Məhkəmə qərarları › İş №1(124)-104/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-104/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-104/2022 06.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, 20 iyul 1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 101,02 qram kustar üsulla hazırlanmış küllü miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 22 iyul 2021-ci il tarixdə saat 20:10-da yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 115 saylı evin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin İŞ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki açıq boz rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 101,02 qram kustar üsulla hazırlanmış küllü miqdarda narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 2021-ci ilin iyul ayının 21-də divanda yatan zaman birdən əllərini kiminsə tutduğunu hiss edib baxanda 6-7 nəfər adamın evin içərisində olduğunu görmüşdür. Rəhmətə gedən qardaşından qalma elektron tərəzi rəfin üzərində idi. Həmin elektron tərəzini götürüb, qonşuların ondan şikayət etdiyi üçün polis şöbəsinə gedəcəklərini bildirmişlər. O, da onlarla birlikdə polis şöbəsinə getmiş, Bəxtiyar adlı polis əməkdaşı 1 kq narkotik maddəni ona göstərib “səni bununla həbsə göndərəcəyik” demişdir. Sonra isə 101 qramı boynuna alsa ona köməklik edə biləcəyini demişdir. İttihamda göstərilən 101 qram vasitə ona məxsus deyil. Şəxsi axtarış keçirilən zaman polis tərəfindən ona təzyiq edilmiş, buna görə narkotik vasitənin onun olmasını demişdir. İttihamda göstərildiyi kimi 22 iyulda çöldə saxlanmamış, polislər onu evindən tutulmuşlar. Daha öncə iki dəfə narkotik vasitələrin satışı ilə bağlı məhkum olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zaman verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsində o, göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 22:10da Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib Sumqayıt ŞPİ-yə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-yə getmişdir. Orada xidməti otaqların birində təhqiqatçı üzərinə şəxsi axtarış keçirmək istədiyini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Daha sonra, videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman, o əynində olan açıq boz rəngli parça şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan heroini və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Sorğu zamanı o aşkar olunan heroin və elektron tərəzini dünyasını dəyişmiş qardaşı Mahirdən qaldığını, onları tullamaq üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik maddə tərəziyə qoyulub çəkilən zaman həmin narkotik maddənin çəkisinin şəffaf sellofanla birlikdə 106 qram olduğu müəyyən olunmuş və aşkar olunmuş heoroin və tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Tərəzi dünyasını dəyişmiş qardaşı Mahirə məxsus olmuş, onu və heroini üzərində tullamaq üçün gəzdirmişdir. O narkotik vasitələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətqbiq edilməmişdir. Şəxsi axtarış keçirilmədən öncə onun üzərinə baxış keçirilməmişdir. (Cild 1, İş vərəqləri 62-64) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı X3 ifadəsində göstərdi ki, 2021-ci ilin iyul ayının 22-də Sumqayıt şəhərində Hacıgözəl adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə məlumat daxil olmuş, məlumat əsasında həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-ə aparılmışdır. Həmin gündən əvvəl onunla görüşməmiş, evinin qarşısında olmamışdır. Sumqayıt ŞPİ-də videoçəkilişlə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı içərisində narkotik vasitə heroin olan 01 ədəd sellofan büküm və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilənlərin bir ay əvvəl dünyasını dəyişmiş qardaşı Mahirdən qaldığını bildirmişdir. Üzərindən 100 qramdan çox narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin iyul ayının 22-də Hacıgözəlin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə daxil olan məlumat əsasında həmin gün saat saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evinin yaxınlığında saxlayıb Sumqayıt ŞPİ-ə aparmışlar. Sumqayıt ŞPİ-də videoçəkilişlə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı 01 ədəd sellofan büküm və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Sellofan paketə baxış keçirəndə onun içərisində narkotik vasitə olan heroin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilənlərin bir ay əvvəl dünyasını dəyişmiş qardaşı Mahirdən qaldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin rəis müavini, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi 2021-ci ilin iyul ayının 22-də Sumqayıt şəhəri, Corat qəsəbəsində saxlamışlar. Sumqayıt ŞPİ-də videoçəkilişlə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı içərisində narkotik vasitə heroin olan 01 ədəd sellofan büküm və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. O, təqsirləndirilən şəxsi evində saxlamadıqlarını, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis baş leytenantı Şahid4 ifadəsində görünür ki, o, da digər polis əməkdaşları ilə oxşar məzmunlu ifadələr vermişdir. (Cild 1, İş vərəqləri 117-119) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi haqqında” 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan açıq boz rəngli parça şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü, 1 ədəd elektron tərəzini təqdim etmiş, şəffaf rəngli sellofan bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyın olunmuşdur. Aşkar olunmuş kütlə və bir ədəd elektron tərəzi prosessual qaydada qablaşdırılmaqla götürülmüşdür. (Cild 1, İş vərəqləri 24-25) “Şəxsi axtarış keçirilməsi barədə” 22 iyul 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 03 avqust 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 93-95) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3037 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 101,02 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəçikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. (Cild 1, iş vərəqləri 35-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburinarkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2021-ci il tarixli, 3173 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 120-121) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********12 saylı mobil telefon nömrəsi digər abonentlər arasında “SMS” yazışmalarının olması müəyyən edilmişdir. Həmin yazışmaların mətnlərində “Telefonu aç işim var mala görə yığıram” kimi ismarışlar müəyyən olunmuşdur. Həmçinin həmin diskdə olan anten məlumatları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 iyul 20210ci il tarixdə tutulanadək Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində müxtəlif şəxslərlə danışıqlar aparmışdır. Bu da, onun ifadəsində göstərdiyi kimi, 21 iyul 2022-ci il tarxidə polis tərəfindən saxlanılması iddiasını təkzib edir. Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 01 noyabr 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra qalıq qalmış 100,92 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (Cild 1, İş vərəqləri 138-143) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi, evində saxlanılması və bundan sonra polis idarəsinə aparılması, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, müdafiə tərəfininin təqsirləndirilən şəxslərin qohumları vasitəsi ilə məhkəməyə təqdim etdiyi, Təqsirləndirilən şəxs evinə polislərin basqın edilməsi çəkilişinin olması iddia olunan videogörüntülərə baxıldıqda müəyyən olunmuşdur ki, həmin görüntülər keyfiyyətsiz və bulanıq olması ilə yanaşı, görüntülərin nə vaxt, harada qeydə alınması və görüntülərdə kimlərin olması bəlli deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.9-cu maddəsinə əsasən sübutlar məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd edilənlərər əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs evinə polislərin basqın edilməsi çəkilişinin olması iddia olunan videogörüntülər sübut kimi qiymətləndirilə və hər hansı bir halın təsdiq və təkzib edilməsi üçün əsas kimi götürülə bilməz. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 101,02 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 673 dəfə, külli miqdardan isə təxminən 50 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmadığını qeyd edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 01 oktyabr 2020-ci ildə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və 09 aprel 2021-ci il tarixdə cəzasını çəkib qutarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 24 iyul 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, İş vərəqləri 72-73) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatdan sonra qalıq çəkisi 100,92 qram olan narkotik vasitə heroin məhv edilməli, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalı, iş materiallarında olan 02 ədəd “DVD” və 01 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 100,92 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın, iş materiallarında olan 03 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar