Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-106/2023 08.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Dəvəçi (Şabran) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, məhkum olunmamış, "xxxx" ASCnin ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2bs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 11 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 1995-ci ildə atası Şahid2 rəsmi olaraq boşandıqdan sonra yüngül həyat tərzi sürən anası, xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs azyaşlı qardaşı və bacısı ilə birlikdə onu da nənələri - X2 himayəsinə atıb çıxıb getdiyinə və taleyləri ilə maraqlanmaması səbəbindən uşaqlıq illərində böyük əzab-əziyyət və məhrumiyyətlərə məruz qaldıqlarına, eləcə də sürdüyü yüngiil həyat tərzi ilə ailələrinin namuslarına xələl gətirdiyinə görə onu həyat məhrumetməklə buna birdəfəlik son qoymaq qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə əlverişli məqamın yetişməsini gözləmiş, 2011-ci ilin təxminən payız aylarında, səhər saatlarında, nənəsi ilə birgə yaşadıqları, yataqxana tipli, ünvan 3 ünvanında yerləşən evin qonaq otağında bir gün əvvəl onlara baş çəkməyə gəlmiş anası Zərərçəkmiş şəxs ilə evdə tək olmalarından istifadə edərək televizorun qarşısında dayanmış anasına arxadan yaxınlaşaraq sağ əlindən «ilgək» kimi istifadə edərək idmanda tətbiq eilən «boğucu» fəndlə var gücü ilə boğazını sıxıb boğmağa başlamış, nəfəs almadığını görüb öldüyünə əmin olduqdan sonra onun meyitini qonşu yataq otağında gizlətmiş, axşam saatlarında isə mətbəx otağında təsərrüfatda istifadə eldikləri balta ilə silahlanıb meyiti hər iki bazu və bud sümüklərinin aşağı üçdəbiri nahiyyələrindən kəsib hissələrə bölərək biri «idman», biri isə «məktəbli» olmaqla iki çantaya yerləşdirmiş, səhər saat 4-5 radələrində həmin çantaları evin həyatyanı sahəsində «tualet - ayaqyolu» üçün qazılmış, lakin «su çıxması» səbəbindən istifadəyə yarasız hesab edilmiş quyuya basdırıb üstünü torpaqla doldurmuş, 2022-ci il 10 fevral tarixdə sözügedən əraziyə keçirilmiş baxış nəticəsində içərisində Zərərçəkmiş şəxs bədəninin qalıqları olan həmin çantalar aşkar edilərək müvafiq qaydada götürülmüş, bununla da digər şəxsi qəsdən həyatdan məhrum etməklə qəsdən öldürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, hadisə təxminən 2011-ci ilin payız aylarında baş vermişdir. Tarixi və vaxtı dəqiq xatırlamır. Anası onları atıb getmişdi. Onlara nənəsi baxırdı. Sonradan nənəsi onları internat məktəbinə vermişdir. Bir müddət Siyəzəndə internat məktəbində oxumuşdur. Sonra anası qayıdıb gəlmiş, gəldikdən sonra onlarla çox aqressiv davranmışdır. Bu əməli törədərkən onun 21 yaşı var idi. Anası ilə evdə tək olmuşdur. O, anasına belə şeylər eləməməsini, onları biabır etməməsini, övladlarınının gələcəyini düşünməyini söyləmişdir. O, “yaxşı edirəm, özüm bilərəm” demişdir. O da özünü cilovlaya bilməmişdir. Anasını boğmuş, sonra doğrayaraq ayaqyolu üçün qazılmış quyuda basdırmışdır. Əməlindən peşmandır. Cavan olduğuna görə qorxmuş, o vaxt təslim olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, bacısı pozğun həyat tərzi keçirirdi. Elə pozğunluq edə-edə bir uşaq da dünyaya gətirmiş, prokurorluğun həyətinə atmışdı. Həmin uşaq Elvingildən sonra doğulmuşdu. Bacısını sonuncu dəfə təxminən 20 il əvvəl görmüşdür. Təqsirləndirilən şəxslə barışmışlar, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Elvin onun əridir. O, ümumilikdə əsəbi insan olmuş, amma anası və hadisə barədə heç nə danışmamışdır. Bir dəfə anasını soruşmuş, o da burada olmadığını demişdir. Onların 8 yaşında oğlan və 5 yaşında qız olmaqla iki övladları var. Həmin gün Elvin onları aparıb anasıgilə qoymuş, sonra gedib polisə təslim olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 1985-ci ildə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs ilə ailə həyalı qurmuş, birgə nigahlarından Elvin, Emin və Gülvin adlı övladları olmuşdur. Təxminən 1995-ci il də Bəstinin əxlaqsız hərəkətlərinə və ona etdiyi xəyanatə görə ondan ayrılmışdır. Övladları Elvin, Emin və Gülvin onunla qalmış. Bəsti Elvin və Emini Siyəzən rayonunda yerləşən internat məktəbinə vermiş, Gülvin isə Bəstinin anası Pərzad ilə onun himayəsində yaşamışdır. Baş verənlərə görə 2001-ci ildə Rusiya Federasiyasına gedərək bir müddət orada yaşayaraq sonradan yaşadığı Şabran rayonuna qayıdıb ailə həyatı quraraq Şahnəzərli kəndində ev tikib orada yaşamağa başlamışdır. Hərdən övladlarına baş çəkir və qayğısına qalırmış. Ondan sonra Bəsti ilə heç bir münasibəti, münaqişəsi olmamışdır. Bildiyinə görə o çox vaxt evdə olmur, başqa yerlərdə qalırmış. Bəsti yüngül həyal tərzi keçirdiyi üçün uşaqlarına qayğı göstərmir, onlarla demək olar ki maraqlanmırmış. Bəstinin əxlaqsız hərəkətlərinə görə qardaşları və bacıları da onunla danışmır, ondan imtina etmişlər. Onun harada olması, nə işlə məşğul olması heç kimi maraqlandırmamışdır. Rayon prokurorluğuna dəvət edildiyi zaman ona məlum olmuşdur ki. Elvin anası Bəstini 2011-ci ildə öldürərək həyətdə basdırmışdır. (Cild 1, iş vərəqləri 80-83) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 Məhərrrəm oğlu göstərmişdir ki, ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 10 fevral 2022-ci il tarixdə qonşular danışdığı zaman Təqsirləndirilən şəxs 2011-ci ildə anasını öldürərək həyətdə basdırması barədə Şabran RPŞ-nə gedib bildirməsini eşitmişdir. Təqsirləndirilən şəxs valideynləri ayrıldıqdan sonra onunla qonşuluqda nənəsi Pərzad, bacısı Gülvin və qardaşı Emin ilə birlikdə yaşamışdır. Bir müddət Elvin və qardaşı Emin internat məktəbində yaşamışdır. Elvin sonradan ailə həyalı qurmuş, ailə həyalı qurduqdan sonra bir qədər orada yaşadıqdan sonra alasının ona bağışladığı Şabran şəhəri, Təbriz küçəsində yerləşən evə köçmüşdür. Təqsirləndirilən şəxs qonşular arasında böyük hörmət qazanmışdır. Onun həmin vaxtı yəni 2011-ci ildə anası Bəstini öldürməsi barədə nə o, nədə ki digər qonşular heç nə eşitməmiş, edşidəndə inanmamışlar. Təqsirləndirilən şəxs anası Bəsti qonşuluğunda olan Pərzada məxsus evə demək olar ki çox az gəlib-gedirmiş. Bildiyinə görə o yüngül həyat tərzi keçirir, bu səbəbdən o çox vaxtı başqa yerlərdə qalırmış. Bəsti uşaqları ilə maraqlanmır, demək olarki onların qayğısına qalmırmış. Elvinin özünü və bacı qardaşlarım nənəsi Pərzad baxaraq böyütmüşdür. Bəstini sonuncu dəfə təxminin 2011-ci ildə görmüşdür. Pərzad sonradan qonşulara Bəstinin hansısa xarici ölkədə olduğunu demişdir. (Cild 1, iş vərəqləri 123-126) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 göstərmişdir ki, Abşeron rayonu, Novxanı qəsəbəsində quşçuluq fabrikində fəhlə işləyərək həmin fabrikin ərazisində yaşayır. Ailədə 3 uşaq olmaqla Emin adlı qardaşı və Gülvin adlı bacısı vardır. Atası Vaqif anası Bəstini əxlaqsız hərəkətlərinə və ona xəyanət etməsinə görə təxminən 1995-ci ildə boşamışdır. Anası Bəsti qardaşı Elvini və onu Siyəzən rayonunda yerləşən internat məktəbinə qoymuş, bacısı Gülvin isə nənəsi Pərzad ilə birlikdə yaşamışdır. 9-cu sinifi başa çatdırdıqdan sonra internat məktəbindən çıxaraq ünvan 5 ünvanda yerləşən ana nənəsi Pərzadın evində yaşayaraq onun himayəsində olmuşlar. Həmin evdə qardaşı Emin, bacısı Gülvin, nənəsi Pərzad ilə birlikdə yaşamışlar. Babası Yağubəli çoxdan vəfat etmişdir. Həmin dövrlərdə anası Bəsti onlarla maraqlanmamış və qayğılarına qalmamışdır. 2011-ci ilin iyun ayında müddətli həqiqi hərbi xidmətə yollanaraq 2013-cü ilin yanvar ayında xidmətini başa çatdırmışdır. Xidmətdən qayıtdıqdan sonra nənəsi Pərzaddan anası Bəsti haqqında soruşduqda o, anası Bəstini əxlaqsız hərəkətlərinə görə evdən qovduğunu bildirmişdir. Bu səbəbdən, eləcə də, onlara analıq elmədiyinə görə bundan sonra onunla maraqlanmamışdır. 10 fevral 2022-ci il tarixdə qohumu Əşrəf onun mobil telefonuma zəng edərək Elvinin 2011-ci ildə anaları Bəstini öldürməsi və həyətdə basdırması barədə rayon polis şöbəsinə gedərək etiraf etməsini ona bildirmişdir. Onun baş vermiş hadisədən heç bir məlumatı olmamışdır. (Cild 1, iş vərəqləri 84-87) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 10 fevral 2022-ci il tarixli hadisə yerinə və meyit qalıqlarının aşkar olunduğu yerə baxış aparılması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs özünün göstərdiyi yerdə, yəni ünvan 5 ünvanın həyatyanı sahəsində qazıntı işləri aparılmış, 1,4 metr qazıldıqdan sonra 2 ədəd çanta və çantanın içərisində olan insan skelet fraqmentləri aşkar edilərək müvafiq qaydada götürülmüşdür. (Cild 1, iş vərəqləri 25-31) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “İfadənin yerində yoxlanılması haqqında” 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və törətmiş olduğu cinayətlərin detalları barədə ətraflı məlumat verərək əyani göstərmişdir. (Cild 1, iş vərəqləri 32-34) 10 fevral 2022-ci il tarixli “hadisə yerinə və meyit qalıqlarının aşkar olunduğu yerə baxış aparılması haqqında” və “İfadənin yerində yoxlanılması haqqında” protokollarında əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış, bununla bağlı 02 ədəd disk iş materiallarına əlavə edilmişdir. Həmin disklərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, ifadənin yerində yoxlanılması və hadisə yerinə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 22 aprel 2022-ci il tarixli, 05 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş skelet sümükləri qadın cinsindən olan insana məxsusdur, qığırdaq hissələri istisna olmaqla skeletin tamlığını əsasən təşkil edir. Zərərçəkmiş şəxs meyitinin müayinəsində hər iki bazu və bud sümüklərinin aşağı üçdəbirnin sınıqları aşkar edilmişdir, sınıq yerlərində yumşaq toxumalar çürüyərək itdiyindən onların həyati olubolmamasını və yetirilmə alətini təyin etmək mümkün olmadı. Sınıq fraqmentlərinin tibbikriminalistik tədqiqində onların küt yaranma müxanizıninə malik olması müəyyən edilmiş, ona görə də sınıqların ağzı (kəsici hissə) kütləşmiş baltanın təsirindən yarana bilməsi inkar olunmur. Zərərçəkmiş şəxs meyiti çürümə prosesinə uğrayaraq skletləşdiyindən onun ölümünün səbəbini və müddətini təyin etmək mümkün olmadı. (Cild 1, iş vərəqləri 153- 155) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 15 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı növ bədən xəsarəti və onun izləri aşkar olunmadı. (Cild 1, iş vərəqləri 72-74) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2022-ci il tarixli 011-3756-1222 nömrəli məhkəmə-genetik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bud sümüyü fraqmenti, 01 (bir) ədəd bazu sümüyü fraqmenti və 02 (iki) ədəd diş nümunəsi qadın cinsindən olan şəxsə məxsusdur. Həmçinin ekspertiza nəticəsində müəyyən edildi ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bud sümüyü fraqmenti, 01 (bir ədəd bazu sümüyü fraqmenti və 02 (iki) ədəd diş nümunəsinin məxsus olduğu qadın cinsindən olan şəxs ilə Təqsirləndirilən şəxs oğu arasında 99.91% ehtimalla bioloji valideyn-bioloji qohumluq əlaqəsi mövcuddur. (Cild 1, iş vərəqləri 147-152) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 11 fevral 2022-ci il tarixli 349 saylı kompleks ambulator məhkəmə-psixatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bu cinayət işinin materialları, həm cinayət işindəki anemneslik məlumatlar və hal-hazııki psixiatrik müayinənin nəticələri və s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental psixoloji müayinə gedişində idrak prosesslərinin, dünya görüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosionaliradi sferasında, fərdi pisixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs Öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiy əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixikasının pozulması halı qeyd olunmamışdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki pisixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Eqosentrizm, inadkarlıq, özünə qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən psixi emosional vəziyyətdə hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs əqli intellektual imkanları və fərdi pisixi xüsusiyyətlərinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq qabilliyyətinə malik olmuşdur. (Cild 1, iş vərəqləri 156-160) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 114) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 30 may 2014-cü il tarixli № 975-İVQD №-li Azərbaycan Respublikası Qanunun 11-ci bəndinə əsasən, həmin Məcəllənin 120.1-ci maddəsininin sanksiyasında “yeddi ildən on iki” sözləri “doqquz ildən on dörd” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin 2011-ci il tarixdə törədilməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilinməsi və cəza təyini zamanı 30 may 2014-cü il tarixli dəyişkliyədək qüvvədə olan və onun vəziyyətini yüngülləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin normaları tətbiq edilməlidr. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, digər sübutların məcmusu və işin faktiki halları ilə bir daha təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan prtotokoldan görünür ki, 09 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq Şabran RPŞ-yə gələrək təqsirini boynuna almışdır. (Cild 1, iş vərəqi 6) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi və özünün könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləndirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran rayon məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 62-64) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 09 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin Məcəllənin 10.3-cü maddəsi nəzərə alınmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Şabran rayon prokurorluğunda saxlanılan 02 ədəd çanta, çantanın içərisində olan skelet sümükləri, həmin skelet sümüklərindən nümunə üçün götürülmüş 02 ədəd diş, bazu və bud sümüyündən götürülmüş yuxarı 1/3 hissəsi (iki ədəd sümük) məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Şabran rayon prokurorluğunda saxlanılan 02 ədəd çanta, çantanın içərisində olan skelet sümükləri, həmin skelet sümüklərindən nümunə üçün götürülmüş 02 ədəd diş, bazu və bud sümüyündən götürülmüş yuxarı 1/3 hissəsi (iki ədəd sümük) məhv edilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-106/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-106/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver