Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-104/2025 30.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 2-ci qrup əlil, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Babək küçəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 181.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 dekabr 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi, Səttar Bəhlulzadə küçəsində məhəllədə, əvvəldən tanıdığı xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə rastlaşıb, sonuncunun idarə etdiyi “BMW 318” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən köhnə qəbirstanlığın yaxınlığına sürdürmüş, orada tamah niyyəti ilə xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı olan basqın edib, yumruqla sifətinə vuraraq, burun nahiyəsinin qançırı fonunda burun sümüyünün yerdəyişməyən sınığı və üst dodağın əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək, 5200 manat dəyərində olan “BMW 318” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusu olmuş və aralarında yaxşı münasibət olmuşdur. Qasımın qardaşı Tural ilə dost olmuşlar. Qasımın pula ehtiyacı olduğundan ona 2000 manat pul verib kömək etmişdir. Qasım özünə maşın almış, maddi vəziyyətini düzəltmiş, lakin onun pulunu qaytarmamışdır. O, Qasımla görüşmüş, ona maşın almasına baxmayaraq, uzun müddətdir pulunu qaytarmadığını deyib pulunu tələb etmiş, Qasım da pulu qaytaracağını bildirmişdir. Həmin vaxt onlar dalaşmışlar. Bundan sonra, hadisə yerinə gedib yenidən dalaşmış və birbirilərinə vurmuşlar. Qasım ondan maşınını götürüb saxlamasını istəmiş, 2-3 gün ərzində pulunu qaytaracağını və sonra maşınını götürəcəyini söyləmişdir. Onun nə maşını, nə də maşından hər hansı əşyaları götürmək niyyəti olmuşdur. Polisdən zəng gələn kimi maşını aparıb qaytarmışdır. Polis zəng edənə qədər qaytarmamasının səbəbi, Qasımla aralarında razılaşmaları olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, uzun müddətdir ki, Zərərçəkmiş şəxs tanıyır. O işləməmiş, aylıq 220 manat pensiya almışdır. Qasıma 2000 manat pulu hadisədən 2 il əvvəl vermişdir. Qasımın pulu qaytarmaması ilə bağlı heç bir yerə şikayət etməmiş, sadəcə Qasımın qardaşına söyləmiş, qardaşı da onların özünə aid məsələ olduğunu bildirmişdir. Qasım taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, həmin gün Qasıma zəng etmiş, onu Binəqədi rayonu, Quşçuluq Massivinə apara bilib-bilməyəcəyini soruşmuş, Qasım da cavabında maşında ailə üzvləri olduğunu və apara bilməyəcəyini demişdir. O da problem olmadığını bildirib başqa taksi ilə getmişdir. Həmin ərazidə Qasımla rastlaşmış, maşında ailə üzvlərinin deyil, başqa şəxsin olduğunu görmüş, Qasımdan ona borcu olduğu halda, niyə onu aldatdığını və qaçdığını soruşmuşdur. Onlar mübahisə etməyə başlamış, bundan sonra Qasım maşını qəbirstanlığa sürmüş və orada mübahisə davam etmişdir. Ətrafda yaşayanları narahat etməmək üçün qəbirstanlığa getmişlər. Maşında o və Qasımdan başqa heç kim olmamışdır. O, Qasıma yumruq vurmuş, Qasım da ona vurmuşdur. Onlar dalaşdıqdan sonra, Qasım maşını ona verməyi təklif etmiş, maşının onun həyətində qalmasını istəmiş, 1 həftə və ya 10 gün ərzində pulu qaytardıqdan sonra maşını götürəcəyini bildirmişdir. Həmçinin, maşını verməyi ilə bağlı problem yaratmayacağını demişdir. Onlar razılaşdıqdan sonra, Qasım onunla deyil, taksi ilə getmiş, o da Qasımın maşınını sürüb Binəqədiyə getmişdir. Onun sürücülük vəsiqəsi olmamış, maşını aparıb həyətində saxlayacaqmış. O, Binəqədiyə əmisioğlugilə getmiş, maşını da onların həyətində saxlamışdır. Oraya hansı saatda getdiyini xatırlamır. Polisdən zəng gəldikdən sonra, maşını Binəqədidə bir yerə aparıb saxlamış və polisə həmin yerə gedib götürməklərini bildirmişdir. O, maşından maqnitofon götürmüş, Qasım əvvəldən, həmin maqnitofonu ona hədiyyə edəcəyini bildirmiş və qəbirstanlıqda çıxarıb ona vermişdir. O, maqnitofonu Kamran adlı dostuna hədiyyə edəcəkmiş. Kamran Masazırda yaşayır. Maqnitofonu heç kimə satmamışdır. Qasımla razılaşmalarına baxmayaraq, Qasımın ondan şikayət etməsinin səbəbini bilmir. Onun Qasıma 2000 manat borc pul verdiyini Qasımın qardaşı Tural və digər ailə üzvləri, həmçinin öz dostu Rəvan bilir. Maşını götürməkdə məqsədi Qasımın pulunu qaytarması olmuşdur. O özünü yalnız, Qasımla dalaşdığı üçün təqsirli bilir. O, özü də xəsarət almış, dişi qırılmış, lakin bu barədə şikayət etməmişdir. O, İİ qrup əlildir. Əvvəllər, Qasımla münasibətləri yaxşı olmuş, düşmənçiliyi və ya ədavəti olmamışdır. Polis əməkdaşları onu saxladıqdan sonra, ona qarşı fiziki təzyiq və ya psixi təsir göstərməmişlər. Müstəntiqin onunla heç bir ədavəti olmamışdır. O, hadisə günü tək olmuşdur. O, 2 il ərzində Qasımdan pulunu tələb etmiş, lakin Qasımın maddi vəziyyəti yaxşı olmadığından çox üstünə getməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanın verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və sonuncu həmin ifadəsində göstərmişdir ki, anası və nənəsiylə birlikdə Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivindəki evlərində yaşamışlar, subaydır, 2-ci qrup əlildir və buna görə də işləmir. Zərərçəkmiş şəxs 7-8 il olar ki, qardaşı Turalın vasitəsi ilə tanımışdır. Onlar hər ikisi qonşuluqda olan məhəllədə yaşayırlar. xx.xx.2023-cü il tarixədək onlarla münasibəti yaxşı olmuşdur. Beləki, həmin gün saat 21:30-da yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs zəng edib onu öz maşını ilə Binəqədi şosesi, “Söyüdlər” məhəlləsində yaşayan qohumlarıgilə aparmasını xahiş etmişdir. Qasım da ailə üzvülərinin maşınında olduqlarını və maşınının nasaz olduğunu bildirib, onu apara bilməyəcəyini söyləmişdir. Bundan sonra evdən küçəyə çıxıb taksiyə minib qohumlarıgilə gedərkən Qasımın qırmızı rəngli BMV markalı avtomobili ilə küçədə dayandığını və avtomobilin içərisində 4 nəfərlə oturduğunu görüb taksini saxladıb yola salmış və Qasımın maşınına yaxınlaşıb ona nə üçün aldatdığını deyib, maşınında olan tanımadığı şəxsləri yerə düşürüb özü qabaq oturacaqda əyləşib, dərhal yumruqla Qasımın sifətinə bir yumruq vurub, aralarındakı narazılıqla bağlı söhbət etmək üçün maşını Saray qəbirstanlığının yanına sürməsini tələb etmişdir. Qasım isə həmin yerdə söhbət etməklərini xahiş etsə də ona qarşı çox acıqlı olduğu üçün təkidlə maşını Saray qəbirstanlığına sürməsini tələb etmişdir. O da sürmüşdür. Həmin yerə çatdıqdan sonra da avtomobilin açarını götürüb Qasımı yumruqla vuraraq yerə düşməsini tələb etmişdir. Qasım da yerə düşdükdən sonra maşından yerə düşüb sükanın arxasına keçmək istəyəndə Qasım yenə ona yalvarıb maşınını ona qaytarmağını söyləyib sükanın arxasına keçməyinə mane olmağa çalışmışdır. O da yumruqla onun sifətinə bir zərbə vurub, maşının sükanı arxasına əyləşmiş və Qasıma maşınını geri almaq istəyirsə 2000 manat pul verməsini tələb etmiş və həmin vaxtı cibində olan istifadə etdiyi “Leo” bank kartın 4098 5844 7173 6759 nömrəsini Qasıma deyib, pulu həmin kartın hesabına göndərdikdən sonra gəlib onun dediyi yerdən maşınını apara biləcəyini söyləyib maşını sürüb, Binəqədi rayonu istiqamətində sürməyə başlamışdır. Bir neçə saat həmin avtomobillə Binəqədi rayonu ərazisində gəzdikdən sonra Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları ona zəng edib, Qasımın ondan şikayət etdiyini, yəni onun maşınını əlindən aldığını bildirmişlər. Qasımın maşınını götürmədiyini söyləmişdir. Polis əməkdaşı da bölməyə gedib izahat verməyini tələb etmişdir. Sonra gedib izahat verəcəyini deyib telefonu söndürmüşdür. Bundan sonra polisin onu və maşını axtaracağını hiss edib deyib, Qasımın maşınını Binəqədi qəbirstanlığının yanma sürüb orada kimsəsiz yerdə saxlamış və maşının salonundakı maqintafonu əliylə dartıb yerindən çıxarmış, sonra salondakı kiçik yük yerini, arxa yük yerini və mühərrik hissəsini açıb özüylə götürmək üçün hər hansı qiymətli əşya axtarmışdır. Lakin münasib heç nə tapa bilməyib maşını Binəqədi rayonu Fövqəladə Hallar idarəsinin inzibati binasının yaxınlığına sürüb orada saxlamışdır və maşındakı maqintafonu götürüb əynindəki gödəkçənin altında gizlədib, saat təxminən 06 radələrində oradan taksi ilə Xırdalan şəhərinə yaşadığı evə getmiş və maqintafonu həyətdəki göyərçin damında gizlətmişdir. Ertəsi günü həmin maqnitafonu gizlətdiyi yerdən götürüb Xırdalan şəhəri AAAF-Park yaşayış kompleksinin yaxınlığında küçədə dayanan tanımadığı taksi sürücüsünə 50 manata satıb əldə etdiyi pulu həmin günü şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin vaxtı onun yanında başqa heç kim olmamış, tək olmuşdur. Həmin avtomobildən bir ədəd maqintafondan başqa heç nə götürməmişdir (cild 01, iş vər. 125-126). İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq təqsirləndirilən şəxs göstərmişdir ki, ibtidai istintaq zamanı ifadə verərkən, Qasıma 2000 manat borc pul verdiyini bildirmiş, lakin yazmamışlar. O, maşından maqnitofonu götürüb göyərçin damında gizlətməmiş və başqasına satmamışdır. O, ifadəsini oxumamışdır və ifadədə yazılanların əksəriyyətini deməmişdir. Həmin ifadəni təsdiq etmir, məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilk əvvəl ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs 500 manat borcu olmuşdur. Borca görə, maşını Abdullaya vermiş və borcu qaytardıqdan sonra maşınını geri alacağını bildirmişdir. Abdulla maşınındakı maqnitofonu və bəzi hissələri sökmüş, buna görə aralarında mübahisə yaranmış, o da gedib şikayət etmişdir. Daha sonra zərərçəkmiş şəxs ifadəsinin davamında göstərmişdir ki, əslində hadisə başqa cür cərəyan etmiş, hadisə günü Abdulla ona zəng etmiş və onu bir ünvana aparmasını xahiş etmişdir. O da həm aparmaq istəmədiyi, həm də maşını xarab olduğu üçün Abdullaya onu apara bilməyəcəyini və evə getdiyini bildirmişdir. Bundan sonra, evinə çatana yaxın Abdulla onun qabağını kəsmiş, evə getmədiyi və maşın işlədiyi halda onu dediyi ünvana niyə aparmadığını və aldatdığını soruşmuş, onu vurmuş və maşına minmişdir. Həmin vaxt onun maşınında bir sərnişin də olmuş, lakin həmin şəxs maşından düşüb getmişdir. Abdulla maşına mindikdən sonra, maşını sürməsinə göstəriş vermiş və yolu göstərərək onları Saray qəbirstanlığına gətirmişdir. Qəbirstanlıqda dalaşmışlar, Abdulla onu vurmuş və maşını götürüb getmişdir. Maşını götürərkən ona bir kart nömrəsi vermiş, həmin karta 2000 manat pul köçürməsini istəmiş və sonra maşını qaytaracağını söyləmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən zərərçəkmiş şəxs göstərmişdir ki, ibtidai istintaq zamanı ifadə verərkən ona təzyiq, təsir olmamışdır. Həmin ifadəni xatırlayır və biraz fərqli formada ifadə vermişdir. Əslində onun Abdullaya borcu olmamışdır. Abdulla onun evinə yaxın ərazidə qabağını kəsəndə o, maşını saxlamış, Abdulla gəlib qapını açmış və rol arxasında onu vurmuşdur. Bundan sonra Abdulla maşına minmiş, qabaqda oturmuş və sürməsini tələb etmişdir. Abdullanın onu saxladığı yerlə Saray qəbirstanlığı arasında təxminən, 3 km məsafə vardır. Abdulla pulu yolboyu deyil, qəbirstanlığa çatdıqdan sonra tələb etmişdir. O, Abdulladan maşını götürməyinin səbəbini soruşmuş, Abdulla isə, ancaq pulu köçürdükdən sonra maşının yerini deyəcəyini bildirmişdir. O, Abdullanı vurmamışdır. Abdullanın onu vurması nəticəsində xəsarətlər almışdır, ağzı və burnu partlamış, burnunda qırıq yaranmışdır. İlk dəfə Abdullanın onu vurmasını maşınında olan şəxs görmüşdür. Abdulla maşının qabağını kəsib onu vuranda, o da Abdullanı vurmuşdur. Həmin vaxt maşınında olan şəxs qaçıb getmişdir. Həmin şəxs tanıdığı müştəri olmuş və bu səbəbdən ibtidai istintaqda onun adını deməmişdir. Onlar maşında mübahisə etmişlər, qəbirstanlığa çatdıqdan sonra mübahisə sözlə davam etmiş və ancaq Abdulla onu vurmuşdur. O, uşaqları olduğuna görə, Abdullanın ona nəsə edəcəyindən qorxmuş və ona müqavimət göstərməmişdir. Abdulla davakar insan olmamış, onu əvvəldən normal insan kimi tanımışdır. Abdulla maşını sürüb getdikdən sonra, o, DİN-in “102 Xidməti” nə zəng etmiş və evinə qayıtmışdır. Onun maşını 2 gün sonra tapılmışdır. Maşın yol qırağında, açar üstündə olmuş, maşında bəzi hissələrmaqnitofon, işıqlar və s. çatışmamışdır. O, 10 ildir ki, Xırdalanda yaşayır. Abdullanın yaşadığı evi tanımamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan ödənilmiş, avtomobili ona geri qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə həmin tarixdə saat 22:24-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 Xidməti”ndən məlumat verilmişdir ki, Zərərçəkmiş şəxs (051) ***-**-** mobil nömrəsindən zəng edərək Abdulla və digər şəxs tərəfindən döyüldüyünü, ona məxsus BMW markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin həmin şəxslər tərəfindən aparıldığını, ondan avtomobilin qaytarılması müqabilində 2000 manat pulun tələb edildiyini bildirmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Quliyev X8 Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə ərizə ilə müraciət edərək Abdulla adlı şəxs və onun yanında olan digər şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hal şahidlərinin və zərərçəkmiş şəxsin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə Abşeron rayonu, Saray qəsəbəsində yeni yol adlanan ərazidə Saray qəsəbəsi istiqamətində gələndə yolun sağ hissəsində baş vermişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 15-22). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Akt”-dan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs məxsus BMW markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu, Fövqəladə Hallar Nazirliyinin tərkibində olan Xüsusi Riskli Xilasetmə Xidmətinə məxsus inzibati binanın yanında aşkar edilmiş, hadisə yerində həmin avtomobilə zərərçəkmiş şəxsin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, avtomobilə məxsus ön sağ və ön sol dönmə işıqları (fara), həmçinin avtomobilin salonunda olan maqnitafon, ön sağ ayaqaltı rezin, arxa oturacağın baş qoyulacaq yeri, saxlanc yerinin qapağı, ön motorxananı açan tros yerində yoxdur. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 23-30). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 2700 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər burun nahiyəsinin qançırı fonunda burun sümüyünün yerdəyişməyən sınığı, üst dodağın əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxslərin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (cild 01, iş vər. 34-35). Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 aprel 2024-cü il tarixli 9/2555 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1994-cü il buraxılışlı, albalı rəngli, “BMW 318” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə (normal vəziyyətdə) 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qayda da təxminən 5300,00 manat müəyyən olunur (cild 01, iş vər. 175-178). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha qeyd edərək təsdiq etmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 194- 198). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 180.2.4, 181.2.1, 182.2.4-cü maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 01, iş vər. 199-207) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 181.1-ci maddəsində göstərilmişdir ki, özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın – quldurluq cinayəti sayılır və həmin əməli törətməkdə təqsirli bilinən şəxs dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə şəxsin əməli CM-in 181.2.4-cü maddəsi ilə tövsif olunur və sözügedən əməli törətməkdə təqsirli bilinən şəxs səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 181.1-ci maddəsində həyat və sağlamlıq üçün təhlükəli zorakılıq dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-nin 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-nin 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları: cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Həmçinin, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə, eyni zamanda yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında göstərilənlərə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən zərərçəkmiş şəxsin ifadəsi, ifadənin yerində yoxlanması istintaq hərəkətinin protokolu, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər mötəbər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 181.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq dövründə verdiyi ifadəni qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, məhz həmin ifadə iş üzrə ibtidai araşdırma dövründə əldə edilərək cinayət işinin materiallarına əlavə edilən sübutlarla (zərərçəkmiş şəxsin ifadəsi, ekspertizanın rəyləri və s.) üst-üstə düşür. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Ərizə”dən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına yazılı qaydada müraciət edərək cinayət hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxsin anası tərəfindən ona tam ödənildiyini bildirmiş və hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını qeyd etmişdir (cild 01, iş vər. 105). Cinayət işinin materiallarında olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Arayış”dan görünür ki, Təqsirləndirilən şəxs “Hemofiliya A” diaqnozu ilə xx.xx.2002-ci il tarixdən X1 dispanser qeydiyyatdadır (cild 01, iş vər. 102). İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir və 220 manat pensiya alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, onun hemofiliya xəstəliyindən əziyyət çəkməsini, 2-ci qrup əlil olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 105-106). CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Abşeron Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 76, 97-99). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan “BMW-318” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 AZN (əlli manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “BMW-318” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə 50 AZN (əlli manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-104/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-104/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver