Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-21/2023 05.10.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X4 Nadir oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin rəis əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - Şərur Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şərur rayon Xok kəndində anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, sürücü işləyən, əvvəllər məhkum olunmayan, Kəngərli rayon Xok kəndində qeydiyyatda duran, barəsində 07 avqust 2023cü il tarixdə “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM) 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kəngərli rayon məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs fərdi yaşayış evinə (yerinə) qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Belə ki, о, 15 iyul 2023-cü il tarixdə saat 23:15 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Kəngərli Rayon Xok kənd sakini Zərərçəkmiş şəxs məxsus olan yaşayış evinə qanunsuz daxil olaraq, pul əldə etmək üçün yaşayış evinin yataq otağına daxil olmuş və həmin otaqda olan paltar şkafının iki gözünü açan zaman, ev sahibi Zərərçəkmiş şəxs evə daxil olması nəticəsində, öz iradəsindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CМ-nin 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü tam təqsirli bilərək ifadəsində atasına məxsus olan Kəngərli rayon Xok kəndində yerləşən yaşayış evində valideynləri ilə birlikdə yaşadığını, özünəməxsus olan avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırdığını, aylıq təxminən 300-350 manat gəlirinin olduğunu, maşının nasaz olduğunu və düzəltmək üçün 250 manat pula ehtiyacının olduğunu, 15 iyul 2023-cü il tarixdə saat 23:15 radələrində Kəngərli Rayon Xok kənd ərazisində yerləşən həmkəndlisi Mehdiyə məxsus olan ərzaq mağazasının qarşısında bir litr piyvə içdiyini, bir litr piyvə isə alaraq içə-içə kənd yolunda piyada hərəkət etməyə başladığını, Xok kənd ərazisində yerləşən qohumu Zərərçəkmiş şəxs evlərinin yaxınlığında olan zaman digər evlərin işıqlarının yanılı olduğunu, lakin Zərərçəkmiş şəxs evinin işığının yanmadığını gördüyünü, pula ehtiyacının olmasının yadına düşdüyünü, buna görə də yaşayış evindən oğurluq etmək qərarına gəldiyini, Zərərçəkmiş şəxs evinin yaxınlığına getdiyini, yaşayış evinin ətrafına baxdığını və ətrafda heç kimin olmadığını gördüyündən, darvaza qapısının yanında olan hasar divardan hoppanaraq evin həyətyanı sahəsinə daxil olduğunu, yaşayış evinin ön tərəfinə keçərək evin hər tərəfinə nəzər saldığını və işıqların sönülü olduğunu, yaşayış evində heç kimin olmadığından əmin olduğunu, yaşayış evinin ön tərəfindən keçərək sol tərəfdə yerləşən ikinci pəncərəyə tərəf yaxınlaşdığını, pəncərəni sağ əli ilə var gücü ilə vurduğunu, pəncərənin zərbənin təsirindən açıldığını və içəri daxil olduğunu, otaq qaranlıq olduğu üçün mobil telefonunun işığını yandırdığını, işığı otağa salmağa başladığını və evin salonuna daxil olduğunu, telefon işığı ilə salondan çıxaraq sol tərəfə hərəkət etdiyini, həmin vaxt qarşısına yataq otağı çıxdığını və evin yataq otağına daxil olduğunu, yataq otağında olan zaman sağ tərəfdə yerləşən şkafı açdığını, şkafın içərisində paltarların olduğunu gördüyünü, həmin vaxt yaşayış evinin koridorunun işığının yandığını gördüyünü, ev sahibinin gəldiyini bildiyindən, şkafın içərisini axtara bilmədiyini yataq otağında yerləşən çarpayının yanında uzandığını, lakin şkafın gözlərini bağlamadığını, ev sahibi olan Zərərçəkmiş şəxs yataq otağının işığını yandırdığını və onu çarpayının yanında uzanmış halda gördüyünü, Zərərçəkmiş şəxs ona burda nə edirsən deyib, qolundan tutaraq onu evin çölünə çıxardığını, Zərərçəkmiş şəxs polis əməkdaşlarına zəng vurduğunu, bir müddətdən sonra polis əməkdaşlarının gələrək onu şöbəyə apardıqlarını, sərxoş olduğundan ilk dəfə bu cürə hərəkət etdiyini, tutduğu əməldən çox peşman olduğunu, bütün kənd camaatından və qohumlarından utandığını, gələcəkdə bir daha bu cür hərəkətlərə yol verməcəyini bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində Kəngərli Rayon Xok kəndində özünə məxsus fərdi yaşayış evinin olduğunu, 15 iyul 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə atasına məxsus olan Xok kəndində yerləşən yaşayış evində qaldıqlarını, gecə saatlarında öz evinə getmək qərarına gəldiyini və özünün yaşayış evinə getdiyini, yaşayış evinin darvazasının qapısını açarla açaraq həyətə, sonra isə yaşayış evinin qapısını açaraq evə daxil olduğunu, salona daxil olaraq pəncərənin birini açdığını, mətbəxin pəncərəsini açmağa gedən zaman yataq otağından güclü şıqqıltı səslərinin gəldiyini eşitdiyini və yataq otağına tərəf getdiyini, yataq otağına daxil olaraq işığı yandırdığını, otaqda olan şkafın iki gözünün açıq olduğunu gördüyünü, şkafa tərəf gedən zaman yerdə olan xalçanın qatlandığını gördüyünü, çarpayının altında olan xalçaya əyilib baxan zaman bir nəfər şəxsin qolunu gördüyünü, həmin şəxsin qolundan çəkib, çarpayının altından çölə çıxardığını və həmin şəxsin həmkəndlisi və qohumu olan Təqsirləndirilən şəxs olduğunu gördüyünü, Təqsirləndirilən şəxs mənim evimdə nə edirsən deyib, onu evdən çölə çıxardığını, Təqsirləndirilən şəxs oğurluq etmək məqsədi ilə evinə daxil olması barədə polis əməkdaşlarına məlumat verdiyini, Təqsirləndirilən şəxs baxdığı həmin şkafda ailəsinə məxsus olan qızıl ziynət əşyalarının olduğunu, evinə 10-15 dəqiqə gec gəlsə idi Təqsirləndirilən şəxs orda olan qızıl ziynət əşyalarını götürüb evdən çıxacağını, özünün evə gəldiyi üçün Kinyazın öz cinayət əməlini başa çatdıra bilmədiyini, Knyazı qohumu və həmkəndlisi olduğu üçün bağışladığını ondan şikayət etmədiyini, atasına və anasına görə yazığı gəldiyi üçün ona yüngül cəza verilməsini bildirərək, bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində özünəməxsus olan Kəngərli Rayon Xok kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşadığını, iyulun 15-də 16-a keçən gecə öz həyətlərində kətildə yatdığını, qonşusu Şakirgilin həyətindən səs gəldiyini, qalxıb küçəyə çıxdığını, küçədə bir siqaret çəkdiyini, Zərərçəkmiş şəxs məxsus olan yaşayış evinin həyətindən yenə də səslərin gəldiyini eşitdiyini, bir müddət səsə qulaq asdığını və qonşusu Zərərçəkmiş şəxs kiməsə mənim evimdə nə işin var dediyini eşitdiyini, Şakirin səsinin ucadan gəldiyini eşidib ona məxsus olan yaşayış evinin həyətinə daxil olduğunu, həyətə daxil olan zaman Zərərçəkmiş şəxs həyətində polis əməkdaşlarının və həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu gördüyünü, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğurluq etmək məqsədi ilə onun evinə daxil olduğunu bildirdiyini, polis əməkdaşları Təqsirləndirilən şəxs avtomobilə əyləşdirərək polis şöbəsinə apardıqlarını bildirdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Kəngərli Rayon Xok kənd sakini Zərərçəkmiş şəxs məxsus olan yaşayış evinə qanunsuz daxil olaraq, pul əldə etmək üçün yaşayış evinin yataq otağında olan paltar şkafının bir gözünü açan zaman, ev sahibi Zərərçəkmiş şəxs evə daxil olması nəticəsində, onun iradəsindən asılı olmayan səbəblərə görə oğurluq əməlini başa çatdıra bilməməsi faktına görə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluq baş verdiyi yer Kəngərli rayon Xok kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Həsənov X3 rayon Xok kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evə hansı qaydada daxil olduğunu və hansı hərəkətləri etdiyini əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2023-ci il tarixli 232 saylı rəyində göstərilir ki, “Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman heç bir psixi xəstəliklərdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur”. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin, şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 29, 177.2.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerlərini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanunu qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra məhkəməyə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi özünə qaytarılmalıdır. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Kəngərli Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Cəzasının əvvəli Kəngərli Rayon İcra və Probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kəngərli rayon Xok kəndində yaşadığı evi hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra məhkəməyə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi onun özünə qaytarılsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Kəngərli rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №1(111)-21/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-21/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver