Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-4/2024 29.01.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin tərcüməçisi X4 iştirakı ilə, xx.xx.1991-ci ildə İran İslam Respublikasının Mərənd şəhərində anadan olmuş, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, evli, 2 azyaşlı uşaq atası, İran İslam Respublikası Mərənd şəhəri, İstqah məhəlləsi, İslamabad küçəsi, ev 31 ünvanında qeydiyyatda olaraq yaşamış, 07 oktyabr 2023-cü il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 5 oktyabr 2023-cü il tarixdə “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Ruminiya Respublikasına “PVC” yükü apararkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibindəki təsir edici maddəsinin miqdarı 0,038 qram olan üzərində “B2” yazılmış 19 ədəd buprenorfin psixotrop dərman preparatlarını şəffaf sellofan paketə bükməklə yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasında olan dolabın rezin döşəməsinin altında gizlətmiş, idarə etdiyi 46AB499/46AB500 dövlət qeydiyyat nişanlı “Volvo FH 500” markalı yük nəqliyyat vasitəsi ilə tranzit giriş edərkən həmin gün saat 13:00 radələrində Kəngərli rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan psixotrop dərman peparatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 18 ildir ki, sürücü işləyir. İranın Məşhəd şəhərindən Ruminiya Respulikasına aparmaq üçün “PVC” yükləmiş və oradan Mərənd şəhərinə gəlmiş, 2-3 gün evdə qaldıqdan sonra yola çıxmış və 5 oktyabr 2023-cü il tarixdə “Şahtaxtı” gömrük postuna gəlmiş, saat 13:00 radələrində Azərbaycana keçmişdir. Gömrük postunda gömrük əməkdaşı ondan bəyan edilməli və ya qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuş, cavabında maşında 9 blok siqaretdən başqa heç nə olmadığını bildirmiş, sonra gömrük əməkdaşı 2 nəfərlə idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsinə baxış keçirərək yoxlama aparmış, yoxlama zamanı idarə etdiyi nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasındakı dolabın döşəməsinin rezin örtüyünün altında gizlətdiyi 19 ədəd dərman tabletlərin olduğunu deyərək çıxarıb ona təhvil vermiş, yoxlama bitdikdən sonra sənədlər hazırlanmış və həmin sənədləri imzalamışdır. Həmçinin o, məhkəmədə sorğu-sual edilərkən bildirmişdir ki, istifadə etdiyi “Şahtaxtı” gömrük postunda idarə etdiyi nəqliyyat vasitəsindən aşkarlanan dərmanlarını İranda Mərənd şəhərində xəstəxanada həkim tərəfindən yazılmış və ayaqları ağrıdığına görə ağrıkəsici kimi istifadə edir. Lakin həkimin və xəstəxananın adı yadında qalmamışdır. Uzun yola çıxdığına görə İranda bu dərmanları əczaxanadan reseptlə 20 ədəd olmaqla almış, 1-ni istifadə etmişdir. Lakin resept yadından çıxdığından götürməmişdir. Ona görə də, gömrükdə qorxduğu üçün gizlətmişdir. Gömrükdə maşını yoxlanan zaman özü dərmanları gizlətdiyi yerdən çıxarıb vermişdir. Dərmanları başqa məqsəd üçün götürməmiş, yalnız özü istifadə etdiyindən almış, əvvəldən qadağan olduğunu bilməmiş, gömrükdə olarkən sürücülər qadağan olduğunu deyəndə gizlətmişdir. Yoxlama zamanı hər yerin axtarıldığını görüb özü gömrük əməkdaşına bildirmiş və çıxarıb ona vermişdir. 1 aylıq yol getdiyinə və yolda ağrıları çox olur deyə dərmandan çox almış, həmin dərmandan 5 aydır ki, ağrıları olanda istifadə edir. Son sözündə əməlimdən peşman olduğunu, uşaqlarının körpə olmasını, ailə vəziyyətinin nəzərə alınmasını bildirmiş və ona pul cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 5 oktyabr 2023-cü il tarixdə “Şahtaxtı” gömrük postunda işdə olarkən İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələndiyindən onun idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlamaq zərurəti yaranmış, əvvəlcə ona farsca tərcümə olunmuş qadağan olunmuş mallar barədə bildiriş təqdim etmiş, 2 hal şahidi çağıraraq nəqliyyat vasitəsində və üzərində qadağan olunmuş hər hansı predmetin, narkotik vasitəsinin olub-olmadığını soruşmuş, cavabında Təqsirləndirilən şəxs 9 blok siqaretinin olduğunu, başqa heç nə olmadığını demişdir. Sonra 2 hal şahidinin iştirakı ilə nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı yük nəqliyyat vasitəsində yatağın altındakı döşəmənin altında gizlədilmiş 19 ədəd bükülmüş formada üzərində B2 yazılmış həb aşkar etmiş və protokol tərtib olunaraq götürülmüşdür. Həmçinin o, məhkəmədə sorğu-sual edilərkən bildirmişdir ki, yük nəqliyyat vasitəsində yatağın altındakı döşəməni yoxlamaq istədiyi zaman Təqsirləndirilən şəxs dərmanların aşkar olunacağını görüb, həmin yerdə dərman preparatlarının olduğunu demiş və çıxartmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hazırda işsiz olduğundan Şahtaxtı Gömrük postunda fəhləlik edərək yüklərin doldurulub-boşaldılması ilə məşğul olur. 05 oktyabr 2023-cü il tarixdə Şahtaxtı Gömrük postunda yük boşaldarkən gömrük əməkdaşı Kəramətin onu və Anarı çağırıb nəqliyyat vasitəsinə baxış keçirəcəyini bildirmiş və onların hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. Anarla birlikdə nəqliyyat vasitəsinin olduğu yerə getmiş, orada Kəramət müəllim yoxlayacağı yük-nəqliyyat vasitəsinin sürücüsü olan adını sonradan bildiyi İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs adlı şəxsi ona təqdim etmiş, onlara hüquq və vəzifələri barədə məlumat verib yük nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlamadan əvvəl Kəramət müəllim sürücüdən qadağan olunmuş hər hansı malın, narkotik vasitəsinin olub-olmadığını soruşmuş, cavabında o, 9 blok siqaretinin olduğunu, başqa heç nə olmadığını bildirmiş, Kəramət müəllim nəqliyyat vasitəsini yoxlamağa başlamış, nəqliyyat vasitəsinin kabinində döşəmənin altına baxanda sürücü Azızı orada dərman olduğunu demiş və oradan ağ sellofanın içində 19 ədəd həb olan dərmanları çıxararaq vermişdir. Sonra həmin şəxsin üzərində şəxsi yoxlama aparılmış və heç nə aşkarlanmamışdır. Bütün bunlar barədə sənədlər tərtib edilmiş və imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmədə dindirilmiş digər Şahid3 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Dövlət Gömrük Komitəsinin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən (İAMAS) alınmış anket məlumatı və sərhədkeçmə hesabatına dair xx.xx.2023-cü il tarixdə tərtib edilmiş protokoldan və ona aid çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə “Volvo” markalı, 46AB499 dövlət qeydiyyat nişanlı yük maşını və “Trailer” markalı, 46AB500 dövlət qeydiyyat nişanlı qoşqu ilə xx.xx.2023-cü il tarixdə saat 13:27-də “Şahtaxtı” gömrük postundan keçməklə ölkəyə giriş etmişdir. 05 oktyabr 2023-cü il tarixli Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili, gömrük xidməti baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü tarixdə saat 13:42-də “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ruminiya Respublikasına “PVC” yükü aparan İran İslam Respublikasının vətəndaşı, xx.xx.2020-ci il tarixdə verilmiş H53427867 nömrəli xarici pasportun sahibi, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi 46AB499/46AB500 dövlət qeydiyyat nişanlı “Volvo FH 500” markalı yük nəqliyyat vasitəsinə və daşıdığı yükə iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirilmiş, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasında olan dolabın rezin döşəməsinin altında şəffaf sellofan paketə üzərində B2 yazısı olan 19 ədəd naməlum tərkibli həb aşkar edilmiş, yük nəqliyyat vasitəsində daşınan yükdə isə qanunvericiliklə qadağan olunmuş heç nə aşkar edilməmiş, yoxlama zamanı aşkar edilən predmet götürülərək qablaşdırılmışdır. 05 oktyabr 2023-cü il tarixli Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili, gömrük xidməti baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş “şəxsi yoxlama aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı onun üzərindən qanunla qadağan edilmiş və gömrük nəzarətinə bəyan edilməmiş heç nə aşkar edilməmiş, ona məxsus 1 ədəd “Samsung Galaxy A13” markalı İMEİ1 **********11429/01, İmei2 **********11427/01 mobil telefon, H53427867 nömrəli pasport və 46AB499/46AB500 dövlət qeydiyyat nişanlı, “Volvo FH 500” markalı yük nəqliyyat vasitəsinə məxsus iki ədəd texniki pasport götürülmüşdür. 06 oktyabr 2023-cü il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və 07 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 05 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 07 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 46AB499/46AB500 dövlət qeydiyyat nişanlı “Volvo FH 500” markalı yük nəqliyyat vasitəsindən aşkarlanaraq götürülmüş üzərində B2 yazısı olan 19 ədəd naməlum tərkibli həblərin nə olmasının, narkotik vasitələrə, psixotrop maddələrə və yaxud güclü təsir edən və zəhərli maddələrin siyahısına aid olmasının, əgər aiddirsə hansı növə aid olmasının, hazırlanma üsulunun, xalis çəkisinin və təsiredici maddəsinin miqdarının müəyyən edilməsi məqsədilə 05 oktyabr 2023-cü il tarixdə məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli 998 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqata təqdim edilən 01 ədəd balaca kağız zərfin içərisindəki 01 ədəd şəffaf sellofana bükülmüş üzərində “B2” yazısı olan ağ rəngli 19 həb (təsiredici maddəsinin miqdarı - 0.038 qram) psixotrop maddə olan buprenorfin dərman preparatlarıdır. Buprenorfin dərman preparatları 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr” in siyahısına (İİ siyahı, İİ bənd, sıra № 2) daxildir. Qeyd: Buprenorfin həblərinin sayı - 19 həb, tədqiqata sərf edildi - 02 həb, qalıq - 17 həb. 07 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop və ya güclü təsir edən maddələr qəbul edib-etməməsini, əgər narkotik vasitələr və ya psixotrop maddələr qəbul edirsə narkоmaniya xəstəliyinə tutulub-tutulmamasını, əgər narkomandırsa məcburi müalicəyə ehtiyacı оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 365 nömrəli ambulator məhkəmə-narkoloji ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə və ya psixotrop maddə qəbulu inkar olunmur. Məhkəməyədək icraat dövründə 24 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs idarə etdiyi 46AB499/46AB500 dövlət qeydiyyat nişanlı “Volvo FH 500” markalı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasında olan dolabın rezin döşəməsinin altından aşkar edilərək götürülmüş üzərində B2 yazısı olan tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 0,038 qram olan 19 ədəd psixotrop maddə buprenorfin dərman preparatları iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və tədqiqatlardan sonra qalıq qalmış 17 həb psixotrop maddə buprenorfin dərman preparatı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya hökmü ilə həll edilənədək Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılması nəzərə alınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs götürülmüş “Samsung A13” markalı mobil telefon 25 oktyabr 2023-cü il tarixli qəbzlə qardaşı Şəhram Əziziyə təhvil verilmişdir. Məhkəməyədək icraat dövründə 25 oktyabr 2023-cü il tarixli qəbzlə Təqsirləndirilən şəxs götürülmüş “Volvo FH 500” markalı dartıcı və “Trailer” markalı qoşquya aid sənədləri yük daşıma şirkətinin nümayəndəsi Məhərrəm Turabiyə təhvil verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs götürülmüş H53427867 nömrəli pasport cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş İran İslam Respublikası Daxili İşlər Nazirliyi X3 Qeydiyyatı İdarəsinin Azərbaycan dilinə tərcümə olunmuş şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Arzou Aghaeıdır və xx.xx.2013-cü il təvəllüdlü Atena, xx.xx.2015-ci il təvəllüdlü Nazanın adlı 2 azyaşlı uşaqları vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan dilinə tərcümə olunmuş İran tibb təşkilatı inzibati orqanının Təbriz şöbəsinin “Matriyalların zərərli istifadəsi ilə qarşılaşmaq mərkəzi” tərəfindən verilmiş sənədə əsasən Təqsirləndirilən şəxs bu mərkəzdə müalicə ilə məşğul olub və onun bu mərkəzdə dosiyası var və hər gün 1 ədəd B2 tableti, yəni Buprenorphine 2 mg istifadə etmək məcburiyyətindədir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqdim etdiyi azərbaycan dilinə tərcümə olunmuş, Əlzəhra təlim və müalicə mərkəzi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli sənədə əsasən Təqsirləndirilən şəxs həyat yoldaşı Aghaeı Arzou 7 aylıq hamilə olmuşdur və riskli hamiləlik səbəbi ilə artıq qayğı göstərilməsi gərəkir. Məhkəmə İran tibb təşkilatı inzibati orqanının Təbriz şöbəsinin “Matriyalların zərərli istifadəsi ilə qarşılaşmaq mərkəzi” tərəfindən verilmiş sənədə təqsirləndirilən şəxsin ifadəsi ilə əlaqəli yoxlayıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sənədlərdə təqsirləndirilən şəxsin buprenorfin (B2) dərmanı ilə müalicə olunması və və hər gün 1 ədəd B2 Tableti, yəni Buprenorphine 2 mg istifadə etmək məcburiyyətində olması qeyd olunsa da, onun üzərindən aşkarlanaraq götürülmüş 19 ədəd həb psixotrop maddə olan “buprenorfin” dərman preparatlarını qanuni yolla əldə etməsini təsdiqləmir. Belə ki, Təqsirləndirilən şəxsı ifadəsində idarə etdiyi nəqliyyat vasitəsindən aşkarlanan dərmanların İranın Mərənd şəhərində xəstəxanada həkim tərəfindən yazıldığını, əczaxanadan reseptlə alındığını bildirsə də, məhkəməyə həmin dərmanın həkim resepti əsasında alındığına dair heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə qeyd edilən sənədləri iş üzrə mötəbər sübut kimi qəbul etmir. “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2006-cı il tarixli 163 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən müalicə məqsədilə keçirdiyi hər bir narkotik vasitə və ya psixotrop maddəni yazılı qaydada bəyan etməli, bununla yanaşı, özündə olan narkotik vasitə və ya psixotrop maddə ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin tətbiqini (onların adları, miqdarı, dərman forması, qəbul qaydası və istifadə müddəti göstərilməklə) tələb edən xəstəliyin olması haqqında yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənədi, narkotik vasitələrin və psixotrop maddələrin qanuni yolla əldə edildiyini təsdiq edən sənədi (reseptin surətini) gömrük orqanlarına təqdim etməlidir. Təqdim edilən dərman preparatlarının adının, miqdarının, dərman formasının təqdim edilmiş sənədlərə uyğunluğu gömrük orqanları tərəfindən yoxlanılır və bəyannamədə daxil olma haqqında müvafiq qeyd aparılır. Tranzit keçən xəstə tərəfindən müalicə məqsədilə keçirilən narkotik vasitələrin və psixotrop maddələrin bəyan edilməməsi və ya digər yollarla qanunsuz keçirilməsi cəhdi aşkar edilərsə, həmin şəxsə qarşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət tədbiri tətbiq olunur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 05 oktyabr 2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli 998 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 365 nömrəli ambulator məhkəmə-narkoloji ekspertiza rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 05 oktyabr 2023cü il tarixdə “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Ruminiya Respublikasına “PVC” yükü apararkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibindəki təsir edici maddəsinin miqdarı 0,038 qram olan üzərində “B2” yazılmış 19 ədəd buprenorfin psixotrop dərman preparatlarını şəffaf sellofan paketə bükməklə yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasında olan dolabın rezin döşəməsinin altında gizlətmiş, idarə etdiyi 46AB499/46AB500 dövlət qeydiyyat nişanlı “Volvo FH 500” markalı yük nəqliyyat vasitəsi ilə tranzit giriş edərkən həmin gün saat 13:00 radələrində Kəngərli rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan psixotrop dərman peparatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və bu hərəkətləri ilə o, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət hadisəsinin baş verdiyi vaxt qüvvədə olan 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İİ siyahısına görə “buprenorfin” dərman preparatının şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.05 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2.5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.14-cü maddəsinə görə, gömrük nəzarəti - gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir. 1.0.1-ci maddəsinə görə bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi deməkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində izah edilir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 16-cı madəsində isə izah edilir ki, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə, onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. Buna görə, malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi zamanı sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədilmiş qaçaqmalçılıq bu cinayətin qeyd olunan qeyri-qanuni üsullardan biri ilə törədilməsinin, o cümlədən, gömrük orqanına qeyd olunmuş sənədlərin daxili gömrük tranziti, malların gömrük proseduruna salınması və ya malların və digər əşyaların buraxılması ilə bağlı gömrük prosedurunun həyata keçirilməsi prosesində təqdim edilməsi zamanı bu faktın aşkarlandığı və bunun qarşısının alındığı andan başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Həmin Qərarın 8-ci bəndində qeyd olunmuşdur ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-in 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-in 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-in Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur. Maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-in 53-cü maddəsi xatırlanmadan birbaşa CM-in 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək sonda peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını və arvadının hazırda hamilə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, o cümlədən İran İslam Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında daimi yaşayış yerinin olmamasını müstəsna hal kimi qəbul edərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə ona Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Belə olan halda məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlanıldığı 3 ay 24 gün nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalından dərhal azad olunmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 365 nömrəli tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olmadığının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan 17 həb psixotrop maddə “Buprenorfin” dərman preparatı məhv edilməli, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus H53427867 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat dövründə 25 oktyabr 2023-cü il tarixli qəbzlə Təqsirləndirilən şəxs götürülmüş “Volvo FH 500” markalı dartıcı və “Trailer” markalı qoşquya aid sənədlərin yük daşıma şirkətin nümayəndəsi Məhərrəm Turabiyə təhvil verilməsi və 1 ədəd “Samsung A13” markalı mobil telefonun qardaşı Şəhram Əziziyə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə müdafiçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 4000 manat cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən 05 oktyabr 2023-cü il il tarixdən hazırkı vaxta qədər həbsdə saxlanılması nəzərə alınaraq təyin olunmuş 4000 (dörd min) manat cərimə cəzası yüngülləşdirilərək onun üzərində 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 17 həb psixotrop maddə olan “Buprenorfin” dərman preparatı məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus H53427867 nömrəli pasport özünə qaytarılsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-4/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-4/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver