Məhkəmə qərarları › İş №1(111)-9/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Hökm — İş №1(111)-9/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qıvraq qəsəbəsi İş № 1(111)-9/2025 18.07.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin və onun müdafiəçisi – Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Türkiyə Respublikasının Erzincan şəhəri Çağlayan rayonunun Erdene kəndində anadan olmuş, subay, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, Türkiyə Respublikasının Erzincan şəhəri Çağlayan rayonunun Erdene kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, haliyədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 6 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı”gömrük postu vasitəsilə idarə etdiyi 33AKL934/33ALR495 dövlət nömrə nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İranda olduğu müddət ərzində istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 01 ədəd ağ rəngli salfetə bükülmüş təmiz çəkisi – 7,670 qram, 02 ədəd qızılı rəngli paketin içərisində ayrıayrılıqda təmiz çəkiləri – 0,970 qram və 0,921 qram olmaqla cəmi 03 ədəd bükümdə ümumi təmiz çəkisi – 9,561 qram qurudulmuş marixuana narkotik vasitəsini yük nəqliyyat vasitəsinin kabin hissəsində döşəmədə olan zibil torbasındakı polietilen torbanın içərisində gizlədərək qəsdən saxlamış, Azərbaycan Respublikasının ərazisinə daşımış və həmin tarixdə idarə etdiyi yük nəqliyyat vasitəsilə saat 20 radələrində ölkə ərazisinə tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı”gömrük postundan qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ildir ki, sürücü işləyir, əvvəllər sürücü kimi Avropada işləmiş, vizası bitdiyindən və yeni viza gözləyərkən İrana getmiş, idarə etdiyi yük nəqliyyat vasitəsi “Volvo” markalı olmuş, tarixləri dəqiq xatırlamasa da, İrana və Naxçıvana 1 həftə ara ilə ikinci gəlişi olmuşdur. Tehranda yükü boşaltdıqdan sonra məqsədi yanacaq almaq üçün Azərbaycana, oradan isə Türkiyəyə getmək olmuşdur. Tehranda yük boşaldandan sonra nəqliyyat vasitəsini yuyub yemək üçün durmuş, həmin yerdə bir nəfər əldə hazırlanmış spirtli içki içərkən onun yanında oturmuş, bir az söhbət etdikdən sonra özündə olan spirtli içkini gətirib ona vermiş, həmin adam ona birlikdə içki içməyi təklif etsə də, ona sürücü olduğunu, həm də səhhəti üçün zərərli olduğunu bildirərək içmədiyini demiş, ondan nə içdiyini soruşanda Avropada olarkən “ot” içdiyini bildirmiş, bir az daha söhbət etdikdən sonra idarə etdiyi yük nəqliyyat vasitəsinə gedib yatdığı zaman təxminən 15-30 dəqiqə sonra bir uşaq nəqliyyat vasitəsinə yaxınlaşıb qapını döymüş və ona həmin adamın göndərdiyini deyərək ağ bükümün içində gətirdiyi “ot” dediyimiz narkotik vasitə olan marixuananı vermiş, “ot”u içki verdiyi adamın göndərdiyini başa düşüb almış və narkotik vasitəni Azərbaycan gömrüyündə sıra gözləyəndə onların verdiyi bükümü başqa bir bükümün içinə qoyub ağlına ilk gələn yer ora olduğu üçün nəqliyyat vasitəsindəki zibil torbasının içində gizlətmişdir. Həmin narkotik vasitənin gizlətmə səbəbi isə Avropada narkotik istifadəsinin qadağan olmadığı və Azərbaycanda belə ağır məsuliyyətə səbəb olduğunu bilmədiyi, əgər narkotik aşkar olunsa burada sənədləşmə ilə bağlı 2 gün artıq qalacağını və sərbəst buraxılacağını düşündüyü üçün işlədiyi şirkətin müdiriyyətinin xəbəri olarsa, onu işdən çıxararlar deyə olmuşdur və özünü qismən təqsirli bilməsinin də bunlara əsaslandığını bildirmişdir. Azərbaycan gömrüyünə gələndə gömrük əməkdaşı yoxlamadan əvvəl ondan nəqliyyat vasitəsində qadağan olunmuş nəyinsə olub-olmadığını soruşduqda heç nə olmadığını demiş, gömrükdə ona hüquq və vəzifələri izah edilmiş, heç bir təsir və təzyiq göstərilməmişdir. Yoxlama zamanı gömrük əməkdaşı tərəfindən gizlətdiyi narkotik vasitə aşkarlanmış, aşkarlamış narkotik vasitə özünün iştirakı ilə çəkilmişdir. Həmçinin məhkəmə baxışında Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni ancaq öz istifadəsi üçün aldığını, satmaq məqsədinin olmadığını, son sözündə narkotik vasitədən istifadə etsə də, pis insan olmadığını, etdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postuna təhkim olunmuş “Sədərək” gömrük postunun baş müfəttişi Şahid1 ifadəsində göstərmişdir ki, 06 aprel 2025-ci il tarixdə Şahtaxtı gömrük postunda ölkəyə giriş istiqamətində xidmətdə olarkən Türkiyə Respublikasına məxsus 33AKL934/33ALR495 nömrəli “Volvo” markalı yük nəqliyyat vasitəsi giriş istiqamətində yük nəqliyyat vasitələrinin yoxlanılması postuna yaxınlaşmış, həmin yük nəqliyyat vasitəsinin sürücüsünün Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, sürücüdən idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirmədən əvvəl dəfələrlə nəqliyyat vasitəsində bəyan edilməli predmet olub-olmadığını soruşmuş, nəqliyyat vasitəsinə gömrük baxışı adətən 7-12 dəqiqə vaxt aparsa da, sürücünün özünü şübhəli aparmasına görə yoxlama daha uzun müddət davam etmiş, nəqliyyat vasitəsinin kabininin içindəki zibil torbasından 3 bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, nəqliyyat vasitəsinin içindəki zibil torbasından aşkar olunan kütlənin kəskin iyli olması və rəngi, həmçinin əvvəllər də marixuana aşkar etdiyinə görə təcrübəsinə əsaslanaraq narkotik vasitə olduğunu təxmin etmiş, soruşanda sürücü də aşkarlanan həmin maddənin əsrar olduğunu, özünün çəkdiyini, İrandan gətirdiyini demiş, aşkar olunan narkotik vasitə sürücünün iştirakı ilə tərəzidə çəkilmiş, çəkilən zaman həmin maddə təxminən 26.5 qram olmuş və qablaşdırılaraq götürülmüşdür. Əlavə olaraq Şahid1 ifadəsində qeyd etmişdir ki, yoxlama video çəkiliş aparılmaqla keçirilmiş və bu zaman ona “Şahtaxtı” gömrük postunun inspektoru Şahid2 köməklik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsinin ”Şahtaxtı” gömrük postunun inspektoru Şahid2 oxşar ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postuna təhkim olunmuş “Sədərək” gömrük postunun baş müfəttişi Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan, habelə məhkəmə iclasında baxış keçirilmiş elektron daşıyıcıda (DVD-də) olan video görüntülərdən görünür ki, nəqliyyat vasitəsinin yoxlanılması zamanı Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsin idarə etdiyi 33AKL934/33ALR495 dövlət nömrə nişanlı, “Volvo” yük nəqliyyat vasitəsinin kabin hissəsində döşəmədə olan polietilen zibil torbasındakı əlavə polietilen torbanın içərisindən ağ salfetə bükülmüş açıq şəkildə və 2 ədəd qızılı rəngli kağızın içərisində olmaqla ümumilikdə qablaşdırma ilə çəkisi 26.511 qram olan kəskin iyli, açıq-yaşıl rəngli, qurudulmuş ot halında narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. 08 aprel 2025-ci il tarixdə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və həmin tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuşdur. 14 may 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinə tövsif olunmuş və həmin tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyindən 07 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Naxçıvan Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 07 aprel 2025-ci il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat dövründə nəqliyyat vasitəsinin yoxlanılması zamanı Təqsirləndirilən şəxsin idarə etdiyi 33AKL934/33ALR495 dövlət nömrə nişanlı, “Volvo” yük nəqliyyat vasitəsinin kabin hissəsində döşəmədə olan polietilen zibil torbasındakı əlavə polietilen torbanın içərisindən ağ salfetə bükülmüş açıq şəkildə və 2 ədəd qızılı rəngli kağızın içərisində olmaqla ümumilikdə qablaşdırma ilə çəkisi 26.511 qram olan, açıq-yaşıl rəngli qurudulmuş ot halında, kəskin iyli narkotik vasitəyə bənzər kütlə nə olmasının, narkotik vasitələrə, psixotrop maddələrə və yaxud güclü təsir edən və zəhərli maddələrin siyahısına aid olmasının, əgər aiddirsə hansı növə aid olmasının, hazırlanma üsulunun və xalis çəkisi və ya təsiredici maddəsinin miqdarının müəyyən edilməsi məqsədilə 07 aprel 2025-ci tarixdə məhkəmə bioloji ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2025-ci il tarixli, 418 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...”yazıları olan 01 ədəd ağ rəngli salfetə bükülmüş təmiz çəkisi – 7,670 qram, 02 ədəd qızılı rəngli paketin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri – 0,970 qram və - 0,921 qram olmaqla 03 ədəd bükümdə ümumi təmiz çəkisi – 9,561 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlələr narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ Siyahı, İ bənd, sıra №146). Qeyd: Marixuana təmiz çəkisi - 9,561 qram; tədqiqata sərf edildi - 0,06 qram; qalıq – 9,501 qram. Qablaşdırma üçün istifadə olunan salfet kağızının və 02 ədəd qızılı rəngli paketlərin ümumi çəkisi -16,950 qramdır. 08 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxsin narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edib-etməməsini, əgər narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul edirsə, narkomaniya xəstəliyinə tutulub-tutulmamasını, əgər narkomandırsa məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək məqsədilə ambulator məcburi narkoloji yoxlama ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2025-ci il tarixli 197 nömrəli ambulator məcburi narkoloji yoxlamanın rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir, narkomaniya xəstəliyinə tutulmuşdur və məcburi müalicəyə ehtiyacı vardır. Məhkəməyədək icraat dövründə xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxsin idarə etdiyi yük nəqliyyat vasitəsindən götürülmüş ümumi təmiz çəkisi - 9,561 qram narkotik vasitə qurudulmuş marixuana cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 9,501 qram qurudulmuş marixuana məhkəmənin yekun qərarınadək Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, eləcə də Təqsirləndirilən şəxsdən götürülmüş 1 ədəd “Redmi note 12 pro” markalı mobil telefon məhkəmənin yekun qərarınadək Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxsə məxsus U28182486 nömrəli pasport isə cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin ƏSİŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxsin əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat təşkil edir. Məhkəmə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsin ifadəsində özünü qismən təqsirli bildirsə də, sonda törətdiyi cinayət əməllərində özünü tam təqsirli bilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2025-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, habelə məhkəmə iclasında baxış keçirilmiş elektron daşıyıcıda (DVD-də) olan video görüntüləri, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2025-ci il tarixli 418 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2025-ci il tarixli 197 saylı ambulator məcburi narkoloji yoxlamanın rəyini, maddi sübutları, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 6 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı gömrük postu vasitəsilə idarə etdiyi 33AKL934/33ALR495 dövlət nömrə nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İranda olduğu müddət ərzində istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 01 ədəd ağ rəngli salfetə bükülmüş təmiz çəkisi – 7,670 qram, 02 ədəd qızılı rəngli paketin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri – 0,970 qram və 0,921 qram olmaqla cəmi 03 ədəd bükümdə ümumi təmiz çəkisi – 9,561 qram qurudulmuş marixuana narkotik vasitəsini yük nəqliyyat vasitəsinin kabin hissəsində döşəmədə olan zibil torbasındakı polietilen torbanın içərisində gizlədərək qəsdən saxlamış, Azərbaycan Respublikasının ərazisinə daşımış və həmin tarixdə idarə etdiyi yük nəqliyyat vasitəsilə saat 20 radələrində ölkə ərazisinə tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı“ gömrük postundan qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və bununla da Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Cinayət Məcəllənin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik maddə olan “qurudulmuş marixuana” narkotik vasitəsinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməsini, əməlindən peşman olmasını və əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxsə cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsə təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan 07 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 197 saylı tibbi rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən məcburi müalicə olunmasına zərurət olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsin Türkiyə Respublikası vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması üçün təhvil verilmiş ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 9,501 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, saxlanılması üçün Naxçıvan Baş Gömrük İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxsdən götürülmüş 1 ədəd “Redmi note 12 pro” markalı mobil telefon Təqsirləndirilən şəxsə qaytarılmalı və Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxsə məxsus U28194975 nömrəli pasport isə özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 90 (doxsan) manat məbləğində vəsait Təqsirləndirilən şəxsdən alınıb Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesablarına ödənilməlidir. İş üzrə təqsirləndirilən şəxsin müdafiəçisinə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Cinayət işinə əlavə edilmiş 01 ədəd cinayət işinin materiallarının elektron variantı olan CD və 02 ədəd DVD cinayət işində saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxsə qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbir-narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsdən məhkəmə məsrəfi hesab olunan 90 (doxsan) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142330, büdcə səviyyəsinin kodu 2, X6 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ 88 NABZ ********************, SFİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, Hesab: AZ 21 NABZ ********************) hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılması üçün təhvil verilmiş 9,501 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxsdən götürülmüş və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxsə məxsus 1 ədəd “Redmi note 12 pro” markalı mobil telefon özünə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Kəngərli Rayon Məhkəməsinə təqdim edilmiş Təqsirləndirilən şəxsə məxsus U28194975 nömrəli pasport özünə qaytarılması üçün cəzanı icra edən müəssisəyə göndərilsin. İş üzrə müdafiəçiyə haqq dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işinə əlavə edilmiş 01 ədəd cinayət işinin materiallarının elektron variantı olan CD və 02 ədəd DVD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar