Məhkəmə qərarları › İş №1(111)-7/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-7/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-7/2023 01.06.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirlən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, təqsirləndirlən şəxsin tərcüməçisi X2 iştirakı ilə, xx.xx.1975-ci ildə Türkiyə Respublikasının Karabük şəhərində doğulmuş, ailəli, üç uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, Türkiyə Respublikasının Karabük şəhəri Aydılıq evlər məhəlləsi, 502 nömrəli küçə, ev 2-də qeydiyyatda olaraq yaşamış, 27 yanvar 2023-cü il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkаn tədbiri seçilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanının mövqeyinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibindəki külli miqdarda tramadol güclü təsiredici maddəsinin ümumi miqdarı 45 qram olan, 2 qutuda üzərində “Namadol 225 mg tablets” yazısı olan hər qutuda 10 konvalyut, hər konvalyutda 10 həb olmaqla ümumilikdə 200 ədəd Tramadol dərman preparatını idarə etdiyi 78DD114/ 78AAU587 dövlət nömrə nişanlı, “İveco” markalı yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasında döşəmə örtüyünün altında gizlədərək, 25 yanvar 2023-cü il tarixdə saat 20 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən Kəngərli rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan dərman preparatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Buna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Türkiyə Respublikasının Karabük şəhərində ailəsi ilə birlikdə yaşayır. Təxminən 25 ildir ki, sürücü işləyir. Dostu Nəcminin xahişi ilə İran İslam Respublikasında Evoğlu adlanan yerdə Əsgər adlı İranlıdan 200 tablet cinsi əlaqə zamanı istifadə edilən tramadol adlı dərman preparatları almış və həmin dərman preparatlarını sürücü oturacağının arxa tərəfindəki döşəmə örtüyünün altına yerləşdirmişdir. 25 yanvar 2023-cü il tarixində İran İslam Respublikasının Poldəşt gömrüyündən Azərbaycanın Şahtaxtı gömrüyünə keçmiş, burada gömrük əməkdaşı ona yaxınlaşıb idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlayacağını demiş və qadağan olunmuş hər hansı bir predmetin olubolmamasını soruşmuş, o, da idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş heç nə olmadığını söyləmişdir. Gömrük əməkdaşı yük nəqliyyat vasitəsini yoxlayan zaman sürücü oturacağının arxasındakı döşəmə örtüyünün altında gizlətdiyi dərmanları aşkar etmişdir. Sonra onun üzərini yoxlayacağını bildirmiş və yoxlama otağına aparmışdır. Orada üzərində qadağan olunmuş hər hansı predmetin olub-olmadığını soruşmuş, əgər varsa təqdim etməyi təklif etmiş, o isə qadağan olunmuş heç nə olmadığını bildirmişdir. Üzərini yoxlayan zaman heç nə aşkar edilməmişdir. Nəqliyyat vasitəsindən aşkarlanmış həmin dərman preparatları gömrük əməkdaşı tərəfindən götürülərək qablaşdırılmış, bununla bağlı sənədlər hazırlanmış və imzalanmışdır. Məhkəmə iclasında sual-cavab edilərkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Naxçıvana ilk dəfədir ki, gəldiyini, bu dərmanların alınması Türkiyədə qadağan olunmadığını, həmin dərmanların bəyan edilməsini bilmədiyini, İran İslam Respublikasında 1200 lirəyə aldığı, Azərbaycan Respublikasında qadağan olunduğunu bilmədiyini, əvvəllər hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya güclü təsiredici dərman praparatlarından istifadə etmədiyini və törətdiyi əməldən peşman olduğunu göstərdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Naxçıvan Baş Gömrük İdarəsi “Şahtaxtı” gömrük postunun baş müfəttişi vəzifəsində çalışır. 25 yanvar 2023-cü il tarixində “Şahtaxtı” gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi xəttində növbədə olan zaman saat 20 radələrində İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən, “İveco” markalı, 78DD114/78AAU587 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Şahtaxtı” gömrük postuna daxil olmuşdur. Ona yaxınlaşmış və özünü təqdim etdikdən sonra ad, soyadının nə olduğunu, idarə etdiyi yük-nəqliyyat vasitəsində və üzərində qadağan olunmuş və ya bəyan etməli olduğu hər hansı bir əşya və ya malın olub-olmamasını soruşmuşdur. Sürücü ona cavab olaraq adının Mehmet, soyadının isə Sıdal olduğunu və idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş heç nə olmadığını söyləmişdir. Sürücü ilə biraz da söhbətləşdikdən sonra yük avtomobilini yoxlamağı qərara almışdır. Daha sonra sürücü xarici vətəndaş olduğu üçün tərcüməçi və yoxlamada iştirak etmələri üçün 2 nəfər hal şahidi çağırmış və onların iştrakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı S.Ahmetin idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasındakı döşəmə örtüyünün altından üzərində “Namadol 225 tablets” yazısı yazılmış 2 qutu (200 həb) dərman preparatı aşkar etmiş, həmin dərman qutularını açaraq hər qutuda 10 konvalyut, hər konvalyutda 10 həb olmaqla ümumilikdə 200 ədəd dərman olduğunu görmüş və sənədləşdirilərək götürülmüşdür. Maşını yoxlamağı bitirdikdən sonra sürücünün üzərində də şəxsi yoxlama aparmış və yoxlama zamanı qanunsuz heç nə aşkar etməmişdir. Yoxlamanın nəticəsi olaraq sənədlər tərtib edilmiş və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Kəngərli rayonunun Şahtaxtı kəndində ailəsi ilə birlikdə yaşayır və hazırda müvəqqəti işsiz olduğundan “Şahtaxtı” gömrük postunda yüklərin nəqliyyat vasitələrinə doldurulub-boşaldılması ilə əlaqədar fəhlə işləyir. 25 yanvar 2023-cü il tarixdə gömrükdə yük boşaldarkən gömrük əməkdaşı Tofiq onu və onunla birgə gömrükdə fəhlə işləyən Elçini anbara çağıraraq İran İslam Respublikasından gələn Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini və onların hal şahidi kimi iştirak etməsini xahiş etmiş, onlar da qəbul etmişlər. Yoxlamağa başlamazdan əvvəl Tofiq idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində qadağan olunmuş və ya bəyan etməli olduğu hər hansı bir əşya varsa çıxarıb təqdim etməsini sürücüyə təklif etmiş, sürücü isə idarə etdiyi nəqliyyat vasitəsində və üzərində qadağan olunmuş heç nə olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı yük nəqliyyat vasitəsini yoxlamağa başlamış, yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasındakı örtüyü qaldırmış və örtüyün altından 2 qutu dərmanı aşkar etmişdir. Həmin dərman qutularını onların yanında açmış və ümumilikdə 200 ədəd dərman olduğunu görmüşlər. Bundan sonra sürücünün üzərində şəxsi yoxlama aparılmış və qadağan olunmuş heç nə aşkar olunmamışdır. Yoxlamalar bitdikdən sonra sənədlər tərtib edilmiş və həmin sənədləri imzaladıqlarını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmədə dindirilmiş digər Şahid2 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- 26 yanvar 2023-cü il tarixli Naxçıvan Baş Gömrük İdarəsi, “Şahtaxtı” gömrük postunun baş müfəttişi Şahid1 tərəfindən tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:27-də Şahtaxtı gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən Türkiyə Respublikası vətəndaşı, xx.xx.2013-cü tarixində verilmiş U07511728 nömrəli pasportun sahibi, xx.xx.1975-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs idarə etdiyi 78DD114/78AAU587 dövlət nömrə nişanlı “İveco” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasında döşəmə örtüyünün altında gizlədilmiş 2 qutu üzərində “Namadol 225 tablets” yazısı olan, bir qutuda 10 konvalyut, hər konvalyutda isə 10 həb olmaqla ümumilikdə 200 həb dərman preparatı aşkar edilərək götürülmüşdür. 26 yanvar 2023-cü il tarixli Naxçıvan Baş Gömrük İdarəsi, “Şahtaxtı” gömrük postunun baş müfəttişi Şahid1 tərəfindən tərtib edilmiş “şəxsi yoxlama aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı onun üzərindən heç nə aşkar edilməmiş, ona məxsus 1 ədəd “Samsung Galaxy A13” markalı telefon və U07511728 nömrəli pasport götürülmüşdür. 27 yanvar 2023-ci il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və həmin tarixdə Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 26 yanvar 2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 27 yanvar 2023-ci il il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 26 yanvar 2023-ci il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 78DD114/78AAU587 dövlət nömrə nişanlı nişanlı “İveco” markalı yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasında döşəmə örtüyünün altından aşkarlanaraq götürülmüş 2 qutu üzərində “Namadol 225 tablets” yazısı olan, bir qutuda 10 konvalyut, hər konvalyutda isə 10 həb olmaqla ümumilikdə 200 həb dərman preparatlarının nə olmasının, narkotik vasitələrə, psixotrop maddələrə və yaxud güclü təsir edən və zəhərli maddələrin siyahısına aid olmasının, əgər aiddirsə hansı növə aid ollmasının, hazırlanma üsulunun, təmiz çəkisinin və təsiredici maddəsinin miqdarının müəyyən edilməsi məqsədilə 26 yanvar 2023-cü il tarixdə məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-ci il tarixli 98 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasında döşəmə örtüyünün altından aşkar edilərək götürülmüş, 2 qutuda üzərində “Namadol 225 mg tablets” yazısı olan hər qutuda 10 konvalyut, hər konvalyutda 10 həb olmaqla ümumilikdə 200 ədəd dərman həbləri (təsiredici maddəsinin miqdarı - 45 qram) zavod üsulu ilə qablaşdırılmış tramadol dərman preparatlarıdır. Tramadol dərman həbləri Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir. Qeyd: Tramadol həblərinin sayı - 200 ədəd, tədqiqata sərf edildi - 01 ədəd, qalıq - 199 ədəddir. 27 yanvar 2023-ci il tarixdə Təqsirləndirilən şəxs narkоtik vasitələr və ya psixotrop maddələr qəbul edib-etməməsini, narkomaniya xəstəliyinə tutulub-tutulmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 01 fevral 2023-cü il tarixli 15 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmadı. Lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu faktı inkar olunmur. Təqsirləndirilən şəxs peşə (sürücülük) fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir narkotik vasitə və ya güclü təsirə malik həblərin (dərmanların) qəbul edilməsinə tibbi cəhətdən yol verilmir. Məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxsdan götürülmüş tərkibindəki tramadol təsiedici maddəsinin miqdarı 45 qram olan 200 həb tramadol dərman preparatı cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, ekspert tədqiqatına sərf olunması çıxılmaqla qalmış 199 həb tramadol dərman preparatı məhkəmənin yekun qərarına və hökmünə kimi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında və ondan götürülmüş 1 ədəd “Samsung Galaxy A13” markalı telefon isə məhkəmənin yekun qərarına və hökmünə kimi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Təqsirləndirilən şəxs məxsus U07511728 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-nin ƏSİB tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş A23054854 nömrəli Azərbaycan dilinə tərcümə olunmuş şəxsiyyət vəsiqəsinə əsasən təqsirləndirilən şəxsin xx.xx.2006-cı il təvəllüdlü X3 adında yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 26 yanvar 2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokolu, Ekspertiza Mərkəzinin 27 yanvar 2023-ci il tarixli 98 №-li ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 01 fevral 2023cü il tarixli 15 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyini, maddi sübutu, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibindəki külli miqdarda tramadol güclü təsiredici maddəsinin ümumi miqdarı 45 qram olan, 2 qutuda üzərində “Namadol 225 mg tablets” yazısı olan hər qutuda 10 konvalyut, hər konvalyutda 10 həb olmaqla ümumilikdə 200 ədəd Tramadol dərman preparatını idarə etdiyi 78DD114/ 78AAU587 dövlət nömrə nişanlı, “İveco” markalı yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının arxasında döşəmə örtüyünün altında gizlədərək, 25 yanvar 2023-cü il tarixdə saat 20 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən Kəngərli rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan dərman preparatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, yoxlama zamanı qeyd olunan dərman preparatları aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na görə tramadol tərkibli dərmanın külli miqdar (qramlarla) daxil olmaqla aşağı hədləri 6 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.14-cü maddəsinə görə, gömrük nəzarəti - gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 10-cu bəndində izah edilir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edərək sonda peşman olmasını, əvvəllər məhkum olunmamasını və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, o cümlədən Türkiyə Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında daimi yaşayış yerinin olmaması müstəsna hal kimi qəbul edilərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməli və ona Azərbaycan Respublikası CMnin 206.2-ci maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Belə olan halda məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlanıldığı 4 ay 06 gün nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalından dərhal azad olunmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının 01 fevral 2023-cü il tarixli 15 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mualicə olunmasına zərurət olduğunun müəyyən edilmədiyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatına sərf olunması çıxılmaqla Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş 199 həb “tramadol” dərman preparatı məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasındakı maddi sübutların saxlancı otağında saxlanılan ona məxsus olan 1 ədəd “Samsung Galaxy A13” markalı telefon və məhkəməyə təqdim edilən Təqsirləndirilən şəxs məxsus U07511728 nömrəli pasport özünə qaytarılmalıdır. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlanıldığı müddət, yəni 4 ay 06 gün nəzərə alınsın və onun üzərində 3400 (üç min dörd yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılması üçün təhvil verilmiş 199 həb “tramadol” dərman preparatı məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasındakı maddi sübutların saxlancı otağında saxlanılan ona məxsus olan 1 ədəd “Samsung Galaxy A13” markalı telefon və məhkəməyə təqdim edilən U07511728 nömrəli pasport özünə qaytarılsın. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar