Məhkəmə qərarları › İş №1(111)-23/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-23/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-23/2023 18.12.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı-Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, tərcüməçi X5 iştirakı ilə, xx.xx.1971-ci ildə İran İslam Respublikasının Təbriz şəhəri, Malekan rayonunda anadan olmuş, ailəli, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, İran İslam Respublikasının Təbriz şəhəri, Malekan rayonunda qeydiyyatda olaraq yaşamış, barəsində 19 sentyabr 2023-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən “Şahtaxtı” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Gürcüstan Respublikasına gedərkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi təsiredici maddəsinin miqdarı şəxsi istehlak miqdarından artıq – 0,092 qram təşkil edən üzərində “B2” yazılmış ümumilikdə 46 həb buprenorfin psixotrop dərman preparatlarından 20 həbi şəffaf sellofan paketə bükməklə idarə etdiyi 90AA181/90AA182 dövlət qeydiyyat nişanlı “Volvo” markalı nəqliyyat vasitəsinin kabinində olan qara rəngli əl çantasının içərisində sənədlərin arasında, 6 həbi üzərində “Aspirin” yazısı olan 1 ədəd konvalyutun içərisinə qoymaqla həmin çantada olan sənəd və ya vizit kartların qoyulması üçün nəzərdə tutulmuş sənəd qabındakı sənədlərin arxasında, qalan 20 həbi isə şəffaf sellofan paketə bükməklə kabinin döşəməsinin orta ön hissəsində rezin döşəmənin altında gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və Kəngərli rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Buna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikası, Təbriz şəhəri Malekan rayonunda yaşayır və 16 sentyabr tarixdə İran İslam Respublikasından Gürcüstana kafel yükü apararkən Şahtaxtı gömrüyündən keçdiyi zaman gömrük əməkdaşı yaxınlaşaraq qadağan olunmuş nələrinsə olub-olmamasını soruşmuş, o, heç nə olmadığını demiş, sonra gömrük əməkdaşı 2 nəfərin iştirakı ilə nəqliyyat vasitəsini yoxlamağa başlamış, nəqliyyat vasitəsində olan əl çantasının içindən 26 ədəd dərman aşkar etmiş, ondan bu dərmanlardan yenə olduğunu soruşduqda isə döşəmənin altında da dərman olduğunu demişdir. Yoxlama zamanı idarə etdiyi nəqliyyat vasitəsinin kabinində olan çantasının içərisindən və döşəmənin altından ümumilikdə 46 ədəd həb aşkar edilərək götürülmüşdür. Gömrük əməkdaşı dərmanları aşkar edib götürdükdən sonra ona bu dərmanları İranda həkim yazdığını, belində və böyrəklərində ağrı olduğuna görə istifadə etdiyini demiş, gömrük əməkdaşına Azərbaycanda bu dərmanların qadağan olduğunu bilmədiyindən soruşanda deməmişdir. Məhkəmə iclasında sual-cavab edilərkən Təqsirləndirilən şəxs 1 il əvvəl maşından yıxıldığına görə müalicəsi üçün Malekan Mehr müalicə mərkəzində həkim tərəfindən həmin dərmanın yazıldığını, ağrılarına görə istifadə etdiyini, İranda olarkən aptekdən 50 ədəd aldığını, gün ərzində 3 ədəd qəbul etdiyini, dərmanları özü ilə götürmək üçün çantaya qoyduğunu, yadından çıxmasın deyə maşında da saxladığını, gömrük əməkdaşı qadağan olunmuş malların olub-olmamasını soruşduqda narkotik vasitə soruşduğunu zənn etdiyini, İranda həmin dərmanların reseptsiz alına bilinməsini bilmədiyini, əvvəllər narkotik vasitə istifadə etdiyini və 1 il əvvəl müalicə aldığını bildirmiş və sonda əməlindən çox peşman olduğunu və məhkəmədən bağışlanmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Naxçıvan Baş Gömrük İdarəsi “Şahtaxtı” gömrük postunun inspektoru vəzifəsində işləyir. 16 sentyabr 2023-cü il tarixində “Şahtaxtı” gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi postunda olan zaman saat 20 radələrində İran İslam Respublikasından “Volvo” markalı yük nəqliyyat vasitəsi “Şahtaxtı” gömrük postuna daxil olmuş, yük maşının sürücüsü Təqsirləndirilən şəxs apardığı yükün nə olduğunu, qadağan olunmuş və yaxud da bəyan edilməli olan hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində 10 qutu siqaretinin və qarışıq ərzağının olduğunu, başqa gizlətdiyi və ya qadağan olunmuş hər hansı bir şeyin olmadığını söyləmiş, lakin həmin yük avtomobilini yoxlamağı qərara almış və hal şahidi kimi iştirak etməsi üçün 2 nəfər şəxs dəvət etmiş, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsində olan qara rəngli əl çantasının içərisində sənədlərin arasında gizlədilmiş şəkildə şəffaf sellofan paketdə üzərində “B2” yazısı olan 20 ədəd həb, həmin çantada olan sənəd və ya vizit kartların qoyulması üçün nəzərdə tutulmuş sənəd qabının içərisində sənədlərin arxasında gizlədilmiş şəkildə, üzərində “Aspirin” yazısı olan 1 ədəd konvalyutun içərisində üzərində “B2” yazısı olan 6 ədəd həb, kabinin döşəməsinin orta ön hissəsində rezin döşəmənin altında gizlədilmiş şəkildə şəffaf sellofan paketdə üzərində “B2” yazısı olan 20 ədəd həb aşkar edilməklə ümumilikdə üzərində “B2” yazısı olan 46 ədəd həb dərman preparatı aşkar etmişdir. Daha sonra sürücünün üzərində şəxsi yoxlama aparmaq qərarına gəlmiş, yoxlama zamanı sürücünün üzərindən qanunla qadağan olunmuş hər hansı bir predmet aşkarlanmamış, yoxlamalar bitdikdən sonra protokollar tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Yoxlama zamanı sürücü aşkar edilmiş dərmanların bəyan edilməsini bilmədiyini, ayaqları və qolları ağrıdığına görə istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Kəngərli rayon, Şahtaxtı kəndində yaşayır. Şahtaxtı gömrüyündə fəhlə işləyir. 16 sentyabr 2023-cü il tarixində Şahtaxtı gömrüyündə nəqliyyat vasitələrindən yükləri boşaldan zaman gömrük əməkdaşı Elşənin onu və onunla birgə orada fəhləlik edən Elçini çağıraraq İrandan gələn İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirmək istədiyini demiş və gömrük əməkdaşı Elşənlə birlikdə yüknəqliyyat vasitələrinin yoxlandığı yerə getmiş, gömrük əməkdaşı sürücüyə idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, yaxud bəyan edilməli olan nə isə varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində qadağan olunmuş, yaxud bəyan edilməli heç nə olmadığını dedikdən sonra Elşən ilk növbədə nəqliyyat vasitəsini yoxlamağa başlamış, yük maşınının kabinində olan əl çantasının içindən 26 ədəd, daha sonra kabinində döşəmənin altından 20 ədəd dərman aşkar edilmiş və aşkar olunmuş dərmanlar barədə müvafiq sənədlər tərtib edilmiş, onlar da imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 oğlunun ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, 16 sentyabr 2023-cü il tarixdə, gecə saatlarında “Şahtaxtı” gömrük postuna yük boşaltmağa gedən zaman orada işdə olan Elşən adlı gömrük işçisi ona və onunla birlikdə orada fəhləlik edən Elmahirə yaxınlaşmış və onlara yük nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini bildirərək hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar həmin gömrük əməkdaşına etiraz etməyərək onun xahişini qəbul edərək onunla birlikdə yük nəqliyyat vasitəsinin yanına gəlmişlər. Elşən müəllim əvvəlcə İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsı təqdim edərək onun idarə etdiyi yük nəqliyyat vasitəsini və daşıdığı yükü yoxlayacağını bildirmişdir. Daha sonra Elşən müəllim onlara hüquq və vəzifələri barədə məlumat vermiş və yük nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı Elşən müəllim yük nəqliyyat vasitəsinin kabinində sürücünün çantasından və döşəmənin altından 46 ədəd ağ rəngli həblər olan dərman preparatları aşkarlamışdır. Yoxlamalar qurtardıqdan sonra sənədlər tərtib edilmiş və onlar da imzalamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru Şahid1 tərəfindən tərtib edilmiş 16 sentyabr 2023cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Şahtaxtı gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Gürcüstan Respublikasına “kafel” yükü aparan İran İslam Respublikasının vətəndaşı, xx.xx.2019-cu il tarixdə verilmiş T49199793 nömrəli pasportun sahibi, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi 90AA181/90AA182 dövlət nömrə nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsi və daşıdığı yükə yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində, qara rəngli əl çantasının içərisində sənədlərin arasında gizlədilmiş şəkildə şəffaf sellofan pakətdə üzərində “B2” yazısı olan 20 ədəd həb, həmin çantada olan sənəd və ya vizit kartların qoyulması üçün nəzərdə tutulmuş sənəd qabının içərisində sənədlərin arxasında gizlədilmiş şəkildə, üzərində “Aspirin” yazısı olan 1 ədəd konvalyutun içərisində üzərində “B2” yazısı olan 6 ədəd həb, kabinin döşəməsinin orta ön hissəsində rezin döşəmənin altında gizlədilmiş şəkildə şəffaf sellofan pakətdə üzərində “B2” yazısı olan 20 ədəd həb aşkar edilməklə ümumilikdə üzərində “B2” yazısı olan 46 ədəd həb dərman preparatı aşkarlanaraq götürülmüşdür. 17 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru Şahid1 tərəfindən tərtib edilmiş “şəxsi yoxlama aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı onun üzərindən heç nə aşkar edilməmiş, ona məxsus 1 ədəd “Samsung Galaxy A12” markalı, İMEİ1: **********81110/01: İMEİ2: **********81119/01 nömrəli mobil telefon, xarici vətəndaşa məxsus T49199793 nömrəli pasport və 2 ədəd yük nəqliyyat vasitəsinə məxsus texniki pasport götürülmüşdür. 18 sentyabr 2023-cü tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. 13 oktyabr 2023-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona 30 oktyabr 2023-cü il tarixdə həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 17 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 17 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 90AA181/90AA182 dövlət nömrə nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsindən aşkarlanaraq götürülmüş naməlum tərkibli həblərin nə olmasının, hazırlanma üsulunun, narkotik vasitələrə, psixotrop maddələrə və yaxud güclü təsir edən və zəhərli maddələrin siyahısına və hansı növə aid olmasının, xalis çəkisi və ya təsiredici maddəsinin miqdarının müəyyən edilməsi məqsədilə 17 sentyabr 2023-cü il tarixdə məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli 934 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd balaca kağız zərfin içərisindəki 02 ədəd şəffaf sellofana bükülmüş üzərində “B2” yazısı olan hər birində 20 həb olmaqla ümumilikdə 40 həb və üzərində “Aspirin” yazısı olan arxası qara yapışqanlı lentlə yapışdırılmış konvalyutda üzərində “B2” yazısı olan 6 həb, ümumilikdə üzərində “B2” yazısı olan ağ rəngli 46 həb (təsiredici maddəsinin miqdarı- 0.092 qram) psixotrop maddə olan buprenorfin dərman preparatlarıdır. Buprenorfin dərman preparatları 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr” in siyahısına (İİ siyahı, İİ bənd,sıra № 2) daxildir. Qeyd: Buprenorfin həblərinin sayı - 46 həb, tədqiqata sərf edildi – 05 həb, qalıq - 41 həb. 19 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr və ya psixotrop maddələr qəbul edib-etməməsini, əgər narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələr qəbul edirsə, narkomaniya xəstəliyinə tutulub-tutulmamasını, əgər narkomandırsa, məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 29 sentyabr 2023-cü il tarixli 293 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs buprenorfin psixotrop maddəsini qəbul edir. Təqsirləndirilən şəxs buprenorfin toksikomaniyası xəstəliyi aşkar olunmuş və hal-hazırda onun məcburi müalicəyə ehtiyacı vardır. Məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən götürülmüş təsiredici maddəsinin miqdarı 0,092 qram olan cəmi 46 həb psixotrop maddə olan buprenorfin dərman preparatları cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 41 həb psixotrop maddə buprenorfin dərman preparatları məhkəmənin yekun qərarına kimi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında otağında saxlanılması nəzərə alınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılmış və ona məxsus T49199793 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Məhkəməyədək icraat dövründə 30 oktyabr 2023-cü il tarixli aktla Təqsirləndirilən şəxs götürülmüş 90AA181/90AA182 dövlət nömrə nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsinə aid 2 ədəd texniki pasport etibarnamə əsasında X1 təhvil verilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2023ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş İran İslam Respublikasının **********628324 nömrəli xx.xx.2023-cü il tarixli Azərbaycan dilinə tərcümə olunmuş Şərqi Azərbaycan Vilayətinin Baş Prokurorluğu Malikan şəhərinin Ümumi və İnqilab Məhkəməsi Cinayət qeydləri bölməsinin arayışından görünür ki, xx.xx.1971 təvəllüdlü Təqsirləndirilən şəxs haqqında hansısa cinayət işinin olmadığı təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş İran İslam Respublikası Daxili İşlər Nazirliyi X4 Qeydiyyatı İdarəsinin Azərbaycan dilinə tərcümə olunmuş 93A300340 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Zoleykhadır və xx.xx.1992-ci il təvəllüdlü Saber, xx.xx.1996-cı il təvəllüdlü Leıla və xx.xx.2008-ci il təvəllüdlü Alıreza adlı uşaqları vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqdim etdiyi azərbaycan dilinə tərcümə olunmuş, Şərqi Azərbaycan X9 Ümumi Təşkilatı tərəfindən verilmiş 28 oktyabr 2023-cü il tarixli, 5/M/20541701 nömrəli sənədə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Malekan şəhəri Mehr Narkomaniya müalicəsi mərkəzində Buprenorfin (B2) dərmanı ilə müalicə olur və hazırda onun müalicəsi davam etməkdədir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqdim etdiyi azərbaycan dilinə tərcümə olunmuş X7 müalicəsi mərkəzinin xx.xx.2023-cü il tarixli, 2339 nömrəli sənədə əsasən Təqsirləndirilən şəxs X7 müalicəsi mərkəzində xx.xx.2022-ci il tarixdən Buprenorfin (B2) dərmanı ilə müalicə olunur və alınan son doza 8 m/gr-dır. Məhkəmə İran İslam Respublikası Şərqi Azərbaycan X9 Ümumi Təşkilatı tərəfindən verilmiş 28 oktyabr 2023-cü il tarixli, 5/M/20541701 nömrəli və İran İslam Respublikası X7 müalicəsi mərkəzinin xx.xx.2023-cü il tarixli, 2339 nömrəli sənədlərə təqsirləndirilən şəxsin ifadəsi ilə əlaqəli yoxlayıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sənədlərdə təqsirləndirilən şəxsin buprenorfin (B2) dərmanı ilə müalicə olunması və alınan son dozanın 8 m/gr olması qeyd olunsa da, onun üzərindən aşkarlanaraq götürülmüş 46 ədəd həb psixotrop maddə olan “buprenorfin” dərman preparatlarını qanuni yolla əldə etməsini təsdiqləmir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində böyrəyində və belində olan arğıları ilə əlaqədar Malekan şəhəri Mehr müalicəsi mərkəzində müalicə olunduğundan həmin dərman preparatları aptekdən aldığını bildirsə də, məhkəməyə həmin dərmanın həkim resepti əsasında alındığına dair heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə qeyd edilən sənədləri iş üzrə mötəbər sübut kimi qəbul etmir. Belə ki, “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2006-cı il tarixli 163 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən müalicə məqsədilə keçirdiyi hər bir narkotik vasitə və ya psixotrop maddəni yazılı qaydada bəyan etməli, bununla yanaşı, özündə olan narkotik vasitə və ya psixotrop maddə ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin tətbiqini (onların adları, miqdarı, dərman forması, qəbul qaydası və istifadə müddəti göstərilməklə) tələb edən xəstəliyin olması haqqında yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənədi, narkotik vasitələrin və psixotrop maddələrin qanuni yolla əldə edildiyini təsdiq edən sənədi (reseptin surətini) gömrük orqanlarına təqdim etməlidir. Təqdim edilən dərman preparatlarının adının, miqdarının, dərman formasının təqdim edilmiş sənədlərə uyğunluğu gömrük orqanları tərəfindən yoxlanılır və bəyannamədə daxil olma haqqında müvafiq qeyd aparılır. Tranzit keçən xəstə tərəfindən müalicə məqsədilə keçirilən narkotik vasitələrin və psixotrop maddələrin bəyan edilməməsi və ya digər yollarla qanunsuz keçirilməsi cəhdi aşkar edilərsə, həmin şəxsə qarşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət tədbiri tətbiq olunur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 16 sentyabr 2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli 934 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 29 sentyabr 2023-cü il tarixli 293 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən “Şahtaxtı” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Gürcüstan Respublikasına gedərkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi təsiredici maddəsinin miqdarı şəxsi istehlak miqdarından artıq–0,092 qram təşkil edən üzərində “B2” yazılmış ümumilikdə 46 həb buprenorfin psixotrop dərman preparatlarından 20 həbi şəffaf sellofan paketə bükməklə idarə etdiyi 90AA181/90AA182 dövlət qeydiyyat nişanlı “Volvo” markalı nəqliyyat vasitəsinin kabinində olan qara rəngli əl çantasının içərisində sənədlərin arasında, 6 həbi üzərində “Aspirin” yazısı olan 1 ədəd konvalyutun içərisinə qoymaqla həmin çantada olan sənəd və ya vizit kartların qoyulması üçün nəzərdə tutulmuş sənəd qabındakı sənədlərin arxasında, qalan 20 həbi isə şəffaf sellofan paketə bükməklə kabinin döşəməsinin orta ön hissəsində rezin döşəmənin altında gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və Kəngərli rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsiyə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Cinayət hadisəsinin baş verdiyi vaxt qüvvədə olan 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İİ siyahısına görə “buprenorfin” dərman preparatının şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.05 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2.5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 8-ci bəndində qeyd olunmuşdur ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-in 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-in 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-in Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur. Maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-in 53-cü maddəsi xatırlanmadan birbaşa CM-in 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər. Şəxs CM-in Xüsusi Hissəsinin bir neçə maddəsi ilə təqsirli bilindikdə və ona bu maddələrin hər birinin sanksiyalarında nəzərdə tutulan cəzalardan aşağı həddə cəza təyin edilməsi zərurəti yarandıqda CM-in 62-ci maddəsi ilə müəyyən edilən qaydalar hər bir maddə üzrə ayrıca tətbiq olunmalı və yalnız bundan sonra qəti cəza CM-in 66-cı maddəsi ilə müəyyən edilən qaydalarda təyin edilməlidir. Cinayətlərin məcmusu üzrə qəti cəza təyin edildikdən sonra CM-in 62-ci maddəsinin tətbiq olunması yolverilməzdir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək sonda peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs nın cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, o cümlədən İran İslam Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında daimi yaşayış yerinin olmamasını müstəsna hal kimi qəbul edərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə ona Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrində maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-in 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Belə olan halda məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlanıldığı 3 ay 1 gün nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalından dərhal həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 41 ədəd həb psixotrop maddə “buprenorfin” dərman preparatları məhv edilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş və maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Samsung Galaxy A12” markalı, İMEİ1:**********81110/01, İMEİ2: **********81119/01 nömrəli mobil telefon və Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus T49199793 nömrəli pasport özünə qaytarılmalıdır. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 4500 manat, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 2500 manat cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6000 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən 17 sentyabr 2023-cü il tarixdən hazırkı vaxta qədər həbsdə saxlanılması nəzərə alınaraq təyin olunmuş 6000 (altı min) manat cərimə cəzası yüngülləşdirilərək onun üzərində 5000 (beş min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 41 ədəd həb psixotrop maddə “buprenorfin” dərman preparatları məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Samsung Galaxy A12” markalı, İMEİ1: **********81110/01, İMEİ2:**********81119/01 nömrəli mobil telefon özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus T49199793 nömrəli pasport özünə qaytarılsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar