Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-6/2023 15.05.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirlən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, təqsirləndirlən şəxsin tərcüməçisi X4 iştirakı ilə, xx.xx.1971-ci ildə Türkiyə Respublikasının Karabük şəhərində doğulmuş, ailəli, iki uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, Türkiyə Respublikasının Karabük şəhərində qeydiyyatda olaraq yaşamış, 27 yanvar 2023-cü il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanının mövqeyinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibindəki külli miqdarda tramadol güclü təsiredici maddəsinin ümumi miqdarı 45 qram olan üzərində “Tee-Doll 225” sözləri yazılmış və hər konvalyutda 10 həb olmaqla 10 konvalyutda 100 həb, üzərində “Namadol 225 mg tablet” sözləri yazılmış və hər konvalyutda 10 həb olmaqla 10 konvalyutda 100 həb olan ümumilikdə 200 həb Tramadol dərman preparatını özünə məxsus gödəkçəsinin sol iç cibində yerləşdirərək idarə etdiyi 35AZN831/34AE4921 dövlət nömrə nişanlı, “İveco” markalı yük nəqliyyat vasitəsinin kabinindəki yatağın üzərinə qoymuş, 25 yanvar 2023-cü il tarixdə saat 20 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən Kəngərli rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan dərman preparatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Buna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, evlidir və ailəsi ilə birlikdə Türkiyə Respublikasının Karabürk şəhərində yaşayır. Təqribən 30 ilə yaxındır ki, tır sürücüsü işləyir. Həm ölkə daxili, həm də ölkə xarici yük daşımalarında iştirak etmişdir. Adətən xarici ölkələrə- Gürcüstan, İran, İraq, Suriya ölkələrinə müxtəlif növdə yüklər daşımışdır. Axırıncı dəfə X7 Respublikasında yerləşən Bəndər-imam deyilən yerə texniki avadanlıq yükü gətirib boşaltdıqdan sonra İran İslam Respublikasında olduğu zaman Türkiyənin Karabük şəhərindəki Engin adlı dostu ona zəng edərək İranda ucuz qiymətə cinsi münasibət zamanı istifadə olunan dərmanlar Türkiyədə tibbi sığorta işləmədiyi üçün və həmin dərmanlar da baha olduğundan İrandan alıb gətirməyini demiş və Türkiyəyə qayıdan zaman həmin dərmanların Əsgər adlı şəxsdən alıb ona gətirməsini xahiş etmişdir. İranda “Evoğlu” deyilən yerdə Enginin calaşdırdığı əvvəllər tanımadığı Əsgər adlı bir nəfərdən Enginin dediyi dərmanlardan 200 ədəd alaraq həmin dərmanları gödəkçəsinin sol iç cibinə qoymuş və maşına minəndə gödəkcəsini maşında yatağın üzərinə atmışdır. Daha sora İran İslam Respublikasının Poldəşt gömrüyünə doğru yola düşmüş, gömrüyə gəlib çatmış və oradan keçərək Azərbaycan Respublikasının Şahtaxtı gömrüyünə gəlmişdir. İdarə etdiyi nəqliyyat vasitəsini yoxlayan gömrük əməkdaşı ondan hər hansı qadağan edilən əşyanın olub-olmamasını soruşmuş, o isə həmin ifadəni başa düşmədiyindən heç nə olmadığını bildirmiş və həmin dərmanları bəyan etməmişdir. Sonra nəqliyyat vasitəsini yoxlayan zaman maşındakı gödəkcənin sol iç cibindən həmin dərmanları gömrük əməkdaşları taparaq sənədləşdirmişlər və özü də imzalamışdır. Məhkəmə iclasında sual-cavab edilərkən Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Naxçıvana ilk dəfədir ki, gəldiyini, dostu Enginin müalicəsi ilə bağlı resepti telefonda gördüyünü, reseptin əslinin onda olmadığını, resept əsasında bu dərmanların alınması Türkiyədə qadağan olunmadığını, Türkiyədə resepti sadəcə əczaxanada tələb etdiklərindən resepti üzərində götürməyə ehtiyac duymadığını, həmin dərmanların bəyan edilməsini bilmədiyini, həmin dərmanları İran İslam Respublikasında 1200 lirəyə aldığını, Azərbaycan Respublikasında qadağan olunduğunu bilmədiyini, əvvəllər hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya güclü təsiredici dərmanlar istifadə etmədiyini və törətdiyi əməldən peşman olduğunu göstərdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Naxçıvan Baş Gömrük İdarəsi “Şahtaxtı” gömrük postunun baş müfəttişi vəzifəsində çalışır. 25 yanvar 2023-cü il tarixində “Şahtaxtı” gömrük postunda növbədə olan zaman saat 20 radələrində İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən, “İveco” markalı, 35AZN831/34AE4921 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin “Şahtaxtı” gömrük postuna daxil olduğunu, ona yaxınlaşdığını, adını, apardığı yükün nə olduğunu, qadağan olunmuş hər hansı bir əşya və ya mal olub-olmamasını, dərman preparatının, mobil telefonların və yaxud da hər hansı bir şeyin olub-olmamasını soruşmuşdur. Sürücünün Türkiyə Respublikasının vətəndaşı olduğunu, adının Təqsirləndirilən şəxs olduğunu öyrənmiş və sürücü ona qanunla qadağan olunmuş heç nə olmadığını bildirmişdir. Sürücünün danışıq, davranışlarından və maşında sürücünün pul qabının gizlədilmiş yerdən tapandan sonra şübhə yarandığı üçün hal şahidlərini çağıraraq yük avtomobilini yoxlamağı qərara almışdır. Onlar gəldikdən sonra nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində olan yatağın üzərindəki gödəkcəsinin içəri sol cibindən gömrük nəzarətinə bəyan edilməyən üzərində “Tee-Doll 225” yazısı olan 10 konvalyut, hər konvalyutda isə 10 həb olmaqla və “Namadol 225 mg tablet” yazısı olan 10 konvalyut, hər konvalyutda isə 10 həb olmaqla olmaqla ümumilikdə 200 həb dərman preparatı aşkar etmişdir. Aşkarlandıqdan sonra sürücü Təqsirləndirilən şəxs həmin dərmanları dostu üçün aldığını və qadağan olduğunu bilmədiyini söyləmişdir. Maşını yoxlamağı bitirdikdən sonra sürücünün üzərində şəxsi yoxlama aparmış, lakin şəxsi yoxlama zamanı qanunsuz heç nə aşkar etməmişdir. Yoxlamalar bitdikdən sonra protokollar tərtib etdiyini, sürücü Təqsirləndirilən şəxs, tərcüməçi və hal şahidlərinin iştirakı ilə protokolları imzaladıqlarını qeyd etmişdir. Həmin dərmanlar aşkarlanan zaman sürücüdən soruşulanda o, “dərmanların qadağan olduğunu bilmədiyini və həmin dərmanları Türkiyədə olan dostuna aldığını və qadağan olduğunu biləcəyi təqdirdə gətirməzdim” deyə söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Kəngərli rayonunun Şahtaxtı kəndində ailəsi ilə birlikdə yaşayır və hazırda müvəqqəti işsiz olduğundan “Şahtaxtı” gömrük postunda yüklərin nəqliyyat vasitələrinə doldurulub-boşaldılması ilə əlaqədar fəhlə işləyir. 25 yanvar 2023-cü il tarixdə “Şahtaxtı” gömrüyündə yük boşaldarkən gömrük əməkdaşı Elvin onu və orada fəhləlik edən Habili anbara çağırıb İrandan gələn yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini, ondan və orada fəhləlik edən Habildən hal şahidi qismində iştirak etməsini xahiş etmiş və onlar da buna etiraz etməmişlər. Elvin yoxlamağa başlamazdan əvvəl onlara sürücü Təqsirləndirilən şəxs göstərmiş və onu tanıyıb-tanımadıqlarını soruşmuş, onlar da tanımadıqlarını söyləmişdirlər. Gömrükçü sürücüdən “nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan etmədiyi nəsə varmı” deyə soruşmuş, sürücü də idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan etmədiyi heç nə olmadığını bildirmişdir. Elvin nəqliyyat vasitəsini yoxlamağa başlamış və yoxlama zamanı yük nəqliyyat vasitəsinin sürücü kabinində olan yatağın üzərində sürücüyə məxsus gödəkçənin içəri sol cibindən 200 ədəd dərman preparatını aşkar etmişdir. Elvinin maşını yoxlamağı qurtardıqdan sonra sürücünün üzərində şəxsi yoxlama aparılmış, qadağan olunmuş heç nə aşkar olunmamış, yoxlamalar qurtardıqdan sonra sənədlər tərtib edilmiş və imzaladıqlarını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmədə dindirilmiş digər Şahid2 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- 26 yanvar 2023-cü il tarixli Naxçıvan Baş Gömrük İdarəsi, “Şahtaxtı” gömrük postunun baş müfəttişi Şahid1 tərəfindən tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:12-də Şahtaxtı gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən Türkiyə Respublikası vətəndaşı, xx.xx.2021-ci tarixində verilmiş U25008655 nömrəli pasportun sahibi, xx.xx.1971-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs idarə etdiyi 35AZN831/34AE4921 dövlət nömrə nişanlı “İveco” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində yatağın üzərindəki gödəkcəsinin içəri sol cibindən gömrük nəzarətinə bəyan edilməyən üzərində “Tee-Doll 225” yazısı olan 10 konvalut, hər konvalutda isə 10 həb olmaqla və “Namadol 225 mg tablet” yazısı olan 10 konvalut, hər konvalutda 10 həb olmaqla ümumilikdə 200 həb dərman preparatı aşkar edilərək götürülmüşdür. 26 yanvar 2023-cü il tarixli Naxçıvan Baş Gömrük İdarəsi, “Şahtaxtı” gömrük postunun baş müfəttişi Şahid1 tərəfindən tərtib edilmiş “şəxsi yoxlama aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı onun üzərindən heç nə aşkar edilməmiş, ona məxsus 1 ədəd “Samsung Galaxy A31” və 1 ədəd “Samsung Galaxy A13” markalı telefonlar və U25008655 nömrəli pasport götürülmüşdür. 27 yanvar 2023-ci il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və həmin tarixdə Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 26 yanvar 2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 27 yanvar 2023-ci il il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 26 yanvar 2023-ci il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 35AZN831/34AE4921 dövlət nömrə nişanlı nişanlı “İveco” markalı yük nəqliyyat vasitəsinin kabinində yatağın üzərindəki ona məxsus gödəkcəsinin içəri sol cibindən gömrük nəzarətinə bəyan edilməyən aşkarlanaraq götürülmüş üzərində “Tee-Doll 225” yazısı olan 10 konvalyut, hər konvalyutda 10 həb olmaqla və üzərində “Namadol 225 mg tablet” yazısı olan 10 konvalyut, hər konvalyutda 10 həb olmaqla ümumilikdə 200 həb dərman preparatlarının nə olmasının, narkotik vasitələrə, psixotrop maddələrə və yaxud güclü təsir edən və zəhərli maddələrin siyahısına aid olmasının, əgər aiddirsə hansı növə aid ollmasının, hazırlanma üsulunun, təmiz çəkisinin və təsiredici maddəsinin miqdarının müəyyən edilməsi məqsədilə 26 yanvar 2023-cü il tarixdə məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-ci il tarixli 97 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində olan yatağın üzərindəki gödəkcəsinin içəri sol cibindən aşkar edilərək götürülmüş, hər konvalyutda 10 həb olmaqla 10 konvalyutda ümumi 100 həb üzərində “Tee-Doll 225” yazısı olan və hər konvalyutda 10 həb olmaqla 10 konvalyutda ümumi 100 həb üzərində “Namadol 225 mg tablet” yazısı olan ümumilikdə 200 həb dərman həbləri (təsiredici maddəsinin miqdarı - 45 qram) zavod üsulu ilə qablaşdırılmış tramadol dərman preparatlarıdır. Tramadol dərman həbləri Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir. Qeyd: Tramadol həblərinin sayı - 200 ədəd, tədqiqata sərf edildi - 02 ədəd, qalıq - 198 ədəd. 27 yanvar 2023-ci il tarixdə Təqsirləndirilən şəxs narkоtik vasitələr və ya psixotrop maddələr qəbul edib-etməməsini, narkomaniya xəstəliyinə tutulub-tutulmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 01 fevral 2023-cü il tarixli 16 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu istisna olunmur. Təqsirləndirilən şəxs peşə (sürücülük) fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir narkotik vasitə və ya güclü təsirə malik həblərin (dərmanların) qəbul edilməsinə tibbi cəhətdən yol verilmir. Məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş tərkibindəki tramadol təsiedici maddəsinin miqdarı 45 qram olan 200 həb tramadol dərman preparatı cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, ekspert tədqiqatına sərf olunması çıxılmaqla qalmış 198 həb tramadol dərman preparatı məhkəmənin yekun qərarına və hökmünə kimi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında və ondan götürülmüş 1 ədəd “Samsung Galaxy A31” və 1 ədəd “Samsung Galaxy A13” markalı telefonlar isə məhkəmənin yekun qərarına və hökmünə kimi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Təqsirləndirilən şəxs məxsus U25008655 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqdim etdiyi azərbaycan dilinə tərcümə olunmuş reseptə əsasən X2 həkimi Osman Mutlu tərəfindən xəstə X8-Doll 225 mq və Nomodel 225 mq dərmanları yazılmışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 26 yanvar 2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokolu, Ekspertiza Mərkəzinin 27 yanvar 2023-ci il tarixli 97 №-li ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 01 fevral 2023cü il tarixli 16 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyini, maddi sübutu, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibindəki külli miqdarda tramadol güclü təsiredici maddəsinin ümumi miqdarı 45 qram olan üzərində “Tee-Doll 225” sözləri yazılmış və hər konvalyutda 10 həb olmaqla 10 konvalyutda 100 həb, üzərində “Namadol 225 mg tablet” sözləri yazılmış və hər konvalyutda 10 həb olmaqla 10 konvalyutda 100 həb olan ümumilikdə 200 həb “Tramadol” dərman preparatını özünə məxsus gödəkçəsinin sol iç cibində yerləşdirərək idarə etdiyi 35AZN831/34AE4921 dövlət nömrə nişanlı, “İveco” markalı yük nəqliyyat vasitəsinin kabinindəki yatağın üzərinə qoymuş, 25 yanvar 2023-cü il tarixdə saat 20 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən Kəngərli rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan dərman preparatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, yoxlama zamanı qeyd olunan dərman preparatları aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na görə tramadol tərkibli dərmanın külli miqdar (qramlarla) daxil olmaqla aşağı hədləri 6 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.14-cü maddəsinə görə, gömrük nəzarəti - gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir; 1.0.1-ci maddəsinə görə bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi deməkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində izah edilir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 16-cı madəsində isə izah edilir ki, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə, onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. Buna görə, malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi zamanı sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədilmiş qaçaqmalçılıq bu cinayətin qeyd olunan qeyri-qanuni üsullardan biri ilə törədilməsinin, o cümlədən, gömrük orqanına qeyd olunmuş sənədlərin daxili gömrük tranziti, malların gömrük proseduruna salınması və ya malların və digər əşyaların buraxılması ilə bağlı gömrük prosedurunun həyata keçirilməsi prosesində təqdim edilməsi zamanı bu faktın aşkarlandığı və bunun qarşısının alındığı andan başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək sonda peşman olmasını, ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, o cümlədən Türkiyə Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında daimi yaşayış yerinin olmamasını müstəsna hal kimi qəbul edərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməli və ona Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Belə olan halda məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlanıldığı 3 ay 19 gün nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalından dərhal həbsdən azad olunmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 01 fevral 2023-cü il tarixli 16 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə olunmasına zərurət olduğunun müəyyən edilmədiyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatına sərf olunması çıxılmaqla Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş 198 həb “tramadol” dərman preparatı məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasındakı maddi sübutların saxlancı otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Samsung Galaxy A31” və 1 ədəd “Samsung Galaxy A13” markalı telefonlar və məhkəməyə təqdim edilən Təqsirləndirilən şəxs məxsus U25008655 nömrəli pasport özünə qaytarılmalıdır. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlanıldığı müddət, yəni 3 ay 19 gün nəzərə alınsın və onun üzərində 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş 198 həb “tramadol” dərman preparatı məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasındakı maddi sübutların saxlancı otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Samsung Galaxy A31” və 1 ədəd “Samsung Galaxy A13” markalı mobil telefonlar və məhkəməyə təqdim edilən U25008655 nömrəli pasport özünə qaytarılsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-6/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-6/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver