Məhkəmə qərarları › İş №1(111)-1/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-1/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-1/2022 02.06.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakı ilə, 01 yanvar 1982-ci ildə Türkiyə Respublikasının İğdır şəhərinin Karakoyunlu kəndində doğulmuş, orta təhsilli, evli, 1 uşaq atası, sürücü işləyən, İğdır şəhəri, Karakoyunlu kəndində qeydiyyatında olan, əvvəllər məhkum olunmamış, 17 sentyabr 2021-ci il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti iki ay müddətinə uzadılmış, Naxçıvan Şəhər Məhkəməsinin 08 fevral 2022ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti yenidən iki ay müddətinə uzadılmış, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM) 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqla müəyyən edilməyən şəxslər tərəfindən Türkiyə Respublikasına aparmaq üçün daşınması həvalə edilmiş 68 kiloqram 390 qram narkotik vasitə olan tiryəki satış məqsədi olmadan Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Türkiyə Respublikasına daşımaq üçün idarə etdiyi “MERCEDES-BENZ ”markalı ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobilində 26 ədəd böyük kisələrdə “pomza (süngər) daşı” yükü adı ilə qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 14 sentyabr 2021-ci il tarixdə, saat 18:54 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmək istəyərkən həmin narkotik vasitə Şahtaxtı Gömrük İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə kinoloji itin vasitəsilə gömrük baxışı keçirilən zaman aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 206.2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışında dindirililən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirib, ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 01 yanvar 1982-ci ildə Türkiyə Respublikasının İgdır şəhərinin Karaqoyunlu kəndində anadan olub, Türkiyə Respublikasının vətəndaşıdır, ailəlidir və bir uşaq atasıdır, Türkiyə Respublikası, İgdır vilayətinin Karakoyunlu kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır və 8 ildir ki, sürücülüklə məşğuldur. İdarə etdiyi “Mercedes” markalı 76DH649 dövlət nömrə nişanlı, qoşqu nömrəsi 76DH114 dövlət nömrə nişanlı olan avtomaşın əmisi oğlunun “Akkahramanlı nəqliyyat şirkəti”nə aiddir. 29 avqust 2021-ci il tarixində Kayseridən aldığı ümumi çəkisi 10 ton olan mətbəx “fırınlarını” İran İslam Respublikasının Türkmənistanla həmsərhəd bölgəsində yerləşən Lütfiabat gömrüyünə aparmışdır. Türkmənistan Respublikası pandemiya ilə əlaqədar qapalı olduğundan Lütfiabadda qoşqunu ayırıb Türkmən sürücüsünə vermiş, bu səbəbdən də 4 gün gözləməli olmuşdur. Qaldığı yerdə əvvələr tanıdığı digər tır sürücüsü Emen Şenerlə görüşmüş, onunla birlikdə yemək yemiş və o da maşının qoşqusunu gözlədiyindən 4 gün bir yerdə qalmışlar. Birlikdə olduqları zaman Emen Şener mal təşkil edən bir neçə şəxslə telefon əlaqəsi yaratmış və geri qayıdarkən hər ikisi üçün yük axtarmışdır. Sonda Şener özünün tanımadığı İraj adlı bir şəxslə telefon əlaqəsi yaradıb hər ikisinə geri qayıdarkən aparmaq üçün yük tapmış, daş yükü aparmaq üçün İrajla 2000 dollara razılaşaraq onu yükləyib birlikdə aparacaqlarını ona söyləmişdir. Həmçinin İraj onlara İranın Poldəşt gömrüyündən çıxmalarını və 2000 dollar pulu da çıxışda Vahid adlı iranlının onlara verəcəyini söyləmişdir. Maşınlarının qoşqusu gəldikdən sonra Şenerlə birlikdə Lütfiabad gömrüyündən çıxıb iki günə Tehran şəhərinə gəlmiş, orada X12 telefon əlaqəsi saxlamış, o da gedəcəkləri yeri telefonla onlara atmış və onlar da həmin ünvana, yəni Tehran şəhərinin yaxınlığında Kərəc adlanan bir yerə getmişlər. Oraya gecə vaxtı çatdıqlarından hərəsi öz maşınında yatmış, səhəri gün onlara yük verəcəklərini desələr də, axşam saat 1800-dək heç kimdən xəbər gəlməmiş, biraz keçdikdən sonra yük verəcək şəxslər yükü onlara verəcəklərini deyərək telefonla onlara ünvan atmış, onlar da 10-15 kilometrlikdə olan torpaqlı, hasarlı bir yerə getmiş və orada tırlara yüklənən çuvalları görmüşlər. Orada bir nəfər tanımadığı iranlı Emen Şenerə yaxınlaşaraq tırını yükləyəcəyini demiş, Emen Şener də ona “bəs ikimiz üçün də, yük vari idi deyirdiniz” demiş və getmək istəmişdir. Lakin İraj onun telefonuna zəng edərək onların ikisi üçün də yük olduğunu, hətta 100 dollar da əlavə pul verəcəyini söylədikdən sonra onlar həmin yerə qayıtmışlar. Yüklərin bir qismi dolu hazır halda olduğunu, bir qisminin isə bir az aralıda çuvallara doldurduqlarını görmüşdür. Yüklər yüklənən zaman tırın yanında olmuş və yük işçilər tərəfindən yükləndikdən sonra Emen Şenerlə birlikdə yola çıxmışlar. Yola çıxdıqları zaman Emen Şenerin maşınının təkəri boşaldığından maşınları saxlayıb təkəri təmir etmişlər. Sonra yeməkxanada yemək yeyib 2-3 saat yol getdikdən sonra tır parkına çataraq orada gecələyib tezdən Təbriz şəhərinə doğru yola çıxmışlar. Təbriz şəhərində Emen Şener telefonla iranlı İrajla danışmış, tərəziyə girdikdən sonra İraj onlara getmək üçün icazə alacağını deyərək onları Poldəşt gömrüyünə göndərmişdir. Malları kantarda ölçərkən 100 dollar verib dedilər ki, 2000 dollar da gömrükdə veriləcək. Poldəşt gömrüyünə gəldikdən sonra orada sənəd işinə baxan Vahid adlı iranlı onlara yükə aid olan faktura, invoys, CMR və hər birinə 2000 dollar da pul vermiş, Poldəşt gömrüyündə sənədlər düz olmadığından bir gün gömrüyün içərəsində maşınlarında qalmışlar. Emen Şener sənəddə yükün boşaldığı yerin İstanbul deyil, Doğu Bəyazıt olduğunu görüb “niyə belə yazıldığını” soruşduqda Vahid “gömrük işlərimiz Dogu Bəyazitdə olacaqdır, sonra isə İstanbula gedəcəksiniz” demiş, növbəti gün, yəni 14.09.2021-ci il tarixdə Emen Şenerin maşının arxasınca İran İslam Respublikasının Poldəşt gömrüyündən keçib Naxçıvan Muxtar Respublikasının Şahtaxtı gömrüyünə daxil olmuşdur. Şaxtaxtı Gömrüyündə onun idarə etdiyi “Mercedes” markalı 76DH649 dövlət nömrə nişanlı, qoşqu nömrəsi 76DH114 dövlət nömrə nişanlı tıra itlə baxış keçirilmiş, gömrük əməkdaşları tırı anbara çəkərək tırın yanlarını açmış və çuvalları bir-bir yerə endirib içindəki daşların arasından həmin daşlara oxşar kütlələr çıxarmışlar. Sonra idarə etdiyi nəqliyyat vasitəsindəki çuvallardan çıxan həmin daşa oxşar kütlələri toplayıb elektron tərəzidə çəkərək 68 kq olduğunu görmüş, lakin kütlələrin nə olduğunu bilməmiş və gömrük əməkdaşları tərəfindən aşkarlanmış kütlələr götürülmüşdür. Eyni zamanda qeyd etmişdir ki, ondan irəlidə gedən Emen Şenerin tırını da gömrük əməkdaşları yoxlamış və həmin kütlələrdən onun idarə etdiyi nəqliyyat vasitəsindəki olan yükdə də aşkar edib götürmüşlər. Məhkəmə baxışında sual-cavab edilərkən Təqsirləndirilən şəxs dostu Emen Şenerin yüklərin İstanbula gedəcəyini dediyini, indiyə kimi bu qayda ilə getdiklərini və heç bir sıxıntının olmadığını, sürücü kimi vəzifələrini bilmədiyini, güvənliyi üçün yüklərdə yoxlama aparmalı olduğunu, lakin daşdır deyə heç nədən şübhələnmədiyini, çünki ilk dəfədir ki, başına belə bir işin gəldiyini və belə yük apardırığını, yükləndikdən sonra yüklərin blomplanmadığını, yüklərin kimə məxsus olduğunu və kimə çatmalı olduğunu bilmədiyini, vəzifəsinin maşını idarə etmək, yükləri maşına yükləmək və həmin yükləri mühafizə etmək olduğunu, beynəlxalq yük daşımaları haqqında qaydalardan xəbərinin olmadığını, yükün maşına yığılan vaxtı özünün orada olduğunu, lakin çuvalların yanında olmadığını, arada 30-40 metrlik bir məsafə olduğunu, yüklərin maşına yüklənməsini gördüyünü və çuvalların içindəkilərin daş olduğunu bildiyini, “pomza daşı” deyilən bir daş olduğunu, yükü maşına tam şəkildə qəbul etdiyini, lakin heç nədən şübhələnmədiyini, qəbul etdiyi yükə narkotuk maddələrin kim tərəfindən qablaşdırılmasından xəbəri olmadığını, beynəlxalq dövriyyə sənədində olan “SEBELEN CO GÜMRÜKLEME DOĞUBAYAZİT TURKEY MUSA ETİNGU KEMAL KOSEN” dair heç nə bilmədiyini, sənəddə yükün qiymətinə baxmadığını, ancaq diqqətlə baxmalı və məsuliyyətli olmalı olduğunu bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, 2 may 2006-cı il tarixdən Dövlət Gömrük Komitəsində xidmətə başlamış, təxminən 3 ilə yaxındır ki, Əməliyyat və Təhqiqat şöbəsinin Şahtaxtı Gömrük İdarəsi istiqamətində fəaliyyət göstərir. 14 sentyabr 2021-ci il tarixdə səhər saat 09:00-dan etibarən gündəlik iş qrafikinə uyğun olaraq X11nda xidmətdə olarkən axşam saat 19:00 radələrində İran İslam Respublikası istiqamətindən 2 yük nəqliyyat vasitəsinin ölkə ərazisinə daxil olmuş və eyni şöbənin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitələrinə yaxınlaşıb yük sənədlərinə baxış keçirdiklərini görmüş, o da həmin vaxt ölkə ərazisinə gətirilmiş yüklərə və nəqliyyat vasitələrinə baxış keçirmişdir. Nəqliyyat vasitələrinin sürücülərinin şifahi sorğu-sual etmişlər. Sənədlərə baxış keçirərək, yükün pomza daşlarından ibarət olduğu və İrandan yüklənərək Türkiyəyə gedəcəyi məlum olmuşdur. Nəqliyyat vasitəsində olan yüklərdən şübhələndiklərindən əsaslı yoxlama keçirmək qərarına gəlmişlər. Bu səbəbdən də Kinoloji şöbənin əməkdaşı Şahid3 ona təhkim olunmuş narkotik vasitələrin axtarışı üzrə ixtisaslaşmış xidməti iti ilə nəqliyyat vasitəsində olan yükə baxış keçirməsi üçün çağırmışlar. Yüklərə baxış zamanı kinoloji xidmət itindən istifadə olunmuşdur. Baxış zamanı it yük nəqliyyat vasitəsində olan 26 ədəd böyük kisələrdən orta hissədə alt tərəfdə yerləşən kisələrin bəzilərinə reaksiya verdiyinə görə dəvət olunmuş hal şahidlərinin iştirakı ilə həmin kisələrdən birini açmış və üst tərəfdən daşların arasından bir neçə ədəd fərqli maddələr aşkar etmişlər. Həmin qırıntıların rəngi, iyi və spesifik xüsusiyyətləri ilkin olaraq onlarda maddələrin narkotik vasitə ola biləcəyi fikrini yaratmışdır. Daha sonra onlar həmin yüklərə baxışı davam etdirmək üçün yük nəqliyyat vasitəsini hal şahidləri ilə birlikdə gömrük anbarına apararaq anbarda həmin yük nəqliyyat vasitəsində olan içərisi pomza daşı ilə doldurulmuş 26 ədəd böyük çuvalları təktək yük qaldırıcı nəqliyyat vasitəsi ilə yerə boşaldıb hər birinin içindəki daşların arasından narkotik vasitəyə bənzər qırıntıları ayırıb bir yerə toplamışlar. Sonra həmin narkotik vasitəyə bənzər qırıntıları sürücünün və hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkmişlər və ümumi çəkisinin 69 kq 344 qram olduğu məlum olmuşdur. Bundan sonra həmin narkotikə bənzər kütlələr hal şahidlərinin iştirakı ilə 2 ədəd ağ şəffaf kisələrə doldurularaq möhürlənib götürülmüşdür. Məhkəmə iclasında sual-cavab edilərkən Şahid1 yüklənmə və daşıma yeri ilə bağlı sürücüləri sorğu sual etdiklərini, maşınlarının ikisinin də eyni vaxtda gəldiyini, yüklərin içində pomza daşlarının olduğunu, pomza daşlarının qara, şübhəli maddələrin isə açıqqara rəngdə olduğunu, çuvalları boşaldanda Təqsirləndirilən şəxs çox sərbəst olduğunu, lakin narkotik çıxan zaman həyəncanlamağa başladığını, həmin maddələrdən xəbərinin olmadığını dediyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Naxçıvan MR Dövlət Gömrük komitəsində əməliyyat və təhqiqat şöbəsinin inspektoru vəzifəsində işləyir. 14 sentyabr 2021-ci il tarixdə X11nda öz iş qrafikinə uyğun olaraq nəqliyyat vasitələrinin müayinə edilməsi, riskli nəqliyyat vasitələri və onların daşıdığı yüklərə dair risk analizi apararkən axşam saat 19:00 radələrində İran İslam Respublikası istiqamətindən 2 yük nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olmuş, bu zaman Əməliyyat və Təhqiqat şöbəsinin əməkdaşı Sultanlı Elvin ilk gələn nəqliyyat vasitəsinin sürücüsündən sənədlərini istəyib onunla şifahi sorğu-sual aparmağa başlamış, apardığı söhbət zamanı ona məlum olmuşdur ki, gələn yük nəqliyyat vasitəsi İran İslam Respublikası ərazisindən pomza daşları yükləyərək gəlmişlər. Hər ikisi yükü Türkiyə Respublikasına aparacaqlarını söyləmiş və sorğu sual zamanı sürücü ona yükü İstanbul şəhərində İkitelli adlanan ərazidə boşaldacağını, lakin yük nəqliyyat sənədlərində yükün boşaltma yeri Türkiyənin Doğubəyazit şəhəri olaraq göstərildiyini bildirmiş, bu hal şübhə doğurduğundan Elvinlə birlikdə Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi həmin yük nəqliyyat vasitəsinə və daşıdığı pomza yükünə əsaslı fiziki baxış keçirmək qərarına gəlmiş, xidmətdə olan iş yoldaşı Şahid1 bu haqda məlumat vermiş və ondan nəqliyyat vasitəsini və yükünü yoxlamaq üçün kömək istəmişdir. Daha sonra baxış üçün müvafiq icazə aldıqdan sonra hər ikisi birlikdə həmin nəqliyyat vasitəsini yük baxış yerinə aparmışlar. Orada sürücü qoşqunun arxa qapılarını və yan çadırını açdığı zaman onunla birlikdə gələn digər yük nəqliyyat vasitəsinə şöbənin digər əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış keçirərkən böyük çuvallara yığılmış yükdən şübhələndiklərindən həmin yükə kinoloji xidmət itini tətbiq etmək qərarına gəlmişlər. Kinoloji xidmətin əməkdaşı Şahid3 çağıraraq və o da ona təhkim edilmiş narkotik vasitələrin axtarışı üzrə ixtisaslaşdırılmış xidməti iti ilə gəlib həmin nəqliyyat vasitəsində olan yükə baxış keçirmişdir. Bu zaman xidməti it nəqliyyat vasitəsində olan çuvallara doldurulmuş pomza daşları yükünə reaksiya verdiyindən onlar həmin yüklərə baxışı davam etdirmək üçün yük nəqliyyat vasitəsini gömrük anbarına aparmışlar. Anbarda həmin yük nəqliyyat vasitəsində olan içərisi pomza daşı ilə doldurulmuş 26 ədəd böyük çuvalları tək-tək yük qaldırıcı nəqliyyat vasitəsi ilə yerə boşaldaraq hər birinin içində daşların arasından narkotik vasitəyə bənzər maddələri ayırıb bir yerə toplamış, sonda həmin narkotik vasitəyə bənzər maddələr sürücünün və hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 69 kq 344 qram olduğu məlum olmuşdur. Beləliklə həmin narkotikə bənzər kütlələr hal şahidlərinin iştirakı ilə 2 ədəd ağ şəffaf kisələrə doldurularaq möhürlənib götürülmüşdür. Həmçinin məhkəmə iclasında sual-cavab edilərkən Şahid2 narkotik vasitənin aşkarlandığı vaxt sürücü Təqsirləndirilən şəxs özünü normal apardığını, həmin narkotik vasitədən xəbərinin olmadığını dediyini, “şirkətin özü bizi buraya yönləndirib” dediyini, Doğu-Bəyazit gömrüyündən keçib getmək onlar üçün daha əlverişli olduğunu, maşınların ilk əvvəl “X- RAY” aparatından keçirildiyini, lakin şübhəli yüklərin dəqiq aşkarlanmadığını, daşların hamısının eyni olduğunu, sadəcə diqqətlə baxdıqda daşlarla aşkar olunmuş maddələrin rənglərinin və formasının fərqləndiyini, şübhəli daşların daha çox kisələrin alt-hissəsində yerləşdiyini göstərmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 məhkəmədə dindirilmiş digər şahidlər, gömrük əməkdaşları Şahid1 və Şahid2 dediklərinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərmişdir ki, o, Şahtaxtı Gömrüyündə ailəsini dolandırmaq üçün fəhləlik edir. 14 sentyabr 2021-ci ildə axşam vaxtlarında fəhlə yoldaşları ilə durub söhbət etdiyi zaman gömrük əməkdaşı Kəramət onu və iş yoldaşı Elturanı gömrük keçid məntəqəsinin yük maşınlarının yoxlanıldığı yerə çağırıb İrandan gəlmiş bir yük maşınına baxış keçirəcəklərini birdirmiş və hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Daha sonra Kəramət orada olan digər qaçaqmalçılıq işçisi İlqarla birlikdə tırın qoşqusunun qapılarını açdırmış və orada çox sayda böyük çuvallara doldurulmuş yükün olduğunu görmüşdür. Gömrükcülər həmin çuvallara ilk öncə itlə baxış keçirdikdən sonra maşının qoşqusuna girib yoxlamağa başlamışlar. İt çuvallardan birinə reaksiya verdiyindən Kəramət İlqarla birlikdə onların və sürücünün yanında həmin çuvalların ağzını açmış və qara rəngli daşların arasından nəsə fərqli şübhəli yüklər olduğu aşkarlandığından nəqliyyat vasitəsini onların və sürücünün iştirakı ilə anbara aparmışlar. Anbarda bütün çuvalları birbir yerə boşaldıb daşların arasından tək-tək fərqli olanları seçib kənara yığdıqdan sonra onları 2 ədəd kisələrə yığıb tərəzidə çəkmişlər və çəkisinin 69 kq 344 qram olduğunu görmüşdür. Bu zaman sürücü aşkarlanmış və seçilib yığılmış daşdan fərqli olan maddələrdən xəbərinin olmadığını bildirmişdir. Sonra gömrük əməkdaşları onların yanında aşkar olunanları sənədləşdirmiş və qablaşdırib möhürləyərək götürmüşlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş hal şahidi Şahid4 məhkəmədə dindirilmiş digər Şahid5 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməlini etiraf etməsə də, onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxsin İran İslam Respublikasında yükün kisələrə doldurulması zamanı iştirak etməsi, onun tərəfindən yükün tam şəkildə möhürlənmədən qəbul edilməsi və yükgöndərmə qaiməsində xüsusi qeyd-şərt kimi göstərilən bölməsində (yükdaşıyıcının qeydləri və müşahidələri) qeydiyyatın aparılmaması, beynəlxalq yük daşıma qaydalarına riayət etməməsi, həmçinin daşıdığı yükün dəyərinin 380 ABŞ dolları təşkil etməsinə rəğmən həmin yükü 2100 ABŞ dolları məbləğində İran İslam Respublikasından Türkiyə Respublikasının Doğubayazit şəhərinə aparması və İran İslam Respublikası vətəndaşları tərəfindən onun İran İslam Respublikasının Poldəşt gömrüyünə qədər müşayiət edib gömrükdən keçirməsi bir daha onu sübut edir ki, daşıdığı yükün içərisində narkotik vasitəsinin olmasından xəbərdar olmuşdur. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin daşınması üçün qəbul etdiyi yükə narkotik vasitənin qablaşdırılmasından xəbərinin olmamasını bildirməsi özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmasına xidmət edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 15 sentyabr 2021-ci il tarixli Naxçıvan MR Dövlət Gömrük Komitəsi Şahtaxtı Gömrük İdarəsində tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Türkiyə Respublikası vətəndaşı, 04 avqust 2020-ci il tarixdə verilmiş U23453065 nömrəli pasportun sahibi 01 yanvar 1982-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs idarə etdiyi 76DH649 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76DH114, “SERİN” markalı), olan “MERCEDES BENZ” markalı, 2011-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi NMB**********0022, tranzit olaraq daşıdığı yükü 26 ədəd ağ rəngli böyük kisələrdə, ümumi çəkisi 19230 kq qara rəngli suxur qırıntısı halında pomza daşı olan yük nəqliyyat vasitəsinə əsaslı şübhələr olduğu üçün nəqliyyat vasitəsinə və daşıdığı yükə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji şöbəsinin narkotik vasitələrin axtarışı üzrə ixtisaslaşmış, “Belçika molinois” cinsli, “Gek” ləqəbli itinin tətbiqi ilə baxış keçirilmişdir. Yoxlama zamanı kinoloji itin reaksiyasına əsasən yük nəqliyyat vasitəsinin qoşqusunda tranzit olaraq daşıdığı, ümumi çəkisi 19230 kq qara rəngli suxur qırıntısı halında pomza daşının doldurulduğu 26 ədəd ağ rəngli böyük kisələr yoxlanılmış və pomza daşının içinə qarışdırılmış ümumi çəkisi 69 kiloqram 344 qram olan bərk halda açıq-boz və qara rəngli qırıntı şəklində narkotik vasitəyə bənzər, kəskin iyli kütlələr aşkar edilərək, 2 ədəd ağ-şəffaf kisələrə doldurulub, möhürlənərək götürülmüşdür. - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 15 sentybr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 sentyabr 2021-ci il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 14 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti iki ay müddətinə uzadılmış, həmçinin Naxçıvan Şəhər Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti yenidən iki ay müddətinə uzadılmışdır. - 16 sentyabr 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. 16 mart 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və həmçin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona yeni məzmunda ittiham elan olunmuşdur. - Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 76DH649 dövlət nömrə nişanlı “MERSEDEZ BENZ” markalı yük nəqliyyat vasitəsinin 76DH114 nömrəli, “SERİN” markalı qoşqusunda daşınan 26 ədəd ağ rəngli böyük kisələr yoxlanılmış və kisələrdə olan pomza daşının içinə qarışdırılmış ümumi çəkisi 69 kiloqram 344 qram olan bərk halda açıq-boz və qara rəngli qırıntı şəklində narkotik vasitəyə bənzər kütlənin narkotik vasitə olub-olmamasını, hazırlanma üsulunun, xalis çəkisinin müəyyən edilməsi məqsədilə 23 sentyabr 2021-ci il tarixdə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli 267 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusundan aşkar edilərək götürülmüş, 02 ədəd sintetik kisədə, təmiz çəkisi 68 kq 389 qram olan tünd qəhvəyi rəngli, bərk halda, spesifik iyli kütlələr, xaş-xaş birkisindən kustar üsulla hazırlanmışnarkotik vasitə tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin sayahısı“na ( İ siyahı; sıra 102) daxildir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən tədqiqata daxil olan maddənin ilkin çəkisi qablaşdırıldığı tara ilə birlikdə olan çəkisidir, ekspert rəyində göstərilən çəki isə daxil olan maddənin tarasız, təmiz çəkisidir. Fərqin yaranması bununla əlaqədardır. Məhkəmə ekspertizası mərkəzinin 15.09.2021-ci il tarixli 257 saylı ekspert arayışına əsasən, tiryəkin ilkin ümumi təmiz çəkisi 68 kq 390 qram olmuşdur. Tədqiqatdan sonra 68 kq, 388 qram qalmışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2021ci il tarixli 267 nömrəli məktubuna əsasən təmiz çəkisi 68 kq, 388 qram tiryək narkotik vasitəsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılmışdır. -Təqsirləndirilən şəxs idarə etdiyi 76DH649 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76DH114, “SERİN” markalı), “MERCEDES BENZ” markalı yük nəqliyyat vasitəsi və qoşqusundakı ümumi çəkisi 19161 kq 61 qram qara rəngli suxur qırıntısı halında pomza (süngər) daşı yükü törədilmiş cinayətin izlərini özündə saxladığından, 05 oktyabr 2021-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmış və maddi sübutla bağlı məsələ məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll olunanadək Naxçıvan Muxtar Respublikası "Naxçıvanterminalkompleks" X5 İdarəsində yerləşən anbarında saxlanca verilmişdir. -Türkiyə Respublikasının İgdır 1-ci notariatının notariusu tərəfindən təsdiq olunmuş etibarnamənin tərcüməsindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 76DH649 dövlət nömrə nişanlı, qoşqusu "SERİN" olan “MERSEDEZ BENZ" markalı nəqliyyat vasitəsi “Öz Akkahramanlı transport turizm inşaat qida kənd təsərrüfatı heyvandarlıq sənaye və ticaret limited şirkəti”nə məxsusdur. -Təqsirləndirilən şəxs narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 22 oktyabr 2021-ci il tarixli 92 saylı tibbi rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsi istisna olunmur. Hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. -Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - CMR 04521 nömrəli beynəlxalq dövriyyə sənədinə əsasən yükü göndərən DAVOOD KHODADAD İD KODU: ********** PÖOLDƏŞT /İRAN, yükü qəbul edən isə “SEBELEN CO GÜMRÜKLEME DOĞUBAYAZİT TURKEY MUSA ETİNGU KEMAL KOSEN” adlı şirkətidir. -“İNVOİCE” sənədinə əsasən DAVOOD KHODADAD İD KODU: ********** PÖOLDƏŞT /İRAN tərəfindən “SEBELEN CO GÜMRÜKLEME DOĞUBAYAZİT TURKEY MUSA ETİNGU KEMAL KOSEN” şirkətinə göndərilən 26 çuval pomza daşının çəkisi 19790 kq, invoys dəyəri isə 383,8 ABŞ dollarıdır. -Türkiyə Respublikası İğdır 1-ci notariusu tərəfindən təsdiq olunmuş və Azərbaycan dilinə tərcümə olunmuş sənədə əsasən Təqsirləndirilən şəxs 26.07.2021-ci il təvəllüdlü X2 adında uşağı vardır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” haqqında protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının tibbi rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasında əvvəlcədən razılaşmaqla istintaqla müəyyən olunmayan şəxslərdən Türkiyə Respublikasına aparmaq üçün daşınması həvalə edilmiş və idarə etdiyi 76DH649 dövlət nömrə nişanlı “MERSEDEZ BENZ” markalı yük nəqliyyat vasitəsinin 76DH114 nömrəli, “SERİN” markalı qoşqusuna özünün iştirakı ilə yüklənmiş 26 ədəd böyük kisələrdə “pomza (süngər) daşı” adlı yük tamlığı ilə möhürlənmədən qəbul edilmiş, göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeyd-şərt kimi göstərilən bölməsində (yükdaşıyıcının qeydləri və müşahidələri) qeydiyyat aparılmamışdır. "Beynəlxalq yük daşınması müqaviləsi haqqında" 1956-cı il 19 may tarixli Konvensiyanın müddəalarına əsasən yük daşınması müqaviləsi qaimə vasitəsilə müəyyən edilir. Qaimə müqavilənin şərtlərini və yükün daşıyıcı tərəfindən qəbul olunmasını təsdiq edir. Qaimələrdə daşıyıcının əsaslı qeydləri olmadıqda, yükün xarici görünüşünü və qablaşdırılmasının vəziyyəti yaxşı hesab olunur və yük yerlərinin sayı, həmçinin əlaməti və nömrələri qaimədə göstərilənlərlə uyğun olur. Konvensiyanın müddəalarından irəli gələn vəzifələrdə daşıyıcının malları qəbul edərkən yoxlamalı olduğu meyarlar nəzərdə tutulmuşdur. Daşıyıcı, yəni yükü daşıyan nəqliyyat vasitəsinin sürücüsü bağlamaların sayı, onların markaları və nömrələri ilə bağlı yük qaiməsindəki ifadələrin düzgünlüyü və malların və onların qablaşdırılmasının görünən vəziyyətini yoxlamalıdır. Yoxlamaların nəticəsi yük qaiməsinə yazılır və yük qaiməsi daşıma müqaviləsinin bağlanmasının, müqavilənin şərtlərinin və yükün daşıyıcı tərəfindən alınmasının ilkin sübutudur. Göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeyd-şərtlər yoxdursa, sübut edilir ki, malların və onların qablaşdırılmasının daşıyıcı onları təhvil alması yük qaiməsindəki ifadələrə uyğundur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, 14 sentyabr 2021-ci il tarixdə təxminən saat 1854 radələrində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi 76DH649 dövlət nömrə nişanlı “MERSEDEZ BENZ” markalı yük nəqliyyat vasitəsinin 76DH114 nömrəli, “SERİN” markalı qoşqusunda Türkiyə Respublikasına aparmaq üçün daşınması həvalə edilmiş 68 kiloqram 390 qram narkotik vasitə olan tiryəki satış məqsədi olmadan Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Türkiyə Respublikasına daşımaq üçün idarə etdiyi “MERCEDES-BENZ”markalı ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobilində 26 ədəd böyük kisələrdə “pomza (süngər) daşı” yükü adı ilə qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, gömrük nəzarətindən gizlin X11 vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» üzrə İ siyahısına görə psixotrop maddə olan tiryək şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, himayəsində bir azlaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 14 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 22 oktyabr 2021-ci il tarixli 92 saylı tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə olunmasına zərurət olmadığının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 68 kq 388 qram olan tiryək narkotik vasitəsi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan və maddi sübut kimi məhkəmədə saxlanılan U23453065 nömrəli pasport, 1 (bir) ədəd A-4672 nömrəli, 24.06.2015-ci il tarixli psixotexnik dəyərləndirmə sənədi, 4 (dörd) ədəd müxtəlif bank kartı, 1 (bir) ədəd metro kartı, 2 (iki) ədəd boş simkart qabı, 1 (bir) ədəd qara rəngli qırmızı rezin örtüklü “Samsung Galaxy S8" markalı mobil telefon, 11 (on bir) ədəd 100 “ABŞ dolları", 2 (iki) ədəd 20 “ABŞ dolları", 1 (bir) ədəd 5 “ABŞ dolları", 2 (iki) ədəd 10 “Azərbaycan manatı”, 1 (bir) ədəd 5 “Azərbaycan manatı”, 45 (qırx beş) ədəd 100000 “İran rialı”, 16 (on altı) ədəd 50000 “İran rialı”, 1(bir) ədəd 20000 “İran rialı”, 1 (bir) ədəd 10000 “İran rialı”, 5 (beş) ədəd 50 “Gürcü larisi”, 1 (bir) ədəd 20 “Gürcü larisi”, 2 (iki) ədəd 200 “Türk lirəsi” Təqsirləndirilən şəxs, “Naxçıvanterminalkompleks birliyi”nin Şaxtaxtı Gömrük İdarəsinin anbarında saxlanılan “Öz Akkahramanlı transport turizm inşaat qida kənd təsərrüfatı heyvandarlıq sənaye və ticarət limited şirkəti”inə məxsus 76DH649 dövlət nömrə nişanlı (qoşqu nömrəsi 76DH114 dövlət nömrə nişanlı ”SERİN” markalı) olan “Mersedes Benz” markalı yük nəqliyyat vasitəsi və həmin nəqliyyat vasitəsinin 1 (bir) ədəd açarı, 76DH649 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76DH114, ”SERİN” markalı) olan “Mersedes Benz” markalı yük nəqliyyat vasitəsinə aid 2 (iki) ədəd texniki pasport “Öz Akkahramanlı transport turizm inşaat qida kənd təsərrüfatı heyvandarlıq sənaye və ticarət limited şirkəti”inə, 76DH649 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76DH114, ”SERİN” markalı) “Mersedes Benz” markalı yük nəqliyyat vasitəsinin qoşqusundakı ümumi çəkisi 19161 kq, 61 qram qara rəngli süxur qırıntısı halında olan 26 ədəd ağ kisələrə doldurulmuş pomza daşı CMR 04522 nömrəli beynəlxalq dövriyyə sənədinə əsasən yükü qəbul edən “SEBELEN CO GÜMRÜKLEME DOĞUBAYAZİT TURKEY MUSA ETİNGU KEMAL KOSEN şirkəti”nə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 68 kq 388 qram olan tiryək narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus olan və maddi sübut kimi məhkəmədə saxlanılan U23453065 nömrəli pasport, 1 (bir) ədəd A-4672 nömrəli, 24.06.2015-ci il tarixli psixotexnik dəyərləndirmə sənədi, 4 (dörd) ədəd müxtəlif bank kartı, 1 (bir) ədəd metro kartı, 2 (iki) ədəd boş simkart qabı, 1 (bir) ədəd qara rəngli qırmızı rezin örtüklü “Samsung Galaxy S8" markalı mobil telefon, 11 (on bir) ədəd 100 “ABŞ dolları", 2 (iki) ədəd 20 “ABŞ dolları", 1 (bir) ədəd 5 “ABŞ dolları", 2 (iki) ədəd 10 “Azərbaycan manatı”, 1 (bir) ədəd 5 “Azərbaycan manatı”, 45 (qırx beş) ədəd 100000 “İran rialı”, 16 (on altı) ədəd 50000 “İran rialı”, 1(bir) ədəd 20000 “İran rialı”, 1 (bir) ədəd 10000 “İran rialı”, 5 (beş) ədəd 50 “Gürcü larisi”, 1 (bir) ədəd 20 “Gürcü larisi”, 2 (iki) ədəd 200 “Türk lirəsi” Təqsirləndirilən şəxs qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra “Naxçıvanterminalkompleks birliyi”nin Şahtaxtı Gömrük İdarəsinin anbarında saxlanılan “Öz Akkahramanlı transport turizm inşaat qida kənd təsərrüfatı heyvandarlıq sənaye və ticarət limited şirkəti”inə məxsus 76DH649 dövlət nömrə nişanlı (qoşqu nömrəsi 76DH114 dövlət nömrə nişanlı ”SERİN” markalı) olan “Mersedes Benz” markalı yük nəqliyyat vasitəsi və həmin nəqliyyat vasitəsinin 1 (bir) ədəd açarı, 76DH649 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76DH114, ”SERİN” markalı) olan “Mersedes Benz” markalı yük nəqliyyat vasitəsinə aid 2 (iki) ədəd texniki pasport “Öz Akkahramanlı transport turizm inşaat qida kənd təsərrüfatı heyvandarlıq sənaye və ticarət limited şirkəti”inə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra “Naxçıvanterminalkompleks birliyi”nin Şahtaxtı Gömrük İdarəsinin anbarında saxlanılan 76DH649 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 76DH114, ”SERİN” markalı) “Mersedes Benz” markalı yük nəqliyyat vasitəsinin qoşqusundakı ümumi çəkisi 19161 kq, 61 qram qara rəngli süxur qırıntısı halında olan 26 ədəd ağ kisələrə doldurulmuş pomza daşı CMR 04522 nömrəli beynəlxalq dövriyyə sənədinə əsasən yükü qəbul edən “SEBELEN CO GÜMRÜKLEME DOĞUBAYAZİT TURKEY MUSA ETİNGU KEMAL KOSEN şirkəti”nə qaytarılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar