Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-8/2025 02.07.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakı ilə, xx.xx.1989-ci il tarixdə İran İslam Respublikasının Zəncan şəhərində anadan olmuş, evli, bir uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, İran İslam Respublikasının Zəncan şəhəri, Şəhid Rəcai küçəsi, 4-cü məhəllə, ev 98 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 06 mart 2025-ci il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə idarə etdiyi 96AM487/96AM488 dövlət nömrə nişanlı, “DAF XF480FT” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 5 konvalyutda, ümumilikdə 100 ədəd üzərində “Diazepam 2” yazısı olan psixotrop maddə diazepam dərman preparatlarını (təsiredici maddəsinin miqdarı – 0,2 qram) və 26 ədəd üzərində “M 20” yazıları olan narkotik vasitə metadon dərman preparatlarını (təsiredici maddəsinin miqdarı xeyli miqdar olan – 0,52 qram) qadın bezinin içərisinə qoyaraq qasıq nahiyəsinə yapışdırmaqla gizlətmiş, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, həmin tarixdə idarə etdiyi yük nəqliyyat vasitəsilə saat 11 radələrində tranzit giriş edərkən qeyd olunan narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, müalicəsi üçün həkim resepti əsasında gündə 1 metadon və 3 diazepam həblərindən istifadə edir, həkimə getməyi ilə bağlı sənədlər yadından çıxıb evdə qalmış, gömrük sərhədini keçəndə sənədləri yanında olmadığından əldə etdiyi həbləri məcbur qalıb gizlədərək keçirmiş, həbləri sadəcə öz istifadəsi üçün əldə etmiş, 1 gün gömrükdə qalmış gömrüyə gələndə ilk növbədə onu şəxsi yoxlama otağına apararaq üstünü yoxlayaraq əynindəki şalvarı çıxarmış, bu zaman gömrük əməkdaşı üstündə gizlətdiyi dərmanları görmüş, sonra isə idarə etdiyi nəqliyyat vasitəsini yoxlamışlar. Həmçinin məhkəmədə sorğu-sual edilərkən Təqsirləndirilən şəxs ifadəsində 2 ildir ki, sürücü işlədiyini, təxminən 2 ildir ki, həkim resepti əsasında həmin həblərdən istifadə etdiyini, üzərindən çıxan dərman həblərini təxminən 4 manata aldığını, gömrüyə gəlmədən əvvəl İranın Tehran şəhərində nəqliyyat vasitəsinə yük vurduğunu, oradan Zəncana getdiyini, həkim sənədlərinin həmişə nəqliyyat vasitəsində olduğunu, bu dəfə nəqliyyat vasitəsini təzə dəyişdiyi üçün sənədlərin evdə qaldığını, İranda 1 gecə qaldığını, xx.xx.2025-ci il tarixdə Azərbaycan gömrüyünə gəldiyini, həmin dərmanları qəbul etmədiyi halda, gecələri yata bilmədiyini, həmin dərmanları gömrükdən keçirməyin qadağan olduğunu bildiyini, tutulacağından qorxduğu üçün gizlətdiyini, şəxsi yoxlama aparmaq üçün gömrük əməkdaşının onu ayrıca otağa apardığını, orada 2 nəfər də hal şahidinin olduğunu, yoxlamadan əvvəl gömrük əməkdaşının qadağan olunmuş nə isə olub-olmadığını soruşduğunu, cavabında heç nəyin olmadığını dediyini, aşkar olunan dərman həblərini qadın bezinin arasına qoyaraq üstündə gizlətdiyini, şəxsi yoxlama bitdikdən sonra gömrük əməkdaşının bəzi sənədlər hazırladığını və onları imzaladığını, nəqliyyat vasitəsini də yoxlayan zaman heç nə aşkar olunmadığını, üstündən aşkar olunan dərmanlar barədə soruşularkən həkim resepti əsasında istifadə etdiyini dediyini, həmin dərmanları İranda resept əsasında aptekdən aldığını, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, hər iki dərmandan da 2-3 ildir ki, istifadə etdiyini, əvvəllər 3-4 il tiryək narkotik vasitəsindən istifadə etdiyini, indi artıq tərgitdiyini, diazepamdan yatmaq üçün, metadonu isə ağrıları üçün istifadə etdiyini, metadonu həkimin özü verdiyini, diazepamı isə aptekdən aldığını, tutulduqdan sonra Azərbaycanda olduğu müddət ərzində həmin dərmanlardan istifadə etmədiyinə görə fiziki olaraq əzab çəkdiyini, yoxlama zamanı gömrük əməkdaşının onun qasıq nahiyəsinə qadın bezi ilə yapışdırmış olduğu 100 ədəd üzərində “Diazepam 2” və 26 ədəd üzərində “M 20” yazıları olan həbləri aşkar etdiyini və üzərində aşkar olunan həblərin ona məxsus olduğunu, əməlindən peşman olduğunu, ailəli və 1 azyaşlı uşağının olduğunu nəzərə alıb barəsində cərimə cəzasının tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə “Şahtaxtı” gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən İran İslam Respublikasından gələn İran İslam Respublikasına məxsus 96AM487/96AM488 dövlət qeydiyyat nişanlı, “DAF XF480FT” markalı yük nəqliyyat vasitəsinə yaxınlaşmış və özünü təqdim edərək həmin yük nəqliyyat vasitəsinin sürücüsünü şifahi sorğu-sual etmiş, vətəndaşının hal və hərəkətləri şübhə yaratdığından onun idarə etdiyi nəqliyyat vasitəsini yoxlamaq və şəxsi yoxlama aparmaq qərarına gəlmiş, yoxlamadan əvvəl sürücüyə fars dilində hüquq və öhdəlikləri barədə bildiriş təqdim edilmiş, yoxlamanın aparılmasında hal şahidləri də iştirak etmişlər. Yoxlamadan əvvəl sürücüdən qadağan olunmuş predmet olub-olmamasını soruşmuş, sürücü heç nə olmadığını demiş, şəxsi yoxlamadan əvvəl yenə də üzərində qadağan olunmuş predmet olub-olmamasını soruşmuş, heç nə olmadığını dedikdən sonra hal şahidlərini iştirakı ilə aparılan şəxsi yoxlama zamanı sürücünün alt paltarına yapışdırılmış qadın bezinin içərisindən 5 konvalyutda ümumilikdə 100 ədəd diazepam və şəffaf sellofan paketdə 26 ədəd üzərində M20 yazıları olan həblər aşkar edilərək götürülmüş, və bu barədə protokol tərtib olunmuş və sonra isə qablaşdırılmış dərman vasitələri təhqiqat orqanına təhvil verilmişdir. Həmçinin bildirmişdir ki, yük nəqliyyat vasitəsinin yoxlanılması zamanı nəqliyyat vasitəsində qadağan olunmuş heç nə aşkarlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, arasıra “Şahtaxtı” gömrük postunda yük boşaltmağa işçi lazım olduğundan oraya iş üçün gedir. 05 mart 2025-ci il tarixində “Şahtaxtı” gömrük postuna, həmkəndlisi Nicat ilə yük boşaltmağa getmiş, həmin tarixdə Şahtaxtı gömrüyündə olarkən gömrük əməkdaşı Kəramət Nicatla onu çağıraraq sürücülərdən birinin üzərində şəxsi yoxlama aparacağını deyərək onlardan hal şahidi kimi yoxlamada iştirak etməyi istəmiş, onlar da onun təklifini qəbul edərək hal şahidi kimi yoxlamada iştirak etmişlər. Yoxlamadan əvvəl Kəramət sürücüdən üzərində qadağan olunmuş nə isə olub-olmadığını soruşmuş, sürücü isə heç nə olmadığını demiş, şəxsi yoxlama zamanı sürücünün alt paltarına yapışdırılmış qadın bezinin içərisindən 5 konvalyutda ümumilikdə 100 ədəd diazepam və şəffaf sellofan paketdə 26 ədəd üzərində M20 yazıları olan həblər aşkar edilmiş, aşkar edilən dərman vasitələri qablaşdırılaraq götürülmüş və hazırlanmış sənədləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar ifadə verərək Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs qasıq nahiyəsinə qadın bezi ilə yapışdırılmış halda 5 konvalyutda, ümumilikdə 100 ədəd üzərində “Diazepam 2” yazısı olan və 1 ədəd şəffaf sellofan paketdə 26 ədəd üzərində “M 20” yazıları olan həblər aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. 06 mart 2025-ci il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə cinayət işi başlanılmış və həmin tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. 30 aprel 2025-cü il tarixli qərarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və həmin tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 05 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 05 mart 2025-ci il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə şəxsi yoxlama zamanı İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsdən aşkar edilmiş 5 konvalyutda, ümumilikdə 100 ədəd üzərində “Diazepam 2” yazısı olan və 1 ədəd şəffaf sellofan paketdə 26 ədəd üzərində “M 20” yazıları olan həblərin nə olmasının, narkotik vasitələrə, psixotrop maddələrə və yaxud güclü təsir edən və zəhərli maddələrin siyahısına aid olmasının, əgər aiddirsə hansı növə aid olmasının, hazırlanma üsulunun və xalis çəkisi və ya təsiredici maddəsinin miqdarının və tibbi məqsədlər yararlı olmasının müəyyən edilməsi məqsədilə 05 mart 2025-ci tarixdə məhkəmə bioloji ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 262 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...” yazıları olan 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə üzərində “M 20” yazıları olan 26 ədəd dərman preparatları (təsiredici maddəsinin miqdarı – 0,52 qram) narkotik vasitə olan metadon dərman preparatıdır. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İİ Siyahı, İ bənd, sıra №6). Üzərində “Diapezam 2” yazıları olan hər birində 20 ədəd olmaqla 05 ədəd konvalyutda ümumilikdə 100 ədəd dərman preparatları (təsiredici maddəsinin miqdarı – 0,2 qram) diazepam dərman preparatlarıdır. Diazepam dərman həbləri 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İİİ Siyahı, sıra №11). Tədqiqat aparılması üçün təqdim edilən 5 konvalyutda ümumilikdə 100 ədəd üzərində Diapezam 2 və 1 ədəd şaffaf sellofan paketdə 26 ədəd üzərində M 20 yazıları olan naməlum tərkibli həblər tibbi məqsədlər yararlı olması ekspertiza sahəsinin həll etdiyi məsələlərə aid olmadığından cavablandırıılmamışdır. Qeyd: Metadon həblərinin sayı - 26 həb, tədqiqata sərf edildi - 1 həb, qalıq - 25 həb. Diazepam həblərinin sayı - 100 həb, tədqiqata sərf edildi - 05 həb, qalıq - 95 həbdir. 06 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edib-etməməsini, əgər narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edirsə, narkomaniya xəstəliyinə tutulub-tutulmamasını, əgər narkomandırsa məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək məqsədilə ambulator məcburi narkoloji yoxlama ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2025-ci il tarixli 163 saylı ambulator məcburi narkoloji yoxlamanın rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir, narkomaniya xəstəliyinə tutulmuşdur və məcburi müalicəyə ehtiyacı vardır. Məhkəməyədək icraat dövründə xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən götürülmüş 100 ədəd psixotrop maddə diazepam dərman preparatları və 26 ədəd narkotik vasitə metadon dərman preparatları cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 25 həb narkotik vasitə olan metadon və 95 həb diazepam psixotrop maddəsi, eləcə də 1 ədəd boz rəngli alt paltarı, 1 ədəd ağ rəngli qadın bezi, Təqsirləndirilən şəxsn götürülmüş 1 ədəd “Redmi A13” markalı mobil telefon məhkəmənin yekun qərarınadək Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxsə məxsus H552366078 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin ƏSİŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat təşkil edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ifadəsində üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə hesab edilən dərman preparatlarının müalicə üçün həkim resepti əsasında əldə etdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Eyni zaman bununla əlaqədar məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2006-cı il tarixli 163 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən müalicə məqsədilə keçirdiyi hər bir narkotik vasitə və ya psixotrop maddəni yazılı qaydada bəyan etməli, bununla yanaşı, özündə olan narkotik vasitə və ya psixotrop maddə ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin tətbiqini (onların adları, miqdarı, dərman forması, qəbul qaydası və istifadə müddəti göstərilməklə) tələb edən xəstəliyin olması haqqında yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənədi, narkotik vasitələrin və psixotrop maddələrin qanuni yolla əldə edildiyini təsdiq edən sənədi (reseptin surətini) gömrük orqanlarına təqdim etməlidir. Təqdim edilən dərman preparatlarının adının, miqdarının, dərman formasının təqdim edilmiş sənədlərə uyğunluğu gömrük orqanları tərəfindən yoxlanılır və bəyannamədə daxil olma haqqında müvafiq qeyd aparılır. Tranzit keçən xəstə tərəfindən müalicə məqsədilə keçirilən narkotik vasitələrin və psixotrop maddələrin bəyan edilməməsi və ya digər yollarla qanunsuz keçirilməsi cəhdi aşkar edilərsə, həmin şəxsə qarşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət tədbiri tətbiq olunur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin təqdim etdiyi Azərbaycan dilinə tərcümə və apostil olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü Mohammadı Giso adında uşağı vardır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2025-ci il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 262 nömrəli nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2025-ci il tarixli 163 saylı ambulator məcburi narkoloji yoxlamanın rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə idarə etdiyi 96AM487/96AM488 dövlət nömrə nişanlı, “DAF XF480FT” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 5 konvalyutda, ümumilikdə 100 ədəd üzərində “Diazepam 2” yazısı olan psixotrop maddə diazepam dərman preparatlarını (təsiredici maddəsinin miqdarı – 0,2 qram) və 26 ədəd üzərində “M 20” yazıları olan narkotik vasitə metadon dərman preparatlarını (təsiredici maddəsinin miqdarı xeyli miqdar olan – 0,52 qram) qadın bezinin içərisinə qoyaraq qasıq nahiyəsinə yapışdırmaqla gizlətmiş, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, həmin tarixdə idarə etdiyi yük nəqliyyat vasitəsilə saat 11 radələrində tranzit giriş edərkən qeyd olunan narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və bununla da Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Həmin Qərarın 14-cü bəndində qeyd olunmuşdur ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik maddə olan “metadon” narkotik vasitəsinin xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla, aşağı aşağı həddi 0,02 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları” üzrə İİ siyahısına görə “diazepam” psixotrop maddəsinin xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, özünü tam təqsirli bilməsini və əvvəllər məhkum olunmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxsə cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsə təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 05 mart 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 163 saylı tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə olunmasına zərurət olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması üçün təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 25 həb narkotik vasitə olan metadon və 95 həb diazepam psixotrop maddə və həmin maddələrin gizlədilməsi üçün istifadə edilən 1 ədəd ağ rəngli qadın bezi məhv edilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxsə məxsus olan 1 ədəd boz rəngli alt paltarı və Təqsirləndirilən şəxsdən götürülmüş 1 ədəd “Redmi A13” markalı mobil telefon Təqsirləndirilən şəxsə qaytarılmalı, Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxsə məxsus H552366078 nömrəli pasport isə özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 90 (doxsan) manat məbləğində vəsait Təqsirləndirilən şəxsdən alınıb Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesablarına ödənilməlidir. Cinayət işinə əlavə edilmiş 01 ədəd cinayət işinin materiallarının elektron variantı olan CD cinayət işində saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxsə qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 05 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsdən məhkəmə məsrəfi hesab olunan 90 (doxsan) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142330, büdcə səviyyəsinin kodu 2, X7 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ 88 NABZ ********************, SFİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, Hesab: AZ 21 NABZ ********************) hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması üçün təhvil verilmiş 25 həb narkotik vasitə olan “metadon”, 95 həb psixotrop maddə olan “diazepam” və həmin maddələrin gizlədilməsi üçün istifadə edilən 1 ədəd ağ rəngli qadın bezi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxsdən götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxsə məxsus olan 1 ədəd boz rəngli alt paltarı və 1 ədəd “Redmi A13” markalı mobil telefon özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxsə məxsus H552366078 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işinə əlavə edilmiş 01 ədəd cinayət işinin materiallarının elektron variantı olan CD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №1(111)-8/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-8/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver