Məhkəmə qərarları › İş №1(111)-3/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-3/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-3/2024 03.04.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Şərur rayonunun Qıvraq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, Kəngərli rayon Qaz İstismar İdarəsində sürücü işləyən, evli, 2 uşaq atası, Kəngərli rayon Qıvraq qəsəbəsində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM) 234.2-ci və 29, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kəngərli Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə tanışı Şahid2 Kəngərli rayonu Böyükdüz kəndində satış məqsədi ilə qanunsuz olaraq 0,080 qramdan artıq miqdarda psixotrop maddə metamfetamini alaraq əldə edib üzərində saxlamış, həmin gün Kəngərli rayonu Qıvraq qəsəbəsində bir bükümdə 0,080 qramdan artıq miqdarda psixotrop maddə metamfetamini Şahid3 80 manata satmış, Şahid3 həmin gün saat 21:00-da Kəngərli rayonu Qıvraq qəsəbəsində saxlanılaraq Naxçıvan MR DİN-in inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürmə aparılarkan ondan sol ayağına geyindiyi corabının iç boğaz hissəsindən 1 ədəd bükümdə 0,080 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, 11 iyun 2023-cü il tarixdə Şahid2 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmək məqsədi ilə 60 manat pul vermiş, Şahid2 həmin pul ilə 0,731 qram psixotrop maddə matemfetamini əldə edib Təqsirləndirilən şəxs yaşadığı Kəngərli rayonu, Qıvraq qəsəbəsində vermək üçün daşıyarkən Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Naxçıvan MR DİN-in inzibati binasına gətirildiyindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməyərək satış məqsədi olmadan qanunsuz olaraq 0,731 qram psixotrop maddə metamfetamini əldə etməyə cəhd etmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisənin baş vermə tarixi tam yadında olmamış, yəni təxminən 6-7 ay bundan əvvəl Şahid3 ona zəng edərək narkotik vasitə lazım olduğunu və ona kömək etməyini xahiş etmiş, özünün də maraqlanıb ona xəbər edəcəyini demiş, sonra həmkədlisi Şahid2 zəng edərək onun əvvəlcədən narkotik vasitə istifadə etdiyini bildiyindən Nəsrəddindən necə narkotik alacağını soruşmuş, Nəsrəddin isə cavabında almaq olar və qramının 130 manat olduğunu bildirdiyindən Nicata zəng vuraraq narkotikin qiymətini demişdir. Nicat isə yalnız 60 manatının olduğunu dediyindən özü də 40 manat pul qoyaraq Nəsrəddindən aldığı narkotikin kənddə zibil qutusunun altında olduğunu Nicata demiş və birlikdə gedib götürərək metamfetamini çəkmişlər. Səhəri gün günorta saatlarında Nicat yenə zəng edərək “işinin məhkəmədə olduğundan tutulacağını və son dəfə yenə çəkmək istədiyini” bildirmiş və görüşərək 80 manat vermişdir. Həmin pulun üstünü də düzəldərək Nəsrəddinə zəng edib yenə metamfetamin istəmiş, Nəsrəddin isə axşam xəbər edəcəyini demiş, sonra Nəsrəddin zəng edib metamfetamini Püsyan kəndində yolun kənarında lövhənin dibinə qoyduğunu bildirdiyindən Nicatla gedib oradan götürüb maşında çəkərək istifadə etmişlər. Çəkdikdən sonra artıq qalmış metamfetamini atmaq istəmiş, lakin Nicat onu atmağa qoymamış, qalıq qalmış metamfetamini götürərək maşından düşüb getmişdir. Səhəri günü, yəni 11 iyun 2023-cü il tarixdə Nəsrəddinə zəng edib öz istifadəsi üçün metamfetaminin olub-olmadığını soruşmuş, Nəsrəddin isə bir az 140 manatlıq qaldığını demiş və Nəsrəddinə 140 manat verərək birlikdə metamfetamini götürmək üçün Naxçıvan şəhərinə getmişlər. Nəsrəddin maşından düşüb metamfetamini gətirmək üçün getmiş, özü isə Araz restoranının yanında gözləmiş, lakin Nəsrəddin polis əməkdaşları tərəfindən saxlanıldığından metamfetamini əldə edə bilməmişdir. Araz restoranının yanında Nəsrəddinə görə polislər ona yaxınlaşaraq saxlamış, amma onun Rüstəm olduğunu bilmədiklərindən sərbəst buraxmışlar. Həmin gün günortadan sonra polis əməkdaşları onu yenidən saxlayaraq DİN-nə aparmışlar. Orada yoxlama zamanı üzərindən heç nə aşkarlanmamışdır. Həmçinin Təqsirləndirilən şəxs məhkəmədə sorğusual edilərkən Nicatla bir məhəllədə yaşamalarını və özlərinin əvvəlcədən narkotik vasitə qəbul etmələrini, 10 ildir ki, ara-ara narkotikdən istifadə etdiyini, Nicatın ondan metamfetamin almaq istədiyini, metamfetamini Nəsrəddindən aldığını Nicatın bilmədiyini, heç vaxt narkotik satmadığını, öz istifadələri üçün aldığını, ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə ittiham aktına yazılan ifadənin eyni olmadığını, ibtidai istintaq dövründə verdiyi ifadəsini latın əlifbasını bilmədiyindən oxumadığını və özünün səhvlik etdiyini, onu buraxacaqlarını düşündüyünü, ibtidai istintaq dövründə dindirilən zaman müdafiəçisinin iştirak etdiyini və ona heç bir təzyiq göstərilmədiyini, birinci dəfə 09 iyun 2023-cü ildə Nicatın ona 60 manat verdiyini və özünün də Nicat verdiyi pulun üstünə 40 manat qoyduğunu, Nəsrəddinə əvvəl 60 manat verdiyini, narkotiki gətirdikdən sonra ona 40 manat da verdiyini və Nəsrəddinin gətirdiyi həmin metamfetaminin onun “qarışıq ola bilər, istifadə edib yoxla” dediyindən yoxlamaq üçün üzərindən az götürdüyünü, sonra 10 iyun 2023-cü il tarixdə Nicatın ona 80 manat verdiyini və özünün 30 manat qoyduğunu, üçüncü dəfə 11 iyun 2023-cü il tarixdə Nəsrəddinə metamfetaminin alınması üçün maşında 140 manat verdiyini, 1-ci dəfə Nəsrəddinin onu Şahtaxtı yoluna çağıraraq metamfetamini orada verdiyini, 2-ci dəfə Nicatla birlikdə Püsyan yolunda lövhənin dibindən götürdüklərini, Nəsrəddinin ona “yol gedib-gəlirəm” dediyinə görə əlavə pul verdiyini bildirmiş və son sözündə etdiyi hərəkətlərdən çox peşman olduğunu, 2 azyaşlı uşağının olmasını, aldandığından bu cinayəti törətdiyini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 234.1 və 234.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır və Qıvraq kəndində onunla eyni məhəllədə yaşayır. Hadisə olmamışdan 7-8 gün əvvəl onu kənddə görmüş və ondan haradan metamfetamin tapmaq olar deyə soruşmuşdur. 3-4 gün sonra Rüstəmə zəng etdikdə, “o maraqlanıb xəbər edəcəyini” demişdir. Təxminən 1-2 saat sonra 09 iyun 2023-cü il tarixdə axşam saatlarında Rüstəm ona xəbər etmiş, həmin metamfetamin maddəsinin alınması üçün 60 manatını özü, 40 manatını isə Rüstəm vermişdir. Həmin gün Qıvraq kəndindən biraz aşağıda zibil qutusunun altından götürüb istifadə etmişlər. Səhəri gün 10 iyun 2023cü il tarixdə yenə Rüstəmə zəng etmiş və metamfetamin istəmiş, bu dəfə ona 80 manat vermiş, Rüstəm də üstünə 30 manat qoyaraq metamfetamini əldə edərək birlikdə gedib Püsyan kənd yolunda lövhənin dibindən götürmüşlər. Maşında əyləşib birlikdə metamfetaminin bir hissəsini istifadə etdikdən sonra artıq qalanını da özü ilə götürərək Rüstəmdən ayrılmış, yolda gedərkən Qıvraq kəndi içində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında sorğu-sual edilərkən Şahid3 narkotikdən 2018-ci ildən istifadə etdiyini, əvvəldən Rüstəmin narkotik istifadə etdiyini bildiyini və ona görə də Rüstəmdən metamfetamin istədiyini, Rüstəm ona metamfetamini verməsəydi, maraqlanıb başqa yerdən tapıb alacağını, verdiyi pula görə əldə etdiyi metamfetaminin çəkisini bilmədiyini, Rüstəmlə əvvəllər bir yerdə narkotik istifadə etmədiklərini, Rüstəmin metamfetamini kimdən aldığının ona məlum olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır və Qıvraq kəndində onunla eyni məhəllədə qalırlar və birlikdə böyümüşlər. Hadisənin tarixi tam yadında olmadığı gün kənddə Rüstəmlə qarşılaşmış, Rüstəm ondan haradan narkotik vasitə tapa biləcəyini soruşmuş, cavabında ona Naxçıvan şəhərində olduğunu demişdir. Sonra birlikdə pul qoyub gedib götürmüşlər. Üzərindən bir az birlikdə istifadə etdikdən qalanını Rüstəm aparmışdır. Sonra axşam Rüstəm zəng edib özündə olanı itirdiyini demiş və yenə həmin maddədən lazım olduğunu dedikdə ona sabah gedib götürəcəklərini demişdir. Sonra onlar dərmanı götürməyə gedəndə tutulmuşdur. Həmçinin məhkəmə iclasında sorğu-sual edilərkən Şahid2 2 ildir ki, narkotikdən istifadə etdiyini, xalası oğlu Natiqin Bakıya pendir aparıb satdığını, Natiqin 200 manat borcu olduğundan Bakıdan gələndə özünün istifadəsi üçün nə qədər olsa metamfetamin gətirməyini ona dediyini, Natiqin Bakıdan metamfetamin gətirdiyini, əvvəl gedib istifadə edib yoxladığını, sonra isə ondan götürdüyünü, Rüstəmlə əvvəllər birlikdə narkotik istifadə etdiklərini, onunla rastlaşdıqda Rüstəmin ona kefinin yaxşı olduğunu dedikdə ona cavabında metamfetamin istifadə etdiyi dediyindən Rüstəmin də özünə istədiyini, təxminən 08 iyun 2023-cü ildə Rüstəmin 60 manat pul verdiyini və gedib götürdüklərini, Rüstəmin axşam yenidən zəng etdiyini, ona sabah götürəcəklərini dediyini, sabahı gün kənddə görüşdüklərini, Rüstəmin ona 80 manat verdiyini, birlikdə gedib götürdüklərini, 11 iyun 2023-cü il tarixdə isə Rüstəmin ona yenidən 60 manat pul verib metamfetamin istədiyini, birlikdə Rüstəmin maşını ilə Naxçıvan şəhərinə getdiklərini, Rüstəmin onu kənarda avtobus parkı tərəfdə gözlədiyini, özünün isə metamfetamin almaq üçün getdiyini, qayıdarkən yolda polis əməkdaşları tərəfindən saxlanılıb DİN-nə aparıldığını, Rüstəmə 60 və 80 manat müqabilidə cəmi 2 dəfə metamfetamin satdığını, 3cü dəfə isə öz istifadələri üçün Rüstəmin verdiyi 60 manat pul müqabilində Natiqdən metamfetamini əldə edib qayıdanda yolda tutulduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 onun xalası oğludur. Hadisədən uzun vaxt keçdiyindən dəqiq tarixi tam xatırlamır. Metamfetamini ona özü vermişdir. Nəsrəddini evə çağırmış və o, əldə etdiyi metamfetaminin üzərindən bir az götürüb istifadə etdikdən sonra gəlib qalanını da götürmüşdür. Bir az keçdikdən sonra onu tutmuşlar. Məhkəmə iclasında sorğu-sual edilərkən Şahid1 Nəsrəddinin əvvəldən metamfetamindən istifadə etdiyini bildiyini, amma Rüstəmi tanımadığını, Nəsrəddin Bakıda anasına ad günü edərkən orada ondan 200 manat borc aldığını, maşın yolu ilə Bakıdan qayıdarkən İran tərəfdə Biləsuvar gömrüyündə tanımadığı şəxsdən 36 manat müqabilində 3 büküm metamfetamin aldığını, alanda çəkisini bilmədiyini, sonradan 3 bükümü 2 büküm etdiyini, gətirdikdən sonra Nəsrəddinə səs atıb metamfetamin var dediyini, Nəsrəddinin onlara gəldiyini, borcunun qarşılığı kimi ona verdiyini, birinin üzərindən götürüb həyətdə istifadə edib getdiyini, sonra gəlib 1 bükümünü apardığını, 2-3 gün sonra zəng edib yenə olub-olmamasını soruşduğunu, yenə gelib apardığını, aparan zaman ondan yenə 60 manat Bakıya getmək üçün borc pul aldığını və artıq borcunun silinməsini dediyini, 2010-cu ildə narkotik tərkibli dərman istifadə etdiyini, sonra müalicə aldığını, aldığı metamfetaminin qiymətini əvvəldən istifadəçilərdən bildiyini və Rüstəmi tanımadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 verdiyi ifadəsində göstərmişdir ki, o, Naxçıvan MR DİN-nin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, 10 iyun 2023-cü il tarixdə onlara Şahid3 narkotik vasitəsinin olması ilə bağlı məlumat daxil olmuş, bununla əlaqədar əməliyyat qrupu təşkil olunmuş, saat 21:00-da Nicat saxlanılmış, onun corabında qızılı falqaya bükülmüş narkotik vasitəyə bənzər ağ kristal maddə aşkar edilmiş və çəkilmədən qablaşdırılaraq götürülmüş və izahatı alınan zaman Nicat həmin maddəni Rüstəmdən aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, Naxçıvan MR DİN-nin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, 10 iyun 2023-cü ildə onlara daxil olan məlumata görə Şahid3 saxlanılmış, saxlanılan zaman onun üzərindən narkotik aşkar edilmiş, həmin maddə Nicatın corabından çıxmış, soruşulduqda Rüstəmdən aldığını demiş, 11 iyun tarixdə isə Rüstəmi saxlamışlar, lakin onun üzərindən heç nə aşkarlanmamışdır. İlkin dindirmədə Rüstəm etiraf edərək həmin maddəni Nəsrəddindən aldığını demişdir. Nəsrəddini saxladıqda isə üzərindən narkotik aşkar edilmiş, soruşulduqda həmin maddəni Natiqin ona 200 manat borcu qarşılığında aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və məhkəmədə dindirilmiş digər Şahid4 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində göstərmişdir ki, hadisənin baş vermə tarixini tam xatırlamayaraq Naxçıvan MR DİN-nin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən zaman narkotiklə bağlı onlara daxil olan məlumata görə digər əməkdaşlarla Şahid1 evlərinə getmiş və saxlanılaraq DİN-ə dəvət etmişlər. Naxçıvan DİN-də Natiq etiraf etmişdir ki, metamfetamini İrandan gətirib pul qarşılığında Nəsrəddinə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, 2007-ci ildən X4 xidmətə başlamış, 2023-cü ilin may ayından Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin MƏCMŞ-nin rəisi v.m.i.e, CAİ-nin rəis müavini vəzifəsini müvəqqəti icra edən vəzifəsində xidmət edir. 11 iyun 2023-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən xx xxxxxxx 1978-ci il təvəllüdlü, Kəngərli rayonu, Qıvraq qəsəbəsi sakini Şahid2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bununla bağlı Naxçıvan Muxtar Respublikası X6 raportla məruzə etdikdən sonra əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Şahid2 barəsində daxil olmuş məlumat əsasında əməliyyat axtarış tədbirləri keçirilmiş, saxlanılmış və üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun bel kəmərinin alt hissəsindən 1 ədəd ağ rəngdə sellofanın içərisinə bükülmüş ağ kristallardan ibarət kütlə aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Şahid2 izahatında metamfetamin psixotrop maddəsinin Təqsirləndirilən şəxs satdığını bildirərək həmin metamfetamin psixotrop maddəsinin isə Şahid1 aldığını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 barələrində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. 11 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 13 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin ayrılması və icraata qəbul olunması haqqında 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir. 24 noyabr 2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 29, 234.1 və 234.2-ci maddələrinə tövsif edilmiş, 25 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 234.1 və 234.2-ci maddəsində nəzərdə tutulmuş yeni məzmunda ittiham elan olunmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 iyun 2023-cü il tarixli protokola əsasən Şahid3 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun sol ayağına geyinmiş olduğu corabın boğaz hissəsindən 1 ədəd qara rəngdə balaca sellofana bükülmüş siqaretin qızılı rəng kağızının içərisində ağ kristallardan ibarət kütlə aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli 587 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş Şahid3 üzərindən aşkar olunan bir ədəd gümüşü rəngdə falqaya bükülmüş bükümün içərisində, təmiz çəkisi 0,080 qram ağ rəngli, kristal formada və toz şəklində hissəciklərdən ibarət maddə, psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ Siyahı, İİ bənd, sıra №27). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli 589 nömrəli rəyində tədqiqata təqdim olunmuş Şahid2 üzərindən aşkar olunan bir ədəd ağ rəngdə sellofana bükülmüş, təmiz çəkisi 0,731 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ Siyahı, İİ bənd, sıra №27). Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 22 iyul 2023-cü il tarixli 195 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs metamfetamin narkomaniyası aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Dispanser qeydiyyata alınması məsləhətdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 22 iyul 2023-cü il tarixli 194 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Naxçıvan MR DİN-nin ƏSİŞ-dən alınmış 14 iyun 2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəməyədək icraat dövründə “sübutların qiymətləndirilməsi barədə” 24 noyabr 2023-cü il tarixli qərarla cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxs Şahid1 İran İslam Respublikasından əldə edərək gətirmiş olduğu metamfetamin psixotrop maddəsindən 09 iyun 2023-cü il tarixdə Şahid2 satmasını, Şahid2 Şahid1 həmin tarixdə metamfetamin psixotrop maddəsi almasını və həmin psixotrop maddədən Təqsirləndirilən şəxs satmasını, Təqsirləndirilən şəxs Şahid2 həmin tarixdə metamfetamin psixotrop maddəsi almasını və həmin psixotrop maddədən Şahid3 satmasını, Şahid3 Təqsirləndirilən şəxs həmin tarixdə metamfetamin psixotrop maddəsi almasını bildirmişdir. Göstərilən şəxslər tərəfindən qeyd olunan maddə artıq istifadə edilmiş olduğundan araşdırma zamanı götürülə bilinmədiyindən və ekspertiza təyin edilməklə həmin maddənin tərkibi, növü və çəkisi barədə rəy alına bilinmədiyindən göstərilən xüsusatla bağlı Şahid1, Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 əməllərində cinayət tərkibin olmasının sübuta yetirilməsi mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla Şahid1, Şahid2, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə, Şahid3 barəsində isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi 12 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərarda qiymət verilməsi nəzərə alınmışdır. Məhkəmə baxışında təqdim edilmiş Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(109)-22/2023 nömrəli hökmü ilə Şahid2 aşkar edilib götürülmüş və ekspertizaya sərf edilən miqdar çıxılmaqla qalıq qalmış 0,711 qram metamfetamin psixotrop maddəsi məhv edilmişdir. Məhkəmə baxışında təqdim edilmiş Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(078)-260/2023 nömrəli qərarı ilə Şahid3 aşkar edilib götürülmüş 0,080 qram metamfetamin müsadirə edilərək məhv edilmişdir. Məhkəmə baxışında təqdim edilmiş AZ-İİİ 309821 nömrəli və AZ-İV 168430 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü Həsən adında və xx.xx.2019-cu il təvəllüdlü Yasəmən adında iki azyaşlı uşaqları vardır. Məhkəmə baxışında təqdim edilmiş AZ-İ 347745 nömrəli ölüm akt qeydindən çıxarışa əsasən X5 xx.xx.1994-cü il tarixdə Sədərək döyüşlərində şəhid olmuşdur. İş materialalrında olan Kəngərli Rayon Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi E.Məmmədov tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Metamfetamin” 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına daxildir. 13 dekabr 2023-cü il tarixədək qüvvədə olan 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» üzrə İİ siyahısına görə psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə Şahid2 satış niyyəti ilə qanunsuz olaraq 0,080 qramdan artıq miqdarda psixotrop maddə metamfetamini alaraq əldə edib həmin gün Kəngərli rayonu Qıvraq qəsəbəsində bir bükümdə 0,080 qramdan artıq miqdarda psixotrop maddə metamfetamini Şahid3 80 manata satmış və psixotrop maddə olan metamfetaminin yayılmasında iştirak etmişdir. 11 iyun 2023-cü il tarixdə Şahid2 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmək məqsədi ilə Şahid2 60 manat pul vermiş, Şahid2 isə həmin pul ilə 0,731 qram psixotrop maddə matemfetamini əldə edib Təqsirləndirilən şəxs satmaq üçün daşıyarkən Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Naxçıvan MR DİN-in inzibati binasına gətirildiyindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməmiş, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 0,731 qram psixotrop maddə metamfetamini əldə etməyə cəhd etmişdir. Bununla da onun tərəfindən cinayət hadisəsi törədilmiş, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.2-ci və 29, 234.1-ci maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə baxışı zamanı dindirilərkən Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə ittiham aktına yazılan ifadənin eyni olmadığını, ibtidai istintaq dövründə verdiyi ifadəsini latın əlifbasını bilmədiyindən oxumadığını bildirməsi və eləcə də 10 iyun 2023-cü il tarixdə Nicatın ona 80 manat verdiyini və özünün 30 manat qoyaraq 110 manata metamfetamini alması, 11 iyun 2023-cü il tarixdə isə Nəsrəddinə metamfetaminin alınması üçün maşında 140 manat verməsi halları təsdiqini tapmadığından məhkəmə təqsirləndirilən şəxsin ifadəsindəki göstərilən xüsusatları özünü müdafiə və məsuliyyətdən yayınma kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı həmin hallar araşdırılarkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilmiş və ona heç bir təsir və təyziq olmamış, Şahid2 isə 10 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 110 manat deyil, 80 manat, 11 iyun 2023-cü il tarixdə isə 140 manat deyil, 60 manat aldığını bildirmişdir. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 29, 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə 13 iyun tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 22 iyul 2023-cü il tarixli 195 saylı tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmasına zərurət olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci və 29, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(109)-22/2023 nömrəli hökmü ilə 0,711 qram metamfetamin prixotrop maddəsinin məhv edilməsi nəzərə alınmalıdır. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(078)- 260/2023 nömrəli qərarı ilə 0,080 qram metamfetaminin müsadirə edilərək məhv edilməsi nəzərə alınmalıdır. Cinayət işinə əlavə edilmiş 05 ədəd DVD cinayət işində saxlanılmalıdır. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 29, 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 234.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və onun üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 03 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(109)-22/2023 nömrəli hökmü ilə 0,711 qram metamfetamin prixotrop maddəsinin məhv edilməsi nəzərə alınsın. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(078)- 260/2023 nömrəli qərarı ilə 0,080 qram metamfetaminin müsadirə edilərək məhv edilməsi nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra məhkəməyə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işinə əlavə edilmiş 05 ədəd DVD cinayət işində saxlanılsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Kəngərli rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar