Məhkəmə qərarları › İş №1(111)-2/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-2/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-2/2024 02.02.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X3 iştirakları ilə, xx.xx.1962-ci ildə Türkiyə Respublikasının Qaziantep şəhərinin İslahiyə rayonunda anadan olmuş, subay, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Türkiyə Respublikası Qaziantep şəhəri, İslahiyə rayonu, Cevdət paşa məhəlləsi, mədrəsə küçəsi ev 58 ünvanında qeydiyyatda olaraq yaşamış, 26 sentyabr 2023-cü il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, idarə etdiyi 33BUH34/33BUH36 dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsi ilə 2023-cü ilin avqust ayında Türkiyə Respublikasından Əfqanıstan Respublikasına dərman yükü aparıb boşaltdıqdan sonra İran İslam Respublikası ərazisinə keçmiş və 23 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Kəngərli rayonunun inzibati ərazisində yerləşən “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən Əfqanıstan Respublikasında olduğu müddət ərzində istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi istifadəyə yararlı 1 ədəd “SMİTH & WESSON SW9VE” markalı odlu silah və onun komplekt hissələrini idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinin müxtəlif yerlərində, istifadəyə yararlı 9 mm kalibrli 3 ədəd patronu kabinin sol tərəfində olan dolabdakı alətlər çantasının qapaq hissəsində, həmçinin təsiredici maddəsinin miqdarı 0,675 qram olan üzərində “NAMADOL” sözləri yazılmış ümumilikdə 3 həb tramadol güclü təsir edən dərman preparatlarını isə 1 ədəd kəsilmiş konvalyuta qoyaraq nəqliyyat vasitəsinin kabinində üst yatağın üzərindəki paltarların arasında olan gödəkçənin sol döş cibində gizlətməklə saxlayıb Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və həmin gün saat 19 radələrində “Şahtaxtı” gömrük postundan qeyd olunan odlu silah, onun komplekt hissələrini, döyüş sursatını və tramadol həblərini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 5 ildir ki, sürücü işləyir və ailəsi ilə birlikdə Türkiyə Respublikasının Qaziantep şəhəri İslahiyə rayonunda yaşayır. Orada baş verən zəlzələdən evləri dağılmış, həmin yerdə olan Çadır kəndə köçürülmüşlər. Bu ilin təxminən avqust ayında idarə etdiyi yük nəqliyyat vasitəsi ilə Əfqanıstana dərman yükü aparmaq üçün yola düşmüş, yolda olarkən qardaşının evinin güllələndiyini eşitmiş, Əfqanıstanda yükü boşaltmış, Türkiyəyə qayıtdıqda özlərini müdafiə etmək üçün oradan 2 ədəd silah almış və həmin silahları hissələrə ayıraraq silahı satanla maşına yerləşdirmişlər. Əfqanıstanda yük yükləyib yola düşmüş, İran Respublikasında olarkən Bazırqan gömrüyündə növbə çox olduğu üçün oradan keçə bilmədiyindən Azərbaycan gömrüyündən keçməyi qərara almışdır. “Şahtaxtı” gömrük postundan keçərkən gömrük əməkdaşı ondan qadağan olunmuş nələrinsə olub-olmamasını soruşmuş, o isə cavabında təkcə 26 blok siqaret olduğunu ona demiş, sonra gömrük əməkdaşı 2 nəfərlə nəqliyyat vasitəsində yoxlama aparmış, yoxlama zamanı onun idarə etdiyi avtomaşının kabinindən ümumilikdə 2 ədəd tapança olmaqla onların hissələri, 3 ədəd tapança patronu və 3 ədəd həb aşkar etmişlər. Daha sonra gömrük əməkdaşının hazırladığı sənədləri imzalamışlar. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona ünvanlanmış suallara cavab olaraq idarə etdiyi nəqliyyat vasitəsində gizlətdiyi və gömrük əməkdaşı tərəfindən aşkarlanmış əşyaların qadağan olduğunu bildiyini, həmin silahları Əfqanıstanda tanımadığı şəxsdən 600 dollara aldığını, heç kimlə düşmənçiliyinin olmadığını, 10 yaşlı uşaq velosipedlə qardaşıgilin yaşadığı çadırın yanında toz etdiyindən qardaşının ona sillə vurduğunu, sonradan həmin uşağın atasının qardaşıgilin çadırını atəşə tutduğunu, orada təhlükədə olduqlarından özlərini qorumaq üçün həmin silahları aldığını, X-Ray-dən keçərkən bilinməsin deyə kağıza bükdüklərini, 3 ədəd mərmini silahları yoxlamaq üçün aldığını, Əfqanıstanda yoxlamaq imkanı olmadığını, Türkiyədə yoxlayacağını, dərmanları 2 il əvvəl İranda yolda səyyar satıcıdan aldığını və istifadə etdiyini, 3 ədədini isə paltarının cibinə qoyduğunu və yadından çıxıb qaldığını, ilk dəfədir ki, belə hadisə törətdiyini, cərimə cəzası kimi yüngül cəza olacağını düşündüyünü, Azərbaycan Respublikasında belə ağır cəzası olduğunu bilmədiyini, belə hallarda Türkiyə Respublikasında cərimə edildiyini, Türkiyədə olan zəlzələdə qardaşı uşaqlarının öldüyünü, 80 yaşlı anasına onların baxdığını, indi isə özünün baxdığını, törətdiyi əməlindən peşman olduğunu və bunların nəzərə alınmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Naxçıvan Baş Gömrük İdarəsi “Şahtaxtı” gömrük postunun inspektoru vəzifəsində çalışır. 23 sentyabr 2023-cü il tarixində saat 17:00 radələrində xidmətdə olarkən “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs hərəkətləri şübhə doğurduğundan onun idarə etdiyi yük nəqliyyat vasitəsinə iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirməyi qərara almışdır. Yoxlamağa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində və ya nəqliyyat vasitəsində gömrüyə bəyan edilməli və ya qadağan olunmuş predmetlərin təqdim olunmasını təklif etmiş, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində yalnız 26 blok siqaretin olduğunu söyləmiş, sonra yük nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabininin müxtəlif yerlərindən və kabinin çölündən ümumilikdə 2 ədəd tapança gövdəsi, 2 ədəd tapança gövdəsinin üst hissəsinin çərçivəsi, 3 ədəd boş patron darağı, 2 ədəd tapança lüləsi, 2 ədəd geri qaytarıcı yay, 3 ədəd tapança patronu, kabindəki pencəyin cibindən isə 3 ədəd dərman həbi aşkar etmişdir. Yoxlamanı bitirdikdən sonra Təqsirləndirilən şəxs üzərində iki nəfər hal şahidinin iştirakı ilə şəxsi yoxlama aparmış, lakin heç nə aşkar etməmişdir. Yoxlamanın nəticəsi barədə sənədlər tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Kəngərli rayon Şahtaxtı kəndində yaşayır, işsiz olduğundan bəzən Şahtaxtı gömrük postunda fəhləlik edərək yüklərin doldurulub-boşaldılması ilə məşğul olur. 23 sentyabr 2023-cü il tarixdə həmkəndlisi Samir ilə Şahtaxtı gömrüyündə yük boşaldarkən gömrük əməkdaşı Firudin müəllim onlara yaxınlaşaraq İrandan gələn yük nəqliyyat vasitəsinə baxış keçiriləcəyini, onların şahid kimi iştirak etmələrini xahiş etmişdir. Razı olduqlarından nəqliyyat vasitəsinin yoxlanacağı yerə getmişlər. Nəqliyyat vasitəsini yoxlayan zaman Firudin müəllim 1 ədəd kabinin içərisindən, 1 ədəd isə sürücü oturacağının altından silah və silahın hissələrini, düyünün içindən silahın yayını, 3 ədəd mərmini açar qabından, paltarların arasından isə 3 ədəd dərman həbi aşkar etmiş, yoxlama bitdikdən sonra müvafiq sənədlər tərtib olunmuş və onları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmədə dindirilmiş digər Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi, “Şahtaxtı” gömrük postunun böyük inspektoru Şahid1 tərəfindən tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:45-də “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “əncir və üzüm qurusu” yükü aparan Türkiyə Respublikasının vətəndaşı, xx.xx.2019-cu il tarixdə verilmiş U22809555 nömrəli xarici pasportun sahibi, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hərəkətləri şübhə doğurduğundan onun idarə etdiyi 33BUH34/33BUH36 dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitələrinin yoxlanılma sırasına uyğun olaraq nəqliyyat vasitəsinə və daşıdığı yükə iki hal şahidinin iştirakı ilə yoxlama keçirilmiş, yoxlama zamanı Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 33BUH34/33BUH36 dövlət nömrə nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının ön tərəfində, idarə etmə panelinin daxilindəki boşluqdan aliminium falqaya bükülmüş vəziyyətdə 1 ədəd üzərində “CAUTİON Capable of firing with magazine removed” yazısı olan qara rəngli tapança gövdəsi və 1 ədəd üzərində “SMİTH&WESSON” yazısı olan boş patron darağı, sürücü oturacağının altından qara sellofan paketdə 1 ədəd üzərində “SMİTH&WESSON SPRİNGFİELD. MA USA SW9VE” yazısı olan tapança gövdəsinin üst hissəsinin çərçivəsi, kabinin sol tərəfində olan dolabdakı alətlər çantasının qapağının üzərindəki gözdən 3 ədəd üzərində “9 mm Luger” yazısı olan tapança patronu və həmin alətlər çantasında olan açar dəstinin arasından 1 ədəd üzərində “9 mm” yazısı olan tapança lüləsi, kabində üst yatağın üzərində dağınıq şəkildə müxtəlif geyimlərin arasında olan gödəkçənin sol döş cibindən üzərində “NAMADOL” yazısı olan 1 ədəd kəsilmiş konvalyutda 3 ədəd həb, sərnişin oturacağının altından alüminium falqaya bükülmüş vəziyyətdə 1 ədəd üzərində “MADE İN AUSTRİA GLOCK Ges.m.o.H” yazısı olan tapança gövdəsi, gövdənin daxilində 1 ədəd üzərində “GLOCK” yazısı olan boş patron darağı və 1 ədəd əlavə olaraq üzərində “GLOCK” yazısı olan boş patron darağı, kabində alt yatağın altında olan çəkməcədəki plastik stəkanın içərisindən 1 ədəd geri qaytarıcı yay, kabində döşəmənin orta hissəsində plastik qabın içərisində olan qarğıdalı dənələrinin arasından 1 ədəd üzərində “9x19 GLOCK” yazısı olan tapança lüləsi, kabində sürücü oturacağının sağ tərəfində oturacağın döşəməyə söykəndiyi hissədəki boşluqdan qara sellofan paketdə 1 ədəd üzərində “GLOCK 19gen4 AUSTRİA 9x19” yazısı olan tapança gövdəsinin üst hissəsinin çərçivəsi olmaqla ümumilikdə 2 ədəd tapança gövdəsi, 2 ədəd tapança gövdəsinin üst hissəsinin çərçivəsi, 3 ədəd boş patron darağı, 2 ədəd tapança lüləsi, 2 ədəd geri qaytarıcı yay, 3 ədəd tapança patronu, 3 ədəd naməlum tərkibli həb aşkar edilərək götürülmüşdür. 25 sentyabr 2023-cü il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və 26 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. 23 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 24 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 23 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 33BUH34/33BUH36 dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsindən aşkarlanaraq götürülmüş 2 ədəd tapança gövdəsi, 2 ədəd tapança gövdəsinin üst hissəsinin çərçivəsi, 3 ədəd boş patron darağı, 2 ədəd tapança lüləsi, 2 ədəd geri qaytarıcı yay və 3 ədəd tapança patronunun döyüş sursatı olub-olmaması, hazırlanma üsulunun, təyinatı və təyinatı üzrə istifadəyə yararlı olub-olmaması barəsində və sairlərini müəyyən edilməsi məqsədilə 24 sentyabr 2023-cü il tarixdə məhkəmə-ballistik ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2023-cü il tarixli, 959 nömrəli məhkəmə ballistik ekspertizasının rəyinə əsasən 1). Tədqiqata təqdim edilmiş “a”, “c”, “d”, “g” predmetləri “GLOCK 19 GEN4” marka-modelli tapançanın funksional əhəmiyyət daşıyan müvafiq olaraq sürgüsü, lüləsi, qaytarıcı yayı və gövdəsi, “i” və “j” predmetləri funksional əhəmiyyət daşımayan sandıqçaları, “b”, “e”, “f”, “h” predmetləri “SMİTH & WESSON SW9VE” marka-modelli tapançanın funksional əhəmiyyət daşıyan müvafiq olaraq sürgüsü, lüləsi, qaytarıcı yayı və gövdəsi, “k predmeti” funksional əhəmiyyət daşımayan sandıqçasıdır. “a”, “c”, “d”, “g” predmetləri “birləşdirildikdə “GLOCK 19GEN4” marka-modelli, 9x19 mm kalibrli yivli tapançanı, “b”, “e”, “f”, “h” predmetləri birləşdirildikdə “SMİTH & WESSON SW9VE” marka-modelli, 9x19 mm kalibrli yivli tapançanı əmələ gətirirlər. Hər iki silah odlu silah hesab olunurlar. 2). Təqdiqata təqdim edilmiş üç ədəd patron zavod üsulu ilə istehsal edilmiş, “Browning Hi-Power”, “Parabellum Luger”, “SİG Sauer P226”, “Walter P99”, “Glock 17”, “Glock 19”, “ Ruger SR9”, “Beretta 92”, “Smıth & Wesson Model 910”, “Steyr M1912” marka-modelli tapançalarda, “Colt 9 mm SMG”, “Beretta MAB 38”, “HK MP5”, “Mauser C96”, “Uzi”, “Minebea M” marka-modelli tapança-pulemyotlarda və s. silahlarda, o cümlədən tədqiqata təqdim edilmiş “GLOCK 19 GEN4” marka-modelli və “SMİTH & WESSON SW9VE” marka-modelli tapançalarda döyüş sursatı kimi istifadə edilən 9x19 mm kalibrli, “P.08” (“Parabellum/Luger”) markalı patronlardır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 33BUH34/33BUH36 dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsindən aşkarlanaraq götürülmüş 2 ədəd tapança gövdəsi, 2 ədəd tapança gövdəsinin üst hissəsinin çərçivəsi, 3 ədəd boş patron darağı, 2 ədəd tapança lüləsi, 2 ədəd geri qaytarıcı yay və 3 ədəd tapança patronunun istifadəyə yararlı olub-olmaması, təqdim edilmiş silah, döyüş sursatları və onların ayrı-ayrı hissələrinin hansı üsulla hazırlanmasının müəyyən edilməsi məqsədilə 06 oktyabr 2023-cü il tarixdə əlavə məhkəmə-ballistik ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli, 1000 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyinə əsasən tədqiqata təqdim edilmiş “Glock 19 Gen4” markalı silah və hissələri kustar üsulla hazırlanmışdır, rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən saz vəziyyətdə deyil və təyinatı üzrə istifadəyə (atəşə) yararsızdır. Tədqiqata təqdim edilmiş “SMİTH & Wesson SW9VE” markalı silah və onun hissələri X4 zavod üsulu ilə istehsal edilmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd patron Rusiya Federasiyasında Ulyanovsk silah zavodunda, zavod üsulu ilə istehsal edilmişdir, istifadəyə (atəşə) yararlı 9 mm kalibrli döyüş sursatıdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş naməlum tərkibli həblərin nə olmasının, hazırlanma üsulunun, narkotik vasitələrə, psixotrop maddələrə və yaxud güclü təsir edən və zəhərli maddələrin siyahısına və hansı növə aid olmasının, xalis çəkisi və ya təsiredici maddəsinin miqdarının müəyyən edilməsi məqsədilə 24 sentyabr 2023-cü il tarixdə məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2023-cü il tarixli, 958 nömrəli fiziki-kimyəvi ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən, 01 ədəd kağız zərfdə üzərində “NAMADOL” yazısı olan 01 ədəd kəsilmiş konvalyutda 03 ədəd (Tramadol təsiredici maddəsinin miqdarı - 0,675 qram) qırmızı rəngli dərman həbləri zavod üsulu hazırlanmış tramadol dərman preparatlarıdır. Tramadol dərman preparatları 18 mart 2016cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısına” daxildir. 26 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr və ya psixotrop maddələr qəbul edib-etməməsinin, narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 315 nömrəli ambulator məhkəmə-narkoloji ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamışdır. Məhkəməyədək icraat dövründə “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023cü il tarixli qərarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 240-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsində qeyd edilən maddə ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəməyədək icraat dövründə “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023cü il tarixli qərarla “Glock 19 Gen4” markalı silah və onun hissələri istifadəyə yararsız hesab edildiyindən həmin hissədə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəməyədək icraat dövründə 02 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən götürülmüş “GLOCK 19GEN4” markalı silah və hissələri, “SMİTH & WESSON SW9VE” markalı silah və hissələri, 03 ədəd patron, həmçinin üzərindən götürülmüş 3 ədəd tramadol (təsiredici maddəsinin miqdarı -0,675 qram) dərman preparatları cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 2 ədəd tramadol həbləri və 2 ədəd patronun gilizi, 1 ədəd güllə, giliz və daxili ballistik komponentlərin bir hissəsindən ibarət patron, “GLOCK 19GEN4” markalı silah və hissələri, “SMİTH & WESSON SW9VE” markalı silah və hissələri, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd "SAMSUNG” markalı mobil telefon məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məxsus U22809555 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnaməyə cavabdan görünür ki, əməliyyat kartotekasında Təqsirləndirilən şəxs haqqında heç bir məlumat yoxdur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2023-cü il tarixli, 959 nömrəli və 01 noyabr 2023-cü il tarixli, 1000 nömrəli ekspert rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs idarə etdiyi 33BUH34/33BUH36 dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsi ilə 2023-cü ilin avqust ayında Türkiyə Respublikasından Əfqanıstan Respublikasına dərman yükü aparıb boşaltdıqdan sonra İran İslam Respublikası ərazisinə keçmiş və 23 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Kəngərli rayonunun inzibati ərazisində yerləşən “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən Əfqanıstan Respublikasında olduğu müddət ərzində istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi istifadəyə yararlı 1 ədəd “SMİTH & WESSON SW9VE” markalı odlu silah və onun komplekt hissələrini idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinin müxtəlif yerlərində, istifadəyə yararlı 9 mm kalibrli 3 ədəd patronu kabinin sol tərəfində olan dolabdakı alətlər çantasının qapaq hissəsində, həmçinin təsiredici maddəsinin miqdarı 0,675 qram olan üzərində “NAMADOL” sözləri yazılmış ümumilikdə 3 həb tramadol güclü təsir edən dərman preparatlarını isə 1 ədəd kəsilmiş konvalyuta qoyaraq nəqliyyat vasitəsinin kabinində üst yatağın üzərindəki paltarların arasında olan gödəkçənin sol döş cibində gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və həmin gün saat 17 radələrində “Şahtaxtı” gömrük postundan qeyd olunan odlu silah, onun komplekt hissələrini, döyüş sursatını və tramadol həblərini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəllənin 206.2ci maddəsində, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na görə tramadol tərkibli dərmanın külli miqdar (qramlarla) daxil olmaqla aşağı hədləri 6 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cəzanın anlayışını və məqsədini müəyyən edən Azərbaycan Respublikası CM-nin 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf edərək sonda peşman olması, əvvəllər məhkum olunmaması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxsnn cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli saxlanıldığı andan 23 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Azərbaycan Pespublikası CM-nin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 315 nömrəli tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsye narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkarlanıb götürülmüş və maddi sübut kimi tanınmış “GLOCK 19GEN4” markalı silah və hissələri, “SMİTH & WESSON SW9VE” markalı silah və hissələri, 03 ədəd patron onun təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə qanunsuz olaraq əldə etdiyini nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak kimi qiymətləndirib hesab edir ki, cinayət işi üzrə həmin əmlak xüsusi müsadirənin obyektidir və müsadirə edilməlidir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağına saxlanılması üçün təhvil verilmiş 2 ədəd patronun gilizi, 1 ədəd güllə, giliz və daxili ballistik komponentlərin bir hissəsindən ibarət patron, “GLOCK 19GEN4” markalı silah və hissələri, “SMİTH & WESSON SW9VE” markalı silah və hissələri dövlət nəfinə müsadirə edilməklə Naxçıvan MR Daxili İşlər Nazirliyinə təhvil verilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 2 ədəd tramadol həbləri məhv edilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd "SAMSUNG” markalı mobil telefon özünə qaytarılmalı, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U22809555 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağına saxlanılması üçün təhvil verilmiş 2 ədəd patronun gilizi, 1 ədəd güllə, giliz və daxili ballistik komponentlərin bir hissəsindən ibarət patron, “GLOCK 19GEN4” markalı silah və hissələri, “SMİTH & WESSON SW9VE” markalı silah və hissələri dövlət nəfinə müsadirə edilməklə Naxçıvan MR Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan 02 ədəd həb güclü təsiredici maddə “tramadol” dərman preparatı məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd "SAMSUNG” markalı mobil telefon özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U22809555 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar