Məhkəmə qərarları › İş №1(124)-1/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-1/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-1/2022 18.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi hakim) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Mansurov elvin Vidadi oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1983-cü ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı övladı olan, orta ixtisas təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Dəmir yol yaşayış massivi ev 6 mənzil 22-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş, təmiz çəkisi 9,641 qram olan külli miqdarda qəhvəyi rəngli maddədən kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib daşıyıb üzərində saxlamış və 22 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sumqayıt ŞPİ-nin 4-cü PBsi əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra, saat 20:30 radələrində polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, onun əynində olan qara rəngli qalın qış gödəkcəsinin sol yan cibindən 01 ədəd bükümdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 9,641 qram olan külli miqdarda qəhvəyi rəngli maddədən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirlik bilməyərək göstərmişdir ki, saxlanılan gün üzərində narkotik vasitə olmamış, həmin gün axşam saat təxminən 18:00 radələrində Sumqayıt şəhəri 2-ci məhəllədə ərazisində üç nəfər müki geyimli şəxslər ona yaxınlaşaraq saxlamışlar. Onu Yaşma bağları deyilən əraziyə aparmışlar. Onu saxlayandan sonra zəng edib atasından 10 min pul istəmişlər. Atası pul verə bilmədiyindən sonra onu Sumqayıt şəhər 4-cü Polis bölməsinə gətirmişlər. Axşama kimi onu Sumqayıt ŞPİ-nin 4-cü bölməsində saxlamışlar, qeydiyyat edə bilmədikləri üçün, Baş Narkotiklərlə Mübarizə İdarəsinə zəng etmişlər. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları gəlmişlər. Ona fiziki və mənəvi təzyiq göstərdikdən sonra məcbur olub ona təqdim olunmuş sənədlərə imza etmişdir. Saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Özü narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra verdiyi ilkin izahatında bildirmişdir ki, 22 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri 2-ci məhəllə yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər.Ona külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində olan əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onun Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Üzərinə bölmədə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin, 2 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan başqa heç bir qanunsuz əşya və predmet üzərindən aşkar edilməmişdir. Şifahi soruğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 bükümdə narkotik vasitəni öz şəxsi istifadəsi üçün 20 Yanvar metrostansiyasının yaxınlığından 150 manata almışdır. Elektron tərəzini narkotik istifadə edən zaman miqdarından çox istifadə etməmək üçün üzərində gəzdirmişdir. (cild 1, iş vərəqə 34-35) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvvəkkili vəzifəsində işləyir, 22 yanvar 2021-ci il tarixdə xidmət etdiyi Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Elnur adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Elnur adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur adlı şəxsin xx.xx.1983-cü ildə Dəvəçi rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Dəmir yol yaşayış massivi ev 6 mənzil 22-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 18:00-da Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvvəkkili Şahid1 və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvvəkkili Şahid3 ilə yaxınlaşaraq, Təqsirləndirilən şəxs saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt şəhər Pİ-nin 4cü PB-nə getməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Polis bölməsinə getmiş, bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirib, raport tərtib etməklə təhvil vermişlər, daha sonra Sumqayıt ŞPİ-nin 4-cü PBnin xidməti otaqlarının birində onun, Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvvəkkili Şahid1, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvvəkkili Şahid3 və Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda, eləcədə satışı ilə məşğul olmasında şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif edildikdə isə Təqsirləndirilən şəxs əynində olan qara rəngli qalın qış gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütləni, həmin gödəkcənin sağ yan cibindən bir ədəd elektron tərəzini, əynində olan qara rəngli şalvarın sol yan cibindən iki ədəd mobil telefonu, həmin şalvarın sol yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin nə olduğunu soruşarkən o, sellofan bükümdəki qəhvəyi rəngli, spesifik iyə malik olan, toz şəkilli kütlənin narkotik vasitə olan “kakos” yəni, heroin olduğunu, həmin narkotik vasitəni həmin gün Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metrostasiyasının yaxınlığında olarkən əvvəllər tanımadığı, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 150 manat pul verərək şəxsi istifadəsi üçün aldığını, elektron tərəzini isə narkotik vasitə qəbul edərkən, qəbul etdiyi narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdəki narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitəyə banzər kütlənin ümumi çəkisi müəyyən edildikdən sonra, elektron tərəzi ilə birlikdə qablaşdırılaraq götürülmüş, Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid3 eyni məzmunlu ifadə verərək digər Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məhərrəmov Dilavər Abbasəli oğlu ifadəsində göstərdi ki, 22 yanvar 2021-ci il tarixdə saat 19:38-də həyat yoldaşımın telefonuna zəng gəlmiş, Elnurun tutulduğunu bildirmişlər. Yoldaşı onu çağırıb Elnurun tutulduğunu demişdir. O, həmin nömrəyə yenidən zəng etmiş, telefona bir nəfər cavab vermiş və ondan hara gəlməyini soruşmuşdur. H.Z.Tağıyev qəsəbəsində Emin restoranın qarşısında görüşmüşlər. Polis əməkdaşları ora “Mecedes” markalı maşında gəlmişlər. Elnur əlləri bağlı maşında oturmuşdur. Sürücünün yanından düşən şəxs ona “bizə nə qədər hörmət edə bilərsən” deyə soruşmuşdur. Polis əməkdaşları ondan 10 min manat pul tələb etmişlər. Buna imkanı çatmadığını polis əməkdaşlarına bildirmiş, bundan sonra ondan 5000 manat tələb etmişlər. Bu da imkanı olmadığını bildirmişdir. Polis əməkdaşları ona demişlər ki, Elnurun üzərindən narkotik vasitə və tərəzi aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində əlavə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs təqsirləndirilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq qeyd etmək istəyir ki, təqsirləndirilən şəxs onlara külli miqdarda narkotik vasitə ilə bağlı məlumatı olduğunu söylədiyi üçün onu saxladıqdan dərhal sonra qısa müddətə Yaşma bağları istiqamətində aparmışlar. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə satan şəxsin tutulmasında köməklik göstərəcəyini, həmin şəxsin evini göstərəcəyini onlara söyləmişdir. Lakin onun verdiyi məlumat əhəmiyyətsiz olmuşdur. Əməliyyat tədbiri kimi təqsirləndirilən şəxsi “Yaşma” bağlarına aparmışlar. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilən narkotik vasitə sənədləşdirilmədən onu “Yaşma” bağlarına aparmışlar.”Yaşma” bağlarında təxminən 40-45 dəqiqə olmuşlar. Ola bilər ki, təqsirləndirilən şəxsin sənədləşmə vaxtı səhv yazılmışdır. “Yaşma” bağlarında olarkən telefonu təqsirləndirilən şəxsdən almamışlar. Təqsirləndirilən şəxsi saxladıqları yer 4-cü Polis Bölməsinin ərazi olduğu üçün müvafiq sənədləşmənin aparılması üçün onu 4-cü PBnə gətirmişlər. Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə əlaqədar Yaşma bağları istiqamətində apardıqları üçün əvvəlki ifadələrində bu barədə heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı vəzifəsində işləyir. 2021-ci ilin yanvar ayının 21-də daxil olmuş əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları birlikdə keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin satışında şübhəli olduğu üçün saxlamışlar. Bununla bağlı prosessual sənədləşmə işləri onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı gün təxminən axşam radələrində Sumqayıt şəhərinə gəlmişdir. Sənədləşmə aparılan zaman kompüterdə göstərilən saata baxmışdır, kompüterin alt hissəsində göstərilən saatın isə sonra səhv olduğunu iş yekunlaşdıqdan sonra müəyyən etmişdir. Prosessual sənədləşmə qurtardığı üçün onun yenidən aparılması qanunla qadağan olduğu üçün mümkün olmamışdır. Təxminən saatda bir ya da bir saat yarım fərq olmuşdur. Müdafiəçini “Mərkəz” Vəkil Bürosundan dəvət etmişdir. Həmin əraziyə yaxın yaşayan vəkil bölməyə gəlmişdir. Təqsirləndirilən şəxsin 18:00-da tutulması dəqiqdi. Təqsirləndirilən şəxsin saxlanıldıqdan sonra harasa aparılması barədə ona məlumat verilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəni qablaşdırma ilə birlikdə elektron tərəzidə təxmini olaraq çəkmiş, ekspertizada isə dəqiq çəkisi müəyyən edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, saxlanılaraq Sumqayıt RPİnin 4-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs əynində olan qara rəngli qalın qış gödəkcəsinin sol yan cibindən 01 ədəd bükümdə təxmini çəkisi 11 qram olan qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər maddə, iki ədəd mobil telefon, elektron tərəzi və şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Şifahi soruğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 bükümdə narkotik vasitəni öz şəxsi istifadəsi üçün 20 Yanvar metrostansiyasının yaxınlığından 150 manata almışdır. Elektron tərəzini narkotik istifadə edən zaman miqdarından çox istifadə etməmək üçün üzərində gəzdirmişdir. Şəxsi axtarış və götürmə video çəkilişlə aparılmış və video görüntülərin əks olunduğu “DVD” formatlı disk protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 29-32) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 yanvar 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatlar, həmin istintaq hərəkətinin qeydə alındığı video görüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə–kimyəvi ekspertizasının 23 yanvar 2021-ci il tarixli 6/294 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə olan bir ədəd bükümdə təmiz çəkisi 9,641 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı.(Qeyd: Heroinin təmiz çəkisi – 9,641 qram, tədqiqata istifadə olundu – 0,05 qram, qalıq – 9,591 qram.) (Cild 1, iş vərəqlər 39-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 11.02.2021-ci il tarixli 431 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqləri 144-145) İş materiallarında olan 25 yanvar 2021-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatdan sonra qalıq çəkisi 9,591 qram olan narkotik vasitə - heroin və elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 82) İş materiallarında olan 19 iyun 2021-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərara əsasən “Şəxsi axtarış və götürmə haqqında” protokolun görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin qeyd olunan qərarla "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 04 ədəd birincisi “Nömrənin_ Məxsusluq_Tarixçəsi 2021021...”, ikincisi “SMS_Tarixçəsi_**********2159_558522...”, üçüncüsü “SMS_Tarixçəsi_ **********2205 _558522...”, dördüncüsü “Zənglərin_Detallaşması **********1104...” adlı fayların olan 01 (bir) ədəd disk və "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında 02 (iki) ədəd, birincisi “Zənglərin_Detallaşması__**********1805...”, ikincisi “Zənglərin_Məxsusluq _Tarixçələri 202106...”, adlı, "xxxx" MMC-i tərəfindən təqdim edilmiş yaddaşında “12175- 02.06.2021” adlı fayllar olan 02 (iki) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (cild 2, iş vərəqələri 87-113) Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 25.05.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində icraatda olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs 22.01.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən döyülərək işgəncəyə məruz qalması faktı sübuta yetmədiyindən və toplanmış materialda hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. ( cild 2. İş vərəqə: 66-68) Məhkəmə istintaqı zamanı müvafiq operatordan götürülmüş Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olmuş ***-***-**-** mobil telefon nömrəsinin zənglərinin detallaşması cədvəlindən görünür ki, qeyd edilən nömrənin anteni 22 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri ərazisində olmuş, ondan sonra saat 20 radələrində kimi “Yaşma qəsəbəsi”, “Yeni Yaşma”, “Yaşma 2” adlı antenlərdə olmuş, 22 yanvar 2021-ci il tarixdə saat 20:07 radələrindən yenidən Sumqayıt şəhəri ərazisində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 13.04.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 26.09.2007-ci il tarixli qərarına əsasən 17.10.2007ci il tarixdə 04 ay 06 gün müddətinə ona təyin edilmiş cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 01.02.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin 08.08.2012-ci il tarixli qərarına əsasən 09.08.2012-ci il tarixdə ona təyin edilmiş cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin 27.05.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 93.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.08.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 18.03.2021-ci il tarixli İş № 1(060)-191/2021 nömrəli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqə 99-101, 155-161) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən, təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitənin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqləri 115-116) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq 9,641 qram külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 19 iyun 2021-ci il tarixli qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirilməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitənin çəkilib bir neçə xırda bağlamalara bükülməsi, olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Daha sonra, istintaq orqanı həmin qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi vərərkən “cinayət işi üzrə toplanmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayətdir” cümləsi ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ilkin izahat və ifadələrində narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini göstərmiş və qeyd etmişdir ki, o, narkotiv vasitə istifadəçisidir. İş materiallarında olan ambulator məcburi-narkoloji ekspertizasının 11.02.2021-ci il tarixli 431 nömrəli rəyi ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur . İstintaq orqanının istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə isə təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut və dəlil yoxdur. Əksinə iş materiallarında olan istintaq orqanının özünün topladığı sübutların məcmusu təqsirləndirilən şəxsin əməlində satış məqsədinin olmadığından dəlalət edir. Belə ki, cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin rəisi tərəfindən İŞ-nə ünvanlanmış 01.02.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həm ibtidai istintaq, həm də ki, məhkəmə istintaqı zamanı ifadəsi alınmış polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə şübhənin olduğunu bildirmişlər. Qeyd etdikləri xüsusatla bağlı heç bir sübut və dəlil göstərməmişlər. Bundan əlavə istintaq orqanı tərəfindən ***-***-**-** saylı mobil telefon nömrəsinə aid məlumatların götürülməsi haqqında vəsatət qaldırılıb məhkəmə qərarı ilə müvafiq mobil operatordan məlumatlar götürülüb, orada olan sms mətnləri sübut kimi qiymətləndirilmişdir. Lakin, həmin məlumatlardan görünür ki, qeyd edilən nömrə X2 adına rəsmiləşmişdir. Sms mətnlərinin məzmununa nəzər yetirdikdə nömrə istifadəçisinin özünü Elvin kimi təqdim etdiyi, eyni zamanda həmin nömrənin sahibinə Elvin kimi müraciət edildiyi müəyyən edilir. Bu da, qeyd edilən ***-***-**-** nömrəsinin Təqsirləndirilən şəxs tərəfindən istifadə edilmədiyinə, Elvin Mütəllimovun istifadəsində olmasına dair şübhələr yaradır. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin yalnız külli miqdarda olmasına materiallarda öz əksini tapan sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, narkotik vasitə heroinin istifadəçisi olan Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından artıq - külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi ilə əlaqədar təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən ümumiyyətlə ittiham verilməmiş, həmin tərəzi maddi sübut kimi tanınsa da, təqsirləndirilən şəxsin hansı məqsədlə üzərində gəzdirməsi araşdırılmamışdır. Həmin tərəzinin satış məqsədi ilə təqsirləndirilən şəxsin üzərində daşıması ilə əlaqədar cinayət işinin materiallarında heç bir sübut və dəlil yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X8rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X14 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar olunmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində narkotik vasitənin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 01.10.2009-cu il təvəllüdlü X5 və 26.07.2016-cı il təvəllüdlü X4 adlı iki qız övladı var. Həmçinin iş materiallarında olan xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqləri 20-25) Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 18.03.2021ci il tarixli İş № 1(060)-191/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 18.03.2021-ci il tarixli İş № 1(060)-191/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 23 yanvar 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Həmin məhkəmənin 20 may 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 21, 77-78) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi xüsusi müsadirə olunmaqla əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakılara riayət etməlidir: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 9,591 qram narkotik vasitə heroin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməli, işdə olan 04 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 18.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 il müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 il 3 ay (iki il üç ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 9,591 qram narkotik vasitə heroin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin. 04 (dörd) ədəd “DVD-R” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rəşad Əliyev Məruzəçi hakim: Hafiz Əliyev Hakim: Fəhmin Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar