Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-11/2022 15.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəmiş şəxs – Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi – Nümayəndə iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Xaçmaz rayonunda doğulmuş, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə binaya qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış və bu fakt 05 fevral 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saat 19-da dəvət edilib Xaçmaz RPŞ-nin inzibati binasında onun üstünə saat 19:50-20:25 müddətində şəxsi axtarış keçirilərkən əynində olan gödəkcənin sağ yan cibində bir ədəd kağız bükümdə olmaqla 0,160 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 10 fevral 2021-ci il tarixdə saat 03:36 dəqiqədə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində yerləşən «Xəzər» firmasına aid yanacaq doldurma məntəqəsinin istirahət otağının qarşısına gəlib başında olan papağı gözlərinin üstünə qədər çəkdikdən və boynunda olan şərflə sifətini bağladıqdan sonra istirahət otağının qapısını döyüb əlində olan plasmas butulkanı yanacaq doldurma məntəqəsində operator işləyən Zərərçəkmiş şəxs göstərməklə yanacaq almaq istəməsinin görünüşünü yaradıb qapını açdırdıqdan sonra içəri qanunsuz olaraq girib üzərində olan mətbəx bıçağının tiyəsini silah qismində tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basıqın edərək pulları verməsini tələb etmiş və sonuncunun üzərində olan «Xəzər» firmasına aid 1.450 manat pul vəsaitini ələ keçirməklə quldurluq etmişdir. Bununla da o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə binaya qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 05 fevral 2021-ci il tarixdə təxminən saat 19 radələrində Xaçmaz şəhərində evə qayıdarkən ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirməklə onu Xaçmaz RPŞnə aparmışlar. Orada polis əməkdaşları ona demişlər ki, üzərində narkotik olmasını bildirsin və onu evə buraxacaqlar. Buna görə də o, üzərində bir bükümdə heroin olmasını təsdiq etmişdir. Bundan başqa o, göstərmişdir ki, 10 fevral 2021-ci il tarixdə təxminən saat 03 radələrində evdən çıxmışdır ki, anası Nazanın işlətdiyi çay evinə getsin. Evdən çıxarkən qara rəngli gödəkcəsini geyinmiş, tünd qəhvəyi rəngdə olan idman papağını başına qoymuş, ağ-qara rəngli şərfini isə boynuna bağlamışdır. Gecə olduğuna görə mətbəxə gedib orada olan dəstəyi sınmış mətbəx bıçağının tiyəsini götürüb şalvarının sağ arxa cibinə qoymuşdur ki, küçə ilə gedərkən hər hansı bir təhlükə ilə rastlaşsa özünü qorusun. Xaçmaz şəhəri İ.Qayıbov küçəsində olan yanacaq doldurma məntəqəsinin yaxınlığına gələndə orada otaqda bir nəfərin istirahət etməsini görmüş və pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, otağa daxil olsun və üzərində olan bıçağın tiyəsi ilə həmin şəxsi qorxudub pul alsın. Əvvəlcə yaxınlaşıb yanacaq doldurma məntəqəsində olan otağın qapısını döymək istəmiş, ancaq sonradan fikirləşmişdir ki, otaqda olan şəxs qorxub qapını açmaz. Qərara gəlmişdir ki, yanacaq almaq görünüşü yaradaraq oğlanı inandırıb qapını açdırsın. Bu səbəbdən də gedib yaxınlıqda olan zibil qutularının birindən bir ədəd bir litrlik plastmas butulka tapmış və qayıdıb yanacaq doldurma məntəqəsinə gəlmişdir ki, qapını döyən zaman plastmas butulkanı otaqda olan oğlana göstərib yanacaq almaq istədiyini bildirsin və o, ona inanıb qapını açsın. Tanınmamaq üçün başında olan papağı gözlərinin üstünə qədər çəkmiş, boynunda olan şərflə isə sifətini bağlamış və yaxınlaşıb yanacaq doldurma məntəqəsində olan otağın qapısını döymüşdür. İçəridə divanın üstünə uzanmış oğlan, yəni sonradan polis şöbəsində olarkən adını bildiyi Elmar duranda o, əlində olan bir litrlik plastmas butulkanı ona göstərmiş, Elmar onun yanacaq almaq istədiyini fikirləşmiş və ayağa durub qapıya yaxınlaşanda o, şalvarının arxa cibində saxladığı mətbəx bıçağının tiyəsini çıxarıb sağ əlində tutmuşdur. Elmar yaxınlaşıb arxadan qapını açan kimi o, qapını itələyib içəri daxil olmuş və bıçaqla onun üstünə gedərək pulları verməsini tələb etmişdir. Elmar qorxub arxaya çəkilmiş və o, sol əlində tutduğu bir litrlik plastmas butulkanı stolun üstünə qoyub qışqıraraq ona demişdir ki, yanacaq doldurma məntəqəsində olan bütün pulları verməsə bıçaqla onu vuracaqdır. Elmar qorxduğundan cibində olan pulları çıxarıb ona vermişdir. O, geri qayıdıb otaqdan çıxmaq istəmiş və qapıya yaxınlaşanda Elmarın ona verdiyi pulların bir və beş manatlıq əsginaslar olduğunu görüb geri qayıtmış və əlində olan mətbəx bıçağının tiyəsini onun istiqamətində tutub üstünə gedərək qışqırıb qalan pulları verməsini tələb etmiş və əli ilə şalvarının ciblərini üstdən yoxlamışdır. Elmar qorxduğu üçün şalvarının cibində olan pulları ona vermişdir. Sonra o, bayıra çıxıb qaçaraq Əlif Hacıyev küçəsinə yaşadığı evə gəlmişdir. Qapını açıb içəri daxil olduqdan sonra özü ilə götürdüyü mətbəx bıçağının tiyəsini otaqda döşəməyə sərdiyi palazın altında gizlətmiş və yanacaq doldurma məntəqəsində işləyən Elmardan aldığı pulları syaraq ümumilikdə 1100 manat olmasını bilmişdir. Sonra o, tutulacağından qorxaraq Bakı şəhərinə getmiş, əldə etdiyi pulun 300 manatına özünə qeyim almış, sonra Siyəzən şəhərində yaşayan bacısı Rənanın evinə getmiş və əldə etdiyi pulun 600 manatını saxlamaq üçün ona verməklə pulu hansı yolla əldə etməsi barədə məlumat verməmişdir. Daha sonra Siyəzəndən Xaçmaza qayıtmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihamla bağlı qeyd etmişdir ki, 05 fevral 2021ci il tarixdə təxminən saat 11 radələrində evdən çıxıb iş axtarmaq üçün gedərkən yaşadığı evin yaxınlığında yerdə bir ədəd qara rəngli siqaret kağızı bükümünün olduğunu görmüşdür. Həmin kağız bükümü əlinə götürüb açanda içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və atmayıb əynində olan gödəkcənin sağ yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Həmin gün bir çox yeri gəzsə də iş tapa bilməmiş və təxminən saat 19 radələrində qayıdıb yaşadığı evə gələrkən Ə.Hacıyev küçəsində ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmış və xidməti vəsiqələrini ona göstərib özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Yol boyu polis əməkdaşları onun hərəkətlərinə nəzarət etdikləri üçün imkan tapıb cibində saxladığı heroini çıxarıb ata bilməmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə polis əməkdaşları ona bildirmişlər ki, video çəkilişlə üstünə şəxsi axtarış keçiriləcək. Sonra polis əməkdaşları ona təklif etmişlər ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Polis əməkdaşlarının təklifindən sonra bilmişdir ki, üstündə olan narkotik vasitəni çıxarıb təqdim etməsə üstünə axtarış keçiriləcək və üstündə olan narkotik vasitə aşkar ediləcək. Bu səbəbdən də məcbur olub əynində olan gödəkcənin sol yan cibindən alışqanı, gödəkcənin sağ yan cibindən isə bir ədəd qara rəngli siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları onun üstündə aşkar olunmuş heroini bir ədəd ağ rəngli kağıza bükdükdən sonra kağız zərfin içərisinə qoyub qablaşdıraraq protokol tərtib etmişlər. (Cild 2, iş vərəqləri 74-76) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində yerləşən yanacaq doldurma məntəqəsində operator işləyir. 09 fevral 2021-ci il tarixdə səhər saat 08-dən gecə saat 24- 01 –dək o, ümumilikdə 1450 manat dəyərində yanacaq satmışdır. Həmin pulun 1200 manatı 50 və 100 manatlıq, qalan 250 manatı isə bir və beş manatlıq əsginaslar olmuşdur. Çox görsənməsin deyə o, 50 və 100 manatlıq əskinasları şalvarının sol yan cibində, bir və beş manatlıq əsginasları isə şalvarının sağ yan cibində saxlamışdır. 2021-ci ilin fevral ayının 9-dan 10-na keçən gecə təxminən saat 01-02 radələrində yanacaq doldurma məntəqəsinə avtomobil gəlmədiyini və sakitçilik olduğunu görüb istirahət otağının qapısını bağlayıb istirahət etmişdir. Saat 03:35 radələrində istirahət otağının qapısı döyülmüş və o, baxanda görmüşdür ki, başında idman papağı olan bir cavan oğlan əlində olan plastmas butulka ilə qapını döyür. Bəzən gecələr gəlib onlardan butulka ilə yanacaq alıb aparan sürücülər olduğu üçün o, elə bilmişdir ki, qapını döyən oğlanda yanacaq almaq istəyir. O, yerindən durub arxadan istirahət otağının qapısını açmışdır ki, həmin şəxsin nə istədiyini soruşsun. Bu zaman sonradan adını Sərxan kimi bildiyi şəxs qapını itələyib açaraq içəri daxil olmuş və əlində olan bıçağı onun istiqamətində tutaraq pulları ona verməsini demişdir. O, da şalvarının sağ yan cibində saxladığı bir və beş manatlıq əsginasları çıxarıb ona vermişdir. Lakin Sərxana qapıya gedib qayıdaraq böyük pulları da ona verməsini tələb etmiş, əks halda bıçaqla vuracağını demişdir. O, cibində saxladığı 50 və 100 manatlıq əsginasları da Sərxana vermişdir. Həmin anda o, Sərxanın sol əlində döymə olduğunu görmüşdür. Həmin şəxs qaçıb getmiş, özü ilə gətirdiyi plastmas butulka isə istirahət otağında olan stolun üstündə qalmışdır. Daha sonra dərhal DİN-nin 102 xidmətinə və yanacaq doldurma məntəqəsinin müdiriyyətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Həmçinin o, hadisə zamanı Sərxanın ona qarşı zor tətbiq etmədiyini, hər hansı bir xəsarət almadığını, onda olan pulların yanacaq doldurma məntəqəsinin pulu olduğunu və hazırda heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə o, «Xəzər» firmasının direktoru vəzifəsində işləyir. Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində yerləşən yanacaq doldurma məntəqəsi “Xəzər” firmasına məxsusdur. Həmin yanacaq doldurma məntəqəsində Elmar, Vüqar və Vüsal adlı şəxslər növbə ilə operator işləyirlər. Növbədə olan operator satdığı yanacağın pulunu özündə saxlayır, növbəni təhvil verib evə gədərkən isə satdığı yanacağın pulunu mühasibə təhvil verir. 09 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs növbədə olduğu üçün saat 08 radələrində yanacaq doldurma mətqəsinə gəlib növbəni təhvil almışdır. 10 fevral 2021-ci il tarixdə təxminən saat 03:40 radələrində mobil telefonuna zəng gəlmiş və o, baxanda görmüşdür ki, zəng vuran Elmardır. Telefona cavab verib Elmardan nə lazım olduğunu soruşduqda sonuncu tanımadığı bir nəfər yanacaq doldurma məntəqəsinin istirahət otağına daxil olaraq onu bıçaqla hədələyib satdığı yanacağın pulunu almasını demişdir. O, evdən çıxıb İ.Qayıbov küçəsində olan yanacaq doldurma məntəqəsinə gələndə görmüşdür ki, polis əməkdaşları yanacaq doldurma məntəqəsinin istirahət otağına baxış keçirirlər. Polis əməkdaşları gedəndən sonra o, yanacaq doldurma məntəqəsinin istirahət otağında quraşdırılmış video müşahidə kamerası ilə qeydə alınmış görüntülərə baxarkən görmüşdür ki, başında idman papağı olan bir nəfər istirahət otağına daxil olaraq əlində olan bıçaqla Elmarı hədələyib pul tələb edərək almışdır. Sonra Elmar ona demişdir ki, o, həmin gün 1450 manat dəyərində yanacaq satmışdır və satdığı yanacağın bütün pulunuda onu bıçaqla hədələyən şəxsə vermişdir. Elmarın sözlərindən sonra o, yanacaq doldurma məntəqəsində quraşdırılmış sayğaca baxanda görmüşdür ki, Elmar növbədə olduğu müddətdə 1450 manat dəyərində yanacaq satmışdır. Daha sonra, o qeyd etmişdir ki, «Xəzər» firmasına dəymiş maddi ziyan Sərxanın anası tərəfindən tamamilə ödənilmiş, hazırda onun heç bir şikayəti və tələbi yoxdur. (Cild 1, iş vərəqləri 112-113) Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Sərxanla birlikdə Xaçmaz şəhəri Ə.Hacıyev küçəsindəki evdə yaşamışlar. 05 fevral 2021-ci il tarixdə axşam saatlarında o, bilmişdir ki, oğlu Sərxan üstündə narkotik vasitə gəzdirdiyinə görə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Daha sonra, 09 fevral 2021-ci il tarixdə təxminən saat 09 radələrində evdən çıxıb işlədiyi çay evinə getmiş və bütün günü orda olmuşdur. 10 fevral 2021-ci il tarixdə təxminən saat 07- 08 radələrində mobil telefonuna zəng gəlmiş və o, telefona cavab verdikdə danışan şəxs polis əməkdaşı olduğunu bildirərək ondan Sərxanın harada olduğunu soruşmuş, o, da gecəni evə getmədiyini və Sərxanın harada olmasını bilmədiyi demişdir. Narahat olduğundan evə gələrək Sərxanın evdə olmadığını görmüş və onun mobil telefon işlətmədiyi səbəbindən harada olmasını bilməmişdir. Daha sonra, ona məlum olmuşdur ki, Sərxan gecə Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində yerləşən yanacaq doldurma məntəqəsində işləyən şəxsi bıçaqla hədələyərək 1450 manat pul almışdır. Daha sonra, o, oğlu Sərxanla görüşmüş və o, polislərin dediyini təsdiq edərək əldə etdiyi pulun bir qismini xərclədiyini, 700 manatını isə Siyəzən rayonunda yaşayan bacısı Rənaya saxlaması üçün verdiyini demişdir. Bu haqda qızı Rənadan maraqlandıqda sonuncu Sərxanın onun çantasına 700 deyil, 600 manat pul qoyduğunu demişdir. Rənaya həmin pulu saxlamasını və polis əməkdaşlarına təhvil verməsini demişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş və məhkəmədə tədqiq edilmiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ögey qardaşıdır. Onun özü Siyəzən şəhərində yaşayır. 10 fevral 2021-ci il tarixdə təxminən saat 15 radələrində Sərxan onun yaşadığı evə gəlmişdir. Sərxandan haradan gəldiyini soruşduqda o, Bakı şəhərindən gəlməsini demişdir. Həmin vaxt Sərxanın əynində təzə paltarlar olmuşdur. Sərxan ac olduğunu bildirmiş, o, da gətirib ona yemək vermişdir. Yemək yedikdən sonra Sərxan cibindən pul çıxarıb ona demişdir ki, 700 manatdır, həmin pulu saxlasın, sonradan gəlib götürəcəkdir. Sərxandan həmin pulu haradan aldığını soruşduqda demişdir ki, öz puludur, onda qalsın, sonra gəlib ondan alacaqdır. O, da otaqda güzgülü trimonun üstündə olan əl çantasını Sərxana göstərib demişdir ki, qoy çantada qalsın. Sərxanda pulu həmin çantaya qoymuşdur. Sərxan gedəndən bir qədər sonra anası Nazan ona zəng vurub Sərxanın Xaçmaz şəhərində olan yanacaq doldurma məntəqəsinə daxil olaraq orada olan işçini bıçaqla hədələyib pul almasını demiş, o, da anasına Sərxan onun evindən pul qoymasını demişdir. Anası da tapşırmışdır ki, həmin pulu polis əməkdaşlarına versin. Sərxanın qoyduğu pulu saydıqda cəmi 600 manat pul olduğunu görmüş və həmin pulu sonradan polis əməkdaşlarına vermişdir. (Cild 1, iş vərəqləri 81-82) Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 05 fevral 2021-ci il tarixdə ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üstündə gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs onun və əməliyyat qrupunun üzvləri Şahid4 və Şahid5 tərəfindən Xaçmaz şəhəri, Ə.Hacıyev küçəsində saxlanılaraq Xaçmaz RPŞ-nə dəvət edilmiş, müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla onun şəxsi axtarışı aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibindən bir ədəd alışqanı, sağ yan cibindən isə bir ədəd qara rəngli kağız bükümü çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə oxşar qəhvəyi rəngli kütlə açkar olunmuşdur. Bunun nə olduğu soruşulduqda o, «kakos» deməklə cavab vermişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda isə yaşadığı küçədən tapdığını, özü istifadə etdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündə aşkar olunmuş kağız bükümdə olan kütlə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Kərimov X3 Kərimovla oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 199-200, 203-204) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış aparılması haqqında” 05 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun Xaçmaz RPŞdə şəxsi axtarışı aparılarkən o, əynində olan gödəkcənin sağ yan cibində bir ədəd kağız bükümdə narkotik vasitə olan heroin bənzər kütləni təqdim edərək, bunun öz istifadəsi üçün üzərində saxladığı “kakos” adlandırdığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin istintaq hərəkəti videoçəkilişlə aparılmış və qeydə alınmış video görüntülər 01 ədəd diskə yazılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 146-148) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə tərəflərin iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlil tam olaraq video görüntülərdə öz təsdiqini tapmışdır. (Cild 2, iş vərəqləri 9-10) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2021-ci il tarixli 6/539 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş….» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,160 qr. olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. (Cild 1, iş vərəqləri 155-160) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 11 mart 2021-ci il tarixli 3/397 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağının tiyəsidir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bıçaq tiyəsinin üzərində sonradan hər hansı bir düzəlişin edilməsi müşahidə olunmamışdır. (Cild 1, iş vərəqləri 219-221) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 15 mart 2021-ci il tarixli 3/398 nömrəli ekspert rəyinə əsasən 1№li zərfdə təqdim edilmiş 1 saylı daktilolentin səthindəki «a», «b» əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi, 2 №li zərfdə təqdim edilmiş 1 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır, həmin izlər əlin barmaq hissəsinin dırnaq falanqının toxunması nəticəsində qalmışdır. 1№li zərfdə təqdim edilmiş 1 saylı daktilolentin səthindəki «a», «b» əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin adsız, çeçələ və sol əlin şəhadət barmağından qalmışdır. 2 №li zərfdə təqdim edilmiş 1 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağından qalmışdır. 1 №li zərfdə təqdim edilmiş 1-4 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri və 2 №li zərfdə təqdim edilmiş 1,2 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. (Cild 1, iş vərəqləri 222- 229) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 06 may 2021-ci il tarixli 1401 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 234-235) Məhkəmə tərəfindən təyin edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizalarının 05 noyabr 2021-ci il tarixli 2602 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu qeyd edilir. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasına dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 10 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində yerləşən yanacaq doldurma məntəqəsinin istirahət otağına baxış keçirilərkən bir ədəd plastmas butulka, həmin butulka üzərindən daktilolent vasitəsi ilə 04 ədəd əl-barmaq izləri, istirahət otağında olan video müşahidə kamerası ilə qeyd alınmış video görüntülər bir ədəd diskə köçürülərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 6- 8) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 10 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi 600 manat pul vəsaiti götürülmüş, pul vəsaiti sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab olunmuş və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs qaytarılaraq qəbz alınmışdır. (Cild 1, iş vərəqləri 35-36, 99-102) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs “İfadəsinin yerində yoxlanılması haqqında” 13 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bilavasitə hadisə yerində göstərməklə onları təsdiq etmiş və onun iştirakı ilə həmin halların dəqiqləşdirilməsi aparılmışdır. (Cild 1, iş vərəqləri 69-72) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 13 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd mətbəx bıçağının tiyəsi, həmin bıçaq tiyəsi üzərindən daktilolent vasitəsi ilə 02 ədəd əl-barmaq izləri və bir ədəd idman papağı götürülmüşdür. (Cild 1, iş vərəqləri 73-77) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 0,110 qr. olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cild 1, iş vərəqi 167) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, Şahid1 istintaqa təqdim etdiyi 4 ədəd 100 manatlıq və 4 ədəd 50 manatlıq əsginaslardan ibarət 600 manat məbləğində pul, video müşahidə kamerası ilə qeyd alınmış video görüntülərin köçürüldüyü 01 ədəd disk və hadisə yerindən götürülmüş 01 ədəd plastmas butulka iş üzrə maddi sübut kimi tanınmış, 600 manat pul qəbzlə Zərərçəkmiş şəxs təhvil verilmiş, 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd plastmas butulka isə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 99-100, 102) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı video görüntülərin köçürüldüyü 01 ədəd disk, əl barmaq izlərinin götürüldüyü 06 ədəd daktilolent, 01 ədəd daktiloxəritə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, 01 ədəd mətbəx bıçağının tiyəsi və 01 ədəd idman papağı isə maddi sübut kimi tanınmaqla saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. (Cild 2, iş vərəqləri 15-16) Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa və müvafiq Plenum Qərarına əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Bundan başqa, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi az ağır, həmin Məcəllənin 181.2.3 və 181.2.5-ci maddələri isə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5 və 234.1-c maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 24 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirli bilinib 04 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin 15 mart 2018-ci il tarixli qərarı ilə 02 ay 04 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (Cild 1, iş vərəqləri 239-241, 242- 245) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən və həmin Məcəllənin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən və müvafiq arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı vardır: 2013-cü il təvəllüdlü X5 və 2014-cü il təvəllüdlü X2. Bundan başqa, iş materiallarında olan zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ərizələrindən görünür ki, onlara dəymiş ziyan ödənilmiş, şikayətləri və tələbləri yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdən 07 fevral 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş, daha sonra Xaçmaz rayon məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 fevral 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 65-68, 142-143, Cild 2, iş vərəqləri 39-41) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və qəti cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞdə saxlanılan 0,110 qram çəkidə narkotik vasitə heroin, bir ədəd mətbəx bıçağının tiyəsi, bir ədəd idman papağı, bir ədəd plastik su qabı məhv edilməli, iş materiallarına əlavə edilmiş 06 ədəd daktilolent, 01 ədəd daktiloxəritə və 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 600 manat məbləğində pulun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 230 (iki yüz otuz) manat 29 (iyirmi doqquz) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün ona təyin edilmiş qəti cəza müddətinə hesablanmaqla çıxılsın və üzərində 09 (doqquz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə ümumi ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 0,110 qram çəkidə narkotik vasitə heroin, bir ədəd mətbəx bıçağının tiyəsi, bir ədəd idman papağı və bir ədəd plastik su qabı məhv edilsin, iş materiallarına əlavə edilmiş 06 ədəd daktilolent, 01 ədəd daktiloxəritə və 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, 600 manat məbləğində pulun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 230 (iki yüz otuz) manat 29 (iyirmi doqquz) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-11/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-11/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver