Məhkəmə qərarları › İş №1(124)-110/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-110/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-110/2024 13.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirlən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Babək" adlı şəxs və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş. “Babək” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3982.023 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 3005 qram çəkidə psixotrop maddə metamfetamin əldə etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin külli miqdarda 97.023 qram hissəsini bölüb 01 ədəd bükümə yığmaqla qanunsuz olaraq üzərində saxlayaraq daşımış, narkotik vasitə və psixotrop maddələrin qalan hissəsini yaşadığı ünvan 3 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 01 noyabr 2022-ci il tarixdə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:25-də ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə külli miqdarda 97.023 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 01 noyabr 2022-ci il tarixdə saat 05:30- dan etibarən Təqsirləndirilən şəxs özünün icazəsi və razılığı əsasında yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən yataq otağından 01 ədəd ağ rəngli torbanın içərisindən 04 ədəd bükümdə ayrı-ayrılıqda 970 qram, 995 qram, 980 qram, 940 qram olmaqla ümumilikdə külli miqdarda 3885 qram çəkidə narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda 1500 qram və 1505 qram olmaqla ümumilikdə külli miqdarda 3005 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu binanın birinci və ikinci mərtəbə aralığında tutmuşlar. Polislər ona təsir edərək evə daxil olmuşlar və onun oğlunun otağından 6 kisə heroin çıxarmışlar. Lakin videoçəkilişdə polis əməkdaşları həmin heroini yataq otağının şkafindan tapılmış kimi çəkmişlər. Evinə axtarış keçirildikdən sonra polis əməkdaşları aşkar olunanları göstərərək onu döymüşlər. Özünün istifadəsi üçün 01 qramı 25-30-35 manatdan heroin alaraq istifadə etsə də metanfetamin çəkməmişdir. Ona aid edilən ittihamları qəbul etməyərək iranlı ilə telefon vasitəsi ilə əlaqə saxlasa da, iranlı onun istifadəsi üçün narkotik vasitə göndərməmiş və iranlı ona iş təklif etmiş o isə iranlını aldadaraq ondan 5000 manat pul almışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 02 (iki) ilə yaxın müddət narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddələri anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən alıb özü istifadə etmişdir. Əvvəllər tanışı Kənan adlı şəxsin vasitəsi ilə İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsdən narkotik vasitə almışdır. Sonradan Kənan ilə əlaqəsi kəsildiyi üçün Babəklə qazanc əldə etmək məqsədilə watsapp proqramı vasitəsi ilə əlaqə qurmağa başlamışdır. O da Babəkin təklifi ilə razılaşmışdır. Təxminən 3 ay bundan öncə Babəklə danışan zaman sonuncu bildirmişdir ki, narkotik vasitə göndərəcəkdir və həmin narkotik vasitələri Bakı şəhəri, Suraxanı rayonu ərazisindən götürüb sonradan onun dediyi yerlərə qoyub bu barədə ona məlumat versin. Tural da onun bildirdiyi yerdən narkotik vasitə və psixotrop maddələr olan torbanı gedib götürmüş və sonradan hissə-hissə olmaqla Bakı şəhərinin müxtəlif ünvanlarına yerləşdirmiş, həmin ünvanların fotoşəkillərini Babəkə watsapp proqramı ilə göndərmişdir. Babək də ona bu işə görə ümumilikdə 5000 manat məbləğində pul göndərmişdir. 31 oktyabr 2022-ci il tarixdə Babək onunla danışan zaman gün ərzində yenidən narkotik vasitə və psixotrop maddələr olan torbanın Bakı şəhəri Suraxanı rayonu ərazisinə öz adamları tərəfindən yerləşdiriləcəyini bildirmişdir. Danışıqlarından 1-2 saat keçdikdən sonra Babək ona narkotik vasitələrin yerləşdirildiyi ünvanı, Bakı şəhəri, Suraxanı rayonu ərazisində olan ünvanın fotoşəkilini göndərmiş, təcili gedib narkotik vasitələri oradan götürməyi, əgər qeyd olunan narkotik vasitələri bildirdiyi çəkilərə uyğun olaraq yerləşdirərsə 4000 manat məbləğində pul verəcəyini söyləmişdir. Qeyd olunan ünvana gedib həmin torbanı götürmüş və dərhal bu barədə Babəkə məlumat vermişdir. Babək ona qeyd olunan narkotik vasitənin üzərindən 01 ədəd sellofan bükümdə olan heroini götürüb üzərində saxlamağını və bildirdiyi halda həmin sellofan bükümü özünə uyğun olan yerə qoymağını, bu barədə ona məlumat verməyini söyləmişdir. 01 ədəd sellofan bükümdə heroini əynindəki gödəkçənin cibinə qoymuş, digər narkotik vasitə və psixotrop maddələri isə yaşadığı Sumqayıt şəhəri ərazisində olan mənzilində gizlətmişdir. 01 noyabr 2022-ci il tarixdə saat 02 radələrində yaşadığı ünvanın yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan şalvarının cibindən 01 ədəd Honor markalı mobil telefon, əynindəki gödəkçənin cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd "Leo Banka" məxsus plastik bank kartını, 10 manat pulu, 1 ədəd siqareti və içərisində narkotik vasitə heroin olan 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarının cibindən 01 ədəd yaşadığı evin açarı aşkar olunmuşdur. Üzərindən qanunla qadağan edilmiş iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra yaşadığı evin açarı 10 manat pul və 1 ədəd siqareti özünə qaytarılmışdır. Ona məxsus 01 ədəd mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd plastik bank kartı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəksin iyli, narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bağlamada aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə çəkisinin 100 (yüz) qram olması müəyyən edilmişdir. Həmin sellofan bağlama 01 ədəd içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı təqdim etdiyi sellofan bağlamada olan maddənin narkotik maddə heroin olduğunu, həmin maddəni deyiləcək yerə qoyaraq pul əldə etmək üçün üzərində saxladığını, həmin maddəni təxminən 3 (üç) ay bundan öncə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Babək” adlı şəxsin vasitəsilə bir gün öncə Suraxanı rayonu ərazisində gizlədilmiş yerdən götürdüyünü, götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini özünün Sumqayıt şəhərində yerləşən yaşadığı evdə gizlətdiyini, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını, həmin maddələri deyiləcək yerə qoymaqla 4000 manat qazanc əldə edəcəyini, 3 aydır ki, bu işlə məşğul olduğunu, bu müddət ərzində 25-30 kq narkotik tərkibli maddələri müxtəlif yerlərə qoymaqla 5000 manat pul əldə etdiyini söyləmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuşdur. Daha sonra özü, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhərində yaşadığı ünvanına getmişlər. Evin qapısı atası X2 tərəfindən açılmışdır. Yaşadığı ünvana baxış keçirilmədən öncə ona mənzildə saxladığı narkotik vasitə və psixotrop maddələri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra mənzilin yataq otağına daxil olaraq girişdən sol tərəfdə yerləşən qəhvəyi rəngli taxta mebelin qapısını açıb 01 ədəd ağ rəngli torbanı təqdim edərək içərisində narkotik tərkibli maddələri saxladığını bildirmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman 01 ədəd kağız qutuda elektron tərəzi, 2 cüt olaraq bir birinə bağlanmış vəziyyətdə, ümumilikdə 4 ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə və 2 ədəd sellofan torbada psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmişdir. Aşkar edilmiş maddələr və elektron tərəzi həmin ağ rəngli torbada qablaşdırılaraq, üzəri möhürlənmiş və götürülmüşdür. Şifahi sorğu zamanı yaşadığı ünvanın yataq otağından aşkar edilmiş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 1 gün öncə deyilən yerdən götürdüyünü, həmin maddələri deyilən yerlərə qoymağı müqabilində 4000 manat pul əldə etməli olduğunu söyləmişdir. Narkotik vasitələrin yaşadığı ünvanda saxlanılmasından ailə üzvlərinin məlumatının olmadığını bildirmişdir. X8 da dediklərini təsdiq edərək evdə aşkar edilmiş maddələr barədə məlumatının olmamasını bildirmişdir. Baxış zamanı mənzilin digər otaqlarına baxış keçirilsə də, qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra yenidən Baş İdarəyə qayıtmışlar və yaşadığı ünvana baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. ( cild 1, iş vərəqə 71-74; 161-164) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 31 oktyabr 2022-ci il tarixdə Baş İdarəyə Sumqayıt şəhəri ərazisində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Gecə saatlarında Baş İdarədən çıxıb Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Qaçqın şəhərciyinə getmişlər. Qeyd olunan ünvana çatıb bir qədər müşahidə aparmışlar. 01 noyabr 2022-ci il tarixdə saat 02:25-də Sumqayıt şəhəri, stansiya Sumqayıt, Qaçqın şəhərciyi, ev 20 ünvanının qarşısında Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd mobil telefonu, əynindəki gödəkçənin cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və “Leobank” kartını, 01 ədəd siqareti və 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı əynində olan şalvarının cibindən 01 ədəd yaşadığı evin açarı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümə baxış zamanı içərisində qəhvəyi rəngli, narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə bir gün öncə Suraxanı rayonu ərazisində gizlədilmiş yerdən götürdüyünü, götürdüyü narkotik maddələrin bir hissəsini özünün Sumqayıt şəhərində yerləşən yaşadığı evdə gizlətdiyini, qeyd olunan mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. O. qeyd olunan narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin göstərişi ilə Bakı şəhərinin müxtəlif ünvanlarına yerləşdirəcəyi halda 4000 manat məbləğində qazanc əldə edəcəyini bildirmişdir. Keçirilmiş tədbirin davamı olaraq 01 noyabr 2022-ci il tarixdə saat 05-dən etibarən Təqsirləndirilən şəxs, onun müdafiəçisi və qrup üzvləri ilə birlikdə yaşadığı ünvan 14 ünvanına Təqsirləndirilən şəxs özünün razılığı ilə daxil olunmuş və baxış keçirilməyə başlanılmışdır Təqsirləndirilən şəxs mənzilin yataq otağına daxil olaraq girişdən sol tərəfdə yerləşən taxta mebelin qapısını açıb 01 ədəd ağ rəngli torbanı təqdim edərək içərisində narkotik vasitələr saxladığını bildirmişdir. Həmin torbaya baxış keçirilən zaman içərisində 01 ədəd kağız qutuda elektron tərəzi 2 cüt olaraq bir-birinə bağlanmış vəziyyətdə, ümumilikdə 04 ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər maddə və 02 ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər maddə müəyyən edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 digər polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun söylədiklərini özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış polis əməkdaşları Şahid1 və Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişlər. (Cild 1, iş vərəq 131-134) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 oktyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, ünvan 15 ünvanında qeydiyyatda olmaqla ünvan 14 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə Azərbayan Respublikası DİN BNMİ-nə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, vərəqə 6-7) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ‘‘şəxsi axtarış və götürmə aparılması haqqında” 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə saat 02:25-də Sumqayıt şəhəri, stansiya Sumqayıt, Qaçqın şəhərciyi ev 20 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd şəffaf sellefon aşkar edilərək götürülmüşdür. ( cild 1, iş vərəqə 30-32) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “baxış və götürmə aparılması haqqında” 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı taxta mebelin içərisindən 01 ədəd ağ rəngli torbada 01 ədəd kağız qutusuda elektron tərəzi, 2 cüt olaraq bir-birinə bağlanmış vəziyyətdə, 04 ədəd sellefon bağlamada narkotik vasitə heroinə bənzər kütlə, 02 ədəd sellefon torbada psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. ( cild 1, iş vərəqə 37-38) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 noyabr 2022-ci il tarixli 6/6309 №-li məhkəmə ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 97,023 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. üzərində “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri olan bağlamadakı 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 970 qram, 995 qram, 980 qram, 940 qram ümumi təmiz çəkisi 3885 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1500 qram, 1505 qram ümumi təmiz çəkisi 3005 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Zərfdəki və bağlamadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 3982,023 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr" in siyahısına” (Siyahı İ)daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. (cild 1 iş vərəqə 45-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7706 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəqə 137-138) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3981, 823 narkotik vasitə heroin, 3004,9 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə aparılması barədə iş materiallarına əlavə edilən video çəkilişin olduğu 02 ədəd DVD disklər 23 yanvar 2023-cü il tarixli qərar ilə iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. ( cild 1, iş vərəqə 139-149) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( cild 1, iş vərəqə 109-110) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədən görünür ki, Füzuli şəhər İcra nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 114) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020 təvəllüdlü X5 adlı üç azyaşlı uşağı vardır. ( cild 1, iş vərəqə 115-117) Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində və evində saxladığı narkotik vasitənin külli miqdarda və müxtəlif növlərdə olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 03 azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində narkomaniyadan qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3981, 823 narkotik vasitə heroin, 3004,9 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 11 ( on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3981,823 qram narkotik vasitə heroin, 3004,9 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, 02 ( iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar