Məhkəmə qərarları › İş №1(124)-102/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-102/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-102/2024 25.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibləri X1, X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X3, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Ermənistan Respublikası, Kirovakan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Yaşıllaşdırma İdarəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin müəyyən qazanc müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməsi barədə ümumi razılığa gəlmiş, 28 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixə keçən gecə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində “Narıncı” marketin arxasında küçədə qoyduğu bir ədəd ağ-qızılı rəngli sellofan torbanın içərisində külli miqdarda 2.525 qram çəkidə narkotik vasitə- qurudulmuş marixuananı, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı»na daxil olmuş 1.030 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxil edilmiş üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 5,699 qram, 7,085 qram və 22,073 qram, ümumi 34,857 qram çəkidə külli miqdarda ağ və sarımtıl rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində daşımış, 29 iyun 2022-ci il tarixdə saat 01 radələrində Abşeron RPİ-nin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF park» yaşayış kompleksində yerləşən «Narıncı» marketin yaxınlığında saxlanılaraq Abşeron RPİ-yə gətirilib həmin gün saat 02:00-dan saat 02:40- dək üzərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi ilə əldə edib üzərində saxlamaqla əlində daşıdığı bir ədəd ağ-qızılı rəngli sellofan torbanın içərisində 2.525 qram çəkidə külli miqdarda narkotik vasitə-qurudulmuş marixuana, çiynində olan çantasının içərisindən bir ədəd bağlamada 1.030 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 5,699 qram, 7,085 qram və 22,073 qram, ümumi çəkisi 34,857 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, bağban işləyir, əlavə olaraq da kamera təchizatı ilə məşğul olurdu. Günə təqribən 50-100 manat aralığında gəlir əldə edirdi. Təxminən 1 il müddətdir ki, çəkmə üsulu ilə metamfetamin növündə psixotrop maddədən istifadə edir, lakin heç vaxt narkotik vasitələrin satışını həyata keçirməmişdir. Polis əməkdaşları onu 28 iyun 2022-ci il tarixdə təxminən saat 22:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, “Narıncı” marketin yaxınlığında saxlamışlar. Onlar onu saxladıqdan sonra Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman həyat yoldaşı və taksi sürücüsü də onun yanında olmuşlar. O, polis əməkdaşlarına üzərində 1,5 qram miqdarında metamfetamin növündə psixotrop maddə olduğunu, lakin həmin psixotrop maddəni udduğunu bildirmişdir. Onlar onun üzərində heç bir qanunsuz vasitə aşkar edə bilmədikləri üçün onu yanındakı şəxslərlə birgə narkotik vasitələrin dövriyyəsini həyata keçirmələrini rəsmiləşdirəcəkləri ilə hədələmişlər. Polis əməkdaşları onu ailə üzvləri ilə hədələdikləri üçün məcbur qalaraq onlarla razılaşmışdır. Bundan əlavə, onlar onu döymüşlər. Hətta, istintaq təcridxanasına etap edildikdən sonra orada tibbi müayinə zamanı bədənindəki xəsarətlər qeydə alınmışdır. Polis əməkdaşları onu saxlayaraq səhərə yaxın tutmuşlar. Onun üzərində ittihamda göstərilən həcmdə narkotik olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid1 Hafis oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdə saat 22:00-00:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, “Narıncı” marketin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onun barəsində daxil olmuş əməliyyat məlumatına dair bildirərək, onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq onlarla polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs marixuana və heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı və kuryerliyini həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilmişdir. Şahid1la birgə keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, “Narıncı” marketin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onun barəsində daxil olmuş əməliyyat məlumatını bildirərək, onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq onlarla polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs marixuana və heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı əlində olan bir ədəd ağ-qızılı rəngli sellofan torbanın içərisində narkotik vasitə-qurudulmuş marixuanaya bənzər, çiynində olan çantasının içərisindən bir ədəd bağlamada narkotik vasitə heroinə bənzər, üç ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 30-32) «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış bununla bağlı 01 ədəd disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mənzilə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-bioloji ekspertizanın xx.xx.2022-ci il tarixli 7/700 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «....təqsirləndirilən...Təqsirləndirilən şəxs» yazılar və imzalar olan skoçla bağlanmış ağ qızılı rəngli poletilen bağlamada təmiz içəkisi - 2525,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 38-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3589 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DÎN Zərflər üçün 56№ dairəvi möhür əksi» «vət.Təqsirləndirilən şəxsadan aşkar edilən...» yazısı və imzalar olan paketlərdə, l(bir) ədəd bağlamada təmiz çəkisi 1030 qram (1 kq 30 qr) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,699 qr, 7,085 qr və 22,073 qr, ümumi təmiz çəkisi 34,857 qram ağ və sarımtıl rəngli kristallardan ibarət maddənin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd gümüşü rəngli eletron tərəzinin üzərində metamfetaminin və heroinin izləri vardır. İz şəklikdə olduğu üçün, metamfetaminin və heroinin təmiz çəkisini müəyyən etmək mümkün olmadı. (Cild 1, iş vərəqləri 42-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4957 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 160- 161) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli1 1429 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində sağ əlin üst səthinin sıyrıqları küt əşyanın təsirindən törətmişdir, törənmə müddəti müayinədən 5-6 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. (Cild 1, iş vərəq 189) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı, ***-***-**-** saylı mobil telefon nömrələri ilə digər şəxslərə məxsus mobil telefon nömrələri arasında narkotik vasitələrin satışı ilə bağlı “sms” yazışmaları müəyyən edilmişdir. Həmin yazışmalara əsasən ayrı-ayrı şəxslər Təqsirləndirilən şəxs müxtəlif növ narkotik vasitələrin satılmasını xahiş etmişlər. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2524,9 qram marixuana, 1029,8 qram heroin, 34,707 qram metamfetamin, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Maddi sübut kimi tanınmayan 01 ədəd “Samsun GaLaxy A10S” markalı və 01 ədəd “Samsung J7” markalı mobil telefon Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 186-195) Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən döyülməsi və ona təzyiq olunması, səhərə yaxın tutulması və ittihamda göstərilən həcmdə narkotik vasitələrin onda olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərdiyi halda, məhkəmə tərəfindən götürülərək tədqiq olunmuş onun mobil telefon nömrələrinə gələn “sms” mətnlərinin təhlili Təqsirləndirilən şəxs yalan danışdığını və onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs əlində olan xəsarətin onun işləyərkən aldığını və bunu özünündə təsdiq etdiyini nəzərə aldıqda, digər dərəcəsi təyin edilməyən xəsarətlərin də məişət işlərin görərkən alması mümkündür. Bu isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsinin inandırıcı olmadığını təsdiq edir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 109) İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs həbsdə olduğu müddətdə onun həyat yoldaşı X4 05 fevral 2023cü il tarixdə “Dəm qazının toksik təsiri” səbəbindən ölmüşdür. Bundan başqa, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü bir azyaşlı qız övladı vardır. Bundan əlavə, iş materiallarında olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası X6 şəhid ailəsinin üzvüdür. Müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs qardaşı 1-ci Qarabağ Müharibəsi zamanı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməklə şəhid olmuşdur. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin əvvəllər məhkumluğunun olmaması, müsbət xarakterizə olunması, onun həyat yoldaşı öldükdən sonra himayəsində 3 yaşlı qız övladının qalması, qardaşının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməklə şəhid olması da onun cəzasını yüngülləşdirən hallar kimi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 26 oktyabr 2022-ci il və 26 yanvar 2023-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 85-88, 151-155) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş üzrə maddi sübut olub Abşeron RPİdə saxlanılan 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 2.524,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1.029,8 qram çəkidə narkotik vasitə heroin, 34,707 qram şəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd “Samsung Galaxy A10S” markalı, 01 ədəd “Samsung J7 markalı” mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 186 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmaqla Abşeron RPİ-də saxlanılan 2.524,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1.029,8 qram çəkidə narkotik vasitə heroin, 34,707 qram şəkidə psixotrop maddə metamfetamin məhv edilməlsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə alınsın, 01 ədəd “Samsung Galaxy A10S” markalı, 01 ədəd “Samsung J7 markalı” mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın. İş materiallarında olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar