Məhkəmə qərarları › İş №1(111)-3/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-3/2022

29.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-3/2022 29.08.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X2 Müdafiəsi üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, tərcüməçi X3 iştirakı ilə, 23 avqust 1980-ci ildə İran İslam Respublikasının Bukan şəhərində anadan olmuş, orta təhsilli, evli, 1 uşaq atası, sürücü işləyən, Bukan şəhəri Şühəda prospekti ev 96 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, 06 yanvar 2022-ci il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti iki ay müddətinə uzadılmış, Naxçıvan Şəhər Məhkəməsinin 28 may 2022-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti yenidən iki ay müddətinə uzadılmış, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqla müəyyən edilməyən şəxslər tərəfindən Almaniya Federativ Respublikasına şəxsiyyətləri istintaqla müəyyən edilə bilməyən şəxslərə daşınması həvalə edilmiş şəxsi istehlak miqdarında artıq 47 kiloqram 376,440 qram narkotik vasitə olan tiryəki satış məqsədi olmadan Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İran İslam Respublikasından Türkiyə Respublikasına oradan da təyinat ölkəsi Almaniya Federativ Respublikasına daşımaq üçün **********33000536 nömrəli etibarnamə əsasında idarə etdiyi və İran İslam Respublikası vətəndaşı Mohammad X1 məxsus “DAF XF530FT” markalı 63AA657 dövlət qeydiyyat nişanlı (qoşqu nömrəsi: 63AA658, “MAMMUT CH240- A” markalı) yük avtomobilində daşıdığı xalça və mebellərdən ibarət yüklərin içərisində olan 6 ədəd kreslonun və 1 ədəd divanın qolluq hissələrində gizlədərək qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 04 yanvar 2022-ci il tarixdə, saat 15:54 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmək istəyərkən həmin narkotik vasitə Şahtaxtı gömrük idarəsinin əməkdaşları tərəfindən yük nəqliyyat vasitəsinə HCVG X-Ray rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilən zaman aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 206.2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, yük maşının sahibi X15 adlı şəxsin vizası bitdiyi üçün onun nəqliyyat vasitəsini idarə etmək şirkət tərəfindən ona tapşırılmış, Tehran şəhərindəki Qərbi gömrükdə yük maşını mebel və xalça yükü ilə yüklənib möhürləndikdən sonra həmin nəqliyyat vasitəsi Mərənd şəhərində ona təhvil verilmiş, həmin nəqliyyat vasitəsini alanda maşın möhürlü olmuş, Qərbi Tehran məmurları tərəfindən də yük maşını yoxlanıb möhürlənmişdir. Həmin yükləri Mərənd şəhərində təhvil almış və yükün sənədlərinə də ətraflı şəkildə baxmışdır. Sənədlər üzrə daşınan malın hara getdiyini, möhürün tarixinin uyğun olub-olmaması barədə qeydiyyatını götürmüşdür. Mərənd-Poldəşt istiqamətində yola düşmüş və Poldəşt gömrüyünün girişinə gecə çatdığı üçün gecəni yatıb, səhər tezdən yük maşınındakı yüklər İranın Poldəşt gömrüyündə araşdırılmışdır. X7 gömrüyünə daxil olmuş, Şahtaxtı gömrüyünün işçiləri yük maşınına ətraflı baxmış, daha sonra X-ray rentgen qurğusu vasitəsilə yük maşınına baxış keçirilmiş, gömrük işçiləri yük maşınında nə apardığını onlara bəyan etməyini istəmiş və o, da onlara cavabında xalça və mebel olduğunu bildirmişdir. Sonra yük maşınında qadağan olunmuş hər hansı bir əşya olub-olmaması ondan soruşulmuş, o, isə qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra yük maşını anbara çəkilərək orada yüklər boşaldılmış, hətta yükləri yoxlamaq üçün it də gətirilmişdir. Bir müddət axtardıqdan sonra divandan müəyyən şeylər çıxarıb yerə qoymuşlar. Həmin şeylərin nə olduğu ondan soruşulmuş, o, isə onun nə olduğunu bilmədiyini söyləmiş və gömrük işçiləri həmin maddənin narkotik vasitə olduğunu bildirmişlər. Sonra isə gömrük işçiləri həmin yüklərdəki maddələri çəkib labarotoriyaya göndərmişlər. Şahtaxtı gömrüyünədək aşkar edilən həmin narkotik vasitənin yüklərin içərisinə necə qoyulduğundan xəbəri olmamış, sənədləşmə əsasında maşını sahibindən təhvil almışdır. Şübhələnəcəyi heç bir şey olmadığından - yəni maşının çadırında deşilmə, cırılma deyə bir şey olmadığından və bu inanc üzərindən yola çıxdığından onun tərəfindən ora nə isə qoyulmağının mümkün olmamasını, normal bir insan kimi, normal gözlə həmin əşyalara baxdıqda heç bir şeyi ayırd etmə imkanının olmadığını, maşına yüklərin ixtisaslaşdırılmış bir şəkildə yığıldığını, həmin yüklərdəki maddələrin əgər X-ray və kinoloji it vasitəsilə aşkar edilməsəydi, onları ayırd etməyin mümkün olmayacağını bildirmişdir. Sadəcə dövlətin rəsmi sənədinə və blomblanmış yüklərinə etibar etdiyindən heç nədən şübhələnməmişdir. Həqiqətən də günahsızdır və özünü təqsirli hesab etmir. Məhkəmə iclasında sual-cavab edilərkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, 7-8 ildir ki, sürücü işlədiyini, bir neçə şirkətlə işlədiyini, “Rah Azər” şirkəti ilə 2-3 ildir ki, çalışdığını, sonuncu işlədiyi şirkətlə heç bir ədavətinin - yəni düşmənçiliyinin və heç bir problemlərinin olmadığını, daha çox Avropa ölkələrinə yəni - Fransa, Belçika, Avstriya, Hollandiya ölkələrinə yük daşıdığını və yüklərin daşınmasının isə 500 euro dəyərində olduğunu, hazırda bir ünvana yüklər daşınıb boşaldılırsa, çatdırılma 700 euro, iki ünvana yüklər daşınıb boşaldılırsa, çatdırılmanın 1000 euro təşkil etdiyini, daşıyacağı yükləri özünün seçdiyini, sonuncu maşına yüklənən yüklərin yük maşının sahibi tərəfindən yükləndiyini və yük listəsində yüklərin xalça və mebeldən ibarət olduğunun yazıldığını, çox vaxt maşına yüklərin yüklənməsində özünün şəxsən iştirak etmədiyini, yüklər şirkət sahibi və yük maşının sahibi tərəfindən də maşına yüklənə bildiyini, yük maşının sahibi X11 xeyli vaxtdır ki, tanıdığını, maşının sahibi ilə heç bir düşmənçiliyinin olmadığını, X15 ilə birlikdə eyni şirkətdə işlədiklərini, CMR-də, beynəlxalq dövriyyə sənədində göstərilməyən yüklərin gömrük tərəfindən buraxılmadığını bildiyini, maşına yüklər yüklənən zaman orada iştirak etmədiyini, lakin telefon və whatsapp vasitəsilə yüklərin şəkilləri çəkilib atılaraq maşına yükləndiyini, beynəlxalq dövriyyə sənədində göstərilən məsuliyyəti və hüquqları barədə heç bir məlumatının olmadığını, sadəcə bildiyinə görə etibarnamə əsasında yüklərin başqa sürücüyə verilə bildiyini, onun vəzifəsinin sürücülük olduğunu, daşıdığı yükün özünə cavabdeh olduğunu, onun içərisində yerləşdirilən nə varsa ona cavabdehlik daşımadığını və əgər mal zədələnib və parçalanıbsa, ona cavabdeh olduğunu, aşkar edilmiş narkotik vasitəyə görə tutulmağı barədə yük maşının sahibi X9 xəbərinin olduğunu, heç kəsin bu yükləri o vəziyyətdə ayırd edə bilməyəcəyini, hətta Mərənd şəhərində qollarını divanın və kreslonun qolluqlarına qoysaydı belə, həmin şübhəli yükləri ayırd edə bilməyəcəyini, heç bir şəkildə yük maşınını nəzarətsiz buraxmadığını, Tehran və Poldəştdəki yük maşınındakı blomb nömrələri eynilik təşkil etdiyini, gömrükdə maşına baxış keçirilən zaman orada iştirak etdiyini, yüklərlə bağlı verilmiş 3 sənədə görə xalçaların 2 nəfərə, mebellərin isə bir nəfərə aid olduğunun göstərildiyini, yüklərin iki ünvana yəni, Frankfurt və Hamburq şəhərlərinə apardığını, şirkətin nümayəndələrinin həmin yükləri Almaniyada gömrükdə özlərinin təhvil alacaqlarını bildiyini, şəxsən yük götürənləri tanımadığını, malların invois dəyərini və indiyə qədər daşınan yükün nə məbləğdə olduğunu heç vaxt bilmədiyini, sadəcə sənəddə nə yazılırsa həmişə ona cavabdeh olduğunu, günahkarın kim olduğunu özünün də bilmədiyini, əvvəldən narkotiklə bağlı tutulan heç bir dostunun olmadığını göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini, 04 yanvar 2022-ci ildə Şahtaxtı gömrük idarəsinə İran İslam Respublikasından yük nəqliyyat vasitəsinin daxil olduğunu və gömrük əməkdaşı Şahid1 nəqliyyat vasitəsini X-ray rentgen qurğusundan keçirdiyini, şübhəli yükləri aşkar etdikdən sonra onu oraya dəvət etdiyini, şübhəli cizgilər aşkar etdiyini bildirdiyini, nəqliyyat vasitəsini baxış üçün nəzərdə tutulmuş anbara apardıqlarını və orada yüklərin kiçik stasionar tipli rentgen qurğusundan bir daha keçirdiklərini və direl vasitəsilə deşiklər açdıqdan sonra kəskin iy müşahidə etdiklərini, bundan sonra yüklərlə bağlı şübhələrinin daha da artdığını və kinoloji iti oraya dəvət edib onun vasitəsilə şübhəli yüklərin aşkar olunduğunu, 6 kreslonun hər qolluğundan 4 bağlam olmaqla cəmi 24, bir divanın qolluqlarından 2 bağlam olmaqla, toplam 26 ədəd bağlam narkotik aşkar edildiyini, xalça olan yüklərin üst hissəsinə mebellərin yığıldığını, şübhəli yüklərin rentgen aparatında sıx şəkildə görsəndiyini, maşına baxış keçirilən zaman təqsirləndirilən şəxsin də iştirak etdiyini, baxış keçirilən zaman təqsirləndirilən şəxsin özünü həyəcanlı apardığını, həmin yükləri gözlə baxıb ayırd etməyin mümkün olmadığını, mebellərin qolluqlarında parçanın altında taxta, taxtanın altında isə maddənin yerləşdirildiyini, maşının blombunu sökəndə maşının çadırında heç bir cırılma və sökülmə müşahidə etmədiklərini, maşına Tehranda vurulan blombla Şahtaxtı gömrüyünə daxil olanda vurulan blombun eyni olduğunu dəqiq deyə bilməyəcəyini, yük maşını gömrüyə daxil olanda blomblu olduğunu, mebellərin normal mebel kimi göründüyünü, mebellərin sex istehsalı olduğunu və fərdi sexlərdə istehsal olunan mebellərə bənzədiyini, bahalı mebellər olmadığını göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini, 04 yanvar 2022-ci il tarixində həmişə olduğu kimi işə başladığını və gömrükdəki vəzifəsinin rentgen qurğusundan keçən maşınları analiz etmək olduğunu, İran İslam Respublikasından gələn yük maşınının yük yerindəki mebelin işərisində şübhəli cizgilər aşkar etdiyini, Gömrük Komitəsinin rəisi Əkrəm müəllimə bu barədə məlumat verdiklərini, bundan sonra iki hal şahidi ilə birlikdə maşını anbara çəkdiklərini, gömrük əməkdaşı Şahid2 və Şahid3 ilə birlikdə maşına baxış keçirdiklərini və şübhəli yerlərə işarə qoyduğunu, sonra kreslonun və divanın qollarını direllə deşdiklərini, kəskin iyin hiss olunduğunu, həmin maddələri çıxardıqlarını və ümumilikdə çəkisi 48.5 kq narkotikə bənzər maddənin aşkar olunduğunu, yükə baxış keçirilən zaman Təqsirləndirilən şəxs da onların yanında olduğunu və həyəcanlı olduğunu, divan və kresloların sağlam şəkildə olduğunu, maşının yük hissəsinin ön və arxa hissələrinə xalça, orta hissəsinə isə mebellərin yerləşdirildiyini, şübhəli yüklərin hər tərəfdən xalça ilə əhatə olunduğunu, yük maşınına baxış keçirən inspektor yük maşınının blombunu sökdükdən sonra özünün də baxışda iştirak etdiyini, maşının çadırında heç bir cırıq və söküyün olmadığını, yükə baxış keçirən zaman kinoloji itdən də istifadə etdiklərini və şübhəli yerləri direllə deşdikdən sonra itin reaksiya verdiyini, fikrincə divan və kreslolar hazırlanan zaman həmin maddələrin onun içərisinə yerləşdirildiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmədə dindirilmiş digər Şahid3 dediklərinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini, ailəsi ilə birlikdə Kəngərli rayonun Şahtaxtı kəndində yaşadığını, Şahtaxtı gömrüyündə fəhləlik edərək çörək pulu qazandığını, 04 yanvar 2022-ci il tarixdə həmişəki kimi Şahtaxtı gömrüyündə fəhləlik etdiyi zaman saat 1600 radələrində gömrük xidmətinin əməkdaşı Şahid1 onu hal şahidi kimi anbara dəvət etdiyini, orada İran İslam Respublikasından gələn tıra baxış keçiriləcəyini bildirdiyini, tırı anbara çəkib yüklərin üstündə olan mebelləri yerə endirib direllə deşdiklərini, şübhəli yüklərin aşkar olunduğunu, həmin şübhəli yüklərin 26 bağlamada cəmi 48.5 kq olduğunu, baxış zamanı təqsirləndirilən şəxsin özünü normal şəkildə apardığını, təqsirləndirilən şəxsi əvvəlcədən tanımadığını, ilk dəfə gömrükdə tutulan zaman gördüyünü, tırın içindəki mebellərin xalçaların üst hissəsinə yığıldığını, yükə baxış keçirilən zaman kinoloji itdən istifadə etdiklərini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 məhkəmədə dindirilmiş digər Şahid4 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməlini etiraf etməsə də, onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasında yükün tam şəkildə qəbul edilməsi və yükgöndərmə qaiməsində xüsusi qeyd-şərt kimi göstərilən bölməsində (yükdaşıyıcının qeydləri və müşahidələri) qeydiyyatın aparılmaması, beynəlxalq yük daşıma qaydalarına riayət etməməsi bir daha onu sübut edir ki, daşıdığı yükün içərisində narkotik vasitəsinin olmasından xəbərdar olmuşdur. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin daşınması üçün qəbul etdiyi yükə narkotik vasitənin qablaşdırılmasından xəbərinin olmamasını bildirməsi özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmasına xidmət edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 04 yanvar 2022-ci il tarixli Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Texniki Nəzarət vasitələrinin tətbiqi şöbəsinin inspektoru Şahid1 tərəfindən tərtib edilmiş “Nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 1554 radələrində X13 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Almaniya Federativ Respublikasına mebel və xalça yükü aparan, İran İslam Respublikası vətəndaşı, xx.xx.2018-ci il tarixdə verilmiş E47415113 nömrəli xarici pasportun sahibi, 23 avqust 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi 63AA657 dövlət nömrə nişanlı ( qoşqu nömrəsi: 63AA658, “MAMMUT CH240-A” markalı) “DAF XF530FT” markalı, 2021-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi XLRTEH4300G361019 olan ümumi olaraq yük nəqliyyat vasitəsinə HCVG X-RAY rentgen qurğusu vasitəsilə baxış keçirilmiş və nəqliyyat vasitəsinin qoşqusunda olan mebel yükünün içərisində şübhəli təsvirlər aşkar edildiyindən nəqliyyat vasitəsi yoxlanılmışdır. Yoxlama zamanı yük nəqliyyat vasitəsində daşınan 6 ədəd kreslonun hər birinin qolluqlarından 4 ədəd olmaqla cəmi 24 ədəd, 1 ədəd divanın qolluğunda 2 ədəd olmaqla ümumilikdə 26 ədəd bağlamada ümumi çəkisi 48.5 kiloqram olan kəskin iyli, tünd qəhvəyi rəngli, bərk halda narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. - 05 yanvar 2022-ci il tarixli, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin İstintaq Bölməsinin müstəntiqi Sənan Tarverdiyev tərəfindən qəbul edilmiş “Cinayət işi başlama və icraata qəbul etmə barədə” qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. - 05 yanvar 2022-ci il tarixli, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin İstintaq Bölməsinin müstəntiqi Sənan Tarverdiyev tərəfindən qəbul edilmiş “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair” qərardan görünür ki, İran İslam Respublikası vətəndaşı, xx.xx.2018-ci il tarixdə verilmiş E47415113 nömrəli xarici pasportun sahibi, 23 avqust 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - 06 yanvar 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. 28 aprel 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona yeni məzmunda ittiham elan olunmuşdur. - Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(078)-1/2022 nömrəli qərarına əsasən həbsin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 4(078)-12/2022 nömrəli qərarı ilə həbsdə saxlama müddəti iki ay müddətinə uzadılmış, həmçinin Naxçıvan Şəhər Məhkəməsinin 28 may 2022-ci il tarixli, 4(078)-17/2022 nömrəli qərarı ilə həbsdə saxlama müddəti yenidən iki ay müddətinə uzadılmışdır. - Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2022-ci il tarixli 15 nömrəli ekspert rəyinindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd sarı rəngli sintetik kisədə olan 26 ədəd bükümdə tünd qəhvəyi rəngli, bərk halda qətranabənzər spesifik tiryək iyli maddələr narkotik vasitə olan tiryəkdir. Tədqiqata təqdim edilmiş maddə kustar üsulla hazırlanmışdır və ümumi təmiz çəkisi 47 kiloqram 375,940 qramdır.Tədqiqata təqdim edilmiş maddənin ilkin çəkisi ilə təmiz çəkisinin fərqi üzərindəki qablaşdırmanın çəkisinin (taranın) çıxılması ilə əlaqədardır. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2022-ci il tarixli 01 nömrəli arayışına əsasən ilkin tədqiqat zamanı tiryəkin ümumi təmiz çəkisi 47 kq 376,440 qram olmuşdur. - Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2022-ci il tarixli 15 nömrəli məktubundan görünür ki, iş üzrə maddi sübut olan narkotik vasitəsi tiryək qablaşdırılaraq möhürlənmiş vəziyyətdə Naxçıvan MR Ədliyyə Nazirliyinin MEM-nin maddi sübutların saxlanc otağında saxlanmışdır. - 23 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkоman оlub-оlmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 23 may 2022-ci il tarixli 40 saylı tibbi rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. - Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2022ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - Məhkəməyədək icraat dövründə Şahtaxtı Gömrük İdarəsində tərtib edilmiş 05 yanvar 2022-ci il tarixli aktdan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs оğlunun idarə etdiyi 63AA657 dövlət nömrə nişanlı (qoşqu nömrəsi: 63AA658, “MAMMUT CH240-A” markalı), “DAF XF530FT” markalı yük nəqliyyat vasitəsi və onda daşınan xalça və mebel yükü ”Naxterminalkompleks” Birliyinin anbarına təhvil verilmiş və orada saxlanılır. - İş materiallarında olan İran İslam Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyinin Gömrük İdarəsinin fars dilindən Azərbaycan dilinə rəsmi tərcümə olunmuş 1400/1531069 nömrəli sənəddən görünür ki, yük nəqliyyat vasitəsində olan 31 ədəd əl istehsalı xalça, 1 ədəd kreslo və 1 ədəd divandan ibarət olmaqla qalan mebel yükü İran İslam Respublikası vətəndaşı Səccad Xezerluya, 13 ədəd əl istehsalı xalça “X17 Ticarəti Cəmiyyəti”nə, 55 ədəd əl istehsalı xalça “X18 Ticarəti Cəmiyyəti”nə, 122 ədəd maşınla toxunan xalça “Məşhəd Xalça Ticarəti Cəmiyyəti”nə, 6 ədəd xalça və kilim İran İslam Respublikası vətəndaşı Elnaz Qurbanəlizadəyə və 342 ədəd maşınla toxunan xalça ixracatçı “X12 Co.” şirkətinə məxsusdur. - Cinayət işinin materiallarında olan fars dilindən Azərbaycan dilinə tərcümə olunmuş nəqliyyat vasitəsinin mülkiyyəti haqqında rəsmi sənədə və nəqliyyat vasitəsinin texniki pasportuna əsasən Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi "DAF XF530FT" markalı nəqliyyat vasitəsi İran İslam Respublikası vətəndaşı Mohammad X1 məxsusdur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 04 yanvar 2022-ci il tarixdə tərtib edilmiş “Nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2022-ci il tarixli 15 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 23 may 2022-ci il tarixli 40 saylı tibbi rəyini, maddi sübutu, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən İran İslam Respublikasında əvvəlcədən razılaşmaqla istintaqla müəyyən olunmayan şəxslərdən X13 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Almaniya Federativ Respublikasına aparmaq üçün daşınması həvalə edilmiş və idarə etdiyi 63AA657 dövlət nömrə nişanlı “DAF XF530FT” markalı nəqliyyat vasitəsinin 63AA658, “MAMMUT CH240-A” markalı qoşqusuna yüklənmiş mebel və xalçalardan ibarət olan yüklər (deməsinə görə möhürlənmiş halda) qəbul edilmiş, göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeydşərt kimi göstərilən bölməsində (yükdaşıyıcının qeydləri və müşahidələri) qeydiyyat aparılmamışdır. "Beynəlxalq yük daşınması müqaviləsi haqqında" 1956-cı il 19 may tarixli Konvensiyanın müddəalarına əsasən yük daşınması müqaviləsi qaimə vasitəsilə müəyyən edilir. Qaimə müqavilənin şərtlərini və yükün daşıyıcı tərəfindən qəbul olunmasını təsdiq edir. Qaimələrdə daşıyıcının əsaslı qeydləri olmadıqda, yükün xarici görünüşünü və qablaşdırılmasının vəziyyəti yaxşı hesab olunur və yük yerlərinin sayı, həmçinin əlaməti və nömrələri qaimədə göstərilənlərlə uyğun olur. Konvensiyanın müddəalarından irəli gələn vəzifələrdə daşıyıcının malları qəbul edərkən yoxlamalı olduğu meyarlar nəzərdə tutulmuşdur. Daşıyıcı, yəni yükü daşıyan nəqliyyat vasitəsinin sürücüsü bağlamaların sayı, onların markaları və nömrələri ilə bağlı yük qaiməsindəki ifadələrin düzgünlüyü və malların və onların qablaşdırılmasının görünən vəziyyətini yoxlamalıdır. Yoxlamaların nəticəsi yük qaiməsinə yazılır və yük qaiməsi daşıma müqaviləsinin bağlanmasının, müqavilənin şərtlərinin və yükün daşıyıcı tərəfindən alınmasının ilkin sübutudur. Göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeyd-şərtlər yoxdursa, sübut edilir ki, malların və onların qablaşdırılmasının daşıyıcı onları təhvil alması yük qaiməsindəki ifadələrə uyğundur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, 04 yanvar 2022-ci il tarixdə təxminən saat 1554 radələrində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi 63AA657 dövlət nömrə nişanlı “DAF XF530FT” markalı yük nəqliyyat vasitəsinin 63AA658, “MAMMUT CH240-A” markalı qoşqusunda Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Almaniya Federativ Respublikasına aparmaq üçün daşınması həvalə edilmiş 47 kq 375,440 qram narkotik vasitə olan tiryəki satış məqsədi olmadan daşımaq üçün idarə etdiyi 63AA657 dövlət nömrə nişanlı “DAF XF530FT” markalı yük nəqliyyat vasitəsinin 63AA658 qeydiyyat nişanlı, “MAMMUT CH240- A” markalı qoşqusunda mebel yüklərinin içərisində qanunsuz olaraq qəsdən saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, gömrük nəzarətindən gizlin X13 vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» üzrə İ siyahısına görə psixotrop maddə olan tiryək şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 05 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 23 may 2022-ci il tarixli 40 saylı tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə olunmasına zərurət olmadığının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 47 kq 376440 qram olan tiryək narkotik vasitəsi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan və maddi sübut kimi məhkəmədə saxlanılan E47415113 nömrəli pasport, 1 (bir) ədəd “XİAOMİ REDMİ 8" markalı mobil telefon, 2 (iki) ədəd 20 “Azərbaycan manatı", 1 (bir) ədəd 100 “ABŞ dolları", 1 (bir) ədəd 50 “ABŞ dolları", 1 (bir) ədəd 20 “ABŞ dolları", 3 (üç) ədəd 500 "avro", 18 (on səkkiz) ədəd 200 "avro", 1(bir) ədəd 100 “Avro”, 12 (on iki) ədəd 50 "avro", 7 (yeddi) ədəd 20 "avro", 10 (on) ədəd 5 "avro", 13 (on üç) ədəd 100 “Türk lirəsi”, 12 (on iki) ədəd 50 “Türk lirəsi”, 2 (iki) ədəd 20 “Türk lirəsi”, 1 (bir) ədəd 10 “Türk lirəsi”, 10 (on) ədəd 5 “Türk lirəsi”, 5 (beş) ədəd 500000 “İran riali”, 14 (on dörd) ədəd 100000 “İran riali”, 7 (yeddi) ədəd 50000 “İran riali” Təqsirləndirilən şəxs, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində saxlanılan, Təqsirləndirilən şəxs оğlunun **********33000536 nömrəli etibarnamə əsasında idarə etdiyi İran İslam Respublikası vətəndaşı Mohammad X1 məxsus 63AA657 dövlət nömrə nişanlı (Qoşqu nömrəsi 63AA658, “MAMMUT CH240A” markalı) “DAF XF530FT” markalı yük nəqliyyat vasitəsi, həmin yük nəqliyyat vasitəsinə aid ******* və ******* nömrəli 2 ədəd texniki pasport, həmin nəqliyyat vasitəsinə aid 1 ədəd açar dəsti Mohammad X1, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində yerləşən anbarında saxlanılan İran İslam Respublikası vətəndaşı Səccad Xezerluya məxsus 31 ədəd əl istehsalı xalça, 1 ədəd kreslo və 1 ədəd divan, qolluqlarından 47 kiloqram 376,440 qram tiryək narkotik vasitəsi aşkar edilən 6 ədəd kreslo və 1 ədəd divan Səccad Xezerluya, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan “X17 Ticarəti Cəmiyyəti”nə məxsus 13 ədəd əl istehsalı xalça “X17 Ticarəti Cəmiyyəti”nə, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan “X18 Ticarəti Cəmiyyəti”nə məxsus 55 ədəd əl istehsalı xalça “X18 Ticarəti Cəmiyyəti”nə, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan “Məşhəd Xalça Ticarəti Cəmiyyəti”nə məxsus 122 ədəd maşınla toxunan xalça “Məşhəd Xalça Ticarəti Cəmiyyəti”nə, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan İran İslam Respublikası vətəndaşı Elnaz Qurbanəlizadəyə məxsus 6 ədəd xalça və kilim Elnaz Qurbanəlizadəyə, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan ixracatçısı “X12 Co.” şirkəti olan 342 ədəd maşınla toxunan xalça “X12 Co.” şirkətinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 47 kq 375,440 qram olan tiryək narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus olan E47415113 nömrəli pasport, 1 (bir) ədəd “XİAOMİ REDMİ 8" markalı mobil telefon, 2 (iki) ədəd 20 “Azərbaycan manatı", 1 (bir) ədəd 100 “ABŞ dolları", 1 (bir) ədəd 50 “ABŞ dolları", 1 (bir) ədəd 20 “ABŞ dolları", 3 (üç) ədəd 500 "avro", 18 (on səkkiz) ədəd 200 "avro", 1(bir) ədəd 100 “Avro”, 12 (on iki) ədəd 50 "avro", 7 (yeddi) ədəd 20 "avro", 10 (on) ədəd 5 "avro", 13 (on üç) ədəd 100 “Türk lirəsi”, 12 (on iki) ədəd 50 “Türk lirəsi”, 2 (iki) ədəd 20 “Türk lirəsi”, 1 (bir) ədəd 10 “Türk lirəsi”, 10 (on) ədəd 5 “Türk lirəsi”, 5 (beş) ədəd 500000 “İran riali”, 14 (on dörd) ədəd 100000 “İran riali”, 7 (yeddi) ədəd 50000 “İran riali” Təqsirləndirilən şəxs qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində saxlanılan, Təqsirləndirilən şəxs оğlunun **********33000536 nömrəli etibarnamə əsasında idarə etdiyi İran İslam Respublikası vətəndaşı Mohammad X1 məxsus 63AA657 dövlət nömrə nişanlı (Qoşqu nömrəsi 63AA658, “MAMMUT CH240A” markalı) “DAF XF530FT” markalı yük nəqliyyat vasitəsi, həmin yük nəqliyyat vasitəsinə aid ******* və ******* nömrəli 2 ədəd texniki pasport, həmin nəqliyyat vasitəsinə aid 1 ədəd açar dəsti Mohammad X1 qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan İran İslam Respublikası vətəndaşı Səccad Xezerluya məxsus 31 ədəd əl istehsalı xalça, 1 ədəd kreslo və 1 ədəd divan, qolluqlarından 47 kiloqram 376,440 qram tiryək narkotik vasitəsi aşkar edilən 6 ədəd kreslo və 1 ədəd divan Səccad Xezerluya qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan “X17 Ticarəti Cəmiyyəti”nə məxsus 13 ədəd əl istehsalı xalça “X17 Ticarəti Cəmiyyəti”nə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan “X18 Ticarəti Cəmiyyəti”nə məxsus 55 ədəd əl istehsalı xalça “X18 Ticarəti Cəmiyyəti”nə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan “Məşhəd Xalça Ticarəti Cəmiyyəti”nə məxsus 122 ədəd maşınla toxunan xalça “Məşhəd Xalça Ticarəti Cəmiyyəti”nə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan İran İslam Respublikası vətəndaşı Elnaz Qurbanəlizadəyə məxsus 6 ədəd xalça və kilim Elnaz Qurbanəlizadəyə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” X6 İdarəsinin inzibati ərazisində yerləşən anbarda saxlanılan ixracatçısı “X12 Co.” şirkəti olan 342 ədəd maşınla toxunan xalça “X12 Co.” şirkətinə qaytarılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar