Məhkəmə qərarları › İş №1(111)-15/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-15/2023

14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-15/2023 14.08.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin tərcüməçisi X4 iştirakı ilə, xx.xx.1982-ci ildə Türkmənistanın Axal vilayətində anadan olmuş, Türkmənistan vətəndaşı, orta təhsilli, ailəli, sürücü işləmiş, Türkmənistanın Axal vilayəti, Qanqali kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ittiham elan edilmiş, barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 5 may 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən ayrı-ayrılıqda təmiz çəkisi 4,869 qram, 3,071 qram, 4,770 qram olmaqla, ümumilikdə şəxsi istehlak miqdarından artıq miqdarda,12,710 qram tiryək narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitəni üç ədəd sellofan bükümdə malların aşkar edilməsini çətinləşdirən üsüllardan istifadə etməklə əyninə geyindiyi ağ rəngli qısaqol alt paltarının aşağı hissəsinə bükərək orada saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “Daf” markalı 9428AGF/ 4940TAG dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə gələrkən üzərində daşımış, 5 may 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazisində yerləşən “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 22 radələrində üzərində keçirilmiş şəxsi yoxlama zamanı qeyd edilən narkotik vasitə aşkar edilərək ondan götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.1982-ci il tarixdə Türkmənistanın Axar vilayətində anadan olmuş, orta təhsillidir, ailəlidir, Türkmənistanın, Axar vilayəti, Qanqali kəndində yaşayır. Beynəlxalq yükdaşıma ilə məşğuldur, Türkmənistanın Aşkabad şəhərində fəaliyyət göstərən "xxxx" şirkətində sürücü işləyir. İdarə etdiyi “Daf” markalı 9428AGF/ 4940TAG dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi də həmin şirkətə məxsusdur. 15 ildir ki, narkotik vasitə olan tiryəkdən istifadə edir. 2 may 2023-cü il tarixdə saat 10 radələrində İran İslam Respublikasında olarkən tanımadığı bir marketə getmiş, orada olan İran İslam Respublikasının adını bilmədiyi vətəndaşından 10 dollar qarşılığında 3 bükümdə olan təxmini çəkisi 13-14 qram olan tiryək narkotik vasitəsini istifadə etmək üçün almışdır. 5 may 2023-cü il tarixdə aldığı 3 bükümdə olan tiryək narkotik vasitəsini ağ rəngli qısaqol alt paltarının aşağı hissəsini qatlayaraq həmin hissəyə yerləşdirmiş və həmin gün saat 22 radələrində “Şahtaxtı” gömrük postuna daxil olmuş, gömrük əməkdaşları ondan idarə etdiyi nəqliyyat vasitəsində və üzərində qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddənin olub olmadığını ondan soruşmuş, o, isə hər hansı bir qanunsuz maddənin olmadığını bildirmişdir. Sonra nəqliyyat vasitəsində gömrük yoxlaması aparılmış və qanunsuz hər hansı bir maddə aşkar edilməmişdir. Daha sonra isə hal şahidlərinin iştirakı ilə üzərində şəxsi yoxlama aparılmış və üzərində olan ağ rəngli qısaqol alt paltarının aşağı hissəsində qatlayaraq gizlətdiyi 3 ədəd bükümdəki maddələr aşkar edilmişdir. Daha sonra isə onun, hal şahidləri və gömrük əməkdaşının iştirakı ilə protokol tərtib edilmiş, tərəfindən imzalanmış və protokola əsasən həmin tiryək maddəsi götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində, üzərindən aşkar edilmiş tiryək narkotik vasitəsinin Azərbaycan Respublikasına gətirilməsinin və dövriyyəsinin qanunla qadağan edildiyini bildiyini, həmin maddənin satışı və qaçaqmalçılıq yolu ilə keçirilməsinin Türkmənistanda da qadağan olduğunu, narkotik vasitəsinin İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilməsindən heç kimin xəbəri olmadığını və bu məqsədlə də heç kimin ona köməklik etmədiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı etdiyi əməldən peşmançılıq hissi keçirdiyini, 3 uşağının olmasını nəzərə alınaraq cərimə cəzası barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu verdiyi ifadəsində göstərmişdir ki, o, Naxçıvan Baş Gömrük İdarəsi “Şahtaxtı” gömrük postunda baş müfəttişi vəzifəsində işləyir, 5 may 2023-cü il tarixdə axşam saat 22 radələrində Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Kəngərli rayonunun inzibati ərazisində yerləşən “Şahtaxtı” gömrük postunda xidmətdə olarkən İran İslam Respublikasından gələrək Azərbaycan Resublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən “Daf” markalı 9428AGF/4940TAG dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edən Türkmənistan vətəndaşı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində və üzərində hal şahidlərinin iştirakı ilə gömrük nəzarətini həyata keçirmiş, ilk olaraq həmin şəxsdən üzərində və nəqliyyat vasitəsində qanunla qadağan edilmiş hər hansı bir maddənin olubolmadığını soruşmuş, həmin şəxs üzərində və nəqliyyat vasitəsində qanunla qadağan edilən heç bir maddənin, predmetin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük yoxlaması aparılmış, gömrük yoxlaması zamanı həmin nəqliyyat vasitəsindən hər hansı bir qanunla qadağan olunan predmet aşkar edilməmiş, daha sonra isə həmin şəxs yoxlama otağına aparılmış və üzərində şəxsi yoxlama aparılmışdır. Səxsi yoxlama zamanı Təqsirləndirilən şəxs geyindiyi ağ rəngli qısaqol alt paltarının aşağı hissəsinin qatlanmış yerindən 3 bükümdə təxmini çəkisi 13,43 qram olan tiryək narkotik vasitəsinə oxşar maddə aşkar edilmiş və protokol tərtib edilərək götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 5 may 2023cü il tarixdə saat 22 radələrində həmkəndlisi Şahid3 ilə Şahtaxtı gömrük postu ətrafında olarkən “Şahtaxtı” gömrük postunda işləyən gömrük əməkdaşı olan Elvin onlara yaxınlaşaraq gömrük nəzarəti zamanı hal şahidi qismində iştirak etməyi təklif etmiş, onun təklifi ilə razılaşaraq “Şahtaxtı” gömrük postunda İran İslam Respublikasından gələn “Daf” markalı yük nəqliyyat vasitəsini idarə edən Türkmənistan vətəndaşı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə və üzərində keçirilən yoxlamalarda həmkəndlisi Nicatla birlikdə hal şahidi kimi iştirak etmişdir. Əvvəlcə gömrük əməkdaşı nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsində və ya üzərində qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmadığını soruşmuş, həmin şəxs isə üzərində və nəqliyyat vasitəsində qanunla qadağan edilən heç bir maddənin, predmetin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük yoxlaması aparılan zaman həmin nəqliyyat vasitəsindən hər hansı bir qanunla qadağan olunan predmet aşkar edilməmişdir. Daha sonra həmin şəxs yoxlama otağına aparılmış, üzərində şəxsi yoxlama aparılmış və şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs geyindiyi ağ rəngli qısaqol alt paltarının aşağı hissəsinin qatlanmış yerindən 3 bükümdə olan kütlə aşkarlanmış, həmin maddə onların yanında çəkildikdə üç bükümün ümumilikdə çəkisi 13,43 qram olmuşdur. Aşkarlanmış olan narkotik vasitəsinə oxşar maddə protokol tərtib edilərək götürülmüş, həmin protokolla tanış olaraq imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmədə dindirilmiş digər Şahid2 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” 8 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 may 2023-cü il tarixdə saat 22:34-də Şahtaxtı gömrük postun keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. Naxçıvan Baş Gömrük İdarəsinin Şahtaxtı gömrük postunda tərtib olunan “Şəxsi yoxlama aparılması və aşkar edilmiş predmetlərin götürülməsi haqqında” 5 may 2023-cü il tarixli protokoldan görünür ki, 5 may saat 23 radələrində Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda yoxlanılan şəxsdə olan əşyaları yoxlama, gömrük nəzarətinə təqdim edilməyən malların aşkar edilməsi məqsədi ilə Türkmənistan vətəndaşı, xx.xx.2015-ci ildə verilmiş A0647727 nömrəli xarici pasportun sahibi, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış və şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki ağ rəngli qısaqol paltarının aşağı hissəsini qatlayaraq həmin hissədə gizlətdiyi, şəffaf sellofan paketə bükülmüş halda kəskin iyli, tünd qəhvəyi rəngli 3 büküm, 1-ci bükümün təxmini çəkisi 5,11 qram, 2-ci bükümün təxmini çəkisi 3,21 qram, 3-cü bükümün təxmini çəkisi 5,11qram olmaqla ümumilikdə təxmini çəkisi 13,43 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş və protokol tərtib edilərək götürülmüşdür. 07 may 2023-cü il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələri ilə cinayət işi başlanılmış və 07 may 2023-cü il tarixdə həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməllərinin törədilməsində iştirak etməsinə əsaslı şübhələr olduğundan, o, 6 may 2023-cü il tarixdə cinayət işi başlanılmadan şübhəli şəxs qismində tutulmuş, 7 may 2023-cü il tarixdə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən həbs etmənin əvvəli 6 may 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılarkən aşkarlanaraq götürülmüş ümumi çəkisi qablaşdırma ilə birlikdə 13.43 qram olan narkotik vasitəyə oxşar kütlənin nə olmasının, hazırlanma üsulunun, əgər narkotik, yaxud güclü təsir edən və zəhərli maddədirsə hansı növə aid olmasının, xalis çəkisinin müəyyən edilməsi məqsədilə 06 may 2023-cü il tarixdə məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2023-cü il tarixli 6/2639 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “...İştirakçılar: Təqsirləndirilən şəxs... ” sözləri olan kağız paketdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,869 qr, 3,071 qr, 4,770 qr, ümumi çəkisi 12,710 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Qeyd: Tiryək təmiz çəkisi – 12,710 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq 12,610 qramdır. 07 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 22 may 2023-cü il tarixli 3118 nömrəli rəydə göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə “Sübutların qiymətləndirilməsi haqqında” 03 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkarlanıb götürülmüş ilkin çəkisi - 12,710 qram olan tiryəkin cinayət işi üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 12,610 qram tiryəkin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılması, həmçinin iş üzrə maddi sübut hesab edilməyən Təqsirləndirilən şəxs götürülmüş 300 (üç yüz) ABŞ dolları, 120000 (yüz iyirmi min) İran tüməni və 175 (yüz yetmiş beş) Türkmən manatının saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə və təchizat idarəsinə təhvil verilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı 9428AGF/4940TAG dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin, həmin nəqliyyat vasitəsinin açarlarının və TM seriyalı 3790422, TM seriyalı ******* şəhadətnamələrin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin saxlanc yerində (şahtaxtrı gömrük postunun dayanacağı) saxlandığı nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məxsus TKM seriyalı A0647727 nömrəli pasport və 1 ədəd “Redmi PA” markalı mobil telefon isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin məhkəməyə göndərdiyi 12 avqust 2023-cü il tarixli 3-33- 1200/2-002831/2023 nömrəli məktubunda Türkmənistan vətandaşı Kulyyev Ashurgeldinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət faktı aşkar edilər vaxtı sonuncunun idarə etdiyi “DAF” markalı 942AGF/4940TAG qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi açarları və şəhadətnaməsi ilə birlikdə “Şahtaxtı” Gömrük postunun əməkdaşlarının tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktla Türkmənistanın Aşqabad şəhərində fəaliyyət göstərən "xxxx" Fərdi Müəssisənin etibarnaməsi əsasında Türkiyə Respublikasının vətəndaşı X7 adlı şəxsə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndilən şəxs Təqsirləndirilən şəxs 3 uşağının olması həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və bunu təsdiqləyən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli “şəxsi yoxlama aparılması və aşkar edilmiş predmetlərin götürülməsi haqqında” protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/2639 nömrəli məhkəmə ekspertizasının rəyini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 22 may 2023cü il tarixli 3118 nömrəli rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 5 may 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən ayrı-ayrılıqda təmiz çəkisi 4,869 qram, 3,071 qram, 4,770 qram olmaqla, ümumilikdə şəxsi istehlak miqdarından artıq miqdarda, 12,710 qram tiryək narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitəni üç ədəd selofan bükümdə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyninə geyindiyi ağ rəngli qısaqol alt paltarının aşağı hissəsinə bükərək orada saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “Daf” markalı 9428AGF/4940TAG dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə gələrkən üzərində daşımış, 5 may 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazisində yerləşən “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsiyə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə psixotrop maddə olan tiryək şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 06 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 22 may 2023-cü il tarixli 3118 nömrəli tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs Türkmənistan vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkmənistan vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin saxlanc otağında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 12,610 qram tiryək məhv edilməli, iş üzrə maddi sübut hesab edilməyən Təqsirləndirilən şəxs götürülmüş və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə və təchizat idarəsinə təhvil verilmiş 300 (üç yüz) ABŞ dolları, 120000 (yüz iyirmi min) İran tüməni və 175 (yüz yetmiş beş) Türkmən manatı və Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus TKM seriyalı, A0647727 nömrəli pasport və 1 ədəd “Redmi PA” markalı mobil telefon özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı 942AGF/4940TAG qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi açarları və şəhadətnaməsi ilə birlikdə “Şahtaxtı” Gömrük postunun əməkdaşlarının tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktla Türkmənistanın Aşqabad şəhərində fəaliyyət göstərən "xxxx" Fərdi Müəssisənin etibarnaməsi əsasında Türkiyə Respublikasının vətəndaşı X7 adlı şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 195.1.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı cinayət prosesini həyata keçirən orqanın tələbi ilə tərcüməçi tərəfindən görülən iş yerinə yetirildikdə - Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla sərtləşdirildiyi kimi görülən işin haqqı ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsilə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 06 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan faktiki qalan təmiz çəkisi 12,610 qram tiryək narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsinin mühasibat və uçot şöbəsində saxlanılan 300 (üç yüz) ABŞ dolları, 120000 (yüz iyirmi min) İran tüməni və 175 (yüz yetmiş beş) Türkmən manatı özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus TKM seriyalı, A0647727 nömrəli pasport və 01 ədəd “Redmi PA” markalı mobil telefon özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar