Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-10/2024 29.03.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirlən şəxsin tərcüməçisi X4 iştirakı ilə, 14 fevral 1993-cü ildə Türkiyə Respublikasının Batman şəhərində anadan olmuş, ailəli, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, Türkiyə Respublikası Batman şəhəri, 3702 nömrəli küçə, ev 81 ünvanında qeydiyyatda olaraq yaşamış, 21 dekabr 2023-cü il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə idarə etdiyi 33BYF03/33BJF13 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi təmiz çəkisi 1,735 qram narkotik vasitə qurudulmuş marixuananı əyninə geyindiyi qara rəngli gödəkcənin sağ cibində bir ədəd şəffaf sellofan paketdə gömrük sərhədindən gömrük nəzarətindən gizlədərək həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 12:00 radələrində tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Buna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İranın Bazırqan gömrüyündə sıra olduğundan Azərbaycan üzərindən tranzit keçib Türkiyəyə getmək üçün tam xatırlamadığı tarixdə Şahtaxtı gömrüyünə keçmiş, gömrük əməkdaşı idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlamış, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində sənədlər olan çantanın içərisindən narkotik vasitə və tütün çəkmək üçün istifadə olunan kağızlar aşkar etmiş, daha sonra gömrük əməkdaşı üzərinə yoxlama aparmaq üçün onu bir otağa aparmış, orada üzərini yoxlayan zaman gödəkcəsinin sağ cibində olan “esrar” adlandırılan kütləni aşkar etmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu, narkotik vasitə marixuananı əvvələr istifadə edib tərgitdiyini, 2-3 ay olardı ki, yenidən istifadə etməyə başladığını, onun üzərindən aşkarlanan marixuananı İranda Bəzirgan şəhərində olarkən tanımadığı şəxsdən 500 İran tüməninə aldığını və qara rəngli gödəkcəsinin cibinə qoyduğunu, İranda olarkən aldığı narkotik vasitədən bir neçə dəfə istifadə etdiyini, heç vaxt satmadığını, yalnız özünün istifadəsi üçün aldığını, hər yerdə qadağan olduğunu bildiyini, gömrükdə qadağan olunmuş nəyinsə olmasının soruşulduğunu, lakin az miqdar olduğunu fikirləşib soruşulduqda gömrükçüyə demədiyini, idarə etdiyi nəqliyyat vasitəsində heç nə aşkarlanmadığını, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə “Şahtaxtı” gömrük postunda işdə olarkən İrandan gələn Təqsirləndirilən şəxs məxsus 33BYF03/33BJF13 nömrəli nəqliyyat vasitəsini sürücünün hərəkətlərindən və üz-mimikalarından şüphələndiyindən yoxlamaq zərurəti yaranmış, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində və üzərində qadağan olunmuş əşyaların olub-olmamasını soruşmuş, o, siqaretinin olduğunu bildirərək təqdim etmiş, başqa heç nə olmadığını dedikdən sonra nəqliyyat vasitəsini video çəkilişdən istifadə etməklə yoxlamağa başlamış, yoxlama zamanı nəqliyyat vasitəsindən narkotik vasitə və tütün qoyulması üçün istifadə edilən kağızlar aşkar etmiş, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirmiş və bu zaman gödəkçəsinin sağ cibindən qurudulmuş ot halında olan narkotik vasitəyə bənzər kütlə tapılmışdır. Ondan həmin kütlənin nə olmasını soruşduqda “əsrar” (narkotik vasitə) olduğunu, özünün istifadə etdiyini demişdir. Həmin kütləni çəkdikdə isə 1,916 qram olmuşdur. Yoxlamanın nəticəsi olaraq sənədləşdirilmə işləri aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq İdarəsinin “Şahtaxtı” gömrük postunun baş müfəttişi, Şahid2 ifadəsində bildirmişdir ki, o, 19 dekabr 2023-cü il tarixdə işdə olarkən təxminən saat 13:00 radələrində gömrük əməkdaşı Şahid1 ona yaxınlaşıb bir nəqliyyat vasitəsində yoxlama aparacağını deyərək ondan video çəkiliş etməsini xahiş etmiş, yoxlamadan əvvəl Firudin müəllim sürücüdən nəqliyyat vasitəsində və üzərində qadağan olunmuş əşyaların olubolmamasını soruşmuş, sürücü heç nə olmadığını dedikdən sonra maşının hər tərəfini axtarmış və heç nə aşkar etməmişdir. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində olan əl çantasından narkotik vasitələrin qoyulması üçün kağız tapdığından şübhələnib şəxsi yoxlama aparılması üçün sürücünü şəxsi yoxlama otağına aparmışdır. Yoxlama zamanı sürücüyə məxsus gödəkcənin cibindən sellofan paketdə olan narkotik vasitə tapmış, nə olduğunu soruşduqda özünün istifadə etdiyini bildirmiş, sonra həmin vasitə çəkilmiş və sənədlər tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru Şahid1 tərəfindən tərtib edilmiş “şəxsi yoxlama aparılması haqqında” protokoldan, habelə məhkəmə iclasında baxış keçirilmiş video-görüntülərdən görünür ki, 19 dekabr 2023-cü il tarixdə saat 17:05-də Türkiyə Respublikasının vətəndaşı, U29230988 nömrəli xarici pasportun sahibi, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əyninə geyindiyi qara rəngli gödəkcənin sağ cibindən bir ədəd şəffaf paketdə, ot halında, tünd yaşıl rəngli, kəskin iyli, qablaşdırma ilə birlikdə ümumi çəkisi 1,916 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. 20 dekabr 2023-cü il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və 21 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 19 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi qara rəngli gödəkcənin sağ cibindən aşkarlanaraq götürülmüş bir ədəd şəffaf sellofan paketdə ot halında, tünd yaşıl rəngli, kəskin iyli, qablaşdırma ilə birlikdə ümumi çəkisi 1,916 qram olan narkotik vasitəyə bənzər kütlənin nə olmasının, narkotik vasitələrə, psixotrop maddələrə və yaxud güclü təsir edən və zəhərli maddələrin siyahısına aid olmasının, əgər aiddirsə, hansı növə aid olmasının, hazırlanma üsulunun, təmiz çəkisinin və təsiredici maddəsinin miqdarının müəyyən edilməsi məqsədilə 19 dekabr 2023-cü il tarixdə məhkəmə bioloji ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2023-cü il tarixli 1255 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd balaca kağız zərfdə təqdim olunmuş 01 ədəd balaca şəffaf sellofan paketdə təmiz çəkisi – 1,735 qram tünd-yaşıl rəngli, kəskin iyli, xırdalanmış bitki mənşəli kütlə narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respunlikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı, İ bənd, №146). Qeyd: Marixuana təmiz çəkisi - 1,735 qram; tədqiqata sərf edildi - 0,03 qram; qalıq - 1,705 qram. 21 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edib-etməməsinin, əgər narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edirsə narkоmaniya xəstəliyinə tutulub-tutulmamasını, əgər narkomandırsa, məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyən etmək məqsədilə ambulator məcburi narkoloji yoxlama təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 441 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Sait oğlu marixuana narkotik maddəsi qəbul edir. Təqsirləndirilən şəxs Sait oğlu kannabinoid narkomaniyası xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs Sait oğlunun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat dövründə 28 dekabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,735 qram narkotik vasitə marixuana cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 1,705 qram narkotik vasitə marixuana məhkəmənin yekun qərarınadək Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması nəzərə alınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Redmi Note 8” markalı mobil telefon Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılmış və ona məxsus U29230988 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin ƏSİŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 19 dekabr 2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2023-cü il tarixli 1255 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 441 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi təmiz çəkisi 1,735 qram narkotik vasitə qurudulmuş marixuananı əyninə geyindiyi qara rəngli gödəkcənin sağ cibində bir ədəd şəffaf sellofan paketdə gömrük sərhədindən gömrük nəzarətindən gizlədərək həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 12 radələrində tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və bununla da Azərbaycan Respublikası CMnin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Marixuana” 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respunlikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr siyahısı”na daxildir. 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” narkotik maddə olan marixuananın şəxsi istehlak miqdarından xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.14-cü maddəsinə görə, gömrük nəzarəti - gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir; 1.0.1-ci maddəsinə görə bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi deməkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində izah edilir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 16-cı maddəsində isə izah edilir ki, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə, onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. Buna görə, malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi zamanı sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədilmiş qaçaqmalçılıq bu cinayətin qeyd olunan qeyri-qanuni üsullardan biri ilə törədilməsinin, o cümlədən, gömrük orqanına qeyd olunmuş sənədlərin daxili gömrük tranziti, malların gömrük proseduruna salınması və ya malların və digər əşyaların buraxılması ilə bağlı gömrük prosedurunun həyata keçirilməsi prosesində təqdim edilməsi zamanı bu faktın aşkarlandığı və bunun qarşısının alındığı andan başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 19 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 441 nömrəli tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini və hal-hazırda onun məcburi müalicə olunmasına zərurət olmadığının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 1,705 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Redmi Note 8” markalı mobil telefon və Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U29230988 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. İş üzrə müdafiçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan 1,705 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Redmi Note 8” markalı mobil telefon özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U29230988 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-10/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-10/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver