Məhkəmə qərarları › İş №1(111)-4/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-4/2025

04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-4/2025 04.04.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, İbrahimova İntizar Zeynal qızının katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X2 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Zərərçəkmiş şəxs2 Zeynalabdin oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi - Naxçıvan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci ildə Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Şərur rayon Kosacan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, bir nəfər şəxsin az ağır, bir nəfər şəxsin isə ağır xəsarət almasına səbəb olmuşdur. Belə ki, o, 21 sentyabr 2024-cü il tarixdə saat 17:00-da BD seriyalı 862514 nömrəli sürücülük vəsiqəsi və "xxxx" MMC-nin verdiyi etibarnamə ilə idarə etdiyi “Ford Fusion” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Sədərək avtomobil yolu ilə Naxçıvan şəhəri istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməli olduğu halda buna əməl etməyib Kəngərli rayonu ərazisinə düşən həmin yolun 23-cü km-də Sədərək rayonu istiqamətində ikinci hərəkət zolağı ilə hərəkətdə olub manevr edərək sola dönən X3 idarə etdiyi “Vaz 21063” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan “Ford Fusion” markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 Zeynalabdin oğlunun dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid “politravma, sol əlin çıxığı, sol said sümüklərinin distal ucunun yerdəyişmə ilə, sağ sirkə kasasının sınığı”, Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid “qapalı kəllə beyin travması, baş beyinin əzilməsi suparaxnodial şırımlarda mülayim sıxılma, beyin daxili hipertenziya, sol maksillar sinusda eksudat, sağ occiptal nahiyyədə dərialtı hematoma, bilateral frontal payda parxenximatoz qansızmalar” bədən xəsarətlərini almalarına, “Vaz 21063” markalı avtomobilin sürücüsü X3 isə dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olmaqla ağır zərərvurmaya aid “başın və hər iki aşağı ətrafın həyatla bir araya sığmayan ağır küt travması, kəllə sümüklərinin qəlpəli, sümük defektli açıq yerdəyişən sınıqları, baş beyinin ağır dərəcəli əzilib-dağılması, hər iki aşağı ətrafların baldırın aşağı 1/3-i səviyyəsindən tam travmatik amputasiyası burun və üz skleti sümüklərinin qapalı, yerdəyişən sınıqları” xəsarətlərini alaraq ölümünə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş hüququ varisinin, digər zərərçəkmiş şəxslərin və şahid ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Şərur rayon Kosacan kəndində yaşayır. 2021-ci ildən Şərur rayonu, Yuxarı Daşarx kənd Musiqi məktəbində müəllim işləyir. 21 sentyabr 2024-cü il tarixdə toyu olacağından Naxçıvandan gəlin maşını üçün “Tac rentacar”dan “Ford Fusion” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobil götürmüş, avtomobili götürdükdən sonra gedib yoldaşını da gözəllik salonundan götürmüş və şəkil çəkdirməyə getmiş, bu müddət ərzində ona tez-tez evlərindən zənglər gəlmiş, yubanmamağını demişlər. Çəkiliş bitdikdən sonra yoldaşını aparıb Naxçıvan şəhərinə evlərinə qoymuş, gəlin maşınını bəzətmək üçün Şərur rayonuna aparmağa tələsəndə ona yenidən evlərindən zəng gəlmiş və “artıq rayondan çıxmalıyıq“ dediklərindən onlara Şərur rayonunda yerləşən Anadolu restoranının yanında gözləmələrini dedikdə artıq onların yola çıxdıqlarını bilmiş və sonra dostları Elvin və Tayfunla əlaqə saxlayaraq harada olduqlarını soruşduqda onların da hər kəsin getdiyini, özlərinin isə rayonda qaldıqlarını demişlər. Həmin gün saat təxminən 17 radələrində dostlarını Şərur rayonundan götürərək Naxçıvan şəhərinə gəlmək üçün rentacardan götürdüyü avtomobil ilə Şərur rayonundan yubanmamaq üçün Şərur rayonundan Naxçıvan istiqamətinə yola çıxmış, ön oturacaqda Elvin, arxa oturacaqda isə Tayfun oturmuş, yolda olarkən avtomobili təhlükəsiz idarə etmiş, lakin avtomobil surəti hiss etdirmədiyindən surətli getdiyindən xəbərsiz olmuş, hərəkət edən zaman Naxçıvan şəhəri istiqamətində Kəngərli rayon Yeni Kərki kənd ərasizindən keçən hissədə 2-ci hərəkət zolağında yüksək sürətlə hərəkətdə olarkən sağ tərəfdə hərəkət edən avtomobilin manevr edəcəyini düşünməmiş, ötüb getmək istəyərkən hadisə olmuş, hər şey bir saniyənin içində baş verdiyindən qarşısını ala bilməmiş, avtomobillər toqquşduqdan sonra qışqırıb hamı sağdır deyə soruşmuş, öz avtomobilindəki olanlarin sağ olduqlarını bildikdən sonra Tayfunla avtomobildən düşərək köməkləşib Elvin qolundan yaralandığından onu avtomobildən çıxarmış, sonra özü tez asfalt yola qaçmış, yerdə bir nəfərin hərəkətsiz olduğunu görüb ətrafdakılardan təcili yardıma zəng etmələrini istəmiş, onlar isə yaralının yaxşı olduğunu deyərək ona təskinlik vermiş, sonra özü də təcili yardıma zəng vurmuş, daha sonra ətrafdakılardan digər avtomobilin harada olduğunu soruşmuş, sonra dərənin içində vurduğu “Vaz 2106” markalı avtomobili görmüş, yaxınlaşa bilməmiş, toqquşduğu avtomobilin Naxçıvan şəhəri istiqamətində yolun sağ kənarına dərəyə düşdüyünü və həmin avtomobil yararsız halda olmaqla bir nəfərin avtomobilin sol tərəfində aralıda düşüb qaldığını görmüş, həyəcandan həmin şəxsə tərəf gedə bilməmiş, hadisə yerində olanlardan ona bir nəfər həmin şəxsin öldüyünü demiş, yaralı olan şəxs başqa bir avtomobillə xəstəxanaya yola salınmış, hadisə yerinə gələn təcili yardım avtomobil ilə rəhmətə gedən şəxsi aparmışlar. Hadisədən sonra polis əməkdaşları onu müayinədən keçirmişlər. Həmçinin Təqsirləndirilən şəxs məhkəmədə sorğu-sual edilərkən ifadəsində 3 il olar ki, sürücülük vəsiqəsi aldığını, öz maşını olduğunu, lakin köhnə olduğundan gedib rentacardan maşın götürmək istədiyini, çox peşman olduğunu, hadisə ilə əlaqədar üzr istədiyini, belə olmağını heç vaxt istəmədiyini, həyatım boyu avtomobili sürətlə idarə etmədiyini, toy karvanına çatmaq üçün maşını sürətli sürdüyünü, özünün 2-ci zolaqda hərəkət etdiyini və yanından ötüb keçmək istədiyi maşının dönəcəyini düşünmədiyini, həmin maşın dönərkən aralarındakı məsafənin təxminən 30 metr olduğunu, həmin gün yağışlı hava olduğunu, Yeni Kərki kəndinə çatarkən yağışın yağıbkəsdiyini, hava normal olduğunu, hadisə bir anlığında baş verdiyindən tormoz edə bilmədiyini, qəza nəticəsində vurulmuş ziyanı ödədiyini, indiyə qədər yol hərəkəti qaydalarını pozmağa görə cərimə belə olunmadığını, heç bir pozuntu törətmədiyini, həmin gün ab-havada olduğundan avtomobili sürətli idarə etdiyinin fərqində olmadığını, əməlindən çox peşman olduğunu, vicdan əzabı çəkdiyini, aliə vəziyyətini, bağışlamaq üçün hər şeyi etməyə razı olduğunu bildirərək məhkəmədən bağışlanmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı cinayət işi üzrə zərər çəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində bildirmişdir ki, o, baş vermiş avtoqəza nəticəsində vəfat etmiş X3 atasıdır, Təbriz 8 ildir ki, maşın sürür, bir dəfə də olsun yol-nəqliyyat hadisəsinə yol verməmiş, bu hadisəni baş verməsinin səbəbi Fəridin avtomobili sürətli idarə etməsi, diqqətsizliyi və səriştəsizliyi olmuş, oğlunun idarə etdiyi avtomobilə yaxınlaşarkən ən azı siqnal və ya tormoz versəydi, yaxud avtomobili sağ tərəfə döndürsəydi bunlar olmazdı. Təqsirləndirilən şəxslə barışdığını təsdiq edən ərizəni məhkəməyə təqdim etmiş, heç bir şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyi, lakin ona qanuna müvafiq olaraq ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, X12 limanında Aviasiya Təhlükəsizlik xidmətində agent vəzifəsində işləyir. X8 bir yerdə təhsil aldığı Şərur rayonu Kosacan kəndində yaşayan Fərid adlı dostunun xx.xx.2024-cü ildə toyu olacaqmış, həmin gün Fəridgilə getmişdir. Həmin gün Fərid onu və Tayfunu Şərur rayonundakı Anadolu restoranından maşınına götürmüş, maşının ön tərəfində əyləşmiş, Tayfun isə arxada əyləşərək şəhərə gəlini götürməyə getmişlər. Fəridin idarə etdiyi avtomobil “Ford Fusion” markalı olmuş, pəncərələri bağı olduğundan ümumiyyətlə sürətli getdiklərini hiss etməmişlər. Əlində telefon olduğundan və telefonla məşğul olduğundan yola baxa bilməmiş, yolda gedərkən birdən Fəridin “Ay Allah” dediyini eşitmiş, onun səsi ilə başını qaldırıb yola baxarkən qarşıdakı avtomobil ilə aralarındakı məsafənin təxminən 50 metr olduğunu görmüş, Fəridin hadisənin qarşısını almaq imkanı olmamış, Fəridin tormoz verdiyini hiss etmiş, amma yağışın yağdığında və yer sulu olduğu üçün qarşısını ala bilməmiş, toqquşduqdan sonra Fərid hamının sağ olduğunu soruşmuş, həmin vaxt qolunun yanına düşdüyünü görüb Tayfunla Fəridə onu maşından düşürtmələrini demiş, sonra Fərid tez yola tərəf qaçmış, hadisə yerinə toplaşan adamlardan tanışını görmüş, Fəridin halı pis olduğundan və qolu çox ağrıdığından Tayfuna Fəridlə qalmağını deyib həmin tanışından onu xəstəxanaya aparmasını istəmişdir. Baş vermiş hadisə ilə əlaqədar Fəriddən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, həmkəndlisi Təbriz Məmmədov məzuniyyətdə olduğundan teztez kənd mərkəzində onunla görüşüb çay içmişlər, həmin gün də, yəni xx.xx.2024-cü il tarixdə qərarlaşaraq yenə kənd mərkəzində görüşdükdə Təbriz ona atasının Yeni Kərki kəndində yol kənarında tikan olduğunu dediyindən birlikdə gedib baxmağı istəmiş, onun maşınına oturub birlikdə həmin yerə getmiş, Yeni Kərki kəndinə çatmağa az qalmış yol hadisəsi baş vermiş, sonrasında qəza ilə bağlı heç nəyi xatırlamır. Məhkəmədə sorğu-sual edilərkən Zərərçəkmiş şəxs1 ifadəsində həmin gün havanın yağışlı olduğunu, Təbrizin maşını yavaş sürdüyünü, maşında gedərkən yoldan kənarda tikanın olub-olmaması ilə əlaqədar yolun sağına baxaraq söhbət etdiklərini, magistral yolun 1-ci zolağında hərəkətdə olduqlarını, avtomobili döndərməyi yadına gəlmədiyini, Təbrizin həmin yolda dönmə səbəbini xatırlamadığını, qəza nəticəsində kəllə-beyin travması aldığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Fəridin dostudur, hadisənin hansı tarixdə baş verdiyini dəqiqi xatırlamır, onu bilir ki, həmin gün Fəridin toyu idi, Fərid avtomobillə gəlib toya getmək üçün Zərərçəkmiş şəxs2lə onu Şərurdan götürmüş, Naxçıvan şəhərinə gedərkən yolda anidən qəza baş vermiş, Fərid tərəfindən qəzanın qarşısını alınması qeyri-mümkün olmuşdur. Həmçinin Şahid ifadəsində 2022-ci ildən etibarən hərbi qulluqçu işlədiyini, Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavətin olmadığını, həmin şəxslə dostluq münasibətinin olduğunu, toy günü toy karvanına qoşulmaq üçün Şərurda Naxçıvan şəhərinə getdiklərini, olduqları avtomobildə sürətin hiss olunmadığnı, Şərurda havanın yağışlı olduğunu, ona görə də avtomobilə minərkən Fəridə ehtiyatlı olmağını dediyini, qəzanın anidən olduğunu, maşında olarkən telefonla oynadığını, birdən Fəridin “dəydi-dəydi” dediyini eşitdiyini, başını qaldırıb yola baxanda toqquşduqları avtomobillə aralarında təxminən 50 metrdən az məsafə qaldığını və “VAZ 2106” markalı avtomobilin 1-ci zolaqdan 2-ci zolağa keçid etdiyini gördüyünü, qəzadan sonra avtomobildən düşəndən sonra Fəridin birinci onu maşından çıxardığını, sonra köməkləşib Elvini çıxartdıqlarını, qəza nəticəsində xəsarət almadığını, Fəridin təcili yardım çağırdığını və təcili yardımın gəldiyini, şokda olduğundan hər şeyi tam xatırlamadığnı, amma Fəridin telefon axtarıb təcili yardıma zəng etməyi dəqiq yadında olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X3 ölməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 29 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “X15 Mərkəzi” X16 Kəngərli rayon Mərkəzi xəstəxanasından verilmiş xx.xx.2024-cü il tarixli 224 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin baş verməsi anında sərxoş vəziyyətdə olmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi yerinə baxış aparılması haqqında 21 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü km-dədir. Avtomobil yolu asfalt örtüklüdür və düzdür. Hava tam sakitdir, tutqundur, yağıntı yoxdur. Əvvəlcədən yağış yağdığı üçün asfalt yol yaşdır. Avtomobil yolunda nişanlanma xətləri vardır. Baxış havanın işıq vaxtı təbii işıqlandırma şəraitində aparılır. Avtomobil yolu iki gedişli və iki gəlişli olmaqla 4 hərəkət zolağından ibarətdir. Hər zolağın eni 4 metr, qoşa xəttin eni isə 0.50 metr olmaqla yolun ümumi eni 16.50 metrdir. Hər iki istiqamətdə yolun kənarları 2 metr enində preslənmiş çınqıl qarışığı torpaqdan ibarət ehtiyat yol, ehtiyat yoldan sonra isə hər iki tərəf dərədir. Naxçıvan şəhəri istiqamətində ikinci hərəkət zolağında kapron hissəciklər vardır. Əks istiqamətli zolaqda qoşa xətdə bir metr məsafədə asfalt yol üzərində qırılmış vəziyyətdə avtomobilə məxsus alın şüşə, alın şüşədən 1 metr məsafədə qara rəngli rezin, rezindən sonra isə asfalt yola səpələnmiş vəziyyətdə olan kapron hissəciklər vardır. Həmin kapron və detal hissəciklər Naxçıvan şəhəri istiqamətində də asfalt yola səpələnmişdir. Hərəkətə davam etdikcə qeyd olunan kapron və detal hissəciklərin əks istiqamətli zolaqlarda daha da artdığı və bütün asfalt örtüyə sıx bir şəkildə səpələnməsi görsənir. Səpələnən hissəciklər həm rezin, həm kapron, həm də dəmir parçalarıdır. Hissəciklər Naxçıvan şəhəri istiqamətində ikinci hərəkət zolağında düşdüyü yerdən əks istiqamətli zolaqlarda 44 metr məsafədə asfalt örtüyə sıx şəkildə tökülməklə yolu sol kənarında ehtiyat torpaq yola qədər davam edir. Ehtiyat yolda yaş olan torpağa iki ədəd iz düşüb. Həmin izlər dərəyə doğru ehtiyat yolda 4 metr məsafədə davam edir. Ehtiyat yolda və dərədə də kapron və detal hissəciklər səpələnib. İzlər dərəyə doğru 45 metr məsafədə davam edir. İzlərin sonunda ön hissəsi qəzalı vəziyyətdə olan “Ford Fusion” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobil yolun kənarından 5.7 metr məsafədədir. Avtomobilin ön hissəsindən müəyyən olunur ki, zərb ilə nəyəsə dəymişdir. Baxışa davam edərək asfalt yola baxılır. Naxçıvan şəhəri istiqamətində də yolun sağ kənarına doğru 34 metr məsafədə asfalt yolun bəzi yerlərində hissəciklər olduğu üçün baxışa dərəyə doğru davam edilir. Dərədə yolun kənarından 14.40 metr məsafədə qəzalı vəziyyətdə “Vaz 2106” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobil düşüb qalıb. Həmin avtomobilin sol hissəsi zərbədən içəriyə doğru deformasiya olaraq yararsız hala düşüb. Avtomobillərin əzilmə yerlərində və hadisə yerinin baxışından müəyyən etmək olur ki, qeyd olunan avtomobillər toqquşmuşdur. Naxçıvan şəhəri istiqamətində asfalt yola tökülən ilk hissəciklərdən “Ford Fusion” markalı avtomobil 93 metr məsafədə, “Vaz 2106” markalı avtomobil isə 61 metr məsafədə düşüb qalmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2024-cü il tarixli 71 №-li ekspert rəyində göstərilmişdir ki, X1 meyitinin məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: başın və hər iki aşağı ətrafın həyatla bir araya sığmayan ağır küt travması, kəllə sümüklərinin qəlpəli, sümük defektli açıq yerdəyişən sınıqları, baş beyinin ağır dərəcəli əzilib-dağılması, hər iki aşağı ətrafların baldırın aşağı 1/3-i səviyyəsindən tam travmatik amputasiyası burun və üz skleti sümüklərinin qapalı, yerdəyişən sınıqları küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, eləcə də avtomobil qəzası nəticəsində də əmələ gəlmələri istisna edilmir, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir ağırlıq dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən ağır zərərvurmaya aiddir. X1 ölümünə səbəb avtoqəza nəticəsində almış olduğu xəsarətlər hesabına baş vermiş travmatik və hemorogik şok, baş-beyinin ağır dərəcəli əzilməsi səbəb olmuşdur. X3 meyitindən götürülmüş qanda etil spirti aşkar edilməmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2024-cü il tarixli 163 №-li ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, suparaxnodial şırımlarda mülayim sıxılma, beyin daxili hipertiniziya, somaksillar sinusda eksudat, sağ occiptal nahiyyədə dərialtı hematoma, bilateralar frontal payda parxenximatoz qansızmalar küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, eləcə də avtomobil qəzası nəticəsində törənmələri istisna olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2024-cü il tarixli 164 №-li ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 Zeynalabdin oğlunun bədən səthi üzərində aşkar edilmiş xəsarətlər politravma, sol əlin çıxığı, sol said sümüklərinin distal ucunun yerdəyişmə ilə, sağ sirkə kasasının sınığı, küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, eləcə də avtomobil qəzası nəticəsində törənmələri istisna olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2024-cü il tarixli 141 №-li ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarət: sol əl pəncəsinin arxa səthində sıyrıq küt mexanizmdən, bərk küt əşyanın (əşyalarn) təsirindən törənmişlər, eləcə də avtomobil qəzası nəticəsində də törənmələri istisna olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının xx.xx.2024-cü il tarixli 1177 saylı rəyi göstərilmişdir ki, təqdim edilmiş usta (mütəxəssis) işləyən X7 iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli nöqsan aktı məlumatlarına əsasən, 2017-ci il buraxılışlı, “Ford Fusion” markalı, **-AF-*** qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində təmir-bərpa işlərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 8150,00 (səkkiz min yüz əlli) manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 3850,00 (üç min səkkiz yüz əlli) manat, təmir işlərinin qiyməti - 4300,00 (dörd min üç yüz) manat. Azərbaycan Respublikasında (o cümlədən Naxçıvan MR) yerləşən avtobazalarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən, 1991-ci il buraxılışlı “Vaz 2106” markalı, göy rəngli **-BC-*** qeydiyyat nişanlı, mühərrik tutumu 1300 kub sm. Olan minik avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 2800,00 (iki min səkkiz yüz) manat müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8/2946 saylı ekspert rəyində göstərilmişdir ki, ilkin kontakt anında toqquşma “Ford Fusion” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə “Vaz 2106” markalı **- BC-*** qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi arasında təxminən 85-90 dərəcə bucaq altında baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra “Vaz 2106” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə zamanı avtomobil deformasiyaya uğrayaraq yararsız vəziyyətə düşmüşür. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra “Ford Fusion” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə zamanı avtomobilin ön hissəsi əzilmiş, alın şüşə və ön sol şüşə qırılmış, arxa sağ təkər partlamış, sağ güzgü qırılmış, ön kaport, sağ qanaq və sağ qapılar əzilmiş, avtomobilin sürətini göstərən mil 150 km/saat sürətdə qırılıb qalmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının 27 dekabr 2024-cü il tarixli 1536 saylı ekspert rəyində göstərilmişdir ki, istintaq tərəfindən göstərilən vəziyyətdə “Vaz 2106” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 1.1-1.3 xətlərini kəsib keçmək qadağandır. İstintaq tərəfindən göstərilən vəziyyətdə “Ford Fusion” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Yuxarıda aparılmış hesabatdan belə məlum olur ki, mövcud vəziyyətdə sürücü Təqsirləndirilən şəxs “Ford Fusion” markalı avtomobili 150 km/saat sürətlə idarə etməsi şəraitində onun vaxtında tormozlama əməliyyatı etdikdə “Vaz 2106” markalı avtomobilin onun hərəkət zolağını boşaltması üçün lazım olan məsafə 55.4 metrdir. Bu isə onu izah edir ki, sürücü Təqsirləndirilən şəxs “Ford Fusion” markalı avtomobili 150 km/saat sürətlə idarə etməsi şəraitində də vaxtında tormozlama əməliyyatı etdikdə “Vaz 2106” markalı avtomobilin onun hərəkət zolağını boşaldacaqdı. Buna görə də sürücü Təqsirləndirilən şəxs “Ford Fusion” markalı avtomobili 150 km/saat sürətlə idarə etməsi ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri cəmi 270 (iki yüz yetmiş) manat təşkil edir. Təqsirləndirilən şəxs məxsus BD seriyalı 862514 nömrəli sürücülük vəsiqəsi cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüququ varisi və digər zərərçəkmişlər məhkəməyə notariat qaydada təsdiq olunmuş ərizə təqdim edərək dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsi bağışladığını, onuynla barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də ondan heç bir şikayət və tələbinin olmayacağını bildirib ərizələrinin nəzərə alınmasını məhkəmədən xahiş etmişlər. Şərur Rayon Kosacan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən məlum olur ki, o, "xx.xx.2000-ci il təvəllüdlüdür, orta ixtisas təhsillidir, Şərur Rayon Kosacan kəndində yaşayır, kənddə yaşadığı müddətdə özünü intizamlı gənc kimi aparır, kəndin ictimai işlərində fəal iştirak edir, onun spirtli içkilərdən vəya narkotik maddələrdən istifadə etməsi müşahidə olunmamışdır” Şərur Rayon Kosacan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-cü il tarixli 02 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Şərur Rayon Kosacan kənd sakinidir, ailəlidir, həyat yoldaşı X4r. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmişlərin və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 27 dekabr 2024-cü il tarixli 1536 nömrəli ekspert rəyindən görünür ki, “Ford Fusion” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayətin törədilməsini, zərərçəkmişin yaxın qohumu olan hüquqi varisi ilə və digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə prosessual sənədlərin elektron variantının yazıldığı 01 ədəd CD cinayət işində saxlanılmalı, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus BD seriyalı 862514 nömrəli sürücülük vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 270 (iki yüz) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesablarına ödənilməlidir. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 270 (iki yüz yetmiş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142330, büdcə səviyyəsinin kodu 2, X13 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ 88 NABZ ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, Hesab: AZ 21 NABZ ********************) hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məxsus BD seriyalı 862514 nömrəli sürücülük vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə prosessual sənədlərin elektron variantının yazıldığı 01 ədəd CD cinayət işində saxlanılsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Kəngərli rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar