Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-14/2023 13.07.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, tərcüməçi X2 iştirakları ilə, xx.xx.1961-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində doğulmuş, subay, iki uşaq atası, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Türkiyə Respublikasının İstanbul şəhəri, Beşiktaş Dikilitaş məh, №23, Taksim 4-də qeydiyyatda olaraq yaşamış, 15 aprel 2023-ci il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda X4 Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, Türkiyə Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 1 ədəd üzəri şəffaf sellofanla örtülü plastik qablaşmanın içərisində üzərində “S&B 9mm Br.C.” sözləri yazılmış döyüş sursatı hesab edilən istifadəyə yararlı 45 ədəd 9x17 mm kalibrli patronları idarə etdiyi 14ABD913/34FBJ824 dövlət qeydiyyat nişanlı, “Scania” markalı yük nəqliyyat vasitəsinin dartıcısında kabinin ön yuxarı hissəsində yerləşən geyim əşyalarının qoyulması üçün nəzərdə tutulmuş dolabına qoyaraq saxlamış, 13 aprel 2023cü il tarixdə saat 23 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərək daşımış və Kəngərli rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan patronları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən, qaçaqmalçılıq yolu ilə keçirmiş və bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CМ-nin 206.2 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır. Təxminən 23 ildir ki, tır sürücüsü işləyir. Hazırda İstanbul şəhərində olan “Tüv Trans” daşımacılıq firmasında sürücü işləyir və çox zaman Türkiyə Respublikasından xarici ölkələrə və Avropaya müxtəlif adda yüklər daşıyır. Sonuncu dəfə İran İslam Respublikasına yük aparmış, 13 aprel 2023-cü il tarixində gecə saatlarında saat 23 radələrində idarə etdiyi 14ABD913/34FBJ824 nömrəli “Scania” markalı yük nəqliyyat vasitəsi ilə Şahtaxtı gömrüyünə gəlmiş, gömrükdə idarə etdiyi nəqliyyat vasitəsinə yoxlama keçiriləcəyi ona bildirilmiş və gömrük əməkdaşı onun idarə etdiyi nəqliyyat vasitəsində və ya üzərində qadağan olunmuş və ya gizlədilmiş nəsə olub-olmamasını soruşmuş, o isə 1 qutu siqaretinin olduğunu və bundan əlavə bəyan etməli nəsə olmadığını bildirmişdir. Yük maşınına yoxlama keçirməyə başlamışlar və yoxlama zamanı idarə etdiyi nəqliyyat vasitəsinin kabinində paltarlarını yığdığı dolabın içində olan paltarlarının altından 45 ədəd patron aşkar edilmişdir. Sonra gömrük əməkdaşları üzərini yoxlamış və yoxlama zamanı üzərindən heç nə aşkar edilməmişdir. Təxminən 1 il əvvəl idarə etdiyi nəqliyyat vasitəsi bahalı olduğu üçün, həm də dəyərli mal daşıdığı üçün özünü qorumaq məqsədi ilə internet üzərindən bir silah almış, 7 ay əvvəl də Türkiyə Respublikasının İstanbul şəhərində təqaüddə olan İsmayıl adlı polisdən 600 lirə pul ödəyərək həmin silaha uyğun 45 ədəd patron almışdır. Patronları aldıqdan sonra evə getməyə fürsəti omadığından nəqliyyat vaitəsində qalmışdır. Hazırda aldığı “Clock” markalı silah İstanbul şəhərində yaşadığı evindədir və silahdan istifadə etmək icazəsi yoxdur, lakin Türkiyə Respublikasında hər türk ailəsində silah olmasını düşünərək almışdır. Aldığı patronları idarə etdiyi nəqliyyat vasitəsində paltarlarının olduğu yerə dolaba qoymuş, oradan arxaya düşdüyündən patronları oraya qoyduğunu unutmuşdur. Sonra nəqliyyat vasitəsinə Ankarada yük yükləyib Avropaya aparmış, 7 ay boyunca müxtəlif ölkələrdən keçmiş, lakin patronlar həmin ölkələrdə aşkar olunmamışdır. Son dəfə idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı texnikanı Afyon şəhərində endirdikdən sonra orada yüklənən yükü aparıb İranda boşaltmış, İrandan Şahtaxtı gömrüyünə gələndə nəqliyyat vasitəsi boş olmuşdur. Patronları bilərəkdən Azərbaycan Respublikasının ərazisinə keçirməmiş, gətirməyi ondan kimsə istəməmiş, kiməsə xəsarət yetirmək məqsədi olmamış, unutduğu üçün nəqliyyat vasitəsində qalmışdır. Sonda törətdiyi əmələ görə peşman olduğunu bildirmiş və barəsində ədalətli qərar çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, o, Naxçıvan Baş Gömrük İdarəsi, “Şahtaxtı” gömrük postunun böyük inspektoru vəzifəsində işləyir. 14 aprel 2023-cü il tarixdə xidmətdə olduğu zaman “Şahtaxtı” gömrük postu vasitəsi ilə İran İslam Respublikasından gələn və Türkiyə Respublikasına gedən Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs adlı sürücü ilə söhbət etmiş, söhbət zamanı İran İslam Respublikasına və Naxçıvan Muxtar Respublikasına birinci dəfə gəldiyini bildirməsindən və həyacanlı şəkildə danışmasından şübhələndiyindən onun idarə etdiyi “Scania“ markalı nəqliyyat vasitəsini yoxlamaq qərarına gəlmiş, gömrük ərazisində fəhləlik edən Habil və Seymuru çağırıb maşını yoxlayan zaman hal şahidi kimi iştrak etmələrini istəmiş, onlar da etiraz etməmişlər. Sonra yük maşınının sürücüsü Təqsirləndirilən şəxs üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş mal, əşya və yaxud da hər hansı başqa bir predmet olub-olmamasını soruşmuş, sürücü isə heç nə olmadığını, sadəcə bir blok siqaret və 2 kq kartof olduğunu bəyan etmişdir. İlk növbədə onun idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı maşının kabinində üst hissədə olan dolabda paltarlar olduğunu görmüş və onların altına baxdıqda 1 ədəd qablaşmada sellofana bükülmüş formada 45 ədəd qızılı rəngli tapança patronlarına oxşar predmetlər aşkar etmiş, həmin predmetləri aşkar etdikdən sonra nəqliyyat vasitəsinin qalan hər yerini tam və dolğun şəkildə yoxlayaraq başqa bir şey aşkar etməmişdir. Aşkar etdiyi premetləri hal şahidlərinin də iştirakı ilə qablaşdırıraraq götürmüşdür. Yoxlama bitdikdən sürücünün üzərini də yoxlamaq üçün onu şəxsi yoxlama otağına aparmış, orada da hal şahidlərinin iştirakı ilə yoxlama keçirmiş, lakin onun üzərində qanunla qadağan olunmuş heç bir predmet aşkar etməmişdir. Yoxlamalarla bağlı protokollar tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Şahid1 ifadəsində yoxlama zamanı patronlar aşkar edildikdən sonra Təqsirləndirilən şəxs həyəcanlandığını, aşkar edilmiş patronları Türkiyə Respublikasında olarkən aldığını, özünə aid tapançanın patronları olduğunu, unutduğundan həmin patronların nəqliyyat vasitəsində qaldığını və bəyan etmədiyini, Türkiyədə hər kəsdə tapança olduğunu bildirdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəlidir və Şahtaxtı kəndində yaşayır. Hazırda rəsmi bir iş yeri yoxdur və “Şahtaxtı” gömrüyündə fəhləlik edir. 14 aprel 2023-cü il tarixində “Şahtaxtı” gömrüyündə yük yükləyərkən gömrük əməkdaşı Zülfü müəllim onu və onunla birgə işləyən Seymuru yanına çağıraraq tır sürücüsü olan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı yük nəqliyyat vasitəsini yoxlayacağını və onu tanıyıbtanımadıqlarını soruşmuş, onlar da tanımadıqlarını söyləmiş və onlardan hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Seymur və o, gömrük əməkdaşı Zülfünün xahişini qəbul etmiş və bundan sonra Zülfü sürücüdən qanunla qadağan olunmuş hər hansı bir şeyin olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə heç nə olmadığını, sadəcə 2 kiloqram kartof və bir blok siqaretinin olduğunu söyləmişdir. Sonra gömrük əməkdaşı Zülfü Təqsirləndirilən şəxs idarə etdiyi yük maşınını yoxlamağa başlamış və yoxlama zamanı maşının kabinində üst hissədə olan dolabda paltarlarının altından qablaşdırılmış şəkildə olan 45 ədəd patron aşkar etmişdir. Patronları aşkar etdikdən gömrük əməkdaşı Zülfü nəqliyyat vasitəsinin hər yerini yoxlamış və başqa heç nə aşkar etməmiş, yük maşınının yoxlanış bitirdikdin sonra sürücünün də üzərində yoxlama aparılmış, lakin onun üzərindən qanunsuz bir şey aşkar edilməmişdir. Sonra yoxlamalarla bağlı sənədlər tərtib edilmiş və onlar da imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmədə dindirilmiş digər Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi, “Şahtaxtı” gömrük postunun böyük inspektoru Şahid1 tərəfindən tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 02:05-də “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən Türkiyə Respublikasının vətəndaşı, xx.xx.2021-ci il tarixdə verilmiş U25000904 nömrəli pasportun sahibi, xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi 14ABD913/34FBJ824 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin yük nəqliyyat vasitəsinin dartıcında, kabinin ön yuxarı hissəsində yerləşən geyim əşyalarının qoyulması üçün nəzərdə tutulmuş dolabda paltarların altında gizlədilmiş şəkildə 1 ədəd üzəri şəffaf sellofanla örtülü plastik qablaşmanın içərisində 45 ədəd qızılı rəngli, hər birinin üzərində “S&B 9mm Br.C.” sözləri yazılmış patrona bənzər predmetlər aşkar edilmişdir. 15 aprel 2023-cü il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və 15 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. 24 may 2023-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 14 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 15 aprel 2023-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 14ABD913/34FBJ824 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük nəqliyyat vasitəsindən aşkarlanaraq götürülmüş 45 ədəd qızılı rəngli, hər birinin üzərində “S&B 9mm Br.C.” sözləri yazılmış patrona bənzər predmetlərin istifadəyə yararlı olmasının və döyüş sursatı hesab edilməsinin, hazırlanma üsulunun, hansı silahlar üçün istifadə edilməsinin müəyyən edilməsi məqsədilə 14 aprel 2023-cü il tarixdə məhkəmə-ballistik ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 402 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 45 (qırx beş) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9x17 mm kalibrli olmaqla, həmin kalibrə malik “ИЖ-71”, “Arsenal P-M01”, “Glock-42” markalı tapançalarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır-döyüş sursatıdırlar, istifadəyə (atəşə) yararlıdırlar.Qeyd: Tədqiqat zamanı patronlar istifadə edilməmişdir. Məhkəməyədək icraat dövründə 16 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkarlanıb götürülmüş 45 ədəd 9x17 mm kalibrli patronlar cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Huawei” markalı mobil telefonun məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məxsus U25000904 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnaməyə cavabdan görünür ki, əməliyyat kartotekasında Təqsirləndirilən şəxs haqqında heç bir məlumat yoxdur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 402 nömrəli ekspert rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 1 ədəd üzəri şəffaf sellofanla örtülü plastik qablaşmanın içərisində üzərində “S&B 9mm Br.C.” sözləri yazılmış döyüş sursatı hesab edilən istifadəyə yararlı 45 ədəd 9x17 mm kalibrli patronları idarə etdiyi 14ABD913/34FBJ824 dövlət qeydiyyat nişanlı, “Scania” markalı yük nəqliyyat vasitəsinin dartıcısında kabinin ön yuxarı hissəsində yerləşən geyim əşyalarının qoyulması üçün nəzərdə tutulmuş dolaba qoyaraq saxlamış, 13 aprel 2023-cü il tarixdə saat 23 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərək daşımış və Kəngərli rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan patronları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsiyə görə Azərbaycan Respublikası Cinayət Məcəllənin 206.2ci maddəsində, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cəzanın anlayışını və məqsədini müəyyən edən Azərbaycan Respublikası CM-nin 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını və əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 14 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Azərbaycan Pespublikası CM-nin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkarlanıb götürülmüş və maddi sübut kimi tanınmış 45 ədəd 9x17 mm kalibrli patronları onun təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə qanunsuz olaraq əldə etdiyini nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 99-1.1.2ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak kimi qiymətləndirib hesab edir ki, cinayət işi üzrə həmin əmlak xüsusi müsadirənin obyektidir və müsadirə edilməlidir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağına saxlanılması üçün təhvil verilmiş 45 ədəd 9x17 mm kalibrli patronlar dövlət nəfinə müsadirə edilməklə Naxçıvan MR Daxili İşlər Nazirliyinə təhvil verilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Huawei” markalı mobil telefon özünə qaytarılmalı, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U25000904 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. İş üzrə tərcüməçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 195.1.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı cinayət prosesini həyata keçirən orqanın tələbi ilə tərcüməçi tərəfindən görülən iş yerinə yetirildikdə - Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla sərtləşdirildiyi kimi görülən işin haqqı ödənilir. Cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağına saxlanılması üçün təhvil verilmiş 45 ədəd 9x17 mm kalibrli patronlar dövlət nəfinə müsadirə edilməklə Naxçıvan MR Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Huawei” markalı mobil telefon özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U25000904 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. İş üzrə tərcüməçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-14/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-14/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver