radələrində Sevindiyin mobil telefonuna bir neçə dəfə zəng gəlmiş, lakin Sevindik mobil telefonunu evdə qoyub getdiyindən o, gələn zəngləri açmamışdır. Bu zaman həyətdən səs gəlmiş, həyətə çıxanda polis əməkdaşı Toğrul müəllimin qayınatası Sevindiyi səslədiyini görmüş, onlara Sevindiyin evdə olmadığını, qaynı Əhmədgilə getdiyini demişdir. Toğrul müəllim onları Əhmədgilin evlərinə aparmasını xahiş etdiyindən onlarla birlikdə polis maşını ilə Əhmədgilin evlərinə getmiş, orada Toğrul müəllim Sevindiyə “Qarabağlardan bir çobanın yoxa çıxdığını” demiş və sonuncu dəfə onu Sevindik gördüyündən ondan çobanı axırıncı dəfə gördüyü yerə aparmasını istəmişdir. Sevindik maşına oturub polislərlə getdikdən sonra qayınanası Arifə ilə birlikdə evə gəlmiş, yalnız ertəsi günü işə gedəndən sonra Qarabağlarlı çoban Namiq Ağayevin öldürüldüyü xəbərini eşitmişdir. Həmçinin ifadəsində bildirmişdir ki, həmin vaxt Namiqin öldürülməsindən xəbəri olmamış və Namiqin Təyyar tərəfindən öldürülməsi barədə Sevindik ona heç nə deməmişdir. İş materiallarında olan: -cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 08 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə cinayət işinin ayrılması və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilməsi, ayrılmış cinayət işinə ********* nömrəsinin verilməsi qərara alınmışdır. -təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs nаrkоlоji, əsəb-ruhi хəstəliyinə görə dispаnsеr qеydiyyаtındа оlub-оlmаmаsı bаrədə Y.Budaqov adına Nахçıvаn MR Psiхi Хəstəliklər Dispаnsеrinə mürаciət оlunmuş, аlınmış cаvаbdа оnun Y.Budaqov adına Nахçıvаn MR Psiхi Хəstəliklər Dispаnsеrin nаrkоlоji şöbəsində xroniki alkoqolizmə görə qеydiyyаtdа dayanmadığı müəyyən olunmuşdur. - Təqsirləndirilən şəxs xroniki alkoqolik, narkoman olub-olmamasını, onun məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək məqsədilə 15 fevral 2021-ci il tаrixli qərаrlа “Məhkəmə-narkoloji” ekspertizаsı təyin olunmuş və rəy alınmışdır. Məhkəmənarkoloji ekspertizаsının 25 fevral 2021-ci il tаrixli 08 sаylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyi aşkar olunmadı. - təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlunun cinаyət hаdisəsini törədərkən və оndаn sоnrа öz hərəkətlərini ölçüb-biçmək və yа оnu idаrə еtmək iqtidаrındа оlubоlmаmаsını, hаbеlə hаliyyədə də öz hərəkətlərini ölçüb-biçmək və yа оnu idаrə еtmək iqtidаrındа оlub-оlmаmаsını, həmçinin аnlаqlılığı istisnа еtməyən psiхi pоzuntunun оlubоlmаmаsını müəyyən еtmək məqsədilə 15 fevral 2021-ci il tаrixli qərаrlа “Məhkəməpsiхiаtrik” еkspеrtizаsı təyin оlunmuş və rəy аlınmışdır. Məhkəmə psiхiаtrik еkspеrtizаsının 25 fevral 2021-ci tаrixli 07 sаylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən və ya ondan sonra öz hərəkətlərini ölçüb-biçmək və ya onu idarə etmək iqtidarında, yəni anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs haliyyədə öz hərəkətlərini ölçüb-biçmək və ya onu idarə etmək iqtidarında, yəni anlaqlı vəziyyətdədir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu yoxdur. - təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs оğlunun fərdi psixi xüsusiyyətlərini, cinаyət hаdisəsini törədərkən hаnsı psixi-emosionаl hаldа olmаsını, öz hərəkətlərini tаm dərk etmək qаbiliyyətində olub-olmаmаsını, onun emosionаl hаlının yаrаnmа səbəblərini, həmçinin cinаyət hаdisəsini törədərkən fizoloji аffekt hаlındа olub olmаmаsını müəyyən etmək məqsədilə 05 mart 2021-ci il tаriхli qərаrlа “Məhkəmə-psiхоlоji” еkspеrtizаsı təyin оlunmuş, ekspеrtizаnın 09 mart 2021-ci il tarixli 58 sаylı rəyində göstərilmişdir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs əqli və psixi inkişafına görə öz hərəkətlərini adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. S.Musaeyvin fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmaqla informasiya və məlumatları təhrif etməyə meyillidir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsiyyətlərində təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri üzə çıxır. - Kəngərli rayon İcra hakimiyyətinin Yurdçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə özünü nizam-intizamlı aparmış, kənd camaatı arasında əməksevər kimi tanınmış, kəndin ictimai işlərində iştirak etmiş, spirtli içkilərə meyilli olmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 24 oktyabr 2020-ci il tarixdə Təyyar Hüseynovun Namiq Ağayevə bıçaq zərbələri endirməklə xəsarət yetirməsini görmüş, Namiq Ağayevin almış olduğu xəsarətlərdən öldüyünü bilmiş və bütün bunlara şahid olmuş Təqsirləndirilən şəxs Təyyar Hüseynov tərəfindən törədilən xüsusilə ağır cinayət barədə hüquq mühafizə orqanlarına xəbər verməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirli bilinməli və onlar həmin maddə ilə cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Təqsirləndirilən şəxs isnad olunan Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsinin sanksiyasında cərimə, islah işləri və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində cərimə növündə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Naxçıvan MR Ədliyyə Nazirliyi Kəngərli Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar