Məhkəmə qərarları › İş №1(111)-1/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-1/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-1/2023 20.02.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X2 Müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirlən şəxsin müdafiəçisi - Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, tərcüməçi X5 iştirakları ilə, xx.xx.1988-ci il tarixində Türkiyə Respublikası Şırnak şəhəri İdil qəsəbəsində anadan olmuş, orta təhsilli, evli, 3 uşaq atası, türk, Türkiyə Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Şırnak şəhəri İdil qəsəbəsi Sırtköyü Beldesi, dağ məhəlləsi ev 10 ünvanında qeydiyyatda olan, Kəngərli rayonu Qıvraq qəsəbəsində müvəqqəti yaşayan və barəsində 05 yanvar 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində "Şahtaxtı" Gömrük postu vasitəsi ilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 33ABJ85 dövlət nömrə nişanlı "Mercedes-Benz ACTROS 1845 LS" markal yük nəqliyyat vasitəsi “HCVG Hİ-Scan” rentgen qurğusundan keçirilərkən şübhəli təsvirlər olduğu üçün yük nəqliyyat vasitəsinin kabinində yoxlama keçirilmiş və sənədlərin yığılması üçün nəzərdə tutulmuş boşluqda 1 (bir) ədəd gümüşü rəngli metaldan (tərkibi: mis, sink və nikel) ibarət olan, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu, əzici xassəyə malik, təyinatı üzrə istifadəyə yararlı olan soyuq silah beşbarmağı qanunsuz olaraq əldə edib nəqliyyat vasitəsində gəzdirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Türkiyə Respublikası vətəndaşıdır və ailəsi ilə birlikdə Türkiyə Respublikasının Şırnak şəhəri, İdil qəsəbəsi, Sırtköyü Beldesi, dağ məhəlləsi ev 10-da qeydiyyatda duraraq yaşayır, ailəlidir və 3 uşaq atasıdır, təxminən bir ildir ki, tır sürücüsü işləyir, İdil şəhərində yerləşən "Star İdil" şirkətinə məxsus olan tırlarda sürücülük edir, təxminən keçən ilin 14 noyabrında 33ABJ85 dövlət nömrə nişanlı "Mercedes-Benz ACTROS 1845 LS" markalı yük nəqliyyat vasitəsi ilə Mersin şəhərindən İran İslam Respublikasına getmiş, İran İslam Respublikasında Tehran şəhərində xx.xx.2022-ci ildə "PVC" pəncərə materialları yükləyərək Türkiyəyə getmək üçün 12 dekabr 2022-ci il tarixdə saat 16:30 radələrində Azərbaycan Respublikasının ərazisi olan X10 daxil olmuş, X8 olan zaman X-ray rentgen qurğusundan keçdikdən sonra gömrük əməkdaşının ona yaxınlaşıb idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlanışı edəcəyini və nəqliyyat vasitəsində qanunla qadağa olunmuş hər hansı predmetin olubolmadığını soruşmuş, o da idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş heç nəyin olmadığını bildirmiş, sonra gömrük əməkdaşı iki hal şahidinin iştirakı ilə yük nəqliyyat vasitəsinə gömrük yoxlanışı etmiş və yatağın üst tərəfində olan çəkməcədən bir ədəd beşbarmaq aşkar edərək götürmüşlər. Sonra aşkar edilmiş həmin beşbarmağın aşkarlanması və götürülməsinə dair müvafiq sənədlər yazılmış və özü də həmin sənədləri imzalamışdır. Məhkəmə iclasında sual-cavab edilərkən Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinindən aşkarlanan gümüşü rəngdə olan bir ədəd beşbarmağın ona məxsus olmadığını, həmin beşbarmağın idarə etdiyi yük nəqliyyat vasitəsinin kabin hissəsində olan yatağın üst tərəfində olan çəkməcənin içərisində olmağından xəbərinin olmadığını, beşbarmaq aşkarlanan idarə etdiyi yük nəqliyyat vasitəsini oktyabr ayının 14dən idarə etdiyindən ola bilsin ki, həmin beşbarmağın ondan əvvəlki tır sürücüsünə məxsus olduğunu, hazırda idarə etdiyi yük nəqliyyat vasitəsinin müvəqqəti olaraq idarə etdiyini, dostunun vizası qutardığından, öz maşınının isə xarab olduğundan yük aparmaq üçün dostunun maşınını götürdüyünü, dostunun şəxsi əşyaları maşında olduğu üçün maşını yoxlamaq ağlına gəlmədiyini, bu səbəbdən də tırı idarə etməyə qəbul edərkən əvvəlki sürücüyə güvəndiyindən avtomobilin kabininə baxıb yoxlamadığını, həmin əşyanın qadağan olduğunu bilmədiyini, Türkiyədə bu əşyanın qadağan olunmuş əşya hesab edilmədiyini, yük nəqliyyat vasitəsinin idarəçiliyində olduğundan məsuliyyətin ona aid olduğunu anladığını, maşını yoxlamadığı üçün çox peşman olduğunu və buna görə də özünü təqsirli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını, ilk dəfədir ki, belə hərəkətlərə yol verməsini, əvvəllər cinayət törətməməsini və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini, X7 böyük inspektoru vəzifəsində işlədiyini, 12 dekabr 2022-ci il tarixdə X8 növbədə olarkən saat təxminən 16:30 radələrində “HCVG Hİ- Scan” rentgen qurğusunda nəqliyyat vasitələrini yoxlayan zaman İran İslam Respublikasından X10 daxil olan əvvəldən tanımadığı Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 33ABJ85 dövlət nömrə nişanlı "Mercedes-Benz ACTROS 1845 LS" markalı yük nəqliyyat vasitəsinin kabinində olan yatağın üst tərəfində olan çəkməcədən bir ədəd beşbarmağa bənzər predmet olduğunu rentgen qurğusu vasitəsi ilə gördüyünü, nəqliyyat vasitəsinə baxış keçirməmişdən əvvəl nəqliyyat vasitəsinin sürücüsünə maşında qadağan olunmuş əşyaların olub-olmamasını soruşduğunu, sürücünün isə heç nə demədiyini, sonradan yük nəqliyyat vasitəsində şübhəli bilinən həmin hissəyə iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirdiyini, baxış zamanı nəqliyyat vasitəsinin kabin hissəsində olan yatağın üst tərəfində olan çəkməcədən bir ədəd gümüşü rəngli, metaldan olan beşbarmaq aşkar olunduğunu və hal şahidlərinin iştirakı ilə beşbarmağın protokollaşdırılaraq götürüldüyünü, izahatı alan zaman Təqsirləndirilən şəxs həmin aşkarlanan beşbarmağın ona məxsus olmadığını və nəqliyyat vasitəsində olmağından xəbərinin olmadığını, beşbarmağın ondan əvvəlki sürücüyə məxsus olduğunu bildirdiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini, Təqsirləndirilən şəxsı tanımadığını və onunla heç bir münasibəti olmadığını, yalnız nəqliyyat vasitəsinə yoxlama zamanı gördüyünü, özünün ailəsini dolandırmaq üçün X8 fəhləlik etdiyini, 12 dekabr 2022-ci il tarixdə təxminən günorta saat 16-dan sonra X8 olan zaman X8 işləyən gömrük işçisi Şahid1 İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş Türkiyə Respublikasının vətəndaşının nəqliyyat vasitəsinin yoxlanılacağını bildirdiyini və ona hal şahidi kimi iştirak etməyini xahiş etdiyini, onun da razılıq verdiyini, sonra gömrük işçisi ilə birlikdə nəqliyyat vasıtəsinin yoxlanılması yerinə getdiklərini, həmin vaxt həmkəndlisi Şahid2 də orada olduğunu, sonradan gömrük işçisi Şahid1, Türkiyə Respublikasının vətəndaşı olan nəqliyyat vasitəsinin sürücüsünün, özünün və həmkəndlisi Şahid2 hal şahidi qismində iştirakı ilə nəqliyyat vasitəsində yoxlama aparıldığını və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində bir ədəd beşbarmağa bənzər metal aşkar edildiyini, həmin beşbarmağa bənzər metalın onların iştirakı ilə sənədləşdirilərək qablaşdırılıb müvafiq qaydada möhürlənərək götürüldüyünü, nəqliyyat vasitəsində beşbarmağın aşkarlandığı zaman sürücü özünü çox sərbəst və normal apardığını, həmin aşkarlanan beşbarmaqdan xəbərinin olmadığını dediyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmədə dindirilmiş digər Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- 12 dekabr 2022-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması” haqqında protokoldan görünür ki, həmin tarixdə Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 33ABJ85 dövlət nömrə nişanlı "Mercedes-Benz ACTROS 1845 LS" markal yük nəqliyyat vasitəsinin kabinində yoxlama keçirilmiş və sənədlərin yığılması üçün nəzərdə tutulmuş boşluqda gömrük nəzarətinə bəyan edilməyən metal materialdan barmaqcıqlar formasında hazırlanmış və əl barmaqlıqlarına taxılması mümkün olan bir ədəd metal aşkarlanmışdır. Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən götürülmüş 01 ədəd beşbarmağın hansı metaldan hazırlanması, qiymətli metal olub-olmaması müəyyən edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə 21 dekabr 2022-ci il tarixdə məktub göndərilmiş və məktuba cavab olaraq Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Yanında Qiymətli Metallara və X9 İdarəsi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli 12-01/24 nömrəli rəyində təqdim olunmuş bir ədəd beşbarmağın tərkibi mis, sink, nikeldən ibarət olduğu göstərilmişdir. Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən götürülmüş beşbarmağın soyuq silah olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində məhkəmə-ballistik ekspertizası keçirilmiş və 29 dekabr 2022-ci il tarixli 3/1821 nömrəli rəyində müəyyən edilmişdir ki, boz rəngli materialdan hazırlanmış, vurucu və boru formalı dayaq hissələrdən ibarət, qabarit ölçüləri 107x62 mm, qalınlığı 9 mm, hər iki üzündə - "BODYGUARD" yazıları olan tədqiqata təqdim edilmiş 1 ədəd predmet kustar üsulla beşbarmaq hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64,00 (altmış dörd) manatdır. Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən götürülmüş beşbarmağın dəyərinin müəyyən edilməsi üçün 06 yanvar 2023cü il tarixdə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2023-cü il tarixli 12 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş 1 ədəd dəmir materialdan hazırlanmış, vurucu formalı, dayaq hissədən ibarət olan, vurucu hissədə barmaq keçirmək üçün nəzərdə tutulmuş, yumurta formalı 28x22 mm dairəvi ölçüdə dörd ədəd dəlik olan qabarit ölçüləri 116x70 mm olan beşbarmağın (soyuq silah) Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası istehlak bazarlarında satışı nəzərdə tutulmadığından qiymətləndirmə aparılmır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Tİİ-nin ƏSİB-nə xx.xx.2023cü il tarixli ünvanlanmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Kəngərli Rayon Polis Şöbəsindən alınmış 09 yanvar 2023-cü il tarixli 12/269 saylı məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində Kəngərli Rayon Polis Şöbəsində hər hansı bir təqsirləndirici materialın olmadığı müəyyən olunmuşdur. Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən götürülmüş 01 ədəd beşbarmaq 10 yanvar 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuş və qeyd olunan beşbarmaq cinayət işi birlikdə Kəngərli Rayon Kəngərli Rayon Məhkəməsinə təhvil verilmişdir. **********, **********0, **********8 nömrəli Türkiyə Respublikası şəxsiyyət vəsiqələrinin tərcümə olunmuş sürətlərindən və X1 Baş Konsulluğu tərəfindən verilmiş ailə tərkibi haqqında tərcümə olunmuş sənəddən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016, xx.xx.2018 və xx.xx.2021-cı təvəllüdlü 3 azyaşlı uşaqları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla- üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində "Şahtaxtı" Gömrük postu vasitəsi ilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 33ABJ85 dövlət nömrə nişanlı "Mercedes-Benz ACTROS 1845 LS" markalı yük nəqliyyat vasitəsi “HCVG Hİ-Scan” rentgen qurğusundan keçirilərkən şübhəli təsvirlər olduğu üçün yük nəqliyyat vasitəsinin kabinində yoxlama keçirilmiş və sənədlərin yığılması üçün nəzərdə tutulmuş boşluqda 1 (bir) ədəd gümüşü rəngli metaldan (tərkibi: mis, sink və nikel) ibarət olan, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu, əzici xassəyə malik, təyinatı üzrə istifadəyə yararlı olan soyuq silah beşbarmağı nəqliyyat vasitəsində gəzdirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində onun idarə etdiyi avtonəqliyyat vasitəsində açkarlanan həmin soyuq silah olan beşbarmağın ona məxsus olmamasını və ondan əvvəlki tır sürücüsünə məxsus olmasını bildirməsi özünü müdafiə kimi qiymətləndirilməklə cinayət məsuliyyətindən yayınmasına xidmət edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmə məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan da daha yüngül cəza növü təyin etməyə imkan verir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi və onun barəsində cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş və cinayət işi birlikdə Kəngərli Rayon Kəngərli Rayon Məhkəməsinə təhvil verilmiş 01 ədəd beşbarmaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64,00 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus TC**********2 nömrəli şəxsiyyət vəsiqəsi və U24934391 nömrəli pasport Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi və dövlət hesabına işə buraxılmış tərcüməçi X6 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193cü və 195-ci maddələrinə əsasən dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 195.1.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı cinayət prosesini həyata keçirən orqanın tələbi ilə tərcüməçi tərəfindən görülən iş yerinə yetirildikdə - Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla sərtləşdirildiyi kimi görülən işin haqqı ödənilir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş və saxlanması üçün Kəngərli Rayon Məhkəməsinə təhvil verilmiş 01 ədəd boz rəngli materialdan hazırlanmış, hər iki üzündə “BODYGUARD” yazıları olan kustar üsulla hazırlanmış beşbarmaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Keçiriləcək hesab: büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: adı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus TC**********2 nömrəli şəxsiyyət vəsiqəsi və U24934391 nömrəli pasport Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə müdafiəçiyə və tərcüməçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar