Məhkəmə qərarları › İş №1(111)-8/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-8/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-8/2024 21.02.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan MR X2 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə İran İslam Respublikasının Bəndər-Abbas şəhərində anadan olmuş, ali təhsilli, sürücü işləmiş, evli, məhkumluğu olmayan, İran İslam Respublikasının Bəndər-Abbas şəhəri, Rudan qəsəbəsi, Şəhid Dəstğeyb ünvanında qeydiyyatda olaraq yaşamış, 21 oktybar 2023-cü tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, 19 oktyabr 2023-cü il tarixdə Naxçıvan MR Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə idarə etdiyi 85AB319/85AB320 dövlət qeydiyyat nişanlı “Volvo FH540” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Rumıniya Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi təsiredici maddəsinin miqdarı 5,4 qram olan üzərində “225” yazısı yazılmış 48 ədəd güclü təsir edən maddə tramadol həb parçalarını nəqliyyat vasitəsinin kabinində olan ağ rəngli plastik qənd qabının içərisində, təsiredici maddəsinin miqdarı 2,025 qram olan 9 ədəd güclü təsir edən tramadol həblərini əyninə geyindiyi şalvarın sol cibində, 2 ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçaqlarından birini kabinin arxa divarında olan boşluqda digərini isə qoşqunun sol orta hissəsində yerləşən dəmir dolabın içərisindəki metal alətlərin olduğu siyirmədə saxlamaqla gəzdirmiş, həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 16:00 radələrində tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan güclü təsir edən maddəni və soyuq silahları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, İran İslam Respublikasında yaşayır. 5 ildir ki, sürücü işləyir. İdarə etdiyi 85AB319/85AB320 dövlət qeydiyyat nişanlı “Volvo FH540” markalı nəqliyyat vasitəsinə tarixini xatırlamadığı vaxtda İranın Sabə şəhərindən yük götürərək Rumıniyaya apardığından İranın Poldəşt gömrüyünü keçib Şahtaxtı gömrüyünə gəlmişdir. Gömrükdən keçərkən gömrük əməkdaşı tərəfindən nəqliyyat vasitəsi yoxlanılmış, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində olan qənd qabından 48 ədəd həb parçaları və nəqliyyat vasitəsindən 2 ədəd bıçaq, şəxsi yoxlamada isə şalvarının cibindən 9 ədəd bütöv halda həblər tapılmışdır. Dərmanlar və bıçaqlar götürüldükdən sonra sənədləşmə işi aparılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona ünvanlanmış suallara cavab olaraq sürücü kimi xarici ölkəyə birinci dəfə çıxış etdiyini, Naxçıvana ilk dəfə keçdiyini, nəqliyyat vasitəsindən aşkarlanan dərmanları Rumıniyaya səfərə çıxmazdan əvvəl həkim göstərişi ilə reseptlə aptekdən aldığını, yadından çıxıb maşınında qaldığını, reseptin isə evdə qaldığını, gömrükdə qadağan olunmuş nəyinsə olması ondan soruşulduqda dərmanların maşında olduğu yadına düşmədiyi üçün demədiyini, dərmanları böyrəklərində ağrıları çox olduğundan İranın Bəndər-Abbas şəhərində 6 ay əvvəl həkimin yazdığını, onları özünün müalicəsi üçün ağrıkəsici kimi istifadə etdiyini, ağrıları olanda qəbul etdiyini, Azərbaycanda qadağan olduğunu bilmədiyini, gömrüyə daxil olanda məlumatı olmadığını, orada İranlı sürücünün dediyi üçün dərmanları Azərbaycan gömrüyünə daxil olandan sonra qorxub gizlətdiyini, nəqliyyat vasitəsindən aşkarlanmış 2 ədəd bıçaqdan birini kabininə, digərini isə alətlər qutusunun içərisinə qoyduğunu, həmin bıçaqları mağazadan aldığını, kəsici hissələrinin 4- 5 sm olduğunu, xüsusi hazırlatma olmadığını, həmin bıçaqları maşının hava balonu nasaz olduğundan və onu kəsmək üçün istifadə etdiyindən maşında saxladığını, bıçaqlardan yalnız maşında kəndir və təkər kəsmək üçün istifadə etdiyini, bıçaqlardan biri kort olduğundan və təkərin rezinini kəsmədiyindən başqasını aldığını, kort olanı alətlərin yanına atdığını, bıçaqlar maşında olan vaxt başqa gömrüklərdən də keçdiyini, gömrük postunda dili bilmədiyindən gömrük əməkdaşı tərəfindən nə soruşulduğunu başa düşmədiyini, onun tərəfindən bildiriş təqdim edilmədiyini bildirmişdir. Son sözündə Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu, qanunları bilmədiyini, ailə quracağını, hazırda böyrəklərindən əziyyət çəkdiyini nəzərə alınaraq cərimə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində bildirmişdir ki, o, Naxçıvan Baş Gömrük İdarəsi “Şahtaxtı” gömrük postunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 oktyabr tarixdə Şahtaxtı gömrüyündə işdə olduğu zaman Najafı nəqliyyat vasitəsi ilə gömrüyə daxil olduqdan sonra ona yaxınlaşmış, nəqliyyat vasitəsində qadağan olunmuş nələrinsə olub-olmaması barədə farsca bildiriş təqdim etmiş, sürücü heç nə olmadığını demiş, daha sonra ondan bunu şifahi olaraq da soruşmuş, Najafı həmin vaxt onun nə soruşduğunu başa düşmüş, yenə də heç nə olmadığını demişdir. Sonra kinoloji itin köməyi ilə baxış keçirmiş, baxış zamanı it nəqliyyat vasitəsinin sol qapısına reaksiya verdiyindən nəqliyyat vasitəsini yoxlamaq üçün 2 hal şahidi çağırmış, nəqliyyat vasitəsini axtardıqda qənd qabının içindən üzərində 225 yazılmış 48 ədəd parçalanmış halda olan həb aşkar etmiş, axtarış zamanı maşının kabinində sol tərəfdə yemək dolabının içindən və qoşquda alətlər qutusundan bıçaq tapmış, sonra sürücünün üzərində şəxsi yoxlama aparmış, yoxlama zamanı sürücü Najafının sol cibindən kağıza bükülmüş 9 ədəd bütöv həb aşkar etmiş, sürücüdən dərmanların nə olduğunu soruşduqda o, böyrəklərində ağrılarının olduğu üçün özünün istifadə etdiyini demişdir. Yoxlamanın nəticəsi olaraq sənədlər tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, itçilik klubunun regionlar üzrə baş təlimçisi vəzifəsində işləyir. 19 oktyabr tarixdə Şahtaxtı gömrüyündə işdə olarkən Kəramət müəllim ona zəng edərək 85AB319/85AB320 nömrəli nəqliyyat vasiəsini yoxlayacağını, yoxlamada itin köməyindən istifadə olunmasını demiş, nəqliyyat vasitəsinin olduğu yerə getmiş və itlə kinoloji yoxlama aparmağa başlamışdır. Bu zaman it nəqliyyat vasitəsinin sol qapısına reaksiya vermiş, lakin orada heç nə aşkar edilməmişdir. Kəramət müəllim şübhələndiyinə görə 2 hal şahidi dəvət edərək nəqliyyat vasitəsini yoxlamağa başlamış, baxış zamanı nəqliyyat vasitəsinin kabinində qənd qabının içindən 2-3 bəziləri də 4 yerə bölünmüş həblər aşkar etmiş, kabinin arxa cibindən və qoşqudakı dolabda olan açar qabından 2 ədəd bıçaq tapmışdır. Aşkar olunmuş bıçaqlar mətbəx bıçağı olmayan işlənmiş, uzun, qara rəngli və eyni formada olmuşdur. Sürücü onları təkər kəsmək üçün istifadə etdiyini demişdir. Daha sonra yükə baxılmış, heç nə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Kəngərli rayon Şahtaxtı kəndində yaşayır. Hazırda işsiz olduğundan Şahtaxtı gömrük postunda yüklərin doldurulub-boşaldılmasında fəhlə kimi işləyir. 19 oktyabr tarixdə Şahtaxtı gömrük postunda yük boşaldarkən Kəramət müəllim onu və fəhlə yoldaşı Fərmanı çağırıb şübhələndiyi nəqliyyat vasitəsini yoxlayacağını demiş, razılaşdıqlarından onlar birlikdə nəqliyyat vasitəsinin yanına getmiş, Kəramət müəllim sürücüdən qadağan olunmuş nələrinsə olub-olmamasını soruşmuş, o da cavabında heç nə olmadığını demişdir. Axtarış zamanı nəqliyyat vasitəsinin kabinində qənd qabının içindən 48 ədəd dərman tapılmışdır. Kəramət müəllim iranlı sürücüdən bunların nə olmasını soruşduqda böyrəklərində ağrıları olduğu üçün özünün istifadə etdiyini demişdir. Kabinin arxa hissəsindən və qoşquda alətlər qutusunun içindən hər ikisi eyni olan bıçaq tapılmış, Najafı bıçaqları təkər kəsmək üçün istifadə etdiyini demiş, şəxsi yoxlama aparılan zaman isə sol cibindən 9 ədəd salfetə bükülmüş dərman həbləri tapılmışdır. Daha sonra protokol tərtib olunmuş və onlar da imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəmədə dindirilmiş digər Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” və “şəxsi yoxlama aparılması haqqında” protokollardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:46-da “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da Rumıniyaya “PVC” yükü aparan İran İslam Respublikasının vətəndaşı, xx.xx.2022-ci il tarixdə verilmiş X60497143 nömrəli xarici pasportun sahibi, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi 85AB319/85AB320 dövlət qeydiyyat nişanlı, “Volvo FH540” markalı yük nəqliyyat vasitəsinin kabin hissəsinə “Reks” ləqəbli xidməti itin reaksiyası əsasında keçirilmiş əsaslı yoxlama zamanı, həmin yük nəqliyyat vasitəsinin kabinində olan ağ rəngli plastik qənd qabının içindəki qənd tikələrinin arasından 48 ədəd ağ rəngli, üzərilərində “225” yazısı olan naməlum tərkibli güclü təsiredici maddə olması güman edilən həb parçaları, kabinin arxa divarında yerləşən boşluqdan qını ilə birlikdə 1 ədəd qara rəngli bıçaq, yük nəqliyyat vasitəsinin qoşqusunun sol orta hissəsində yerləşən dəmir dolabın içindəki metal alətlərin olduğu siyirmədən qını ilə birlikdə 1 ədəd qara rəngli bıçaq aşkar edilmiş və üzərində aparılan şəxsi yoxlama zamanı əyninə geyindiyi şalvarın sol cibindən salfet parçasına bükülmüş halda, 9 ədəd ağ rəngli, üzərlərində “225” yazısı olan naməlum tərkibli güclü təsir edici maddə aşkar edilərək götürülmüşdür. 20 oktyabr 2023-cü il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və 21 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. 15 dekabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 228.4-cü maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 19 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 21 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 85AB319/85AB320 dövlət qeydiyyat nişanlı, “Volvo FH540” markalı yük nəqliyyat vasitəsindən aşkarlanaraq götürülmüş 48 ədəd ağ rəngli, üzərilərində “225” yazısı olan naməlum tərkibli güclü təsiredici maddə olması güman edilən həb parçalarının və üzərində aparılan şəxsi yoxlama zamanı əyninə geyindiyi şalvarın sol cibindən salfet parçasına bükülmüş 9 ədəd ağ rəngli, üzərilərində “225” yazısı olan naməlum tərkibli güclü təsir edici maddə güman edilən həblərin nə olmasının, hazırlanma üsulunun, əgər narkotik, yaxud güclü təsir edən və zəhərli maddədirsə hansı növə aid olmasının, xalis çəkisinin və təsiredici maddəsinin miqdarının müəyyən edilməsi məqsədilə 19 oktyabr 2023-cü il tarixdə məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2023-cü il tarixli, 1051 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilən, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən və üzərindən aşkar edilərək götürülmüş 02 ədəd balaca zərfdə təqdim olunmuş, birinci zərfin içərisindəki üzərində “225” yazısı olan 09 ədəd həb (Tramadol təsiredici maddəsinin miqdarı 2,025 qram), ikinci zərfin içərisindəki üzərində “225” yazısı olan 48 ədəd həb parçaları (Tramadol təsiredici maddəsinin miqdarı 5,4 qram) olan, ümumilikdə 09 ədəd bütöv həb və 48 ədəd parça həblər (Tramadol təsiredici maddəsinin ümumi miqdarı 7,425 qram) dərman həbləri zavod üsulu hazırlanmış tramadol dərman preparatlarıdır. Tramadol dərman həbləri Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir. Qeyd: Tramadol həblərinin sayı - 09 ədəd bütöv, 48 ədəd parça həb; tədqiqata sərf edildi - 01 ədəd bütöv, 01 ədəd parça həb; qalıq - 08 ədəd bütöv, 47 ədəd parça həb. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs idarə etdiyi 85AB319/85AB320 dövlət qeydiyyat nişanlı, “Volvo FH540” markalı yük nəqliyyat vasitəsindən aşkarlanaraq götürülmüş 2 ədəd qara rəngli bıçaqların soyuq silah olubolmamasının, həmin predmetlər soyuq silahdırsa, hansı növ (tip) soyuq silahlara aid olmasının, hansı üsulla hazırlanmasının, əgər soyuq silahdırsa, soyuq silahın üzərində hər hansı əlavə dəyişikliklər edilməsinin, əgər edilmişdirsə, bu dəyişikliklər onun təyinatını dəyişdirməsinin müəyyən edilməsi üçün 19 oktyabr 2023-cü il tarixli qərarla məhkəmə ballistik ekspertiza təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli, 1052 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilən 2 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş ümumi təyinatlı ov bıçaqlardır, soyuq silah hesab edilirlər. 21 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edib-etməməsinin, əgər narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edirsə narkоmaniya xəstəliyinə tutulub-tutulmamasını, əgər narkomandırsa məcburi müalicəyə ehtiyacı оlub-оlmamasını müəyyən etmək məqsədilə məhkəmə-narkоlоji ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 352 saylı ambulator məhkəmə-narkoloji ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmadı. Lakin fiziki və psixi asılılıq olmadan narkotik maddə qəbulu istisna olunmur. Məhkəməyədək icraat dövründə 02 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən götürülmüş 2 ədəd soyuq silah olan ümumi təyinatlı ov bıçaqları və üzərində “225” yazısı olan 48 ədəd güclü təsir edən tramadol həb parçaları (Tramadol təsiredici maddəsinin miqdarı 5,4 qram), həmçinin üzərindən götürülmüş üzərində ”225” yazısı olan 9 ədəd güclü təsir edən tramadol həbləri (Tramadol təsiredici maddəsinin miqdarı 2,025 qram) cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 8 ədəd bütöv həb, 47 ədəd parça həb olan tramadol dərman preparatları və 2 ədəd soyuq silah olan ümumi təyinatlı ov bıçaqları məhkəmənin yekun qərarına kimi Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında, həmçinin Təqsirləndirilən şəxsdən götürülmüş 1 ədəd “X10 10+” markalı mobil telefon məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məxsus X60497143 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, əməliyyat kartotekasında Təqsirləndirilən şəxs haqqında heç bir məlumat yoxdur. Məhkəmə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində “gömrük postunda dili bilmədiyindən gömrük əməkdaşı tərəfindən nə soruşulduğunu başa düşmədiyini, onun tərəfindən bildiriş təqdim edilmədiyi”nə münasibətdə qeyd edir ki, bu hal təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakteri daşıyır. Belə ki, o, öz ifadəsində onun üzərindən aşkarlanaraq götürülmüş güclü təsiredici maddə olan dərmanların qadağan olunduğunu, gizlətdiyini və qorxduğundan gömrük postunda təqdim etmədiyini bildirmiş və iş materiallarında hüquq vəzifələrinə dair bildirişin tərcümə variantı onun özü tərəfindən imzalanaraq təqdim edilməsi təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” və “şəxsi yoxlama aparılması haqqında” protokolları, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2023-cü il tarixli, 1051 nömrəli tarixli, və 30 oktyabr 2023-cü il tarixli, 1052 nömrəli ekspert rəylərini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə Naxçıvan MR Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə idarə etdiyi 85AB319/85AB320 dövlət qeydiyyat nişanlı “Volvo FH540” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Rumıniya Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi təsiredici maddəsinin miqdarı 5,4 qram olan üzərində “225” yazısı yazılmış 48 ədəd güclü təsir edən maddə tramadol həb parçalarını nəqliyyat vasitəsinin kabinində olan ağ rəngli plastik qənd qabının içərisində, təsiredici maddəsinin miqdarı 2,025 qram olan 9 ədəd güclü təsir edən tramadol həblərini əyninə geyindiyi şalvarın sol cibində gizlədərək həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 16:00 radələrində tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan güclü təsir edən maddələri bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs həmin tarixdə idarə etdiyi 85AB319/85AB320 dövlət qeydiyyat nişanlı “Volvo FH540” markalı yük nəqliyyat vasitəsində 2 ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçaqlarından birini kabinin arxa divarında olan boşluqda, digərini isə qoşqunun sol orta hissəsində yerləşən dəmir dolabın içərisindəki metal alətlərin olduğu siyirmədə gəzdirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsiyə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə (milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, həmin əməllərə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə əsasən üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinə əsasən üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. 13 dekabr 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na görə tramadol tərkibli dərmanın külli miqdar (qramlarla) daxil olmaqla aşağı hədləri 6 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2 və 228.4-cü maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cəzanın anlayışını və məqsədini müəyyən edən Azərbaycan Respublikası CM-nin 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxsnn cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxsnin cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 19 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olmasını, Azərbaycan Pespublikası CM-nin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 352 nömrəli tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxsnin idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkarlanıb götürülmüş və maddi sübut kimi tanınmış 2 ədəd soyuq silah olan ümumi təyinatlı ov bıçaqları onun təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə qanunsuz olaraq əldə etdiyini nəzərə alaraq Azərbaycan Respublikası CMnin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak kimi qiymətləndirib hesab edir ki, cinayət işi üzrə həmin əmlak xüsusi müsadirənin obyektidir və müsadirə edilməlidir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağına saxlanılması üçün təhvil verilmiş 2 ədəd soyuq silah olan ümumi təyinatlı ov bıçaqları dövlət nəfinə müsadirə edilməklə Naxçıvan MR Daxili İşlər Nazirliyinə təhvil verilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 8 ədəd bütöv həb, 47 ədəd parça həb olan tramadol dərman preparatları məhv edilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxsyə məxsus olan 1 ədəd "X9 10+” markalı mobil telefon özünə qaytarılmalı, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxsyə məxsus X60497143 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi 85AB319/85AB320 dövlət qeydiyyat nişanlı, “Volvo FH540” markalı yük nəqliyyat vasitəsi texniki pasportu ilə birlikdə “Şahtaxtı” Gömrük postunun əməkdaşlarının tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktla etibarnamə əsasında İran İslam Respublikası vətəndaşı X1 təhvil verilməsi təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. İş üzrə müdafiçiyə və tərcüməçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 195.1.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı cinayət prosesini həyata keçirən orqanın tələbi ilə tərcüməçi tərəfindən görülən iş yerinə yetirildikdə - Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla sərtləşdirildiyi kimi görülən işin haqqı ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsilə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağına saxlanılması üçün təhvil verilmiş 2 ədəd soyuq silah olan ümumi təyinatlı ov bıçaqlar dövlət nəfinə müsadirə edilməklə Naxçıvan MR Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan 8 ədəd bütöv həb, 47 ədəd parça həb güclü təsiredici maddə “tramadol” dərman preparatı məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd "X10 10+” markalı mobil telefon özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus X60497143 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. İş üzrə müdafiəçiyə və tərcüməçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar