Məhkəmə qərarları › İş №1(124)-107/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-107/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-107/2022 15.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxxxxx 1983-cü ildə Xaçmaz rayonu Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, evli, məhkum olunmamış, Xaçmaz rayonu Çiləgir kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 188.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmiş və onların hissələrini toplamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci il may ayının əvvəllərində Xaçmaz rayonu, Çiləgir kəndi ərazisində, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin balansında olan meşə massivinin 4-cü dolayının 8-ci kvartalının 8-ci bölməsində kənd təsərrüfatı təyinatlı olmayan, hər birinin ölçüsü 2x2 metr olmaqla 4 hissədən ibarət, ümumilikdə 16 m2 olan torpaq sahəsində 22 iyul 2021-ci il saat 13 radələrinədək qanunsuz olaraq əkdiyi tərkibində narkotik maddələr olan təmiz çəkisi 12.285 qram 46 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə becərmiş və həmin sahədə əkib-becərdiyi təmiz çəkisi 480 qram olan 9 ədəd quru vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin hissələrini çıxarıb torpağın üzərinə qoymaqla toplamış, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmiş və onların hissələrini toplamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, maddi sübutlar və digər sənədlərlərlə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Xaçmaz rayonu Çiləgir kəndində yaşayır, arabir narkotik vasitələrdən istifadə etmişdir. 2021-ci ilin may ayının əvvəllərində meşə ərazisində 4 yeri kollardan təmizləyib çətənə bitkisinin toxumlarını əkmiş və sulamış, sonra isə bu toxumlardan marixuana əmələ gəlmişdir. Əkərkən bu qədər çox sayda kol bitəcəyini ehtimal etməmişdir. Onun əkdiyi toxumlardan bitmiş kollardan 9 ədədi yararsız olduğu qənaətinə gələrək çıxardıqdan sonra, 46 ədəd çətənə kolu isə qalmış və polislər bu kolları müəyyən etmişdir. O, törətdiyi əməldən peşmandır. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin hüquqşünası Nümayəndə məhkəmə iclasında ifadə verərək göstərdi ki, meşənin Xaçmaz ərazisində yerləşən hissəsində çətənə bitkisinin əkilməsi müəyyən olunması barədə məlumat verilməklə oraya dəvət edilmiş və həmin yerə gəldikdə həqiqətən meşədə kol-kos olan ərazinin hissəvi təmizlənərək çətənə birkilərinin əkildiyini müəyyən etmişdir. Bunun nəticəsində meşə təssərüfatına ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz rayon X4 mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 şahid qismində oxşar ifadələr verərək göstərdilər ki, 22 iyul 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən Xaçmaz rayonu Çiləgir kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri meşə massivinə mütəxəssis Əspəndi Əspəndiyevin iştirakı ilə baxış keçirilmişdir. Həmin meşə sahəsinə baxılan zaman orada 4 yerdə olan sahədən kök üstə yaş vəziyyətdə 46 ədəd hüdürlükləri 90-200 sm olan çətənə kollarına bənzər bitkilər və kökündən çıxarılmış, qurumuş vəziyyətdə 9 ədəd çətənə kollarına bənzər bitkilər aşkar edilmişdir və hadisə yerində Təqsirləndirilən şəxs saxlanılmışdır. Həmin bitkilər götürülmüşdür. Bu zaman videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Xaçmaz Rayon Mənzil İstismar İdarəsinin aqronomu X1 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsində o, göstərmişdir ki, 22 iyul 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Elxan Allahverdiyevin mütəxəssis təyin olunmasına dair qərarına əsasən Xaçmaz RPŞ-yə dəvət olunmuşdur. X2 demişdir ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsi ilə bağlı Xaçmaz rayonu Çiləgir kəndində meşə massivinə gedib baxış keçirmək lazımdır. O da etiraz etməmiş və bundan sonra həmin tarixdə saat 14 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları ilə Xaçmaz rayonu Çiləgir kəndində meşə sahəsinə getmişdir. Onlar meşəlik sahəyə daxil olan zaman orada bir neçə polis əməkdaşları və adını sonradan bildiyi Xaçmaz rayonu Çiləgir kənd sakini Təqsirləndirilən şəxs var imiş. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və heç bir münasibəti olmamışdır. Polis əməkdaşlarının, onun və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş aparıla-aparıla Təqsirləndirilən şəxs meşə sahəsində narkotik tərbiətli çətənə kollarını əkdiyi yerləri təqdim etmişdir. Həmin yer ümumilikdə 4 hissədən ibarət imiş və hər birinin ərazisi təxminən 2x2 metr ölçüdə olmuşdur. Sahələrdə olan kolları görən kimi ona məlum olmuşdur ki, həmin bitkilər çətənə kollarıdır və onlaraq aqrotexniki qaydada qulluq edilmişdir. Çünki həmin bitkilərin dibləri yumşaldılmış və suvarılmışdır. Həmçinin bitkilər elə əkilmişdir ki, onların üzərinə günəş şüaları da düşsün. Aşkar edilmiş kollar diblərindən çıxarılmışdır. Həmçinin oradan 9 ədəd qurumuş halda olan kol və yarpaqları da aşkar edilmişdir. Kökündən çıxardıqları kolları oradan kənarda yerə düzərək saymışlar və hündürlüklərini ölçmüşlər. Bu zaman məlum olmuşdur ki, kökündən çıxardıları kolların sayı 46-dır, hündürlüyü isə 90 santimetrdən 280 santimetrədəkdir. Aşkar edilmiş 46 ədəd yaş vəziyyədə olan kol və 9 ədəd qurumuş kimi görünən kol və yarpaqları 4 ədəd kisələrə yığılaraq qablaşdırılmışdır. Sonra da həmin kisələr ekspertizaya təqdim etmək üçün müstəntiq tərəfindən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edlmiş 22 iyul 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik təbiətli çətənə bitkilərini əkib-yetişdirdiyi ərazi Xaçmaz- Çiləgir kənd yolunun sol tərəfində yoldan 250 metr məsafədə Çiləgir kəndi ərazisində Xaçmaz Meşəbəyiliyinin 4-cü dolayıdır. Qeyd olunan ərazi hər tərəfdən kollarla əhatə olunmuş, gediş-gəliş üçün dar cığır vardır. Həmin ərazidə 4 yerdə hər biri təxminən 4 kv metr olmaqla narkotik təbiətli çətənə bitkilərinə oxşar kolların əkilmiş olması müəyyən edilmişdir. Qeyd olunan ərazidə kökündən çıxarılaraq qurudulması üçün yığılmış 9 (doqquz) ədəd bitkilər və onların yanında qurumuş yarpaqları da olmuşdur. Təqsirləndirilən şəxs özü həmin bitkilərin narkotik təbiətli çətənə bitkiləri olmasını, öz istifadəsi üçün əkdiyini və qulluq göstərməklə yetişdirdiyini, 9 ədəd kolu isə qurudub istifadə etmək məqsədilə kökündən çıxardığını bildirmişdir. X8 bitkilərə baxaraq onların çətənə kolları olmasını, onlara aqrotexniki qaydada qulluq edilmiş olmasını bildirmişdir. Bundan sonra həmin ərazidəki narkotik təbiətli çətənə bitkiləri köklərindən çıxarılaraq kolluq ərazidən çıxarılmışdır. Çıxarılmış kök üstə yaş kollar açıq sahədə sayılmış və onların 46 ədəd olması müəyyən edilmişdir. Həmin ərazidən çıxarılan 46 (qırx altı) ədəd kökü üstə yaş olan müxtəlif ölçülü, yəni hündürlükləri 90 (doxsan) sm-dən 2.80 (iki metr səksən sm) olan çətənə bitkiləri 3 ədəd ayrı-ayrı ağ rəngli sintetik kisələrdə, kökündən çıxardılaraq qurudulması üçün yığılmış 9 (doqquz) ədəd bitkilər və qurumuş yarpaqları isə bir ədəd ayrı kisədə qablaşdırılaraq götürülmüşdür. Baxış videoçəkilişlə aparılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etdiyi meşə sahəsinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd disk daşıyıcıdakı görüntülərlə həmin baxış protokolunda göstərilənlər uyğunluq təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasına dair 23 iyul 2021-ci il tarixli, 7/701 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “1.Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan 03 ədəd sintetik torbadakı ümumi sayı 46(qırx altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi 12285 qram(12 kq. 285 qram) olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “1.Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan ağ rəngli sintetik torbadakı, sayı 09(doqquz) ədəd quru vəziyyətdə, ümumi çəkisi 480 qram olan bitki hissələri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Ekspertiza tədqiqatının dəyəri 78,82AZN (yetmiş səkkiz manat, səksən iki qəpik) təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş cinayət işində olan Xaçmaz Rayon Mənzil İstismar İdarəsinin aqronomu X6 oğlu tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 23 sentyabr 2021-ci il tarixli, 3588 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış 09.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işində olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə isə CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və Xaçmaz Rayon Məhkəməsinin 24.07.2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə- 22.07.2021-ci il tarixdən 22.11.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir, həbs qətimkan tədbiri 05.10.2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsi tərəfindən “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmənin hazırlıq iclasının nəticəsi olaraq iş üzrə yekun qərar çıxarılanadək ev dustaqlığı qətimkan tədbirinin müddəti uzadılmışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs kultivasiya etdiyi çətənə bitkiləri və onun hissələri iş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlama otağına təhvil verilmiş, hadisə yerinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən bir ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı çıxaış edərkən təqsirləndirilən şəxsin barəsində CM 188.1-ci maddəsi ilə ittihamdan imtina etmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin CM-nin 237.2.3-cü maddəsi ilə ittiham olunduğu əməli təqsirli olaraq törətdiyi tam sübuta yetirilmiş, ittihamın CM-nin 188.1-ci maddəsi ilə olan hissəsindən dövlət ittihamçısı imtina etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda təqsirləndirilən şəxsin barəsində CM-nin 188.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, bununla bağlı olan ifadələr ittihamdan xaric edilməlidir. Odur ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamda dəyişikliklər edilməklə və ittihamda göstərilmiş “qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına becərməklə özbaşına tutmuş və ”, “qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan”, “vg i özbaşına tutmaqla”, “həmin sahədə”, “qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına becərməklə özbaşına tutmuş və” ifadələri xaric edilir və təqsirləndirilən şəxsin əməli CM-nin 237.2.3-cü maddəsinə tövsif edilir. Qeyd olunanların nəticəsi olaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin səmimi peşmançılığı və himayəsində 3 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, təqsirləndirilən şəxs müəyyən müddətə azaqdlıqdan məhrumetmə cəzasına məhkum edilməli və onun həmin cəzanı real olaraq çəkməsi təmin edilmli, CM-nin 56.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçımə müəsissəsində çəkməli, CM-nin 93.1.2ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində olan ev dustaqlığı qətimkan tədbiri ilə bağlı müzakirə apararaq hesab edir ki, bu qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-də saxlanılan 46 ədəd kök üstə yaş vəziyyətdə ümumi çəkisi 12284.08 qram olan çətənə bitkiləri və 9 ədəd quru vəziyyətdə olan 479.84 qram çətənə bitkisinin hissələri məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.1, 314.2, 318, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 iyul 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin, hökm qanuni qövvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Xaçmaz RPŞ-də saxlanılan – 46 ədəd kök üstə yaş vəziyyətdə ümumi çəkisi 12284.08 qram olan çətənə bitkiləri və 9 ədəd quru vəziyyətdə olan 479.84 qram çətənə bitkisinin hissələri məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78,82AZN (yetmiş səkkiz manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Rəşad Əliyev Hakim Hafiz Əliyev Hakim Fəhmin Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar