Məhkəmə qərarları › İş №1(124)-101/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-101/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-101/2024 20.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt ağır cinayətlər məhkəməsinin yerləşdiyi Sumqayıt məhkəmə kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu «Bəhram» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin müəyyən miqdarda narkotik maddələrin ona verilməsi müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməsi barədə ümumi razılığa gəlmiş, 24 sentyabr 2022-ci il tarixdə bir qrup şəxs halında «Bərham» adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib, Bakı şəhəri Binəqədi rayonu ərazisində «DSK» yolundan dəyirman istiqamətində keçən irihəcmli qaz xəttini yanında qoyduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələrin siyahısı»na daxil edilmiş təmiz çəkisi 319,569 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil olunmuş çəkisi 319,470 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, tərkibində təsiredici maddənin ümumi miqdarı 4,360 qram olan 20 ədəd küllü miqdarda konvolyutda açıq qəhvəyi rəngli «F/M 40» göstəriciləri olan metadon dərman həblərini götürüb satış məqsədi ilə qanunsuz əldə edib üzərində saxlamaqla yaşadığı Abşeron rayonu Xırdalan şəhəri «Quşçuluq» yeni yaşayış massivi, 20-ci küçə, ev 141-ə daşıyıb, çəkisi 9,569 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə çəkisi 14,470 qram olan kustar üsulla hazırlanmış küllü miqdarda narkotik vasitə heroini və 20 ədəd konvolyutda açıq qəhvəyi rəngli «F/M 40» göstəriciləri olan metadon dərman həblərini üzərində, qalan hissəsini külli miqdarda 305 qram olan narkotik vasitə heroini, 310 qram ona psixotrop maddə metamfetamini, 11 ədəd qutuda «Methadone 40» göstəriciləri olan dərman konvolyutunda 109 ədəd küllü miqdarda konvolyutda açıq qəhvəyi rəngli «F/M 40» göstəriciləri olan metadon dərman həblərini evindəki yataq otağında saxlamış, 01 oktyabr 2022-ci il tarixdə saat 19:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Xırdalan şəhəri «Quşçuluq» yeni yaşayış massivi 20ci küçə, 141 nömrəli evin yaxınlığında saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, inzibati binanın xidməti otaqların birində həmin gün saat 21:30 radələrindən saat 21:43 radələrindək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir bükümdə 9,569 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə 14,470 qram çəkidə küllü miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 20 ədəd küllü miqdarda konvolyutda açıq qəhvəyi rəngli «F/M 40» göstəriciləri olan metadon dərman həbləri aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 22:40-dan saat 22:55-dək onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» yeni yaşayış massivi, 20-ci küçə, ev 141-ə baxış keçirilərkən yataq otağındakı təmir əşyaları üçün nəzərdə tutulmuş çantanın içərisindən bir bükümdə külli miqdarda 305 qram çəkidə narkotik vasitə heroin, bir bükümdə 310 qram çəkidə psixotrop maddə metamfetamin, 11 qutuda «Methadone 40» göstəriciləri olan dərman konvolyutunda 109 ədəd konvolyutda açıq qəhvəyi rəngli «F/M 40» göstəriciləri olan metadon dərman həbləri, üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, verilmiş ittihamla razıdır. Bir neçə il narkotik vasitə istifadəçisi olmuşdur. Ona narkotik vasitə verilmişdir ki, öz şəxsi istifadəsi üçün müəyyən bir qismini götürüb, qalanını da deyiləcək ünvana qoysun. Bu şəkildə saxlanmışdır. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bağlamada heroin, metamfetamin və metadon olmuşdur. Doqquz qram maddəni istifadə üçün özünə götürəcəkdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 01 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu, Quşçuluq Massivi deyilən ərazidə Təqsirləndirilən şəxs saxlanmışdır. Saxlandıqdan sonra Mehman DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. İdarənin inzibati binasında otaqların birində vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, o cümlədən metadon həbləri aşkar edilmişdir. Sorğu-sual zamanı Mehman dövriyyəsi qadağan olunmuş maddələrin bir hissəsini də Quşçuluq Massivində yerləşən evində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmişdir. Mənzildə yataq otağında təmir işləri üçün nəzərdə tutulmuş qutunun içərisindən iki büküm narkotik vasitə və tərəzi aşkar edilmişdir. Bükümlərdə də 300 qramdan artıq heroin və 300 qramdan artıq metamfetamin var idi. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotorp maddəni haradan əldə etdiyini soruşduqda, o, həmin maddələri İran İslam Respublikası vətəndaşı olan “Bəhman” adlı şəxsdən götürdüyünü və sonuncunun tapşırığı əsasında da aşkar olunmuş maddələri deyiləcək ünvanlara atmalı olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 01 oktyabr saat təxminən 19:40 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan qəsəbəsi Quşçuluq Massivində saxlayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışdırlar. Təqsirləndirilən şəxs üzərindən heroin, metamfetamin və metadon həbi aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək baxış keçirmişdirlər. Təqsirləndirilən şəxs yaşadığı mənzildən də heroin, metamfetamin və metadon həbləri aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, ibtidai istintaq zamanı oğlu Təqsirləndirilən şəxs nə işləməsi ilə bağlı dindirilmişdir. Oğlu Təqsirləndirilən şəxs evi ayrıdır. Oğlu Təqsirləndirilən şəxs qəzaya düşərək baş nahiyəsindən zədə almışdır. Uzun müddət Mehmanı xəstəxanada müalicə etdirmişdirlər. Orada oğluna nə iynəsi vurublarsa, bundan sonra sonuncunun həyat tərzi dəyişərək tüfeyli bir insanla dostluq etmişdir. O da oğlunun başına bu oyunları açıbdır. Mehman tək oğludur, azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs dörd il müharibədə olubdur. Oğlu təmiz, ali savadlı şəxsdir. Bir çox məktəbin tikilməsində iştirak edib. Heç kimi yoxdur, yetmiş üç yaşı vardır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, sərbəst ifadə vermək istəmir, ünvanlanan sualları cavablandırmaq istəyir. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Təqsirləndirilən şəxs dövləti işi olmasa da fərdi işlə məşğul olur. Lakin onun evdən kənarda nə işlə məşğul olduğunu bilmir. 30 sentyabr 2022-ci il tarixdə övladları ilə bir yerdə Ucar rayonunun Boyat kəndinə getmiş və kənddən də 03 oktyabr 2022-ci il tarixdə qayıtmışdır. Qayıtmasının səbəbi isə həyat yoldaşı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması və üzərindən narkotik vasitələrin aşkar edilərək götürülməsi olmuşdur. Onların yaşadığı evdə təmir işləri gedir və təmir alətlərini isə ayrılmış çantada saxlayırlar. Həmin çantada təmir alətləri olduğundan həmin çantanın içərisinə baxmamışdır. Sonradan evə gəldikdə bilmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs həmin çantada narkotik maddələr saxlamış və özü də həmin çantadan narkotik maddələri götürərək polis əməkdaşlarına təhvil vermişdir. Lakin yaşadığı mənzildə narkotik vasitələrin olmasından xəbəri olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 01 oktyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan 01 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin BNMİ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamini, bir ədəd bükümda narkotik vasitə heroini və konvolyutda olmaqla 20 ədəd metadon həbini çıxardaraq təqdim edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 01 oktaybr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan 01 oktyabr 2022-ci il tarixli “evə baxış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə saxlanıldıqdan sonra yaşadığı ünvan 2 ünvanına gətirilmiş, həmin ünvana baxış keçirilərkən özü otaqların birində təmir alətləri üçün nəzərdə tutulan qutunun içərisindən iki ayrı, bir ədəd elektron tərəzini və bir ədəd dəftəri götürərək baxış üçün digər otaqda olan masanın üzərinə qoyur, saxlama qablarının içərisində metamfetamin, heroin və “M40” olduğunu deyir. Cinayət işinin materiallarında olan 21 yanvar 2023-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokol və həmin protokola əlavə edilmiş fotocədvəl məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini hadisə yerində göstərəcəyini bildirərək Bakı şəhəri, Binəqədi rayonu ərazisinə getməyi bildirmiş, həmin ərazidə DSK yolu deyilən ərazidən dəyirman istiqamətinə gedən yolda avtomobil yolunun solunda yerləşən iri həcmli qaz turbası xəttinin keçdiyi ərazini göstərərək üzərindən və yaşadığı fərdi evin yataq otağından aşkar edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və metadon dərman həblərini tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Bəhman” adlı şəxsin vasitəsi ilə 2022-ci ilin sentyabr ayının axırında əvvəlcədən təyin etdikləri həmin ərazidə, yəni dəyirman yolunda avtomobil yolunun sağından keçən irihəcmli qaz turbasının yerləşdiyi boş torpaq sahəsində qaz turbasının yanından sonuncunun göstərişi ilə ona deyiləcək yerlərə qoyulması üçün əldə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 02 oktyabr 2022-ci il tarixli 6/5662 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi” sözləri olan 1 №-li zərfi açdıqda içərisində bir ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 14,470 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda 20 ədəd olan açıq-qəhvəyi rəngli “FM 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir; -üzərində “Təqsirləndirilən şəxs orlunun yaşadığı ünvandan” sözləri olan 2 №-li zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 310 qram olan ağ rəngli kristallik hissəsiklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz təmiz çəkisi 305 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 11 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda 109 ədəd olan açıq-qəhvəyi rəngli “FM 40” göstiəricili dərman həblərinin əsas təsiredici təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 4,360 qram təşkil edir, bir ədədi elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqlarda olduğu üçün narkotik vastə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli təhqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 1 və 2 №-li zərflərdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 319,47 qramdır. 1 və 2 № li zərflərdəki psixotrop maddə metamfetaminlə xarici əlamətlərninə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 319,569 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı 1) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriysi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı 2) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli 5919 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimyatorların qəbulu nəticəsində asılılıq sindiromu (narkomniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən məhkəməpsixiatrik ekspertizasının «16» yanvar 2023- cü il tarixli 70 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal hazırkı psixiatrik müayinənin nəticələri və s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 yanvar 2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, çəkisi 9,569 qram metamfetamin, 14,470 qram heroin, konvolyutda olmaqla 20 ədəd metadon həbi, 305 qram heroin, 310 qram metamfetamin, konvolyutda olmaqla 109 ədəd metadon həbi, bir ədəd elektron tərəzi və 2 ədəd DVD disk iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 9,519 qram metamfetamin, 14,420 qram heroin, 19 ədəd metadon həbi, 304,9 qram heroin, 309,9 qram metamfetamin, konvolyutda olmaqla 108 ədəd metadon həbi və bir ədəd elektron tərəzi saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş və 2 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 4 nömrəli MTİİTS-i tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Yaşadığı müddət ərzində onun barəsində 4 saylı MTİİTS-nə heç bir şikayət daxil olmamışdır. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs uşağı X3 xx.xx.2013-cü il təvəllüdlü olmaqla azyaşlıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetamini, narkotik vasitə heroini və metadon həbini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək üzərində saxlamaqla daşımışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun barəsində cinayət təqibi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməklə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu «Bəhram» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin müəyyən miqdarda narkotik vasitələrin ona verilməsi müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməsi barədə ümumi razılığa gəlib 24 sentyabr 2022-ci il tarixdə bir qrup şəxs halında «Bərham» adlı şəxsin Bakı şəhəri Binəqədi rayonu ərazisində «DSK» yolundan dəyirman istiqamətində keçən irihəcmli qaz xəttini yanında qoyduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələrin siyahısı»na daxil edilmiş təmiz çəkisi 319,569 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil olunmuş çəkisi 319,470 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, tərkibində təsiredici maddənin ümumi miqdarı 4,360 qram olan 13 ədəd konvolyutda olmaqla 129 ədəd küllü miqdarda metadon dərman həblərini götürüb satış məqsədi ilə qanunsuz əldə edib üzərində saxlamaqla yaşadığı Abşeron rayonu Xırdalan şəhəri «Quşçuluq» yeni yaşayış massivi, 20-ci küçə, ev 141-ə daşıyıb, çəkisi 9,569 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd bükümdə çəkisi 14,470 qram olan küllü miqdarda narkotik vasitə heroini və 2 ədəd konvolyutda olmaqla 20 ədəd metadon dərman həblərini üzərində, qalan 11 ədəd konvolyutda olmaqla 109 ədəd metadon dərman həblərini, külli miqdarda 305 qram olan narkotik vasitə heroini və 310 qram psixotrop maddə metamfetamini evindəki yataq otağında saxlamış, 01 oktyabr 2022-ci il tarixdə saat 19:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Xırdalan şəhəri «Quşçuluq» yeni yaşayış massivi 20ci küçə, 141 nömrəli evin yaxınlığında saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, inzibati binanın xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir bükümdə 9,569 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd bükümdə 14,470 qram çəkidə narkotik vasitə heroin və 20 ədəd metadon dərman həbləri aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri «Quşçuluq» yeni yaşayış massivi, 20-ci küçə, ev 141-ə baxış keçirilərkən yataq otağındakı təmir əşyaları üçün nəzərdə tutulmuş çantanın içərisindən bir bükümdə külli miqdarda 305 qram çəkidə narkotik vasitə heroin, bir bükümdə 310 qram çəkidə psixotrop maddə metamfetamin, 11 ədəd konvolyutda olmaqla 109 ədəd metadon dərman həbini, üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün hər hansı bir dəlil gətirməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 9,519 qram metamfetamin, 14,420 qram heroin, 19 ədəd metadon həbi, 304,9 qram heroin, 309,9 qram metamfetamin, 108 ədəd metadon həbi məhv edilməli və 2 ədəd diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 01 oktyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra 9,519 qram qalıq psixotrop maddə metamfetamin, 14,420 qram heroin, 19 ədəd metadon həbi, 304,9 qram heroin, 309,9 qram metamfetamin, 108 ədəd metadon həbi məhv edilsin, 01 ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilsin, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar