Məhkəmə qərarları › İş №1(111)-2/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-2/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-2/2023 22.02.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X2 Müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirlən şəxsin müdafiəçisi - Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Türkiyə Respublikası Ağrı şəhəri, Tutak qəsəbəsində anadan olmuş, orta təhsilli, evli, 3 uşaq atası, türk, Türkiyə Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Ağrı şəhəri, Tutak qəsəbəsi, Oğlak Suyu kəndi, ev 60 ünvanında qeydiyyatda olan, Kəngərli rayonu Qıvraq qəsəbəsində müvəqqəti yaşayan və barəsində 11 yanvar 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2022-ci il tarixdə saat 21:45 radələrində "Şahtaxtı" Gömrük postu vasitəsi ilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 04D6425/33AHC862 dövlət nömrə nişanlı "Mercedes-Benz Axor 1840 LS 36" markalı yük nəqliyyat vasitəsinin kabinində şübhəli təsvirlər olunduğu üçün yoxlama aparılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində, ön cihazlar panelinin orta sağ hissəsində olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdakı örtüyün altından gömrük nəzarətinə bəyan edilməyən 1 (bir) ədəd gümüşü rəngli metaldan (tərkibi: mis, sink və nikel) ibarət olan, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu, əzici xassəyə malik, təyinatı üzrə istifadəyə yararlı olan soyuq silah beşbarmağı qanunsuz olaraq əldə edib nəqliyyat vasitəsində gəzdirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib və əməlini səmimi etiraf edərək ifadəsində Türkiyə Respublikası vətəndaşı olduğunu, ailəli, 3 uşaq atası olduğunu, ailəsi ilə birlikdə Türkiyə Respublikası, Ağrı şəhəri, Tutak qəsəbəsi, Oğlak Suyu kəndində yaşadığını, ailəsinin Ağrı bölgəsi soyuq olduğundan qış aylarında Adana şəhərində qaynatasının evində müvəqqəti olaraq yaşadığını, təxminən on ildir ki, tır sürücüsü işlədiyini, Doğu Bayazit şəhərində yerləşən "Boran" şirkətinə məxsus olan tırlarda sürücülük etdiyini, təxminən 2022-ci ilin dekabrın 6da "Mercedes-Benz Axor 1840 LS 36 " markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasının Zəncan şəhərinə getdiyini, Zəncan şəhərində polis postunun yanındakı mağazadan beşbarmaq aldığını, həmin beşbarmağı idarə etdiyi yük nəqliyyat vasitəsinin kabininə qoyduğunu, İran İslam Respublikasında Zəncan şəhərində maşınını yüklədikdən sonra İran İslam Respublikasının ərazisi olan Poldəşt şəhərindən gömrükdən keçib X9 daxil olduğunu, 16 dekabr 2022-ci il tarixdə X7 olan zaman gömrük əməkdaşının ona yaxınlaşıb idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlanış edəcəyini və nəqliyyat vasitəsində qanunla qadağa olunmuş hər hansı predmetin olub-olmadığını soruşduğunu, idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş heç nəyin olmadığını bildirdiyini, çünki həmin beşbarmağın Azərbaycanda qadağan olunduğunu bilmədiyini, daha sonra gömrük əməkdaşı iki hal şahidinin iştirakı ilə yük nəqliyyat vasitəsinə gömrük yoxlanış etdiyini və yük nəqliyyat vasitəsinin kabininin sağ hissəsində örtüyün altından gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd metaldan hazırlanmış beşbarmağı aşkar edib götürdüklərini, daha sonra isə aşkar edilmiş həmin beşbarmağın aşkarlanması və götürülməsinə dair müvafiq sənədlər yazıldığını və onun da imzaladığını, əməlindən peşman olduğunu, 3 azyaşlı uşağının olduğunu göstərərək və Türkiyədə baş vermiş son zəlzələ nəticəsində ailəsinin hazırda Adana şəhərində çadırda yaşadığını nəzərə alaraq məhkəmədən bağışlanmasını xahiş etdi. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını, ilk dəfədir ki, belə hərəkətlərə yol verməsini, əvvəllər cinayət törətməməsinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini, X6 böyük inspektoru vəzifəsində işlədiyini, 16 dekabr 2022-ci il tarixdə X7 növbədə olarkən saat təxminən 21:45 radələrində nəqliyyat vasitələrini yoxlayan zaman özünü bir az şübhəli apardığından İran İslam Respublikasından X9 daxil olan əvvəldən tanımadığı Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 04D6425/33AHC862 dövlət nömrə nişanlı "Mercedes- Benz Axor 1840 LS 36" markalı yük nəqliyyat vasitəsinə iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirdiyini, baxış zamanı nəqliyyat vasitəsinin kabin hissəsində ön cihazlar panelinin orta sağ hissəsində olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdakı örtüyün altından gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd metaldan hazırlanmış beşbarmağın aşkar olunduğunu, nəqliyyat vasitəsinə baxış keçirməmişdən əvvəl nəqliyyat vasitəsinin sürücüsünə maşında qadağan olunmuş əşyaların olub-olmamasını soruşduğunu, sürücünün isə qadağan olunmuş əşyaların olmadığını bildirdiyini, sonradan yük nəqliyyat vasitəsində şübhəli bilinən həmin hissəyə iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirdiyini, baxış zamanı nəqliyyat vasitəsinin kabin hissəsində olan yatağın üst tərəfində olan çəkməcədən bir ədəd gümüşü rəngli, metaldan olan beşbarmaq aşkar olunduğunu və hal şahidlərinin iştirakı ilə beşbarmağın protokollaşdırılaraq götürüldüyünü, sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin aşkarlanan beşbarmağın İrandan özünə bəzək əşyası olaraq aldığını və həmin əşyanın özünə məxsus olduğunu bildirdiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və onunla heç bir münasibəti olmadığını, yalnız nəqliyyat vasitəsinə yoxlama zamanı gördüyünü, özünün ailəsini dolandırmaq üçün X7 fəhləlik etdiyini, 16 dekabr 2022-ci il tarixdə axşam saatlarında X7 olan zaman X7 işləyən gömrük işçisi Şahid1 İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş Türkiyə Respublikasının vətəndaşının nəqliyyat vasitəsinin yoxlanılacağını bildirdiyini, ona və onunla birlikdə fəhlə işləyən həmkəndlisi Şahid2 hal şahidi kimi nəqliyyat vasitəsinə baxış keçirilməsində iştirak etməyi xahiş etdiyini, onlar da razılıq verdiklərini, sonradan nəqliyyat vasitəsinin sürücüsünün, özünün və həmkəndlisi Şahid2 iştirakı ilə gömrük işçisi Şahid1 nəqliyyat vasitəsində yoxlama apardığını və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində ön cihazlar panelinin orta sağ hissəsində ötürücünün yanında örtüyün altından bir ədəd gümüşü rəngli beşbarmağın aşkar edildiyini, həmin beşbarmağ onların iştirakı ilə sənədləşdirilərək qablaşdırılıb möhürlənərək götürüldüyünü, nəqliyyat vasitəsində beşbarmağın aşkarlandığı zaman sürücü özünü normal apardığını göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmədə dindirilmiş digər Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- 16 dekabr 2022-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması” haqqında protokoldan görünür ki, həmin tarixdə Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 04D6425/33AHC862 dövlət nömrə nişanlı "Mercedes-Benz 1840 LS 36 " markalı yük nəqliyyat vasitəsinin kabinində yoxlama keçirilmiş və yük nəqliyyat vasitəsinin kabinində, ön cihazlar panelinin orta sağ hissəsində olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdakı örtüyün altından gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd metaldan hazırlanmış beşbarmağa bənzər predmet aşkarlanmışdır. Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən götürülmüş 01 ədəd beşbarmağın hansı metaldan hazırlanması, qiymətli metal olub-olmaması müəyyən edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə 10 yanvar 2023-cü il tarixdə məktub göndərilmiş və məktuba cavab olaraq Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Yanında Qiymətli Metallara və X8 İdarəsi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli 12-01/03 nömrəli rəyində təqdim olunmuş bir ədəd beşbarmağın tərkibi mis, sink, nikeldən ibarət olduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli 407 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş 1 ədəd gümüşü rəngli materialdan hazırlanmış, vurucu və boru formalı dayaq hissələrdən ibarət olan, vurucu hissədə barmaq keçirmək üçün nəzərdə tutulmuş, diametri 24 mm ölçüdə, dörd ədəd dairəvi formalı dəlik olan, predmetin qabarit ölçüləri 118x77 mm olan küstar üsulla hazırlanmış beşbarmaq vurucu-əzici xassəyə malik soyuq silahdır, təyinatı üzrə istifadəyə yararlıdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2023cü il tarixli 32 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş 1 ədəd gümüşü rəngli dəmir materialdan hazırlanmış, vurucu və boru formalı dayaq hissələrdən ibarət olan, vurucu hissədə barmaq keçirmək üçün nəzərdə tutulmuş, diametri 24 mm ölçüdə dörd ədəd dairəvi formalı dəliyi olan və predmetin qabarit ölçüləri 118x77 mm olan beşbarmağın (soyuq silah) Azərbaycan Respublikasında və Naxçıvan Muxtar Respublikasında istehlak bazarlarında satışı nəzərdə tutulmadığından qiymətləndirmə aparılması mümkün olmamışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Tİİ-nin ƏSİB-nə xx.xx.2023cü il tarixdə ünvanlanmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Kəngərli Rayon Polis Şöbəsindən alınmış 13 yanvar 2023-cü il tarixli 11/124 saylı məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində Kəngərli Rayon Polis Şöbəsində hər hansı bir təqsirləndirici materialın olmadığı müəyyən olunmuşdur. Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən götürülmüş 01 ədəd beşbarmaq 16 yanvar 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuş və qeyd olunan beşbarmaq cinayət işi birlikdə Kəngərli Rayon Məhkəməsinə təhvil verilmişdir. **********8 nömrəli, **********8 nömrəli və **********2 nömrəli Türkiyə Respublikası şəxsiyyət vəsiqələrinin tərcümə olunmuş surətlərindən və X1 Baş Konsulluğu tərəfindən təsdiq edilmiş ailə tərkibi haqqında tərcümə olunmuş sənəddən görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq xx.xx.2016, xx.xx.2018 və xx.xx.2022-cı təvəllüdlü olmaqla 3 azyaşlı uşaqları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla-üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:45 radələrində "Şahtaxtı" Gömrük postu vasitəsi ilə İran İslam Respublikasından gələrək, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 04D6425/33AHC862 dövlət nömrə nişanlı "Mercedes-Benz 1840 LS 36 " markalı yük nəqliyyat vasitəsinin kabinində yoxlama aparılmış və yük nəqliyyat vasitəsinin kabininin ön cihazlar panelinin orta sağ hissəsində olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdakı örtüyün altından gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd gümüşü rəngli materialdan hazırlanmış, vurucu və boru formalı dayaq hissələrdən ibarət olan, vurucu hissədə barmaq keçirmək üçün nəzərdə tutulmuş, diametri 24 mm ölçüdə, dörd ədəd dairəvi formalı dəlik olan, predmetin qabarit ölçüləri 118x77 mm olan küstar üsulla hazırlanmış beşbarmaq vurucu-əzici xassəyə malik soyuq silah beşbarmağı əldə edərək nəqliyyat vasitəsində gəzdirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri özünün səmimi etirafı, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmə məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunmasını, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan da daha yüngül cəza növü təyin etməyə imkan verir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi və onun barəsində cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 53-cü bəndində qeyd edilir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az və ya həmin maddədə müəyyən ediləndən daha yüngül növdə cəza təyin edilirsə və yaxud təyin edilməsi məcburi olan əlavə cəza təyin edilmirsə hökmün nəticəvi hissəsində bu cəzanın CM-in 62-cı maddəsi tətbiq olunmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təyin edildiyi göstərilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş və cinayət işi birlikdə Kəngərli Rayon Məhkəməsinə təhvil verilmiş 01 ədəd beşbarmaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus TC**********6 nömrəli şəxsiyyət vəsiqəsi və U16100044 nömrəli pasport Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi və tərcüməçi X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193-cü və 195-ci maddələrinə əsasən dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 195.1.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı cinayət prosesini həyata keçirən orqanın tələbi ilə tərcüməçi tərəfindən görülən iş yerinə yetirildikdə-Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla sərtləşdirildiyi kimi görülən işin haqqı ödənilir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş və saxlanması üçün Kəngərli Rayon Məhkəməsinə təhvil verilmiş 01 ədəd gümüşü rəngli materialdan kustar üsulla hazırlanmış beşbarmaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus TC**********6 nömrəli şəxsiyyət vəsiqəsi və U16100044 nömrəli pasport Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə müdafiəçiyə və tərcüməçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar