Məhkəmə qərarları › İş №1(124)-109/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-109/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-109/2022 10.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Çarxı kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır, yəni insan həyatı üçün təhlükəli olan zərər vurmuşdur. Belə ki, o, 14 yanvar 2020-ci il tarixdə saat 19 radələrində atası Şahid4 məxsus Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob-Yalama» avtomobil yolunun kənarında yerləşən «Dalğa» kafesində olarkən oraya alkoqol sərxoşluğu vəziyyətində gəlmiş Zərərçəkmiş şəxs, Şahid1 və Şahid9 bir neçə gün əvvəl onların həmin kafedə kart oynamalarına icazə verilməməsini bəhanə edərək kafenin zalında olan stol-stulları, boşqabları, pəncərə şüşələrini və kafenin həyətində olan ona məxsus “VAZ-2107” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin faralarını sındırmaları, həmçinin Zərərçəkmiş şəxs kafenin qarşısında əkilmiş şam ağacının budağını sındırıb içəri daxil olaraq həmin ağac parçası ilə onun sağ çiyin və sol əl nahiyələrinə vurub sağ çiyin qurşağının əzilməsi və sol əlin ovuc səthinin sıyrılması kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsi səbəbindən qisas almaq niyyəti ilə kafenin mətbəxində, stolun üzərindən götürdüyü soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən sağlamlığa zərər vurma məqsədi ilə Zərərçəkmiş şəxs sol bel nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq sonuncuya dalağın zədələnməsi ilə müşayiət olunan qarının yan divarının soldan qarın boşluğuna nüfuz edən dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır, yəni insan həyatı üçün təhlükəli olan zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərdi ki, o, Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində atası Məzahirə məxsus «Dalğa» kafesini işlədir. Zərərçəkmiş şəxs təxminən 10 il müddətində tanımış, o, tez-tez həmkəndliləri ilə «Dalğa» kafesinə gəlib çay içmişdir. 11 yanvar 2020-ci il tarixdə təxminən saat 15 radələrində kafedə olduğu zaman Tural, həmkəndliləri Cavid, Səid və adını bilmədiyim başqa bir nəfər kafeyə gəlmiş və pul ilə kart oynamağa başlamışlar. O, Səidə yaxınlaşaraq qumar oyununu yığışdırmağa tələb etmiş və əlini uzadıb kartı götürmək istəyəndə Tural əli ilə onun əlinin üstünə vuraraq əlini çəkməsini tələb etmişdir. Daha sonra Turalgil kafedə yeyib-içdikdən sonra Səid onu bayıra çağırıb «uşaqlar sənin üçün problem yaradacaqlar» demiş, Səiddən səbəbini soruşduqda kafedə kartla oynamalarına icazə vermədiyi üçün ondan narazı olduqlarını demiş və sonra onlar kafedən çıxıb getmişlər. 14 yanvar 2020-ci il tarixdə saat təxminən 19 radələrində “Dalğa” kafesində olarkən kafedə ofisiant işləyən Gülxar ona yaxınlaşaraq Cavidin gəldiyini demişdir. Həmin vaxt aşbaz işləmiş Məryəmdə kafenin zalında oturmuşdur. Caviddən gəlməsinin səbəbini soruşdurqda o demişdir ki, «eşitmişəm söyüş söymüsən». Ona söyüş söymədiyini dedikdə və oturub söhbət etdikdə kafeyə Səid də gəlmiş və ona kafedə kart oynamağa icazə verməyən şəxsə qarşı ağır söyüşlər söymüşdür. Daha sonra, Cavidlə Səid söyüş söyməyə başlamış və onlara qadınların olmasını deyib özlərini ədəbli aparmalarını tələb etmişdir. Bu vaxt Turalda kafeyə daxil olmuş və əli ilə piştaxtanın üstünə vurub söyüş söyərək digərilərini də kafeni dağıtmağa çağırmışdır. Bundan sonra Tural, Səid və Cavid söyüş söyərək kafedə olan stol və stulları aşırmışlar. Sonra Tural kafedə işləyən Gülxarın yaxasından tutataraq onu vurmaq istəmiş, bu zaman Məryəm araya girərək Gülxarı Turalın əlindən almışdır. Bundan sonra, Tural, Cavid və Səid kafeni dağıtmağa və şüşələri sındırmağa davam etmişlər. Tural həyətdən şam ağacının budağını götürmüş və üstünə gələrək onun başına və sağ çiyin nahiyəsinə zərbələr vurmuşdur. Qaçıb yayınmaq istədikdə Tural ona hücum etməyi davam etmişdir. Onun qarşısını almaq istəyən Məryəmində başından Tural vurmuşdur. Turalın ondan əl çəkmədiyini görüb mətbəxə girmiş və stolun üstündən qırmızı rəngli dəstəyi olan mətbəx bıçağını götürüb Turala tərəf bir dəfə zərbə atmışdır. Bıçağın Turala dəyib-dəymədiyini hiss etməmişəm, ancaq sonra Turalın sol bel nahiyəsindən qan axdığını görmüş və bıçaq zərbəsinin ona dəyməsini anlamışdır. Sonra kafeyə Emin, Kamran, Ramiq gəlmiş və Turalı kafedən bayıra çıxarmaqla xəstəxanaya aparmışlar. Həmçinin kafedən bayıra çıxdıqda kafenin arxa tərəfində saxladığı “VAZ-2107 markalı ** XV *** qeydiyyat nişanlı avtomobilinin ön və arxa faraları sındırılmasını görmüş və bunun Səid tərəfindən edildiyi ona deyilmişdir. Sonradan Turalın xəstəxanaya aparılaraq əməliyyat olunmasını və onun dalağı çıxarılmasını bilmişdir. Bu səbəbdən özü və atası tərəfindən Turalın müalicəsinə 5.000 manata yaxın pul xərcləmiş, sonradan isə atası Məzahir Turalın özünə 3.000 manat məbləğində pul vermişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qaradağlı kəndində yaşayır. O, Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Təqsirləndirilən şəxs təxminən 10-15 il müddətində tanıyır. Namiq Qaradağlı kəndi ərazisində atası Məzahirə məxsus «Dalğa» kafesini işlətmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində tanışı Səidlə birlikdə «Dalğa» kafesinə gələrək çay sifariş etmiş və kafedə olan kartı götürüb Səidlə oynamaq istəmişdir. Kafedə işləyən Gülxar adlı ofisiant onların kart oynadıqlarını görüb stolun üstündən kartı götürmüş və cırmışdır. Onlar Gülxara heç bir söz demədən çay içdikdən sonra kafedən çıxıb getmişlər. Sonrakı günlərdə «Dalğa» kafesinə gəldikdə kafedə olan müştərilərin kart və domino oynamasını görüb onlara kart oynamağa icazə verilməməsi ona xoş olmamışdır. Sonrakı günlərdə də öz aralarında söhbət edərkən Namiqin onlara olan münasibətini, Gülxarın isə oynadıqları kartı stolun üstündən götürüb cırmasını özlərinə hörmətsizlik kimi qəbul etmişlər. 14 yanvar 2020-ci il tarixdə təxminən saat 15 radələrində o, evdən çıxıb Qaradağlı kəndi ərazisində Səid və Cavidlə görüşərək birlikdə yeyibiçmişlər və spirtli içki araq qəbul etmişlər. Yeyib-içdikdən sonra təxminən saat 19 radələrində «Dalğa» kafesinə gedib çay içməyə qərarlaşdırmışlar. Onlar birlikdə «Dalğa» kafesinə gedib içəri daxil olmuşlar və Namiq onları görüb qarşılarına gəlmişdir. Mətbəxin giriş qapısına yaxın yerdə Səidlə Namiq üzbəüz dayanıb sakit söhbət etmişlər. Sonra biləmədiyi səbəbdən Namiqlə Səid arasında mübahisə yaranmış və bu zaman ofisiant Gülxarda mübahisəyə müdaxilə edərək onlara söyüş söymüş və bu zəmində mübahisə böyümüşdür. Bu zaman Namiq mətbəxdə olan bıçağı ğötürüb onun sol bel nahiyəsindən vurmuşdur. Namiqin onu yumruqla vurduğunu fikirləşmiş, ancaq sonra sol bel nahiyəsindən qan axdığını görüb Namiqin onu bıçaqla vurduğunu bilmişdir. O, söyüş söyəsöyə kafedən bayıra çıxmış və kafenin qarşısında əkilmiş şam ağaçını budağını sındırıb yenidən kafenin mətbəxinə daxil olmuş, Namiqlə Gülxarı tapa bilməyib bayıra çıxmış və kafenin pəncərə şüşələrini sındırmışdır. Bu zaman Səidlə Cavid gəlib onu xəstəxanaya aparmışlar. Xəstəxanada üzərində cərrahi əməliyyat aparılmış və özünə gələndə bilmişdir ki, dalağı zədələndiyi üçün cərrahi yolla çıxarılmışdır. Namiq və atası tərəfində onun müalicəsi üçün pul verilmiş. Hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, onlar barışmışlar. Məhkəmədə şahid qsimində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid4 ifadəsində göstərdi ki, oğlu Namiq Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisində olan ona məxsus “Dalğa” kafesini işlədir. 2020-ci ilin yanvar ayının əvvəllərində «Dalğa» kafesinə gələndə Turalın həmkəndliləri Səid və Cavidlə birlikdə kafedə oturub qəpik pulla kart oynadıqlarını görmüş və bununla bağlı onlara iradını bildirmişdir. Sonrakı günlərdə o, eşitmişdir ki, Tural, Səid və Cavid kafeyə gəlib oğlu Namiqə və kafedə masa xidmətçisi işləyən Gülxara sataşaraq onları narahat etmişlər. Buna görə Turalın qayınatası Mirzəcanla görüşüb ona iradlarını bildirmişdir. 14 yanvar 2020-ci il tarixdə təxminən saat 19:15 radələrində kafedə işləyən Gülxar ona zəng vurub Tural, Cavid və Səidin gəlib kafeni dağıtmalarını bildirib gəlməsini xahiş etmişdir. O, kafeyə gəldikdə kafenin dağıdılmasını, şüşələrin sındırılmasını və döşəmədə qan izlərinin olmasını görüb kiminsə xəsarət almasını anlamışdır. Bu vaxt Emin adlı şəxs qışqıraraq ona demişdir ki, gəl Turalı xəstəxanaya aparaq, onu qan aparır. O, xəsarət alanın Tural olduğunu bilmiş və avtomaşını ilə onu aparmaq istədikdə Tural onu söyüş söymüş, bu səbəbdən də Emindən Turalın xəstəxanaya aparılmasını xahiş etmişdir. Özü də onların arxası ilə xəstəxanaya getmişdir. Sonra Namiqlə danışarkən məlum olmuşdur ki, Tural ağacla onu döydüyü üçün Namiq mətbəxdə olan bıçaqla ona xəsarət yetirmişdir. O, xəstəxanada gözləyib Turalın müalicəsi ilə bağlı lazım olan bütün dərmanları özü almış, ümumilikdə 5.000 manata yaxın pul xərcləmiş, Turalın özünə də 3.000 manat pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində «Dalğa» kafesində masa xidmətçisi kimi çalışır. Həmin kafe Şahid4 məxsus olsa da oğlu Təqsirləndirilən şəxs tərəfindən işlədilmişdir. 2020-ci ilin yanvar ayında saat 16 radələrində kənd sakini və müştəri kimi tanığı Səid, Tural, Cavid və adını bilmədiyi başqa bir nəfər kafeyə gəlib özləri ilə gətirdikləri kartı çıxarıb oynamışlar və Namiq onlara yaxınlaşaraq kartı yığışdırmağı tələb etmiş, lakin onlar əhəmiyyət verməmişlər. Sonra Namiq ona çay apararkən kartı stolun üstündən götürməsini demişdir. O, deyilən qaydada etmiş və Tural, Səid, Cavid və yanlarında olan tanımadığım oğlan başqa heç bir söz demədən çaylarını içdikdən sonra getmişlər. Sonra onlar yenədə qayıdıb yeyib-içmişlər və Səid Namiqi çağırıb nə isə söhbət etmişdir. 14 yanvar 2020-ci il tarixdə təxminən saat 19 radələrində Cavid kafeyə gəlmiş və Namiqi çağırıb söhbət etmişdir. 4-5 dəqiqə sonra Səid kafeyə gəlmiş və cibindən kartı çıxarıb stolun üstünə ataraq söyüş söymüşdür. Namiq ayağa durub Səidi sakitləşdirmək istəmiş, bu zaman Tural da kafeyə daxil olaraq əli ilə piştaxtanın üstünə vurub söyüş söyərək kafeni dağıtmağı təklif etmişdir. Sonra Tural onu da söyərək əl atıb yaxasında tutub özünə tərəf dartmış, bu zaman aşpaz işləyən Məryam ortaya girib onu Turalın əlindən almışdır. Qorxduğu üçün Namiqin atası Məzahirə və 102 xidmətinə zəng vurmuşdur. Həmçinin o, həmin vaxt kafedə olan mübahisə zamanı Namiqin Turalı bıçaqla vurmasını bilmiş, lakin konkret olaraq hansı nahiyəsindən vurmasını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayında həmkəndliləri Səid və digəriləri ilə «Dalğa» kafesinə gedib orada kart oynamışlar. Kart oynayan zaman kafeni işlədən Namiq gəlib kartı yığışdırmağı tələb etmişdir. Səid isə ona əhəmiyyət vermədən kart oynamağa davam etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra ofisiant Gülxar gəlib stolun üstündə olan kartı götürüb cıraraq yerə atmışdır. Gülxarın bu hərəkəti onların xoşuna gəlməmiş Namiqə düz etmədiyini deyərək kafedən çıxıb getmişlər. 14 yanvar 2020-ci il tarixdə 15 radələrində tanışları Səid və Tural ilə görüşüb yemək yemişlər və spirtli içki qəbul etmişlər. Bu zaman «Dalğa» kafesində onlara edilən hörmətsizliyi yada salaraq qərara almışlar ki, həmin fakeyə gedərək kart oynasınlar. Təxminən saat 19 radələrində Tural və Səid ilə «Dalğa» kafesinə gəlmişlər, Tural ilə Səid çöldə dayanmış, o isə kafeyə daxil olub Gülxardan Namiqi soruşmuşdur. Namiq gəlib söhbət edərkən Səid içəri daxi olmuş və onların arasında mübahisə yaranmışdır. Bu zaman Tural kafeyə daxil olmuş və mübahisə daha da böyümüşdür. Tural ilkə Gülxarın arasında da mübahisə bağlamış və onun qolundan tutub çölə çıxarmaq istəmiş, lakin Tural onu eşitmədiyi üçün özü çölə çıxmışdır. Bu zaman kafenin işindən dava-dalaş səsləri eşitmiş və içari girdikdə stolların dağıdılmasını görmüşdür. Bir daha Turalı tutub kafedən bayıra çıxarmağa cəht etmiş, hətta həmkəndlisi Kamran da gəlmiş, lakin Tural kafenin qarşısında olan şam ağacının budağını sındırıb əlinə götürərək kafeyə qayıtmış və 6-7 dəqiqə keçdikdən sonra səsə gəlmiş adamlar Turalı tutub kafedən bayıra çıxararkən Turalın sol bel nahiyəsindən qan axdığını görmüşdür. Nudan sonra Səidlə birlikdə Turalı həmkəndliləri Eminin avtomobilinə əyləşdirib Xaçmaz RMX-na aparmışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid9, X5, X3, Şahid7 və Şahid8 ifadələrindən görünür ki, onlar da məhkəmədə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslə, eləcə də digər şahidlərlə oxşar məzmunlu ifadələr verməklə həmin ifadələrdə göstərilən xüsusatları bir daha təsdiq etmişlər. (Cild 2, iş vərəqləri 140-141, ) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli T348/2020 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs almış olduğu xəsarət dalağın zədələnməsi ilə müşayiət olunan qarının yan divarının soldan qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası deşicikəsici alətin, yəni bıçağın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan 14.01.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (Cild 2, iş vərəqləri 49-53) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-trasoloji ekspertizasının 10 aprel 2020-ci il tarixli 3/194 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində düzəlişlər edilməmişdir. (Cild 1, iş vərəqləri 123-125) İş üzrə hadisənin baş verdiyi «Dalğa» kafesinə hadisə yeri kimi baxış keçirilərkən bir ədəd məişət təyinatlı mətbəx bıçağı maddi sübut qismində götürülmüş və iş üzrə maddi sübut kimi tanınanraq saxlanılmasından ötrü Xaçmaz RPŞ-nə təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 16-18, 133-143) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə məlumat yoxdur. (Cild 1, iş vərəqləri 127-128) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizədən, həmçinin bilavasitə məhkəmədə yazdığı ərizədən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş maddi və mənəvi zərər tamamilə ödənilmiş, onun hər hansı tələbi, şikayəti və iddiası yoxdur. Məhkəmədə ifadələrlə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və atası Şahid4 tərəfindən Zərərçəkmiş şəxs maddi yardım göstərilmiş və onun müalicə xərcləri ödənilməklə cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün tədbirlər görülmüşdür. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən olundu ki, baş vermiş cinayət hadisəsi Zərərçəkmiş şəxs və qeyrilərinin qanunsuz hərəkətlərinin təsiri nəticəsində törənmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ittiham aktının surətindən görünür ki, zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs, eləcə də Şahid1 Davud oğlunun və Şahid9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır. Bundan başqa, iş materiallarında olan doğum haqqında şəhədətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü X4 və 2019cu il təvəllüdlü X6 adlı iki azyaşlı övladı vardır. (Cild 1, iş vərəqləri 64-65) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olması, ittiham olunduğu cinayəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi, həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etməsi və onun tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.8, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsi, evli olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, ona qarşı heç bir şikayət və tələbin olmaması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. X10 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı zamanı da həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Xaçmaz rayon polis şöbəsində saxlanılan bir ədəd məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 56 (əlli altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə qarşı 14.500 manat məbləğində mülki iddia verilsə də, sonradan təqsirləndirilən şəxs notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi və mənəvi ziyanın təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, ona qarşı heç bir tələbi, iddiası və şikayətinin olmadığını göstərmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə 14.500 manat məbləğində verilmiş mülki iddiaya xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin və əlavə cəzanın icrasının əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə verilmiş mülki iddiaya xitam verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar