Məhkəmə qərarları › İş №1(111)-21/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-21/2024

02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-21/2024 02.12.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxsin tərcüməçisi X4 iştirakı ilə, 14 aprel 1982-ci il tarixdə Türkiyə Respublikasının Kayseri şəhərində anadan olmuş, evli, üç uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, Türkiyə Respublikası, Kayseri şəhəri, Koca Sinan rayonu, Ərtoğrul qazi məhəlləsi, 4343 sokak, bina 9, ev 39 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 16 avqust 2024-cü il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan idarə etdiyi 38AGM724/38AHG344 qeydiyyat nişanlı “İVECO AS 440 ST/P” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,230 qram narkotik vasitə olan marixuananı əynindəki boz rəngli tumanının bel hissəsində gömrük sərhədindən gömrük nəzarətindən gizlətmiş, həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 23:00 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan tranzit giriş edib qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Buna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 6-8 ildir ki, yük-nəqliyyat vasitələrində sürücü işləyir. xx.xx.2024-cü il tarixdə Türkiyənin Kayseri şəhərindən avadanlıq yükünü götürərək İran İslam Respublikasının Tehran şəhərinə aparmış, yükü orada boşaltdıqdan sonra yük nəqliyyat vasitəsinin sandıqçasını açaraq yemək yeməyə başlamış, orada yemək yeyən zaman səyyar satıcı onun yanına gəlmiş, bir az danışıb söhbət etdikdən sonra həmin iranlı narkotik vasitənin olduğunu ona demiş və ondan həmin vasitəni almışdır. Orada aldığı narkotik vasitədən bir az istıfadə edib yola düşmüşdür. İranın Poldəşt gömrüyünə çatdıqdan sonra orada 24 saat qalmalı olduğu halda, əsgərlər gəlib getməli olduğunu dediklərindən 3 saat qalmalı olmuşdur. Həmin vaxt narkotik vasitədən istifadə etdiyinə görə yola düşmək istəməmiş, onlar məcbur etdiyindən Şahtaxtı gömrüyündən keçməli olmuşdur. 14 avqust 2024-cü ildə gömrüyü keçən vaxt aldığı maddənin üzərində olduğunu unutmuş, onu qardaş ölkəyə keçirmək fikri olmamışdır. Həmçinin məhkəmə iclasında sorğu-sual edilən zaman Təqsirləndirilən şəxs ifadəsində adətən şirkət maşını olan “İveco” markalı nəqliyyat vasitəsi ilə Türkiyədən Avropa ölkələrinə yüksək tonlu avadanlıqlar apardığını, yükü Kayseri şəhərindən Bazırqan gömrüyündən keçərək Tehran şəhərinə apardığını, yükü boşaltdıqdan sonra gün yarım, 2 gün orada qaldığını, orada aldığı “əsrar” deyilən (marixuana) həmin vasitədən cinsi aktivliyini artırmaq üçün istifadə etdiyini, aldığı adamı tanımadığını, həmin adama İran pulu-200 tümən və 1 qutu siqaret verdiyini, aldıqdan sonra kağıza büküb, tüstüsünü çəkdiyini, qalanını isə cibinə qoyduğunu, qadağan olduğunu bildiyini, həmin maddəni öz istifadəsi üçün aldığını, gömrüyü keçməmişdən 2 gün əvvəl və keçdiyi gün həmin maddədən istifadə etdiyini, gömrükdən keçirmək fikri olmadığını, gömrüyə anidən gəldiyindən yadından çıxıb cibində qaldığını, gömrük əməkdaşları ondan qadağan olunmuş malın, əşyanın olub-olmamasını soruşduqda onlara yox dediyini, həmin vaxt əsrarın təsiri altında olduğunu, kim nə desə idi, onu edəcək halda olduğunu, yoxlama zamanı qorxduğundan özünə gəldiyini, narkotik vasitədən əvvəllər istifadə etdiyini, 1 ilə yaxındır ki, bu maddədən istifadə etdiyini, gömrükdə əvvəlcə X-Ray aparatından keçdiyini, normalda orada olan bütün prosesləri bildiyini, amma özündə olmadığı üçün nə edəcəyini bilmədiyini, ona görə də bu hərəkətlərindən şübhələndiklərini, yoxlama zamanı da maddənin üzərində olduğunun yadında olmadığını, maşında olan tütün sarmaq üçün kağızları tapan zaman cibində olduğunun yadına düşdüyünü, əsrarı cibindən çıxarıb onlar görmədən əynindəki alt paltarı olan tumanına qoyub gizlətdiyini, üzərində tapılan maddənin tərəzidə çəkildiyini, maddənin 2 qramı keçmədiyini, maddənin şəffaf paketdə olduğunu və göründüyünü bildirmiş və son sözündə hərəkətlərindən çox peşman olduğunu, etdiyi hərəkətlərin daha ağır nəticələrinin olmadığına şükür etdiyini, qardaş ölkə Azərbaycana qarşı bu hərəkətləri etdiyinə görə çox utandığını, 3 azyaşlı uşağının olduğunu, ailəsinin pərişan halda olduğunu, həbs olunarsa, arvadının ondan boşanacağını, anasının xəstə olduğunu bildirərək bağışlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə gündəlik iş qrafikinə uyğun olaraq “Şahtaxtı” gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən İran İslam Respublikasından gələn Türkiyə Respublikasına məxsus 38AGM724/38AHG344 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi yoxlanılması üçün müayinə postuna yaxınlaşmış, gömrük postuna yaxınlaşan Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələndiyindən xx.xx.2024-cü il tarixdə 01:05 radələrində onu şəxsi yoxlamaya dəvət etmiş və bu zaman gömrük əməkdaşı Şahid2 şəxsi yoxlama zamanı video-çəkiliş etməsini xahiş etmişdir. Şəxsi yoxlama başlamazdan əvvəl sürücüyə hüquq-vəzifələri barədə bildiriş təqdim etmiş, üzərində qadağan olunmuş hər hansı predmetin olub-olmadığını soruşmuş, sürücü isə heç nə olmadığını demişdir. Onun üzərini yoxlayan zaman arxa cibindən 2 ədəd narkotik vasitə istifadə etmək üçün kağız tapmış, sonra isə paltarının bel nahiyəsindən kütlə aşkar etmiş, aşkarlanan həmin kütlənin çəkisi 1,471 qram olmuşdur. Həmçinin sorğu-sual edilərkən Şahid1 ifadəsində sürücünün həmin vaxt çox həyəcanlı və tələsgən olduğunu, əvvəl nəqliyyat vasitəsini yoxladığnı, oradan heç nə tapılmadığını, nəqliyyat vasitəsindən də tütün sarmaq üçün kağız tapıldığını, üzərini yoxlayan zaman qara və qəhvəyi rəngdə, üzərində “OCB” yazısı olan narkotik sarmaq üçün kağızların tapıldığını, soruşduqda özü də “əsrar” sarmaq üçün kağız olduğunu dediyini, aşkarlanan kütlənin sellofan paketdə, tünd yaşıl rəngdə olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru Şahid2 analoji ifadə verərək bildirmişdir ki, 15 avqust 2024-cü il tarixdə “Şahtaxtı” gömrük postunda işdə olarkən gömrük əməkdaşı Şahid1 yanına gələrək İrandan gələn bir nəqliyyat vasitəsində yoxlama aparacağını deyərək ondan video çəkiliş etməyini xahiş etmiş, şəxsi yoxlama otağına getmiş və öz telefonu ilə video-çəkiliş etmişdir. Yoxlamadan əvvəl sürücüyə hüquq-vəzifələri izah edilmiş və bildiriş verilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən kütlə aşkar edilmiş və tərəzidə çəkilərək 1,471 qram olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə onun bel nahiyəsindən tapılmış və sellofan paketdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan, habelə məhkəmə iclasında baxış keçirilmiş video-görüntülərdən görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyinmiş olduğu qara rəngli cins şalvarın arxa cibindən 1 paket qara rəngli və 1 paket qəhvəyi rəngli üzərində “OCB” yazıları olan narkotik vasitə istifadə etmək üçün kağız, yoxlamanın davamında isə əyninə geyinmiş olduğu boz rəngli tumanın bel hissəsindən şəffaf sellofana bükülmüş, sellofanla birlikdə çəkisi 1.471 qram olan, tünd yaşıl rəngli qurudulmuş ot halında, kəskin iyli narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. 16 avqust 2024-cü il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və 16 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 15 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 15 avqust 2024-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyinmiş olduğu qara rəngli cins şalvarın arxa cibindən 1 paket qara rəngli və 1 paket qəhvəyi rəngli üzərində “OCB” yazıları olan narkotik vasitə istifadə etmək üçün kağız, yoxlamanın davamında isə əyninə geyinmiş olduğu boz rəngli tumanın bel hissəsindən şəffaf sellofana bükülmüş, sellofanla birlikdə çəkisi 1.471 qram olan, tünd yaşıl rəngli qurudulmuş ot halında, kəskin iyli narkotik vasitəyə bənzər kütlənin nə olmasının, narkotik vasitələrə, psixotrop maddələrə və yaxud güclü təsir edən və zəhərli maddələrin siyahısına aid olmasının, əgər aiddirsə, hansı növə aid olmasının, hazırlanma üsulunun, xalis çəkisinin və təsiredici maddəsinin miqdarının müəyyən edilməsi məqsədilə 15 avqust 2024-cü il tarixdə məhkəmə bioloji ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli 940 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi - 1,230 qram olan tünd-yaşıl rəngli, kəskin iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respunlikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı İ bənd sıra №146). Qeyd: Marixuananın təmiz çəkisi - 1,230 qram; tədqiqata sərf edildi - 0,02 qram; qalıq - 1,210 qram. 16 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edib-etməməsini, əgər narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edirsə narkоmaniya xəstəliyinə tutulub-tutulmamasını, əgər narkomandırsa, məcburi müalicəyə ehtiyacı оlub-оlmamasını müəyyən etmək məqsədilə ambulator məcburi narkoloji yoxlama təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 317 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Nazmi oğlunda “Konnobinoid” narkomaniyası aşkar olunur. Hazırda məcburi müalicəyə ehtiyacı var. Məhkəməyədək icraat dövründə 20 sentyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,230 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd boz rəngli tuman cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 1,210 qram qurudulmuş marixuana, 1 ədəd boz rəngli tuman və Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Redmi Note 12 Pro” markalı mobil telefon məhkəmənin yekun qərarınadək Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məxsus U28015669 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin ƏSİŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat təşkil edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin təqdim etdiyi Azərbaycan dilinə tərcümə və apostil olunmuş ailə tərkibi haqqında sənəddən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Ünsal Talha, xx.xx.2017-ci il təvəllüdlü Ünsal Elanur və xx.xx.2023-cü il təvəllüdlü X8 adında uşaqları vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin təqdim etdiyi Azərbaycan dilinə tərcümə və apostil olunmuş Türkiyə Respublikası Ədliyyə Nazirliyi Cinayət Qeydiyyatı və Statistika Baş İdarəsi tərəfindən verilmiş 94391750-2024-********** saylı sənəddən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu və məhkumluğu barədə arxiv məlumatı yoxdur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 15 avqust 2024-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli 940 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 317 saylı ambulator məcburi narkoloji tibbi yoxlama rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 14 avqust 2024cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan idarə etdiyi 38AGM724/38AHG344 qeydiyyat nişanlı “İVECO AS 440 ST/P” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,230 qram narkotik vasitə olan marixuananı əynindəki boz rəngli tumanının bel hissəsində gömrük sərhədindən gömrük nəzarətindən gizlətmiş, həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 23 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan tranzit giriş edib qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və bununla da Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Marixuana” 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respunlikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr siyahısı”na daxildir. 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” narkotik maddə olan marixuananın şəxsi istehlak miqdarından xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.14-cü maddəsinə görə, gömrük nəzarəti - gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir; 1.0.1-ci maddəsinə görə bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi deməkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində izah edilir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 16-cı maddəsində isə izah edilir ki, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə, onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. Buna görə, malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi zamanı sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədilmiş qaçaqmalçılıq bu cinayətin qeyd olunan qeyri-qanuni üsullardan biri ilə törədilməsinin, o cümlədən, gömrük orqanına qeyd olunmuş sənədlərin daxili gömrük tranziti, malların gömrük proseduruna salınması və ya malların və digər əşyaların buraxılması ilə bağlı gömrük prosedurunun həyata keçirilməsi prosesində təqdim edilməsi zamanı bu faktın aşkarlandığı və bunun qarşısının alındığı andan başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını və 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346.1.12ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 15 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 317 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs “Konnobinoid” narkomaniyası aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 1,210 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd boz rəngli tuman, 1 ədəd “Redmi Note 12 Pro” markalı mobil telefon özünə qaytarılmalı və Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş U28015669 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 90 (doxsan) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142330, büdcə səviyyəsinin kodu 2, X6 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ 88 NABZ **********0000012944, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, Hesab: AZ 21 NABZ ********************) hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan 1,210 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və maddi sübut kimi tanınmış Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd boz rəngli tuman özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi Note 12 Pro” markalı mobil telefon özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U28015669 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar