Məhkəmə qərarları › İş №1(124)-101/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-101/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-101/2022 01.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi , Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Lənkəran rayonu, Parakənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 04 iyul 2021-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Mikromart” marketin qarşısında, ailə münasibətləri dövründə davamlı olaraq aralarında münaqişə baş verən arvadı Şahid1 həmyerlisi Zərərçəkmiş şəxs ilə 2016-cı ildən başlayaraq yaxın münasibət saxlaması səbəbindən sonuncunu qısqanclıq zəminində kəsici-deşici alətlə öldürmək qərarına gəlib, Zərərçəkmiş şəxs Şahid1 və sonuncunun 3 azyaşlı uşağı ilə birlikdə olduqları zaman onları güdərək birlikdə qeyd olunan marketin qarşısında taksidən düşdükləri vaxt Zərərçəkmiş şəxs yaxınlaşıb əvvəlcədən özü ilə götürüb üzərində gəzdirdiyi tiyəsinin uzunluğu 68 mm, dəstəyinin uzunluğu 92 mm olan kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən turist bıçağı ilə sonuncunun həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi sinə nahiyəsinə ardıcıl olaraq 2 zərbə endirib xəsarətlər yetirdikdən sonra həmin zərbələrin təsirindən yerə yıxılmış Zərərçəkmiş şəxs öldürmək niyyətini başa çatdırmaq məqsədi ilə daha 3 zərbə, cəmi 5 bıçaq zərbəsi endirməklə sonuncuya ürək kisəsi, ürəyin və diafraqmanın zədələnməsi ilə nəticələnmiş, döş boşluğuna daxili qanaxma ilə müşayiət olunan döş boşluğuna nüfuz edən 2 (iki) ədəd, eləcə də döş qəfəsinin daxilə nüfuz etməyən 2 (iki) ədəd və sifətin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirmiş, yetirdiyi xəsarətlərdən Zərərçəkmiş şəxs öləcəyinə əmin olması, habelə növbəti zərbələr endirmək üçün sonuncunun kürək nahiyəsində batıb qalmış bıçağı çıxara bilmədiyindən, həmçinin, ətrafdakı şəxslərin onun qanunazidd əməllərinin qarşısını almaları səbəbindən, eyni zamanda ona vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən Zərərçəkmiş şəxs öldürməyə yönəlmiş əməllərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməklə onu qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs 2012-ci ildən tanımış, onunla birlikdə Lənkəran rayonu ərazisində yerləşən fərdi yaşayış evlərində usta işləmişlər. Zamir onun yaşadığı evə dost kimi gəlib-getmişdir. Sonradan Zamirin onun arvadı ilə münasibətlərinin olmasını bilmişdir. Zamir onun arvadı Çiçəyi şantaj edib ondan pul da almışdır. Sonra arvadı və uşaqları ilə Bakı şəhərinə köçüb kirayə ev tutub yaşamışdır. Çiçək isə onunla yola getmədiyindən boşanmaq istədiyini demişdir. 2021-ci ilin may ayından Çiçək uşaqları ilə Məmmədli kəndində, o, isə ayrıca Zabrat qəsəbəsində kirayə ev tutub yaşamışdır. 04 iyul 2021-ci il tarixdə saat 21 radələrində Zamiri təsadüfən görmüş, taksiyə minib arxasınca düşmüş, bu zaman taksidən Zamirin və uşaqların düşdüyünü görmüşdür. Zamirə yaxınlaşanda onunla mübahisəsi olmuş və o, üzərində olan bıçaqla Zamirə üç zərbə vurmuşdur. Sonra isə bacağı yerə atıb qaçmışdır. Özünü qismən təqsirli bilməsinə səbəb isə Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığı olmuşdur. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən isə görünür ki, Lənkəran rayonunda birlikdə usta kimi işlədiyi və dostluq münasibətlərində olduğu Zamirin 2016-cı ilin dekabr ayında onun yaşadığı evdən çıxanda görmüş, buna görə arvadı Çiçəklə evdə söz-mübahisələri olmuşdur. Bir neçə gün sonra arvadı Çiçəyin istifadəsində olan mobil telefona təsadüfən baxanda orada Zamirin mobil nömrəsi ilə arvadı Çiçəyin aralarında danışıq olmasını görmüşdür. Daha sonra arvadı ona boşanmaq istədiyini demişdir. 2019-cu ilin avqust və sentyabr ayında Lənkəran şəhərində olan zaman arvadı ona zəng edərək pilləkənindən yerə yıxıldığını və gözlərindən xəsarət aldığını bildirmişdir. Yaşadığı evə gələndə həqiqətən arvadının göz nahiyələri şişdiyini görmüşdür. Bundan arvadının yıxılmasına inanmışdır. Həmin ərəfələrdə arvadı Lənkəran şəhərinə tez-tez gedib-gəlməyə başlamışdır. Bir neçə gün sonra Zamir ona Çiçəklə arasında mübahisə baş verdiyini və Çiçəyi döyməsini, sonuncunun isə ondan şikayət etməsini demişdir. Bir neçə ay sonra arvadı Çiçəklə barışmış, arvadı və uşaqları ilə yaşamağa başlamışdır. 2020-ci ilin yanvar ayında arvadı və uşaqları ilə Lənkəran rayonundan köçüb Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Gülçülük sovxozunda kirayə ev tapıb yaşamağa başlamışdır. 2021-ci ilin iyun ayının axırında arvadı Çiçək ona zəng edərək boşanmaq istədiyini və Zamirlə qeyri-rəsmi yaşadığını, Zamirin ona daha yaxşı baxdığını demişdir. Buna görə əsəbləşmiş və arvadı Çiçəklə Zamiri güdmək qərarına gəlmişdir. Zamir və ya arvadını tapıb onlar birlikdə yaşayıb-yaşamamaqlarına əmin olmaq istəmişdir. xx.xx.2021ci il tarixdə saat 20:15 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində Zabrat dairəsinə çıxanda təsadüfən Zamirin piyada üzü Kürdəxanı qəsəbəsi istiqamətində hərəkət etdiyini görmüşdür. Zamir həmin vaxt dayanacağa keçib əyləşmiş və maşın gözləmişdir. Bu zaman bir taksi avtomobili həmin dayanacaqda dayanmış, həmin avtomobildə qabaq oturacaqda əyləşən oğlu Samiri, arxa oturacaqda oturan arvadı Çiçəyi və digər 2 uşaqlarını görmüşdür. Taksi avtomobili dayanacaqda dayanmış, oğlu Samir qabaq oturacaqdan düşüb arxa oturacağa əyləşmiş, Zamir isə həmin avtomobilə qabaq oturacağa əyləşmişdir. Bu zaman başqa bir taksi tutub həmin taksi avtomobilin dalınca sürdürmüşdür. Arvadı və Zamirin olduğu taksi Abşeron rayonu Məmmədli kəndi Mikromart marketin qarşısında dayanmışdır. Həmin avtomobilindən arvadı Çiçək, Zamir və uşaqları düşmüşlər. O isə taksi avtomobilə 5 manat zəhmət haqqı verib, Mikromart marketin qarşısında dayanan Zamirə yaxınlaşmış, o Zamirə yaxınlaşan zaman uşaqları və arvadı sonuncunun yanında olmuşlar. Saat təxminən 21 radələri olmuşdur. Zamirə yaxınlaşanda “bu nə cür hərəkətdir, mənim ailəmi mənim əlimdən alırsan, ailəmi dağıdırsan” demişdir. Zamir isə cavabında ona “yaxşı edirəm artıq Çiçək mənimdir” demiş və üstünə hücum çəkmişdir. O da özünü müdafiə etmək məqsədi ilə həmçinin Zamirin bu sözlərindən hiddətlənərək ruhi həyəcan vəziyyətində şalvarının sağ yan cibində olan açılıb-qatlanan qara rəngli cib bıçağı ilə Zamiri qorxutmaq məqsədi ilə çıxardıb sol əlinə götürmüş sol əli ilə Zamirin döş nahiyəsinə endirmiş və sonuncuya üç dəfə xəsarət yetirmişdir. Axırıncı zərbəni Zamirə vuran zaman bıçaq sonuncunun kürək nahiyəsində saplanıb qaldığı üçün artıq daha Zamirə vurmamışdır. Bu zaman arvadı Çiçək və uşaqlar oradan qaçmış və hadisə yerindən uzaqlaşmışlar. Zamir həmin vaxt kənara çəkilib yerdə oturmuşdur. Sonra həmin bıçağın yerə düşüb orada qaldığını görmüşdür. Zamiri bıçaqla vurmasını görən yaxında olan 3-4 nəfər şəxs onu yumruq və təpiklə döyməyə başlamışlar. Sifət nahiyəsində olan xəsarətləri ona həmin vuran 3-4 nəfər şəxs yetirmişdir. Həmin şəxslərə Zamiri namus üstündə vurduğunu deyəndə həmin şəxslər artıq onu vurmamış, ondan üzrxahlıq etmişlər. Sonra isə Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin 2 nəfər əməkdaşı onu Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə aparmışlar. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2010-cu ildən Təqsirləndirilən şəxs tanımış, o, usta işləyən zaman, Sadiq də fəhlə kimi ona kömək etmişdir. Bu zəmində aralarında yoldaşlıq münasibətləri yaranmış və bir-birinin evlərinə getmişlər. 2016-cı ilin yay aylarında Sadiq arvadı Çiçəyi Lənkəran rayonu Hirkan qəsəbəsində qoyub Bakı şəhərinə yaşamağa getdiyi üçün Çiçək və Sadiqin qeyri-rəsmi ayrıldıqlarını bilmişdir. Həmin vaxtı Çiçəklə yaxın ər-arvad münasibətləri yaranmışdır. Bir neçə ay sonra Sadiq Lənkəran rayonu Hirkan qəsəbəsinə gəlib arvadı ilə barışmış, sonra isə yenidən Bakı şəhərinə işləməyə getmişdir. 2019-cu ilin avqust ayında Lənkəran rayonu Hirkan qəsəbəsində təmir işləri gördüyü zaman Çiçək onun yanına gələrək “Sadiq bizi atıb, evdə yeməyə heç nə yoxdur. Sən bizə baxmalısan” demiş, hətta kisik övladının Sadiqdən deyil ondan olmasını bildirmişdir. Çiçəklə aralarında mübahisə yaranmış, hətta Çiçək ondan şikayət etmişdir. 2020-ci ilin yanvar ayında Sadiq, arvadı Çiçəklə barışıb Bakı şəhərində yaşamağa başlamışdır. 2021-ci ilin fevral ayında Çiçək ona zəng edərək dedi ki, Sadiqlə ona görə boşandığını, küçədə uşaqları ilə qaldığını demiş və ona köməklik etməsini xahiş etmişdir. Çiçəyi və uşaqlarını götürüb Abşeron rayonu Məhəmmədi kəndində kirayə ev tutub yerləşdirmiş və orada yaşamışlar. 04 iyul 2021-ci il tarixdə Çiçək bacısının evinə getmiş və axşam saatlarında Çiçəyi bacısıgildən götürdükdən sonra yolda Məmmədli kəndində yerləşən “Mikromart” marketindən bazarlıq etmək üçün taksidən düşərkən Sadiqi görmüş və Sadiq onu bıçaqla bir neçə dəfə vurmuş, sonra bıçaq onun kürəyində qalmışdır. Kürəyində ilişib qalan bıçağı kənar şəxs çıxarmışdır. Sadiq onu bıçaqla vurduqda ondan qaçıb uzalaşmağa çalışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2005-ci ilin iyul ayında Sadiqlə qeyri-rəsmi nikahda yaşamağa başlamışlar, 2007-ci ildə oğlu Samir, 2008-ci ildə isə oğlu Sahil dünyaya gəlmişdir. Sadiqlə aralarında tez-tez mübahisələri olmuşdur. 2010-cu ildə Lənkəran rayonu Hirkan qəsəbəsinə köçüb orada yaşayarkən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. 2016-cı ilin fevral ayında Sadiq Bakı şəhərinə işləməyə getmiş və həmin vaxtdan Zamirlə daha yaxın münasibətlərdə olmuşlar. 2020-ci ilin fevral ayında Sadiq və uşaqları ilə Lənkəran rayonundan köçüb Bakı şəhərinə köçüb kirayə ev tapıb yaşamağa başlamışlar. 2020-ci ilin noyabr ayında Sadiq bacısı Sevənin evində işləyərkən yıxılıb ayağından travma almış, sonra yenə aralarında mübahisələri olduğu üçün Sadiq Zabrat qəsəbəsində kirayə ev tapıb orada yaşamağa başlamışdır. Zamirə zəng edib ondan kömək istəmiş və Zamir ona kirayə ev tutmuşdur. 2021-ci ilin uyul ayının 4-də bacısı Sevəngilin evində qayıdartkən Zamirlə Məmmədli kəndində yerləşən “Mikromart” marketin qarşısında evə bazarlıq etmək məqsədi ilə taksidən düşərkən Sadiq Zamirə yaxınlaşmış, bu zaman qorxudan uşaqları ilə qaçmışdır. Sonra isə ona məlum olmuşdur ki, Sadiq Zamiri bıçaqla vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “hadisə yerinə baxış keçirilməsi haqqında” 05 iyul 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Məmmədli kəndi, H.Əliyev prospektində yerləşən “Makromerketin” qarşısıdır. Həmin ərazidə yerdə qana bənzər ləkələr müşahidə olunmuşdur. İstintaq hərəkətində iştirak edən Təqsirləndirilən şəxs iştirakı ilə bir ədəd qara rəngli bıçaq aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 10-13) Təqsirləndirilən şəxs cinayəti törətdiyi 01 ədəd bıçaq, sonuncuya məxsus 01 ədəd şalvar və 01 ədəd köynək, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka və 01 ədəd köynək iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Abşeron rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 184-197) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının 06 avqust 2021-ci il tarixli 1808 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – ürək kisəsi, ürəyin və diafraqmanın zədələnməsi ilə nəticələnmiş, döş boşluğuna daxili qanaxma ilə müşayiət olunan döş boşluğuna nüfuz edən 2 (iki) ədəd, eləcə də döş qəfəsinin daxilə nüfuz etməyən 2 (iki) ədəd və sifətin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici əşya (alət) təsirindən törənmişlər; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs (lər) tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. (Cild 1, iş vərəqləri 153-156) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 549/2021-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/ /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: Abeta/İİ/ /sənədin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxsa məxsus şalvar, köynək, Zərərçəkmiş şəxs məxsus mayka, köynək və hadisə yerindən götürülmüş bir ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti təsdiq olunduqda A antigeni, həmçinin beta aqqlyutinini də alınmışdır. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda qan axma ilə müşahidə olunan xəsarət olubsa). (Cild 1, iş vərəqləri 147-152) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi kriminalistik ekspertizasının 26 avqust 2021-ci il tarixli 381/2021-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol yuxarı nahiyəsində bir ədəd, köynəyin ön hissəsinin sağ orta nahiyəsində bir ədəd, köynəyin arxa hissəsinin sağ yuxarı nahiyəsində bir ədəd, köynəyin arxa hissəsinin sağ yuxarı nahiyəsində bir ədəd deşilmiş kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol yuxarı nahiyəsində bir ədəd kombinə olunmuş kəsilmiş-cırılmış zədə aşkar olunmuşdur. Bu zədə əvvəlcə hər hansı bir iti kənara malik alət ilə kəsilmiş, sonra isə dartılaraq cırılmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 142-146) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-ballistik ekspertizasının 13 iyul 2021-ci il tarixli 3/1178 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. (Cild 1, iş vərəqləri 136-139) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1913 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinələrin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 174-177) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 78) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıcaqla vurduğu zərbələrin çoxluğunu, intensivliyini, xəsarətlərin lokalizasiyasını və ağırlıq dərəcəsini, o cümlədən xəsarətlərin həyat üçün vacib orqanlara yetirildiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş, lakin zərərçəkmiş şəxsin ona aktiv müqavimət göstərməsi, hadisə yerində olan şəxslərin köməklik etməsi və Zərərçəkmiş şəxs vaxtında ixtisaslı tibbi yardımın göstərilməsi səbəbindən, təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətinə nail olmaqla cinayəti başa çatdıra bilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Həmin əməli o, qəsdən törətmiş və başa çatmamış cinayət olmaqla təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin tələbi nəzərə alınaraq həmin Məcəllənin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (Cild 1, iş vərəqləri 68-70) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 63.3-cü maddələrinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesab olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 27,46-49). Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan: 01 ədəd bıçaq, istifadəyə yararsız hala düşmüş Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar və 01 ədəd köynək, Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka və 01 ədəd köynək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə X3 cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan: 01 ədəd bıçaq, istifadəyə yararsız hala düşmüş Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar və 01 ədəd köynək, Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka və 01 ədəd köynək məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar