Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-5/2024 15.02.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakı ilə, xx.xx.1985-ci ildə İran İslam Respublikasının Kərəc şəhərində anadan olmuş, ailəli, 1 uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, İran İslam Respublikası, Kərəc şəhəri, Mehirşər küçəsi, Lalə məhəlləsi, ev 104 ünvanında qeydiyyatda olaraq yaşamış, 10 oktyabr 2023-cü il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, 8 oktyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Böyük Britaniya krallığına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi təmiz çəkisi - 42,707 qram olan narkotik vasitə tiryəki əyninə geyindiyi alt paltarında, yəni tumanında gizlətmiş, həmin tarixdə saat 15:00 radələrində idarə etdiyi 52AB513/52AB514 dövlət nömrə nişanlı “DAF” markalı yük nəqliyyat vasitəsi ilə tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikasında yaşayır. İrandan İngiltərəyə yük apardığından İranın Poldəşt gömrüyünə gəlmiş, sonra gömrüyü keçib Şahtaxtı gömrüyünə gəlmişdir. Gömrükdən keçərkən gömrük əməkdaşı ona yaxınlaşıb gizlətdiyi və ya qadağan olunmuş nəsə olub-olmadığını soruşmuş, o isə heç nə olmadığını demişdir. Gömrük əməkdaşı onun üzərini yoxlamağa başlamış və alt paltarında gizlətdiyi tiryək şirəsini tapmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona ünvanlanmış suallara cavabında 10 ildir sürücü işlədiyini, 2 il əvvələ qədər ən çox tiryək istifadə etdiyini, tiryəki tərk etmək üçün 6 aydır ki, müalicə alaraq metadol 20-40 dərmanını qəbul etdiyini, maşın qəzası keçirdiyindən, həmin vaxt ağır travma aldığından və psixoloji problemləri olduğundan istifadə etdiyini, istifadə etmədikdə bədənində güclü arğılar, qusma, ishal kimi hallar olduğunu, sonuncu dəfə səfərə çıxanda bütün sənədlərin və yükün hazır olduğunu, yükünün ərzaq olduğunu və İngiltərəyə apardığı üçün xarab ola biləcəyindən, həkimin isə orada olmadığından və uzun yol getdiyindən, həkimi gözləyə bilmədiyini və aptekdən alması mümkün olmadığını, yolda ağrıları olmasın deyə, İranda Həmid adlı şəxsdən 2 milyon 500 min tümənə 50 qram tiryək aldığını, qadağan olduğunu bildiyini, təqdim etməyə qorxduğunu, gömrük postunda dili bilmədiyindən tam olaraq nə təqdim edəcəyini başa düşmədiyini, həmin vaxt başa düşsə idi, təqdim edəcəyini bildirmiş və son sözündə əməlindən çox peşman olduğunu, bir azyaşlı qızının olduğunu və etdiyi əmələ görə ailəsinin pərişan olduğunu nəzərə alınaraq ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsi “Şahtaxtı” gömrük postunun baş müfəttişi vəzifəsində işləyir. 08 oktyabr 2023-cü il tarixdə saat təxminən 16:00 radələrində Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsi gömrüyə daxil olmuş, ona yaxınlaşıb nəqliyyat vasitəsində qadağan olunmuş nələrinsə olub-olmadığını soruşmuş, nə soruşduğunu başa düşmüş və heç nə olmadığını demişdir. Təlaşlı olduğunu görüb onun hərəkətlərindən şübhələnmiş, sonra 2 nəfər hal şahidi çağıraraq ona əvvəlcə hüquq vəzifələrinə dair farsca bildiriş təqdim etmiş, oxuyub imza etdikdən sonra nəqliyyat vasitəsini və onun üzərini yoxlamışdır. Şəxsi axtarış zamanı onun alt paltarında tumanının içərisində gizlətmiş olduğu qara banta bükülmüş kəskin iyə məxsus narkotik vasitəyə bənzər bir büküm kütlə aşkar etmiş, aşkar edilmiş qatı şirə formasında kütlənin çəkisinin 50 qram olduğu müəyyən edilmiş, sürücüdən nə olduğunu soruşduqda, kütlənin tiryək şirəsi olduğunu, əvvəllər qəza keçirdiyini və ağrıları olduğu üçün həmin şirəni çaya qataraq istifadə etdiyini demişdir. Yoxlamanın nəticəsi olaraq aşkar edilmiş predmetin götürülməsi barəsində protokol tərtib etmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdi ki, Kəngərli rayon Şahtaxtı kəndində yaşayır. Yoxlama keçirildiyi zaman işsiz olduğuna görə “Şahtaxtı gömrük postu”nda yüklərin doldurulub-boşaldılmasında fəhlə kimi işləyirdi. 08 oktyabr 2023-cü il tarixdə anbarda yük boşaldarkən Tofiq müəllim onu və Nicatı çağırıb İrandan keçən nəqliyyat vasitəsini yoxlayacağını deyərək hal şahidi kimi iştirak etmələrini xahiş etmiş, onlar da razılaşaraq axtarışda hal şahidi kimi iştirak etmişlər. Yoxlamadan əvvəl Kabiri üzərində heç nə olmadığını, yalnız 2 blok siqaretinin və ərzağının olduğunu demiş, yoxlama zamanı onun alt paltarından 1 ədəd qara bantlı büküm aşkar edilmişdir. Ondan soruşulanda o, həmin aşkar edilən bükümün tiryək şirəsi olduğunu, belində ağrılar olduğundan özünün istifadə etdiyini bildirmişdir. Həmin şirə çəkilən zaman 50 qram olmuş, maşını və yükü yoxlanılan zaman heç nə aşkar edilməmişdir. Yoxlamadan sonra müvafiq protokol tərtib olunmuş və sənədləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oxşar ifadə verərək Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun baş müfəttişi Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs alt paltarında gizlətdiyi, şəffaf sellofan kəsiyində üzəri qara rəngli yapışqan bantla bantlanmış bağlamada, tünd qəhvəyi rəngli, kəskin iyli, şirə halında, bağlama ilə birlikdə ümumi çəkisi 50,195 qram olan narkotik vasitəyə bənzər kütlə aşkarlanaraq götürülmüşdür. 09 oktyabr 2023-cü il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və 10 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. 01 dekabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 08 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 08 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı aşkarlanaraq götürülmüş şəffaf sellofan kəsiyində üzəri qara rəngli yapışqan bantla bantlanmış bağlamada, tünd qəhvəyi rəngli, kəskin iyli, şirə halında, bağlama ilə birlikdə ümumi çəkisi 50,195 qram olan narkotik vasitəyə bənzər kütlənin nə olmasının, hazırlanma üsulunun, narkotik vasitələrə, psixotrop maddələrə və yaxud güclü təsir edən və zəhərli maddələrin siyahısına və hansı növə aid olmasının, xalis çəkisi və ya təsiredici maddəsinin miqdarının müəyyən edilməsi məqsədilə 08 oktyabr 2023-cü il tarixdə məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2023-cü il tarixli 1004 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilən İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, üzəri qara rəngli yapışqan lentlə bağlanmış sellofan kəsiyi bükümündə, bükümlə birlikdə çəkisi – 50,195 qram, təmiz çəkisi – 42,707 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər, spesifik iyli kütlə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı”na (İ siyahı; İ bənd; sıra №102) daxildir. Qeyd: Tiryəkin ümumi təmiz çəkisi – 42,707 qram; tədqiqata sərf edildi – 0,05 qram; qalıq – 42,657 qram. 10 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edib-etməməsini, əgər narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edirsə, narkomaniya xəstəliyinə tutulub-tutulmamasını, əgər narkomandırsa məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2023-cü il tarixli 322 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tiryək narkotik maddəsi qəbul edir. Təqsirləndirilən şəxs opioid narkomaniyası xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı vardır. Məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 42,707 qram narkotik vasitə tiryək cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 42,657 qram narkotik vasitə tiryək məhkəmənin yekun qərarına kimi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi Note 12 pro” markalı mobil telefon məhkəmənin yekun qərarınadək saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məxsus M54969736 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin ƏSİŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş İran İslam Respublikasının B44/302082 nömrəli Azərbaycan dilinə tərcümə olunmuş doğum haqqında şəhadətnaməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə X8 adında uşağı anadan olmuşdur. İş materiallarına əlavə olunmuş, Azərbaycan dilinə tərcümə edilmiş İran İslam Respublikası “Forough” narkomanlıq müalicə mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sənədə əsasən Kabiri Mohammadreza narkomanlığı tərk etmək səbəbi ilə ötən bir il müddəti bu mərkəzdə müalicə ilə məşğul olub və alternativ davaların istehlakı ilə narkotik maddələrin istehlakını dayandırmağı bacarmışdır. Lakin bu mərkəzin bir neçə həftə müddəti bağlanması səbəbi ilə və adı çəkilən şəxs (narkomanlığı tərk etmək üçün istifadə olunan dava) Methadon-a əli çatmadıqdan (With drawal) hadisəsi baş verməsin deyə ənənəvi narkotik maddə olan Tiryek 50 mg miqdarında öz şəxsi istifadəsi üçün yanında gəzdirməsi tövsiyə olunur. (Tiryek ənənəvi narkotik maddə olmuş). Məhkəmə İran İslam Respublikası Səhiyyə, Dərman və Tibb təlimləri nazirliyinin rəsmi lisenziyası əsasında “Forough” adlı müalicə mərkəzi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ********** nömrəli sənədə təqsirləndirilən şəxsin ifadəsi ilə əlaqəli yoxlayıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sənəddə təqsirləndirilən şəxsin 50 mg miqdarında tiryək öz şəxsi istifadəsi üçün yanında gəzdirməsi tövsiyə olunsa da, onun üzərindən aşkarlanaraq götürülmüş ümumi təmiz çəkisi 42,707 qram olan narkotik vasitə “tiryək” preparatını qanuni yolla əldə etməsini təsdiqləmir. Ona görə də məhkəmə qeyd edilən sənədi iş üzrə mötəbər sübut kimi qəbul etmir. Belə ki, “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması qaydası və onlardan istifadə miqdarı həddi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2006-cı il tarixli 163 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən müalicə məqsədilə keçirdiyi hər bir narkotik vasitə və ya psixotrop maddəni yazılı qaydada bəyan etməli, bununla yanaşı, özündə olan narkotik vasitə və ya psixotrop maddə ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin tətbiqini (onların adları, miqdarı, dərman forması, qəbul qaydası və istifadə müddəti göstərilməklə) tələb edən xəstəliyin olması haqqında yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənədi, narkotik vasitələrin və psixotrop maddələrin qanuni yolla əldə edildiyini təsdiq edən sənədi (reseptin surətini) gömrük orqanlarına təqdim etməlidir. Təqdim edilən dərman preparatlarının adının, miqdarının, dərman formasının təqdim edilmiş sənədlərə uyğunluğu gömrük orqanları tərəfindən yoxlanılır və bəyannamədə daxil olma haqqında müvafiq qeyd aparılır. Tranzit keçən xəstə tərəfindən müalicə məqsədilə keçirilən narkotik vasitələrin və psixotrop maddələrin bəyan edilməməsi və ya digər yollarla qanunsuz keçirilməsi cəhdi aşkar edilərsə, həmin şəxsə qarşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət tədbiri tətbiq olunur. Məhkəmə eyni zamanda məhkəmə baxışı zamanı dindirilən Təqsirləndirilən şəxs ifadəsində “gömrük postunda dili bilmədiyindən tam olaraq nə təqdim edəcəyini başa düşmədiyini, həmin vaxt başa düşsə idi, təqdim edəcəyini”nə münasibətdə qeyd edir ki, bu hal təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakteri daşıyır. Belə ki, o, öz ifadəsində onun üzərindən aşkarlanaraq götürülmüş narkotik vasitə olan tiryəkin qadağan olunduğunu, gizlətdiyini və qorxduğundan gömrük postunda təqdim etmədiyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2023-cü il tarixli 1004 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 322 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 8 oktyabr 2023-cü il tarixində Naxçıvan MR Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Böyük Britaniya krallığına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq təmiz çəkisi – 42,707 qram olan narkotik vasitə tiryəki əyninə geyindiyi alt paltarında, yəni tumanında gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və həmin tarixdə saat 15:00 radələrində idarə etdiyi 52AB513/52AB514 dövlət nömrə nişanlı “DAF” markalı yük nəqliyyat vasitəsi ilə tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik maddə olan “tiryək” narkotik vasitələrinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və əvvəllər məhkum olunmamasını, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 08 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 322 saylı tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmasına zərurət olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması üçün təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 42,657 qram narkotik vasitə tiryək məhv edilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Xiaomi Note 12 pro” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus M54969736 nömrəli pasport isə özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. İş üzrə tərcüməçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 195.1.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı cinayət prosesini həyata keçirən orqanın tələbi ilə tərcüməçi tərəfindən görülən iş yerinə yetirildikdə - Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla sərtləşdirildiyi kimi görülən işin haqqı ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması üçün təhvil verilmiş 42,657 qram narkotik vasitə tiryək məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Xiaomi Note 12 pro” markalı mobil telefon özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus M54969736 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. İş üzrə tərcüməçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-5/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-5/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver