Məhkəmə qərarları › İş №1(111)-1/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-1/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-1/2024 11.01.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şərur Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Ermənistan SSR Əzizbəyov rayonunda anadan olmuş, subay, 2 uşaq atası, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, müvəqqəti işsiz, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbacan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 200 saat ictimai işlər cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda duran və Kəngərli rayon Çalxanqala kəndində yaşayan, barəsində 26 oktyabr 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs fərdi yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 oktyabr 2023-cü il tarixdə saat 22:00 radələrində Kəngərli Rayon Çalxanqala kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 220 (iki yüz iyirmi) ABŞ dolları, yəni 374 ( üç yüz yetmiş dörd) manat və 310 (üç yüz on) manat olmaqla ümumilikdə 684 (altı yüz səksən dörd) manat pul əskinasını gizli olaraq talamaqla oğurluq əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CМ-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəli olmuş, 2011-ci ildə boşanmışdır, Bakı şəhərində qeydiyyatda olsa da, valideynlərinə məxsus Kəngərli rayon Çalxanqala kəndində yerləşən fərdi yaşayış evində yaşayır. 23 oktyabr 2023-cü il tarixdə günorta saatlarında içki içmiş, həmin gün axşam saatlarında təxminən saat 22:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus olan yaşayış evinə tərəf getmiş, həyətlərinə girib bağlarında oturub orada biraz da içki içdikdən sonra Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli olan yaşayış evinin ikinci mərtəbəsində heç kimin olmadığına əmin olub və həmin mərtəbədə işıqlar yanmadığından pilləkənlərlə qalxaraq həyətdən götürdüyü dəmir parçası ilə giriş qapısının yanında olan plastik pəncərəni açmış, pəncərəni açdıqdan sonra evin içərisinə daxil olmuş, evin içərisinə daxil olduqdan sonra mobil telefonunun işığı ilə işıqlandıraraq daxil olduğu yataq otağına göz gəzdirmiş və yataq çarpayısının üzərində çəmadanı açdıqda çəmadanın içərisində paltarların olduğunu görmüş, sonra isə yataq otağını axtarmağa başlamış, otaqda çarpayının qarşısında olan ütü stolunun üzərində qara rəngli əl çantasını açıb içərisinə baxan zaman pul qabının içərisində cəmi 220 dollar və 220 manat pulun olduğunu görmüş və pul qabından həmin pulları götürmüşdür. Sonra yenə yataq otağını axtardıqda orada yerləşən paltar şkafının gözündə 40 və 50 manat pulun olduğunu görmüş və həmin pulları da götürərək daxil olduğu yataq otağının plastik pəncərəsindən çıxaraq yaşadığı evə getmiş, həmkəndlisi taksi sürücüsü olan Saminə zəng vurmuş və onu Naxçıvan şəhərində yerləşən Araz restoranına aparmasını istəmiş, bir müddətdən sonra Samin avtomobili ilə gəlmiş, evdən şəxsiyyət vəsiqəsini götürdükdən sonra Naxçıvan şəhərinə yola düşmüşlər. Yolda olarkən həmkəndlisi Səlbinazın evindən oğurladığı 220 dolları xırdalamaq qərarına gəlmiş, buna görə də Naxçıvan şəhərinin girişində yerləşən NP2 yanacaq doldurma məntəqəsinin ərzaq mağazasına daxil olmuş, ərzaq mağazasını işlədən Natiq adlı şəxsə 200 dollar verərək azərbaycan manatına çevirmiş və Natiqdən pulu aldıqdan sonra taksi sürücüsü Samin ilə birlikdə Əliabad qəsəbəsində yerləşən "million" aparatından ***-***-**-** mobil nömrəsinə on manat kontur, ***-***-**-** mobil nömrəsinə isə on manat kontur yükləmiş, kontur yüklədikdən sonra Naxçıvan şəhərində yerləşən Araz restoranına getmiş, Saminə taski pulu kimi oğurladığı puldan iyirmi manat vermiş, Araz restoranında olan zaman oğurladığı pulların hamısını xərclədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifdəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, Zərərçəkmiş şəxs kəndlisi kimi tanıdığını, onunla aralarında hər hansı bir ədavətin və ya düşmənçilik münasibətin olmadığını, oğurluq etməyinə heç kimin ona köməklik etmədiyini və heç kimə bu haqda nəsə demədiyini, əvvəlcədən Zərərçəkmiş şəxs evindən oğurluq etmək fikrinin olmadığını, onun evində hansı əşyaların və pulun olması haqqında əvvəlcədən məlumatının olmadığını, sərxoş olduğundan və Zərərçəkmiş şəxs yaşayış evinin ikinci mərtəbəsində işıqların yanmadığını görüb oğurluq etmək qərarına gəldiyini, ona məxsus olan yaşayış evindən oğurladığı 220 ABŞ dolları və 310 manat pulu şəxsi ehtiyacları üçün xərclədiyini, pula ehtiyacı olduğu üçün və çoxlu spirtli içki qəbul etdiyi üçün oğurluq etdiyini, yalnız yataq otağına daxil olub oradan 220 ABŞ dolları və 310 manat pulu götürdüyünü və başqa heç bir otağa daxil olmadığını və başqa əşya oğurlamadığını, hepatit C və serroz xəstəsi olduğunu, etdiyi oğurluğa görə də peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhərində qeydiyyatda olsa da, Kəngərli Rayon Çalxanqala kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində bacısı Həcər Məmmədova ilə birlikdə yaşayır, ona məxsus olan fərdi yaşayış evi iki mərtəbədən ibarətdir, birinci və ikinci mərtəbənin giriş qapıları ayrıdır, əsasən evin birinci mərtəbəsindən istifadə edirlər, ikinci mərtəbədə isə yataq otağı vardır, qonaq və şəxsi əşyalarını qoymaq üçün istifadə edirlər. 24 oktyabr 2023-cü il tarixinə Bakı şəhərinə getmək üçün bilet almış, 23 oktyabr tarixdə axşam saatlarında evin 2-ci mərtəbəsində əşyalarını yığmış, əl çantasını da yataq otağında stolun üzərinə qoymuş, sonra yatmaq üçün bacısı ilə birlikdə 1-ci mərtəbəyə düşmüşdür. Səhər tez oyanacaqlarından axşam saat 22:00 radələrində yatmışlar. Səhər saat 05:00 radələrində hazırlaşmaq üçün oyanmış, 2-ci mərtəbəyə qalxıb evə girəndə yataq otağının pəncərəsinin bir gözünün açıq olduğunu, evin tamamilə dağıldığını, yataq otağında yerləşən ütü stolunun üzərinə qoyduğu əl çantasının içərisində olan şabalıd rəngli pul qabına baxdıqda 220 ABŞ dollarının, 220 manat pulun yerində olmadığını, eləcə də paltar şkafına baxan zaman şkafın içərisinə qoyduğu 50 və 40 manat pulun, yəni 90 manat pulun yerində olmadığını görmüş, evindən oğurluq olduğunu görüb kömək üçün qonşusu Şahid1 çağırmış və sonra isə polisə xəbər vermişlər. Evindən oğurlanan 220 ABŞ dolları, qalanı isə manat olmuşdur ki, ümumilikdə manata çevirdikdə 684 manat edir. Həmçinin zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxslə heç bir ədavəti olmadığını, yalnız orta məktəbdə oxuduğu vaxtdan tanıdığını, təqsirləndirilən şəxsin peşman olmasını və ona dəymiş ziyanın tam ödənildiyini bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Naxçıvan şəhərində NP2 yanacaq doldurma məntəqəsində ərzaq mağazasını və kafeni işlədir. Bəzi vaxtlarda mağazaya gəldiyindən Təqsirləndirilən şəxs 2-3 il olar ki, tanıyır. 23 oktyabr axşam saat 23:00 radələrində Elnur tanımadığı bir nəfərlə mağazaya gəlmiş və ona 220 ABŞ dolları verərək manata çevirməyi xahiş etmiş, onun verdiyi 200 dolları manata çevirərək 338 manat qaytarmış, lakin 20 dollar əzik olduğundan manata çevirməyib Elnurun özünə qaytarmışdır. Sonra isə Elnur siqaret və su alıb gəldiyi adamla birlikdə çıxıb getmişlər. Həmçinin qeyd etmişdir ki, Elnur mağazaya gələrkən içkili olduğunu hiss etməmiş və ona təqdim etdiyi 220 ABŞ dollarının oğurluq olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Kəngərli rayon Çanxanqala kəndində yaşayır, taksi sürücüsü kimi işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsı bir həmkəndli kimi tanıyır. Onlarla heç bir ədavəti olmamışdır. 23 oktyabr 2023-cü il tarixdə axşam 23:00 radələrində həmkəndlisi Elnur zəng vuraraq onu Naxçıvan şəhəri, Əliabad qəsəbəsinə aparmağını istəmiş, şəhərdə olduğundan, birazdan kəndə gələcəyini ona bildirmiş, Elnur isə cavabında gözləyəcəyini demişdir. Həmin vaxt dostu da maşında olmuş, tək getməsin deyə, onunla birlikdə Çanxanqala kəndinə getmişdir. Kənddə “Badam bulaq” deyilən yerdə onu gözləyən Elnuru maşınına götürmüş, Elnur şəxsiyyət vəsiqəsini götürmək istədiyindən maşınla Elnurgilin evinin qarşısına getmişlər. Elnur evə girib qayıtdıqdan sonra ona 15 manat taksi pulu vermiş, Naxçıvan şəhərinə çatanda NP2 yanacaqdoldurma məntəqəsində maşınına 5 manatlıq benzin vurdurmuş və həmin vaxt Elnur orada yerləşən ərzaq mağazasına getmişdir. Həmin vaxt Elnur mağazadan çölə çıxaraq ona su almaq istəyini bildirmiş, o, isə istəməmiş, lakin Elnur təkid etdiyindən mağazaya daxil olmuş, su aldıqdan sonra oradan çıxmışlar. Elnur Əliabadda yerləşən “milliön” aparatından 2 nömrəyə kontur yükləməyi ondan xahiş etmiş, konturları yüklədikdən sonra onu “Araz” restoranına aparmış, restoranda onunla 1 saat oturduqdan sonra ona artıq gec olduğunu və evə getməyi demiş, lakin Elnur kəndə getməyəcəyini, şəhərdə qalacağını bildirdiyindən ondan ayrılaraq evə qayıtmışdır. Həmçinin Şahid3 ifadəsində bildirmişdir ki, Elnurla birlikdə olduğu vaxt onun içkili olmasını hiss etməmiş, yanacaqdoldurma məntəqəsində yerləşən mağazada olarkən onun dollar dəyişdiyini görməmiş, lakin satıcının ona pul verdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşudur, 24 oktyabr 2023-cü il tarixdə saat 05:45 radələrində Səlbinaz ev telefonuna zəng edərək evində oğurluq hadisəsi olduğunu dediyindən onlara getmiş, evin ikinci mərtəbəsində olan yataq otağının tam dağınıq olduğunu və pəncərənin bir gözünün açıq olduğunu görmüş, həmin vaxt Səlbinaz evindən oğurluqda kimdənsə şübhələnmədiyini, yalnız 220 ABŞ dollarının və 310 manat pulunun oğurlandığını bildirmiş və bu hadisə ilə əlaqədar polisə zəng etmişlər. Həmçinin ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs həmin ərazidə görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Kəngərli rayon Çalxanqala kənd ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağına qanunsuz daxil olmaqla ona məxsus qara rəngli əl çantasının içərisindəki pul qabından 220 ABŞ dolları, 220 manat pulunun və yataq otağında yerləşən paltar şkafının içərisində olan 90 manat pul olmaqla ümumilikdə 220 ABŞ dolları və 310 manat pulun oğurlanması faktına görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin 25 oktyabr 2023-cü il tarixli sorğuya cavabından görünür ki, 23-24 oktyabr 2023-cü il tarixlərində 1 ABŞ dolları 1.7000 Azərbaycan manatına, 220 (iki yüz iyirmi) ABŞ dolları isə 374.00 (üç yüz yetmiş dörd) Azərbaycan manatına bərabər olmuşdur. 26 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. Hadisə yerinə baxış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluq baş verdiyi yer Kəngərli rayon Çalxanqala kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 13 noyabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Kəngərli rayon Çalxanqala kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə hansı qaydada daxil olduğunu, oğurladığı 220 ABŞ dolları və 310 manat pulun haradan götürdüyünü və hansı qaydada evi tərk etdiyini göstərməklə ifadəsini hadisə yerində əyani göstərməklə təsdiq etmişdir. Cinayət işi ilə əlaqədar verilmiş əməliyyat tapşırığına cavab olaraq Kəngərli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin 31 oktyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, "Kəngərli Rayon Çalxanqala kənd sakini Təqsirləndirilən şəxs oğurluq hadisəsini törədən zaman onun yanında başqa şəxs və şəxslərin olub-olmaması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və həmin oğurluq hadisəsinin törədilməsində başqa şəxs və ya şəxslərin olması müəyyən olunmamış, hadisəni törətmiş Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətməsində onu təhrik edən şəxs və ya şəxslərin olması müəyyən olunmamış, Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən başqa şəxslərlə cinayət əlaqəsinə girib-girməməsini müəyyən edilməsi məqsədilə əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır". Cinayət işi üzrə 27 oktyabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Psixi X3 rayon Çalxanqala kəndində yaşayan Təqsirləndirilən şəxs narkoloji və ya psixi xəstə kimi qeydiyyatda durub-durmaması barədə məktubla müraciət edilmiş, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin 27 oktyabr 2023-cü il tarixli cavab məktubunda ünvan 3 ünvanında qeydiyyatda olan və Kəngərli rayon Çalxanqala kəndində yaşayan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu" diaqnozu ilə dispanser qeydiyyatında dayandığı bildirilmişdir. 30 oktyabr 2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Məhkəmə-Narkoloji ekspertizası təyin olunaraq keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2023-ci il tarixli 346 saylı rəyə əsasən "Təqsirləndirilən şəxs alkoqolizmdən əziyyət çəkir. Lakin hazırda abstinetsiya sindromu müşahidə olunmadığından və öz vəziyyətinə tənqidi münasibəti saxlandığından məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkmir". 30 oktyabr 2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası təyin olunaraq keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2023-ci il tarixli 347 saylı rəyində göstərilir ki, “Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir”. Qətimkan tədbiri seçilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin ƏSİŞ tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 saat müddətində ictimai işlər seçilməsi" qeyd olunmuşdur. Kəngərli Rayon Qeydiyyat Şöbəsindən alınmış 27 oktyabr 2023-cü il tarixli 3-16- 5/8-14-196/2023 saylı məktubda "Kəngərli Rayon Çalxanqala kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.1996-cı il tarixdə X5 (təv.xx.xx.1978) qızı ilə nikaha daxil olub, həmin nikahdan iki övladı var. Nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Övladları: X6 (təv.xx.xx.1997-ci il) X7 (təv. 26.12. 2001-ci il)" olduğu qeyd edilmişdir. Kəngərli rayon Çalxanqala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Naxçıvan MR DİN Kəngərli Rayon Polis Şöbəsinə göndərilmiş 01 noyabr 2023-cü il tarixli 23 nömrəli məktubda Təqsirləndirilən şəxs Kəngərli rayon Çalxanqala kəndində pasport qeydiyyatında durmadığı və barəsində heç bir məlumatın olmadığı göstərilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən təqdim olunmuş Naxçıvan MR X4 X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəstəxanaya yerləşdirmə epikrizindən görünür ki, Təqsirləndirilən şəxs virus mənşəli xroniki Hepatit C xəstəsidir. Təqsirləndirilən şəxs məxsus AZE ********* nömrəli şəxsiyyət vəsiqəsi məhkəməyə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, dəymiş ziyanın tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxsin barəsində xx.xx.2008-ci il tarixdə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 saat müddətində ictimai işlər növündə cəza seçilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində cəzanı çəkib qurtardıqları gündən bir il keçdiyini nəzərə alaraq hesab edir ki, onun məhkumluğu ödənilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Naxçıvan MR Kəngərli rayon üzrə İcra və Probasiya Bölməsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanunu qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə ibtidai istintaq zamanı götürülərək məhkəməyə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus AZE ********* nömrəli şəxsiyyət vəsiqəsi onun özünə qaytarilmalıdır. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsini nəzərə alır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Kəngərli Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Cəzasının əvvəli Kəngərli Rayon İcra və Probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kəngərli rayon Çalxanqala kəndində yaşadığı evi hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən cəzanın icrasına nəzarət edən Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya bölməsini məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus AZE ********* nömrəli şəxsiyyət vəsiqəsi özünə qaytarılsın. İş üzrə müdafiəçilərə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Kəngərli rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar