Məhkəmə qərarları › İş №1(124)-11/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-11/2023

01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-11/2023 01.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkərək narkotik vasitələrin istifadəçisi olmaqla şəxsi istehlakı üçün istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,189 qram olan qəhvəyi rəngli toz şəkilli kütlələrdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış və 14 iyun 2021-ci il tarixdə saat 20:15 radələrində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Quba şəhəri Qələbə küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan sarı rəngli qısaqol köynəyin sol döş cibindən 1 ədəd "Prima" markalı siqaret qutusunun üzərindəki sellofanın içərisindəki 02 ədəd gümüşü rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,126 qram və 0,063 qram, ümumi təmiz çəkisi 0,189 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittihamın qeyd edilən epizodu üzrə təqsirli bilməyərək göstərdi ki, 14 iyun 2021-ci il saat 14-15 radələrində evində olarkən polis əməkdaşları onun evinə daxil olmuşlar və onu tutmuşlar. Həmin vaxt qızı da evdə mətbəxdə olmuşdur. Polis əməkdaşları onun evinə baxış keçirmişlər, lakin narkotik vasitə tapmamışlar. Polis əməkdaşları sonra onu çölə çıxarıb üzərinə baxış keçirmişlər. Ondan narkotik vasitə olmamış, üzərində aşkar edilmiş 2 bükümdə narkotik vasitə heroin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Ona təzyiq edildiyi və evindən daha çox həcmdə narkotik vasitənin götürüləcəyi deyildiyi üçün qorxusundan həmin 2 büküm narkotik vasitənin üzərinə götürülməsi ilə razılaşmışdır. Üzərinə baxış keçirilərkən müdafiəçi iştirak etmiş və baxış videoçəkilişlə aparılmışdır. Narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün heroini çəkmək yolu ilə istifadə etmişdir. Heroin istifadə edərkən həmin narkotiki Quba şəhərində tanımadığı şəxsdən almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı şahid ifadələrinin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Quba rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan həmin məlumat əsasında onun rəhbərliyi ilə polis əməkdaşları Şahid2, Şahid3 və Fuad İslamovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun üzvləri ilə birlikdə 14 iyun 2021-ci ildə saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı Quba şəhəri, Qələbə küçəsində saxlamışlar. Ona qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirərək üzərində vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi deyilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində olan “Prima” markalı siqaret qutusunun içərisindən iki büküm narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs barəsində onun qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Şahid1 rəhbərliyi ilə ondan, polis əməkdaşları Şahid3 və Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birlikdə 2021-ci il iyun ayının 14-də saat 20 radələrində Təqsirləndirilən şəxs Quba şəhəri, Qələbə küçəsində saxlamışlar. Saxladıqdan sonra Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən “Prima” markalı siqaret qutusunun içərisində iki bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Quba RPŞ-nin əməkdaşı Şahid3 ifadəsindən görünür ki, o, digər polis əməkdaşları Şahid1 və Şahid2la oxşar məzmunlu ifadə vermişdir. (Cild 2, iş vərəqi 38) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış aparılması barədə” 14 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Quba şəhəri Qələbə küçəsində polis əməkdaşları tərəfindən saxlanılan Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan hər hansı əşyanı təqdim etsin. O, isə əynindəki qısa qol köynəyin sol döş cibindən bir ədəd “Prima” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunda folqaya bükülmüş iki kiçik bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 24-25) “Şəxsi axtarış aparılması barədə” 14 iyun 2021-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 iyun 2021 cı ıl tarixli, 6/2422 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs Əlıheydər oğlunun üzərindən aşkar olunmuş.." və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,126 qram, ümumi təmiz çəkiləri 0,189 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 bükumdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respubikasmın ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin" siyahısına daxildir. (Cild 1, iş vərəqləri 31-35) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-tibbi yoxlamaya dair ekspertin xx.xx.2021-ci il tarixli, 2832 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar ounur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 56-57) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 07 dekabr 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk, Şahid8 avtomaşınına baxış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk və “Azerfon” mobil rabitə operatorundan daxil olan 02 ədəd “CD” formatlı disklər maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan əlavə, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,129 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. (Cild 2, iş vərəqləri 107-120) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özü tərəfindən etiraf edilməsə də, onun üzərində şəxsi istehlak miqdarından artıq miqdarda 2 bükümdə, ümumi təmiz çəkisi 0,189 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək, daşıması və saxlaması digər obyektiv sübutlar, yəni şahid ifadələri, videoçəkilişlə aparılmış istintaq hərəkətinin protokolu, eləcə də ekspert rəyi ilə kifayət qədər təsdiqini tapmışdır. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi üzrə təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-cü maddəsi ilə əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 6 ədəd bükümdə ümumi çəkisi 0,316 qram psixotrop maddə olan metamfetamini və bir bükümdə 0,013 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 23 mart 2021-ci il tarixdə saat 17 radələrində Quba şəhəri Ə.Nərimanov küçəsində yerləşən “Orbit” marketin qarşısında ayrı-ayrılıqda 0,037, 0,081, 0,039, 0,029, 0,074 və 0,056 qram olmaqla, altı ədəd bükümdə ümumilikdə həmi 0,316 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini və 0,013 qram narkotik vasitə heroini Quba şəhər sakini Şahid8 10 manat müqabilində satmışdır. Bundan başqa o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, təmiz çəkisi 0,189 qram olan qəhvəyi rəngli toz şəkilli kütlələrdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində daşımaqla saxlamış, 14 iyun 2021-ci il tarixdə saat 20:15 radələrində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri Qələbə küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan sarı rəngli qısaqol köynəyin sol döş cibindən 1 ədəd "Prima" markalı siqaret qutusunun üzərindəki sellofanın içərisindəki 02 ədəd gümüşü rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,126 qram və 0,063 qram, ümumi təmiz çəkisi 0,189 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın birinci epizodu üzrə onun təqsirliliyini təsdiq edən sübutlar nəinki məhkəmə istintaqı zamanı müəyyən edilməmiş, bu sübutlar istintaq orqanının özünün topladığı istintaq materiallarında belə olmamışdır. İstintaq orqanının Təqsirləndirilən şəxs qarşı faktiki olaraq olmayan sübutlar əsasında tamamilə əsassız və qanunsuz şəkildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür ki, bu ittiham yalnız fərziyyələrə və biri digəri ilə uzlaşmayan, bir-birini təkzib etməklə Təqsirləndirilən şəxsla əlaqəli olmayan ifadələr və sənədlərə əsaslanmışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə tutulmasından 3 ay əvvəl, yəni 23 mart 2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları Şahid8 tutaraq onun idarə etdiyi avtomaşından 0,081, 0,039, 0,029, 0,074 və 0,056 qram olmaqla, 5 ədəd bükümdə psixotrop maddə metamfetamin və bir bükümdə 0,013 qram narkotik vasitə heroin aşkar etmişlər. İstintaqla müəyyən edilmişdir ki, Şahid8 tutulmamışdan əvvəl əlavə olaraq bir bükümdə 0,037 qram çəkidə olan metamfetamini Quba şəhər sakini Şahid4 10 manata satmışdır. Həmçinin istintaq orqanının gəldiyi nəticəyə görə Şahid8 qeyd edilən psixotrop maddə və narkotik vasitəni Təqsirləndirilən şəxs almışdır. İstintaqın bu epizodu ilə bağlı məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Quba şəhərinin sakini və qonşuluqda yaşayan şəxs kimi tanımışdır. Taksi sürücüsü olduğundan Nahidin ailəsini maşınla müəyyən yerlərə aparmışdır. Nahidlə daima telefon danışıqları və əlaqəsi olmuşdur. 23 mart 2021-ci il tarixdə saat 18-19 radələrində Şahid4 onun maşınına minərək Quba şəhərində “Orbit” marketinin yanına sürməyi demiş, sonra maşından düşüb harasa getmiş və geri qayıdaraq maşına minmişdir. Həmin vaxt Elçinin maşından düşərək kimdənsə, o cümlədən Nahiddən narkotik almasından onun məlumatı olmamışdır. Onun yanında Elçin Nahiddən narkotik almamışdır. Bundan başqa, Şahid8 göstərmişdir ki, onun özü də Təqsirləndirilən şəxs heç vaxt narkotik almamış, Nahidin kiminləsə narkotiklərlə bağlı alış-verişinin olmasından onun xəbəri olmamışdır. Təqsirləndirilən şəxs narkotik alaraq Şahid4 satmamışdır. Polis əməkdaşları ilkin olaraq Şahid4, sonra isə onu saxlamışlar. Bu zaman polis əməkdaşları Elçinin kimdən narkotik almasını soruşduqda o, bunu bilmədiyini demişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq materiallarında olan Şahid8 şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrdən, eləcə də onun öz təqsirləndirildiyi iş üzrə Quba rayon məhkəməsində verdiyi ifadəsindən görünür ki, Şahid8 məhz Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə almasını ümumiyyətlə göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 23 mart 2021-ci il tarixdə Şahid8 10 manat pul verməklə ondan 01 bükümdə psixotrop maddə metamfetamin almışdır. Rafiqin həmin metamfetamini kimdən almasından onun məlumatı olmamışdır. Daha sonra, Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Quba şəhər sakini kimi tanımış, onunla heç bir əlaqəsi olmamışdır. Şahid8 maşınında olarkən və ondan metamfetamin alarkən həmin maşına Təqsirləndirilən şəxs oturmamış, Nahiddən Qurbanovdan o, narkotik almamışdır. Bundan başqa, Şahid8 da Təqsirləndirilən şəxs narkotik almasını görməmiş və eşitməmişdir. Məhkəmə bir daha qeyd edir ki, ibtidai istintaq materiallarında olan Şahid4 verdiyi bütün ifadələrindən, eləcə də onun Şahid8 təqsirləndirildiyi iş üzrə Quba rayon məhkəməsində verdiyi ifadəsindən, həmçinin Şahid4 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair iş üzrə məhkəmə qərarından görünür ki, Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə almasını ümumiyyətlə göstərməmişdir. Verilmiş ittihamın həmin epizodu ilə bağlı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, 23 mart 2021-ci il tarixdə ümumiyyətlə tutulmamış və onda narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Şahid8 tutulmasından 3 ay sonra, 14 iyun 2021-ci il tarixdə o, tutulmuşdur. 23 mart 2021-ci il tarixdə Şahid8 və ya Şahid4 narkotik vasitə və ya psixotrop maddə satmamışdır. İstintaq zamanı müstəntiqin ona verdiyi sənədləri oxumadan imzalamışdır. Həmin sənədlərdə nə yazılmasında onun məlumatı olmamışdır. Məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı alınmış ifadələrdən görünür ki, o, ona qarşı heç bir sübut olmadığı halda guya özünə qarşı ifadələr vermiş, özünün cinayət törtməkdə ittiham olunması üçün hər cür səy göstərmişdir. Hətta istintaq orqanın aldığı ifadələrin tarixinə nəzər saldıqda məlum olur ki, guya Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə, yəni tutulmamışdan hələ 6 gün əvvəl - 08 iyun 2021-ci il tarixdə Şahid8 işi üzrə ona qarşı sübut olmadığı və onun şəxsiyyəti müəyyən olunmadığı halda Quba rayon polis şöbəsinə gəlib özünə qarşı ifadə verməklə göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 17 radələrındə Rafiq ***-***-**-** mobil telefon nömrəsi ilə ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng edib ondan narkotik vasitə istəmişdir. O, da Rafiqə Quba şəhəri Ə.Nərimanov küçəsində yerləşən “Orbit” marketin qarşısında olduğunu və həmin yerə gəlməsini bildirmişdir. Az sonra Rafiq özünə məxsus ğöy rəngli, “Vaz-2105” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtiomobili ilə həmin yerə gəlmişdir. O, Rafiqin avtomobilinə əyləşən zaman görmüşdür ki, Rafiqin yanında bir nəfər də tanımadığı şəxs var. Ona sonradan məlum olmuşdur ki, həmin şəxs Quba şəhər sakini Elçin adlı şəxsdir. O, Rafiqin avtomobilmə əyləşdikdən sonra Rafiq bir daha ondan narkotik vasitə istəmişdir. O, isə Rafiqə onda narkotik vasitə olan heroin olmadığını, hazırda üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu və həmin metamfetamini 10 manata satmaq istədiyini bildirmişdir. Rafiq də onunla razılaşmış və həmin vaxt Rafiq ona 10 manat pul verərək ondan bir bükum metamfetamini almışdır. Daha sonra o, Rafiqin avtomobilindən yerə düşmüşdür. Rafiq isə avtomobilini sürərək Elçinlə birlikdə oradan getmişdir. (Cild 1, iş vərəqləri 224-225) Bu azmış kimi istintaq orqanının Təqsirləndirilən şəxsla Şahid8 arasında keçirdiyi üzləşdirmə protokoluna əsasən, Şahid8 Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə və psixotrop maddə almadığını göstərdiyi halda, Təqsirləndirilən şəxs israrla ona narkotik vasitə satdığını göstərmişdir. (Cild 1, iş vərəqləri 53-55) Halbuki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından sonra ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Quba şəhər sakini X2 2 ilə yaxındır kı, tanıyır Rafiq göy rəngli “Vaz-2105” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Ona taksi lazım olduqda Rafiqin mobil telefonuna zəng edib çağırır Rafiq də pul müqabilində avtomobili ilə onu lazım olan yerlərə aparır. Rafiq onun narkotik vasitə heroındən və psıxotrop maddə metamfetamındən istifadə etdiyini bilir. O, heç vaxt, o cümlədən xx.xx.2021-cı il tarixdə Rafiq Əlıməmmədova psixotrop maddə metamfetamın satmamışdır. Bundan başqa, 14 06 2021-cı il tarixdə saat 20 radələrındə Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən o, saxlanılıb üzərinə şəxsi axtarış keçirilərkən ondan aşkar edilərək götürülmüş narkotik vasitə heroinlər də ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq olunduğu üçün əvvəlki ifadələrində Şahid8 psıxotrop maddə metamfetamin satdığını və üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə olan narkotik vasitə heroinlərin özünə məxsus olduğunu bildirmişdir. Həmçinin o, göstərmişdir ki, Şahid4 əvvəllər tanımamış, Elçinlə ümumiyyətlə heç vaxt görüşməmiş və Elçinə heç bır vaxt narkotik vasitə satmamışdır. (Cild 2, iş vərəqi 256) Qeyd edilənlər Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində onun adından yazılmış ifadələrin oxumadan imzalamasına dair məhkəmədə gətirdiyi dəlillərin və göstərdiyi halların həqiqət olmasını bir daha təsdiq edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadələri mötəbərliyinə əsaslı şübhələr olan sübut kimi qəbul edir və hesab edir ki, bu ifadələr etibarsız sübutlar hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Bundan başqa, məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan Quba rayon məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmündə görünür ki, Şahid8 Təqsirləndirilən şəxs verilmiş eyni məzmunlu ittiham əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmuş və hökmün təsviri-əsaslandırıcı hissəsində onun Təqsirləndirilən şəxs psixotrop maddə alaraq Şahid4 satması göstərilmişdir. Məhkəmə hesab edir ki, həmin hökmlə müəyyən edilmiş hallar yalnız Şahid8 aid edilə bilər və qeyd edilən hökm Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı məsələni həll edə bilməz. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarını rəhbər tutur və həmin hökmün hazırki cinayət işi üzrə preyudisial əhəmiyyətə malik olmadığını qeyd edir. Belə ki, həmin Qərarın nəticə hissənin 1 və 2-ci bəndlərində göstərilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 14 iyun 2021-ci il tarixli əməliyyat orqanının qərarına əsasən şəxsiyyəti və yaşadığı ünvanı məlum olan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə gəzdirməsi, saxlaması və satması barədə Quba RPŞ-nin CAB-a əməliyyat məlumatı daxil olduğundan onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Lakin istintaq materiallarına əsasən yaşadığı ev bəlli olan və satış məqsədi ilə külli miqdarda narkotik vasitənin üzərində gəzdirməsi müəyyən edilən Təqsirləndirilən şəxs tam ifşa edilməsi üçün, əməliyyat tədbirləninin davamı olaraq evində daha çox həcmdə narkotik vasitələrin saxlanıla bilməsi ehtimallarının yoxlanılması məqsədi ilə həmin vaxt və ya bundan sonrakı müddət ərzində onun yaşadığı evdə axtarış aparılmamış, əlaqələri yoxlanılmaqla narkotik vasitələrin alışı və satışında iştirak edən digər şəxslər müəyyən edilməmişdir. Bu isə bir daha onu təsdiq edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmamış və bu haqda əməliyyat orqanında kifayət qədər əsaslı və ağlabatan məlumatlar olmamışdır. Qeyd edilən məsələ ilə bağlı da Avropa İnsan Hüquqları Məhkəməsi "Savalanlı və digərləri Azərbaycana qarşı" iş üzrə Qərarının 92-ci bəndində qeyd etmişdir ki, məhkəmə ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, Məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir (Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, § 101). Həmçinin iş üzrə tərtib olunmuş ittiham aktında istintaq orqanı Təqsirləndirilən şəxsla Şahid8 arasında danışıqların olmasına dair mobil rabitə operatorundan götürülmüş məlumatları Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutlar kimi məhkəməyə təqdim etməyə çalışmışdır. Məhkəmə isə hesab edir ki, tanışlıq münasibətlərində olan Təqsirləndirilən şəxs və Şahid8 arasında 23 mart 2023-cü il tarixdə, bundan əvvəlki və sonrakı tarixlərdə olduğu kimi telefon danışıqlarının olması hər hansı bir halı təsdiq və ya təkzib edən sübut kimi qiymətləndirmək olmaz. Bundan başqa, istintaq orqanı mobil rabitə məlumatlarını təhlil etməklə, həmçinin Şahid6 və Şahid7 şahid qismində dindirməklə onların əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitə almalarını qeyd etmiş, bununla da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasının sübuta yetirildiyini göstərməyə çalışmışdır. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi təqdim olunmağa cəhd edilsə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi ifadələr, sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə verilmiş ittihamın birinci hissəsi, yəni onun Şahid8 narkotik vasitə və psixotrop maddə satma hissəsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, ittiham tərəfi bununla bağlı məhkəməyə ümumiyyətlə heç bir sünut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ittihamın həmin bəndi verilmiş ümumi ittihamdan xaric edilməli, eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və təkrarən məhz satış məqsədi ilə narkotik vasitələri əldə etməsi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinərək və cəzalanmalıdır. Məhkəmə qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs aşkar edilmiş iki bükümdə, ümumi təmiz çəkisi 0,189 qram olan narkotik vasitə heroinlə bağlı verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir ki, bu da bir daha Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dair ittiham tərəfininin hər hansı bir sübutunun olmamasının təzahürüdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət- Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadə və sənədlər yuxarıda qeyd edilən CPMnin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini, onun həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmasını qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesab olunmuşdur. Həmin müddətdən Təqsirləndirilən şəxs fasiləsiz həbsdə saxlanılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 2, iş vərəqləri 27-32) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməsi müddətinin başlanğıcı isə 14 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən salxanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırki iş üzrə xüsusi müsadirə edilməli əmlakın olmadığını qeyd edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş 4 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, Quba RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,129 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasın Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ittihamın təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilmiş hissədə təqsirləndirilən şəxsdən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 0,129 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş materiallarına əlavə edilmiş 04 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar