Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-5/2023 09.06.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirlən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X5 iştirakı ilə, xx.xx.1978-ci ildə İran İslam Respublikasının Poldəşt şəhərində doğulmuş, ailəli, iki uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, İran İslam Respublikasının Şot şəhəri İmam küçəsində qeydiyyatda olmuş, barəsində 09 yanvar 2023-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi təsiredici maddəsinin ümumi təmiz çəkisi 0,15 qram üzərində “M20” yazılmış 15 ədəd həb parçaları olan narkotik vasitə metadon dərman preparatlarından 13 ədədini və həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında əldə etdiyi təsiredici maddəsinin ümumi təmiz çəkisi 0,024 qram olan 12 ədəd həb formalı üzərində “B2” yazılmış psixotrop maddə buprenorfin dərman preparatlarını ayrı-ayrılıqda salfetə və polietilenə bükməklə idarə etdiyi 33AB713/33AB714 dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsinin kabinində idarəetmə panelinin aşağı orta hissəsində olan qara rəngli plastik külqabının içərisinə qoyaraq saxlamış, metadon dərman preparatlarından qalan 2 ədəd həbi isə özünə məxsus köynəyin cibinə qoyaraq saxlamış, idarə etdiyi 33AB713/33AB714 dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasına tranzit giriş edərkən qəsdən daşımış və 6 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Buna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikasının Şot şəhərində ailəsi ilə birlikdə yaşayır, təxminən 18 il olar ki, yük avtomobili sürücüsü işləyir, həm ölkə daxili, həm də ölkə xarici yükləri daşıyır, lakin çox vaxt İrandan xarici ölkələrə yüklərin daşınmasında sürücülük edir və idarə etdiyi “DAF” markalı, 33AB713/33AB714 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qardaşına aiddir, 2023-cü ilin yanvar ayının əvvəlində İranın Dezful şəhərindən göyərti yükü yükləmiş və həmin yükü Avropaya aparacağından yükü yüklədikdən sonra yola düşmüşdür. 6 yanvar 2023-cü il tarixdə gecə saatlarında Azərbaycan ərazisindən keçərək Türkiyəyə getmək üçün Şahtaxtı gömrüyünə gəlmiş, gömrükdə maşın çoxluğundan və işin sıx olması ilə əlaqədar gömrük əməkdaşı apardığı yükün növbəti gün yoxlanacağını bildirmiş və idarə etdiyi yük nəqliyyat vasitəsini gömrük ərazisində olan yük nəqliyyat vasitələrinin dayanacaq yerinə yerləşdirmişdir. Səhəri gün idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağa başlamışlar, ilk növbədə yüklədiyi göyərti yükünə yoxlama keçirilmiş, yoxlama zamanı maşının kabinindəki külqabında olan “B2” və “Metadon” dərman preparatlarının aşkarlanmiş, daha sonra üzərində də şəxsi yoxlama aparılmış və üzərini yoxlayarkən özünə məxsus köynəyin cibindən də 2 yarımparça həb metadon dərman preparatı aşkarlanmışdır. Yoxlama bitdikdən sona sənədlər hazırlanmış və həmin sənədlər özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında sual-cavab edilərkən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini, ilk dəfədir ki, Naxçıvan ərazisində keçməklə yük daşıdığını, Bazırqan gömrüyündə çox sıra olduğundan Şahtaxtı gömrüyündən istifadə etmək istədiyini, Şahtaxtı gömrüyündə gömrük əməkdaşının üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşduğunu, nəqliyyat vasitəsində və üzərində aşkarlanmış dərmanların qadağan olduğunu bilmədiyindən qadağan olunmuş bir şey olmadığını bildirdiyini, həmin dərmanları sadəcə maşınının kabinindəki külqabına salfetkaya bükülü halda qoyduğunu, gizlətmək məqsədinin olmadığını, 7-8 il tiryək istifadəçisi olduğunu, ailəsində bəzi problemlər olduğundan və narkotikdən azad olmaq üçün 2 il əvvəl həkimə getdiyini və həkimin ona bu dərmanları yazdığını, bu səbəbdən də dərmanların gömrükdə ona problem olacağını bilmədiyini, həkim reseptinə qədər mütəmadi olaraq tiryək qəbul etdiyini, dərmanları həkim reseptinə uyğun şəkildə İranda mərkəzi xəstəxanadan 8 ədəd metadon, 12 ədəd B2 dərmanı 2-3 manata aldığını, Almaniyaya getdiyindən 15 gün yolda istifadə etsin deyə, bu dərmanları çox aldığını, həkimin “bu dərmanlar narkotik tərkibli deyil, bu dərmanları səhər-axşam istifadə etsən, ağrıların azalacaq, ilk günlər ağrılar çox ola bilər, amma az-az qəbul et və səni 15 gün görər” dediyini, bədənimdə çox ağrılar olur deyə, bu dərmanlardan gündə 1 dəfə istifadə edən zaman ağrılarının azaldığını, istifadə etdiyi dərmanların B2 və Metadon adlı dərmanlar olduğunu, səfərə çıxmamışdan təxminən 5-6 gün əvvəl bu dərmanları almaq üçün həkimə müraciət etdiyini, bir gün sonra isə bu dərmanları İranda aptekdən aldığını və metadon adlı dərmandan tutulmamışdan bir gün əvvəl yarı parça bir, yarı parça da bir istifadə etdiyini, buprenorfin adlı dərmandan istifadə etmədiyini, həmin dərmanlar satış məqsədi olmadığı üçün aptekdə parçalanmış halda satıldığını və ona bölünmüş halda verdiklərini, İranda dərman kartı deyilən sənədin xəstəxanada verildiyini və xəstəlik üçün müraciət edilyi zaman həmin dərmanların dərman kartında sayı yazılmaqla xəstəxanadan resept yazıldığını və dərman aptekdən alınarkən həmin reseptin aptekdə qaldığını, dərman kartının isə özlərində qaldığını, yoldaşı ürək xəstəsi olduğundan və atası da vəfat etdiyindən onun əməlliyyat olması üçün özünün xəstəxanada sənədlərə qol çəkməli olduğunu, himayəsində 2 azyaşlı uşağının olduğunu və əməlindən çox peşman olduğunu göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Naxçıvan Baş Gömrük İdarəsi “Şahtaxtı” gömrük postunun böyük inspektoru vəzifəsində işləyir. 7 yanvar 2023-cü il tarixdə “Şahtaxtı” gömrük postunda növbədə olan zaman təxminən gündüz vaxtı saat 10 radələrində İran İslam Respublikasından gəlmiş Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Ruminya Respublikasına göyərti yükü aparan “DAF” markalı, 33AB713/33AB714 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yaxınlaşmış, adını və apardığı yükün nə olduğunu soruşmuş və yükün sənədlərini təqdim etməsini xahiş etmişdir. Həmin vaxt sürücünün İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olduğu ona məlum olduqdan sonra yük ilə onun sənədlərini eyniləşdirmişdir. Bundan sonra sürücüdən özü ilə gətirdiyi və ya idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuş, sürücü heç nə olmadığını söyləmişdir. Sürücü ilə biraz söhbət etdikdən sonra yük avtomobilini və daşıdığı yükü yoxlamağı qərara alaraq tərcüməçi və 2 hal şahidi çağırmışdır. Onlar gəldikdən sonra ilk əvvəl yük nəqliyyat vasitəsində daşınan göyərti yükünü daha sonra nəqliyyat vasitəsini yoxlamağa başlamış və yoxlama zamanı yük nəqliyyat vasitəsində daşınan göyərti yükündən qadağan olunmuş heç nə aşkar edilməmişdir. Yükü yoxladıqdan sonra şübhə yarandığından nəqliyyat vasitəsini yoxlamış və bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində olan kül qabının içərisindən 12 ədəd üzərində “B2” yazısı olan naməlum tərkibli həblər və 13 ədəd naməlum tərkibli həb parçaları aşkar etmişdir. Sürücüdən bunun nə olduğunu, nəyə görə apardığını və nə üçün bəyan etmədiyini soruşmuş, sürücü özünün istifadəsi üçün olduğunu bildirmişdir. Maşını yoxlamağı bitirdikdən sonra icazə alaraq sürücünün üzərində şəxsi yoxlama aparmış və şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi köynəyin cibindən 2 ədəd naməlum tərkibli həb parçaları da aşkarlanmışdır. Yoxlamalar bitdikdən sonra protokollar tərtib edərək sürücü Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Hossesin bu dərmanların bəyan edilməsini bilmədiyini, dərmanların həkim tərəfindən ona yazıldığını söyləmişdir. Yoxlanış zamanı təqsirləndirilən şəxsdən onda konkret hansı dərmanların olduğunu soruşmamış, bəyan edilməli olan əşyaların olub-olmamasını soruşmuş, o, isə olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Kəngərli rayon, Şahtaxtı kəndində yaşayır. Şahtaxtı gömrüyündə fəhlə işləyir. 7 yanvar 2023-cü il tarixində gündüz vaxtlarında Şahtaxtı gömrüyündə yük boşaldan zaman gömrük əməkdaşı Əli onu və onunla birgə orada fəhləlik edən Kərimi çağırmış və onun yanına getmişlər. Əli onlara İran İslam Respublikasından gələn “DAF” markalı yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini və onların da hal şahidi kimi iştirak etməyini istəmiş və onlar da qəbul etmişlər. Gömrük əməkdaşı birinci növbədə yük nəqliyyat vasitəsində daşınan göyərti yükünü, daha sonra isə nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yük nəqliyyat vasitəsinin yoxlanılması zamanı nəqliyyat vasitəsinin kabinində olan külqabının içərisindən 12 ədəd dərman və 13 ədəd dərman parçaları aşkar edilmiş və bundan sonra Əli sürücünün üzərini yoxlamış və sürücünün əyninə geyindiyi köynəyin cibindən 2 ədəd dərman parçaları aşkarlanmşdır. Həmin vaxt sürücü həmin dərmanları İrandan aldığını və narkotiki tərgitmək üçün özünün istifadə etməsini söyləmiş və yoxlamalar qurtardıqdan sonra sənədləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmədə dindirilmiş digər Şahid3 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin böyük inspektoru Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Şahtaxtı gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Ruminiyaya “göyərti” yükü aparan İran İslam Respublikasının vətəndaşı xx.xx.2020-ci il tarixdə İran İslam Respublikası tərəfindən verilmiş B52528174 nömrəli pasportun sahibi, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi 33AB713/33AB714 dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində idarəetmə panelinin aşağı hissəsində olan qara rəngli plastik külqabının içərisindən gömrük nəzarətindən gizlədilmiş 12 ədəd üzərində “B2” yazısı olan naməlum tərkibli həblər və 13 ədəd naməlum tərkibli həb parçaları aşkarlanaraq götürülmüşdür. Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin böyük inspektoru Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan isə görünür ki, Təqsirləndirilən şəxs əyninə geyinmiş olduğu köynəyin cibindən 2 ədəd naməlum tərkibli həb parçaları aşkar edilərək götürülmüşdür. 08 yanvar 2023-cü tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və 09 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. 10 fevral 2023-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 07 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2023-ci il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxsoğlunun üzərində aparılmış şəxsi yoxlama zamanı və eləcə də onun idarə etdiyi 33AB713/33AB714 dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsindən aşkarlanaraq götürülmüş naməlum tərkibli həblərin nə olmasının, hazırlanma üsulunun, narkotik vasitələrə, psixotrop maddələrə və yaxud güclü təsir edən və zəhərli maddələrin siyahısına və hansı növə aid olmasının, xalis çəkisi və ya təsiredici maddəsinin miqdarının müəyyən edilməsi məqsədilə 07 yanvar 2023-cü il tarixdə məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2023-cü il tarixli 19 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilən İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş: -salfet bükümün içərisindəki üzərində “M20” yazısı olan 15 ədəd həb parçaları narkotik vasitə metadon dərman preparatlarıdır. 15 ədəd həb parçalarında metadonun təsiredici maddəsinin ümumi təmiz çəkisi - 0,15 qram təşkil edir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısı”na (Siyahı İİ; bənd İ; sıra №6) daxildir. -polietilen bükümün içərisindəki üzərində “B2” yazısı olan 12 ədəd dərman preparatları psixotrop maddə buprenorfin dərman preparatıdır. 12 ədəd dərman preparatlarında buprenorfinin təsiredici maddəsinin ümumi təmiz çəkisi - 0,024 qram təşkil edir. Buprenorfin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı”na (Siyahı İİ; bənd İİ; sıra №2) daxildir. Qeyd: Metadon həbləri ümumi sayı - 15 ədəd həb parçaları, tədqiqata sərf edildi - 02 ədəd həb parçası, qalıq - 13 ədəd həb parçası. Buprenorfin həbləri ümumi sayı – 12 həb, tədqiqata sərf edildi – 02 həb, qalıq - 10 həbdir. 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr və ya psixotrop maddələr qəbul edib-etməməsini, əgər narkotik vasitələr və ya psixotrop maddələr qəbul edirsə, narkomaniya xəstəliyinə tutulub-tutulmamasını, əgər narkomandırsa, məcburi müalicəyə ehtiyacı olub-olmamasını və peşə (sürücülük) fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir narkotik vasitə və ya güclü təsirə malik həblərin (dərmanların) qəbul edilməsinə tibbi cəhətdən yol verilib-verilməməsini müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 07 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Tiryək narkomaniyası aşkar olunur. Məcburi müalicəyə ehtiyacı var. Təqsirləndirilən şəxs oğlunun peşə (sürücülük) fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir narkotik vasitə və ya güclü təsirə malik həblərin (dərmanların) qəbul edilməsinə tibbi cəhətdən yol verilmir. Məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkarlanıb götürülmüş 15 ədəd həb parçalarında təsiredici maddəsinin ümumi təmiz çəkisi 0,15 qram olan narkotik vasitə metadon və 12 ədəd dərman preparatlarında təsiredici maddəsinin ümumi təmiz çəkisi 0,024 qram olan psixotrop maddə buprenorfin cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 13 ədəd həb parçası metadon narkotik vasitə və 10 həb buprenorfin psixotrop maddəsi məhkəmənin yekun qərarına və hökmünə kimi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 1500 ABŞ dolları, 40 avro, 2900 türk lirəsi, 153 Azərbaycan manatı, 120000 İran realı, 1 ədəd plastik kart və 1 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon məhkəmənin yekun qərarına və hökmünə kimi saxlanılması üçün DGK-nin Naxçıvan Baş Gömrük İdarəsinin maddi maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məxsus B52528174 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2023ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş İran İslam Respublikasının A\80 119274 nömrəli Azərbaycan dilinə tərcümə olunmuş nikah sənədinə əsasən Təqsirləndirilən şəxs ilə X7 xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş İran İslam Respublikasının B28/472716 nömrəli Azərbaycan dilinə tərcümə olunmuş şəxsiyyət vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs ilə X3 birgə nikahından xx.xx.2008-ci il tarixdə Armin Alizadeh adında uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş İran İslam Respublikasının B40/839319 nömrəli Azərbaycan dilinə tərcümə olunmuş şəxsiyyət vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs ilə X3 birgə nikahından xx.xx.2015-ci il tarixdə Elina Alizadeh adında uşaqları doğulmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqdim etdiyi azərbaycan dilinə tərcümə olunmuş İran İslam Respublikası Səhiyyə, Dərman və Tibb təlimləri nazirliyinin rəsmi lisenziyası əsasında “RAH SABZ” adlı müalicə mərkəzi tərəfindən verilmiş 374 nömrəli sənədə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gün məsrəfi 4 ədəd olmaqla 20 mg metadon dərmanı alması barədə kart verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqdim etdiyi azərbaycan dilinə tərcümə olunmuş İran İslam Respublikası Səhiyyə, Dərman və Tibb təlimləri nazirliyinin rəsmi lisenziyası əsasında “RAH SABZ” adlı müalicə mərkəzi tərəfindən verilmiş 178 nömrəli xx.xx.2022-ci il tarixli sənədə əsasən Təqsirləndirilən şəxs hər gün 4 ədəd Metadon 20 mg tableti gün ərzində 80 mg istifadə edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqdim etdiyi azərbaycan dilinə tərcümə olunmuş İran İslam Respublikası Səhiyyə, Dərman və Tibb təlimləri nazirliyinin rəsmi lisenziyası əsasında “RAH SABZ” adlı müalicə mərkəzi tərəfindən verilmiş 178 nömrəli xx.xx.2023-cü il tarixli sənədə əsasən Təqsirləndirilən şəxs hər gün 4 ədəd Metadon 20 mg tableti gün ərzində 80 mg istifadə edir. Məhkəmə İran İslam Respublikası Səhiyyə, Dərman və Tibb təlimləri nazirliyinin rəsmi lisenziyası əsasında “RAH SABZ” adlı müalicə mərkəzi tərəfindən verilmiş 374 nömrəli, İran İslam Respublikası Səhiyyə, Dərman və Tibb təlimləri nazirliyinin rəsmi lisenziyası əsasında “RAH SABZ” adlı müalicə mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 178 nömrəli və İran İslam Respublikası Səhiyyə, Dərman və Tibb təlimləri nazirliyinin rəsmi lisenziyası əsasında “RAH SABZ” adlı müalicə mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 178 nömrəli sənədlərə təqsirləndirilən şəxsin ifadəsi ilə əlaqəli yoxlayıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sənədlərdə təqsirləndirilən şəxsin hər gün 4 ədəd Metadon 20 mg tableti gün ərzində 80 mg istifadə etməsi müəyyən olunsa da, onun üzərindən aşkarlanaraq götürülmüş 15 ədəd həb parçalarında təsiredici maddəsinin ümumi təmiz çəkisi 0,15 qram olan narkotik vasitə “metadon” preparatını qanuni yolla əldə etməsini təsdiqləmir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində həmin dərman preparatlarını səfərə çıxmamışdan təxminən 5-6 gün əvvəl bu dərmanları almaq üçün həkimə müraciət etdiyini və bir gün sonra bu dərmanları aptekdən aldığını bildirsə də, məhkəməyə həmin dərmanın həkim resepti əsasında alındığına dair heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə qeyd edilən sənədləri iş üzrə mötəbər sübut kimi qəbul etmir. Belə ki, “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2006-cı il tarixli 163 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən müalicə məqsədilə keçirdiyi hər bir narkotik vasitə və ya psixotrop maddəni yazılı qaydada bəyan etməli, bununla yanaşı, özündə olan narkotik vasitə və ya psixotrop maddə ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin tətbiqini (onların adları, miqdarı, dərman forması, qəbul qaydası və istifadə müddəti göstərilməklə) tələb edən xəstəliyin olması haqqında yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənədi, narkotik vasitələrin və psixotrop maddələrin qanuni yolla əldə edildiyini təsdiq edən sənədi (reseptin surətini) gömrük orqanlarına təqdim etməlidir. Təqdim edilən dərman preparatlarının adının, miqdarının, dərman formasının təqdim edilmiş sənədlərə uyğunluğu gömrük orqanları tərəfindən yoxlanılır və bəyannamədə daxil olma haqqında müvafiq qeyd aparılır. Tranzit keçən xəstə tərəfindən müalicə məqsədilə keçirilən narkotik vasitələrin və psixotrop maddələrin bəyan edilməməsi və ya digər yollarla qanunsuz keçirilməsi cəhdi aşkar edilərsə, həmin şəxsə qarşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət tədbiri tətbiq olunur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” və xx.xx.2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokolları, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2023-cü il tarixli 19 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 07 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi təsiredici maddəsinin ümumi təmiz çəkisi 0,15 qram üzərində “M20” yazılmış 15 ədəd həb parçaları olan narkotik vasitə metadon dərman preparatlarından 13 ədədini və həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında əldə etdiyi təsiredici maddəsinin ümumi təmiz çəkisi 0,024 qram olan 12 ədəd həb formalı üzərində “B2” yazılmış psixotrop maddə buprenorfin dərman preparatlarını ayrı-ayrılıqda salfetə və polietilenə bükməklə idarə etdiyi 33AB713/33AB714 dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsinin kabinində idarəetmə panelinin aşağı orta hissəsində olan qara rəngli plastik külqabının içərisinə qoyaraq saxlamış, metadon dərman preparatlarından qalan 2 ədəd həbi isə özünə məxsus köynəyin cibinə qoyaraq saxlamış, idarə etdiyi 33AB713/33AB714 dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasına tranzit giriş edərkən qəsdən daşımış və 6 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsiyə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik maddə olan “metadon” dərman preparatının şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İİ siyahısına görə “buprenorfin” dərman preparatının şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.05 müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və əvvəllər məhkum olunmamasını, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 07 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2022-ci il tarixli 93 saylı tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə olunmasına zərurət olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş 13 ədəd həb parçası narkotik vasitə olan “metadon” dərman preparatı və 10 həb psixotrop maddə olan “buprenorfin” dərman preparatı məhv edilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 1500 ABŞ dolları, 40 avro, 2900 türk lirəsi, 153 Azərbaycan manatı, 120000 İran realı, 1 ədəd plastik kart və 1 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus B52528174 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 195.1.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı cinayət prosesini həyata keçirən orqanın tələbi ilə tərcüməçi tərəfindən görülən iş yerinə yetirildikdə - Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla sərtləşdirildiyi kimi görülən işin haqqı ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş 13 ədəd həb parçası narkotik vasitə olan “metadon” dərman preparatı və 10 həb psixotrop maddə olan “buprenorfin” dərman preparatı məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1500 ABŞ dolları, 40 avro, 2900 türk lirəsi, 153 Azərbaycan manatı, 120000 İran realı, 1 ədəd plastik kart və 1 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus B52528174 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. İş üzrə müdafiəçiyə və tərcüməçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-5/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-5/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver