Məhkəmə qərarları › İş №1(111)-19/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-19/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-19/2024 21.06.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X2 Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X6 iştirakı ilə, 24 iyun 1979-cu il tarixdə İran İslam Respublikasının Mərənd şəhəri, Galeban kəndində anadan olmuş, orta təhsilli, sürücü işləyən, evli, 1 uşaq atası, İran İslam Respublikasının Mərənd şəhəri, Pastaran küçəsi, Tohid məhəlləsi, ev 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 19 mart 2024-cü il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə idarə etdiyi 57A66110/57A66210 dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi təmiz çəkisi 4,459 qram narkotik vasitə tiryəki, təsiredici maddəsinin miqdarı 2,7 qram olan 12 həb güclü təsiredici maddə tramadol dərman preparatını və təsiredici maddəsinin miqdarı 0,019 qram olan 8 ədəd bütöv, 3 ədəd yarım həb psixotrop maddə buprenorfin dərman preparatını idarə etdiyi nəqliyyat vasitəsinin kabinində yerləşən yatağın üzərindəki qırmızı rəngli gödəkcənin yan ciblərinin astarında gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə saxlayıb, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 00:00 radələrində tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitəni, psixotrop və güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər İran daxili sürücü işləmiş, şirkətdən ona zəng edilərək maşının sərhəddə qaldığı və daşla yüklənmiş maşını Türkiyəyə aparması bildirilmiş və həmin maşınla 18 mart 2024-cü il tarixdə saat təxminən 22:00-00:00 radələrində Şahtaxtı gömrük postunu keçmiş, gömrükdə nəqliyyat vasitəsini qeydiyyata aldırdıqdan sonra gömrük əməkdaşının ona yaxınlaşıb idarə etdiyi nəqliyyat vasitəsində və üzərində qadağan olunmuş və ya gömrük nəzarətinə bəyan ediləsi hər hansı bir əşya və ya predmetin olub-olmamasını soruşmuş, cavabında 10 blok siqaretdən başqa heç nəyinin olmadığını bildirmişdir. Sonra həmin gömrük əməkdaşı videoçəkiliş aparılmaqla yoxlama aparmağa başlamış və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində yerləşən yatağın üzərində olan ona məxsus gödəkcənin ciblərinin hər iki tərəfinin yan astarından 4 qram tiryək, 12 həb tramadol və 7 həb bupronorfin adlanan dərman həbləri aşkarlanaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs məhkəmədə sorğu-sual edilərkən aşkarlanan narkotik vasitənin, psixotrop və güclü təsir edən maddənin özünə məxsus olduğunu, əvvəllər narkotik vasitə olan tiryəkdən 3 il müddətində istifadə etdiyini, axırıncı dəfə tutulmamışdan 2 ay əvvəl narkotikdən istifadə etdiyini, narkotiki tərgitmək üçün Mərənd şəhərində Əlmədli xəstəxanasında həkimə müraciət etdiyini, Cahangiri adlı həkim tərəfindən bura gəlməmişdən 1-2 ay əvvəl bupronorfin dərmanının yazıldığını, əvvələr narkotikdən istifadə etdiyi üçün aldığı tiryəkin yadından çıxıb gödəkcəsinin cibində qaldığını, hətta gödəkcəsinin yuyulduğunu, yadına düşmədiyinindən gömrükdə bildirmədiyini, bədənində yaranan ağrılar səbəbindən güclü təsir edən maddə tramadol və psixotrop maddə olan buprenorfin dərman preparatlarından istifadə etdiyini, həkimin yazdığı sənədlər yanında olmadığından tutular deyə qorxduğundan dərmanlar barədə gömrükdə demədiyini bildirmiş, sonda ailəli olaraq himayəsində azyaşlı uşağının olmasını və əməlindən peşman olduğunu göstərərək bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun baş müfəttişi Şahid1 ifadəsində bildirmişdir ki, o, Naxçıvan Baş Gömrük İdarəsi “Şahtaxtı” gömrük postunun baş müfəttişi vəzifəsində işləyir. 18 mart 2024-cü il tarixdə “Şahtaxtı” gömrük postunda xidmətdə olarkən növbə ilə nəqliyyat vasitələrinə baxış keçirən zaman gecə saat 00:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi 57A66110/57A66210 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə növbə çatmış, sürücü ilə söhbət edən zamanı təlaşlı, həyəcanlı olduğundan nəqliyyat vasitəsinə ətraflı baxış keçirmək qərarına gəlmiş, video-çəkiliş ilə maşına baxış keçirməyə başlamışdır. Baxış keçirməzdən əvvəl sürücüyə bəyan etməli, qadağan olunmuş nələrinsə olub-olmamasını soruşmuş, sürücü yalnış 10 blok siqaretinin olduğunu demişdir. Baxış zamanı yatağın üzərində qırmızı gödəkcəsini yoxlayan zaman gödəkcənin cibi cırıq olduğundan gödəkcənin astarında müayinə aparmış, bu zaman gödəkcənin astarında əlinə nəsə dəymiş, əlinə dəydiklərini çıxaran zaman üzərində 225 yazısı olan qırmızı rəngdə 12 ədəd dərman, B2 yazısı olan 11 ədəd dərman və 6 ədəd ümumi çəkisi 4.459 qram olan qəhvəyi rəngli maddə tapmışdır. Sürücüdən soruşduqda aşkarlanmış həmin maddənin və dərmanların özünün olduğunu, maddəni əvvəllər, dərmanları isə hazırda istifadə etdiyini demişdir. Sonra aşkarlanan dərmanlar və maddələr barədə protokol tərtib edərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru Şahid2 oxşar ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun baş müfəttişi Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan habelə məhkəmə iclasında baxış keçirilmiş elektron daşıyıcıda (DVD-də) olan video görüntülərdən görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 57A66110/57A66210 qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinin kabinində yerləşən yatağın üstündəki qırmızı rəngli gödəkcənin hər iki yan cibinin astarından 12 ədəd üzərində “225” yazılmış qırmızı rəngli həb, 8 ədəd bütöv 3 ədəd parça şəklində üzərində “B2” yazılmış ağ rəngli həb və 6 ədəd tünd qəhvəyi rəngdə, kəskin iyli, ümumi çəkisi 4,459 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. 19 mart 2024-cü il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və 19 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin tarixdə ona ittiham elan olunmuşdur. 22 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CMnin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və 30 aprel 2024-cü il tarixdə həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 18 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 19 mart 2024-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 18 mart 2024-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 57A66110/57A66210 qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinin kabinində yerləşən yatağın üstündəki qırmızı rəngli gödəkcənin hər iki yan cibinin astarından 12 ədəd üzərində “225” yazılmış qırmızı rəngli həb, 8 ədəd bütöv 3 ədəd parça şəklində üzərində “B2” yazılmış ağ rəngli həb və 6 ədəd tünd qəhvəyi rəngdə, kəskin iyli, ümumi çəkisi 4,459 qram olan narkotik vasitəyə bənzər kütlənin nə olmasının, hazırlanma üsulunun, narkotik vasitələrə, psixotrop maddələrə və yaxud güclü təsir edən və zəhərli maddələrin siyahısına aid olmasının, əgər aiddirsə hansı növə aid olmasının, xalis çəkisi və ya təsiredici maddəsinin miqdarının, tibbi məqsədlər üçün istifadəyə yararlı olmasının müəyyən edilməsi məqsədilə 18 mart 2024-cü il tarixdə məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 301 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinindən aşkar olunaraq götürülmüş, 01 ədəd kağız zərfdə təqdim olunmuş; -01 ədəd salfet kağızı bükümündə 6 ədəd parça şəklində ümumi təmiz çəkisi - 4,459 qram olan tünd qəhvəyi rəngli, spesifik iyli, qətranabənzər kütlə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı”na (İ siyahı; sıra № 102) daxildir. -12 ədəd üzərində “225” yazısı olan qırmızı rəngli dərman həbləri (təsiredici maddəsinin miqdarı - 2,7 qram) tramadol dərman preparatlarıdır. Tramadol dərman həbləri Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir. -8 ədəd bütöv və 3 ədəd yarım üzərində “B2” yazısı olan dərman həbləri (təsiredici maddəsinin miqdarı - 0,019 qram) psixotrop maddə olan buprenorfin dərman preparatlarıdır. Buprenorfin dərman preparatları 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in siyahısına (İİ siyahı, İİ bənd, sıra №2) daxildir. -Tədqiqat aparılması üçün təqdim edilən 12 ədəd üzərində “225” yazılmış qırmızı rəngli həblər, 8 ədəd bütöv 3 ədəd parça şəklində üzərində “B2” yazılmış ağ rəngli həblər tibbi məqsədlər üçün istifadəyə yararlıdırmı sualı müvafiq ekspertiza sahəsinin həll etdiyi məsələlərə aid olmadığından cavablandırılmır. Qeyd: Tiryəkin ümumi təmiz çəkisi - 4,459 qram; tədqiqata sərf edildi - 0,1 qram; qalıq - 4,359 qramdır. Tramadol həblərinin sayı - 12 həb, tədqiqata sərf edildi - 01 həb, qalıq - 11 həbdir. Buprenorfin həblərinin sayı - 8 bütöv 3 yarım həb, tədqiqata sərf edildi - 01 həb, qalıq - 7 bütöv 3 yarım həbdir. 19 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edib-etməməsini, əgər narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edirsə, narkomaniya xəstəliyinə tutulub-tutulmamasını, əgər narkomandırsa məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək məqsədilə ambulator məcburi narkоlоji yoxlama təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 xx.xx.2024-cü il tarixli 118 saylı ambulator məcburi narkоlоji yoxlamanın ekspert komissiyasının rəyində göstərilmişdir ki, X9 xx.xx.2024-cü il tarixdə sidik narkotest vasitəsilə yoxlanmış və BUP (Buprenorfin) müsbət aşkar olmuşdur. X1 toksikomaniyasından əziyyət çəkir. X7 hal-hazırda məcburi müalicəyə ehtiyacı vardır. Məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,459 qram narkotik vasitə olan tiryək, təsiredici maddəsinin miqdarı 2,7 qram olan 12 həb güclü təsiredici maddə tramadol dərman preparatı və təsiredici maddəsinin miqdarı 0,019 qram olan 8 ədəd bütöv, 3 ədəd yarım həb psixotrop maddə buprenorfin dərman preparatı cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınaraq, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 4,359 qram narkotik vasitə olan tiryək, 11 həb güclü təsir edən maddə tramadol dərman preparatı, 7 bütöv 3 yarım həb psixotrop maddə buprenorfin dərman preparatı və cinayətin predmetlərinin gizlədilməsində vasitə olmuş 1 ədəd qırmızı rəngli gödəkcə məhkəmənin yekun qərarına kimi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanmış, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Redmi Note 9 S” markalı mobil telefon məhkəmənin yekun qərarınadək saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məxsus H53428111 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin ƏSİŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 92,40 (doxsan iki manat qırx qəpik) manat təşkil edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin təqdim etdiyi İran İslam Respublikası Daxili İşlər Nazirliyi X4 Dövlət Qeydiyyat təşkilatının Azərbaycan dilinə tərcümə olunmuş R 16 / 903386, A/19-334538 və B 47/994060 nömrəli sənədlərinə əsasən Təqsirləndirilən şəxs həyat yoldaşı X12 və xx.xx.2013-cü il tarixdə Sahraeı Arman adında uşaqları anadan olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin təqdim etdiyi Azərbaycan dilinə tərcümə edilmiş İran İslam Respublikası “Atiye” narkomanlıqla mübarizə mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sənədə əsasən Təqsirləndirilən şəxs narkomanlığı tərk etmək üçün Buprenorphine 2 mg tabletindən faydalanır. Onun həmin tabletdən istifadəsi uzun müddət olmalıdır və o dərman siklini təkmilləşdirmək məcburiyyətindədir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin təqdim etdiyi Azərbaycan dilinə tərcümə edilmiş 112698 nömrəli tibb təşkilatının həkimi dr. Samad Hamraz tərəfindən verilmiş reseptə əsasən Təqsirləndirilən şəxs istifadəsi üçün hər gün bir ədəd olmaqla 30 ədəd Buprenorphine (B2) dərman yazılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs buprenorfin dərman preparatını qanuni yolla əldə etməsi barədə təqdim edilmiş sənədləri təqsirləndirilən şəxsin ifadəsi ilə əlaqəli yoxlayıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sənədlər təqsirləndirilən şəxsin məsuliyyətdən azad olunması üçün əsas deyil və iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs təqdim edilmiş sənədlərə uyğun olmayan ifadə verərək ona məxsus gödəkcədən aşkar olunaraq götürülmüş “buprenorfin” dərmanını həkim Cahangiri (hansı ki, qeyd olunan sənəddə həkim dr. Samad Hamraz tərəfindən yazılmışdır) tərəfindən yazıldığını göstərib onu qanuni yolla əldə etməsini bildirsə də, qanuni yolla əldə etməsini təsdiq edən sənədləri gömrük orqanlarına təqdim etməmiş, əksinə olaraq həmin preparatını idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində yerləşən yatağın üstündəki qırmızı rəngli gödəkçənin hər iki yan cibinin astarında gizlətməklə saxlamış və Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımışdır. Məhkəmə eyni zamanda bununla bağlı qeyd edir ki, “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması qaydası və onlardan istifadə miqdarı həddi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2006-cı il tarixli 163 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən müalicə məqsədilə keçirdiyi hər bir narkotik vasitə və ya psixotrop maddəni yazılı qaydada bəyan etməli, bununla yanaşı, özündə olan narkotik vasitə və ya psixotrop maddə ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin tətbiqini (onların adları, miqdarı, dərman forması, qəbul qaydası və istifadə müddəti göstərilməklə) tələb edən xəstəliyin olması haqqında yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənədi, narkotik vasitələrin və psixotrop maddələrin qanuni yolla əldə edildiyini təsdiq edən sənədi (reseptin surətini) gömrük orqanlarına təqdim etməlidir. Təqdim edilən dərman preparatlarının adının, miqdarının, dərman formasının təqdim edilmiş sənədlərə uyğunluğu gömrük orqanları tərəfindən yoxlanılır və bəyannamədə daxil olma haqqında müvafiq qeyd aparılır. Tranzit keçən xəstə tərəfindən müalicə məqsədilə keçirilən narkotik vasitələrin və psixotrop maddələrin bəyan edilməməsi və ya digər yollarla qanunsuz keçirilməsi cəhdi aşkar edilərsə, həmin şəxsə qarşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət tədbiri tətbiq olunur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, habelə məhkəmə iclasında baxış keçirilmiş elektron daşıyıcıda (DVD-də) olan video görüntüləri, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 301 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 xx.xx.2024-cü il tarixli 118 saylı ambulator məcburi narkоlоji yoxlamanın ekspert komissiyasının rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə idarə etdiyi 57A66110/57A66210 dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi təmiz çəkisi 4,459 qram narkotik vasitə tiryəki, təsiredici maddəsinin miqdarı 2,7 qram olan 12 həb güclü təsiredici maddə tramadol dərman preparatını və təsiredici maddəsinin miqdarı 0,019 qram olan 8 ədəd bütöv, 3 ədəd yarım həb psixotrop maddə buprenorfin dərman preparatını idarə etdiyi nəqliyyat vasitəsinin kabinində yerləşən yatağın üzərindəki qırmızı rəngli gödəkçənin yan ciblərinin astarında gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 00:00 radələrində tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitəni, psixotrop və güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Həmin Qərarın 14-cü maddəsində isə izah edilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik maddə olan “tiryək” narkotik vasitəsinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,5 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları” üzrə İİ siyahısına görə “buprenorfin” dərman preparatının xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 0,005 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 0,025 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na görə tramadol tərkibli dərmanın külli miqdar (qramlarla) daxil olmaqla aşağı hədləri 6 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 18 mart 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 xx.xx.2024-cü il tarixli 118 saylı ambulator məcburi narkоlоji yoxlamanın ekspert komissiyasının tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmasına zərurət olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması üçün təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 4,359 qram narkotik vasitə olan tiryək, 11 həb güclü təsir edən maddə tramadol dərman preparatı, 7 bütöv və 3 yarım həb psixotrop maddə buprenorfin dərman preparatı məhv edilməli, üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması üçün təhvil saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd qırmızı rəngli gödəkcə və Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Redmi Note 9 S” markalı mobil telefon özünə qaytarılmalı, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus H53428111 nömrəli pasport isə özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92,40 (doxsan iki manat qırx qəpik) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Cinayət işinə əlavə edilmiş 01 ədəd cinayət işinin materiallarının elektron variantı olan CD və 02 ədəd DVD cinayət işində saxlanılmalıdır. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 18 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 92,40 (doxsan iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 2, X13 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SFİFT BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, Hesab: AZ21NABZ********************) hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması üçün təhvil verilmiş 4,359 qram narkotik vasitə olan tiryək, 11 həb güclü təsir edən maddə tramadol dərman preparatı, 7 bütöv və 3 yarım həb psixotrop maddə buprenorfin dərman preparatı məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında maddi sübut kimi tanınaraq saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd qırmızı rəngli gödəkcə özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Redmi Note 9 S” markalı mobil telefon özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus H53428111 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işinə əlavə edilmiş 01 ədəd cinayət işinin materiallarının elektron variantı olan CD və 02 ədəd DVD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar