Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-7/2025 19.06.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Türkiyə Respublikasının İzmit şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, bir uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, Türkiyə Respublikasının Kocaeli şəhərinin Kartepe Suadiye məhəlləsi, Mesudiyyə küçəsi, ev 135 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 11 mart 2025-ci il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdəNaxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə idarə etdiyi 34AEN301/34YC8369 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda təmiz çəkisi 22,291 qram qurudulmuş marixuana narkotik vasitəsini əyninə geyindiyi açıq yaşıl rəngli gödəkcənin sol iç cibindəki şəffaf plastik butulkanın içərisinə qoyaraq qəsdən saxlamış, Azərbaycan Respublikasının ərazisinə daşımış və həmin tarixdə idarə etdiyi yük nəqliyyat vasitəsilə saat 10 radələrində ölkə ərazisinə tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 10 il müddətdir ki, yük nəqliyyat vasitələrində sürücü işləyir. Tutulmazdan təxminən 10 gün əvvəl İstanbuldan mal yükləyib Türkiyədən yola çıxmış, xx.xx.2025-ci il tarixdə İranın Bazargan gömrüyünə giriş etmiş və qeydiyyat üçün sənədlərini təqdim etmiş, sənədləşmənin aparılması üçün gözləyərkən ətrafda satıcı uşaqların gəzişdiyini görüb onlardan zarafatla hər şey satırsınız deyə soruşmuş, uşaqlardan biri nə istədiyini soruşduqda onu kənara çəkib “ot” istədiyini demiş, o isə ədədinin 10 dollar olduğunu demiş, İranda təxminən 9 gün qalacağını hesablayıb 20 ədəd istəmiş, həmin uşaq ona şəffaf torbaların içində 20 ədəd narkotik vasitə gətirmiş, əvəzində uşağa 200 dollar pul vermiş, aldığı narkotik vasitəni siqaretə dolduraraq çəkmiş, səhəri gün yola çıxıb Təbriz şəhərinə gəlmiş, 2-3 gün sonra da İranın Poldəşt gömrüyünə çatmış və tır parkına giriş etmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında da Şahtaxtı gömrüyünə giriş etmiş, əvvəlcə qeydiyyat üçün sənədləri təqdim etmiş, sonra nəqliyyat vasitəsini X-Ray qurğusuna göndərmişlər. Daha sonra gömrük əməkdaşları idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirmiş, nəqliyyat vasitəsində heç nə aşkarlanmamış, gömrük əməkdaşı üstünü yoxlamaq istədiyini deyəndə üstündə “ot” olduğunu və axtarmamasını demiş, sonra yoxlama üçün başqa otağa aparanda cibindən plastik butulkanın içindəki narkotik vasitəni çıxarmışdır. Həmçinin təqsirləndirilən şəxs D.Mehmet məhkəmədə sorğu-sual edilərkən ifadəsində idarə etdiyi 34AEN301/34YC8369 nömrəli “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin “ANT” firmasına məxsus olduğunu, Naxçıvana 3-cü gəlişi olduğunu, yoxlamadan əvvəl gömrük əməkdaşlarının qadağan olunmuş nəsə olub-olmadığını soruşduqlarını, qadağan olunmuş nəyinsə olduğunu demədiyini, üstündən plastik butulkanın içində “ot”, yəni əsrar çıxdığını, gömrük əməkdaşları nə olduğunu soruşanda narkotik vasitə olduğunu dediyini, üstündə narkotik vasitə olduğu halda gömrüyü keçməyinin cinayət olduğunu bildiyini və bilə-bilə keçirdiyini, narkotik vasitəni özünün yanında tərəzidə çəkdiklərini, butulka ilə birlikdə təxminən 32 qram olduğunu, üstündən çıxan narkotik vasitəyə müdaxilə edilmədiyini, üstünə əlavə nəsə qoyulmadığını, ona narkotik vasitəni gətirən uşağın şəffaf torbaların içində gətirdiyini, sonra torbalardan çıxarıb hamısını bir plastik butulkanın içinə doldurduğunu, narkotik vasitəni Türkiyəyə gedənə qədər istifadə etmək üçün aldığını, 3 ildir ki, narkotik vasitədən istifadə etdiyini, gömrükdə yoxlama aparılarkən ona heç bir təzyiq göstərilmədiyini, Şahtaxtı gömrüyündə yoxlama aparılarkən nəqliyyat vasitəsində heç nə tapa bilməyəndə gömrük əməkdaşının üstünü yoxlamaq istədiyini, ona axtarma dediyini, yalvardığını, sonra üstündə “ot” olduğunu dediyini, gödəkcəsinin sol cibindən narkotik vasitəni çıxarıb göstərdiyini, alıb kənara qoyduqlarını, sonra təkrar nəqliyyat vasitəsini it vasitəsilə axtardıqlarını, video-çəkiliş aparmaqla nəqliyyat vasitəsinə təkrar baxış keçirdiklərini, ona bir neçə sənəd imzaladıb otağa apararaq üstünü çəkiliş aparmaqla bir daha yoxladıqlarını, yoxlama zamanı ondan üstündə qadağan olunmuş nəsə olub-olmadığını soruşanda “yoxdur” deməyini bildirdiklərini, şəxsi axtarış otağına gedərkən narkotik vasitəni təkrar cibinə yerləşdirdiklərini, çəkiliş aparmağa başlayanda gömrük əməkdaşının ona üstündəkiləri çıxarmağını dediyi, birinci siqaret hazırlamaq üçün lazım olan kağızları, daha sonra da “ot”u çıxartdığını, tərəzidə çəkdiklərini, Naxçıvan Baş Gömrük İdarəsində verdiyi izahatı oxuduğunu, həmin vaxt yanında tərcüməçinin də olduğunu, həmin vaxt ona heç bir təzyiq göstərilmədiyini bildirmiş, son sözündə 2022-ci ilin yanvar ayında yoldaşı ilə ayrıldığını, 7 yaşında bir qız uşağının olduğunu, uşağın hazırda ananın yanında qaldığını və anası işləmədiyindən qızının onun maddi və mənəvi köməyinə möhtac olduğunu, valideynlərinin yaşlı olduqlarını, kirayədə yaşadıqlarını, xəstəlikləri ilə əlaqədar işləyə bilmədiklərini, ailəsinə özünün baxdığını, etdiyi əməldən çox peşman olduğunu bildirərək məhkəmədən bağışlanmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsi “Şahtaxtı” gömrük postunun böyük inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən İrandan gələrək Naxçıvandan tranzit keçməklə Türkiyəyə gedən 34AEN301 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yoxlanılması ilə əlaqədar çəkiliş etməsi üçün gömrük əməkdaşı Şahid2 yoxlamaya dəvət etmiş, yoxlamadan əvvəl sürücüyə nəqliyyat vasitəsində qadağan olunmuş nələrinsə olubolmamasını soruşmuş, sürücü 20 kq ərzaqdan başqa heç nə olmadığını dedikdən sonra nəqliyyat vasitəsini yoxlamış, lakin nəqliyyat vasitəsində heç nə aşkar edilmədiyindən nəqliyyat vasitəsi X-Ray qurğusuna göndərilmiş, sürücünün səsindəki əsmələr, tez-tez tərləməsi halı və digər hərəkətləri şübhə doğurduğundan şəxsi yoxlama aparmaq qərarına gəlmiş, sürücüyə hüquq və vəzifələri izah olunmuş, şəxsi yoxlama zamanı üstündəki açıq yaşıl rəngli gödəkcənin sol iç cibindən şəffaf plastik butulkanın içində tünd yaşıl rəngdə narkotik vasitəyə bənzər kütlə və 2 qutu tütün istifadəsi üçün nəzərdə tutulan kağızlar aşkar edilmiş, yoxlama zamanı özünün aşkar etdiyi həmin narkotik vasitəyə bənzər kütlə şəffaf butulkanın içində tünd yaşıl rəngdə olmuş, həmin maddəni aşkar etdikdən sonra sürücüdən nə olduğunu soruşmuş, əsrar olduğunu və özünün istifadə etdiyini demiş, yanında çəkilmiş, butulka ilə birlikdə 32,884 qram olmuşdur. Daha sonra o şəxsi yoxlamanın keçirilməsi ilə bağlı sənədlər hazırlamış və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin məhkəmədə sorğu-sual edilərkən Şahid1 ifadəsində şəxsi yoxlama xüsusi ayrılmış yerdə aparıldığını, nəqliyyat vasitəsini yoxlayarkən sürücü ondan aşkar olunmuş həmin maddəni təqdim etmədiyini, təqsirləndirilən şəxsin dediyi halları təsdiq etmədiyini, əvvəlcədən tapıb sonra yenidən narkotik vasitəni üstünə qoymadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsinin ”Şahtaxtı”gömrük postunun inspektoru Şahid2 oxşar ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan, habelə məhkəmə iclasında baxış keçirilmiş elektron daşıyıcıda (DVD-də) olan video görüntülərdən görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyinmiş olduğu açıq-yaşıl rəngli gödəkcənin sol iç cibindən bir ədəd şəffaf plastik butulkada qablaşma ilə birlikdə çəkisi 32,884 qram olan, tünd yaşıl rəngli qurudulmuş ot halında, kəskin iyli narkotik vasitəyə bənzər kütlə və 2 qutu tütün istifadəsi üçün nəzərdə tutulan kağızlar aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. 11 mart 2025-ci il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və həmin tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. 23 aprel 2025-cü il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və həmin tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 10 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 10 mart 2025-ci il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə şəxsi yoxlama zamanı Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs əyninə geyinmiş olduğu açıq-yaşıl rəngli gödəkcənin sol iç cibindən bir ədəd şəffaf plastik butulkada qablaşma ilə birlikdə çəkisi 32,884 qram olan, tünd yaşıl rəngli qurudulmuş ot halında, kəskin iyli narkotik vasitəyə bənzər kütlə nə olmasının, narkotik vasitələrə, psixotrop maddələrə və yaxud güclü təsir edən və zəhərli maddələrin siyahısına aid olmasının, əgər aiddirsə hansı növə aid olmasının, hazırlanma üsulunun və xalis çəkisi və ya təsiredici maddəsinin miqdarının müəyyən edilməsi məqsədilə 10 mart 2025-ci tarixdə məhkəmə bioloji ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2025-ci il tarixli, 289 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...” yazıları olan 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd şəffaf 0,5 litrlik plastik butulkanın içərisində təmiz çəkisi 22,291 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ Siyahı, İ bənd, sıra №146). Qeyd: Marixuana təmiz çəkisi - 22,291 qram; tədqiqata sərf edildi - 0,05 qram; qalıq – 22,241 qram.Qablaşdırmaüçün istifadə edilən 0,5 litrlik plastik butulkanın çəkisi-10,593 qramdır. 11 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edib-etməməsini, əgər narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edirsə, narkomaniya xəstəliyinə tutulub-tutulmamasını, əgər narkomandırsa məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək məqsədilə ambulator məcburi narkoloji yoxlama ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2025-ci il tarixli 162 saylı ambulator məcburi narkoloji yoxlamanın rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir, narkomaniya xəstəliyinə tutulmuşdur və məcburi müalicəyə ehtiyacı vardır. Məhkəməyədək icraat dövründə xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi- 22,291 qram narkotik vasitə olan qurudulmuş marixuana həmin marixuananın gizlədildiyi 1 ədəd açıq yaşıl rəngli gödəkcə və narkotik vasitə istifadəsi üçün nəzərdə tutulmuş 2 qutu kağız cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 22,241 qram qurudulmuş marixuana, həmin marixuananın gizlədildiyi 1 ədəd açıq yaşıl rəngli gödəkcə məhkəmənin yekun qərarınadək Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məxsus U28194975 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin ƏSİŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat təşkil edir. Məhkəmə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində “şəxsi yoxlama aparılmazdan əvvəl gödəkcəsinin sol cibindən narkotik vasitəni çıxarıb gömrük əməkdaşına göstərdiyini, sonra otağa aparmaq üstünü çəkiliş aparmaqla bir daha yoxladıqlarını, yoxlama zamanı ondan üstündə qadağan olunmuş nəsə olub-olmadığını soruşanda “yoxdur” deməyini bildirdiklərini, şəxsi axtarış otağına gedərkən narkotik vasitəni təkrar cibinə yerləşdirdiklərini, çəkiliş aparmağa başlayanda gömrük əməkdaşının ona üstündəkiləri çıxarmağını dedikləri”nə münasibətdə qeyd edir ki, bu halllar təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin ifadəsində yuxarıda qeyd edilən həmin hallar həm ibtidai araşdırma zamanı, həm də məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs istər gömrük postunda, istərsə də ibtidai istintaq dövründə ona heç bir təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2025-ci il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokolu, habelə məhkəmə iclasında baxış keçirilmiş elektron daşıyıcıda (DVD-də) olan video görüntüləri, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2025-ci il tarixli 289 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2025-ci il tarixli 162 saylı ambulator məcburi narkoloji yoxlamanın rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə idarə etdiyi 34AEN301/34YC8369 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda təmiz çəkisi 22,291 qram qurudulmuş marixuana narkotik vasitəsini əyninə geyindiyi açıq yaşıl rəngli gödəkcənin sol iç cibindəki şəffaf plastik butulkanın içərisinə qoyaraq qəsdən saxlamış, Azərbaycan Respublikasının ərazisinə daşımış və həmin tarixdə idarə etdiyi yük nəqliyyat vasitəsilə saat 10 radələrində ölkə ərazisinə tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və bununla da Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik maddə olan “qurudulmuş marixuana” narkotik vasitəsinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, özünü tam təqsirli bilməsini və əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 17 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 162 saylı tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə olunmasına zərurət olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikası vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması üçün təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 22,241 qram narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə istifadəsi üçün nəzərdə tutulmuş 2 qutu kağız məhv edilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd açıq yaşıl rəngli gödəkcə və Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung Galaxy A15”, 1 ədəd “İPhone 14 Pro Max” və 1 ədəd “Redmi 9T” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmalı, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U28194975 nömrəli pasport isə özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 90 (doxsan) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesablarına ödənilməlidir. Cinayət işinə əlavə edilmiş 01 ədəd cinayət işinin materiallarının elektron variantı olan CD və 02 ədəd DVD cinayət işində saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 90 (doxsan) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142330, büdcə səviyyəsinin kodu 2, X6 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ 88 NABZ ********************, SFİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, Hesab: AZ 21 NABZ ********************) hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması üçün təhvil verilmiş 22,241 qram narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə istifadəsi üçün nəzərdə tutulmuş 2 qutu kağız məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd açıq yaşıl rəngli gödəkcə, 1 ədəd “Samsung Galaxy A15”, 1 ədəd “İPhone 14 Pro Max” və 1 ədəd “Redmi 9T” markalı mobil telefonlar özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus U28194975 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işinə əlavə edilmiş 01 ədəd cinayət işinin materiallarının elektron variantı olan CD və 02 ədəd DVD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-7/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-7/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver