Məhkəmə qərarları › İş №1(111)-18/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-18/2025

15.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-18/2025 15.12.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X10 Sadət oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri – Naxçıvan Şəhər ASAN Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və tərcüməçi X3 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə İran İslam Respublikasının Xoy şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, ali təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, İran İslam Respublikasının Xoy şəhəri, Salmanzadə küçəsi, Səmədzadə məhəlləsi, ev 17 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, haliyədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə idarə etdiyi 76AB215/93AC888 qeydiyyat nişanlı “Volvo FH500” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İspaniya Krallığına gedərkən İranda olduğu müddət ərzində istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi üzərində “Alprazolam 0,5” yazılmış 3 ədəd konvalyutda cəmi 18 ədəd xeyli miqdarda təsiredici maddəsinin miqdarı – 0,09 qram alprazolam psixotrop dərman preparatını, həmçinin xeyli miqdar təşkil etməyən üzərində “Diazepam 5” yazılmış 1 ədəd kəsilmiş və 2 ədəd bütöv konvalyutda cəmi 28 ədəd təsiredici maddəsinin miqdarı – 0,14 qram diazepam psixotrop dərman preparatını, üzərində “Clonozepam 1 mg” yazılmış 1 ədəd kəsilmiş konvalyutda 7 ədəd təsir edici maddəsinin miqdarı – 0,007 qram klonazepam psixotrop dərman preparatını, üzərində “Lyzalon pregabalin 150 mg” yazılmış 1 ədəd konvalyutda 6 ədəd, üzərində “Pregabalin 150” yazılmış 1 ədəd konvalyutda 14 ədəd, üzərində “Pregabalin 75” yazılmış 1 ədəd konvalyutda 9 ədəd və üzərində “LYRİVER Pregabalin 50 mg” yazılmış 1 ədəd konvalyutda 1 ədəd olmaqla cəmi 30 ədəd ümumi təsiredici maddəsinin miqdarı – 3,725 qram preqabalin güclü təsir edən dərman preparatlarını, üzərində “Poxakim 5” yazılmış 4 ədəd konvalyutda 74 ədəd, üzərində “Poxakim 10” yazılmış 2 ədəd kəsilmiş konvalyutda 7 ədəd və üzərində “Clidinium-C” yazılmış 1 ədəd kəsilmiş konvalyutda 11 ədəd olmaqla cəmi 92 ədəd təsiredici maddəsinin miqdarı – 0,495 qram xlordiazepoksid tərkibli psixotrop dərman preparatlarını, üzərində “İnophen Codeine-Hakim 300/20” yazılmış 1 ədəd kəsilmiş konvalyutda 5 ədəd təsiredici maddəsinin miqdarı – 0,1 qram narkotik vasitə kodein dərman preparatını 1 ədəd şəffaf sellofan paketə və təmiz çəkisi 0,40 qram narkotik vasitə qurudulmuş marixuananı isə 1 ədəd dəmir qaba qoymaqla daşıdığı yüklərin içərisində olan 1 ədəd karton qutuda gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə daşımış və idarə etdiyi yük nəqliyyat vasitəsilə həmin tarixdə saat 11 radələrində “Şahtaxtı” gömrük postundan tranzit giriş edib qeyd olunan psixotrop maddələri, narkotik vasitələri və güclü təsir edən maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Şahtaxt Gömrük məntəqəsində sənədləri verdiyini, maşınla X-Raya girib çıxdığını, orada ona heç nə deyilmədiyini, maşının içini, hər tərəfini gömrük işçiləri yoxladıqlarını, “möhürü aç, baxaq” dediklərini, onun da möhürü açdığını, yükün nə olduğunu soruşduqda ev əşyası olduğunu dediyini, ona “ev əşyası olsa da bağla maşını sür anbara gir” deyildiyini, ona qazolun yoxlanılacağı deyildiyindən dizeli pompa ilə çəkdiyini, bir də X-raya getdiyini, sonra “parkda gomrüyün qabağında gözlə, səni çağıracağıq” deyildiyini, Gömrükdə növbə olduğundan bəzən 3-4 gün gözlədiklərini, çölə çıxdıqdan təxminən 20-30 dəqiqədən sonra anbarın işçisi gəlib maşını içəri verməsini dediyini, onun növbəsi olmadığını, növbədə əlavə maşınların olduğunu dediyini, ona “yox sən içəriyə keç” dediyildiyindən içəriyə keçdiyini, saat 22:00 olduğunu, yükü açıb qabaq tərəfdəki paletləri endirdiklərini, paletləri söküb kartonları bir-bir X-raydan keçirtdiklərini, həmin karton karobkanın birinci və ya ikincisindən müxtəlif növdə və sayda dərmanlar və bir ədəd dəmir qabın içərisindən yaşıl ota bənzər maddə aşkar olduğunu, həmin əşyalardan xəbərinin olmadığını, ev yükünün sahibinin olduğunu, sonda isə yoxlama barədə sənədlər tərtib olunaraq imzalandığını, onun da həmin sənədi imzaladığını, Naxçıvan Baş Gömrüyünə gətirdiyini, orada onu sorğu sual etdiklərini, onlara yükləri İran İslam Respublikasının X4 apardığını dediyini, yüklərin onun olub-olmadığını soruşduqda hamısının mal sahibinin olduğunu dediyini, sonra testə apardıqlarını, testdən heç nə çıxmadığını, onlara yükü Tehranda möhürləyib, burada açıldığını, heç birinin onun olmadığını, Tehranda maşın yüklənərkən ona aid telefonla yüklərin hamısını çəkdiyini, “X9” şirkətinə məxsus maşını işlətdiyini, həmin maşında İspaniya Krallığında yaşayan Omid Azishə məxsus ev əşyası apardığını, həmin şəxsi tanımadığını, İspaniyadan təzə gəldiyindən maşın yüklü olduğunu, işlədiyi şirkətin rəhbəri ona zəng edərək yükü boşaldıbboşaltmadığımı soruşduğunu, Tehranda ev əşyası yükü olduğunu, onu İspaniyaya aparmaq lazım olduğunu dediyini, onun da razılaşıb Tehrana gedib yükü boşaldıb sonra 2 gün gömrüyün qabağında sənədlərin hazırlanmasını gözlədiyini, Vücudi adlı şəxs sənədləri hazırlayıb verdiyini, yükləri böyük paletlərin üzərinə yığdıqlarını, üzərinə elastik selofon çəkdiklərini, yüklərin hamısı selefona bükülərək bağlandığını, yüklər maşına yüklənərkən telefonu ilə çəkdiyini, yüklər yüklənəndən onra çadırı çəkib bağladığını, sonra gəlib yükü möhürlədiklərini, oradan Poldəştə gələrək İİR ərazisində olan gömrüyə daxil olduğunu, maşını orada saxlayıb Xoy şəhərinə getdiyini, 2-3 gün orada dayandıqdan sonra sənədləri gətirib verdiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük “Şahtaxtı” gömrük postunun baş müfəttişi Şahid2 ifadəsində xx.xx.2025-ci il tarixdə Şahtaxtı gömrük postunda iş qrafiki üzrə maşınların müayinəsi kabinində olduğunu, Gömrük əməkdaşı Şahid1 yaxınlaşaraq məndən nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirərkən video-çəkiliş aparmağını xahiş etdiyini, yoxlama zamanı qutunun içərisində dərman preparatları və kəskin iyli maddə aşkar olunduğunu, sürücünün şəxsi yoxlaması aparıldığını, şəxsi yoxlama zamanı sürücünün üzərindən heç nə aşkar olunmadığını, kağız materiallı qutu monitora qoyulduğunu, monitor işarə verdiyindən həmin qutunu açdıqlarını, qutunun içərisində bağlamalar aşkar olunduğunu, həmin bağlamaların içərisindən müxtəlif dərman preparatları və yaşıl rəngdə kəskin iyli maddə aşkar edildiyini, həmin əşyalar paketlənərək bağlandığını və protokol tərtib edildiyini, həmin protokol imza olunduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin texniki Şahid3 ifadəsində xx.xx.2025-ci il tarixdə iş qrafikinə uyğun olaraq “Şahtaxtı” gömrük postunda “Hİ-SCAN” rentgen yoxlama qurğusunda yüklərin rentgen yoxlamasını həyata keçirərkən “Şahtaxtı” gömrük postunun əməkdaşı Hüseyn Cəfərli ona yaxınlaşaraq yoxlama qrupuna yönləndirilmiş İran İslam Respublikasına məxsus bir yük nəqliyyat vasitəsində olan yükləri rentgen yoxlama cihazından keçirməklə yoxlanılmasının zəruri olduğunu bildirdiyini, postun digər əməkdaşı Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla keçirilən yoxlama zamanı ev əşyalarından ibarət olan həmin yüklərin içərisinə daxil olan 1 ədəd qutunun içində dərman vasitələrinə bənzər təsvirlər göründüyünü müəyyən etdiyini, Hüseyn Cəfərliyə bu barədə məlumat verdiyini, onlar birlikdə həmin qutuya baxış keçirdiyini, baxış zamanı qutunun içində olan şəffaf sellofan paketlərdə çoxlu sayda dərman vasitələri olduğunu, həmin dərman vasitələrinə ayrıayrılıqda baxıldığını və 1 ədəd dəmir qablaşmanın içinə yığılmış halda təxmini çəkisi 0,40 qram olan kəskin iyli, yaşıl rəngli, ot halında olan kütlə qablaşdırılaraq, həmçinin xüsusi paketlərə yığılaraq bu barədə protokollar tərtib edildiyini, sonra onlar tərəfindən imzalandığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük idarəsinin “Şahtaxtı” gömrük postunun böyük müfəttişi Şahid1 ifadəsində 6 iyul 2025-ci il tarixdə gündəlik iş qrafikinə uyğun olaraq “Şahtaxtı” gömrük postunda yük nəqliyyat vasitələrinin yoxlanılması postunda xidmətdə olarkən yoxlama qrupuna yönləndirilmiş İran İslam Respublikasına məxsus 76AB215/93AC888 dövlət qeydiyyat nişanlı “Volvo FH500” markalı yük nəqliyyat vasitəsi yoxlama üçün gömrük anbarına yaxınlaşdığını, ilkin olaraq həmin yük nəqliyyat vasitəsinin sürücüsü ilə bir az söhbət etdikdən sonra sürücünün idarə etdiyi yük nəqliyyat vasitəsində qarışıq ev əşyaları olduğu və həmin yükləri İran İslam Respublikasından yükləyərək İspaniya Krallığına aparacığını bildirdiyini, həmin yük nəqliyyat vasitəsinin qoşqusunda olan yüklər X-Raya aparatından keçirərkən şübhələr yarandığından yüklər boşaldılaraq yoxlama üçün gömrük anbarında yerləşən “Hİ-SCAN” rentgen yoxlama aparatından keçirdiyini, yüklərə keçirəcəyi yoxlamanı videoçəkiliş vasitəsilə qeydə alması üçün postun digər əməkdaşı Şahid2 yoxlamaya dəvət etdiyini, onun tərəfindən video çəkiliş aparıldığını, Baş İdarənin Skanlaşdırma şöbəsinin əməkdaşı Şahid3 tərəfindən aparılan rentgen yoxlaması zamanı qeyd edilən ev yüklərinin içərisində olan 1 ədəd bükülü və bağlı olmayan karton qutunun içərisində şəfaf selofon torbada dərman vasitələri olduğunu, Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla, Skanlaşdırma şöbəsinin əməkdaşı Şahid3 və sürücü Təqsirləndirilən şəxs iştirakları ilə həmin qutuya yoxlama keçirildiyini,, yoxlama zamanı qutunun içərisində 4 ədəd şəffaf rəngli sellofan paketə yığılmış müxtəlif adlarda dərman vasitələri olduğunu, 1 ədəd dəmir qablaşmada təxmini çəkisi 0,40 qram olan kəskin iyli, yaşıl rəngli, ot halında narkotik vasitəyə bənzər kütlə aşkar edildiyini, sürücünün üzərində qadağan olunmuş hər hansı bir predmet olması şübhəsi yarandığı üçün sürücünün üzərində şəxsi yoxlama aparmaq qərarına gəldiyini, qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş aparılmaqla sürücü Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama apardıqlarını, lakin sürücünün üzərindən qadağan olunmuş hər hansı bir predmet aşkar edilmədiyini, yoxlamanın aparılması və aşkarlanan predmetlərin qablaşdırılaraq götürülməsi barədə protokol tərtib edildiyini, iştirakçılar tərəfindən imzalandığını, təqsirləndirilən şəxsə məxsus mobil telefonda olan şəkillər tədqiq olunarkən üzərində “Zarif Bar 1500” yazılmış karobkanı göstərərək həmin karobka ağzı açıq şəkildə olduğunu, karokadan qeyd olunan daşınması, saxlanması, istifadəsi qadağan olunmuş vasitələrin aşkar olunduğunu göstərmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək sualları cavablandırarkən özünü müdafiə xarakterli ifadə verdiyini, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsi məhkəmə iclasında ifadə vermiş şahid ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş protokollar, iş üzrə gömrük işçiləri tərəfindən təqsirləndirilən şəxsin daşıdığı yüklərə baxış keçirilməsi barədə çəkilmiş və məhkəmə istintaqı zamanı göstərilərək tədqiq edilmiş DVD, həmçinin təqsirləndirilən şəxs Nemati Allahverdinin İİR-nın Tehran şəhərində olan Qərb Gömrüyündə ev yükləri yüklənərkən ona məxsus Samsung Galaxy A 25 markalı mobil telefon vasitəsilə çəkmiş olduğu fotolarla da tam sübuta yetir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun böyük müfəttişi Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 76AB215/93AC888 dövlət nömrə nişanlı “VOLVO FH500” markalı yük nəqliyyat vasitəsi “Şahtaxtı” gömrük postunun inzibati ərazisində yerləşən anbarda yük nəqliyyat vasitələrinin yoxlanılması ardıcıllığına uyğun olaraq yoxlanılmış, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin qoşqusunda olan müxtəlif ev yükləri yoxlanılması üçün “Hİ-SCAN” rentgen aparatından keçirilən zaman rentgen aparatının verdiyi təsvirlər əsasında yük nəqliyyat vasitəsinin yüklərinin içərisində olan 1 ədəd qutuda dərman vasitələri olduğu müəyyən edilmişdir. Yoxlamanın davamında həmin qutunun içərisinə baxış zamanı qutunun içərisində şəffaf rəngli sellofan paketə yığılmış 3 ədəd konvalyutda (18 ədəd) üzərində “Alprazolam 0,5” yazılmış həblər, 3 ədəd konvalyutda (28 ədəd) üzərində “Diazepam 5” yazılmış həblər, 1 ədəd konvalyutda (7 ədəd) üzərində “Clonazepam” yazılmış həblər, 1 ədəd konvalyutda (5 ədəd) üzərində “İnophen Codeine-Hakim 300/20” yazılmış həblər, 4 ədəd konvalyutda (74 ədəd) üzərində “Poxakim 5” yazılmış həblər, 2 ədəd konvalyutda (7 ədəd) üzərində “Poxakim 10” yazılmış həblər, 1 ədəd konvalyutda (11 ədəd) üzərində “Clidinium-C” yazılmış həblər, 1 ədəd konvalyutda (1 ədəd) üzərində “Lyrıver Pregabalin 50 mg” yazılmış həb, 1 ədəd konvalyutda (14 ədəd) üzərində “Pregabalin 150 mg” yazılmış həblər, 1 ədəd konvalyutda (6 ədəd) üzərində “Lyzalon Pregabalin 150 mg” yazılmış həblər, 1 ədəd konvalyutda (9 ədəd) üzərində “Pregabalin 75” yazılmış həblər və 1 ədəd dəmir qablaşmada, təxmini çəkisi 0,4 qram olan kəskin iyli, yaşıl rəngli, ot halında narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. 15 iyul 2025-ci il tarixdə fakt üzrə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 206.2-ci mаddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və 22 iyul 2025-ci il tarixdə Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. 04 avqust 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və 11 avqust 2025-ci tarixli qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 22 iyul 2025-ci il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 22 iyul 2025ci il tarixdən hesablanmışdır. Məhkəmə fiziki-kimyəvi və məhkəmə bioloji ekspertizasının rəyində üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...” yazıları olan 01 ədəd kağız zərfin içərisindəki; -üzərində “Alprazolam 0,5” yazısı olan 3 ədəd konvalyutda ümumilikdə 18 ədəd dərman preparatları (təsiredici maddəsinin miqdarı – 0,09 qram) alprazolam dərman həbləridir. Alprazolam 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı”na daxildir (İİİ siyahı, sıra № 2); -üzərində “Diazepam 5” yazısı olan 1 ədəd kəsilmiş və 2 ədəd bütöv konvalyutda 28 ədəd dərman preparatları (təsiredici maddəsinin miqdarı – 0,14 qram) diazepam dərman preparatlarıdır. Diazepam dərman həbləri 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı”na daxildir (İİİ siyahı, sıra № 11); -üzərində “Clonozepam 1 mg” yazıları olan 1 ədəd kəsilmiş konvalyutda 7 ədəd dərman preparatları (təsiredici maddəsinin miqdarı – 0,007 qram) klonazepam dərman preparatlarıdır. Klonazepam dərman preparatları 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı”na daxildir (İİİ siyahı, sıra № 30); -üzərində “Lyzalon pregabalin 150 mg” yazısı olan 1 ədəd konvalyutda 06 ədəd, üzərində “Pregabalin 150” yazısı olan 1 ədəd konvalyutda 14 ədəd, üzərində “Pregabalin 75” yazısı olan 1 ədəd konvalyutda 9 ədəd və üzərində “LYRİVER Pregabalin 50 mg” yazıları olan 1 ədəd konvalyutda 1 ədəd dərman preparatları 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının sihayısı”na (1 nömrəli əlavə) daxil olan preqabalindir. Preqabalinin ümumi təsiredici maddəsinin miqdarı – 3,725 qramdır.; -üzərində “Poxakim 5” yazısı olan 4 ədəd konvalyutda 75 ədəd, üzərində “Poxakim 10” yazıları olan 2 ədəd kəsilmiş konvalyutda 7 ədəd və üzərində “Clidinium-C” yazıları olan 1 ədəd kəsilmiş konvalyutda 11 ədəd dərman preparatı (təsiredici maddəsinin miqdarı – 0,495 qram) xlordiazepoksid dərman preparatlarıdır. Xlordiazepoksid dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı”na daxildir (İİİ siyahı, sıra № 25); -üzərində “İnophen Codeine-Hakim 300/20” yazıları olan 1 ədəd kəsilmiş konvalyutda 5 ədəd dərman preparatı (təsiredici maddəsinin miqdarı – 0,1 qram) kodein dərman preparatlarıdır. Kodein dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısı”na daxildir(İİ siyahı,İ bənd,sıra № 5). - üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...” yazıları olan 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,40 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlələr narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı, İ bənd, № 146). Qeyd: Alprazolam həblərinin sayı - 18 həb, tədqiqata sərf edildi - 6 həb, qalıq - 12 həb. Diazepam həblərinin sayı - 28 həb, tədqiqata sərf edildi - 2 həb, qalıq - 26 həb. Klonazepam həblərinin sayı - 07 həb, tədqiqata sərf edildi - 02 həb, qalıq - 05 həb. Preqabalin həblərinin sayı - 30 həb, tədqiqata sərf edildi - 3,5 həb, qalıq - 26,5 həb. Xlordiazepoksid həblərinin sayı - 92 həb, tədqiqata sərf edildi - 6 həb, qalıq - 86 həb. Kodein həblərinin sayı - 05 həb, tədqiqata sərf edildi - 01 həb, qalıq - 04 həb. Marixuana təmiz çəkisi - 0,410 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,360 qramdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2025-ci il tarixli 367 saylı ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyində, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə tutulmamışdır. Lakin Təqsirləndirilən şəxs fiziki və psixi asılılıq olmadan narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbulu inkar edilmədiyi göstərilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə idarə etdiyi 76AB215/93AC888 qeydiyyat nişanlı “Volvo FH500” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İspaniya Krallığına gedərkən İranda olduğu müddət ərzində istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi üzərində “Alprazolam 0,5” yazılmış 3 ədəd konvalyutda cəmi 18 ədəd xeyli miqdarda təsiredici maddəsinin miqdarı – 0,09 qram alprazolam psixotrop dərman preparatını, həmçinin xeyli miqdar təşkil etməyən üzərində “Diazepam 5” yazılmış 1 ədəd kəsilmiş və 2 ədəd bütöv konvalyutda cəmi 28 ədəd təsiredici maddəsinin miqdarı – 0,14 qram diazepam psixotrop dərman preparatını, üzərində “Clonozepam 1 mg” yazılmış 1 ədəd kəsilmiş konvalyutda 7 ədəd təsiredici maddəsinin miqdarı – 0,007 qram klonazepam psixotrop dərman preparatını, üzərində “Lyzalon pregabalin 150 mg” yazılmış 1 ədəd konvalyutda 6 ədəd, üzərində “Pregabalin 150” yazılmış 1 ədəd konvalyutda 14 ədəd, üzərində “Pregabalin 75” yazılmış 1 ədəd konvalyutda 9 ədəd və üzərində “LYRİVER Pregabalin 50 mg” yazılmış 1 ədəd konvalyutda 1 ədəd olmaqla cəmi 30 ədəd ümumi təsiredici maddəsinin miqdarı – 3,725 qram preqabalin güclü təsir edən dərman preparatlarını, üzərində “Poxakim 5” yazılmış 4 ədəd konvalyutda 74 ədəd, üzərində “Poxakim 10” yazılmış 2 ədəd kəsilmiş konvalyutda 7 ədəd və üzərində “Clidinium-C” yazılmış 1 ədəd kəsilmiş konvalyutda 11 ədəd olmaqla cəmi 92 ədəd təsiredici maddəsinin miqdarı – 0,495 qram xlordiazepoksid tərkibli psixotrop dərman preparatlarını, üzərində “İnophen Codeine-Hakim 300/20” yazılmış 1 ədəd kəsilmiş konvalyutda 5 ədəd təsiredici maddəsinin miqdarı – 0,1 qram narkotik vasitə kodein dərman preparatını 1 ədəd şəffaf sellofan paketə və təmiz çəkisi 0,40 qram narkotik vasitə qurudulmuş marixuananı isə 1 ədəd dəmir qaba qoymaqla daşıdığı yüklərin içərisində olan 1 ədəd karton qutuda gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə daşımış və idarə etdiyi yük nəqliyyat vasitəsilə həmin tarixdə saat 11 radələrində “Şahtaxtı” gömrük postundan tranzit giriş edib qeyd olunan psixotrop maddələri, narkotik vasitələri və güclü təsir edən maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs İİR-nın Tehran şəhərində nəqliyyat vasitəsinə ev yükləri yüklənərkən özünə məxsus “Samsung Galaxy A25” markalı mobil telefonla çəkiliş aparmasını ifadəsində göstərmişdir. İş materiallarına əlavə edilmiş ““Samsung Galaxy A25” markalı mobil telefona məhkəmə istintaqı zamanı tədqiq edilərkən məhkəmənin 29 oktyabr 2025-ci il tarixli və 17 noyabr 2025-ci il tarixli məhkəmə iclası zamanı videodan və foto şəkillərdən aşağıdakı hallar aşkar edildi: Yüklərin bir hissəsi sellofana bükülü və bağlı formada olduğu görünür.(şəkil 1-2) Yüklərin taxta qutularda ağzı açıq, bağlanmamış formada. (şəkil 2) Yüklərin karton karobkaların bağlı və bükülü formada. (şəkil 2-7) Yüklərin içərisində olan, Şahid1 təqsirləndirilən şəxsə məxsus telefonda olan şəkillər tədqiq olunarkən üzərində “Zarif Bar 1500” yazılmış karobkanı göstərərək, həmin karobkanın açıq şəkildə, sarınmammış formada olduğunu və güclü təsir göstərən dərmanların, psixotrop maddələrin və marixuananın həmin karobkadan aşkar edərək götürüldüyünü göstərmişdir.(şəkil 4-7) Təqsirləndirilən şəxs vəkili Müdafiəçi2 vəsatətlə müraciət edərək qeyd olunan güclü təsir edən dərman pereparatlarının, psixotrop maddələrin və narkotik vasitə olan marixuana İspaniya Krallığında yaşayan Omid Azisha məxsus olduğunu, xəstəliyi ilə əlaqədar həkim tərəfindən yazıldığını, “Xəstənin dərman resepti” olan sənəddə yalnız “xlordiazepoksid” güclü təsir edən dərman preparatı göstərilmiş, ev yükünün siyahısı olan tərcümə edilmiş sənəddə qeyd olunan güclü təsir edən dərman pereparatlarının, psixotrop maddələrin və narkotik vasitə olan marixuana həmin siyahıda qeyd olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi, şahidlərin ifadələrin, iş üzrə protokolları, video çəkilişləri, foto şəkilləri habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri sadalanan sübutlarla təsdiq edilir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2025-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, habelə məhkəmə iclasında baxış keçirilmiş elektron daşıyıcıda (DVD-də) olan video görüntüləri, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2025-ci il tarixli, 734-735 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2025-ci il tarixli 367 saylı ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini, maddi sübutları, təqsirləndirilən şəxsin telefonunda olan ev yüklərinin yüklənməsi zamanı çəkilmiş məhkəmə araşdırması zamanı elan olunaraq tədqiq olunmuş foto şəkillər, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını, həmçinin sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik maddə olan “qurudulmuş marixuana” narkotik vasitəsinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq dövlət ittihamçısını, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun həmin əməlində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs iki az yaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-nin 62-ci və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 22 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 367 saylı tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə tutulmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Naxçıvan Muxtar Respublikası DİN-nin ƏSİŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması üçün təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 12 ədəd alprazolam dərman preparatları, 26 ədəd diazepam dərman preparatları, 5 ədəd klonazepam dərman preparatları, 26,5 ədəd preqabalin güclü təsir edən dərman preparatları, 86 ədəd xlordiazepoksid tərkibli psixotrop dərman preparatları, 4 ədəd kodein dərman preparatı, 0,360 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd dəmir qab məhv edilməli, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus N62846421 nömrəli pasport və 1 ədəd “Samsung Galaxy A25” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 170 (bir yüz yetmiş) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesablarına ödənilməlidir. İş üzrə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 hüquqi yardıma görə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Cinayət işinə əlavə edilmiş 01 ədəd cinayət işinin materiallarının elektron variantı olan CD və 02 ədəd DVD cinayət işində saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 22 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 170 (bir yüz yetmiş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142330, büdcə səviyyəsinin kodu 2, X8 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ 88 NABZ **********0000012944, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, Hesab: AZ 21 NABZ ********************) hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması üçün təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 12 ədəd alprazolam dərman preparatları, 26 ədəd diazepam dərman preparatları, 5 ədəd klonazepam dərman preparatları, 26,5 ədəd preqabalin güclü təsir edən dərman preparatları, 86 ədəd xlordiazepoksid tərkibli psixotrop dərman preparatları, 4 ədəd kodein dərman preparatı, 0,360 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd dəmir qab məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus N62846421 nömrəli pasport və 1 ədəd “Samsung Galaxy A25” markalı mobil telefon özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. İş üzrə Müdafiəçi1 haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işinə əlavə edilmiş 01 ədəd cinayət işinin materiallarının elektron variantı olan CD və 02 ədəd DVD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkuma hökmün surəti verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar