Məhkəmə qərarları › İş №1(111)-5/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-5/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-5/2025 22.05.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı-Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Naxçıvan MR, Babək rayonunun Aşağı Buzqov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Naxçıvan MR Babək rayonunun Aşağı Buzqov kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində 20 yanvar 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM) 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, о, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respublikasına qanuni yolla gələ bilmədiyindən Azərbaycan Respublikasına qayıtmaq məqsədi ilə 18 yanvar 2025-ci il tarixdə, təxminən saat 23 radələrində Araz çayından üzərək İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Naxçıvan X4 Naxçıvan MR, Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində yerləşən 2-ci sərhəd komendantlığının 9-cu sərhəd zastavasının xidməti sahəsindən qəsdən, qanunsuz olaraq keçmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xəstəliyi ilə bağlı İran İslam Respublikasında müalicə almaq məqsədilə 2024-cü ilin sentyabr ayının 25-də Bakı şəhərindən Naxçıvana gəlmiş, Naxçıvandan quru yolu vasitəsilə Türkiyə Respublikasının İğdır şəhərinə, oradan isə Doğu Beyazıt gömrük sərhədindən keçərək İran İslam Respublikasının Təbriz şəhərinə getmiş, Bakıda olarkən tanışı olduğu alış-verişlə məşğul olan İran vətəndaşı Məhəmmədrza adlı şəxsə İrana gələcəyini bildirmiş, həmin tarixdə İrana gələrkən onu qarşılayaraq öz evlərinə aparmış, bir müddət onların evində qalmış, onun evində qaldığı müddətdə Məhəmmədrza onun sənədlərini götürmüş, ondan sənədlərini geri istəyəndə ona Tural Novruzov adlı tanışının ona 75000 min manat borcu olduğunu, Turalı tanıdığı üçün yalnız borcunu qaytardıqda sənədlərini geri verəcəyini bildirmiş, nə qədər cəhd etsə də, sənədlərini geri ala bilməmiş, buna görə də Azərbaycanın Təbriz şəhərindəki konsulluğuna müraciət edərək Məhəmmədrzanın sənədlərini girov saxladığını, özünü də çölə çıxmağa qoymadığını bildirmiş, nəticədə ona köməklik edib qayıdış şəhadətnaməsi verilmiş, lakin həmin şəhadətnaməyə xidmətin rəisi Məhəmmədrzanın tanışı olduğundan Təbrizdəki miqrasiya xidməti tərəfindən möhür vurmaqdan imtina edilmiş, bu barədə yenidən konsulluğa müraciət etmiş, hətta Xarici İşlər Nazirliyi tərəfindən məktub ünvanlansa da, yenə də vəziyyətinə bir həll tapılmamış və 4 ay İranda qalmışdır. Onu konsulluğa gətirən taksi sürücüsü telefon nömrəsini verərək “çətinliyi olsa kömək edə biləcəyini” dediyindən ona zəng etmiş, problemi barədə danışanda 500000 tümən qarşılığında ona kömək edə biləcəyini, Araz çayının yaxınlığında bir yerə gətirərək üzüb keçərək Azərbaycana gedə biləcəyini demiş və tikanlı məftilləri ağacla qaldırmaq üçün ona 2 ədəd ağac verərək çayı düz istiqamətdə üzərək keçməyini bildirmiş, başqa çıxış yolu qalmadığından onun bu fikri ilə razılaşmış ona pul verib taksi sürücüsünün dediyi kimi hərəkət edərək 18 yanvar 2025-ci il tarixdə Araz çayını üzüb keçərək Şahtaxtı kəndinə gəlmiş, Şahtaxtı kəndində hərbi xidmət etdiyi üçün kənd ona tanış gəlmiş, bu yolla Naxçıvana gələcəyindən heç kimin xəbəri olmamış, atası ilə əlaqə saxlamaq üçün Şahtaxtı kəndində 1 nəfərdən telefon istəmiş, telefon vasitəsilə atası ilə əlaqə saxlamış, yanında heç nə olmadığını bildirərək ona öz kəndi olan Aşağı Buzqov kəndinə gəlmək üçün kömək etməyi istəmiş, atası da öz həmkəndlisinə zəng edərək gəlib Şahtaxtı kəndindən götürməsini tapşırmış, Naxçıvanda yaşayan həmkəndlisi Fərid adlı şəxs gəlib onu götürərkən nə baş verdiyi barədə soruşsa da, söhbətin çox uzun olduğunu və sonra danışacağını bildirmiş, kəndə çatanda əvvəlcə öz evlərinə getmək istəsə də, soyuq olduğundan və evlərində yaşayış olmadığından onu öz evlərinə aparmış, həmin günün səhəri şəxsiyyət vəsiqəsi olmadığından SİMA imza vasitəsilə bilet alaraq Bakıya gəlmiş, xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə, yaşadığı ünvana çatmış, çatan kimi vəziyyəti atasına danışmış, daha sonra isə Dövlət Sərhəd Xidmətinə gedib təslim olmuş, ondan nə üçün dövlət sərhədini qanunsuz keçdiyini soruşduqda, məcbur qaldığını bildirmiş və son sözündə etdiyi əmələ görə peşman olduğunu bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, tarixini dəqiq xatırlamadığı gün axşam saat 19 radələrində həmkəndlisi və Təqsirləndirilən şəxs də valideyni olan Məmmədli Əjdər ona zəng edərək tanımadığı bir nömrə təqdim edib həmin nömrə ilə əlaqə saxlamağı və oğlu Elmini gedib götürməyi istəmiş, o, da həmin nömrəyə zəng etmiş, Elminlə danışarkən ona Şahtaxtı kəndində olduğunu demiş, Elminin olduğu istiqamətə doğru yola çıxmış və onu qarşılayaraq yaşadığı evə gətirmişdir. Elmindən niyə orada olduğunu və nə baş verdiyini soruşduqda narahat olduğunu bildirib sonra danışacağını demiş, onu öz evlərinə aparmış, gecə qaldıqdan sonra səhəri gün xx.xx.2025-ci il tarixdə Elminin şəxsiyyət vəsiqəsi olmadığı üçün ASAN Xidmətə müraciət edərək SİMA imza vasitəsilə bilet alıb, sonra da aparıb aeroportdan Bakıya yola salmış, daha sonra axşam saatlarında əmisi Şahid1 Elminin dövlət sərhədini qanunsuz keçdiyini öyrənmiş, məsuliyyət daşımasın deyə X9 Xidmətinə yaxınlaşıb bu barədə məlumat verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur, Elmin uşaqlıqdan xəstədir, ayaqları tutulur, bəzən yeriyə bilmir, uzun müddət həm Naxçıvanda, həm də Bakı şəhərində müalicə almışdır. Ona bir nəfər İran vətəndaşının İrana gəlməsini, orada Elminə köməklik edib onu həkimə aparacağını demiş, İrana getdikdən sonra isə ona pul borclu olduğunu deyərək sənədlərini əlindən almışdır. Buna görə 17 yanvar 2025-ci il tarixdə qardaşının xahişinə əsasən özü Elminlə əlaqədar Təbriz şəhərinə getmiş və Elminlə görüşmüş, Elmin başına gələn hadisəni ona danışmış və bu barədə Azərbaycan Respublikasının konsulluğuna müraciət etdiyini bildirmişdir. Lakin, müraciətlərinin heç bir nəticəsi olmadığından yoldaşının xəstə olması səbəbindən Təbrizdə uzun müddət qala bilməmiş və 19 yanvar 2025-ci il tarixdə Azərbaycana qayıtmışdır. Elmin İranda məhkəməyə müraciət etsə də, sənədlərini geri ala bilmədiyindən Araz çayını üzərək sərhədi qanunsuz keçmiş, həmin gün evdə olmadığından o, həmkəndlisi Fəridgildə qalmış, onun gəlməsi barədə gecə saat 01 radələlərində xəbəri olmuş, Fəridə zəng etmiş, sonra isə sərhəd qoşunlarına bu barədə məlumat vermişlər. Elminin özü də Bakıya gedib təslim olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, o, İran İslam Respublikasına müalicə üçün getmişdi, uşaq vaxtı 2 dəfə də onu müalicə üçün özü İrana aparmış, axırıncı dəfə kənddə olmadığından Elminin özü İrana getmiş, İranda olarkən bir müddət onunla əlaqə saxlasalar da sonra əlaqələri kəsilmiş, sonradan onlara məlum olmuşdur ki, bir İran İslam Respublikası vətəndaşı Elminin pasportunu götürüb özünə qaytarmır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə bu barədə məktub yazmış, müraciətinə cavab verildikdən sonra Elmin onlarla əlaqə saxlamış, Azərbaycan Respublikasının Təbriz şəhərindəki konsulluğuna müraciət etdiyini, konsulluq əməkdaşlarının onu Təbrizdə otelə yerləşdirdiklərini bildirmişdir. Lakin pasportunu geri ala bilmədiyindən oğlu 4 ay İranda qalmış, bir gün gecə tanımadığı nömrədən zəng gəlmiş, telefonu açanda danışanın Elmin olduğunu bilmiş, Elminin ona hazırda Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində olduğunu söyləmiş, üstündə pulunun olmadığını bildirərək onu gəlib oradan aparması üçün bir nəfər göndərməyi istəmiş, dərhal həmkəndlisi Fərid adlı tanışına müraciət edərək, oğlunu götürməsini və onu Bakı şəhərinə göndərməsini xahiş etmiş, onun göndərdiyi adam da Elmini öz kəndlərinə gətirmiş, oradan da 19 yanvar 2025-ci il tarixdə Bakıya yola salmışdır, vəziyyəti bildikdən sonra qardaşı Qadirə zəng edərək Elminin dövlət sərhədini qanunsuz keçməklə Azərbaycana gəldiyini bildirmiş, həmin gün gecə saat 12 radələrində Elmini götürüb Dövlət Sərhəd Xidmətinə aparmış, orada Elminin dövlət sərhədini qanunsuz keçməsi barədə məlumat verərək təslim olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, o, 10 iyun 2022-ci il tarixdən “Naxçıvan” əlahiddə sərhəd divizisiyasının 9-cu sərhəd zastavasının rəis müavini, 14 fevral 2024-cü il tarixdən zastava rəisi vəzifəsini icra edir. 19 yanvar 2025-ci il tarixdə, saat 17:30 radələrində Şahtaxtı sərhəd zastavasında xidmətdə olduğu müddətdə əsgərləri tərəfindən nəzarət zolağında iz aşkar edilmiş, dərhal sərhəd zastavasını komanda verərək ayağa qaldırmış, izlərin neçə nəfərə aid olması və hansı istiqamətdə olması barədə araşdırma aparıldıqda izin Azərbaycan Respublikasının ərazisinə doğru davam etdiyi aşkar olunmuş, rəhbərliyə məlumat verdikdən sonra təqibə başlamışlar. Əməliyyat tədbirləri nəticəsində məlum olmuşdur ki, 18 yanvar 2025-ci il tarixdə axşam radələrində dövlət sərhədini pozan şəxs Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğu artıq aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən “Naxçıvan” X4 9-cu sərhəd zastavasının əsgəri Şahid5 və həmin zastavanın əsgəri Şahid4 məhkəmədə dindirilən Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsinin İstintaq şöbəsinin müstəntiqi, ədliyyə kapitanı X6 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. Cinayət işi üzrə “qətimkan tədbiri seçilməsi haqqında” 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixli 3-38/1-04/10/2/25 nömrəli ərizəsindən və həmin tarixdə tərtib olunmuş raportdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə, təxminən saat 23 radələrində Araz çayından üzərək İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən, qanunsuz olaraq keçmişdir. X5 müavini “Naxçıvan” X4 komandiri general-mayor Bəhmən Babayevin məktubundan görünür ki, 19 yanvar 2025-ci il tarixdə 9-cu sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş bir nəfər naməlum şəxsə məxsus ayaq izləri aşkar edilmişdir. 19 yanvar 2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış aparılan yer Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Şahtaxtı kəndi ərazisində yerləşən “Naxçıvan” X4 2-ci sərhəd komendantlığının 9-cu sərhəd zastavasının xidməti ərazisidir. Ərazi düzənlik relyefə malikdir. Yer daşlı-çınqıllı torpaq örtüyüdür. Həmin ərazi dövlət sərhəd xəttindən təxminən 250-300 metr məsafədə 9/1 saylı sərhəd nişanından 100 metr cənub-qərbə 9-cu sərhəd zastavasının 26-cı sahəsi istiqamətində yerləşir. Baxış zamanı İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində sərhəd zastavasının 26-cı sahəsində 19-20-ci dirəklər arasında bir nəfər naməlum şəxsə məxsus ayaq izləri, mühəndis çəpərinin aşağıdan 2-3-cü məftillərinin boşalması və əlavə maneə çəpərinin alt hissəsində məftillərin ağac budağından istifadə edilərək qaldırılması və sürünərək keçmə əlamətləri aşkar edilmişdir. İAMAS-dan daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi üzrə 2017- 2024-cü illər ərzində dövlət sərhədindən 14 halda hərəkəti qeydə alınmışdır. Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş xx.xx.2025-ci il tarixli 3-38/3-2-506/26 nömrəli cavabda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə dövlət sərhədinin pozulması faktı ilə bağlı keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 18 yanvar 2025-ci il tarixdə saat 23:00 radələrində Naxçıvan X4 Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində yerləşən 9-cu sərhəd zastavasının xidməti sahəsindən İİR-AR istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçən şəxsin Naxçıvan MR Babək rayonu Buzqov kənd sakini xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. “Naxçıvan” X3 əməliyyat tapşırığına verilmiş xx.xx.2025-ci tarixli 3-38/1-1222/25 nömrəli cavabda göstərilmişdir ki, dövlət sərhədinin pozulması faktı 19 yanvar 2025-ci il tarixdə aşkar edilmiş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 yanvar 2025ci il tarixdə təxminən saat 23:00 radələrində İİR-AR istiqamətində dövlət sərhədinin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs tərəfindən pozulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli xx/xx-1483 nömrəli məktubdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasına əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs tərəfindən təqdim edilən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqsirləndirilən şəxsin atası Şahid2 ünvanlanan xx.xx.2024-cü il tarixli 3-20-15/2-7-70469/2024 nömrəli məktubdan görünür ki, o, oğlu Təqsirləndirilən şəxs barədə Xarici İşlər Nazirliyinə müraciət etmişdir. Cinayət işi üzrə prosessual sənədlərin elektron variantının yazıldığı 01 ədəd CD və aparılmış istintaq hərəkətlərinin yazıldığı 01 ədəd CD cinayət işinə əlavə olunaraq məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi ifadələr, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respublikasına qanuni yolla gələ bilmədiyindən Azərbaycan Respublikasına qayıtmaq məqsədi ilə 18 yanvar 2025-ci il tarixdə, təxminən saat 23 radələrində Araz çayından üzərək İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda Naxçıvan X4 Naxçıvan MR, Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində yerləşən 2-ci sərhəd komendantlığının 9-cu sərhəd zastavasının xidməti sahəsindən qəsdən, qanunsuz olaraq keçmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 318.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CMnin 318.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən könüllü olaraq təqsirini boynuna almasını, əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını, onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür, ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunması məqsədəuyğun deyildir və ona görə də ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə məhkəməyə təhvil verilmiş aparılmış istintaq hərəkətlərinin yazıldığı 01 ədəd CD disk və cinayət işi üzrə prosessual sənədlərin elektron variantının yazıldığı 01 ədəd CD cinayət işində saxlanılmalıdır. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1600 (min altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə məhkəməyə təhvil verilmiş aparılmış istintaq hərəkətlərinin yazıldığı 01 ədəd CD disk və cinayət işi üzrə prosessual sənədlərin elektron variantının yazıldığı 01 ədəd CD cinayət işində saxlanılsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Kəngərli rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar