Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-3/2025 03.03.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şərur Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şərur rayon Xok kəndində anadan olmuş, evli, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əvvəllər Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hal-hazırda Kəngərli rayon Xok kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 07 noyabr 2024-cü il tarixdə «həbs» növündə qətimkan tədbiri seçilməklə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə təkrar qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2023-cü ilin dekabr ayında həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus evin pəncərəsindən içəri qanunsuz daxil olaraq yataq otağında olan şkafın gözündən 01 cüt qızıl sırğa, 02 ədəd qızıl üzük və salonda olan masanın üzərindən 50 manat pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, 25 oktyabr 2024-cü il tarixdə saat təxminən 21:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus evin pəncərəsindən içəri qanunsuz daxil olaraq qonaq otağında olan çamadanın içərisindən 01 ədəd gümüş boyunbağı, 01 cüt qızıl sırğa və 02 ədəd sırğanı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, 27 oktyabr 2024-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus evin pəncərəsindən içəri qanunsuz daxil olaraq yataq otağında olan şkafın içərisindən ümumi çəkisi 03 qram olan, 585 əyarlı, 300 manat dəyərində 01 ədəd qızıl üzük və 100 manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 400 manat maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CМ-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Kəngərli rayon Xok kəndində yaşayır. 2023-cü ildə, spirtli içki qəbul etdiyindən ayın tarixini dəqiq xatırlamadığı vaxt yaşadığı Kəngərli rayon Xok kəndinə çıxaraq həmkəndlisi Zərərçəkmiş şəxs1 evinin yanından keçərkən həmin evdə işıqların yanmadığını görüb hasarı olmayan evin həyətinə daxil olmuş, bu zaman yerdən yarım metr yüksəklikdə olan plastik pəncərələrdən birinin açıq olduğunu görmüş, həmin pəncərədən birbaşa içəri daxil olmuş, əlindəki fanarla evin içərisini işıqlandıraraq daxil olduğu otaqda olan şkafın üstündə açıq yerdə olan 2 ədəd qızıl üzük olduğunu görmüş, həmin üzükləri götürmüş, başqa otağa keçmədən və başqa da heç nə götürmədən daxil olduğu pəncərədən çıxmış, təxminən 1 ay sonra oğurladığı qızıl üzükləri Naxçıvan şəhərinə apararaq qızıl mağazasına təxminən 480 manata satmış, pulu ilə siqaret almış, qalanını da elə-belə xərcləmişdir. Bundan sonra ili və tarixini xatırlamadığı vaxtda içkili vəziyyətdə həmkəndlisi Zərərçəkmiş şəxs2 evinin yanından keçərkən evin işıqlarının yanmadığını görmüş, evə yaxınlaşaraq pəncərəni əli ilə itələmiş, pəncərə qırılmadan açılmış, əşyalı bir otağa daxil olmuş, əlindəki lazer işığı ilə işıqlandırmış, otaqda açıq çanta olduğunu görmüş, içindəki karobkanı açarkən içində bir ədəd tək sırğa, bir cüt sırğa və 1 ədəd gümüşü rəngli boyunbağı olduğunu görmüş və götürmüş, qızılları heç yerdə gizlətməmiş, idarə etdiyi Mersedes markalı avtomobilinin maşınının içinə qoymuşdur. Daha sonra tarixini xatırlamadığı vaxt yenə də içkili vəziyyətdə olduğu zaman həmkəndlisi Zərərçəkmiş şəxs3 evinin işıqlarının sönülü olduğu görmüş, evdə heç kimin olmadığını bilib evin pəncərəsinin açıq olduğunu görüb oradan evə daxil olmuş, daxil olduğu otaqda olan şkafı axtarmağa başlamış, şkafın içindən 1 ədəd qızıl üzüyü götürmüş, lakin pul götürməmiş və daxil olduğu pəncərədən çıxaraq və oğurladığı üzüyü avtomobilinə qoymuşdur. Daha sonra Kəngərli Rayon Polis Şöbəsinə dəvət olunmuş, izahatı alınan zaman törətdiyi əməlləri etiraf etmiş, bundan sonra onun razılığı ilə Mersedes markalı avtomobilinə baxış keçirilmişdir, şokda olduğundan maşının içindən nələr aşkar olunduğunu dəqiq xatırlamır. Yadındadır ki, maşında 1 ədəd üzük, 1 cüt sırğa var idi. Həmçinin Təqsirləndirilən şəxs məhkəmədə sorğu-sual edilərkən ifadəsində oğurluq edərkən istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, həmişə içkili olduğunu, ona görə də çox şeyi xatırlamadığını, ayıq vaxtı olsaydı əl atmayacağını, həmkəndlisi Səmədlə, Rübabə və Feyruz ilə heç bir ədavəti-düşmənçiliyi olmadığını, Səmədin evindən oğurluq etdiyi üçün vicdan əzabı çəkib özünün etiraf etdiyini, Rübabə ilə qonşu və yaxın münasibətlərinin olduğunu, lakin evdə kiminlə yaşadığını bilmədiyini, ümumiyyətlə onların həmin evlərdə yaşamaqlarını əvvəlcədən bilmədiyini, Feyruzun evinin qaynanasının evinə gedən yolda olduğunu, hər 3 evin ayı-ayrı yollarda olduğunu, hadisələri təxminən axşam saat 21 radələrində törətdiyini, axşam saat 23:00-da evdə olduğunu, Rübabənin evinə girəndə artıq elektron nəzarət vasitəsinin çıxarıldığını, onun evindən oğurluq etdikdən və ayılandan sonra peşman olduğunu, Feyruzun evindən təkcə 1 ədəd üzük götürdüyün, pul götürmədiyini, “gözləyirdi ki, onu çağırsınlar və oğurladığı qızılları gətirib təhvil versin” deyə bildirdiyini, götürdüklərini qaytarmaq üçün saxladığını, məqsədinin götürdüyü qızılları aparıb vermək olduğunu, evdə problemlər olduğundan qaytara bilmədiyini, amma özlərinə verə bilmədiyindən polis şöbəsinə təhvil verdiyini, maşından çıxan 252 manat pulun evin pulu olduğunu, şəhərdən ərzaq almağı üçün qaynanasının verdiyini, maşından çıxan pulun götürdüyü üzüklərə aidiyyəti olmadığını, maşından çıxan əlavə 1 ədəd üzüyü isə xatırlamadığını bildirmiş və son sözündə etdiyi oğurluğa görə peşman olduğunu, yeni ailə qurduğunu, ailəsinin dağılmasını istəmədiyini, cəza çəkməyə razı olduğunu, lakin dövlət ittihamçısının təklif etdiyi müddətin çox olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Kənkərli rayon Xok kəndində özünə məxsus evdə tək yaşayır və Təqsirləndirilən şəxsla qonşudur. Bir gün polis əməkdaşları gəlib evindən oğurluq olduğunu bildirərək gedib evə baxmışlar. Evə baxan zaman qonaq otağında olan açıq çantanın yan cibində 1 cüt sırğa, 1 ədəd gümüş boyunbağı və 2 ədəd tək sırğanın olmadığını görmüş, sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, orada təqdim olunan qızıllara baxanda görmüşdür ki, onun qızıllarıdır. Ərizə ilə Kəngərli Rayon Polis Şöbəsinə müraciət etmiş, araşdırma zamanı evindən oğurluq etmiş şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs ilə hər hansı ədavəti olmamış, oğurluq olduğunu bildiyi vaxtdan əvvəl zinət əşyalarını evində görmüşdür. Məhkəmədə sorğu-sual edlərkən Zərərçəkmiş şəxs2 ifadəsində Kinyazın bəlkə də tək yaşadığını bildiyini və evindən oğurluq etdiyini, əvvəllər Kinyazın gəlib evini müşahidə etdiyini görmədiyini, hərdən bir bacısı evinə getdiyini, adətən öz evində qaldığını, bir dəfə evdə olarkən tappıltı eşitdiyini, bəlkə qonşu olduğunu bilib çağırdığını, lakin səs gəlmədiyini, şikayətinin olmadığını, qızılların hamısının eynilə özünə qaytarıldığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin dekabr ayında ailəliklə birlikdə qohum toyuna gedəcəkdilər, evdən çıxmazdan əvvəl otaqdakı stolun üstünə 50 manat qoymuş, qapının bağlayıb toya getmişlər, qayıdarkən stolun üstünə qoyduğu 50 manat pulun olmadığını görmüş, əvvəlcə ailə üzvlərinə bildirməmiş, sonra evin pəncərəsi açıq görmüş və oğurluq ola biləcəyi heç ağlına gəlməmişdir. 2-3 gün sonra evdəki qızıllar yoxa çıxdığını bilmiş, lakin heç kimə deməmiş, üstündən xeyli vaxt keçdikdən sonra polis əməkdaşları gəlib soruşanda qızıllarının oğurlandığını demişdir. Daha sonra polis şöbəsinə gətirildikdən sonra orada izahat vermişdir. Məhkəmədə sorğu-sual edilərkən Zərərçəkmiş şəxs1 ifadəsində Kinyazın ailəsini əvvəlcədən normal bir ailə kimi tanıdığını, ədavətlərinin olmadığını, polislərə oğurluq etdiyini özü dediyini, evindən 2 qızıl üzük, 1 dəst sırğa və 50 manat pul götürüldüyünü, qızılların yataq otağında şifonerin üstündə qabın içində açıq şəkildə qoyulduğunu, götürülmüş qızılların hamısının dəyəri, yəni ümumilikdə 1150 manat ödənildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayının 27-də ailə üzvləri ilə birlikdə Kəngərli rayon Xok kəndində yaşayan anası Mənsuməgilə getmiş, həmin gün axşam anasının evində qalaraq səhəri gün evə qayıtmışlar. Özü işə getmiş, işdə olarkən həyat yoldaşı zəng edib uşaqların hazırlıq pulu üçün evə qoyduqları 100 manat və qızıl üzüyün yoxa çıxdığını bildirmiş, bir müddət sonra ona icra nümayəndəliyindən də zəng edib evindən oğurluq olması barədə bildirmişlər. Polis şöbəsinə dəvət olunmuş, orada qızılı göstərib onun qızılı olub-olmadığını soruşmuşlar o da həmin qızılın onun olduğunu təsdiqləmişdir. Məhkəmədə sorğu-sual edilərkən Zərərçəkmiş şəxs3 ifadəsində anası evindən qayıdarkən evdə heç bir dəyişiklik olmadığını, qapı-pəncərənin bağlı olduğunu, lakin evin uşaq otağının pəncərəsi qırıldığını, sonradan özünün onu düzəltdirdiyini, götürülmüş 1 ədəd üzük və 100 manat pulun özünə qaytarıldığını, onunla heç bir ədavətinin və şikayət və tələbinin olmadığını bildirmiş, çıxışında isə ona qanuni cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Kəngərli rayon X5 və Təhqiqat Qrupunun müstəntiqi v.m.i.e polis baş leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış, cinayət işi üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Ramiz oğlu və Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışlar. Cinayət işi üzrə “şübhəli şəxsin tutulması haqqında” 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. Kəngərli Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli 4(111)-2/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 05 noyabr 2024-cü il tarixli protokoldan, habelə məhkəmə iclasında baxış keçirilmiş elektron daşıyıcıda (CD-də) olan video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes” markalı ** BD *** nömrəli avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin ön sərnişin hissəsində olan saxlanc yerindən 2 ədəd pul kisəsi və 1 ədəd kvadrat formalı qutu çıxardaraq təqdim etmiş, qara rəngli pul kisəsinin içərisində 5 ədəd plastik kart, 1 ədəd əllilik, 2 ədəd birlik pul əskinasları olmuş, ağ rəngli pul kisəsinin içərisində 4 ədəd əllilik əskinas, sürücülük vəsiqəsi, texniki pasport, ümumvətəndaş pasportu, kvadrat formalı qutunun içərisində isə 01 ədəd boyunbağı, 2 ədəd üzük, 1 cüt sırğa, 2 ədəd sırğa olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs 1 ədəd üzüyün Zərərçəkmiş şəxs3 məxsus evdən, 1 ədəd boyunbağı, 1 cüt sırğa və 2 ədəd sırğanı Zərərçəkmiş şəxs2 məxsus evdən oğurladığını bildirmişdir. 1 ədəd üzüyü isə necə əldə etdiyini xatırlamadığını bildimişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən 5 ədəd əllilik, 2 ədəd birlik pul əskinasları, 1 ədəd boyunbağı, 2 ədəd üzük, 1 cüt sırğa və 2 ədəd sırğa iş üçün əhəmiyyətli olduğundan müvafiq qaydada qablaşdırılaraq götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs təhvil verilmiş və videoçəkilişdən istifadə olunmuşdur. “Əşyaya baxış keçirilməsi haqqında” 05 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes” markalı ** BD *** nömrəli avtomobildən götürülən qızıl-zinət əşyalarına baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs2 1 ədəd boyunbağı, 1 cüt sırğa və 2 ədəd sırğanın ona məxsus olduğunu, Zərərçəkmiş şəxs3 1 ədəd kişi üzüyünün ona məxsus olduğunu, Zərərçəkmiş şəxs1 isə baxış zamanı zinət əşyalarından heç birinin ona məxsus olmadığını bildirmişlər. 07 noyabr 2024-cü il tarixli aktlardan görünür ki, 1 ədəd qızıl üzük və 100 manat pul Zərərçəkmiş şəxs3, 152 manat pul Zərərçəkmiş şəxs1 və 1 ədəd gümüş boyunbağı, 1 cüt qızıl sırğa və 2 ədəd qızıl sırğa Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. 08 yanvar 2025-ci il tarixli aktlardan görünür ki, Zərərçəkmiş şəxs1 998 manat pul təhvil verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Naziriyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2024-cü il tarixli 1533 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs2 məxsus zinət əşyalarının ümumi dəyərinin 473, Zərərçəkmiş şəxs1 məxsus qızılzinət əşyalarının ümumi dəyərinin 1100, Zərərçəkmiş şəxs3 məxsus qızıl-zinət əşyalarının ümumi dəyərinin 300 manat olduğu göstərilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 40 (qırx) manat təşkil edir. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2024-cü il tarixli 541 saylı rəyə əsasən "Təqsirləndirilən Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir". Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2024-cü il tarixli 542 saylı rəyində göstərilir ki, “Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur”. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus evlərdə “ifadəsinin yerində yoxlanılması haqqında” 13 yanvar 2025-ci il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş elektron daşıyıcıda (CD-də) olan video görüntülərdən görünür ki, o, 2023-cü ilin dekabr ayında Kəngərli rayon Xok kəndində yerləşən evində spirtli içki qəbul etdiyini, daha sonra kəndə çıxaraq gəzməyə başladığını, həmkəndlisi Zərərçəkmiş şəxs1 evinin yanından keçən zaman işıqlarının yanmadığı üçün evdə heç kimin olmadığını başa düşdüyünü, Zərərçəkmiş şəxs1 evinə daxil olaraq oğurluq etmək qərarına gəldiyini, evin ətrafında fırlanan zaman pəncərələrdən birinin açıq olduğunu gördüyünü, həmin pəncərədən içəri daxil olduğunu, əlindəki fanarın işığını yandıraraq daxil olduğu otağı axtarmağa başladığını, otaqda olan şkafın gözündə 02 ədəd qızıl üzük olduğunu gördüyünü, həmin üzükləri cibinə qoyaraq daxil olduğu pəncərədən çıxdığını və evinə getdiyini, bundan sonra Zərərçəkmiş şəxs2 məxsus evdə 25 oktyabr 2024-cü il tarixdə evində araq içdiyini, içkili vəziyyətdə evdən çıxaraq kənddə gəzməyə başladığını, həmkəndlisi Zərərçəkmiş şəxs2 evinin yaxınlığından keçən zaman evin işıqlarının yanmadığını gördüyünü, evə yaxınlaşaraq pəncərələrdən birini əli ilə itələyərək açdığını və həmin pəncərədən evin qonaq otağına daxil olduğunu, yerdə olan 3 çəmədandan birinin içərisini axtardığını, çəmədanın içərisində kvadrat formalı qutu olduğunu gördüyünü, həmin qutunun içərisinə baxan zaman 01 ədəd qızıl boyunbağı, 01 cüt qızıl sırğa və 02 ədəd qızıl sırğa olduğunu gördüyünü, həmin qızıl-zinət əşyalarını oğurlayaraq evdən çıxdığını, bundan sonra Zərərçəkmiş şəxs3 məxsus Kəngərli rayon Xok kəndində yerləşən evdə 27 oktyabr 2024-cü il tarixdə içkili vəziyyətdə kənddə gəzən zaman həmkəndlisi Zərərçəkmiş şəxs3 evinin işıqlarının sönülü olduğu gördüyünü, evdə heç kimin olmadığını başa düşərək evin ətrafını gəzməyə başladığını, evin boş olduğundan əmin olduqdan sonra pəncərələrdən birinin açıq olduğunu gördüyünü, həmin pəncərədən evə daxil olaraq yataq otağına girdiyini, yataq otağında olan tumbuçkanın üzərindən 01 ədəd qızıl üzük götürdüyünü və daxil olduğu pəncərədən eşiyə çıxdığını bildirmişdir. Kəngərli rayon Xok kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən məlum olur ki, "1991-ci il təvəllüdlü, orta təhsilli, Kəngərli Rayon Xok kənd sakini Təqsirləndirilən şəxs həqiqətən də kənddə özünü işgüzar, əməksevər bir şəxs kimi tanıtmışdır. Yaşadığı ərazidə kənd sakinləri və qonşularla münasibəti yaxşı səviyyədə olmuşdur. Onun barəsində Xok kənd İƏDÜ nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır ". Kəngərli Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 1(111)-21/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər tərəfindən təqdim edilən notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, Kəngərli Rayon Məhkəməsinin icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışlar. Təqsirləndirilən şəxslə barışmışlar və ondan heç bir şikayətləri və tələbləri yoxdur. Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi məhkəməyə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, 177.2.2-ci maddəsinə görə təkrar törədildikdə, 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə eyni zamanda məhkəmə baxışı zamanı dindirilən Təqsirləndirilən şəxs ifadəsində “Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 evindən pul götürmədiyi”nə münasibətdə qeyd edir ki, bu hal təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakteri daşıyır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, dəymiş ziyanın tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını, 05 oktyabr 2023-cü il tarixli 1(111)-21/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini və məhkumluğu ödənilmədiyi dövrdə yeni cinayət törətməsini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunması məqsədəuyğundur və ona görə də təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 05 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış müşahidə kamerasının qeydə aldığı video-görüntüləri əks etdirən 02 ədəd CD disk və cinayət işi üzrə prosessual sənədlərin elektron variantının yazıldığı 01 ədəd CD cinayət işində saxlanılmalı, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 40 (qırx) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesablarına ödənilməlidir. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın ödənilməsini nəzərə alır. Eyni zamanda məhkəmə işi üzrə Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş 01 ədəd kimə məxsus olduğu bilinməyən qızıl üzük Kəngərli rayon Polis Şöbəsində itkin düşmüş əşyaların siyahısına əlavə olunaraq saxlanca verilməsini nəzərə alır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 05 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 40 (qırx) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142330, büdcə səviyyəsinin kodu 2, X6 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ 88 NABZ ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, Hesab: AZ 21 NABZ ********************) hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin yazıldığı 2 (iki) ədəd CD, prosessual sənədlərin elektron variantının yazıldığı 1 (bir) ədəd CD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Kəngərli rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-3/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-3/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver