Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-7/2024 22.02.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirlən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirlən şəxsin tərcüməçisi X4 iştirakı ilə, 8 oktyabr 1998-ci il tarixdə Türkiyə Respublikası Mersin şəhəri, Tarsus rayonunda anadan olmuş, orta təhsilli, sürücü işləmiş, evli, 2 uşaq atası, məhkumluğu olmayan, Türkiyə Respublikası Mersin şəhəri, Tarsus rayonu, Şahin məhəlləsi, küçə 3245, mənzil 48 ünvanında qeydiyyatda olaraq yaşamış, 13 oktyabr 2023-cü il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Türkiyə Respublikası vətandaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanının mövqeyinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə idarə etdiyi 33ARM003/33APZ663 dövlət qeydiyyat nişanlı “Volvo VTC3T” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçid etməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında olduğu müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1,570 qram narkotik vasitə qurudulmuş marixuananı yük nəqliyyat vasitəsinin kabinində yerləşən cihazlar panelindəki rəfdə olan qara rəngli əl çantasının içərisindəki sənədlərin arasında olan zərfin içindəki şəffaf sellofanda 1 bükümdə gizlətmiş, həmçinin satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1,869 qram psixotrop maddə metamfetamini isə salfetə bükərək əynindəki şalvarın sol cibində olan siqaret qutusunun içərisində gizlədərək saxlamış, Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 11:00 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Türkiyədə İngiltərədən gələn yükü təhvil alaraq İraqa aparmışdır. Orada yükü boşaltdıqdan sonra İrana keçməli olmuş, İrana keçərkən Başma şəhərində İran tüməni dəyişənlərdən biri ona yaxınlaşaraq narkotik almaq istəyib-istəmədiyini soruşmuş, orada 250 türk lirəsinə 2 qram metamfetamin və 1 bükümdə “esrar” narkotik vasitə almış, aldıqdan sonra bir az istifadə etmiş, qalan metamfetamini paketdə siqaretin içinə qoyub cibində saxlamış, otu isə çantanın içinə qoymuşdur. İrandan Azərbaycan gömrüyünə gələrək, X-Ray-dən keçdikdən sonra gömrükçü ona yaxınlaşıb üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı bir malın və ya əşyanın olub-olmamasını soruşmuş, o da utandığına görə deyə bilmədiyindən qadağan olunmuş heç bir şey olmadığını bildirmiş, sonra idarə etdiyi nəqliyyat vasitəsində və üzərində axtarış aparılmış, cibindən və nəqliyyat vasitəsindəki əl çantasının içərisindən aldığı narkotik vasitələr aşkar edilmişdir. Aşkarlanan narkotik vasitələrini öz istifadəsi üçün almış, gizlətməmiş, gömrükdə asanlıqla tapılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona ünvanlanmış suallara cavabında 1 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, lakin davamlı istifadə etmədiyini, bu vaxt ərzində cəmi 2-3 dəfə istifadə etdiyini, heç bir asılılığının olmadığını, yoxlamada 3 nəfərin iştirak etdiyini, aşkarlanan narkotik vasitələrinin özünün yanında çəkildiyini, sonra sənədlər yazılaraq imzaladıqlarını bildirmiş və son sözündə etdiyi əməldən peşman olduğunu, ailəsindən bu vəziyyətə düşməsinə görə utandığını və 2 azyaşlı uşağının olmasını nəzərə alıb ona cərimə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 15 ildir ki, gömrük orqanlarında xidmət edir və hazırda Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 oktyabr 2023-cü il tarixdə Şahtaxtı gömrük postunda işdə olarkən Türkiyə Respublikasına məxsus qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin müayinə postuna yaxınlaşdığını görmüş, həmin yük nəqliyyat vasitəsinə yaxınlaşıb sürücü ilə danışmış, söhbət olan zaman adının Təqsirləndirilən şəxs olduğunu bilmiş, onunla danışarkən onun hərəkətlərindən və danışıqlarından şübhələnmiş, qadağan olunmuş nələrin isə olduğunu və ya narkotik vasitəsi olduğunu soruşmuş, o, heç nə olmadığını demiş, sonra türk dilində ona bildiriş təqdim etmiş, daha sonra 2 hal şahidi dəvət edərək idarə etdiyi nəqliyyat vasitəsini və onun üzərini yoxlamış, nəqliyyat vasitəsində olan əl çantasında zərfin içində tünd yaşıl rəngdə bitki kütləsi aşkar etmiş, sonra şəxsi yoxlama keçirərkən cibində olan siqaretin içindən rəngli kağızda salfetə bükülmüş ağ rəngdə kristal formada kütlə aşkar etmişdir. Sorğu zamanı onun üzərində və nəqliyyat vasitəsindən aşkar olunmuş əşyaların qadağan olduğunu bilmədiyini, özünün istifadə etdiyini, sonradan qorxduğu üçün gizlətdiyini, nəqliyyat vasitəsində aşkar olunan kütlənin çəkisinin 2,832 qram, cibindən aşkarlanın maddənin isə 2,415 qram olduğunu, çəkdikdən sonra sənədlər tərtib olunduğunu və imzalandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, iş olduqda Şahtaxtı gömrük postunda yüklərin doldurulub-boşaldılması ilə əlaqədar gündəlik fəhlə işləyir. 11 oktyabrda işdə olan zaman gömrük əməkdaşı İsa müəllim onu və fəhlə yoldaşı Fərmanı çağıraraq bir nəqliyyat vasitəsinə baxış keçirəcəyini bildirmiş və onların hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. Onlar etiraz etməyib İsa müəllimlə birgə yoxlamanın keçiriləcəyi yerə getmişlər. Əvvəlcə İsa müəllim adını dəqiq xatırlamadığı türk sürücüdən nəqliyyat vasitəsində qadağan olunmuş nəsə varmı deyə soruşmuş, Təqsirləndirilən şəxs isə qadağan olunmuş heç nə olmadığını bildirmiş, sonra İsa müəllim nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı onun nəqliyyat vasitəsindən əl çantasının içindən narkotik maddəyə bənzər kütlə tapmış, sonra isə şəxsi axtarış üçün otağa getmişlər. İsa müəllim sürücüdən üzərində nəsə olub-olmadığını soruşmuş, o, isə heç nə olmadığını demişdir. İsa müəllim ona üzərində olan əşyaları stolun üstünə qoymasını demiş, o, da hər şeyi stolun üstünə qoymuşdur. Stolun üzərinə qoyduğu siqareti yoxladıqda içindən salfetə bükülmüş ağ rəngli maddə aşkar edilmişdir. Sürücüdən nə olduğunu soruşduqda, özünün istifadə etdiyini demiş, sonra aşkar olunmuş maddələr çəkilmiş, biri 2,832 qram, digəri isə 2,415 qram olmuş, daha sonra tərtib edilmiş sənədləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmədə dindirilmiş digər Şahid2 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Dövlət Gömrük Komitəsinin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən (İAMAS) alınmış anket məlumatı və sərhədkeçmə hesabatına dair xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo VTC3T” markalı, 33ARM003/33APZ663 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 11:24-də “Şahtaxtı” gömrük postundan keçməklə ölkəyə giriş etmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” və “şəxsi yoxlama aparılması haqqında” protokollardan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 33ARM003/33APZ663 dövlət nömrə nişanlı “Volvo VTC3T” markalı yük nəqliyyat vasitəsinin kabinində olan sənədlər qoyulmuş əl çantasındakı zərfin içərisindən 1 büküm olmaqla şəffaf sellofana bükülmüş halda tünd yaşıl rəngli, kəskin iyli, qurudulmuş ot halında qablaşdırma ilə birlikdə ümumi çəkisi 2,832 qram olan narkotik vasitəyə bənzər kütlə və şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın cibindəki 1 ədəd siqaret qutusunun içərisindən üzərində yazılar olan kağızda salfetə bükülmüş halda 1 büküm olmaqla ağ rəngli duz kristalları halında qablaşdırma ilə birlikdə ümumi çəkisi 2,415 qram olan psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. 12 oktyabr 2023-cü il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və 13 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. 09 dekabr 2023-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 11 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 13 oktyabr 2023-ci il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 11 oktyabr 2023-ci il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 33ARM003/33APZ663 dövlət nömrə nişanlı “Volvo VTC3T” markalı yük nəqliyyat vasitəsindən aşkarlanaraq götürülmüş tünd yaşıl rəngli, kəskin iyli, qurudulmuş ot halında qablaşdırma ilə birlikdə ümumi çəkisi 2,832 qram olan narkotik vasitəyə bənzər kütlənin və şəxsi yoxlama zamanı aşkarlanaraq götürülmüş ağ rəngli duz kristalları halında qablaşdırma ilə birlikdə ümumi çəkisi 2,415 qram olan psixotrop maddəyə bənzər kütlənin nə olmasının, hazırlanma üsulunun, əgər narkotik, yaxud güclü təsir edən və zəhərli maddədirsə hansı növə aid olmasının, xalis çəkisinin və təsiredici maddəsinin miqdarının müəyyən edilməsi məqsədilə 11 oktyabr 2023-cü il tarixdə məhkəmə fiziki-kimyəvi və məhkəmə-bioloji ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2023-cü il tarixli, 1014 nömrəli məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən və üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağız zərfdə təqdim olunmuş; -01 ədəd üzərində yazıları olan ağ rəngli kağız bükümdə təmiz çəkisi - 1,869 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (İ siyahı, İİ bənd, sıra № 27) daxildir. -01 ədəd sellofan bükümdə təmiz çəkisi -1,570 qram yaşılımtıl rəngli, xırdalanmış bitki mənşəli kütlələr, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (İ siyahı, İ bənd, sıra № 146) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 1,869 qram, tədqiqata sərf edildi - 0,05 qram qalıq - 1,819 qram. Marixuananın təmiz çəkisi - 1,570 qram, tədqiqata sərf edildi - 0,04 qram qalıq - 1,530 qram. 13 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr və ya psixotrop maddələr qəbul edib-etməməsini, narkomaniya xəstəliyinə tutulub-tutulmamasını, narkoman olduğu halda məcburi müalicəyə ehtiyacının оlub-оlmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 379 nömrəli ambulator məhkəmə-narkoloji ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs konnobinoid və metamfetamin narkomaniyası aşkar olunmuş və hazırda məcburi müalicəyə ehtiyacı vardır. Məhkəməyədək icraat dövründə 24 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən və üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi -1,570 qram qurudulmuş marixuana və 1,869 qram psixotrop maddə metamfetamin cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalıq qalmış 1,530 qram narkotik vasitə qurudulmuş marixuana və 1,819 qram psixotrop maddə metamfetamin məhkəmənin yekun qərarınadək Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması DGK-nin Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məxsus U32218081 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin ƏSİŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş Türkiyə Respublikasının 0000-2023-********** nömrəli xx.xx.2023-cü il tarixli Azərbaycan dilinə tərcümə olunmuş Türkiyə Cumhuriyyəti Ədliyyə Nazirliyi Ədli İşləri və Statistika Baş İdarəsinin sənədindən görünür ki, xx.xx.1998ci il təvəllüdlü Təqsirləndirilən şəxs Kasım oğlunun haqqında məhkəmə arxivində qeydiyyatı yoxdur. İş materiallarına əlavə olunmuş Türkiyə Respublikasının T 01 NR.293504 nömrəli Azərbaycan dilinə tərcümə olunmuş T.C Daxili İşlər Nazirliyi X8 X6 X3 əsasən Təqsirləndirilən şəxs Kasım oğlu ilə X10 xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş Azərbaycan dilinə tərcümə olunmuş X5 sənədindən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Catuk Büşradır və xx.xx.2020-ci il təvəllüdlü Kasım, xx.xx.2022-ci il təvəllüdlü Lavın adlı 2 azyaşlı uşaqları vardır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” və “şəxsi yoxlama aparılması haqqında” protokolları, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2023-cü il tarixli, 1014 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 379 nömrəli ambulator məhkəmə-narkoloji ekspertiza rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 11 oktyabr 2023cü il tarixdə idarə etdiyi 33ARM003/33APZ663 dövlət qeydiyyat nişanlı “Volvo VTC3T” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçid etməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında olduğu müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1,570 qram narkotik vasitə qurudulmuş marixuananı yük nəqliyyat vasitəsinin kabinində yerləşən cihazlar panelindəki rəfdə olan qara rəngli əl çantasının içərisindəki sənədlərin arasında olan zərfin içindəki şəffaf sellofanda 1 bükümdə gizlətmiş, həmçinin satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1,869 qram psixotrop maddə metamfetamini isə salfetə bükərək əynindəki şalvarın sol cibində olan siqaret qutusunun içərisində gizlədərək saxlamış, Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 11:00 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Eləcə də, həmin qərara əsasən satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Marixuana” 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respunlikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr siyahısı”na daxildir. 13 dekabr 2023-cü il tarixədək qüvvədə olan 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik maddə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. “Metamfetamin” 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına daxildir. 13 dekabr 2023-cü il tarixədək qüvvədə olan 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» üzrə İİ siyahısına görə psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək sonda peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsə təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 11 oktyabr 2023-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 379 nömrəli tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs konnobinoid və metamfetamin narkomaniyası aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılması üçün təhvil verilmiş Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən və üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalıq qalmış ümumi təmiz çəkisi 1,530 qram narkotik vasitə qurudulmuş marixuana və 1,819 qram psixotrop maddə metamfetamin məhv edilməli, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U32218081 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “iPhone 14 PRO MAX“ markalı mobil telefonun xx.xx.2023-cü il tarixdə atası Kasım Catuka təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılması üçün təhvil verilmiş ümumi təmiz çəkisi 1,530 qram narkotik vasitə qurudulmuş marixuana və 1,819 qram psixotrop maddə metamfetamin məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U32218081 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-7/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-7/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver