Məhkəmə qərarları › İş №1(111)-12/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-12/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-12/2023 06.07.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirlən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirlən şəxsin tərcüməçisi X2 iştirakı ilə, xx.xx.1976-cı il tarixində Türkiyə Respublikası Erçiş şəhərində anadan olmuş, ailəli, dörd uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, Türkiyə Respublikası, Erçiş şəhəri, Van yolu məhəlləsi, Kantarlar küçəsi, Mutluyaşam binası, A bloku, ev 3 ünvanında qeydiyyatda olaraq yaşamış, Türkiyə Respublikası vətəndaşı, 05 aprel 2023-ci il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda X4 Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 9,997 qram narkotik vasitə tiryəki şəffaf seloffan paketə bükməklə idarə etdiyi 42FFF47/04AAJ059 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı yük nəqliyyat vasitəsinin kabinində yerləşən idarəetmə panelinin üzərində olan salfet qutusunun içərisində salfetlərin alt hissəsində saxlamış, həmin yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən daşımış və 3 aprel 2023-cü il tarixdə saat 20 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikası, Erçiş şəhəri, Van yolu məhəlləsi, Kantarlar küçəsi, Mutluyaşam binası A bloku ev 3 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır və təxminən 10 il olar ki, tır sürücüsü işləyir. Həm ölkə daxili, həm də ölkə xarici yük daşımalarında iştirak etmişdir. Axırıncı dəfə İran İslam Respublikasına gələrək nəqliyyat vasitəsinə sink yükü yükləmiş, Azərbaycan ərazisindən tranzit keçərək Türkiyəyə getmək üçün İranın Poldəşt gömrüyünə tır parkına gəlmişdir. Orada olarkən Ahmet adında bir İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, onunla birlikdə özünün idarə etdiyi nəqliyyat vasitəsinə minmiş və onlar bir yerdə çay içmişlər. Daha sonra ona yemək təklif etmiş və birlikdə yemək yemişlər. Narkotik vasitəni də həmin anda nəqliyyat vasitəsinə iranlının qoyduğunu və Sədərək - Dilucu körpüsünü keçdikdən sonra geri götürəcəyini düşünür. xx.xx.2023-cü il tarixində İranın Poldəşt gömrüyündən keçərək Azərbaycanın Şahtaxtı gömrüyünə gəlmiş, Şahtaxtı gömrüyünə gəldikdən sonra orada nəqliyyat və yükün sənədlərini qeydiyyata aldırıb nəqliyyat vasitəsini yoxlanış yerinə vermişdir. Gömrükdə yoxlama başlamazdan əvvəl gömrük işçisi ondan idarə etdiyi nəqliyyat vasitəsində və üzərində qadağan olunmuş və ya gömrüyə bəyan ediləsi hər hansı bir predmetin olub-olmamasını soruşmuş, o, isə cavabında qadağan olunmuş heç nəyin olmadığını bildirmiş və ilk öncə ərzaqlarını təqdim etmiş, gömrük əməkdaşı idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirmiş, heç nə aşkarlanmamışdır. Sonra isə gömrük əməkdaşı ona nəqliyyat vasitəsinə itlə baxış keçirəcəyini bildirmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində yerləşən salfetka qutusunun içindən bir büküm qara rəngli maddə aşkar etmiş, daha sonra isə hal şahidlərini çağırmışdır. Aşkar etdikləri kütləni tərəzidə çəkdikləri zaman 7 qram olmuş, sonra isə 9 qram olduğu müəyyən edilmişdir. Sonra onun üzərində də şəxsi yoxlama aparılmış, yoxlama zamanı üzərindən heç nə aşkarlanmamışdır. Daha sonra gömrük əməkdaşının hazırladığı sənədləri imzalamışlar. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona ünvanlanmış suallara cavab olaraq idarə etdiyi nəqliyyat vasitəsinin kabinində salfet qabından aşkar olunan narkotik vasitənin ona aid olmadığını və kimə aid olduğunu bilmədiyini, yoxlama zamanı gömrük əməkdaşı Elnurun orada olmadığını, narkotiki digər əməkdaşın aşkarladığını, aşkarlanan maddənin nə olduğunu bilmədiyini, salfetləri maşına özünün qoyduğunu, məsuliyyətin özünə aid olduğunu göstərərək 4 uşağının olması nəzərə alınaraq ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixində xidmətdə olarkən “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs hərəkətləri onda şübhə doğurduğundan idarə etdiyi 42FFF47/04AAJ059 dövlət nömrə nişanlı, “Mercedes” markalı yük nəqliyyat vasitəsinə kinoloji it tətbiq etməklə iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirməyi qərara almış, əvvəlcə gömrük ərazisində yük boşaltmağa gəlmiş Elmahir və Elçin adlı fəhlələri çağırmış, onları şahid qismində iştrak etmələri barədə məlumatlandırmış, hüquq və vəzifələrini izah etmişdir. Yoxlamağa başlamadan əvvəl Təqsirləndirilən şəxs bəyan edilməli və ya qadağan olunmuş predmetlərin təqdim olunmasını təklif etmiş, Təqsirləndirilən şəxs isə idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi hər hansı bir şeyin olmadığını ona söyləmişdir. Daha sonra Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 42FFF47/04AAJ059 dövlət nömrə nişanlı, “Mercedes” markalı, yük nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamış, yoxlama zamanı heç nə aşkarlanmamış, lakin şübhəli olduğundan nəqliyyat vasitəsinin kinoloji itin vasitəsi ilə yoxlanmasına qərar verərək kinoloqu çağırmış və hal şahidlərinin iştirakı ilə yük nəqliyyat vasitəsini yoxlamışdır. Kinoloji itin nəqliyyat vasitəsinə verdiyi reaksiya əsasında daha ətraflı baxış keçirmiş və yük nəqliyyat vasitəsinin kabinində idarəetmə panelinin üzərindəki salfet qutusunun içərisindəki salfetlərin altından təxmini çəkisi 9.9 qram olan tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə bənzər kütləni aşkar edərək götürmüş, yoxlamanı bitirdikdən sonra Təqsirləndirilən şəxs üzərində iki nəfər hal şahidinin iştirakı ilə şəxsi yoxlama aparmış, lakin heç nə aşkar etməmişdir. Yoxlamanın nəticəsi barədə sənədlər tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DGK-nın X5 klubunun Təlim-tədris və kinoloji fəaliyyətin ərazilər üzrə təşkili şöbəsinin təlimçisi işləyir, təxminən 2-3 ay əvvəl Şahtaxtı gömrüyündə olarkən gömrük əməkdaşı Şahid4 ona İrandan gələn Türkiyə Respublikasının vətəndaşının idarə etdiyi 42FFF47/04AAJ059 nömrəli yük nəqliyyat vasitəsinə xidməti it tətbiq etməsini söyləmiş, əvvəlcə xidməti itlə 42FFF47/04AAJ059 nömrəli yük nəqliyyat vasitəsinə baxış keçirdiyi zaman xidməti it həmin yük nəqliyyat vasitəsinin kabin tərəfinə reaksiya verdiyindən bunu gömrük əməkdaşına bildirmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində yerləşən idarəetmə panelinin üzərində olan salfet qutusunun içərisində olan salfetlərin alt hissəsindən bir bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar etmiş və yoxlama bitdikdən sonra tərtib olunmuş müvafiq sənədləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, o, Kəngərli rayonunun Şahtaxtı kəndində ailəsi ilə birlikdə yaşayır və Şahtaxtı gömrüyündə fəhləlik edir. 3 aprel 2023-cü il tarixdə təxminən axşam 6-7 radələrində Şahtaxtı gömrüyündə yük boşaldarkən gömrük əməkdaşı Elnur onu və onunla birlikdə fəhləlik edən Elmahiri dəvət edərək İrandan gələn Türkiyə Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirmək üçün hal şahidi kimi onların iştirak etməsini xahiş etmiş, onlar da etiraz etməyərək birlikdə yoxlamanı keçirəcəkləri yerə getmişlər. Yoxlamadan əvvəl Elnur sürücüdən idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, yaxud bəyan edilməli olan hər hansı əşyanın olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə nəqliyyat vasitəsində qadağan olunmuş, yaxud bəyan edilməli olan heç nəyin olmadığını bildirmişdir. İlk öncə xidməti itlə yoxlama keçirilmiş, it nəqliyyat vasitəsinin ətrafına reaksiya verdiyindən nəqliyyat vasitəsinə daha ətraflı yoxlama aparılmış və yoxlama zamanı Elnur tərəfindən yük nəqliyyat vasitəsinin idarəetmə panelinin üzərində olan salfet qutusunun içərisində olan salfetlərin alt hissəsindən bir büküm tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, onların iştirakı ilə çəkildikdən sonra müəyyən edilmişdir ki, həmin kütlənin təqribi çəkisi 9,9 qramdır. Eyni zamanda nəqliyyat vasitəsinin sürücüsünün üzərində də yoxlama aparılmış, lakin heç nə aşkar olunmamışdır. Yoxlama bitdikdən sonra müvafiq sənədlər tərtib olunmuş və onlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmədə dindirilmiş digər Şahid2 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- 03 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru Şahid4 tərəfindən tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 20:23-də “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “sink” yükü aparan Türkiyə Respublikasının vətəndaşı, Erçis şəhər sakini, xx.xx.2023-cü il tarixdə verilmiş U35669504 nömrəli xarici pasportun sahibi, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi 42FFF47/04AAJ059 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində idarəetmə panelinin üzərində olan salfet qutusunun içərisindəsalfetlərin alt hissəsindən bir büküm tünd qəhvəyi rəngli, kəskin iyli, təqribi çəkisi 9.9 qram narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. 04 aprel 2023-cü il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və 05 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. 24 may 2023-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 04 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 42FFF47/04AAJ059 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük nəqliyyat vasitəsindən aşkarlanaraq götürülmüş tünd qəhvəyi rəngli, kəskin iyl təqribi çəkisi 9.9 qram olan narkotik vasitəyə bənzər kütlənin nə olmasının, hazırlanma üsulunun, əgər narkotik, yaxud güclü təsir edən və zəhərli maddədirsə hansı növə aid olmasının, xalis çəkisinin və təsiredici maddəsinin miqdarının müəyyən edilməsi məqsədilə 04 aprel 2023cü il tarixdə məhkəmə-bioloji ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2023-cü il tarixli 355 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş, 01 ədəd kağız zərfdə təqdim olunmuş, 01 ədəd sellofan kəsiyinə bükülmüş, təmiz çəkisi 9,997 qram olan tünd qəhvəyi rəngli, bərk halda, spesifik iyli kütlə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təstiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (İ siyahı; sıra №102) daxildir. Qeyd: Tiryək təmiz çəkisi - 9,997 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 9,897 qramdır. 05 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 12 aprel 2023-cü il 81 nömrəli ambulator məhkəmə-narkoloji ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs alkoqolizm və narkomaniya xəstəliyi aşkar olunmadı. Məhkəməyədək icraat dövründə 06 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkarlanıb götürülmüş təmiz çəkisi - 9,997 qram olan tiryəkin cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 9,897 qram tiryəkin məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılması, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung Galaxy M13“ markalı mobil telefonun məhkəmənin yekun qərarına və hökmünə kimi saxlanılması üçün DGK-nin Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məxsus U35669504 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə təqsirləndilən şəxsin məhkəmə baxışında idarə etdiyi nəqliyyat vasitəsinin kabinində salfet qabından aşkar olunan narkotik vasitənin ona aid olmadığı və kimə aid olduğunu bilmədiyi, yoxlama zamanı gömrük əməkdaşı Elnurun orada olmadığı, narkotiki digər əməkdaşın aşkarladığı, aşkarlanan maddənin nə olduğunu bilmədiyi barədə ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi cinayət işinin materialları ilə tam təkzib edildiyindən özünümüdafiə kimi qiymətləndirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndilən şəxs Təqsirləndirilən şəxs 4 uşağının olması həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və bunu təsdiqləyən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 03.04. 2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2023-cü il tarixli 355 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il 81 nömrəli ambulator məhkəmə-narkoloji ekspertiza rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 9,997 qram narkotik vasitə tiryəki şəffaf seloffan paketə bükməklə idarə etdiyi 42FFF47/04AAJ059 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı yük nəqliyyat vasitəsinin kabinində yerləşən idarəetmə panelinin üzərində olan salfet qutusunun içərisində salfetlərin alt hissəsində saxlamış, həmin yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən daşımış və 3 aprel 2023-cü il tarixdə saat 20 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsiyə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» üzrə İ siyahısına görə psixotrop maddə olan tiryək şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 03 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il 81 nömrəli tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs alkoqolizm və narkomaniya xəstəliyi aşkar olunmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 9,897 qram tiryək məhv edilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Samsung Galaxy M13“ markalı mobil telefon özünə qaytarılmalı, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U35669504 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 195.1.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı cinayət prosesini həyata keçirən orqanın tələbi ilə tərcüməçi tərəfindən görülən iş yerinə yetirildikdə - Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla sərtləşdirildiyi kimi görülən işin haqqı ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 9,897 qram tiryək məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Samsung Galaxy M13“ markalı mobil telefon özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U35669504 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. İş üzrə müdafiəçiyə və tərcüməçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar