Məhkəmə qərarları › İş №1(111)-20/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-20/2023

29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-20/2023 29.09.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X6 Nadir oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2 iştirakı ilə, xx.xx.1982-ci ildə İran İslam Respublikasının Şot şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, ailəli, iki uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, İran İslam Respublikasının Şot şəhəri, Mütəhərri küçəsində qeydiyyatda olaraq yaşamış, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, xx.xx.2023-cü il tarixində saat 20 radələrində Kəngərli rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Ruminiya Respublikasına gedən İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 33AB713/33AB714 dövlət qeydiyyat nişanlı, “Daf” markalı yük nəqliyyat vasitəsinə keçirilmiş yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının qarşısında, göstəricilər panelinin üzərində, ön şüşənin qarşısında olan qara rəngli eynək qabının içərisindən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 0,248 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 21 aprel 2023-cü il tarixində İran İslam Respublikasının Poldəşt şəhərindən Ruminyaya gedəcək yer kökü yükləmiş, yükü Türkiyə Respublikasına qədər apararaq, oradan isə başqa bir sürücü Ruminyaya daşıyacaqmış, yükü yüklədikdən sonra 25 aprel 2023-cü il tarixdə səhər vaxtı İran İslam Respublikasının Poldəşt gömrüyünə gəlmiş, orada yükün və maşının sənəd işlərini həll etdikdən sonra elə həmin gün axşam saatlarında Azərbaycan Respublikasının Şahtaxtı gömrüyünə keçmiş, gömrükdə sənədlərini qeydiyyata saldıqdan sonra gömrük əməkdaşı maşının kabininə baxmış, kabində şüşənin qabağında olan eynək qabının içərisindən qara rəngli maddə aşkarlamış və onun tiryəkə bənzədiyini bildirmiş, maşının yoxlanmasından sonra otağa aparılaraq üzəri yoxlanılmış, amma üzərindən heç nə aşkar olunmamışdır. Yoxlamalarla əlaqədar sənədlər hazırlanmış, sənədlərlə tanış olaraq onları imzalamışdır. İran İslam Respublikası tərəfində idarə etdiyi nəqliyyat vasitəsini təhvil alan zaman avtomobili əsaslı yoxlasa da eynək qabını görmüş, lakin onun içini yoxlamağı unutduğunu, həmin aşkarlanan vasitənin kimin olduğunu bilmədiyini, heç bir narkotik vasitədən istifadə etmədiyini, ona görə də bağışlanmasını və yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, iş qrafikinə uyğun olaraq 25 aprel səhər saat 0830-da işə başlamış, həmin gün axşam saat 20 radələrində X4 33AB713/33AB714 nömrəli iran tırı azərbaycan tərəfinə giriş etmiş, sürücü maşından düşərək sənədlərini qeydiyyata saldırmaq üçün getmiş, həll edib maşının yanına gəldikdən sonra ona yaxınlaşmış, sürücüdən üzərində və maşınında qadağan olunmuş hər hansı bir şey olub-olmamasını, həmçinin siqaretinin neçə blok olmasını soruşmuş, o, qadağan olunmuş heç nə olmadığını və 1 blok siqaretinin olduğunu bildirdiyini, ilk növbədə yük maşınına vizual baxış keçirmiş, sonra hal şahidlərinin iştirakı ilə kabində eynək qabının içərisindən narkotik vasitə olan tiryəkə bənzər maddə aşkar etdiyini, sürücüdən bunun nə olduğunu soruşduğunu, sürücünün nə olduğunu bilmədiyini və ona aid olmadığını söylədiyini, həmin maddənin narkotik vasitə tiryək olmasından şübhələndiyi üçün onu sürücü Səmədin və hal şahidlərinin yanında qablaşdırıb götürərək tərəzidə çəkdiklərini, çəkisinin 0,256 qram olduğunu, sürücülərin əksəriyyətinin uzun yola çıxdıqları üçün göz yorğunluğu ilə əlaqədar eynəkdən istifadə etdiklərini düşünərək maşından aşkar edilmiş içərisində narkotik vasitə olan eynək və eynək qabının sürücü Təqsirləndirilən şəxs Mohammada aid olduğu qənaətinə gəlmiş və bundan sonra yük maşınını daha ətraflı yoxlamış, daşıdığı yer kökü yükünə və maşının hər bir nöqtəsinə tam və dolğun şəkildə baxış keçirmiş, yoxlama ilə bağlı protokol tərtib etmiş, sürücü və hal şahidləri protokolla tanış olaraq onu imzaladıqlarını, sonra sürücü Səmədin üzərini yoxlama otağında şahidlərin iştirakı ilə yoxlanış aparıldığını, üzərindən qadağan olunmuş predmet aşkarlanmadığını, gömrük yoxlamasının həyata keçirilməsi zamanı barəsində gömrük nəzarəti tədbirləri tətbiq edilən İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxsla özünün təqdim edilməsi, şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı azərbaycan dilində danışmış, o, bu dildə aydın danışmış, lakin yoxlamalara başlamazdan əvvəl ona öz ana dili olan fars dilində gömrük nəzarəti tədbirləri həyata keçirilməsi zamanı hüquq və vəzifələrinin əks olunduğu bildiriş təqdim etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, 25 aprel 2023-cü il tarixində saat təqribən 20 radələrində Şahtaxtı gömrüyündə Vaqiflə birlikdə yük yükləyib -boşaltdığını, bu zaman gömrük əməkdaşı Tofiq onu və Vaqifi yanına çağırdığını, tır sürücüsü İran İslam Respublikası vətəndaşını Səmədi onlara təqdim edərək onun idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlayacağını, ondan hal şahidi kimi iştirak etməsini xahiş etmiş və onun xahişini qəbul etmişdir. Bundan sonra gömrük əməkdaşı Tofiq sürücüdən qanunla qadağan olunmuş hər hansı bir şeyin olubolmamasını və neçə blok siqaretinin olduğunu soruşmuş, sürücü Səməd qanunsuz heç nə olmadığını və siqaretinin 1 blok olduğunu bildirmişdir. Beləliklə, gömrük əməkdaşı Tofiq, iranlı Səmədin idarə etdiyi yük maşınını yoxlamağa başlamış, maşının kabinində eynək qabının içərisindən qara rəngli maddə aşkar etmiş, Səməddən bunun nə olduğunu soruşmuş, o isə həmin maddənin nə olduğunu bilməmiş, aşkar edilmiş maddə qablaşdırılaraq götürülmüş, çəkisinin təxminən 0,2 qram olduğunu və sənədlər tərtib edildiyini bildirmişdir. Daha sonra sürücünün üzəri yoxlanılmış, lakin üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilmədiyini, bununla da bağlı sənədlər hazırlandığını və həmin sənədləri imzaladıqlarını, yoxlama zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı təsir və ya zor tətbiq edilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmədə dindirilmiş digər Şahid2 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Naxçıvan Baş Gömrük İdarəsi “Şahtaxtı” gömrük postunun baş müfəttişi Şahid1 tərəfindən tərtib edilmiş 26 aprel 2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 33AB713/33AB714 qeydiyyat nişanlı “Daf” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarət xəttində yoxlanılan zaman yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının qarşısında göstəricilər panelinin üzərində ön şüşənin qarşısında qara rəngli eynək qabının içərisindən bir parça tünd qəhvəyi rəngli, kəskin iyli təqribi çəkisi 0,256 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. 26 aprel 2023-cü il tarixli Naxçıvan Baş Gömrük İdarəsi, “Şahtaxtı” gömrük postunun baş müfəttişi Şahid1 tərəfindən tərtib edilmiş “şəxsi yoxlama aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı onun üzərindən heç bir predmet aşkar edilməmiş, ona məxsus 1 ədəd “Xiaomi Poco X3” markalı telefon və T56391379 nömrəli pasport götürülmüşdür. 26 aprel 2023-cü il tarixli “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdə saat 12:30-da tutulmuşdur. 27 aprel 2023-cü il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və həmin tarixdə Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablanmış, Naxçıvan Şəhər Məhkəməsinin 22 iyul 2023-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti 2 ay müddətinə uzadılmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 440 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş, 1 ədəd sellofan kəsiyinə bükülmüş bükümlə birlikdə çəkisi – 0,256 qram, təmiz çəkisi - 0,248 qram olan tünd qəhvəyi rəngli, bərk halda, spesifik iyli kütlə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir.Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı”na(İ siyahı, sıra№102) daxildir. Tiryəkin təmiz çəkisi 0,248 qram, tədqiqata sərf edilmiş 0,1 qram, qalıq 0,148 qramdır. İbtidai istintaq dövründə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 10 may 2023-cü il tarixli 109 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi yoxdur. Hal-hazırda onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən götürülmüş tədqiqatdan sonra qalan 0,148 qram narkotik vasitə tiryək, tiryək aşkarlanan eynək qabı və eynək, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi Poco X3” markalı mobil telefon Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılır. Təqsirləndirilən şəxs məxsus T56391379 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini və tədqiq olunmuş sübutları məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.14-cü maddəsinə görə, gömrük nəzarəti - gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir; 1.0.1-ci maddəsinə görə bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi deməkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində izah edilir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. Həmin qərarın 16-cı madəsində isə izah edilir ki, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə, onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. Buna görə, malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi zamanı sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədilmiş qaçaqmalçılıq bu cinayətin qeyd olunan qeyri-qanuni üsullardan biri ilə törədilməsinin, o cümlədən, gömrük orqanına qeyd olunmuş sənədlərin daxili gömrük tranziti, malların gömrük proseduruna salınması və ya malların və digər əşyaların buraxılması ilə bağlı gömrük prosedurunun həyata keçirilməsi prosesində təqdim edilməsi zamanı bu faktın aşkarlandığı və bunun qarşısının alındığı andan başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək sonda peşman olmasını, ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etməklə bağlı cəza növü təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 26 aprel 2023-cü il tarixdən 12:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 10 may 2023-cü il tarixli 109 saylı ambulator məhkəmə-narkoloji ekspertizasının rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə olunmasına zərurət olduğunun müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatına sərf olunması çıxılmaqla Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılması üçün təhvil verilmiş 0,148 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, tiryək aşkarlanan eynək qabı və eynək, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi Poco X3” markalı mobil telefon özünə qaytarılması üçün icrası Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə və məhkəməyə təqdim edilən Təqsirləndirilən şəxs məxsus T56391379 nömrəli pasport hökm qanuni qüvvəsini aldıqdan sonra özünə qaytarılması üçün cəzasını çəkdiyi cəzaçəkmə müəssisəsinə göndərilməlidir. İş üzrə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə xidmət haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir.Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə onu da diqqətə çatdırır ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll etdiyindən Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı 26 aprel 2023-cü il tarixdən 12:30-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 0,148 (sıfır tam mində yüz qırx səkkiz) qram narkotik vasitə tiryək məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan, tiryək aşkarlanan eynək qabı və eynək, həmçinin 1 ədəd “Xiaomi Poco X3” markalı mobil telefon özünə qaytarılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra “maddi sübutun məhvi və əşyaların qaytarılmasına münasibətdə” hökm icra edilməsi üçün Naxçıvan Şəhəri İcra və Probasiya şöbəsinə göndərilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus T56391379 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. İş üzrə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə, müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqarov Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar