Məhkəmə qərarları › İş №1(111)-18/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-18/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-18/2024 02.07.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X3 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şərur Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şərur rayon Xok kəndində anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, birtərəf, işsiz, əvvəllər məhkumluğu olmayan, hal-hazırda Kəngərli rayon Xok kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 12 aprel 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 fevral 2024-cü il tarixdə saat 21:30 radələrində Kəngərli Rayon Xok kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evinə qanunsuz daxil olaraq yataq otağındakı paltar şkafın içərisində olan pul qabından 715 (yeddi yüz on beş) manat və uşaq otağında olan aynalı şkafın içərisindəki çaynikdən 200 (iki yüz) manat olmaqla ümumilikdə 915 (doqquz yüz on beş) manat pul əskinasını gizli olaraq talamaqla oğurluq əməlini törətmiş və bununla da Azərbaycan Respublikası CМ-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Kəngərli rayon Xok kənd ərazisində yerləşən fərdi yaşayış evində anası, qardaşı ilə birgə yaşayır. Əvvəllər mobil telefonunda pul yatırdıb meyvə adlanan oyun oynamış, uduzduğundan “Kapital Bank”-dan 1240 manat kredit götürmüş, yarısını ödəmiş, yarısını isə ödəyə bilmədiyi üçün 3 ay müddətinə Türkiyə Respublikasına işləməyə getmiş, 2024-cü ilin yanvar ayı isə oradan qayıtmış və Naxçıvan şəhərində “Danyeri” adlanan marketdə işləməyə başlamışdır. Orada işləyən vaxt bankdan ona 500 manat faiz borcu qaldığı barədə zəng gəlmiş, pulu olmadığından və anasının xəstəliyinə görə ona deyə bilmədiyindən heç kimdən pul istəməyib oğurluq etmək qərarına gəlmişdir. 29 fevral 2024-cü il tarixdə saat 21:30 radələrində qonşuluğunda olan Zərərçəkmiş şəxs məxsus olan yaşayış evinin işıqlarının sönülü olduğunu görüb, evin həyətinə daxil olmuş, yaşayış evinin həyəti hasar ilə əhatə olunmadığından rahatlıqla yaşayış evinin qarşısına gəlmiş, yaşayış evinin giriş qapısının yanında olan sağ tərəfdəki pəncərəyə yaxınlaşaraq pəncərəyə var gücü ilə yumruq zərbəsi vuraraq pəncərəni açmış və oradan içəri daxil olaraq üzərində olan balaca işığını yandırmış, salonla üzbəüz yataq otağının qapısının açıq olduğunu görüb yataq otağına daxil olmuş, yataq otağında olan paltar şkafını açmış, şkafın üst gözündə pul qabının olduğunu görmüş, pul qabına baxan zaman içərisində pulların olduğunu gördüyündən pulları götürərək şalvarının cibinə qoyduqdan sonra pul qabını yenidən götürdüyü yerə qoyaraq şkafın qapısını örtmüşdür. Daha sonra daxil olduğu yerdən çölə çıxmış, çöldə olarkən götürdüyü pulun az olduğunu fikırləşib evin sol arxa tərəfinə keçərək digər otağın pəncərəsini yumruqla vuraraq açmış və həmin otağa daxil olmuşdur. Otağa daxil olduqdan sonra yenə də əlindəki balaca işığı yandırmış və otaqda aynalı şkafın olduğunu görmüş, şkafa baxan zaman şkafın içərisində olan çaynikdə iki ədəd yüz manat pulun olduğunu görmüş, çaynikdə olan 200 manat pulu götürüb pəncərədən çölə çıxmış, Zərərçəkmiş şəxs məxsus olan evdən oğurluq etdikdən sonra yaşadığı evə getmiş və yatmışdır. Səhərisi gün Naxçıvan şəhərinə getmiş, Naxçıvan şəhərində olan “Kapital Bank”ın filialına yaxınlaşaraq Zərərçəkmiş şəxs evindən oğurladığı pulları saymağa başlamış, pulları saydıqdan sonra yataq otağındakı paltar şkafının içərisindəki pul qabından 715 manat pulu oğurladığını, digər otaqda olan aynalı şkafın içərisində olan çaynikdən isə 200 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs evindən 915 manat pul oğurladığını bilmiş, 915 manat puldan 500 manat pulu “Kapital Bank”a olan kreditinə ödəmiş, yerdə qalan 415 manat pulu isə iki həftə müddətində şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin məhkəmədə sorğu-sual edilərkən Təqsirləndirilən şəxs ifadəsində bankdan ona zəng gələndən sonrakı gün oğurluq etdiyini, Zərərçəkmiş şəxs ilə aralarında hər hansı bir ədavət və ya düşmənçilik münasibətinin olmadığını, oğurluq etməyində heç kimin ona köməklik etmədiyini və heç kimə bu barədə məlumat vermədiyini, Zərərçəkmiş şəxs evində pulun olması haqqında əvvəlcədən məlumatının olmadığını, oğurluq etməyi əvvəlcədən planlaşdırmadığını, təsadüfən onların evinə girdiyini, pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəldiyini, oğurluq etdiyi gün Amilənin atasıgilə getdiyini gördüyünü, onu izləmədiyini, qaranlıq düşdüyündən evə qayıtmadığını görüb evə girmək qərarına gəldiyini, Amiləyə məxsus olan evin pəncələrinin “plastik” pəncərə olduğunu, zərbədən asanlıqla açıldığını, aynalı şkafda qızıl əşyalarının da olduğunu, amma pul lazım olduğu üçün onları götürmədiyini, qorxduğuna görə 37 gün ərzində Zərərçəkmiş şəxs evindən oğurlanan pulun götürdüyünü demədiyini, bir müddət keçdikdən sonra polisə çağırıldığını, vurulmuş ziyanı tam ödədiyini, daha əvvəllər heç vaxt oğurluq etmədiyini və etdiyi oğurluğa görə də peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Xok kənd sakini X14 ilə ailə həyatı qurmuş, həyat yoldaşı hərbiçi olduğundan və xidməti ilə əlaqədar çox vaxt dağda qaldığından Kəngərli rayon Xok kəndində yerləşən yaşayış evində övladları ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə qaynanası gözündən əməliyyat olunduğundan həmin günü qalmaq üçün axşam vaxtı təxminən saat 18:00 radələrində evin işıqlarını söndürüb çölün işıqlarını yanılı qoyaraq uşaqları ilə birlikdə atası evinə getmiş, gecəni atası evində qaldıqdan sonra səhərisi gün uşaqlarını məktəbə yola saldıqdan sonra yaşadığı Kəngərli rayon Xok kəndində yerləşən evinə qayıtmış, evə qayıdanda evin eşik işığın birinin söndüyünü görmüş, sonra evə daxil olub sobanı yandırmış, pəncərədən səs eşidib pəncərəyə baxmış və həmin vaxt pəncərənin açıq-aralı olduğunu görmüş, sonra evin pəncərələrinin hamısına baxmağa başlamış, uşaq otağında da olan pəncərənin açıq olduğunu görmüş, şübhələndiyindən yataq otağında olan şkafın içərisində olan pul qabına baxmış, pul qabına qoyduğu 715 manat pulun yerində olmadığını görüb uşaq otağında olan aynalı şkafın içərisində olan çaynikə qoyduğu 200 manat pulun yerində olub-olmamasını yoxlayan zaman həmin pulun da yerində olmadığını görmüş, evindən ümumilkdə 915 manat pulun yerində olmadığını görüb atası Rəhmana və qardaşına zəng vurmuş, sonra polislər gələrək əl izləri götürmüşlər. Həmçinin məhkəmədə sorğu-sual edilərkən Zərərçəkmiş şəxs ifadəsində atası evinə getməmişdən biraz əvvəl Sərvini gördüyünü, evdən gedərkən evin bayırda olan 2 tərəfinin işığını yandırdığını, qayıdarkən işıqlardan birinın sönülü olduğunu, yataq otağında olan pulların içində 100 manatlıq, 50 manatlıq, uşaq otağındakı çaynikin içində isə 2 ədəd 100 manatlıq pulun olduğunu, evindən qeyd etdiyi puldan başqa heç nə oğurlanmadığını, Sərvin və onun ailəsi ilə heç bir ədavətləri olmadığını, əksinə aralarında yaxşı qonşuluq münasibətlərinin olduğunu, ziyanın ödənildiyini, qonşuluğa görə bağışladığını bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs atasıdır. Amilə Kəngərli rayon Xok kənd sakini X14 ilə ailə qurmuş və iki uşağı ilə birlikdə Xok kənd ərazisində yerləşən fərdi yaşayış evində yaşayır. 29 fevral 2024-cü il tarixdə qızına zəng edərək onlara gəlməsini demiş və Amilə uşaqları ilə axşam vaxtı onlara gəlmişdir. Səhərisi gün uşaqları məktəbə getdikdən sonra qızı da evlərinə getmiş, özü isə işə getmişdir. İşdə olan vaxt qızı Amilə ona zəng edərək evində pəncərənin açıq olduğunu, evə baxdığı zaman evdə qoyduğu pulların yerində olmadığını bildirmiş, qızının zəngindən sonra polisə zəng etmiş, polislər gəlmiş və polis əməkdaşları hadisə yerinə baxış həyata keçirdikdən sonra çıxıb getmişlər. 39 gün keçdikdən sonra polis əməkdaşları tərəfindən qızı Amilənin evindən 915 manat pulun qonşuları Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı bildirilmiş, sonradan isə Sərvinin götürdüyü 915 manat pul qaytarılmışdır. Həmçinin B. Məmmədov ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onunla aralarında ədavətin olmadığını, dediklərinə görə Sərvinin oyun oynadığını, borcu yarandığına görə oğurluq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanılması haqqında 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Kəngərli Rayon prokuroru baş ədliyyə müşaviri X2 rayon X13 və Təhqiqat Qrupunda araşdırılaraq material üzrə qəbul edilmiş 08 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmiş, Kəngərli rayon polis şöbəsində araşdırılmış HK-26/24 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və cinayət işi Kəngərli rayon X13 və Təhqiqat Qrupunun müstəntiqi polis kapitanı X1 icraatına verilmiş, iş üzrə Kəngərli rayon Xok kənd sakini Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas 09 aprel 2024-cü il tarixdə Kəngərli rayon Xok kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs Kəngərli rayon Prokurorluğuna ərizə ilə müraciət edərək 01 mart 2024-cü il tarixdə Kəngərli rayon Xok kənd ərazisində yerləşən fərdi yaşayış evinin yataq otağındakı şkafın içərisində olan pul qabına qoyduğu 715 (yeddi yüz on beş) manat pulun və uşaq otağında olan aynalı şkafın içərisindəki çaynikə qoyduğu 200 (iki yüz) manat pulun yerində olmadığını, naməlum şəxs və şəxslər tərəfindən oğurlandığını bildirməsi olmuşdur. Cinayət işinin icraata qəbul edilməsi haqqında 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, Kəngərli rayon X13 və Təhqiqat Qrupunun müstəntiqi, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və iş üzrə ibtidai istintaqın aparılması davam etdirilmişdir. Cinayət işi üzrə “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 10 aprel 2024-cü il qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1988-ci il tarixdə Şərur rayon Xok kəndində anadan olmuş, ailəli, iki uşaq anası, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evdar qadın, hal-hazırda Kəngərli rayon Xok kəndində qeydiyyatda duran və yaşayan Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi üzrə “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair” qərardan və “şübhəli şəxsin tutulması haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə saat 11:45 dəqiqədə tutulmuş və 12 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmişdir. 12 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. Hadisə yerinə baxış aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, oğurluq baş verdiyi yer Kəngərli rayon Xok kənd ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 09 may 2024-cü il tarixli protokoldan, habelə məhkəmə iclasında baxış keçirilmiş video-görüntülərdən görünür ki, təqsirləndirilən şəxs Cəfərov X9 rayon Xok kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə hansı qaydada daxil olduğunu, oğurladığı 915 manat pulu haradan götürdüyünü və hansı qaydada evi tərk etdiyini göstərməklə ifadəsini hadisə yerində əyani təsdiq etmişdir. Cinayət işi ilə əlaqədar verilmiş əməliyyat tapşırığına cavab olaraq Kəngərli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin 26 aprel 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, "Kəngərli Rayon Xok kənd sakini Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətməsində onunla birgə başqa şəxs və şəxslərin olub-olmaması ilə bağlı əməliyyataxtarış tədbirləri həyata keçirilmiş və həmin oğurluq hadisəsinin törədilməsində Sərvinlə birlikdə başqa şəxs və ya şəxslərin olması müəyyən olunmamış, hadisəni törətmiş Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətməsində onu təhrik edən şəxs və ya şəxslərin olması müəyyən olunmamış, Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən başqa şəxslərlə cinayət əlaqəsinə girib-girməməsini müəyyən edilməsi məqsədilə əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır". Cinayət işi üzrə 11 aprel 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Y.Budaqov adına X7 Kəngərli rayon Xok kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qeydiyyatda olub-olmaması barədə məktubla müraciət edilmiş, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 15 aprel 2024-cü il tarixli cavab məktubunda Kəngərli rayon Xok kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmadığı bildirilmişdir. 17 aprel 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizası təyin olunaraq keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi X6 xx.xx.2024-cü il tarixli 148 saylı rəyə əsasən "Təqsirləndirilən Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir". 17 aprel 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası təyin olunaraq keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi X6 xx.xx.2024-cü il tarixli 147 saylı rəyində göstərilir ki, “Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur”. Naxçıvan Muxtar Respublikası DİN-nin ƏSİŞ tərəfindən verilmiş 10 aprel 2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Kəngərli rayon Xok kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən məlum olur ki, "1996-cı il təvəllüdlü, orta təhsilli, Kəngərli Rayon Xok kənd sakini Təqsirləndirilən şəxs həqiqətən də kənddə işgüzar, əməksevər, idmana böyük həvəs göstərən bir şəxs kimi tanınmışdır. Kəndin ictimai işlərində, xeyir və şərində həmişə iştirak etməklə kənd əhalisinin dərin hörmətini qazanmışdır. Yoldaşları arasında özünü sadə, mehriban, mərd, cinayətkarlığa və qanunsuzluğa qarşı barışmaz, daim düzgünlüyün tərafdarı kimi tanınmışdır. Narkotik maddələrə və spirtli içkilərə qarşı meyilli deyil". Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, Kəngərli Rayon Məhkəməsinin icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayəti və maddi tələbi yoxdur. Gələcəkdə də ondan heç bir şikayəti və tələbi olmayacağını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və C00942184 nömrəli Azərbaycan Respublikası pasportu məhkəməyə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, dəymiş ziyanın tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmasını, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 gün müddətin nəzərə alınmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Naxçıvan MR Kəngərli rayon üzrə İcra və Probasiya Bölməsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanunu qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə ibtidai istintaq zamanı götürülərək məhkəməyə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və C00942184 nömrəli Azərbaycan Respublikası pasportu özünə qaytarılmalıdır. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsini nəzərə alır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılmaqla ona qəti olaraq 02 (iki) il 02 (ay) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Kəngərli Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Cəzasının əvvəli Kəngərli Rayon İcra və Probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kəngərli rayon Xok kəndində yaşadığı evi hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən cəzanın icrasına nəzarət edən Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya bölməsini məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və C00942184 nömrəli Azərbaycan Respublikası pasportu özünə qaytarılsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Kəngərli rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar